ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

RƏSUL RZA

TORPAQ OLMUŞ SÜMÜKLƏR
         (Ömür pillələri)

 

Gözümdə qаrışıqdır

ilk günlərin biçimi,

аxır günlərim kimi.

 

Deyirlər, beş göy bаhаr,

beş sаrıyаylıq xəzаn

bəsləmiş,

böyütmüş,

qoynundа məni.

 

Bir gün yаdımdаdır:

(Ətrаfı cunаyıdаn görən kimi

Hərdən gözümdə cаnlаnır).

Atаm evə dönmədi.

Аnаmın nəm gözləri

dodаqlаrımı bükdü.

O gündən şən qəlbimə

yetimlik rəngi çökdü.

Dedilər: Gələcək.

İnаndım,

Gözlədim, gəlmədi.

Təsəllilərlə аldаndım.

Bəzən,

röyаlаrdа sаrılаrdım boynunа.

Bаxаrdım göy gözünə.

Deyərdim: – Atаcаn,

gəldinmi yenə?

O, məni oxşаyаrdı.

Sаçlаrımdа gəzdikcə bаrmаqlаrı.

sevincimdən gülərdim.

O məni oxşаyаrdı.

Heyhаt,

аyrılıncа yenə də

o аcı yoxluq vаrdı.

Boğаzımdа düyümlənərdi bir dаş.

Səbəbini bilmədən

аğlаyаrdım gecələr.

 

Yüyürdü, keçdi günlər;

Unutdum yаvаş-yаvаş,

Çocuq könlümdə çox

bəsləmədim kədəri.

Yаxşılаr, pislər deyə

iki yerə аyırdım

oyuncаq gətirənləri,

əliboş gələnləri.

On qаrlıqdаn keçən ömrün

bir bənövşəliyində

аlа çocuq gözlərimlə gördüm

qаnаyаn köksünü üfüqlərin.

Qəlbim sıx-sıx döyündü

yeni həyаt nəğmələri gətirən

qorxusundаn səhərin.

Аylаr ötdü.

İllərə çаtdıq.

İlləri bir-birinə qаtdıq.

İllər uzаndı.

Həyаt yollаrındа qəlb

hər gün bir şey qаzаndı.

Аcı, şirin.

Bəzən dаdlı, gözəl.

Bəzən qаn, irin.

İstidə tərlədim,

soyuqdа üşüdüm.

Yürüdüm, düşdüm.

Qаlxdım, yenə düşdüm.

Bəzən çiçək dərən əllərimi

qаnаtdı tikаnlаr.

Bəzən sevinc verdi mənə

bir qüvvət dolu şərqi,

göy, gümüşü bir səhər!

Biri sıxdı əlimi,

“Dostum” deyə.

Biri vаrdı аğzımа

– “Yum” deyə.

Çox sındırdım bаşımı,

bir qəribə işlərin

mənаsını аnlаyım, duyum deyə.

Yol uzun.

Ömür qısа.

Ölüm аrxаdаn gəlir

həyаtı pusа-pusа.

Gözlərimin sevinc yаşı,

boğаzımı tıxаyаn bir hıçqırıq

hаmısı yаdımdаdır...

Hey...

Nələr çəkmədi Rzаnın bаşı!..

Atdığım hər аddımdа

sümüklər çıxdı qаrşımа.

Sümüklər bəndləndi,

Sümüklər kəməndləndi.

Sümüklər burаxmаdı irəli.

Uzun illər

dаdlı bir röyа kimi,

mən gözlədim

ömrümün bаhаrını.

Bir gün gördüm

аğ şərid yollаr boyu

dəstələri uzаnаn

yolçulаrın içi rüzgаrlı

bаyrаqlаrını.

Könlüm sаbаhа bаğlı.

Ürək dinləmir аğlı.

Аğlım: “Öz gücünə inаn”, – deyir.

Qəlbim: “İgidsən,

ömrün аtəşinə yаn,

eşqin imtаhаnınа

dаyаn”, – deyir.

Eşqim nə Fərhаd eşqidir,

nə Kərəm.

Hey...

eşqim, eşqim!

Cаnlаnıb qаrşımdа

durаrsа bir gün

boğаzınа qаynаr qurşun tökərəm!

Eşqim bir qızа olsаydı,

könlüm

bir gözəlin həsrətiylə yorulsаydı,

bəlkə mümkün olаrdı

bu eşqi bir ləkə kimi

benzinlə təmizləmək.

Dəniz gözlərindəki dаlğаdır

Eşqimin xəbərçisi.

Mənim eşqim bir çobаn,

könlüm onun keçisi.

Gördünmü, “eşqim-eşqim” deyə.

çıxdım çərçivədən eşiyə.

Lаkin yаzаnlаr bilir;

Misrаlаr hücum çəkəndə bаşа,

Çətindir düşməmək sаvаşа.

Mən çocuqluqdаn vuruldum şirin dilinə şeirin.

Şeir zəhərdən şirin.

Şeir öpüşdən şirin.

Şeir ölümdən şirin.

Və ilk görüşdən şirin!..

İlk şeirimi tаpаndа

göz yаşımdаn islаnmış

yаstığımın аltındаn

dаndım mənimliyini;

necə dаnаrsа bir gənc

birinci sevdiyini.

Əvvəl gündən sevmədim cəbri

və belə cəbrli şeyləri xoşlаmаdım.

Lаkin

sevişdiyimiz ilk gündən

şeiri boşlаmаdım.

Qoşuldum yolçulаrа.

Qаbаğа qoşmаq,

yoxuşlаr аşmаq,

o dəmir sırаlаrdа yürümək istədim.

Dedim: – Sаbаh

Biri olаrdım onlаrın.

Heyhаt!

Yenə gəldi sümüklər.

Sümüklər bəndləndi.

Sümüklər kəməndləndi.

Sümüklər

qoymаdı irəli.

Sonrа nələr oldu, nələr!..

Buz dаğlаrı kimi sıxdı məni

Həyаt аdlı, ömür аdlı məngənələr.
Bir gün düşdüm həvəsə.

Əllərim əsə-əsə,
ərzə yazdım komsomola.
Yığışıb dinlədilər,
soruşdular birər-birər
ulu babamdan
bu günə qədər.
Yenə gəldi sümüklər.
Sümüklər bəndləndi.
Sümüklər kəməndləndi
sümüklər qoymadı irəli.
Sümüklər sıxdı məni sıxdıqca.
Ay keçdi, il dolandı,
neçə göllər duruldu,
neçə sular bulandı.
Bir gün oldu,
əl tutuşduq, ayrıldıq
orta boylu,
məktəb adlı dostumdan.
Yola çıxdım,
açmaq üçün
baş məktəbin
əzəmətli qapısını.
Alnımı incilərlə bəzədi
yolçuluğunda bu yolun,
üzvüydümsə də komsomolun.
Ayaqlarım yorulur,
yolçularda nə qüsur?
Ölüb-doğmaq istəyənin
taleyi budur.
Gəldi sümüklər.
Sümüklər bəndləndi.
Sümüklər kəməndləndi.
Sümüklər kəsdi qabağımı.
Sümüklər bir zindan kimi
belimdə ağırlandı…
Zənn etməyin bu ağırlıqla
yol yerimək asandı.
Aylar keçdi, il dolandı.
Neçə göllər duruldu.
Neçə çaylar bulandı…
Artıq
əlimdə Leninin qızıl kitabı,
baş məktəbin pəncərələrində
beynimi almışam səfərbərliyə!
Mən dayaz bir üzgüçü,
mənalar dərində.
Gecə yarı olur,
varaq yarılanmadan.
Oxuyuram, oxuyuram,
çoxunu qanmadan.
Kirpiklərim
küləklənən yarpaq kimi titrəyir;
cəbr qədər çətin
sözləri qarşısında Marksın.
Bəzən kəlmələr gözümdə canlanır,
anladırlar mənə həqiqəti.
Sanki o qara xətlər
beynimdə aydınlaşır
dumandan çıxan ay kimi…
O zaman, sanıram
mən də Marksam, –
özünü şahin bilən
torağay kimi…
Gecələr uzun,
gecələr qısa.
Uzunluq gecələrə məxsus.
Lakin nə uzunluq var gecələrdə
mən yazırkən,
onlar gedir, dayanmırsa?
Aylar ötdü, il dolandı.
Neçə çaylar duruldu.
Neçə göllər bulandı.
Atıldım qucağına həyatın.
Çevirdim varaqlarını
ömür deyilən
müqəddəratın.
Hər qapını açdımsa,
hər yana baxdımsa,
hər çiçəyi,
hər gülü sinəmə taxdımsa,
niyyətim xoş,
arzularım şəfəqli idi.
Əllərimin zəhməti,
beynimin gücü,
qəlbimin qüvvəti,
elimə, yurduma gərəkli idi.
Mən gördüyümdən
yeddi qat artıq
iş görərdim;
qəlbimdə gəzdirdiyimdən
yeddi qat az olardı
qayğım, möhnətim, dərdim, –
neçə yolun başında,
neçə günün,
neçə ayın,
neçə ilin savaşında
sümüklər bəndlənməsəydi,
sümüklər kəməndlənməsəydi,
sümüklər çıxmasaydı qarşıma,
amansız bir qərar kimi.
Sümüklər bağlamasaydı yollarımı;
kərpicləri ağır
çuqun divar kimi!..
Dönə-dönə varaqladılar
yaşımdan yaşlı
günlərin, illərin
sarı yarpaq kitabını…
Bəsdir, yetər!..
Nədən, neçin verməliyəm,
torpaq olmuş
sümüklərin
hesabını!!..                        

