İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin həyata keçirdiyi "Oğuzun tanınmış simaları" layihəsi (layihə rəhbəri M.Bəkirovadır) çərçivəsində MKS-nin 24 nömrəli filialı ilə birlikdə 23 Aprel Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə rayonun qədim və ən böyük kəndi olan Xaçmaz kəndində həmin kəndin yetirməsi şairə Sədaqət Oğuzlu ilə "Qələmi ilə ürəkləri fəth edən şairə" adlı görüş keçirilib.
Görüşdə kitabxana, klub, mədəniyyət işçiləri, məktəblilər və fəal oxucular iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxanaçı tərəfindən əvvəlcə 23 Aprel Dünya Kitab və Müəlliflik Hüqüqu Gününə aid informasiya verilib, sonra şairə Sədaqət Oğuzlunun həyat və yaradıcılığı haqqında geniş təqdimat edilmişdir.
Qeyd olunmuşdur ki, Sədaqət Oğuzlu 6 kitabın müəllifidir. Onun yaradıcılığında Vətənə məhəbbət, vətənpərvərlik, şəhidlərə, qazilərə həsr etdiyi şeirlər, sevgi, məhəbbət mövzusu öz əksini tapıb. Kitabxana, klub, mədəniyyət işçiləri və oxucular şairənin yaradıcılığından danışmış, şeirlərinin axıcı, rəngarəng olmasından söz açmışlar.
Görüşdə çıxış edən Sədaqət Oğuzlu yaradıcılığa necə gəlməsindən, keçdiyi ömür yolundan və yaradıcılığından danışıb. "Azərbaycan igidləri" şeirini oxuyub.
Tədbir S.Oğuzlunun şeirlərinin səsləndirilməsi ilə başa çatıb. Sonda şairəyə can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulanıb.
\
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)