Məlahətli səsi və maraqlı şeir söyləmək qabiliyyəti olan bədii qiraətçi – PORTRET CİZGİLƏRİ Featured

 

Ağalar İdrisoğlu, yazıçı, rejissor, jurnalist, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün

 

 “Ədəbiyyat və incəsənət” portalına tanınmış rəssam, dünyada cərrah bıçağı ilə ilk dəfə  rəsm əsərləri çəkən yeganə mütəxəssis, maraqlı şeirlərin müəllifi  Hüseyn Mürtəqevinin şeirlərini göndərdim və orada ön sözlər də yazmışdım. İlk öncə mənim ön sözüm və Hüseyn Mürtəqevinin şeirləri çox maraqla qarşılanmışdı. Onu da deyim ki, bu portalda zəif əsərlər çap edilmir. Mənim ön sözüm və Hüseyn müəllimin şeirlərinin  oxucular tərəfindən çox maraqla qarşılanması həm müəllifi, həm də məni sevindirmişdi. Axı yazıçı üçün  əsərlərini  oxucuların sevə-sevə oxumasından gözəl heç nə  yoxdur. Hüseyn Mürtəqevinin şeirləri içərisində bir maraqlı şeir də vardı...

 

 “Bir ovuc qumdu ömür”, adlanırdı. Bu şeir mənim daha çox xoşuma gəlmişdi. Çünki bu şeir və orada olan misralar çox orijinal idi. Oxuyanda adamı silkələyirdi və hər insan istəsə də-istəməsə də dönüb özünün keçmiş həyatına bir nəzər salmaq istəyir. İnsan həyatının bir ovuc qum olduğuna çox kədərlənir. Hətta redaksiyadan mənə demişdilər ki, oxucular Hüseyn müəllimin bütün şeirlərini bəyəndiklərini yazırlar, amma  “Bir ovuc qumdu ömür” şeiri haqqında daha çox xoş sözlər yazırlar.

Şeirlər çap olunan günü artıq bu şeirlərə maraq o qədər çox  oldu ki, redaksiyadan  mənə zəng vurub öz təşəkkürlərini bildirdilər ki, nə  yaxşı  Hüseyn Mürtəqevinin şeirlərini göndərmişəm. Bir gün sonra isə redaksiyadan mənə zəng vurub belə dedilər: “Ağalar müəllim. “Bir ovuc qumdu ömür”şeirini  bədii qiraətçi Ayna Səs çox peşəkar səviyyədə səsləndirib. Hətta bu şeirlə bağlı çox maraqlı bir video da orada yerləşdirib və bizə göndərib. Biz də sizə göndəririk. Bir peşəkar rejissor kimi qulaq asın”.

Videoya qulaq asdım və həddindən artıq xoşuma gəldi. Baxmayaraq ki, mən 50 ildir peşəkar teatr dünyasında aktyor-rejissor kimi çalışıram, amma ilk dəfə idi ki, Ayna Səs adlı bədii qiraətçini dinləyirdim və fikirləşdim ki, bu hansı peşəkar aktrisadır özünə “Səs”  ləqəbi götürüb. Redaksiyadan Ayna Səsin mobil telefon nömrəsini aldım ki, ona da  zəng vurub öz təşəkkürümü bildirim və harada aktrisa işlədiyini soruşum. Həm də əsl soy adının kim olduğunu öyrənim. Ayna xanımın belə peşəkar səviyyədə  şeir deməsi Hüseyn Mürtəqevinin də çox xoşuna gəlmişdi. Çünki mən Ayna xanımın  söylədiyi şeirin videosunu Hüseyn müəllimə də göndərmişdim. Elə həmin gün Ayna xanıma zəng vurdum və özümü təqdim etdim. Ayna xanım dedi ki, məni yaxşı tanıyır və hətta mənim Dövlət Milli Gənc Tamaşaçılar Teatrında quruluş verdiyim bir neçə tamaşaya da baxıb. Hətta mənimlə tanış olmaq da istəyib və bədii qiraətlə məşğul olduğunu da bildirmək istəyib. Sonra Ayna xanım dedi ki, “mən aktrisa deyiləm. Müəlliməyəm. Özü də ədəbiyyat müəllimi yox, kimya müəllimiyəm. Özüm də Xırdalan şəhərindəki 7 nömrəli tam orta məktəbdə həm müəllim və həm də direktor müavini vəzifəsində işləyirəm. Özü də bədii qiraətlə beş ildir ki, məşğul oluram. İndi qərara gəlmişəm ki, bu işlə daha ciddi məşğul olum. Ona görə də xoşuma gələn  çoxlu  şeirləri səsləndirirəm.”

