Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
SƏDAQƏT
Durnanın qatarı gör nə qəşəngdir!
Səhər buludları nə lalərəngdir!
Mehriban gözlərin yol çəkir yenə;
Bir səs pıçıldayır: "Gəlməyəcəkdir".
Gecədir, ay gəlib gəzir otaqda.
Qulağın səsdədir, fikrin uzaqda.
Sevgilim, nə görüb eşqin, sorsana,
Qəlbin otağında tək ağlamaqda?
Uzaq üfüqlərdə al günəş batır.
Kölgələr dənizə min kəmənd atır.
Hicranın gözləri oyaqdır yenə;
Nə gündüz dincəlir, nə gecə yatır.
Həsrət tellərinə kimdir əl vuran?
Göyərçin könlümdür yollarda duran.
Yüz illik bir ömrü qurban verərdim
Xumar gözlərinə baxsaydım bir an.
Bilirəm, sadiqsən anda, ilqara,
Qoy çəkməsin fikrim könlünü dara.
O böyük eşqinlə sağalacaqdır
İnan ki, aldığım ən dərin yara.
Oxşa körpəmizi, dik tut başını!
Çatılmış görməsin düşmən qaşını.
Namərdlər içindən sorağı gəlməz
Könül həmdəminin, can sirdaşının.
Bəlkə bir gün məndən gətirdi soraq
Qan ləkəsi düşmüş bir sarı yarpaq.
Bil ki, son şeirimin ilk sözü sənsən,
Bir də can verdiyim bu ana torpaq.
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)