Gənclər Kitabxanasında “Kürəkçay” müqaviləsi – Sonun başlanğıcı” adlı material hazırlanıb

Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında Kürəkçay müqaviləsinin imzalanmasının  220 ili tamam oldu. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında özündə çoxlu sayda dəyərli tarixi faktları, tədqiqatları cəmləyən “Kürəkçay müqaviləsi – Sonun başlanğıcı” adlı biblioqrafik icmal hazırlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalına Kotabxanadan verilən məlumata görə, vəsaitin hazırlanmasında əsas məqsəd bugünkü gənc nəsli dövlətçilik tariximizin qara səhifələrindən biri - Kürəkçay müqaviləsi haqqında məlumatlandırmaq və bu mövzuya dair nəşr edilənkitabları onların diqqətinə çatdırmaqdan ibarətdir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan icmalda Rusiya ilə Azərbaycanın münasibətlərinə dair mühüm sənədlərdən biri sayılan bu müqavilənin təkcə Qarabağın deyil bütünlükdə Azərbaycanın taleyində oynadığı rolu, əsas müddəaları, həyata keçirilməsi və acı nəticələri haqqında geniş məlumat verilir, 11 maddədən ibarət olan “Kürəkçay Müqaviləsi”nin tam mətni təqdim olunur. Kitabxananın rəsmi saytında yerləşdirilənhttps://www.ryl.az/funds/biblioqrafik-icmal icmalda Ulu Öndər Heydər Əliyevin və layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəyərli fikirləri yer alır. 

Biblioqrafik icmalda Kürəkçay müqaviləsi haqqında Azərbaycan, türk, rus və ingilis dillərində çap edilən “Qarabağ: XIII əsrdən 1920-ci ilədək”, “Qarabağ: mif və həqiqət”, “Azərbaycanın əzəli və əbədi torpağı İrəvan xanlığı”, “Münxendən başlayan zəfər”, “Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı”, “Политическое наследие периода ханств истории Азербайджана в свете документов”, “Kürekçay anlaşmasından Şuşa beyannamesine Karabağ”, “Karabakh from the 13th century to 1920” kimi 30-a yaxın kitabın biblioqrafik təsviri, qısa annotasiya və dövrü mətbuat nümunələri sərgilənir. 

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.