
Super User
Zakir Sadatlı nağılı... - PORTRET
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Nağıl şifahi xalq ədəbiyyatının epik növünün gözəl bir janırıdır. İnsanı tərbiyələndirir, yol göstərir, başa salır. Nağıllar da iki cür olurlar- xalq nağılları və müəllif nağılları. Və hamısı da “biri vardı, biri yox”la başlayıb, “göydən üç alma düşdü” ilə qurtarır. Bu dəfə sizə bir insan haqqında nağıl danışmaq istəyirəm. Biri vardı, biri yox...
Onu cəmi bir dəfə görmüşdüm. AzTV-nin sədr müavini mərhum Vaqif Ağayevin yas mərasimində. Üstündən iki ildən bir az çox vaxt keçirdi ki, özünün də ölüm xəbəri yayıldı. Zakir Sadatlını deyirəm. Sağlığında uzun müddət AzTv-də çalışıb. “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasının redaktoru, böyük redaktoru idi. Sonralar Azərbaycan Radiosunun “Gənclik və idman” redaksiyasında baş redaktor müavini vəzifəsində işləyib...
Deyirdi ki,- “İmzalar və kitablar tünlüyündə adamlara bir az mərhəmət göstərmək lazımdır”...
Çox alicənab, necə deyərlər, istiqanlı adam idi:-“Rəssam gəmi şəkli çəkirsə, bu o demək deyil ki, o, okeanın o tayına üzüb getmək istəyir. Yazıçı da əsərini müsabiqə və mükafat müstəvisində qurmur. Onun bir borcu var: Yaxşı yazmaq! Yazdıqlarının sonradan ona gətirəcəyi divident artıq taleyin işidir. Böyük sənət əsərləri və sənətkarlar olub ki, tale onlarla hüdudsuz ölçüdə sərt və amansız davranıb. Bəzən də əksinə olub. Taleyin nə qəddarlığı, nə də həlimliyi bizimçün izah olunan deyil. Bir şeyi yadda saxlamaq lazımdır – müsabiqələr, mülahizələr, mükafatlar və başqa “…lar”lar və ”…lər”lər zamanın bir köks ötürməyi qədərdir. Hər şey çıxıb gedəcək və gedəndə bizim qazandıqlarımızı da öz yükünə qatıb aparacaq. Yeganə təsəlli budur ki, ümidlərimizi və sevgilərimizi bağladığımız yaradıcılıq Yer üzündə bir ləpir kimi qalacaq.”- söyləyirdi.
Və özü də sonda Azərbaycan jurnalistikasında bir ləpir kimi qaldı.
Zakir Sadatlı 15 may 1961-ci ildə Cəlilabad rayonunun Sadatlı kəndində dünyaya gəlmişdi. 1983-cü ildən ədəbi-bədii yazıları ilə respublika mətbuatında çıxış edib. İlk mətbu şeirləri -“Karvan”, “Kamillik məsafəsi”, “Dəşti” Cəlilabad rayon qəzeti “Yeni gün”də dərc edilib. Dövri mətbuatda şeir və onlarla publisitik məqalələri vaxtaşırı çap olunub. 2008-ci ildə Zakir Sadatlının “Salam, baça” hekayəsi Mahmud Kaşğarinin doğumunun 1000 illiyi çərçivəsində YUNESKO-nun 24 türkdilli ölkənin yazarı arasında keçirdiyi ədəbiyyat müsabiqəsində 1574 əsər içində üç qalibdən biri olub. Əsər Azərbaycan üzrə 1-ci, Türk dünyası üzrə 3-cü yeri tutmuşdu. Bu əsər alman, ərəb, qazax, rus, tatar, türk dillərinə tərcümə edilərək nəşr edilmiş, Azərbaycanda isə 2012-ci ildə nəşr olunan “İraq olsun” sənədli povestinin tərkibində nəşr edilərək, oxuculara təqdim edilib. Ondan bizə “Əfqanıstan uçurumu” xatirə romanı, “İraq olsun” sənədli povesti, “Salam, baça” hekayəsi və başqa dəyərli əsərləri yadigar qalıb...
