“Danış mənə” – ESSE Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Gəl, iyirminci əsri vərəqləyək səninlə.

Mənə bir az Cavadın “Şükriyyə”sindən danış.

Onun Aljir baraklarında keçən səkkiz ilindən, bu illərdə sabun qoxusuna həsrət qalmasının səbəblərindən danış.

Əlifin Qalinasından danış mənə.

Bacarsan, onun sarı donunu təsvir et, amma ən çox da vəfasından danış.

Rəsulzadənin xəyalındakı Cümhuriyyətdən bəhs et mənə. Bahasına ən əzizlərini qurban etdiyi istiqlal səadətindən danış.

Paris Sülh Konfransında iştirak etmək üçün səfərə çıxan nümayəndə heyətinin bu ezamiyyətin sonuncu və əbədi olduğunu dərk edəndə nə hisslər keçirdiyindən danış.

Bir fırçalıq Müşfiqin rəssamı ol mənimçün.

Al əlinə fırçanı, mənə bütöv Azərbaycanın xəritəsini çək.

Qarabağa çatanda onu şəhid qanıyla sulanan lalələrlə, xarı bülbüllərlə çərçivələ.

Astaraya çatanda əl saxla – tikanlı məftilləri çəkmə.

Şəhriyarın qasidi ol.

Bir çay dəmləyim, pərvanələr özlərini atəşə atanda, sən sübhə qədər şairə ulduz saydıran Pəri Sürəyyadan danış.

Ya da bir əsrlik Xudafərinə çevril, mənə tikanlı məftillərin o tayından danış.

Mədinədən, Balaşdan, Əlidən, Hökumədən, hər dəfə tikanlı məftillərə söykənib uzun-uzun güneyə sarı boylanan Söhrab Tahirdən danış.

Zərif şeirlər yazan Soselonun “kölgə mən”inə nəzər sal bir az.

Qırmızı mühitin boğub söndürməyə çalışdığı Turan ziyasından danış.

“Vətən xaini” damğası vurulan xalqın övladlarının Böyük Vətən müharibəsində arxa və ön cəbhələrdə necə vuruşduğundan danış.

Danış mənə gələnlərdən, gedənlərdən.

Söyüdlü arxın Quzey qışlağın başına dolandığı tək, yurdumun başına dolan.

İnsanlara onları ayıran şeyin əslində ölüm olmadığını söylə.

Ərtoğrulun məktublarını, Ülvinin yarımçıq əlyazmalarını oxu mənimçün.

Cavidin gözəl qaçqını Mişkinazın “nəyi sata bilərəm” nəzəri ilə evə necə göz gəzdirməsindən danış.

Ağlamağın çətinliyini izah et insanlara.

Bir gecədə ehtiram çiçəyinə çevrilən qərənfilin hekayəsini danış.

Ya da insanların hər il yanvarın altısında Xəzərə niyə qızılgül səpdiyini izah et.

Allahverdinin mindən çox Xocalı əsirini necə xilas etdiyindən,

Çingizin kamerasının obyektivinə tuş gələn erməni həqiqətlərindən danış.

Əynində mavi rəngli idman forması, ayağında rezin çəkmələr,

əlində üçrəngli Azərbaycan bayrağı ilə əsirliyə gedən oğlana de ki, biz hələ də onun yolunu gözləyirik.

Amma Ərtoğruldan heç kimə salam söyləmə.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.