O, özünün səsləndirdiyi şeirlərdən bir neçəsini də mənə göndərdi və qulaq asdım. Açığı mən bundan çox  təəccübləndim. Çünki hər şeirdə sözaltı mənaları və vurğuları elə ustalıqla tapıb deyirdi ki, tamaşaçını asanlıqla ona qulaq asmağa məcbur edirdi. Sonra zəng vurub soruşdum ki, bu şeirləri hansı rejissorla işləyirsiz? Ayna xanım dedi ki, “heç bir rejissorla işləmirəm. Rejissor da özüməm  və videoları da hər şeirə uyğun  özüm  seçirəm, hətta operator işini də özüm görürəm”. Onun bu sözləri bir daha məni təəccübləndirdi.

Bu söhbət bu ilin, yəni 2025-ci ilin  mart ayının əvvəlində olmuşdu. Həmin vaxtı mənim  75 illik yubileyimin Dövlət Milli Gənc Tamaşaçılar Teatrında  keçirməsinə hazırlaşırdıq. Onu da vurğulayım ki, mənimlə bağlı çoxlu şeirlər yazılıb. Onlardan birini- maraqlı şair-qəzəlxan Lilpar Cəmşidqızının mənim haqqımda yazdığı “Ey gözəl insan” şeirini ona göndərdim. İki  gündən sonra Ayna xanım mənə zəng vurub dedi ki,  “bu şeirin video lentini sizin  votsapınıza göndərmişəm. Qulaq asın”. Qulaq asdım və gördüm ki, Ayna xanım bu şeirə mənim saytlarda olan çoxlu şəkillərimdən ibarət portretlərimi maraqlı kollaj kimi yerləşdirib. Hətta elə şəkillərimi tapıb ki, onlar mənim yadımda deyil. Özü də hər bəndə uyğun şəkil yerləşdirib. Mən bu şeiri Lilpar  xanıma da göndərdim. Lilpar Cəmşidqızı özü də təkcə öz şeirlərini, qəzəllərini yox, başqa şairlərin də bədii əsərlərini maraqlı formada, peşəkar bədii qiraətçi kimi deyir. Onun da xoşuna gəldi. Açığı cəmi iki günə beş dəqiqəlik bir videonu belə peşəkar səviyyədə hazırlaması məni heyrətə gətirdi. Çünki belə bir şeiri biz peşəkar akrtisalarla ən azında on günə hazırlaya bilirik. İki gün də operatorla işləyib, şeirə uyğun materiallar tarıb orada yerləşdiririk. Amma Ayna xanım bütün bunları iki günə görmüşdü və hələ üstəlik məktəbdə olan çoxlu  işləri də öz yerində. Yəni işdən qalıb, bu işləri görməmişdi.

Bax, Ayna xanımın belə peşəkar səviyyəli işləri məni çox maraqlandırdı və belə qərara gəldim ki, bu cür istadadlı insanı  çoxminli oxucularımızla da yaxından tanış edim. Çünki Ayna xanım Allah vergisi olan böyük istedad sahibidir və xalqımız da bu xanımı, maraqlı sənətkarı  yaxşı tanımalıdır. Mənimlə bağlı onun söylədiyi “Ey gözəl insan” şeirini yutubda və çoxlu kabel televiziyalarında yerləşdirdik. Cəmi bir neçə günün içərisində yüz minlərlə baxış oldu. Və bu şeirə qulaq asanlar Ayna Səs və şeir  haqqında özlərinin xoş sözlərini də orada  yazırdılar.

Beləliklə, Ayna Səs  ( Ayna Yasin qızı Məmmədova) haqqında oxuculara qısa məlumat vermək istəyirəm ki, onu daha yaxından tanısınlar.

 

Qısa tanıtma: - Ayna Yasin qızı Məmmədova ( Ayna Səs) 15 avqust 1981- ci ildə Bakı şəhərində anadan olub. 1999-2003-cü  illərdə Bakı Dövlət Universitetinin tətbiqi kimya fakültəsində təhsil alıb. Sonra Xırdalan şəhərindəki  7 nömrəli tam orta məktəbdə kimya müəllimi kimi əmək  fəaliyyətinə başlayıb. Hal- hazırda da həm kimya müəllimi və həm də direktor müavini vəzifələrində çalışır. Özünün savadına və yüksək təşkilatçılığna görə həm şagirdlər və həm də həmkarları tərəfindən sevilir. Məktəbdə keçirilən bütün tədbirlərin də əsas təşkilatçılarından biri  məhz  Ayna müəllimə olur.