Zakir Sadatli Azərbaycan Xalq Cümhuriyyəti dövrünün görkəmli araçdırmaçı-tədqiqatçılarından olmaqla yanaşı, Cümhuriyyət dövrü fədailərindən bəhs edən onlarla tədqiqat-məqalənin müəllifi olub. O, həm də Azərbaycan Cümhuriyyəti fədailərindən biri olan, ömrüboyu mühacirətdə yaşayan Əziz Alpoudun “Həyatımın hekayətləri” adlı tarixi memuarını Türkiyə türkcəsindən Azərbaycan dilinə çevirərək çap etdirib. Bu tarixi əsər o vaxt Azərbaycan və Türkiyədə böyük əks-səda doğurdu. Və yenidən Türkiyə türkcəsinə çevrilərək təkrar nəşr olundu. Zakir Sadatlı həmçinin mərhum Xanlar Bayramovla birlikdə yazılan “Onu Gəncə böyütmüşdür” kitabının həmmüəllifidir. Əsər görkəmli ictimi-siyasi xadim Tofiq Bağırovun həyat və ictimai-siyasi fəaliyyətindən bəhs edir. Şeir də yazırdı. Onun şeirləri respublika mətbuatında, o cümlədən “Azərbaycan”, “Ulduz”, “Füyuzat” jurnallarında, eləcə də Türkiyədə nəşr olunan “Kardeş qələmlər”, “Türk ocağı”, İraqda “Kardeşlik” dərgilərində, “Hürriyyət” qəzetində işıq üzü görüb. Əsərləri rus, türk, ərəb, alman və tatar dillərinə tərcümə olunaraq dünyanın bir çox ölkəsində nəşr edilib...
Zakir Sadatlı 2013-cü ilin fevral ayının 5-də 51 yaşında ikən vəfat edib. Məzarı Cəlilalabad rayonunun Sadatlı kəndindədir. Vəfatından sonra- 2015-ci ildə isə Zakir Sadatlının şeirlərindən ibarət “Mən varam dünyada” adlı şeirlər kitabı nəşr olunub...
...Göydən üç alma düşdü. Biri sənin, biri mənim, biri də heç kimin...
Bəli, nə vaxtsa Əfqanstan döyüşlərində iştirak edən, ölkənin ədəbi mühitində yaxşı tanınan Zakir Sadatlı da artıq bir nağılın qəhrəmanıdır. Söylədim ki, ruhu şad olsun və ruhuna rəhmətlər dilənilsin…
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
“Danış mənə” – ESSE
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Gəl, iyirminci əsri vərəqləyək səninlə.
Mənə bir az Cavadın “Şükriyyə”sindən danış.
Onun Aljir baraklarında keçən səkkiz ilindən, bu illərdə sabun qoxusuna həsrət qalmasının səbəblərindən danış.
Əlifin Qalinasından danış mənə.
Bacarsan, onun sarı donunu təsvir et, amma ən çox da vəfasından danış.
Rəsulzadənin xəyalındakı Cümhuriyyətdən bəhs et mənə. Bahasına ən əzizlərini qurban etdiyi istiqlal səadətindən danış.
Paris Sülh Konfransında iştirak etmək üçün səfərə çıxan nümayəndə heyətinin bu ezamiyyətin sonuncu və əbədi olduğunu dərk edəndə nə hisslər keçirdiyindən danış.
Bir fırçalıq Müşfiqin rəssamı ol mənimçün.
Al əlinə fırçanı, mənə bütöv Azərbaycanın xəritəsini çək.
Qarabağa çatanda onu şəhid qanıyla sulanan lalələrlə, xarı bülbüllərlə çərçivələ.
Astaraya çatanda əl saxla – tikanlı məftilləri çəkmə.
Şəhriyarın qasidi ol.
Bir çay dəmləyim, pərvanələr özlərini atəşə atanda, sən sübhə qədər şairə ulduz saydıran Pəri Sürəyyadan danış.
Ya da bir əsrlik Xudafərinə çevril, mənə tikanlı məftillərin o tayından danış.