                    1934

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

 

Ağalar İdrisoğlu, yazıçı, rejissor, jurnalist, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün

 

 “Ədəbiyyat və incəsənət” portalına tanınmış rəssam, dünyada cərrah bıçağı ilə ilk dəfə  rəsm əsərləri çəkən yeganə mütəxəssis, maraqlı şeirlərin müəllifi  Hüseyn Mürtəqevinin şeirlərini göndərdim və orada ön sözlər də yazmışdım. İlk öncə mənim ön sözüm və Hüseyn Mürtəqevinin şeirləri çox maraqla qarşılanmışdı. Onu da deyim ki, bu portalda zəif əsərlər çap edilmir. Mənim ön sözüm və Hüseyn müəllimin şeirlərinin  oxucular tərəfindən çox maraqla qarşılanması həm müəllifi, həm də məni sevindirmişdi. Axı yazıçı üçün  əsərlərini  oxucuların sevə-sevə oxumasından gözəl heç nə  yoxdur. Hüseyn Mürtəqevinin şeirləri içərisində bir maraqlı şeir də vardı...

 

 “Bir ovuc qumdu ömür”, adlanırdı. Bu şeir mənim daha çox xoşuma gəlmişdi. Çünki bu şeir və orada olan misralar çox orijinal idi. Oxuyanda adamı silkələyirdi və hər insan istəsə də-istəməsə də dönüb özünün keçmiş həyatına bir nəzər salmaq istəyir. İnsan həyatının bir ovuc qum olduğuna çox kədərlənir. Hətta redaksiyadan mənə demişdilər ki, oxucular Hüseyn müəllimin bütün şeirlərini bəyəndiklərini yazırlar, amma  “Bir ovuc qumdu ömür” şeiri haqqında daha çox xoş sözlər yazırlar.

Şeirlər çap olunan günü artıq bu şeirlərə maraq o qədər çox  oldu ki, redaksiyadan  mənə zəng vurub öz təşəkkürlərini bildirdilər ki, nə  yaxşı  Hüseyn Mürtəqevinin şeirlərini göndərmişəm. Bir gün sonra isə redaksiyadan mənə zəng vurub belə dedilər: “Ağalar müəllim. “Bir ovuc qumdu ömür”şeirini  bədii qiraətçi Ayna Səs çox peşəkar səviyyədə səsləndirib. Hətta bu şeirlə bağlı çox maraqlı bir video da orada yerləşdirib və bizə göndərib. Biz də sizə göndəririk. Bir peşəkar rejissor kimi qulaq asın”.

Videoya qulaq asdım və həddindən artıq xoşuma gəldi. Baxmayaraq ki, mən 50 ildir peşəkar teatr dünyasında aktyor-rejissor kimi çalışıram, amma ilk dəfə idi ki, Ayna Səs adlı bədii qiraətçini dinləyirdim və fikirləşdim ki, bu hansı peşəkar aktrisadır özünə “Səs”  ləqəbi götürüb. Redaksiyadan Ayna Səsin mobil telefon nömrəsini aldım ki, ona da  zəng vurub öz təşəkkürümü bildirim və harada aktrisa işlədiyini soruşum. Həm də əsl soy adının kim olduğunu öyrənim. Ayna xanımın belə peşəkar səviyyədə  şeir deməsi Hüseyn Mürtəqevinin də çox xoşuna gəlmişdi. Çünki mən Ayna xanımın  söylədiyi şeirin videosunu Hüseyn müəllimə də göndərmişdim. Elə həmin gün Ayna xanıma zəng vurdum və özümü təqdim etdim. Ayna xanım dedi ki, məni yaxşı tanıyır və hətta mənim Dövlət Milli Gənc Tamaşaçılar Teatrında quruluş verdiyim bir neçə tamaşaya da baxıb. Hətta mənimlə tanış olmaq da istəyib və bədii qiraətlə məşğul olduğunu da bildirmək istəyib. Sonra Ayna xanım dedi ki, “mən aktrisa deyiləm. Müəlliməyəm. Özü də ədəbiyyat müəllimi yox, kimya müəllimiyəm. Özüm də Xırdalan şəhərindəki 7 nömrəli tam orta məktəbdə həm müəllim və həm də direktor müavini vəzifəsində işləyirəm. Özü də bədii qiraətlə beş ildir ki, məşğul oluram. İndi qərara gəlmişəm ki, bu işlə daha ciddi məşğul olum. Ona görə də xoşuma gələn  çoxlu  şeirləri səsləndirirəm.”

O, özünün səsləndirdiyi şeirlərdən bir neçəsini də mənə göndərdi və qulaq asdım. Açığı mən bundan çox  təəccübləndim. Çünki hər şeirdə sözaltı mənaları və vurğuları elə ustalıqla tapıb deyirdi ki, tamaşaçını asanlıqla ona qulaq asmağa məcbur edirdi. Sonra zəng vurub soruşdum ki, bu şeirləri hansı rejissorla işləyirsiz? Ayna xanım dedi ki, “heç bir rejissorla işləmirəm. Rejissor da özüməm  və videoları da hər şeirə uyğun  özüm  seçirəm, hətta operator işini də özüm görürəm”. Onun bu sözləri bir daha məni təəccübləndirdi.

Bu söhbət bu ilin, yəni 2025-ci ilin  mart ayının əvvəlində olmuşdu. Həmin vaxtı mənim  75 illik yubileyimin Dövlət Milli Gənc Tamaşaçılar Teatrında  keçirməsinə hazırlaşırdıq. Onu da vurğulayım ki, mənimlə bağlı çoxlu şeirlər yazılıb. Onlardan birini- maraqlı şair-qəzəlxan Lilpar Cəmşidqızının mənim haqqımda yazdığı “Ey gözəl insan” şeirini ona göndərdim. İki  gündən sonra Ayna xanım mənə zəng vurub dedi ki,  “bu şeirin video lentini sizin  votsapınıza göndərmişəm. Qulaq asın”. Qulaq asdım və gördüm ki, Ayna xanım bu şeirə mənim saytlarda olan çoxlu şəkillərimdən ibarət portretlərimi maraqlı kollaj kimi yerləşdirib. Hətta elə şəkillərimi tapıb ki, onlar mənim yadımda deyil. Özü də hər bəndə uyğun şəkil yerləşdirib. Mən bu şeiri Lilpar  xanıma da göndərdim. Lilpar Cəmşidqızı özü də təkcə öz şeirlərini, qəzəllərini yox, başqa şairlərin də bədii əsərlərini maraqlı formada, peşəkar bədii qiraətçi kimi deyir. Onun da xoşuna gəldi. Açığı cəmi iki günə beş dəqiqəlik bir videonu belə peşəkar səviyyədə hazırlaması məni heyrətə gətirdi. Çünki belə bir şeiri biz peşəkar akrtisalarla ən azında on günə hazırlaya bilirik. İki gün də operatorla işləyib, şeirə uyğun materiallar tarıb orada yerləşdiririk. Amma Ayna xanım bütün bunları iki günə görmüşdü və hələ üstəlik məktəbdə olan çoxlu  işləri də öz yerində. Yəni işdən qalıb, bu işləri görməmişdi.

Bax, Ayna xanımın belə peşəkar səviyyəli işləri məni çox maraqlandırdı və belə qərara gəldim ki, bu cür istadadlı insanı  çoxminli oxucularımızla da yaxından tanış edim. Çünki Ayna xanım Allah vergisi olan böyük istedad sahibidir və xalqımız da bu xanımı, maraqlı sənətkarı  yaxşı tanımalıdır. Mənimlə bağlı onun söylədiyi “Ey gözəl insan” şeirini yutubda və çoxlu kabel televiziyalarında yerləşdirdik. Cəmi bir neçə günün içərisində yüz minlərlə baxış oldu. Və bu şeirə qulaq asanlar Ayna Səs və şeir  haqqında özlərinin xoş sözlərini də orada  yazırdılar.

Beləliklə, Ayna Səs  ( Ayna Yasin qızı Məmmədova) haqqında oxuculara qısa məlumat vermək istəyirəm ki, onu daha yaxından tanısınlar.

 

Qısa tanıtma: - Ayna Yasin qızı Məmmədova ( Ayna Səs) 15 avqust 1981- ci ildə Bakı şəhərində anadan olub. 1999-2003-cü  illərdə Bakı Dövlət Universitetinin tətbiqi kimya fakültəsində təhsil alıb. Sonra Xırdalan şəhərindəki  7 nömrəli tam orta məktəbdə kimya müəllimi kimi əmək  fəaliyyətinə başlayıb. Hal- hazırda da həm kimya müəllimi və həm də direktor müavini vəzifələrində çalışır. Özünün savadına və yüksək təşkilatçılığna görə həm şagirdlər və həm də həmkarları tərəfindən sevilir. Məktəbdə keçirilən bütün tədbirlərin də əsas təşkilatçılarından biri  məhz  Ayna müəllimə olur.

