“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Havar ŞƏFİYEVA isimli bir yazarı təqdim edəcəyik. O, Qusar rayonunda doğulub. Azərbaycan və ləzgi dillərində şeir yazır.
***
Uzanır aramızda şəhərlər, yollar bunca...
Gecə yuxu görürdüm,
Tanış bir səs deyirdi:
"Ağla, gözəl, ağla... ağla doyunca".
Sən gedəli
əllərim göyə qalxıb, enməyəcək daha ömür boyunca.
Həmin gündən üzüm ağdır
Yeddi fəslin payızına, qışına.
Nənəm deyir: Mənim balam,
tuş gəlmisən bir nadan qarğışına.
O vaxt ömür elə gözəl keçirdi,
Biz bir kitab oxumuşduq,
Yadındadı, "Tatar Çölü"?
Orda ümid axı sonda ölürdü.
Kim eşidər, ha deyir ki, səbir eləyib dözərsən,
Gəl sən yaşa bu ömrümü, Tanrı haqqı, bezərsən.
Rəfimiz dağınıqdır, elə mənim beynim kimi,
Xatirələr qarışıb toz içində.
Bayaq yuxu danışdım, mən yozmuşam,
bir dəfə yoz özün də.
***
Neçə şeir doğulsa da,
Neçə kitab yazılsa da,
Bu eşq üçün ağıdır
Qalaq-qalaq xatirələr
ürəyimə lövbər atıb
ruhumu lap ağrıdır.
Bu şəhər tam başqa idi,
Damağımda dadı qalıb.
Ha gəzirəm qarış-qarış küçələri,
Hanı "Bakı gecələri"?
Elə-belə adı qalıb.
Naz edəcək vaxtım deyil,
Əl çək, Xəzri küləyi.
Daha heç nə sevindirməz,
Daha heç kəs ovutmaz ki
Daş olmuş bu ürəyi.
Yatammıram, inanırsan?
Gecə saat 5-də belə oyağam...
Hər nədisə, sürün-sürün
yaşayıram, hələ sağam.
Bu sarmaşıq yollarımı
öz qurumuş əllərimlə cızmışam,
Tapammıram...
İndi özüm, öz içimdə azmışam.
İndi bildin biz tərəfdə
səhər niyə açılmır,
günəş niyə qaradır?
İndi bu qız şair olub,
şeir yazır,
söz oynadır,
hekayələr yaradır.
***
Bir bayquş səsinə oyandım səhər...
Hasarın üstündən qıy vuran bayquş,
Səhəri gecəylə səhvmi salmısan?
Sən də mənim kimi azmısan, ay quş?
Bura xarabalıq deyil, meşəlik deyil,
Buralar nə mənlik, nə sənlik deyil.
Daha nənəm də yoxdur, sənə daş ata,
Deyirdi, bir bayquş, bir qarğa səsi
Eşitsən, ocaqdan bəd xəbər gələr,
Kimsə xəstə düşər, ya kimsə ölər.
Nənəmin sözündən çıxdım bu dəfə.
Bilirəm...
Günəşdən, istidən uzaqsan sən də.
Gəl yaşa, günəşin söndüyü yer var,
Gəl yaşa könlündən keçdiyi yer var:
Ruhunun xaraba minarəsində,
Könlümün ən uca viranəsində.
Daha nənəm də yoxdur, sənə daş ata,
Adam yaşayar da, adam ölər də…
Bir gün gələn adam bir gün gedər də.
***
Sənin soyuqluğun, üşüdər məni...
Demə ki, qışdandır, qış belə olmur.
Mən qar da görmüşəm,
Şaxta, boran da.
Vaxt olub buz tutub
qapı-bacam da.
Məni belə görməyib
Anam, atam da.
Sənin soyuqluğun, üşüdər məni,
Demə ki, qışdandır, qış belə olmur.
Sən gözəl bilirsən,
Yurdum haradır.
Dizimdən qar olub, dərsə getmişəm.
Buzları əridib suyu, içmişəm.
Vallah, üşütmədi şaxta, qar məni,
Əl üstə saxlayıb oralar məni.
Həyətdə gülləri şaxta vururdu,
Çiçəklər açırdı, güllər solurdu.
Sənin soyuqluğun, sənin rəftarın
Soldurur məni də o güllər kimi.
Gülləri taleyim mənəmi yazdı?
Axı bura Bakıdır, yaz havası var.
Burda qar nə gəzir, şaxta nə gəzir?
Arada-sırada duman görərsən,
Burda Xəzri əsir, Gilavar əsir.
Sənin soyuqluğun, üşüdür məni,
Demə ki, qışdandır, qış belə olmur.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)