Mədinədən, Balaşdan, Əlidən, Hökumədən, hər dəfə tikanlı məftillərə söykənib uzun-uzun güneyə sarı boylanan Söhrab Tahirdən danış.
Zərif şeirlər yazan Soselonun “kölgə mən”inə nəzər sal bir az.
Qırmızı mühitin boğub söndürməyə çalışdığı Turan ziyasından danış.
“Vətən xaini” damğası vurulan xalqın övladlarının Böyük Vətən müharibəsində arxa və ön cəbhələrdə necə vuruşduğundan danış.
Danış mənə gələnlərdən, gedənlərdən.
Söyüdlü arxın Quzey qışlağın başına dolandığı tək, yurdumun başına dolan.
İnsanlara onları ayıran şeyin əslində ölüm olmadığını söylə.
Ərtoğrulun məktublarını, Ülvinin yarımçıq əlyazmalarını oxu mənimçün.
Cavidin gözəl qaçqını Mişkinazın “nəyi sata bilərəm” nəzəri ilə evə necə göz gəzdirməsindən danış.
Ağlamağın çətinliyini izah et insanlara.
Bir gecədə ehtiram çiçəyinə çevrilən qərənfilin hekayəsini danış.
Ya da insanların hər il yanvarın altısında Xəzərə niyə qızılgül səpdiyini izah et.
Allahverdinin mindən çox Xocalı əsirini necə xilas etdiyindən,
Çingizin kamerasının obyektivinə tuş gələn erməni həqiqətlərindən danış.
Əynində mavi rəngli idman forması, ayağında rezin çəkmələr,
əlində üçrəngli Azərbaycan bayrağı ilə əsirliyə gedən oğlana de ki, biz hələ də onun yolunu gözləyirik.
Amma Ərtoğruldan heç kimə salam söyləmə.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
BİRİ İKİSİNDƏ – Havar Şəfiyevanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Havar ŞƏFİYEVA isimli bir yazarı təqdim edəcəyik. O, Qusar rayonunda doğulub. Azərbaycan və ləzgi dillərində şeir yazır.
***
Uzanır aramızda şəhərlər, yollar bunca...
Gecə yuxu görürdüm,
Tanış bir səs deyirdi:
"Ağla, gözəl, ağla... ağla doyunca".
Sən gedəli
əllərim göyə qalxıb, enməyəcək daha ömür boyunca.
Həmin gündən üzüm ağdır
Yeddi fəslin payızına, qışına.
Nənəm deyir: Mənim balam,
tuş gəlmisən bir nadan qarğışına.
O vaxt ömür elə gözəl keçirdi,
Biz bir kitab oxumuşduq,
Yadındadı, "Tatar Çölü"?
Orda ümid axı sonda ölürdü.
Kim eşidər, ha deyir ki, səbir eləyib dözərsən,
Gəl sən yaşa bu ömrümü, Tanrı haqqı, bezərsən.
Rəfimiz dağınıqdır, elə mənim beynim kimi,
Xatirələr qarışıb toz içində.
Bayaq yuxu danışdım, mən yozmuşam,
bir dəfə yoz özün də.
***
Neçə şeir doğulsa da,
Neçə kitab yazılsa da,
Bu eşq üçün ağıdır
Qalaq-qalaq xatirələr
ürəyimə lövbər atıb
ruhumu lap ağrıdır.
Bu şəhər tam başqa idi,
Damağımda dadı qalıb.
Ha gəzirəm qarış-qarış küçələri,
Hanı "Bakı gecələri"?
Elə-belə adı qalıb.
Naz edəcək vaxtım deyil,
Əl çək, Xəzri küləyi.
Daha heç nə sevindirməz,
Daha heç kəs ovutmaz ki
Daş olmuş bu ürəyi.
Yatammıram, inanırsan?
Gecə saat 5-də belə oyağam...
Hər nədisə, sürün-sürün
yaşayıram, hələ sağam.
Bu sarmaşıq yollarımı
öz qurumuş əllərimlə cızmışam,
Tapammıram...
İndi özüm, öz içimdə azmışam.
