
Super User
Seçmə şeirlər – RƏSUL RZA, “Sədaqət”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
SƏDAQƏT
Durnanın qatarı gör nə qəşəngdir!
Səhər buludları nə lalərəngdir!
Mehriban gözlərin yol çəkir yenə;
Bir səs pıçıldayır: "Gəlməyəcəkdir".
Gecədir, ay gəlib gəzir otaqda.
Qulağın səsdədir, fikrin uzaqda.
Sevgilim, nə görüb eşqin, sorsana,
Qəlbin otağında tək ağlamaqda?
Uzaq üfüqlərdə al günəş batır.
Kölgələr dənizə min kəmənd atır.
Hicranın gözləri oyaqdır yenə;
Nə gündüz dincəlir, nə gecə yatır.
Həsrət tellərinə kimdir əl vuran?
Göyərçin könlümdür yollarda duran.
Yüz illik bir ömrü qurban verərdim
Xumar gözlərinə baxsaydım bir an.
Bilirəm, sadiqsən anda, ilqara,
Qoy çəkməsin fikrim könlünü dara.
O böyük eşqinlə sağalacaqdır
İnan ki, aldığım ən dərin yara.
Oxşa körpəmizi, dik tut başını!
Çatılmış görməsin düşmən qaşını.
Namərdlər içindən sorağı gəlməz
Könül həmdəminin, can sirdaşının.
Bəlkə bir gün məndən gətirdi soraq
Qan ləkəsi düşmüş bir sarı yarpaq.
Bil ki, son şeirimin ilk sözü sənsən,
Bir də can verdiyim bu ana torpaq.
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
“Ziyarət” - TƏƏSSÜRAT
Xasiyyat RÜSTƏM, Özbəkistan, “Ədəbiyyat və incəsənət” üçün
– Qəbristanlığa gedirik? – nəvəm sevincək soruşdu.
– Hə, – dedim, qəbiristanlıq sözünü bilmirdi, az əvvəl məndən eşitmişdi.
Bayrama hazırlaşırmış kimi, al-əlvan geyinməyə başladı. “Qəbir” sözünü təkrarlamasından anladım ki, söz onun üçün yenidir, tapıntıdı, bəlkə də qəribə bir oyundur.
Yolda soruşdu:
– Orada nə edəcəyik, ana?
– Dostlarımızı görəcəyik, – dedim.
Sevincli idi. Maşının pəncərəsindən baxa-baxa elə hey gülürdü. Ürəyimdən daş asılmışdı, təbbəssümü itəcəyindən qorxub gözümü ondan çəkmirdim.
Qəbiristanlığa çatanda bir kişi – deyəsən gözətçi idi – bizə yoldaşlıq etmək istədi. Təşəkkür elədim, qoymadım. Dostların son yuvasının da yerini bilmək vacibdi.
Cərgələrin yanından keçdik…
– Dostların hanı bəs? – Nəvəmin bu sualı məni özümə qaytardı. Saf, müdrik baxışları üzümə zillənmişdi.
– Burdakıların hamısı hamısı dostlarımdır, – dedim.
– Rəsmlər?
Gözlərim dolmuşdu.
– Ağlama, gələrlər bir azdan.
– Adamlar öləndə rəsmə çevrilir balası.
– Hamısı ölüb? Niyə? Torpağın altındadılar? Bəs ora necə giriblər? Kim qazıb? – sulları dayanmırdı.
– Bəlkə biz də qazaq, çıxsınlar ordan?
Bu söhbətə hazır deyildim. Bəlkə sən hazırdın, Qənirə?
Bilirəm, bizi izləyirsən. Amma mən səni görə bilmirəm, Qənirə…
– Kiminlə danışırsan, ana?
Gözlərinə zilləndim.
– Ağlama. Dostun üzülər…
– Yaxşı...
(Bakı, 22.04.2025)
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
“Müstəqil və suveren Azərbaycan gəncliyİ” mövzusunda tədbir
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
23 aprel 2025-ci il tarixdə YAP Ağdam rayon təşkilatının təşkilatçılığı ilə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsi ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqil və suveren Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, YAP fəalları və rayon ziyalıları iştirak etmişlər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir.
YAP Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Neymət Rüstəmli və digər natiqlər çıxış edərək 1995-ci il noyabr ayının 12-də ilk milli Konstitusiyamızın qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi tarixə yazılmasından, sonrakı illərdə Kosntitusiyaya edilən əlavə və dəyişikliklərin müasir çağırışları və yenilikləri özündə əks etidirməsindan, 2025-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsindən bəhs ediblər.
Eyni zamanda tədbirin sonunda təşkilati məsələyə baxılıb elə ki Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin direktoru Neymət Rüstəmli YAP Ağdam rayon Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatına sədr və Xaləddin Tağıyev sədrin müavini seçilib. Kollecin müəllimi olan, fəal gənclər YAP-ın Ağdam rayon Təşkilatının rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunublar.
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
“Kitab – susanların səsi, keçmişin aynası, gələcəyin açarıdır...”
Şəki Tibb Kollecinin Tələbələri 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününü kollecin zəngin Kitabxanasında qeyd etdilər.
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki təmsilçisi
Kitabın sehri, sözün dəyəri və müəllifin əzmi bu dəfə Şəki Tibb Kollecinin divarları arasında bir bayrama çevrildi. " 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə kollecin tələbələri asudə vaxtlarını kitabxanada keçirdilər.
Sükutun içində səslənən minlərlə sətir, saysız hikmətlərlə dolu rəflər tələbələrin zövqlə seçib oxuduğu kitablarla bir daha canlandı. Hər tələbə bu gün kitabxanada yalnız oxucu deyil, həm də düşünən, duyan, yazmaq və yaratmaq eşqi ilə yaşayan bir fərd idi.
Zəngin fonda klassik ədəbiyyatdan tibbi sahəyə, elmi əsərlərdən bədii nümunələrə qədər geniş spektrdə təqdim olunan kitablar arasında tələbələr öz ruhlarına yaxın mövzularla tanış oldular. Bu, sadəcə bir gün deyil, kitaba, biliyə və müəllif əməyinə hörmətin nümayişi idi.
Kollec rəhbərliyi tələbələrdə mütaliə mədəniyyətinin formalaşmasını hər zaman dəstəkləyir və belə günlərin gənclərin mənəvi zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır.
Şəki Tibb Kollecində kitablar bu gün daha çox danışdı. Çünki oxuyanlar vardı...
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)
KİTAB BƏLƏDÇİSİndə - Düzgün olanı edin.
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Daxili intizam və iradəyə əsaslanan xarakter formalaşdırma prosesində uzaq məqsədli düşünmək vacibdir. Hərəkətlərinizin gələcəkdə verəcək nəticələri haqda nə qədər çox düşünsəniz indiki hərəkətlərinizin düzgün olma ehtimalı bir o qədər çox olacaq. Seçim etməli və ya qərar verməli olduqda həmişə sehrli suala müraciət edin:
“Burada ən vacibi nədir?” Emmanuel Kantin aforizmindən praktikada istifadə edin: “Hər bir hərəkətinizin bütün insanlar üçün sanki qanun olacağı kimi davranin”.
