Məktəblərdə şagirdlərə milli qəhrəmanlarımız niyə tanıdılmır? – ALLAHVERDİ BAĞIROVDAN DANIŞACAĞIQ Featured

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Dünən Azərbaycanın milli qəhrəmanı, öz şücaəti, Qarabağ müharibəsindəki fəaliyyəti ilə adını tarixə yazmış Allahverdi Bağırovun doğum günü idi. Mən dünən günorta saatlarında Bakının Yasamal rayonu ərazisində bir neçə məktəbin dərsdən çıxan, yaxud dərsə gedən şagirdlərindən Allahverdi Bağırovun kim olduğunu soruşdum və çox təəssüf ki, mütləq əksəriyyət onu tanımadı.

Məncə məktəblərdə şagirdlərə Qarabağ müharibəsi, zəfərimiz, milli qəhrəmanlarımız, şəhidlərimiz barədə ayrıca dərs keçməlidirlər.

 

İndi isə Allahverdi Teymur oğlu Bağırov barədə ətraflı danışmaq istəyirəm. O, 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olmuşdur. 1965-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmişdir. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın "Qarabağ" futbol klubunda məşqçi kimi fəaliyyət göstərmişdir. Klubun bayrağında onun rəsminin həkk edilməsi də bu səbəbdəndir.

Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub.

Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilmişdir. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdır.1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur. 1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələrin onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradıldı. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, 150 döyüşçü iləƏsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu əməliyyat görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" adına mükafata layiq görülmüşdür. 1992-ci il mayın 3-də ermənilər Bağırova məlumat vermişdilər ki, ayın 8-də Şuşa işğal olunacaq. O da həmin məlumatı bizim bütün dövlət qurumlarına çatdırmışdır. Həmin ay Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başladı. 1992-ci il 12 iyunda onun batalyonunun səyi nəticəsindəAranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edilib. O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında vəazərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu. 1992-ci ilin 12 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə ilə birlikdə həlak olmuşdur. O, qardaşı Eldar Bağırovun yanında - Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi, Elşən adlı oğlu, Aynur və Zümrüd adlı qızlarıvar. Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı iləBağırov Allahverdi Teymur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Sonradan Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Allahverdi Bağırova "Qızıl Ulduz" medalı təltif olunmuşdur. 1992-ci ildə komandir Mətləb Mustafayev onun adına Artilleriya divizionu yaratmışdı. Ağdamın Quzanlı qəsəbəsinin girəcəyində adına barelyef qoyulub. 31 may 2012-ci ildə Niderlandın Qroningen şəhərinin "Noorderlicht" rəsm qalereyasında holland fotoqraf Dirk Yan Visserin "Offsayd. Sürgündə olan futbol" adlı fotoşəkillərinin sərgisi və eyniadlı kitabın təqdimatı Allahverdi Bağırovun həyatından bəhs edir. 25 fevral 2014-cü ildə Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Allahverdi Bağırovun büstü ucaldılmışdır. Həmin ilin iyun ayında Quzanlı qəsəbəsindəki Ağdam Dram Teatrında Allahverdi Bağırova həsr edilmiş “Qartal qamətli qəhrəman” sənədli filmlərinin təqdimat mərasimi keçirilmişdir.

Xocalının müdafiəsi zamanı 7 Milli Qəhrəman iştirak etmişdi. Onlardan biri də 1003 Xocalı əsirini erməni polkovnik Vitali Balasyan vasitəsilə 3 gün ərzində ermənilərin əlindən xilas edən Allahverdi Bağırovdu. Səkkiz günlük erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Quliyev’in Bağırov haqqında söylədikləri:

 “Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdi ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxmışdılar.”

1992-ci il 12 iyunda təcili iş üçün geri, Ağdama çağırılan Milli Qəhrəmanın olduğu maşın Naxcivanikdən geri qayıdarkən minaya düşdü və qəza nəticəsində dünyasını dəyişdi. Onun üçün Bakıda Şəhidlər Xiyabanında qəbir qazılmışdı, lakin o, müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında – Ağdam rayon Şəhidlər Xiyabanında dəfn edildi.  Azərbaycan Respublikasının prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə ölümündən sonra  “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən Bağırov üçün qazılmış qəbirə isə ondan bir neçə gün sonra həlak olan Çingiz Mustafayev basdırıldı.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.