İndi bildin biz tərəfdə
səhər niyə açılmır,
günəş niyə qaradır?
İndi bu qız şair olub,
şeir yazır,
söz oynadır,
hekayələr yaradır.
***
Bir bayquş səsinə oyandım səhər...
Hasarın üstündən qıy vuran bayquş,
Səhəri gecəylə səhvmi salmısan?
Sən də mənim kimi azmısan, ay quş?
Bura xarabalıq deyil, meşəlik deyil,
Buralar nə mənlik, nə sənlik deyil.
Daha nənəm də yoxdur, sənə daş ata,
Deyirdi, bir bayquş, bir qarğa səsi
Eşitsən, ocaqdan bəd xəbər gələr,
Kimsə xəstə düşər, ya kimsə ölər.
Nənəmin sözündən çıxdım bu dəfə.
Bilirəm...
Günəşdən, istidən uzaqsan sən də.
Gəl yaşa, günəşin söndüyü yer var,
Gəl yaşa könlündən keçdiyi yer var:
Ruhunun xaraba minarəsində,
Könlümün ən uca viranəsində.
Daha nənəm də yoxdur, sənə daş ata,
Adam yaşayar da, adam ölər də…
Bir gün gələn adam bir gün gedər də.
***
Sənin soyuqluğun, üşüdər məni...
Demə ki, qışdandır, qış belə olmur.
Mən qar da görmüşəm,
Şaxta, boran da.
Vaxt olub buz tutub
qapı-bacam da.
Məni belə görməyib
Anam, atam da.
Sənin soyuqluğun, üşüdər məni,
Demə ki, qışdandır, qış belə olmur.
Sən gözəl bilirsən,
Yurdum haradır.
Dizimdən qar olub, dərsə getmişəm.
Buzları əridib suyu, içmişəm.
Vallah, üşütmədi şaxta, qar məni,
Əl üstə saxlayıb oralar məni.
Həyətdə gülləri şaxta vururdu,
Çiçəklər açırdı, güllər solurdu.
Sənin soyuqluğun, sənin rəftarın
Soldurur məni də o güllər kimi.
Gülləri taleyim mənəmi yazdı?
Axı bura Bakıdır, yaz havası var.
Burda qar nə gəzir, şaxta nə gəzir?
Arada-sırada duman görərsən,
Burda Xəzri əsir, Gilavar əsir.
Sənin soyuqluğun, üşüdür məni,
Demə ki, qışdandır, qış belə olmur.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
Gənclər Kitabxanasında “Kürəkçay” müqaviləsi – Sonun başlanğıcı” adlı material hazırlanıb
Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında Kürəkçay müqaviləsinin imzalanmasının 220 ili tamam oldu. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında özündə çoxlu sayda dəyərli tarixi faktları, tədqiqatları cəmləyən “Kürəkçay müqaviləsi – Sonun başlanğıcı” adlı biblioqrafik icmal hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kotabxanadan verilən məlumata görə, vəsaitin hazırlanmasında əsas məqsəd bugünkü gənc nəsli dövlətçilik tariximizin qara səhifələrindən biri - Kürəkçay müqaviləsi haqqında məlumatlandırmaq və bu mövzuya dair nəşr edilənkitabları onların diqqətinə çatdırmaqdan ibarətdir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan icmalda Rusiya ilə Azərbaycanın münasibətlərinə dair mühüm sənədlərdən biri sayılan bu müqavilənin təkcə Qarabağın deyil bütünlükdə Azərbaycanın taleyində oynadığı rolu, əsas müddəaları, həyata keçirilməsi və acı nəticələri haqqında geniş məlumat verilir, 11 maddədən ibarət olan “Kürəkçay Müqaviləsi”nin tam mətni təqdim olunur. Kitabxananın rəsmi saytında yerləşdirilənhttps://www.ryl.az/funds/biblioqrafik-icmal icmalda Ulu Öndər Heydər Əliyevin və layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəyərli fikirləri yer alır.