 

- Salam Ayna müəllimə. Yaxşı müəllimin həm yüksək nitq qabiliyyəti  olmalı və həm də yaxşı aktyor olmalıdır ki, dediyi fənni şagirdlərə lazım olan kimi çatdıra, sevdirə bilsin. Belə olanda şagirdlər həmin  müəllimi sevirlər. Sizdə belə peşəkar səviyyədə şeir söyləmək marağı haradan yaranıb?

 

- Müəllimlik mənim üçün ən uca məqamdır. Zirvədir. Bilrsiniz ki, müəllim haqqında dünya dahiləri yüzlərlə çox maraqlı kəlamlar, aforizmlər deyiblər. Bilirsiniz ki, bir milləti məhv etmək üçün onun təhsilini əlindən almaq kifayət edir. Dahi Sədi Şirazi deyib ki, “Əgər bir müəllim olsa bədəsil, Yetişdirə bilməz bəxtiyar nəsil”. Dahi Heydər Əliyev isə müəllimlə, təhsillə bağlı görün necə kəlamlar deyib;

-Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.
- Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
- Mən Azərbaycanın sadə vətəndaşıyam.
Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad- müəllimlikdir.

Bax, bu kəlamlar müəllim əməyinə verilən ən böyük qiymətdir. Deməli, hər bir müəllim öz peşəsindən yüksək peşə tanımamalı və bu peşəyə yüksək səviyyədə xidmət etməlidir. Müəllim sanki bir səhnədədir. O, hər gün  həmin səhnədən peşəkar səviyyədə rolunu oynayır. Müəllim  eyni zamanda həm rejissordur- dərsə, sinfə quruluş verir... Həm psixoloqdu, həm pedoqoqdu ... Bir az da qiraətçidir. Çünki müəllimin çox səlis nitq qabiliyyəti olmalıdır ki, öz fikrini şagirdlərə aydın şəkildə çatdıra bilsin. Bu fikirləri onların beyninə yeridə bilsin.

Şeir söyləməyə isə maraq məndə lap uşaq yaşlarımdan yaranıb. Çünki biz əslən Qazax  rayonundanıq. Orada da şeirə, musiqiyə çox yüksək qiymət verirlər. Deməli, şeirə, musiqiyə maraq mənə qanla, köklə gəlib.

 

-Söhbətimiz əsnasında dediniz ki, beş ildir bədii  qiraətlə çox ciddi məşğul olursunuz. Bəs niyə bu vaxta qədər özünüzü təbliğ etməməsiniz?

 

- İnsan şeirlə doğulur. Əslində şeir deyilən bir şey bəlkə də yoxdur. Mahnı var - məsələn doğulan kimi körpə çığırtısı kimi... Məncə əvvəl mahnı, hava yaranıb sonra söz, şeir yaranıb. Məsələn mən bir şeiri oxuyanda onun hansı hava altında yazıldığını  bilməsəm o şeiri deyə bilmirəm. Yaxşı şeir elə özü də bir mahnıdır. Elə götürək dahi Səməd Vurğunun “Azərbaycan” şeirini. O şeiri söylədikcə elə bil ki, insan bir mahnı oxuyur. Hətta ritmi olmayan  insan belə bu şeiri ürəklə söyləyəndə ona qulaq asanlarda maraq yarada bilir. Qaldı özümü təbliğə. Bu haqda fikirləşməmişəm. Əgər söylədiyim şeir tamaşaçılar tərəfindən maraqla qarşılanırsa, bu, elə mənim təbliğim deməkdir.

 

-Siz direktor müavini vəzifəsində işləyirsiniz. Özü də deyirlər ki, çox yaxşı işləyirsiz. Deməli, direktorluğa bir addım qalıbsınız. Müəllim kimi gələcək planlarınız necədir?

 

-  Yuxarıda dediyim kimi. Özümü heç vaxt təbliğ etməyi düşünməmişəm. Amma bir şeyi düşünmüşəm ki, o məşhur misrada deyildiyi kimi- “çigirib, bagirmana gərək yox,  səsini duymaq istəyənə fisıltin da yetər”.  Direktor vəzifəsində çalışmaq isə böyük  məsuliyyətdir. Əlbəttə, hər bir əsgər general olmağı düşünmürsə, yaxşı əsgər ola bilməz. Əgər qismət olarsa, mən də  direktor olmaq istəyərəm.  Amma onu da səmimi deyim və vurğulayım ki, gərgin iş günündən sonra bir bənd şeir deməyim, yorğunluğumu tam çıxardır .

 

-Hansı şeirlər sizin ürəyinizcədir? Yəni şeirləri özünün seçirsiniz  ya sizə təklif edirlər?

 

-Secdiyim seirlər də olur, təkliflər də çox olur.  Həmin təklif olunan şeirlərin bəzilərini  söyləmək istəməyəndə buna görə məndən inciyənlər də olur. Yenə dediyim kimi, şeirin musiqisini mən duymaliyam. Şeiri oxuyan zaman o notlar beynimdə səs salmalıdır. Ən çox əski Azərbaycan dilimizdə olan sözlərin seiriyyata gətirilməsini istəyirəm. İstəyirəm o qədim  sözlərimiz yaşasın. Bir də görürsən öz hiss duyğularımızı ifadə etməyə  söz tapmırıq. Ona görə ki, əski Azərbaycan sözlərini bilmirik. Halbuki hiss, duyğularımızı ifadə edən o qədər gözəl sözlərimiz, məsəllərimiz  varki.

Bədii qiraət sənəti ilə məşğul olanlar, həm də bu işi hökmən gorməlir. Sovetlərin dövründə dilimizi çox da qoruya bilməmişik. Çoxlu rus və başqa əcnəbi sözlər dilimizdə özünə pasport  alıb.  Həmin sözləri dilimizə gətirməkdənsə dilçilərimiz o sözlərin dilimizdə olan keçmiş  vriantlarını, əsgi əlifbamızda olanını  tapmalı idilər. Dünya xalqları məhz belə edib, öz dillərini qoruyurlar. Biz də müstəqillik dövrümüzdə hökmən dilimizə sahib çıxmalıyıq.

Bax, elə sözümün bu yerində bir maraqlı sözü demək istəyirəm. Bizdə bəzən kimisə təhqir etmək üçün belə bir cümlə deyirlər: “Anqurt və ya anqut  kimi nə baxırsan?” Bu cümləni deyən adam “anqurt” ( “anqut”)  sözünün mənasını bilmədiyinə görə belə deyir. Həmin adamlara demək istəyirəm ki, anqurt ördəklər cinsindən olan bir quşdur. Özü də çox bərli-bəzəklidir. Onlarda erkək və dişi bir-birinə dəhşətli dərəcədə bağlıdır. Əgər erkək və ya dişi ölürsə, o biri bütün günü onun yanında keşik çəkir, daha doğrusu başını ölənin üstünə qoyur, həsrətli, qəmli gözlərilə ona baxır, heç nə yemir və eləcə o biri cütünün yanında ölür...

Görürsüz necə maraqlıdır? Bax, bu sözü dilçilərimiz xalqımıza deməli və başa salmalıdır. Mən belə çoxlu məsələlər deyə bilərəm.

 

- Bu gün bədii qiraətlə məşğul olan aktyorlarımız, aktrisalarımız çox azdır. Çünki bu sahə çox çətindir. Bu, bir aktyorun teatrı deməkdir. Tamaşaçı ilə tək, üz-üzə qalmaq böyük məharət, böyük peşəkarlıq  tələb eləyir. Siz peşəkar aktrisa olmasanız da, amma bu, sizdə yaxşı alınır. Bədii qiraətçi kimi gələcəkdə hansı işləri görməyi planlaşdırırsız?

 

-Gələcək planlarım  çoxdur. Səsləndirilməsi çox mətnlər var. Bunlar həm Azərbaycan, həm dünya klassik və müasir şairlərinin şeirləridir. İstəyirəm bu şeirlərdən ibarət bir saat yarımlıq bir tamaşa hazırlayım və tamaşaçılara göstərim. Bu tamaşa video lentə  çəkilsin və gələcək nəsillərçün qalsın. Son zamanlar qəzəl janrında da özumu sınamaq istəyirəm. Məncə də pis alınmayacaq. Gələcəkdə televiziya kanallarının birində sözümuzə, sazimiza, dilimizə xidmət edən bir verilişimin  olmasını çox istərdim. Axı bizim dilimiz çox melodik dildir. Mən belə fikirləşirəm ki, hər bir azərbaycanlı ən azından on-on beş şeir bilməlidir. Yeri gələndə ya özü üçün, ya da başqaları üçün onları deməlidir. Axı şeir, ruhun qidasıdır. Dünya tibb elmində insanları musiqi ilə, sözlə də sağaldırlar. Söz, Böyük Tanrının insanlara verdiyi ən böyük müqəddəs  varlıqdır desəm yanılmaram. Amma baxır insan həmin sözü hansı məqsədlə deyir. Atalarımız da deyib ki, “ söz var qanlar yatırar, söz də var, müharibələr gətirər”.