Xarakterin inkişaf etdirilməsində ən vacib sullardan biri: “Əgər bütün insanlar mənim kimi olsaydı dünyamiz necə olardi?” Prinsiplərinizə zidd olan hərəkət etdikdə dərhal bunu özünüzə xatırladın, öz yolunuza dönun, “Bu mənə oxşamır! Mənə yaraşan hərəkət deyil!” deyin və mümkündürsə düzəliş edin, mümkün olmadıqda isə gələn dəfə prinsiplərinizə sadiq qalacağınıza söz verin.
Brayan Treysi/Bəhanələrə yox (daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)
Məktəblərdə şagirdlərə milli qəhrəmanlarımız niyə tanıdılmır? – ALLAHVERDİ BAĞIROVDAN DANIŞACAĞIQ
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Dünən Azərbaycanın milli qəhrəmanı, öz şücaəti, Qarabağ müharibəsindəki fəaliyyəti ilə adını tarixə yazmış Allahverdi Bağırovun doğum günü idi. Mən dünən günorta saatlarında Bakının Yasamal rayonu ərazisində bir neçə məktəbin dərsdən çıxan, yaxud dərsə gedən şagirdlərindən Allahverdi Bağırovun kim olduğunu soruşdum və çox təəssüf ki, mütləq əksəriyyət onu tanımadı.
Məncə məktəblərdə şagirdlərə Qarabağ müharibəsi, zəfərimiz, milli qəhrəmanlarımız, şəhidlərimiz barədə ayrıca dərs keçməlidirlər.
İndi isə Allahverdi Teymur oğlu Bağırov barədə ətraflı danışmaq istəyirəm. O, 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olmuşdur. 1965-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmişdir. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın "Qarabağ" futbol klubunda məşqçi kimi fəaliyyət göstərmişdir. Klubun bayrağında onun rəsminin həkk edilməsi də bu səbəbdəndir.
Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub.
Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilmişdir. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdır.1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur. 1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələrin onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradıldı. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, 150 döyüşçü iləƏsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu əməliyyat görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" adına mükafata layiq görülmüşdür. 1992-ci il mayın 3-də ermənilər Bağırova məlumat vermişdilər ki, ayın 8-də Şuşa işğal olunacaq. O da həmin məlumatı bizim bütün dövlət qurumlarına çatdırmışdır. Həmin ay Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başladı. 1992-ci il 12 iyunda onun batalyonunun səyi nəticəsindəAranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edilib. O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında vəazərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu. 1992-ci ilin 12 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə ilə birlikdə həlak olmuşdur. O, qardaşı Eldar Bağırovun yanında - Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi, Elşən adlı oğlu, Aynur və Zümrüd adlı qızlarıvar. Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı iləBağırov Allahverdi Teymur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Sonradan Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Allahverdi Bağırova "Qızıl Ulduz" medalı təltif olunmuşdur. 1992-ci ildə komandir Mətləb Mustafayev onun adına Artilleriya divizionu yaratmışdı. Ağdamın Quzanlı qəsəbəsinin girəcəyində adına barelyef qoyulub. 31 may 2012-ci ildə Niderlandın Qroningen şəhərinin "Noorderlicht" rəsm qalereyasında holland fotoqraf Dirk Yan Visserin "Offsayd. Sürgündə olan futbol" adlı fotoşəkillərinin sərgisi və eyniadlı kitabın təqdimatı Allahverdi Bağırovun həyatından bəhs edir. 25 fevral 2014-cü ildə Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Allahverdi Bağırovun büstü ucaldılmışdır. Həmin ilin iyun ayında Quzanlı qəsəbəsindəki Ağdam Dram Teatrında Allahverdi Bağırova həsr edilmiş “Qartal qamətli qəhrəman” sənədli filmlərinin təqdimat mərasimi keçirilmişdir.
Xocalının müdafiəsi zamanı 7 Milli Qəhrəman iştirak etmişdi. Onlardan biri də 1003 Xocalı əsirini erməni polkovnik Vitali Balasyan vasitəsilə 3 gün ərzində ermənilərin əlindən xilas edən Allahverdi Bağırovdu. Səkkiz günlük erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Quliyev’in Bağırov haqqında söylədikləri:
“Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdi ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxmışdılar.”
1992-ci il 12 iyunda təcili iş üçün geri, Ağdama çağırılan Milli Qəhrəmanın olduğu maşın Naxcivanikdən geri qayıdarkən minaya düşdü və qəza nəticəsində dünyasını dəyişdi. Onun üçün Bakıda Şəhidlər Xiyabanında qəbir qazılmışdı, lakin o, müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında – Ağdam rayon Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan Respublikasının prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən Bağırov üçün qazılmış qəbirə isə ondan bir neçə gün sonra həlak olan Çingiz Mustafayev basdırıldı.
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)
Hazırda əksər kişilər evlənmək istəmirlər. Niyə?
ƏHMƏD QƏŞƏMOĞLU: “ƏSAS SƏBƏB EVLƏRİNİN OLMAMASIDIR”
“Ədəbiyyat və incəsənət” portalı “Aktual mövzular” rubrikasında bu dəfə gənc oğlanların ailə həyatı qurmağı hansı səbəbdən ləngitmələri barədə danışacaq. Rubrikanı Kənan Məmmədli aparır. Elə o özü də ailə həyatı qurmağa tələsməyənlərdəndir.
"Kişilərin evlənmək həvəsinin olmamasının əsas səbəblərindən biri qadın və ailə üçün məsuliyyət daşımaq istəməmələridir." Bunu rusiyalı psixoloq Yelizaveta Filonenko deyir. Onun sözlərinə görə, kişi üçün evlilik məsuliyyət səviyyəsini kökündən dəyişir. "Vətəndaş nikahında bu hiss daha aşağıdır; kişi psixoloji və hüquqi cəhətdən qadın üçün daha az məsuliyyət daşıyır və məsələn, ayrıldığı təqdirdə onunla əldə etdiyi əmlakı bölüşmək məcburiyyətində qalmır. Evliliklə həm də kişinin maddi yükü artır", - deyə psixoloq izah edir. Mütəxəssisin sözlərinə görə, kişilər həm də ömür boyu bir qadınla yaşaya biləcəklərinə əmin olmurlar.
Öz təcrübəmdə bunun süzgün, yoxsa qeyri-düzgün olduğunu söyləməyəcəyəm. Amma əksəriyyət bu fikri təsdiqləyər. Ümumən, mütəxəssislər son zamanlar populyarlaşan dəbdəbəli toy dəbini də kişilərin evlənmə istəyinə mane olan səbəblərdən biri adlandırır. Onlar elçilik, toy, üzük və pay-pereş alınması, bal ayı səfəri xərclərinin kişilərin sevgililəri ilə rəsmi nikaha girmələrini gecikdirdiyini vurğulayırlar.
Bəs görəsən, bizim mütəxəssislərimiz bu haqda nə düşünürlər? Kişilərin gec evlənməsinin səbəblərini aydınlaşdırmaq üçün ekspertlərin açıqlamalarına nəzər yetirək.
Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu aşağıdakıları deyir: "İndi oğlanlar həqiqətən də gec evlənirlər. Amma əvvəl belə şey yox idi. Xüsusən kənd yerlərində belə hal olmazdı. Əgər oğlan ali təhsil alıbsa və ya hərbi xidmətdən qayıdıbsa, ailəsi onu evləndirmək haqda düşünürdü. Orta hesabla oğlanlar 25, qızlar isə 20 yaşına çatanda ailə qurması üçün problem qalmırdı. Hətta əgər oğlanın evi yox idisə, yeni qurulan ailənin oğlanın valideynləri və digər ailə üzvləri ilə birgə yaşaması da problem sayılmırdı. Üstəlik, o dövrdə hamının qəbul etdiyi müəyyən qaydalar da var idi. Məsələn, ailə kasıbsdırsa, yeni ailə quran xanım bunu adi hal kimi qəbul edib ona uyğunlaşır və ən əsası ümumi vəziyyətin qənaətbəxş olması üçün ailənin digər üzvləri ilə birgə çalışırdı. İndi siə vəziyyət tam fərqlidir. İndi hamsı düşünür ki, oğlan evlənirsə, mütləq ayrıca evi olmalıdır. Hansı ki, müasir dövrdə də ev almaq üçün 100-150 min pul olmalıdır. Bu məbləğ isə hamıda yoxdur. Deməli, birinci faktor evin olmamasıdır. İkinci faktor işin olmamsıdır. Təəssüf ki, iş yerləri o qədər də çox deyil. Üçüncü məsələ ölkəmizdə boşanmaların sürətlə artmasıdır ki, bu da evlənmək istəyən oğlanları qorxudur. Başqa bir məsələ qızların bəzi davranışlarının - mənəvi-əxlaqi cəhətlərinin oğlanları qane etməməsidir. Sosial şəbəkələr qızların davranışına o qədər təsir edib ki, oğlanlar belə həyat yoldaşlarının olmasını istəmirlər. Müasir dövrdə qızların üstünlük verdiyi dəyərlər başqadır. İndi daha çox maddi məsələlər, karyera qurmaq, gəzmək kimi məsələlər ön plandadır. Hansı ki, əvvəlki dövrdə qızlarımızın nə əxlaqında problem olardı, nə də onları bu kimi sadaladığımız şeylər maraqlandırardı. O vaxt düşünürdülər ki, gözəl bir ailəm olsun, ona xidmət edim, ancaq indi hamı üçün olmasa da, bir çoxları üçün başqa dəyərlər hakimdir ki, bütün bunlar da oğlanları evlilikdən çəkindirir."
"Kişilərin evlənmək həvəsinin olmamasının əsas səbəblərindən biri qadın və ailə üçün məsuliyyət daşımaq istəməmələridir." Bu fikirləri isə Medical House Reabilitasiya mərkəzinin təsisçisi, Psixologiya Departamentinin rəhbəri, psixoloq Jalə Mirsaab bildirir. Onun sözlərinə görə, kişi üçün evlilik məsuliyyət səviyyəsini kökündən dəyişir.
"Vətəndaş nikahında bu hiss daha aşağıdır; kişi psixoloji və hüquqi cəhətdən qadın üçün daha az məsuliyyət daşıyır və məsələn, ayrıldığı təqdirdə onunla əldə etdiyi əmlakı bölüşmək məcburiyyətində qalmır. Evliliklə həm də kişinin maddi yükü artır", - deyə psixoloq izah edir. Mütəxəssisin sözlərinə görə, kişilər həm də ömür boyu bu qadınla yaşaya biləcəklərinə əmin olmurlar.
Gəlin düşünək ki, elə bir uyğun zaman gələcək, gənc oğlanlar, içi mən qarışıq, bütün problemlərindən qopacaqlar, başlarında evlənmək sevdası cövlan edəcək, ailə quracaqlar, xoşbəxtliyə imza atacaqlar.
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)
BİRİ İKİSİNDƏ – Ulucay Akifin “Gözlənilməyən bir qətlin tarixçəsi” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə Ulucay Akifin “Gözlənilməyən bir qətlin tarixçəsi” hekayəsini təqdim edirik.
Ulucay AKİF
GÖZLƏNİLMƏYƏN BİR QƏTLİN TARİXÇƏSİ
– Bəlkə, kəndə gedəsən? – qazın üstündəki qazanı qırağa çəkib asta səslə dedi.
– Nədi? – Süleyman arvadının nə dediyini eşitsə də, təkrar soruşdu.
– Deyirəm, bəlkə, rayona gedəsən? Bir ay kənddə qal, həm dincəl, həm də bu söz-söhbət qurtarsın, sonra qayıt gəl, – bu dəfə daha ürkək səslə dedi.
– Boş-boş danışma! Mən yazıq neynəmişəm ki, camaatdan gizlənim?! – əsəbiləşsə də, arvadının bu məsələdə günahsız olduğunu başa düşüb tez də yumşaldı, – yeməyi gətir, düzələcək, narahat olma sən.
Otuz il idi ki evliydilər. Sevib evlənmişdilər.
Süleyman onu məktəb vaxtı sevmişdi. Xuramanın da sevməyi çox vaxt almamışdı. Süleyman dörd il məktəbdən evə ötürmüşdü onu; xəlvətcə əlindən də tutmuşdu, bir dəfə öpmüşdü də.
Xuraman yeməyi çəkib əyləşdi. Cındırı çıxmış əski ilə əllərini silə-silə ərinə baxdı.
Süleyman arvadının əsəbi olduğunu, ya onun halına acıdığını tuta bilmədi. Başını aşağı salıb yeməyini qaşıqladı.
***
Eləcə eşələndi, o tərəfə çevrildi, bu tərəfə çevrildi. Gözünə yuxu getmədi. Xuramanın təklifi ağlına batmışdı. Ən yaxşısı bu məsələlər səngiyənə kimi gözə görünməmək idi. Həm də neçə ildir düz-əməlli istirahət eləmirdi.
Dikəlib arvadını oyatdı:
– Xuraman, mən gedirəm.
Xuraman yaxşı bilirdi ki, əri onun təklifiylə razılaşacaq.
O da yatmamışdı. Səsi yuxulu deyildi:
– Pal-paltarını yığmışam. Şkafdadı çamadanın. Hər şey qoymuşam. Qalxım yolluq da qoyum, yolda acarsan.
Xuraman onun üçün yolluq hazırlayırdı, Süleyman siqaret çəkə-çəkə Əhmədlinin boz binalarına, şəhərin adda-budda işıqlarını əks etdirən dənizə, kələ-kötür yollara, şütüyən maşınlara baxırdı.
Bəzi evlərin işıqları yanırdı, bəzilərinin yox. Yoldan tək-tük maşınlar ötüb keçirdi. Hələ səhərə çox var idi. Süleyman səhər açılmamış kəndə çatmaq istəyirdi.
– Avtobusla gedəcəksən?
– Yox, nə avtobus? Taksi demişəm, gələcək bir azdan.
– Taksi niyə deyirdin? Çox baha aparacaq.
– Cəhənnəmə baha aparsın! Camaat avtobusda da məni görüb lağ eləsin? – son qullabını alıb siqaretin kötüyünü divarda əzdi, çırtma ilə ən uzağa atmağa çalışdı. Siqaret yerə düşəndən sonra hayxırıb bəlğəmini də bütün gücüylə Bakıya tüpürdü. – Di ver nə hazırlamısansa, rədd olum gedim, görək başımıza nə gəlir.
– Yaxşı olacaq. Ürəyini sıxma! Uzağı bir aya hamının yadından çıxacaq, – Xuraman hazırladığı yolluğu Süleymana verdi.