Biblioqrafik icmalda Kürəkçay müqaviləsi haqqında Azərbaycan, türk, rus və ingilis dillərində çap edilən “Qarabağ: XIII əsrdən 1920-ci ilədək”, “Qarabağ: mif və həqiqət”, “Azərbaycanın əzəli və əbədi torpağı İrəvan xanlığı”, “Münxendən başlayan zəfər”, “Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı”, “Политическое наследие периода ханств истории Азербайджана в свете документов”, “Kürekçay anlaşmasından Şuşa beyannamesine Karabağ”, “Karabakh from the 13th century to 1920” kimi 30-a yaxın kitabın biblioqrafik təsviri, qısa annotasiya və dövrü mətbuat nümunələri sərgilənir.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
Klassik uşaq ədəbiyyatından seçmələr – ƏLİ KƏRİM, “Gül”
“Ədəbiyyat və incəsənət” portalında Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Əli Kərimin “Gül” şeiri təqdim ediləcək.
Yerim bağça-bağ mənim,
Rəngim ağappaq mənim.
Bir ətirli güləm mən,
İstəyirəm güləm mən.
Ay yoldan ötən oğlan,
Məni incidən oğlan,
Gözüm doldu yaş ilə,
Ağac ilə, daş ilə.
Sən məni döymə, döymə,
Xətrimə dəymə, dəymə.
Neyləmişəm mən sənə?
Yolunu düz keçsənə!
Utan boy-buxunundan,
Ay sözəbaxmaz oğlan!
Gəl dəcəllik etmə sən,
Yoxsa ki bilməyirsən,
Yanaqlarım incidir,
Yanaqlarım incədir!
Gözüm doldu yaş ilə,
Ağac ilə, daş ilə,
Sən məni döymə, döymə,
Xətrimə dəymə, dəymə.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
TƏLƏBƏ YARADICILIĞI - "Könlümün Boşluğu" hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında Ağdam Dövlət Sosial-İqtisad Kolleci tələbələrinin yaradıcılığı ilə tanışlıq davam edir. Növbəti müəllif Nurgün Abdullayevadır.
Səhər yenə eyni qayda ilə başladı. Gözlərimi açdım və bir anlıq sanki dünya mənə yoxmuş kimi gəldi. Hər şeyin qaydasında olduğunu düşündüm, amma mənim içimdə çox şey dəyişmişdi. Özümü bir boşluqda hiss edirəm, amma bu boşluq heç vaxt dolmur. İllərdir belədir... Hər keçən gün bir az daha silinirəm, amma özümü tapmaq üçün bir yerə getmirəm. Sanki mənim içimdəki dünya yalnızca mənimlə və mənimlə qalıb.
Anam hər zaman deyərdi: "Hər kəsin özünü tapmağın bir vaxtı gələcək." Amma mən artıq o vaxtı gözləmirdim. Çünki içimdə bir sükut var idi və bu sükutun içində mənə heç bir şey izah olunmurdu. İnsanlar məni görürlər, amma mənim gerçəkliyim heç kimə aydın olmur. Mənim içimdəki hislər, düşüncələr o qədər dərin idi ki, onları heç kimlə paylaşa bilmədim.
Yaxın dostlarım bəzən soruşurdular, “Nə var, yaxşısan?” Amma cavab vermək çətin idi. Nə deyim ki? Yaxşı olmaq nədir? Yaxşı olmaq, sadəcə gülümsəməkdir, yoxsa ürəyindəki qarışıqlığı gizlətməkdir? Hər şeyin yaxşı olduğunu dediyim zaman içimdə bir narahatlıq yaranırdı. Həqiqətdə heç də yaxşı deyildim. Amma heç kimə bu hissimi göstərməmək üçün həmişə başımı qaldırıb, güvənlə gülümsəyirdim.
Bir gün, səhər saatlarında, pəncərədən baxanda göy üzündəki buludlar sanki mənim içimi oxuyurdu. O qədər ağır və sıx idilər. O an düşündüm, bəlkə də mənim içimdəki boşluq da belədir — sıxılır, daralır, amma heç vaxt bitmir. Üzümü pəncərəyə yaxınlaşdırdım, gözlərim bu dərinliyə baxarkən bir neçə damla göz yaşı üzümə süzüldü. Bilirdim ki, mən heç vaxt bu boşluğu tam doldura bilməyəcəyəm.