Mən bir məsələni də vurğulamaq istəyirəm. Dilimizi yaşatmaq, gənc nəsillərə ötürmək həm də bədii  qiraət  sənətinin üzərinə düşür

Bu mənada da  əski Azərbaycan sözləri işlənən şeirlərə daha çox müraciət edirəm.

O qədər gözəl sözlərimiz var ki... Əfsu ki, biz onları yaddan çıxartmışıq.

Məsələn avazımaq sozu- özləmi, həsrəti ifadə edir.

Ayrılığa dözə bilməməyin əski dilimizdə ifadəsi  “albal olmaq”dır...

Özləmin pik həddi - ejələnməkdir ...

Bu siyahını çox artırmaq olar. Amma ən əsası odur ki, dilçilərimiz dilimizdə olan qədim sözləri ortaya çıxarıb, onları təbliğ etməlidirlər. Bax, onda dilimiz daha da zənginləşər. Axı hər bir millətin üç müqəddəs sözü var:  “Ana, Vətən, Dil”. Hansı millət bu üç müqəddəs sözləri qoruya bilirsə, həmin millət bütün millətlər tərəfindən də sevilir. Adi bir misal deyim.  Latın milləti artıq Yer üzündən silinib. Amma latın qrafikası və sözləri yaşayır. Və dünyanın çoxlu millətləri bu qrafikadan və sözlərdən istifadə eləyir. Hətta tibb elmində bu qrafika və sözlər daha çoxdur. Görün o millət öz qrafikasını və sözlərini necə möhtəşəm yaradıb ki, bu gün də istifadə olunur. Ona görə də mən istərdim ki, millətimizin çoxlu sözləri beynəlxalq status alsın və başqa millətlər də bizim sözlərdən istifadə eləsin. Bu müqəddəs işdə ilk öncə dilçilərimizdən, müəllimlərimizdən,  siyasətçilərimizdən, aktyorlarımızdan, bədii qiraətçilərimizdən çox şey asılıdır. Əlbəttə, televiziyalarımız, radiolarımız  və mətbuatımız da bu sahədə çox işlər görməlidir. Bunu özlərinin müqəddəs vəzifəsi bilməlidirlər. Bu sahələrdə çalışanlar Azərbaycan sözlərini elə  şirin deyə bilər ki, başqa millətlərdə bu sözlərə qarşı  sevgi yarana bilərlər.

Böyük sərkərdəmiz, şairimiz Şah İsmayıl Xətainin vaxtında Azərbaycanın iki milyon səkkiz yüz min kvadrat kilometr torpaqları olub. Bir ucu Hindistanda, bir ucu Orta Asiyada, bir ucu Rusiyada, bir ucu Ərəbistanda. Ermənilərin indi yerləşdiyi torpaqlar və Gürcüstanın da böyük hissəsi bizim torpaqlar olub. Həmin vaxtı Azərbaycan dili həmin yerlərdə, ölkələrdə  yayılıb. Bu gün də Qafqaz ölklərində, İranda, yəni farsalar yaşayan bölgələrdə,  Əfqanıstanda, Pakistanda, Hindistanda və başqa ölklərdə çoxlu  Azərbaycan sözləri işlədilir. Bu, əlbəttə, bizim üçün fəxarətdir.

Məşhur filosof Humboldt deyib ki, “Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir”. 

Gəlin bir millət olaraq, biz də dilimizi qoruyaq ki, ruhumuzu da qoruya bilək.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

 

Çərşənbə, 23 Aprel 2025 15:04

ABİDƏLƏRİMİZ – Şuşa qəsrləri

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi.  XVI – XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (məsələn Təbrizdə olduğu kimi) adlandırılırdı.

 

Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır. Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün "geniş binalar və hündür saraylar" inşa edilmişdi.

Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün "geniş binalar və hündür saraylar" inşa edilmişdi.

Şuşa qalasındakı qəsrlərin özünəməxsus memarlıq xüsusiyyətləri qədim dövrlərdən səyyahlar və şəhər qonaqlarının diqqətini cəlb etmişdir. Məsələn XIX əsrin ortalarında "Qafqaz" (rus. Кавказ) qəzetində yazılır: "Şəhərdəki müxtəlif evlər və yaşayış binaları arasında xan ailəsi üzvlərinin yaşadığı qəsrlər o dəqiqə diqqət çəkir: onlar özünəməxsus xarakterə malikdirlər. Onları künclərində dairəvi qüllələr olan hündür divarlar əhatə edir."

Tarixi bilinməyən baş plana əsasən müəyyən edilmişdir ki, demək olar ki, bütün Şuşa qəsrləri oxşar konfiqurasiyaya malik olmuşdur: planda düzbucaqlı formaya malik olmaqla, onların dörd küncündə müdafiə qüllələri yerləşdirilmişdi. Daxildən bu divarlara bitişik şəkildə qəsr sakinlərinə xidmət edənlərin yaşaması üçün saray tipli binalar inşa edilirdi. Şuşa qəsrlərinin həcm-məkan və plan formalaşmasının həllinə Şahbulaq qalasının memarlıq xüsusiyyətləri təsir göstərmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

 

 

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, Ə.Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə Poeziya Evində AYB üzvü, şair Kəramət Əmirlinin 65 illik yubileyi və yenicə çapdan çıxmış "Yalan bilib  yanacağam doğruya" adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

 

Öncə Vətən torpaqlarının bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman oğullarımızın xatirəsi yad edilib.

Poeziya Evinin direktoru İbrahim ilyaslı qonaqları salamlayıb. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin şairin yaradıcılıq məziyyətləri haqqında məlumat verib.

Tədbirdə qələm adamları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edən ziyalılar- Rafiq Yusifoğlu, Rafiq Oday, Fazil Abbasquluzadə, Asif Asiman, Sübhan Quliyev, Namiq Dəlidağlı, Xəqani Abbasəli, Almaz Ərgünəş Bəyazid, Əli Niyazbəyli, Nəriman Nərimanlı və başqaları yublyarı təbrik edərək, ona ürək sözlərini çatdırıblar.

Tədbir boyu şairin şeirləri və sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

Ailə üzvləri adından yubilyarın həyat yoldaşı və bacıları təşkilatçılara və iştirakçılara minnətdarlıqlarını bildiriblər.

Sonda Kəramət Əmirli yeni şeirlərini oxuyub.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

  

Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.

 

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin həyata keçirdiyi "Oğuzun tanınmış simaları" layihəsi (layihə rəhbəri M.Bəkirovadır) çərçivəsində MKS-nin 24 nömrəli filialı ilə birlikdə 23 Aprel Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə rayonun qədim və ən böyük kəndi olan Xaçmaz kəndində həmin kəndin  yetirməsi şairə Sədaqət Oğuzlu ilə "Qələmi ilə ürəkləri fəth edən şairə" adlı görüş keçirilib.

Görüşdə kitabxana, klub, mədəniyyət işçiləri, məktəblilər və  fəal oxucular iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxanaçı tərəfindən əvvəlcə 23 Aprel Dünya Kitab və Müəlliflik Hüqüqu Gününə aid informasiya verilib, sonra şairə Sədaqət Oğuzlunun həyat və yaradıcılığı haqqında geniş təqdimat edilmişdir.

Qeyd olunmuşdur ki, Sədaqət Oğuzlu 6 kitabın müəllifidir. Onun yaradıcılığında Vətənə məhəbbət, vətənpərvərlik, şəhidlərə, qazilərə həsr etdiyi şeirlər, sevgi, məhəbbət mövzusu öz əksini tapıb. Kitabxana, klub, mədəniyyət işçiləri və oxucular şairənin yaradıcılığından danışmış, şeirlərinin axıcı, rəngarəng olmasından söz açmışlar.  

Görüşdə çıxış edən Sədaqət Oğuzlu yaradıcılığa necə gəlməsindən, keçdiyi ömür yolundan və yaradıcılığından danışıb. "Azərbaycan igidləri" şeirini oxuyub.

Tədbir S.Oğuzlunun şeirlərinin səsləndirilməsi ilə başa çatıb. Sonda şairəyə can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulanıb.

                                                                                           \

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.       

 

Robin Şarmanın uğura yönəldən 30 kəlamı

 

İndi isə digər vədimə əməl edərək Robin Şarmanın kitablarından bəyənib seçdiyim bəzi fikirləri əziz oxucularıma təqdim etmək istəyirəm.

Robin Şarmanı həmkarlarından fərqləndirən əsas cəhətləri hansılardır? İlk öncə, onun klassik fəlsəfənin taftalogiya şəkli almış aforizmlərindən xeyli uzaqda dayanaraq müasir, 3-cü minillik fəlsəfəsini yaratmaq istəməsi cəhdi.

Robin Şarma yazır:

1.     Ağıl – gözəl qulluqçu, ancaq bərbad ağadır.

2.     Bizim ömrümüzdə istənilən insan o zaman peyda olur ki, biz onun özüylə gətirəcəyi dərsə böyük ehtiyac duyuruq.

3.     Heç vaxt şikayətlənməyin. Qoy sizi müsbət, güclü, enerjili, entuziazmla dolu şəxsiyyət kimi tanısınlar. Şikayət edən hər şeydə neqativ axtarandır. Beləsi təmasda olduğu insanları qorxudur və çox az halda uğur qazana bilir.