Süleyman qapıdan çıxanda arvadını qucaqladı. Əslində, eləcə yanağından öpmək istəmişdi, amma bir də gördü ki, Xuramanı bərk-bərk köksünə sıxıb dodaqlarından öpür. Xuraman da özünü itirdi. Axırıncı dəfə nə vaxt öpüşdüklərini ikisi də unutmuşdu.
Öpüş uzandı... Bir də onda fərqinə vardı ki, əlləri arvadının yumşaq, yumru ombasındadır.
Bir azdan əllərini çəkdi:
– Yaxşı, yaxşı, bəsdi bu qədər, müharibəyə getmirəm. Bir aya gələcəm inşallah, – gülə-gülə dedi.
– Bilirəm, bilirəm... – Xuraman nəfəsini dərə-dərə dedi, – İnşallah! Salamat get. Yaxşı olacaq.
Süleyman taksiyə minəndə artıq başında yekə, boz şlyapa, gözündə qara şüşəli iri eynək var idi. Sürücüylə elə salamlaşdı ki, əvvəldən arada pərdə yaransın, boşboğazlığıyla yol boyu onu narahat etməsin.
***
Sürücü xəbərlər buraxılışının başladığını eşidən kimi radionun səsini artırıb başını azca sağa əydi.
“Bu gün Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri Azərbaycanın müzəffər ordusu tərəfindən düşməndən azad edilib! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”
– Ay Allah, sənə şükür! Şükür! Şükür! Gözün aydın sənin də, qardaş! Hamımızın gözü aydın! – sürücü arxaya çevrildi.
Süleymanın sevinmədiyini görüb duruxdu. İstədi bayaqdan ağzını açmayan, şlyapa və eynək altında gizlənmiş müştərini söysün, amma özünü saxladı.
– Həəə. Gözümüz aydın. Bunu səhərdən demişdilər, bilirdim, – Süleyman dilləndi ki, sürücü də toxtasın.
– Mən özüm Zəngilandanam. Zəngilanı da alsaydılar... Bütün günü o xəbəri gözləyirəm. Qorxuram, Zəngilanı qaytarmamış müharibə dayana, – əlli yaşlarında arıq, çəlimsiz sürücü güzgüdən arxa oturacaqda büzüşmüş Süleymana baxıb dedi.
– Bir-iki günə Zəngilanı da alarlar. Narahat olma, – pəncərədən çölə boylanan Süleyman dedi.
– Ay qardaş, səhərdən sənə baxıram, mənim ürəyim sıxılır. Sən Allah o başındakını, gözündəkini çıxar, rahat otur da. Özünə niyə zülm verirsən?! ¬– sürücü cəsarətlənib bayaqdan demək istədiklərini dilə gətirdi.
– Mənə belə rahatdı. Sən yolunu sür, tez çataq, – Süleymanın bu sözlərindən sonra pərt olmuş sürücü susdu.
***
İki-üç saat sonra Süleyman pəncərənin taqqıltısına oyandı.
– Kürdəmirdəyik. Düş bir tikə çörək yeyək, çay içək, – incik sürücü dedi.
– Çox sağ ol. Ac deyiləm. Sənə nuş olsun, rahat yeməyini ye.
Sürücü gedəndən sonra maşından düşdü. Hələ gecə idi. Hesabladı ki, kəndə səhər tezdən çatacaq. Sürücü yaxşı sürmüşdü.
Bir siqaret yandırıb kafedən aralıdakı tualetə tərəf addımladı.
Tualetin qapısının qırıq yerindən səmaya baxırdı. Kafedə oturan adamların, qab-qaşığın səsi eşidilirdi. Təkəmseyrək it hürüşmələrini cırcıramalar fasiləsiz, eyni ritmlə müşayiət edirdi. Göydə bir ulduz da yox idi. Ay buludların arxasından bir neçə saniyəlik üzə çıxır, sonra yenə yox olurdu.
Kafedən gələn mahnı səsinə diksindi.
Kafedəkilər gülüşürdülər, deyəsən, rəqs eləyirdilər. Əl çalırdılar.
İşini qurtarıb tez ayağa qalxdı. Çöldə əl-üzünü yuyanda sürücü qəfil yanında peyda oldu:
– Oooo, müəlliiim! Burdasan? Mən də bayaqdan səni axtarıram!
Süleyman əlüzyuyandan başını qaldırmadan tez eynəyini və şlyapasını taxıb çevrildi. Heç nə demədi. Kefikök sürücü artıq onun tərsliyinə öyrəşmişdi:
– Bir dənə mən də tualetə dəyim, gedək, müəllim. Çox yubanmayaq. Nə deyib atalar? Yolçu yolda gərək.
Süleyman maşına tərəf gedib yenə siqaret yandırdı. Sürücü gələn kimi yola çıxdılar.
Bu dəfə tez yuxuya getdi. Gözünü açanda gördüyü yerlər ona çox doğma idi. Rayonlarına çatmışdı. Dan yeri ağarmağa başlamışdı. Üzündə təbəssüm yarandı.
Geniş əkin sahələrinə baxdıqca ürəyi də sinəsində böyüyürdü. Uzaqdakı nəhəng dağlar kölgə kimi qaralırdı. Əkin sahələrinin üstündən uçan bütün quşları tanıyırdı: Bu, şanapipikdir, bu, sağsağandır, bu, sarıköynəkdir...
Sahədəki atlardan gözlərini çəkmir, bir tərəfdən də sahiblərini axtarırdı. Əlində uzun çubuqla sahədə gəzişən şux qamətli kimisə görəndə bilirdi ki, atın sahibidir, rahatlaşırdı.
Maşın sürətlənmişdi, yol qırağındakı adamları, heyvanları 25-ci kadr kimi görürdü. Elə bil zamanda səyahət edirdi. Adamlar bir anın içində görünüb qəfil gözdən itirdilər.
Ağaclar isə daha gec yoxa çıxırdılar. Süleymana elə gəlirdi ki, ağaclar da harasa gedir. O, kəndə qayıdırdı, ağaclar isə kənddən baş götürüb qaçırdılar.
***
Kəndə az qalmışdı. Gözləri dolmuşdu. Ağlamamaq üçün özünü güclə saxlayırdı. Sürücü də bunun fərqinə varıb sürəti azaltmışdı ki, bu eynəkli, şlyapalı tərs adam ətrafa doyunca baxa bilsin. Süleymanın düz otuz il idi ki, buralara ayağı dəymirdi...
Elə bil dünən idi, iyirmi yaşındaydı. Əsgərlikdən təzə gəlmişdi. Xuramanı sevirdi. Xuraman da onu sevirdi. Sübh tezdən kəndin çıxışındakı qəbiristanlıqda görüşüb Bakıya qaçacaqlar. Elə bil dünən idi...
Xuramanın atası Bəylər kişi demişdi ki, iki dünya bir ola, Hikmətin oğluna qız verməz.
Kəndin ən hörmətli kişilərindən idi Bəylər kişi. Mal-mülkünün sayı-hesabı bilinmirdi. Üç oğlu, bir qızı var idi. Evin ilkbeşiyi idi Xuraman. Oğullarından da çox istəyirdi qızını. Amma Hikmətin oğluna qız verməməyinin səbəbi başqaydı.