Göz yaşlarım axanda bir düşüncə gəldi. Bəlkə də bu boşluq heç doldurulmalı deyildi. Bəlkə də sadəcə qəbul etməliydim. Həyat hər zaman istədiyimiz kimi olmur, amma bəzən olduğu kimi də dəyərlidir. İçimdəki boşluqlar, mənim hər bir qərarımın, hər addımımın hissəsidir. O zaman anladım ki, bu boşluğu bəlkə də başqaları ilə paylaşmaq lazım deyil. Mən öz içimdə özümü tapmalıyam.
İçimdəki boğulmuş hisləri buraxmağa qərar verdim. Həyatın mənə verdiyi bu boşluqla barışmağa başladım. Hər şeyin bir səbəbi olduğunu qəbul edərək, yavaşca yenidən nəfəs almaya başladım. Bəlkə də hər bir kədər, hər bir boşluq, bir gün dəyərlə dolacaq. Mən yalnız bunu gözləyirəm.
Ürəyimi dinlədim. Onun döyüntüsündə bir ritm vardı, bir sükunət vardı. Sanki hər şey öz yerini tapmışdı. Bəlkə də içimdəki boşluq, əslində mənim özümə olan sevgimi tapmaq üçün bir yoldu. İnsanın özünü sevməsi, içindəki kədəri qəbul etməsi deməkdir. Yalnız bu zaman hər şey öz yolunu tapar.
İçimdəki boşluq artıq qorxuducu deyildi. Hər dəfə oraya baxdıqca, o boşluğun özündə bir dərinlik olduğunu gördüm. Bir zamanlar dolması lazım olan bu boşluq, indi mənim həyatıma bir anlam qatırdı. Həyat, bütün bu boşluqlarla daha gözəl idi. Hətta kədər də bir zamanlar sevdiyimiz şeylərin izidir. Kədər, unutduğumuzu və ya itirdiyimizi xatırladır. Amma kədər həm də bizi gücləndirir.
Bəzən həyatda ən dərin hislərimizi ifadə etmək çətin olur. Amma bu boşluqları qəbul etmək, onları anlamağa çalışmaq, həyatın gerçəkliyini tapmaq deməkdir. Həqiqi güc isə öz içindəki kədəri qəbul edib, həyatla barışmağı bacarmaqdır.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
Beynəlxalq Ailə Günü münasibətilə Oğuzda tədbir keçirilib
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Beynəlxalq Ailə Günü münasibətilə Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində "Beynəlxalq Ailə Günü: Oğuz rayonunda multikultural ailə dəyərləri" mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin, YAP Oğuz Rayon təşkilatının, Oğuz Rayon Gənclər və İdman İdarəsinin məsul şəxsləri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şəki Regional bölməsinin əməkdaşları, azsaylı xalqların nümayəndələri, ictimaiyyət üzvləri, yerli idarə və təşkilatların əməkdaşları iştirak ediblər.
Çıxış edənlər Oğuz rayonunda müxtəlif xalqların sülh və qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığını, ailə dəyərlərinin bu birgəyaşayışda mühüm rol oynadığını vurğulayıblar.
Oğuz rayonunda yaşayan müxtəlif etnik və dini icmalara mənsub ailələrin nümayəndələri öz ailə dəyərləri, adət-ənənələri barədə danışmış və birlik içində yaşama təcrübələrini bölüşüblər.
Tədbir çərçivəsində azsaylı xalqların nümayəndələrinin ifasında rəngarəng mahnılar səsləndirilib, rəqslər ifa olunub.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
Şərqşünas, ərəbşünas Vilayət Cəfərovun doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Vilayət Cəfərov 15 may 1940-cı ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. A. S. Puşkin adına Tovuz şəhər orta məktəbində təhsil almışdır. 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirmişdir.