4.     Psixoloji nöqteyi nəzərdən hər şey iki dəfə yaranır: öncə fikirdə, sonra realda. Çalışın, müsbət şeylərə konsentrə olasınız. Mənəvi olaraq möhkəm olun ki, heç nə sizi uğura gedən yoldan döndərə bilməsin.

5.     Kütlənin ardınca getməyə tələsməyin. Ola bilər, bu, dəfn mərasiminə yollanan kütlə olsun.

6.     Nə istədiyinizi təsəvvürünüzə gətirin və möhkəmcə onun baş verəcəyinə inanın. O, mütləq baş verəcək!

7.     İnsanlar onlarda xoş əhval-ruhiyyə yaradan insanlarla iş görməyi xoşlayırlar. Çünki, insan – emossional varlıqdır. Biz, həmişə bizə xoşbəxtlik duyğusu bəxş edən insanlarla bir yerdə olmaq istəyirik.

8.     Hər günün yeniliklərindən həzz duy və düşün ki, bu gün sənin sahib olduğun yeganə şey məhz bu günündür.

9.     Ən varlı adam hamıdan çox varidatı olan adam yox, ən az ehtiyacı olan adamdır.

10.Səndən arxada olan şey də səndən öndə olan şey də, sənin içində olan şeylə müqayisədə heç nədir.

Davamı ilə sabah tanış olacaqsınız.

 

“Ədəbiyyat və incəsənət”

 

(23.04.2025)

 

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

"Dünyada nə qədər kitab var belə

Çalışıb əlləşib gətirdim ələ

Oxudum, oxudum, sonra da vardım

Hər gizli xəznədən bir dürr çıxardım."

                                  (Nizami Gəncəvi) 

23 aprel bütün dünyada "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" kimi qeyd edilir.

Kitablara və müəlliflərə dünya miqyasında ehtiramın göstəricisi olan bu gün 1995-ci ildə UNESCO tərəfindən təsis edilib.

Bu gün üçün 23 aprel tarixinin seçilməsi də təsadüfi deyil. Dünya ədəbiyyatı üçün 23 aprelin xüsusi bir anlamı var.

Belə ki, 23 aprel 1616-cı ildə dünya ədəbiyyatının ən tanınmış simalarından olan ingilis şairi və dramaturqu Uilyam Şekspir, ispan yazıçısı Migel de Servantes və Peru yazıçısı İnka Qarsilaso de la Veqa vəfat edib. Və bu əlamətdar gün onların xatirəsinə ehtiram olaraq təsis edilib.

Ölkəmizdə isə "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" 1997-ci ildən etibarən qeyd edilir.

Keçmiş və gələcək nəsillər arasındakı əlaqə və mədəniyyət körpüsü rolunu icra edən kitablar dünyanın heç vaxt tükənməyəcək olan ən dəyərli xəzinələrindən biridir.

İndi isə gəlin bir qədər dahilərin kitablar haqqında söylədikləri dəyərli fikirlərə nəzər salaq.

 

"Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdirlər."

(Smayls )

 

"Ən yaxşı kitab sənin qəlbini vərəqləyən kitabdır."

(Əbu Turxan) 

 

"Kitab bir limandı mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim.." 

(Cemil Meriç) 

 

"Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı dünya və insanlıq sevgisiylə dolduracaq"

(M. Qorki) 

 

"Tanrım, mənə kitabla dolu bir ev, çiçəklə dolu bir bağça ver."

(Konfutsi) 

 

"Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır."

(Qasım bəy Zakir) 

 

"Oxumaq yaxşıdır! Məncə həm oxuyun, həm də oxumağı sevdirməyə çalışın. Hirslənmədən, qırmadan. Bəlkə də sadəcə əlinizə bir kitab alıb oxuyaraq.."

(Fazilet Seyitoğlu) 

 

"Qəpiklər manat əmələ gətirdiyi kimi, oxumaq da bilik əmələ gətirir."

( V.L.Dal) 

 

"İdmanın bədənə göstərdiyi təsiri kitab beyinə göstərir."

(E. Hant) 

 

"Mütaliə insanları bilikli, söhbətcil və hazırcavab edir."

( Frensis Bekon  ) 

 

"Kitab heç aldatmayan bir yoldaşdır."

(Guilbert De Pixrecourt ) 

 

"Hər kitab özü bir xəzinə olmaqla yanaşı, həm də neçə-neçə başqa xəzinələrə açardır.."

(Əbu Turxan) 

 

"Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır."

( A.M.Upit)  

 

"Yaxşı kitab çox qiymətli xəzinədir. "

(Həsən bəy Zərdabi) 

 

"Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, – kitab al!"

 (Tur Xander) 

 

"Ordu torpaqları, kitab könülləri fəth edir." 

(Əbu Turxan) 

 

"Kitablardan başını qaldırma, balaca. Dünya pis bir yerdi."

(Hikmet  Anıl Öztekin) 

 

"Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır."

(Seneka)

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

 

 

       

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Bu günlərdə təsadüfən bədnam ermənilərə məxsus olan sosial şəbəkələrin birində (Vartaşen erməni tarixi yaşayış məntəqələri. Hakobi Şen (Yaqublu)),   mənim doğma kəndimin – Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndinin adının vaxtı ilə “Hakobi Şen” olduğu, kəndin tarixi, əhalisi və s. barədə  gülməli, həm də əsassız iddia və çərənnəmələrlə rastlaşdım.  

Yekə danışmaq kimi olmasın, bu yazını onlara cavab kimi qələmə almışam. Çox istərdim ki, cavabı tarixçi yazsın. Amma müraciət etdiklərimdən səs çıxmadı. Ona görə, bir türk filmində deyildiyi kimi, “iş başa düşdü”, yəni özüm yazası oldum. Varını verən utanmaz deyiblər. Qoy hansı səviyyədə yazdığıma oxucular qiymət versin.

Cavab üçün şərait və imkan yaratdığına görə “Ədəbiyyat və incəsənət” portalına bəri başdan təşəkkür edirəm. 

 

Hayların hədyanları ilə tanış olandan sonra yadıma universitetdə oxuduğum illərdə hörmətli müəllimim M.Həkimovun doğru danışmayan tələbələrə dediyi “gözünün içinə kimi yalan danışırsan” ifadəsi düşdü. Mən də həmin ifadəni eyni ilə haylara ünvanlayaraq deyirəm ki, gözünüzün içinə kimi yalan deyirsiniz.

Ey yanlar, adına yazılı mənbələrdə, hələlik, Quba rayonunun Xınalıq kəndində anadan olmuş, XIV-XV əsrlərdə yaşamış tarixçi Mahmud Xınaluqinin “XIV-XV əsrlərdə Dağıstan və Şirvan hadisələri” adlı əlyazmasında rast gəldiyimiz bu kənd  sizin  gopa basdığınız kimi heç də “...orta əsrlərdən etibarən qəzanın (əyalətin) böyük və çiçəklənən erməni yaşayış məntəqələrindən biri”, “hələ XV əsrdə Hakobi Şen (Yaqublu) kəndi çoxlu ermənilərin yaşadığı yaşayış məntəqəsi”, “Şərqi Zaqafqaziyanın erməni məşhur yaşayış məntəqələrindən biri” və “1918-ci ilə qədər erməni kəndi “ olmayıb.

Əvvələn, “hələ XV əsrdə” dediyiniz həmin əsrdə yazılmış və yuxarıda da adını qeyd etdiyimiz əlyazmada kəndin adı rusca “Йакублу” (azərbaycanca “Yaqublu”) formasında verilmişdir, “Hakobi Şen” kimi yox. Hakobi Şen”ninizlə bağlı konkret tarixi mənbə də yoxdur, göstərə də bilmirsiniz. Deməli, sizin “Hakobi Şen” özünüzün uydurmasından savayı bir şey deyil. Heç oradakı “şen”lik də sizlik deyil. Qədim türk sözü olub əcdadla bağlı məkan, yer, yurd, ad anlamındadır (Soyqrim1694067637.pdf, səh:282). Bilin ki, “Yaqublu” toponimi qədim türk dillərindəki “şahzadə” və “başçı” mənalarında işlənən arxaik “yabğu”(“yağbu”) və ya “Kitabi-Dədə Qorqud”dan da bizə tanış olan “yavuq” və “yavuqlu” (yaxın, yaxınlıq) sözləri əsasında formalaşıb. Bu, alimlər tərəfindən çoxdan sübut edilmişdir. Antrotoponim (məsələn, Qərbi Azərbaycandakı Şadmanlı, Kosalı, Oğuz-türkmən və avşar tayfalarının bir qolu olan “yaqublular” və s.) əsasında əmələ gəldiyi açıq-aşkar görünür. “Yaqub nəslinə məxsus, Yaqub nəslindən, tirə, qol, boy, oymaq və tayfasından olanlar” anlamındadır. Bu adda toponimlər indiki Azərbaycan Respublikasında, Qərbi və Cənubi Azərbaycanda, eləcə də Gürcüstanda onlarla olub, bəziləri indi də var. Və hamısında uzaq keçmişdə də, indi də azərbaycanlılar yaşayıb və yaşayır. Qərbi Azərbaycandakı Yaqublu kəndlərini isə siz ya tarixdən silmiş, ya da oraları erməni ilə doldurub adını dəyişdirmisiniz.  