Süleymanın atası Hikmət kişi də elə-belə adam deyildi, Kənd Sovetinin sədri idi. Bütün kənd onun sözünə tabe idi. Onun icazəsi olmadan heç kim daş üstünə daş qoya bilməzdi. Hamı onun yanına xahişə gəlirdi.
Vəzifəyə gələndən sonra lap əzazilləşmişdi. Bir vaxtlar Bəylər kişi ilə möhkəm dost idilər. Uşaqlıqdan bir yerdə böyümüşdülər. Sonra nə oldu, nə olmadı, heç kənd camaatı da bilmədi, bir gecənin içindəcə qanlı-bıçaq oldular. Görəndə bir-birlərinə salam da vermədilər.
Hikmət kişi də Süleymana demişdi ki, Bəylərin qızını alsa, ona haqqını halal eləməyəcək, çıxaracaq oğulluqdan.
Ancaq Süleyman atasına qulaq asmadı. Çox sevirdi Xuramanı. Xuraman da onu çox sevirdi. Qoşulub qaçdılar Bakıya.
Bir saatın içində bütün kəndə yayıldı xəbər. Bəylər kişi Hikmətin qapısına gəldi. Kənd camaatı da tamaşaya yığışmışdı. Söyüşdülər, əlbəyaxa oldular, axır taqətdən düşüb aralandılar.
Heç on gün olmamış Hikmət kişi insult keçirdi, yatağa düşdü. Anası günlərlə Süleymana zəng vurdu, nə qədər and-aman elədi ki, atası ölüm ayağındadır, bu gün-sabah öləcək, gəlsin, halallıq istəsin. Süleyman inanmadı. Elə bildi, aldadırlar onu, Xuramandan ayırmaq üçün belə deyirlər. Getmədi kəndə.
Atasının ölüm xəbəri gələndən sonra bildi ki, yalan deyilmiş. Bilmədi neynəsin. Gecə birbaşa atasının qəbrinə getdi. Hönkür-hönkür ağladı atasını. Sakitləşdi. Sonra yenə ağladı. Ta ki gözündə yaş qalmadı.
Gizlincə evə getdi ordan. Anası başına qara yaylıq atıb təsbeh çevirirdi həyətdə. Oğlunu görüb hönkürdü o da. Süleymanın ürəyi bircə ona rahatladı ki, anası onu heç nədə günahlandırmadı. Dedi, Allahın qisməti beləymiş: “siz Bakıda Xuramanla bir-birinizdən muğayat olun, heç bura gəlməyin, mən hərdən gələcəm sizin yanınıza”.
O cür də elədi Süleyman. Bir də kəndə qayıtmadı. Düz otuz il. Düz otuz il bir-birindən muğayat oldu Bakıda iyirmi yaşlı Süleymanla on səkkiz yaşlı Xuraman. İş tapdılar, işlədilər. Kirayələrdə qaldılar.
Uşaqları olmadı. Bütün pulları həkimlərə, dərmanlara getdi. Türkiyəyə, İrana getdilər şəfa tapmaq üçün. İsraildən Bakıya gələn yəhudi həkim son ümidləri idi. O da kömək olmadı.
Süleymanın anası girdi işin içinə. Falçılara, baxıcılara, pirlərə, ziyarətgahlara apardı gəlinini. Hər dəfə bir molla yanına getdi, dua yazdırdı, dedilər, əməl eləyiblər gəlininə, əməl eləyənin əli qurusun.
İyirmi il sonra oldu uşaqları. Hikmət qoydular adını.
***
Taksi kəndin girişinə təzəcə çatmışdı, Süleyman sürücüyə dedi ki, qəbiristanlıqda saxlasın. Sürücü “baş üstə” – deyib maşını saxladı.
Səhər açılmışdı. Süleyman maşından düşüb qəbiristanlığa baxdı. Qəbiristanlıq xeyli böyümüşdü. Qonşu kəndə çatırdı artıq.
Atasının məzarını axtara-axtara qəbiristanlıqda gəzməyə başladı. Hələ üstü götürülməmiş qəbirlər var idi, üstündə hərbi formada cavan oğlan şəkilləri, bayraqlar. Kəndin şəhidləri. Hamısının qarşısında dayanıb şəkillərinə, məsum üzlərinə baxdı, adlarını, təvəllüdlərini oxudu.
19 yaş, 18 yaş, 20 yaş, 21 yaş...
O da əsgərlikdən qayıdıb Xuramanı qaçıranda bu yaşda idi. Elə bu qəbiristanlığın yanında görüşüb qaçmışdılar.
Düşünə-düşünə atasının qəbrinə çatdı. Özünü saxlaya bilmədi, yenə hönkür-hönkür ağladı. Bilirdi ki, atası ona görə ölüb, amma daha çox atası ilə halallaşmağa gəlmədiyi üçün peşman idi, özünü bağışlaya bilmirdi.
Sürücünün də siqaret çəkə-çəkə ona baxdığını görüb özünü ələ aldı. Gödəkcəsini çıxarıb atasının başdaşının tozunu sildi, şəklini sığallayıb öpdü, sonra qəbrin yanında bitmiş kol-kosları da yolub maşına tələsdi.
– Bu yolnan sür elə. Hələ gedəcəksən, var bir az.
– Atan idi, müəllim?
– Hə. Atam idi...
Süleyman çox yorulmuşdu. Həm də hiss eləyirdi ki, kəndə qayıtdığı üçün narahatdır. Bakıdan niyə qaçdığını unutmuşdu. İndi o problem eyninə də deyildi. Elə bil bu kənddən qıraqda heç həyatı olmamışdı. Bakıda yaşadığı otuz il elə bu kəndin həndəvərində fırlanmaq kimi bir şey idi onun üçün. Kəndə haqq-hesab çəkmək üçün qayıtmışdı...
– Allah rəhmət eləsin! Mənim də atam mən uşaq olanda ölmüşdü...
– Allah rəhmət eləsin! Qabaqdan sağa dönəcəksən, – Süleyman sürücünün təzə söhbətə başlamaq istədiyini hiss edib tez qarşısını aldı, – Sağa dönüb axıra kimi düz get. O çayı görürsən? Körpünü keçib yoxuşu qalxacaqsan. Ode, təpənin başındakı evdi.
Hava tamam aydınlanmışdı. Küçədəki tək-tük adamlar təəccüblə maşına baxırdılar. Maşın gözdən itənə kimi baxışlarını çəkmirdilər.
Süleyman şlyapasını bir az da üzünə endirmişdi.
– Düz o göy darvazanın ağzında saxla! Hə, hə, burda saxla! Saxla! – yol boyu sakit danışan Süleyman həyəcanla dedi.
Sürücünün pulunu artıqlaması ilə verdi, çamadanını götürüb maşından düşdü. Heç yol yoldaşı ilə sağollaşmaq ağlına da gəlmədi.
Darvazanı çiyni ilə itələyib tez içəri girdi. Darvazaları həmişə açıq olurdu.
***
Həyətə girən kimi anasını gördü. Anası ətəyinə dən doldurub toyuq-cücəni yemləyirdi. Əvvəl tanımadı, qorxdu, sonra şlyapalı, eynəkli adamın oğlu olduğunu bilib ətəyindəki dənin hamısını yerə tökdü, yüyürdü onun üstünə, qucaqlayıb bağrına basdı, öpdü, qoxladı.