Universiteti bitirdikdən sonra 1965–1967-ci illərdə Yəməndə, 1978–1981-ci illərdə İraqda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 2002-ci ildə "İraqda neoklassik poeziya" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru adını almışdır.
Uzun müddət AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, elmi yaradıcılıqla, tərcümə fəaliyyətilə yanaşı, pedaqoji sahədə də çalışmış, müxtəlif dövrlərdə Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Təfəkkür Universitetlərində mühazirələr oxumuşdur. AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Dünya ədəbiyyatı" ixtisası üzrə fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, Seminar Komisiyasının sədri kimi fəaliyyət göstərmişdir. Onun rəhbərliyi altında 10-dan artıq dissertasiya müdafiə olunmuşdur.
Kitabları
1. Ağ günlərin sorağında. Ərəb ədəbiyyatından tərcümələr
2. Cəmil Sidqi əz-Zəhavi.
3. İraqda neoklassik poeziya.
4. Əliqılınclı zülfüqar.
5. Qürbətdə yaranan dostluq.
Mükafatları
- "Sosializm yarışının qalibi" döş nişanı
- AMEA Rəyasət heyətinin Fəxri fərmanı (Şərqşünaslıq İnstitutunun 50 illiyi münasibtilə).
- AMEA Rəyasət heyətinin Fəxri fərmanı (AMEA-nın 60 illiyi münasibtilə).
- Azərbaycan Azərbaycan–Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Professor Cəfərov 2021-ci ilin fevral ayının 21-də Bakıda vəfat etmişdir. Ailəli idi.2 övladı.4 nəvəsi var.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
Xalq artisti Tünzalə Ağayeva ABŞ-da
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Xalq artisti Tünzalə Ağayeva Amerika Birləşmiş Ştatlarına yollanıb.
Sosial mediada verdiyi açıqlamasına görə, buna səbəb işgüzar səfərdir. Pop ulduz 20 gün ərzində müxtəlif rəsmi görüşlərdə iştirak edəcək, eyni zamanda mədəniyyət mərkəzlərinin, təhsil ocaqlarının qonağı olub ABŞ musiqiçiləri ilə yaxından tanış olub fikir mübadiləsi aparacaq.
Sevilən müğənni ilk olaraq Vaşınqtona gedib. Maraqlı anlar yaşayan estrada ulduzu şəhər gəzintisindən ləntə alınan görüntülərini şəxsi “İnstagram” hesabında paylaşıb. Sənətçi “Parlament binası”nı, Vaşınqtonun küçələrini göstərib.
Ağayeva paylaşımına “Vaşınqtonda günəşli gün” rəyini yazıb.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
POETİK QİRAƏTdə Əlizadə Nuri “Küçədən nəğmə keçir...” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə isə:
Çoxmuş üzü olmayıb,
Özgə üzə duranlar.
Quşu gözündən deyil,
Göz yaşından vuranlar.
-deyə şikayətlənir şair. Bu qədər çatışmazlıq varsa, şair olan bəndə axı necə susa bilər?
Xoş mütaliələr!
Küçədən nəğmə keçir...
Təzə hava çalınır,
Qəmin köhnə sazında.
Yad dildə danışırıq
Doğmaların yasında.
Qocalıram deyəsən,
Söz içimdə paslanır.
Bir şimal şəhəriyəm-
Günəş mənə nazlanır...
Qıfılbəndmiş göy üzü-
Verən yoxdu açarı.
Küçədən nəğmə keçir
Çağır gəlsin içəri.
...Yıxılıram, ilahi,
Ümid də yox tutmağa.
Neçə eşq həsr etmişəm
İlk eşqi unutmağa.
Bəlkə yaşamamışam,
Amma ömür sürmüşəm.
Bir dilənçi ovcuna
Yüz dəfə hönkürmüşəm...
Çoxmuş üzü olmayıb,
Özgə üzə duranlar.
Quşu gözündən deyil,
Göz yaşından vuranlar.
...Qucaqlamaq öyrədin,
Bu kəsilmiş qollara.
Yolu düz çəkmədiniz-
Düşdük əyri yollara...
“Ədəbiyyat və incəsənət”
(15.05. 2025)