(https://westaz.org/storage/postFile/Qerbi_Azerbaycanin_turk_mensheli_toponimleri_12-09-2023_15-11-25.pdf , səh: 168)

M.Xınaluqinin əlyazmasında, rayondakı Calut monastrının tarixindən bəhs edən mənbədə, 1701-ci ilə aid erməni kilsə arxivində saxlanılan və Səfəvi Şahı Sultan Hüseynə ünvanlanmış müraciətdə, 1819-cu ilə aid olan “Şəki vilayətinin təsviri” adlı mənbədə, M.Barxudaryantsın 1893-cü ildə yazdığı kitabda,Vartaşen məktəbinin keçmiş müdiri udi M.Bejanovun 1896-cı ildə və Qafqaz Statistika Komitəsinin əməkdaşı D.D.Paqirevin 1914-cü ildə Tiflisdə çap etdirdikləri əsərlərində, ruslar tərəfindən aparılmış bütün kameral təsvirlərə aid sənədlərdə də kəndin adının Yaqublu (“Hakobi Şen” yox) olduğunu görürük.

Toponiminin tərkibindəki türk mənşəli “Yaqub”un, yəhudi və ya udi adı olan Yakovun (İakovun) ərəb forması “Yaqub”la fonetik tərkibcə eyni olması bir təsadüf və zahiri bənzərlikdir. Ermənicə (“Hakobi Şen”) olmasının iddia edilməsi isə sadəcə gülüncdür.

Həm də o, necə “çoxlu ermənilərin yaşadığı yaşayış məntəqəsi” olub ki, çar hökuməti tərəfindən üç əsrdən sonra aparılmış kameral təsvirlərdən belə məlum olur ki, 1824-cü ildə burada 13 həyətdə 42 nəfər kişi, 29 nəfər qadın olmaqla cəmi 71 nəfər yaşayıb. (Z.Ə.Cavadova: “Şimal-şərqi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası”, “Altay”, Bakı-2002, səh:52). Bəs hanı sizin “çoxlu ermənilər”? Artmaq əvəzinə azalıblar?! Bəlkə, uçub gediblər?! Yox, getməyiblər, çünki onlar heç gəlib bura qonmamışdılar. O vaxta kimi kənddə azərbaycanlı (türk), ləzgi və udilər yaşayıblar. XIX əsrdə burda məscid binasının olması, 1825-ci ildə bu kənddə Əsgər Salami adlı şairin anadan olduğu və Azərbaycan dilində yazıb-yaratdığı da məlumdur

(Bax:https://www.edebiyyatveincesenet.az/ru/life/item/18708-khikh-aesrdae-yasham-sh-bir-shair-aeszhaer-salami-hagginda-ipudzu).
Kameral təsvir göstərir ki, Yaqublunun yaxınlığında həmin kəndin icmasına daxil olan və cəmi 16 nəfər azərbaycanlının yaşadığı “Duruca” adlı kiçik bir yaşayış məntəqəsi də olub. Mənbələr sübut edir ki, XVIII əsrdə kənd həm də qışlaq yeri olub. Aydın məsələdir ki, qışlaq yeri kimi buradan istifadə edənlər elatlar və ləzgilər idi. Erməni hara, yaylaq-qışlaq hara?! (Bax: İ.Verdiyev: “Yaqublu kəndi və onun məktəbi”, Mingəçevir-2022, səh: 45).

Alban-udi Xristian İsmasının sədri R.Mobili “Dədə Qorqud Milli Fondu –Azərbaycan Dünyası” jurnalının 18 iyul 2018-ci il tarixli sayında dərc etdirdiyi “Qafqaz Albaniyasının müstəqil apostol kilsəsinin birbaşa dini varisi –alban-udi xristian icması” adlı məqaləsində göstərir ki, XX əsrin əvvəllərinədək Oğuzun (Vartaşenin) digər kəndləri ilə yanaşı, Yaqublu kəndində də udilər kompakt şəkildə yaşamışlar. Tarix də göstərir ki, həmin dövrlərdə kənddə mənşəcə udu olan Nerses Bəynəzər adlı keşiş də yaşamışdır, o hətta erməni kilsəsindən ayrılmaq barədə ərizəyə imza da atmışdır.

(https://www.facebook.com/oghuzhistoricial/).

Tiflisdə dərc olunmuş “Nor-Dar” qəzetinin 07 sentyabr 1887-ci il tarixli 151-ci sayında kəndin adı “Yaqublu” kimi qeyd edilməklə, udi S.Silikovun mülki olduğu göstərilmişdir. (Bax: Q.Cavadov və R.Hüseynov: “Udilər”, Elm, Bakı-1999, səh:96). Siz daşnakların 1918-ci ildə öz doğma kəndlərindən –Yaqubludan didərgin saldığınız udilərin nəvə-nəticələrinin bir qismi (dallarilər) indi də Qəbələ rayonundakı Nic qəsəbəsinin Dəlləkli məhəlləsində yaşayırlar və yeri düşdükcə hələ də sizlərə ləhnət oxuyurlar (Yaqublu_kendi_ve_onun_mektebi (4).pdf . səh:36).

Sizin Yaqublunun “1918-ci ilə qədər bu erməni kəndi olub”  sərsəmləmənizi rus ordusunda xidmət edən, Şirvana gedərkən rayonun Zərrab kəndindən də (həmçinin Zərrabın şərqində, ondan 4-5 km. aralı olan, Şirvan istiqamətindəki Yaqubludan) keçən ispan general Xuan Van Haleni Sartinin xatirələri də təkzib edir. Belə ki, o, 1820-ci ildə burdan keçərkən qeyd edir ki, ermənilər bu ərazilərə yeni köçürülüb, sənaye və ticarətlə məşğul olurlar. (Dos años en Rusia: obra redactada a la vista de las memorias y manuscritos ... - Agustín Mendía - Google Kitaplar) və ya (https://cavid.info/ispan-general-xuan-van-halenin-az%c9%99rbaycana-s%c9%99f%c9%99ri/)

Bu təkzibi mümkün olmayan tarixi faktdır.

Özünüz də yaxşı bilirsiniz ki, siz ermənilərin bura köçürülməsi XIX əsrin əvvəllərindən başlanmışdır. Rus tədqiqatçısı N.İ.Şavrov yazırdı ki, “Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyonu yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb”. (N.İ.Şavrov: "Zaqafqaziyada rus işinə yeni təhlükə: Muğanın yadellilərə satışının gözlənilməsi". SPB. 1911, səh: 59). XIX əsrin sonlarında kənddə əhali sayının 1000 nəfəri ötməsi də təbii artım nəticəsində deyil, məhz həmin köçürmənin hesabına olmuşdur. Öz mənbələrinizdə də qeyd etdiyiniz kimi, gəlmə ermənilərin içərisində Dağlıq Qarabağdan köçürülənlər də çox olmuşdur. Yazdığınız “Həmin əsrin (XIX əsrin) sonunda əhali (kənd – İ.V.) Artsax köçkünləri hesabına dolduruldu” cümləsi də bunu sübut edir. (Bax: Vartaşen erməni tarixi yaşayış məntəqələri. Hakobi Şen (Yaqublu). Beləliklə, “...orta əsrlərdən etibarən qəzanın (əyalətin) böyük və çiçəklənən erməni yaşayış məntəqələrindən biri” ifadəsində “orta əsrlərdən” sözlərini kənara ataq. (Çünki yuxarıda da qeyd etdiyimiz kimi, yalandır, “orta əsrlərdə” burada hay olmayıb.)  

 “...Çiçəklənən erməni yaşayış məntəqələrindən biri” məsələsinə gələndə isə, deyə bilərik ki, siz ermənilər gələndən sonra bura “çiçəklənən erməni yaşayış məntəqəsi” yox, fitnə-fəsad yuvasına çevrilmişdi. Tarixi faktlar göstərir ki, sizlərin əraziyə köçürülməsi başlayandan az sonra ermənilər yerli xalqların nümayəndələrinə - azərbaycanlılara, ləzgilərə, udilərə, onların məscid və kilsələrinə qarşı təcavüzə başlamışdılar

 (https://fgurgia.ru/object/3759837) və ya (https://www.facebook. com/profile/100063458799948/search/?q=Cana%C5%9Fvili).

 Tezliklə etnik udilərin kilsələrində hökmranlığı ələ almışdılar. Ermənilər yerli əhalini evlərindən çıxarır, onlara məxsus olan əmlakı mənimsəyir, talançılıq edir, camaatı soyur və incidirdilər. Nəticədə azərbaycanlılar, ləzgi və udilər tədricən, həm də məcburən kəndi tərk etməyə başlamışdılar. Məhz bunun nəticəsində XIX əsrin sonlarına doğru aparılmış kamerial təsvirlərdə ermənilərin kənddə sayca çoxluq təşkil etdikləri qeydə alınmışdır. Məsələn, 1886-cı ildə aparılmış kameral təsvirdən də göründüyü kimi, XIX əsrin sonlarında Yaqublu kəndində Azərbaycan, ləzgi və udi xalqlarının nümayəndələrindən cəmi 10-15 nəfər qalmışdı. 