Süleyman da boynunu büküb eləcə dayandı. İçəri keçdilər. Ordan-burdan hal-əhval tutdular. Anası söhbət edə-edə süfrə açdı oğluna. Çayı dəmləmişdi artıq. Pendiri, çörəyi, şoru, qaymağı, balı stola düzdü.
Anası çayı da gətirəndən sonra oturdu. Gözlədi ki, oğlu danışsın. Süleyman da bunun fərqində idi, amma heç nə demək istəmirdi. Acmışdı. Hələ çay gəlməmiş yeməyə başlamışdı. Bir təndir çörəyini yeyib qurtarmağına azca qalmışdı.
Anası ikinci stəkan çayı da qabağına qoyanda soruşdu:
– Nə əcəb ilin-günün bu vaxtı kəndə gəlmisən? Özü də bu saatda. Nəsə olmayıb ki?
Süleyman ağzına qoymağa hazırlaşdığı loxmanı əlində saxladı.
– Ay ana, guya bilmirsən nolub?! Canımı boğazıma yığıblar ta! Şəhərdə hamı başıma oyun açır! Evdən çölə çıxmağıma peşman oluram! Dəli eləyiblər məni! – deyib çayından qurtumladı.
Anası məsələnin nə olduğunu bilirmiş kimi dinmədi. Gözlədi ki, Süleyman özü danışsın.
– Mən bədbax neyləyim ki, o it oğlu it Paşinyana oxşayıram?! Allah belə yaradıb da! Mənim günahım nədi?! – Əlində saxladığı loxmanı ağzına atıb diri-diri uddu, üstündən də çay içdi. – Burnumdan gətirirlər hər şeyi! Nə işdə otura bilirəm, nə avtobusa minə bilirəm, nə mağazaya girə bilirəm! O gün bizim Elnurun oğlunun sünnət toyunda idim. Toyda hamı mənə baxıb gülürdü. Uşaqlar gəlib təpik-zad vurdular! Küçədə də rahat yeriyə bilmirəm!
– Qələt eləyirlər! Özləridi erməni! Haran oxşayır?! Heç haran Paşinyana oxşamır! Özləri oxşayır elə erməniyə! – anası danışdıqca əsəbiləşən, pörtən oğluna təsəlli verməyə çalışdı.
– Oxşayıram da! Özüm görmürəm?! Elə bil əkiz qardaşıyam o it oğlu itin! Hara gedirəm, barmaqla məni göstərib gülürlər.
Doğrudan da, Süleyman birəbir Paşinyana oxşayırdı. Müharibəyə qədər bu bənzərlik başına bəla olmamışdı, ancaq müharibədən sonra onun kabusuna çevrildi.
Müharibənin ən qızğın vaxtları idi. Ölkədə Paşinyanı tanımayan, “Noldu, Paşinyan?” ifadəsini bilməyən adam qalmamışdı.
İşdə iş yoldaşları, məhəllədə qonşuları, avtobusda, metroda tanımadığı adamlar, – hamı onu ələ salırdı.
Nə restoranda bir tikə çörək yeyə bilirdi, nə də marketdən çörək ala bilirdi.
Süleyman bir müddət buna dözməyə çalışdı, fikirləşdi ki, bir-iki günə yaddan çıxacaq, rahat həyatına qayıdacaq, amma elə olmadı.
Üstəlik, dostu Elnurun oğlunun sünnət toyunda rəqs eləyəndə uşaqlar Süleymanı mühasirəyə alıb başına oyun açmışdılar. Biri üstünə zeytun atmışdı, biri dalına təpik vurub qaçmışdı. Hamı gülmüşdü, o da pencəyini götürüb heç pul da yazdırmadan aradan çıxmışdı. Həmin günün səhəri məzuniyyət götürməyi qərara almışdı.
O günlərdən birində oğlu məktəbdən ağlaya-ağlaya gəldi. Uşağı güc-bəla ilə sakitləşdirdilər. Su verdilər, nəfəsini dərdi. Bir az özünə gəldi. Sonra “Məktəbdə hamı mənə “Paşinyanın oğlu” deyiiiir” - deyib yenə hıçqıra-hıçqıra ağladı.
– Gedib o məktəbi uçuracam başlarına! Erməni köpəy uşağı! – Süleyman yerindən dik atıldı.
Asılqandan pencəyini götürüb geyinənə kimi əsəbi soyudu, ya nədən, qapının ağzında dayanıb heç nə demədən eləcə arvadına baxdı.
Xuraman: “Sən otur, ay Süleyman. Mən sabah gedərəm o məktəbə! Qələt eləyirlər! Gedib özüm ağızlarını cıracam!” – deyib ərini sakitləşdirdi. Süleymanın eşitmək istədiyi sözləri muncuq kimi ard-arda düzdü.
Süleyman rahatlaşıb pencəyini əynindən çıxardı, yerinə asdı.
– Sən də zarıma yalandan! Nolub Paşinyana?! Rədd ol get əl-üzünü yu, gəl çörəyini ye! – Xuraman hikkəsindən hələ də hıçqıran oğlunun üstünə qışqırdı.
Süleymanın səbir kasasını daşıran sonuncu damcı oldu bu. Elə həmin gecə Xuraman Süleymana təklif elədi ki, rayona getsin, həm başı dincələr, həm də bu söhbət yaddan çıxar, sonra qayıdar.
***
– Bilirəm, kənddəkilər də bunu danışır... – Süleyman əllərini, ağzını silib dedi.
– Cəhənnəmə danışsınlar... – anası dodağının altında mızıldandı.
– Hə, cəhənnəmə danışsınlar. Sən heç kimə demə gəldiyimi. Ona görə tezdən gəlmişəm. Heç kim görmədi məni. Bir-iki ay burda qalacam. Müharibə qurtarsın, Paşinyan-zad yaddan çıxsın, qayıdaram Bakıya. Ona kimi burda qalacam.
***
O cür də elədi. İlk günlər evdən çölə çıxmadı. Həyətdə bağ-bağça ilə başını qatırdı. Heç darıxmırdı da.
Evləri kəndin ən hündür yerində idi. Təpənin başında. Bütün kəndi görmək olurdu. Körpünü, söyüdlükdəki “Kislovodsk” kafesini, kəndin məktəbini, qayınatası Bəylər kişinin malikanəsini... Kəndin çıxışındakı qəbiristanlıq da görünürdü. Ən çox da ora baxmağı sevirdi niyəsə. Hər dəfə qəbiristanlığa baxanda ona elə gəlirdi ki, başdaşları sahədə işləyən adamlardı. Günün istisində, yağışın altında, səhər tezdən, axşamçağı dayanmadan sahədə işləyən balaca adamlar...
Həyətləri də böyük idi Süleymangilin. Nar, gavalı, alma, armud, zoğal, ərik, qoz... Hər ağacdan var idi. Ucsuz-bucaqsız bağları meşəyə oxşayırdı. Bu bağa girən qonaqlar çox vaxt azırdılar, güc-bəla ilə bağın çıxışını tapırdılar.
Uşaq vaxtı Süleyman özü də bu bağda xeyli azmışdı. Sonra yavaş-yavaş ağacların yerini əzbərlədi. Çətini nar ağaclarını tapana kimi idi, nar ağaclarının yanından düz keçəndən sonra həyətdəki balaca tualet görünürdü, ondan sonrası asan idi.