Siz ermənilərin qeyri millətlərin nümayəndələrinə qarşı təcavüzləriniz isə bitib tükənmək bilmirdi. Həmin dövrlərdə Vartaşen qarnizonunun (baş qərargahı Nuxanın Qayabaşı kəndində yerləşirdi) zabitlərindən Ter Qriqoryants (mənbələrdə onun üzdəniraq S.Şaumyanın qohumu olduğu göstərilir) adlı bir daşnak baş qaldırmışdı. Qayabaşıdakı baş qərargahla sıx əlaqə saxlayan Ter Qriqoryants  erməni kəndlərini, o cümlədən Yaqublunu gəzərək əhalini silahlanmağa və alaylar təşkil etməyə çağırırdı. Kənddəki ermənilər Qayabaşıdakı qərargahla, Oğuzdakı qarnizonla sıx əlaqə saxlayır, onlara hər cür maddi-mənəvi köməklik edir, silahlanır və aldıqları əmrləri yerinə yetirirdilər

(https://www.lib.az/users/1/upload/files/60.pdf , səh:98).

 1918-ci ilin yazında çox yerdə olduğu kimi, Yaqubludakı erməni silahlı dəstələri də müsəlman xalqların nümayəndələrinə qarşı qırğınlara başlamışdılar. Onlar adətən səhərə yaxın, hava tam açılmamış müsəlman kəndlərinə silahlı hücumlar edir, qətl və qarətlər törədir, hava işıqlanan kimi çəkilib gedirdilər. Amma yalandan Bakıya və Tiflisə müsəlmanların təzyiq və təqiblərinə məruz qalmaları barədə məktublar göndərir, riyakarlıqla “imdad” diləyirdilər. Ermənilərlə, onların rəhbərləri ilə aparılan söhbətlər, qaçqınların yerləşdirilməsi və kəndlərin qarşılıqlı dəyişdirilməsi barədə edilmiş təkliflər, köməkliklər, güzəştlər və xəbərdarlıqlar da heç bir nəticə vermirdi. Erməni mənbələrində də (“Proqrammı armyan v Bakinskoy i Elizavetpolskoy qubernie” sənədlər və materiallar məcmuəsi) qeyd edildiyi kimi, 3 may 1918-ci il tarixdə Padar və Yaqublu kəndləri arasında neytral zonada Zaqafqaziya müftisi Mustafa Əfəndizadənin; Nuxa və Ərəş qəzalarının rəhbər şəxslərinin, 32 kəndin rəsmi nümayəndələrinin (müsəlman və ermənilərin) iştirakı ilə keçirilmiş geniş sülh konfransında kəndlərin qarşılıqlı dəyişdirilməsi, ədavətə son qoyulması və dinc-yanaşı yaşamaq barədə razılıq əldə olunsa da, sonralar erməni daşnakları tərəfindən bu razılaşmalar pozulmuşdu. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın qaçqın düşmüş ermənilərin ərazidəki müxtəlif kəndlərə, o cümlədən Yaqubluya yerləşdirilməsi təklifi də erməniləri qane etməmiş, onlar öz murdar əməllərini davam etdirmişdilər

  (https://www.lib.az/users/1/upload/files/60.pdf , səh:110).

1918-ci ildə Batum müqaviləsinə əsasən köməyə gəlmiş türk hərbi  qüvvələri yerli qüvvələrlə birlikdə miralay Süleymanovun komandanlığı altında qısa müddət ərzində Qayabaşıdakı terror yuvasına çevrilmiş erməni qərargahını ləğv edərək, 1918-ci ilin iyul ayının altısında oradan “8 vers” şimal-şərqdə yerləşən Yaqublu kəndini də erməni silahlılarından təmizləmişdi. Dinc sakinlərə kənddə qalıb yaşamaq təklif edilsə də, onlar bu təklifini qəbul etməmiş və öz istəkləri ilə buranı tərk etmişlər (https://www.lib.az/users/1/upload/files/60.pdf, səh:110,112). Ona görə sizin  mənbələrinizdəki “1918-ci il yayda bu kəndin və ətrafdakı digər kəndlərin erməni əhalisi türk-tatar qüvvələri tərəfindən qırğınlara məruz qalıb” ifadəsi tamamilə iftira, böhtan, yalançı vay-şüvən, N.N.Şavrovun da dediyi kimi erməni “hay-küyü”dür. Bu da sizin erməni xislətinə xas olan bir şeydir və təəccüblü deyil.

          Qaldı erməni mənbələrində qeyd edilən kilsələrə, bəli, Yaqubluda iki kilsə olub. Hətta birinin etnik mənşəcə udi olan H.Silikov tərəfindən tikildiyi də məlumdur (Yaqublu_kendi_ve_onun_mektebi (4).pdf. səh:28). Onu da xüsusi olaraq qeyd edək ki, faktlar kənddə məscid binasının da olduğunu göstərir. Daşnakların erməni kilsəsi hesab etdikləri kilsələr isə zorla qriqorianlaşdırılmış və Eçmədzin kilsəsinə tabe etdirilmiş udi kilsələri idi. Təsadüfi deyildir ki, etnoqraf və tarixçi İ.(M).Canaşvili 1903-cü ildə “Heretinin təsviri” adlı məqaləsində Vartaşendəki (Oğuzdakı) udi kilsələrinin erməniləşdirilməsindən bəhs edərkən yazırdı: “Ruslar Nuxa Xanlığını fəth etdikdə Paskeviç bu bölgədəki erməniləri gücləndirdi və keşişsiz qalan pravoslav xristianlar tədricən erməni dinini qəbul etməyə məcbur oldular. Amma əslində bu torpaqlarda heç vaxt erməni kilsələri olmamışdı”.           

 Şəxsən mən və həmyaşıdlarım 1970-1980-ci illərdə Vartaşendə (Oğuz şəhərində) və Qəbələ rayonunun Nic kəndində yaşayan udilərin xarabalığı qalmış, kəndin şimal hissəsində yerləşən (udi H.Silikovun tikdirdiyi) kilsə yerini ziyarətə gəlmələrinin və burda dini ayinlər keçirmələrinin canlı şahidləriyik. O vaxt yaşlı kənd sakinləri (M.Mehdiyev, Q.Abbasov, Ə.Abdullayev, Q.Rzayev və b.) onların çoxunu şəxsən tanıdıqlarını və hamısının da udi olduqlarını söyləyirdilər (Yaqublu_kendi_ve_onun_mektebi (4).pdf , səh:30 ).

Rayondakı Calut monastırında (həmin vaxt bu bura Eçmədzinin tabeliyini qəbul etməmişdi, avtokefal idi) katolikos taxtını tutmuş, Albaniya katolikosu olmuş Aristakesə gələndə isə bildiririk ki, o Yaqubluda anadan olub, lakin mənşə etibarı ilə erməni yox, udi idi. Yaqubluda dəfn olunub və qəbirüstü kitabəsini də Yaqublu qəbiristanlığında olub. Bu barədə M.Barxudaryantsın “Alban ölkəsi və qonşuları” kitabında da məlumat verilir. Ərazidən yeni tapılan mənbələr də onun udi olduğunu təsdiq edir. Aristakesi erməni hesab etmək isə erməni arsızlığından və saxtakarlığından başqa heç nə deyil.

Din ayrı qardaşlarımız qıpçaq türklərinin hesabına ölkə olan, qədim alban tayfalarından sayılan udilərin maddi-mənəvi dəyərlərinə sahiblənib özünüzə “qədim tarix” düzəldən, “udini erməni edən” (erməniləşdirən), hərədən bir şey çırpışdıran  siz haylardan bundan artıq nə gözləmək olar ki?! Vaxtı ilə rus yazıçı, tarixçisi və diplomatıA.S.Qriboyedov rus imperatoruna məktubunda yazırdı ki, “Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə il yaşayandan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır”

 (https://azerbaijan.az/related-information/106 ).

A.S.Qriboyedov nə qədər haqlı imiş ! 

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

 

 

 

Xaricdə hərbi təhsil almaq istəyənlər üçün Milli Müdafiə Universteti Açıq Qapı Günü keçirir! Azərbaycan Respublikasının kişi cinsli gənc vətəndaşlarının bundan yararlana bilər.

 

Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı  təhsil müəssisələrinin kursantları üçün yeni fürsətlər təqdim olunur. 

Yalnız, Milli Müdafiə Universiteti beynəlxalq hərbi təhsil əməkdaşlığı çərçivəsində, kursantların qəbul balı və şəxsi istəkləri nəzərə alınmaqla xarici ölkələrdə – Türkiyə, Almaniya, İtaliya, Koreya və Rusiyanın tanınmış hərbi ali təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsillərini davam etdirmək imkanı yaradır.

Heydər Əliyev adına Hərbi İnstituta qəbul I, II, III ixtisas qrupu, Hərbi Tibb Fakültəsinə isə IV ixtisasqrupu üzrə keçirilən imtahanlarda yüksək nəticə əldəetmiş Azərbaycan Respublikasının kişi cinslivətəndaşlarına müsabiqədə iştirak etmək imkanıyaradılır. 

Bu məqsədlə hərbi peşə seçiminə maraq göstərən vəburaxılış imtahanlarında yüksək nəticə göstərmişabituriyentlər və onların valideynləri üçün 26 aprel saat11:00-da Milli Müdafiə Universitetinin Heydər Əliyevadına Hərbi İnstitutunda xaricdə təhsillə bağlı “Açıqqapı” günü keçiriləcəkdir. 

Tədbir çərçivəsində iştirakçılara xaricdə təhsilimkanları və qəbul prosesi barədə ətraflı məlumatveriləcəkdir. Tədbirdə iştirak etmək üçün qeyd olunanlinkə daxil olaraq qeydiyyatdan keçməyiniz kifayətdir.

Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin “Çağrı mərkəzi” — *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  elektron poçt ünvanı fəaliyyət göstərir.

“Fəxr edəcəyin gələcəyi seç — sən də sıralarımıza qoşul!” – kampaniyanın çağırışıdır!

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

Çərşənbə, 23 Aprel 2025 12:35

BİZİM KİNO - “Alma almaya bənzər”

 

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Rejissor və aktyor Arif Babayevin 1975-ci ildə ekranlaşdırdığı "Alma almaya bənzər" filmi barədə danışacağam. Sovet dönəmində incəsənət nümunələrimizdə milli, dini elementlərin axtarışı çox adama yersiz görünür.

 

Çünki, təxminən 70 illik müddət ərzində bir neçə müstəvidə belə məqamlara qarşı hakimiyyət səviyyəsində ciddi mübarizə aparılıb; görk olaraq, 1930-cu illərdə müxtəlif ölkələrdə ziyalılar sürgün edilib, güllələnib və toplumlar vahid ideologiya altında birləşdirilib.

Daha sonra ədəbiyyatda, filmdə cücərmək istəyən milli, dini, əks-ideoloji istəklər də senzura vasitəsilə beşikdəcə boğulub.

Sovet “qılıncının iki tərəfi də kəsdiyi” bir dönəmdə – 1975-ci ildə çəkilmiş bir filmdə açıq-aşkar dini motivlər, Allaha, cənnətə, göndərmələr ilk baxışdan inandırıcı görünmür. Ən təəccüblüsü isə üstündən 40 il ötməsinə baxmayaraq bu gün də həmin filmin batini simasını üzə çıxaran bir fikir söylənməyib.

Söhbət 1975-ci ildə kinorejissor Arif Babayevin quruluş verdiyi, ssenarisi Alla Axudovaya məxsus “Alma almaya bənzər” filmindən gedir.

 

Əslində, bu film heç sovet Azərbaycanı filmləri silsiləsində öndə gedən filmlərdən də sayılmır. Çünki sovet adamı o qədər reallıqla çulğalanmışdı ki, onun qarşısına alternativ cərəyanlara aid ciddi sənət nümunəsi çıxsa belə, ona ağız büzüb keçirdi. Ortadoksal sovet tamaşaçısının ağız büzdüyü filmlərdən olub “Alma Almaya bənzər”.

Hər şey kəndin adı – Cənnətməkan və buradan çıxan alma ilə başlayır. Cənnət və alma əslində çox şeyi deyir.

“Ne kurit, ne sorit” lövhəsinin düz yanında oturub siqaret tüstülədən iki nəfər əslində cənnətin qadağasını pozan insan övladına işarədir. Özü də bu hadisə kənddə “duz-çörək Həsən” kimi tanınan şəxsin idarəsində.

Cənnətməkan kəndi və “duz çörək Həsən”…

Cənnətməkandan ayrılan sürücü Qurban və onunla yol yoldaşı olan Mədinə…

Titrlərdə qeyd olunur: “Duz çörək qurbanı”.

Filmin fabulası hər kəsə bəllidir; bu yazı SSRİ senzuraçılarının gözündən pərdə asmaq üçün düşünülən süjet xətti, yəni, filmin səthi mənası deyil, onun batini ifadəsi haqqındadır.

 

Cənnətməkandan ayrılan sürücüyə “duz çörək” Həsən deyir ki, “İki dənə almaya görə duz çörəyi tapdamayacaqsan ki”. Beləcə “bu dünyaya”, yəni rayona yola düşən sürücü özüylə bərabər almanı da gətirir. Alma da nə alma, tumsuz alma. (“İxlas” surəsində Allahın təsviri: “O, nə doğmuş, nə də doğulmuşdur”.)

Alma rayona çatan kimi bazarda hər şey ədalətlə həll olunmağa başlayır. Bazarın sahibi satıcılardan birindən soruşur: “Manat yarımlıq almanı niyə 50 qəpiyə satırsan?” Satıcı cavab verir: “Özüm də bilmirəm bu nə möcüzədir, manat yarım demək istəyirəm, ağzımdan 50 qəpik çıxır”.

Hansı ki, almanın real qiyməti bazarda 50 qəpik olmalıdır. Tumsuz alma bazara gələn kimi şişirdilmiş qiymət möcüzəli şəkildə əriyir.

Elə həmin satıcının 7 qızı var, arvadı 8-ci uşağın ağrısı ilə xəstəxanaya aparılır. Bəs görəsən, bu kişinin qızlarının sayı niyə 7-dir?

İlahi təsvvürlərdə Allah dünyanı 6 günə yaradıb, 7-ci gün boşluqdur. 8-ci gün isə əksər mədəniyyətlərdə yeni gün, yeni mərhələ kimi qəbul olunur. Hamilə qadın möcüzəvi almanı yedikdən sonra 8-ci uşağı oğlan doğulur.

 

Yoldaşının doğmasını gözləyən kişiləri göstərən kadrda, arxa fonda saat 8-dir, 9-a işləyib. Doğuşu gözləyən atalardan biri dillənir:

“- Bu haqq hesab uzun çəkir?”

8-ci uşağı doğulacaq kişi cavab verir:

“ - O daha bizdən asıllı deyil”.

Rejissor filmin birinci qatında onu deyir ki, yəni doğan qadındır, kişilərdən heç nə asılı deyil. Amma səhnənin alt qatında ciddi mesaj var:

“8-ci günün, yeniliyin doğuluşu insan iradəsindənkənardır”.

Filmdəki orta məktəb müəllimi (Aişə rolunda İnarə Quliyeva) ortodoksal sovet vətəndaşıdır – materialist təfəkkürlü, görmədiyinə inanmayan bir adam... Müəllim qaydalarla hər şeyin izahını verir. Ancaq toxumsuz alma bu izahı məhv edir. Yəni, hər şeyin qaydalarla tənzimlənmədiyini göstərir. Kərimovun yediyi almadan toxum çıxmadıqda, əvvəlcə müəllim əsəbiləşir, sonra heyrətlə əlavə edir:

“Toxumsuz almalar olduğunu eşitmişdim, amma gözümlə görməmişdim”.

Filmdə əsl həngamə möcüzəvi alma alimə təqdim ediləndə baş verir. Vasvası sovet aliminin timsalında materializmin bəsit nümayəndələri, elmdən kənarda heç bir şübhə saxlamayan insanlar ifşa olunur. Filmdə alim almanın toxumsuz olduğunun fərqinə belə varmır. Materializmin bariz nümayəndəsi kimi möcüzədən yan keçib almanın qurdu ilə maraqlanır:

“Qurdun başı nə rəngdə idi?”

Alim tumsuz almanı şirəçəkən aparata atıb suyunu çıxarır: “99 faiz şirə, bir faiz tullantı”. (“Əraf” surəsi, 180-cı ayə. «Allahın 100-dən bir əskik, yəni 99 adı var)

 

Bezdirici alimdən boğaza yığılan ixtiraçı Nadir baba (Hüseynağa Sadıqov) və Mehdi (Fazil Salayev) yenidən kəndə qayıdır. Yolda dincələn zaman Mehdi gileylənir: “Biri toxum istəyir, biri alma qurdu istəyir...

Biri sıxıb suyunu çıxarır. Bəs alma, alma heç kəsə lazım deyil?!” – deyib əllərini göyə açır. Növbəti planda buludlu səma, buludların arasında günəş görünür.

Filmin növbəti səhnələrində cənnətə qayıdış çox maraqlı simvol, kodlarla təqdim olunur.

Filmdə orijinallıqla təsvir olunan məqamlardan biri də cənnətdən ayrı düşən insan övladının ilk vətəninin xiffətini çəkməsi, xatirələrin həmişə reallıqdan daha gözəl olması, maraqlı dialoq üzərindəgöstərilməsidir. Məsələn, Cənnətməkanda Qurbanla Mədinə arasında belə dialoq olur:

“- Yaman çərənləyirsən ha!

- Niyə, ərə getməmişəm deyə səsimi də əlimdən alan deyilsiz ki?”

Amma sonradan Qurban bu dialoqu xatırlayarkən vulqar sözlər dialoqdan çıxır, ifadələr daha gözəl sözlərlə xatırlanır:

“- Çox danışırsan ha!

- Niyə danışmayım, elçi qabağına çıxmamışam ki, lal-dinməz oturum”.

Əslində, filmdəki adlara da diqqət etsək, çox şey aydın olur: Qurban, Aişə, Mehdi, Mədinə, Kərimov, Məmmədəli və s.

İlk kadrdan sona qədər partlamamış minaya bənzəyən bu filmin adı da Allah bilir nədən xəbər verir: Alma almaya bənzər...

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

13 -dən səhifə 2148

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.