Nar ağaclarının altında köhnə “Moskviç” də var idi. Qırmızı, təkərləri, oturacaqları sökülmüş, pəncərəsiz “Moskviç”. Babasının idi. Amma bilmirdi ki, o maşın niyə burdadır, necə bu hala düşüb? Heç maraqlanmamışdı da. Hərdən oynayanda maşının üstünə çıxıb hoppanıb-düşürdü.
Hələ də yerində idi “Moskviç”. Lap pis hala düşmüşdü, amma heç yerindən tərpənmək fikri yox idi. Süleyman maşının çoxdan partlamış təkərinə təpik vurub bağa girdi.
Hər yeri ot-alaq basmışdı. Nar ağaclarının çoxu qurumuşdu. O biri ağacların da vəziyyəti yaxşı deyildi.
***
Süleyman bütün günü bağla əlləşirdi. Ən birinci ot-alaqları təmizlədi. Bağın üz-gözü açıldı. Onda fikir verdi ki, əslində, bağları o qədər də böyük deyilmiş.
Bütün bağı başdan-ayağa bellədi. Qapıdan keçən arxdan bağa su qoşdu, budadığı ağacların hamısına doyunca su içirtdi. Gövdələrini, yarpaqlarını sığalladı.
Üz-gözünü saqqal basmışdı. Neçə gündü güzgüyə baxmırdı. Gəldiyi gün həyətdəki əlüzyuyanın güzgüsünü qırıb atmışdı. Anasına da demişdi ki, iş görəndə qırıb bilmədən.
Müharibə isə davam eləyirdi. Hər gün azad olunmuş torpaqların xəbəri gəlirdi.
Hər şad xəbərdən sonra Süleyman həyətə çıxıb fərəhlə kəndə tamaşa eləyirdi. Uzaqda qaralan dağların yavaş-yavaş göyərdiyini, yaşıllaşdığını görürdü.
Kəndə altı şəhid gəlmişdi. Hər dəfə kənd camaatı qara xəbər gələn qapıya qarışqa kimi axışırdı. Süleyman da anasından öyrənirdi kimin şəhid olduğunu. İstəyirdi gedib başsağlığı versin, amma ürək eləmirdi evdən çıxmağa. Həm Bəylər kişiylə rastlaşar deyə, həm də Bakıda onu gözümçıxdıya salan bu bəlaya görə.
***
İki həftədən çox vaxt keçmişdi. Süleyman ayın, həftənin hansı günü olduğunu da bilmirdi. Təkcə müharibənin neçənci günü olduğunu öyrənirdi televizordan. Qırx günü keçmişdi.
Süleyman darvazadan çölə ayağını da atmamışdı bu günlər ərzində. Heç kim duyuq düşməmişdi onun kənddə olmağından. Həyətdə başını qatırdı. Gah bağda işləyirdi, gah da ayaqları laxlayan stol-stulu düzəldirdi həyətdə.
Bir gün anası təlaşla gəldi çöldən.
Yenə bağda iş görürdü Süleyman. Çiyninə atdığı dəsmalla boynunun, üz-gözünün, başının tərini sildi, kürəyə dirsəklənib anasının verəcəyi xəbəri gözlədi:
– Bəylərin balaca oğlu Murad şəhid olub! Tabutu yoldadı... – anası Süleymanın nə deyəcəyini gözlədi.
Süleyman heç nə demədi. Kürəyi ağacın dibinə atıb evə qalxdı.
***
Tabutdan qabaq Xuraman gəldi kəndə. Qaranəfəs idi, elə bil bütün yolu qaçmışdı. Ərinə baxmadı heç. Yol boyu saçını alaq otu kimi yolmuşdu. Süleyman onu görüb ayağa qalxdı. Dodaqları əsdi, amma heç nə deyə bilmədi. Nar ağacı kimi quruyub yerindəcə qaldı.
Xuraman gəldiyi kimi də evdən çıxıb getdi atası evinə. Süleymanın anası da başına yaylıq bağlaya-bağlaya onun arxasınca çıxdı.
Süleyman oğlu Hikmətlə evdə qaldı. Hikmət də ağlamışdı, gözləri şişmişdi, amma Süleyman bilirdi ki, Hikmət anasının halına ağlayıb, dayısını heç tanımır, şəhid nədir, bilmir.
“Qarabağ! Qarabağ! Qarabağ!”
“Şəhidlər ölməz, Vətən bölünməz!”
“Qarabağ bizimdir! Bizim olacaq!”
“Allahu Əkbər! Allahu Əkbər!”
Kənd camaatının səsi Süleymangilin evinə qədər çatanda bildi ki, qaynı Muradın tabutu artıq kənddədir. Ağlaşma səsi şüarlara qarışıb bütün kəndi ağuşuna almışdı.
İstədi gedib tabutu da öpsün, Bəylər kişinin əl-ayağını da... Amma quruyub qalmışdı yerindəcə. Kimsə astaca toxunsa, qurumuş budaq kimi sınıb qopacaqdı bədənindən əl-ayağı. Getmədi.
Yata da bilmədi o gecəni.
Gecə boyu fikirləşdi. Gecə boyu kənd camaatının səsi kəsilmədi. Şüarlar dayanmışdı, amma ağlaşma səsi kəsilmirdi.
Səhərə yaxın yuxuya getdi.
Günorta oyanan kimi ağlına nə gəldisə, tez əynini geyinib, əl-üzünü yuyub çıxdı evdən.
Hava günəşli idi, isti idi. Elə bil noyabr yox, yayın ortası idi.
Evdən çıxıb eniş aşağı sallandı. Bir-iki uşaqdan başqa heç kim yox idi küçədə. Bütün kənd camaatı Bəylər kişinin qapısında idi.
Süleymanı görən uşaqlar əvvəlcə qorxdular. Sonra “Paşinyaaaaan! Paşinyaaaan!” deyə-deyə düşdülər arxasınca.
Süleyman yeyin-yeyin yeriməyə başladı. Uşaqlar da bir-birini haylaya-haylaya çoxalırdılar. Gülə-gülə Süleymanın dalınca qaçırdılar, söyürdülər, gülə-gülə “Noooldu, Paşinyan?! Noooldu, Paşinyan?!” – deyib daşlayırdılar. Əl çəkənə oxşamırdılar.
Süleyman körpüyə çatanda artıq qaçmağa başlamışdı.
Təngnəfəs olmuşdu, amma dayana bilməzdi. Cənazə götürülməmiş Bəylər kişinin evinə çatmalı idi.
Ev görünürdü. Az qalmışdı. Bir az da qaçsa, uşaqlardan canını qurtaracaqdı.
Bəylər kişinin evinin qabağına yığışmış böyüklər uzaqdan qaça-qaça gələn adama, onun arxasınca düşən uşaqlara baxırdılar. Heç kim başa düşmürdü ki, nə baş verir.
Uşaqların səs-küyünə həyətdəki, evdəki adamlar da çölə çıxmışdılar.
“Tutun Paşinyanı!”
“Paşinyaaaan!”
Kəndin cavanları Süleymanı Bəylər kişinin evinin darvazasına çatmamış haqladılar. Yumruqlayıb yıxdılar yerə. Uşaqlar, dəliqanlı gənclər, böyüklər qarışqa kimi daraşdılar onun üstünə. Vurduqca vurdular, söydükcə söydülər, tüpürdükcə tüpürdülər... Soyumadı ürəkləri.
Bəylər kişinin heç tükü də qımıldamadı. Nə Xuraman girə bildi araya, nə Süleymanın anası...
Ta ki qocalardan biri “Öldü ta it oğlu it! Bəsdirin!” – deyənə kimi.
Bir saç-başını yolan Xuraman qaldı Süleymanın cansız bədəninin başında, bir də anası...
Onların səsi kəndə elə yayıldı ki, heç dünən Muradın tabutu gələndə bütün kənd camaatından belə səs çıxmamışdı...
Sonra kimsə xəbər gətirdi:
– Ay camaat! Şuşanı azad elədik! Prezident özü dedi televizorda! Müharibə qurtardı!
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)
Yanlış seçim? Yoxsa tanış alışqanlıq? - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Yanlış — bir seçimidirmi? Yoxsa bir alışqanlıqmı? Səni hər zaman yanlışa aparan nədir? Həyatını formalaşdıran seçimlərindir. Bəs artıq seçmək istəmədiyin bu yanlış sənə doğru necə yol alır? Sən uzaqlaşmaq istədikcə, necə sənə daha da yaxın olur? Öyrəşdiyin üçünmü? Ya da əksik hiss etdirdiyi üçün?
Tamamlanmadığını düşünürsən. Ancaq seçdikdən sonra yenə də peşmanlıq hissi səni məhv edir. Bu, sənin seçimin deyil — yerini doldurmadığın bir boşluqdur. İçimizdəki boşluğu nəyləsə doldurmaq istəyirik. Dərindən hiss etmədiyimiz müddətcə, yaranı görməzdən gəldikcə, hər seçim bizi eyni peşmanlığa aparacaq.İnsan psixologiyası tanış olanı təhlükəsiz saymağa meyillidir — istər yaxşı olsun, istərsə də zərərli. Bəzən tərk etmək istədiyimiz şeyə geri dönməyimizin səbəbi bizə tanış gəlməsidir. Yanlış bir tanışlıq... Məsumluq libasını geyinərək bir parçana çevrilir. Doğru olanın nə olduğunu bilmədiyimiz üçün tanış olanı seçirik. Ən önəmlisi odur ki, qərar verərkən duyğularımızı yox, ehtiyaclarımızı anlamalıyıq. Çünki hər yanlışın kökündə anlaşılmamış bir ehtiyac yatır.
Hər şeyi unudub yenidən başlamaq deyil bəlkə də həll. Bəzən sadəcə susmaq, dayanmaq və öz iç səsimizi dinləmək kifayət edir.
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)
Türk xalqlarının genetik və antropoloji mənşəyi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının Qədim türklər layihəsində bu gün sizlərə Türk xalqlarının genetik və antropoloji mənşəyi barədə danışacağıq.
Türk xalqlarının genetik və antropoloji mənşəyi, həm tarixi mənbələr, həm də müasir genetik araşdırmalar vasitəsilə geniş şəkildə tədqiq olunur. Bu mənşə həm bioloji (genetik və antropoloji), həm də tarixi-etnik aspektlərdən öyrənilir.
1. Tarixi kontekst:
Türk xalqları ümumilikdə Altay mənşəli dillər qrupuna aiddir və qədim dövrlərdən Orta Asiya, Altay dağları, Sibirya, Qazaxıstan çölləri, Ural bölgəsi və Şərqi Türküstanda (indiki Sincan) yaşamışlar. Buradan qərbə və cənuba doğru yayılaraq Anadolu, Qafqaz, Xəzərsahili, İran, Volqa bölgəsi və Şərqi Avropaya qədər geniş bir coğrafiyada məskunlaşmışlar.
2. Genetik mənşə:
Türk xalqlarının genetik tərkibi kompleks və qarışıq xarakter daşıyır. Onlar Qərbi və Mərkəzi Asiya, qismən də Şərqi Asiya, İran, Slavyan və Qafqaz genetik qatlarını özündə birləşdirir.
Əsas genetik yönlər:
- Y-DNA (ata xətti) üzrə türk xalqlarında ən çox görülən haploqrup:
- C-M217 – Şərqi Asiya mənşəli (xüsusilə qədim türklərdə)
- R1a, R1b – Avrasiya çöllərində yayılmış haploqrup (Slavyan və İndo-Avropa təsiri də ehtimal olunur)
- Q-M242 – Qədim Sibir və Altay mənşəli xalqlarda yayılıb.
- J2, G2, E1b1b – Orta Şərq və Qafqaz mənşəli haploqrup (xüsusilə Azərbaycan türkləri və Anadolu türklərində)
Regional genetik fərqlər (nümunə olaraq):
- Azərbaycan türkləri – İran, Qafqaz, Orta Asiya qatları
- Anadolu türkləri – Qədim Anadolular, Balkanlar, Orta Asiya
- Qazaxlar – Qıpçaq, Monqol, Sibir
- Qırğızlar – Şərqi Türklər, Pamir xalqları
- Uyğurlar – Türklər + Çin + İrani etnoslar
- Başqırd və tatarlar – Türk, Fin-Uqor, Slavyan
3. Antropoloji mənzərə:
Türk xalqları antropoloji cəhətdən də çoxçeşidli tiplərə malikdir:
- Turanid tip: Orta Asiyada yayılıb – avropoid və monqoloid xüsusiyyətlərin sintezi.
- Pamiro-Fərqan tip: Qırğızlar və Taciklərdə rast gəlinir.
- Altay-Sibir tipi: Qazax və Tuvin türklərində yayılıb – monqoloid dominantdır.
- Aralıq tip (İranid + Qafqazid): Azərbaycan və Anadolu türklərində – avropoidə yaxın.
- Volqa-Ural tipi: Başqırd, Tatar xalqları – fin-ugor və türk qarışığı.
4. Assimilyasiya prosesi:
Türk xalqları tarix boyu digər etnoslarla qarşılıqlı əlaqədə olmuş, bu da genetik və mədəni assimilyasiya ilə nəticələnmişdir. Nəticə etibarilə:
- Dil türkcə olaraq qorunub, amma genetik baza bölgəyə görə dəyişib.
- Məsələn, Azərbaycan türkləri genetik olaraq Qafqaz və İran xalqlarına yaxın, Anadolu türkləri isə qədim Frig, Lidiya, Bizans, yunan və kürd komponentlərini özündə daşıyır.
5. Müasir Genetik Araşdırmalar:
Genetik tədqiqatlar göstərir ki:
- Türk dili daşıyıcılığı ilə genetik türklük eyni şey deyil.
- Yəni bir xalq türkcə danışa bilər, amma genetik olaraq başqa etnoslardan ola bilər.
- Bu səbəbdən, türkləşmə prosesi (dil və mədəniyyət baxımından) tarix boyu geniş miqyasda baş verib.
Nəticə:
Türk xalqları genetik və antropoloji baxımdan müxtəlif, amma dil və mədəniyyət baxımından ortaq olan bir sivilizasiya ailəsidir. Onların tarixi və genetik mənşəyi Mərkəzi Asiyada başlasa da, bu gün Avropadan Çin sərhədlərinədək geniş bir coğrafiyada mövcuddurlar. Ortaq tarix, dil, dastanlar və aşıq poeziyası onları birləşdirən əsas mədəni kodlardır.
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)