 

- Salam Ayna müəllimə. Yaxşı müəllimin həm yüksək nitq qabiliyyəti  olmalı və həm də yaxşı aktyor olmalıdır ki, dediyi fənni şagirdlərə lazım olan kimi çatdıra, sevdirə bilsin. Belə olanda şagirdlər həmin  müəllimi sevirlər. Sizdə belə peşəkar səviyyədə şeir söyləmək marağı haradan yaranıb?

 

- Müəllimlik mənim üçün ən uca məqamdır. Zirvədir. Bilrsiniz ki, müəllim haqqında dünya dahiləri yüzlərlə çox maraqlı kəlamlar, aforizmlər deyiblər. Bilirsiniz ki, bir milləti məhv etmək üçün onun təhsilini əlindən almaq kifayət edir. Dahi Sədi Şirazi deyib ki, “Əgər bir müəllim olsa bədəsil, Yetişdirə bilməz bəxtiyar nəsil”. Dahi Heydər Əliyev isə müəllimlə, təhsillə bağlı görün necə kəlamlar deyib;

-Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.
- Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
- Mən Azərbaycanın sadə vətəndaşıyam.
Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad- müəllimlikdir.

Bax, bu kəlamlar müəllim əməyinə verilən ən böyük qiymətdir. Deməli, hər bir müəllim öz peşəsindən yüksək peşə tanımamalı və bu peşəyə yüksək səviyyədə xidmət etməlidir. Müəllim sanki bir səhnədədir. O, hər gün  həmin səhnədən peşəkar səviyyədə rolunu oynayır. Müəllim  eyni zamanda həm rejissordur- dərsə, sinfə quruluş verir... Həm psixoloqdu, həm pedoqoqdu ... Bir az da qiraətçidir. Çünki müəllimin çox səlis nitq qabiliyyəti olmalıdır ki, öz fikrini şagirdlərə aydın şəkildə çatdıra bilsin. Bu fikirləri onların beyninə yeridə bilsin.

Şeir söyləməyə isə maraq məndə lap uşaq yaşlarımdan yaranıb. Çünki biz əslən Qazax  rayonundanıq. Orada da şeirə, musiqiyə çox yüksək qiymət verirlər. Deməli, şeirə, musiqiyə maraq mənə qanla, köklə gəlib.

 

-Söhbətimiz əsnasında dediniz ki, beş ildir bədii  qiraətlə çox ciddi məşğul olursunuz. Bəs niyə bu vaxta qədər özünüzü təbliğ etməməsiniz?

 

- İnsan şeirlə doğulur. Əslində şeir deyilən bir şey bəlkə də yoxdur. Mahnı var - məsələn doğulan kimi körpə çığırtısı kimi... Məncə əvvəl mahnı, hava yaranıb sonra söz, şeir yaranıb. Məsələn mən bir şeiri oxuyanda onun hansı hava altında yazıldığını  bilməsəm o şeiri deyə bilmirəm. Yaxşı şeir elə özü də bir mahnıdır. Elə götürək dahi Səməd Vurğunun “Azərbaycan” şeirini. O şeiri söylədikcə elə bil ki, insan bir mahnı oxuyur. Hətta ritmi olmayan  insan belə bu şeiri ürəklə söyləyəndə ona qulaq asanlarda maraq yarada bilir. Qaldı özümü təbliğə. Bu haqda fikirləşməmişəm. Əgər söylədiyim şeir tamaşaçılar tərəfindən maraqla qarşılanırsa, bu, elə mənim təbliğim deməkdir.

 

-Siz direktor müavini vəzifəsində işləyirsiniz. Özü də deyirlər ki, çox yaxşı işləyirsiz. Deməli, direktorluğa bir addım qalıbsınız. Müəllim kimi gələcək planlarınız necədir?

 

-  Yuxarıda dediyim kimi. Özümü heç vaxt təbliğ etməyi düşünməmişəm. Amma bir şeyi düşünmüşəm ki, o məşhur misrada deyildiyi kimi- “çigirib, bagirmana gərək yox,  səsini duymaq istəyənə fisıltin da yetər”.  Direktor vəzifəsində çalışmaq isə böyük  məsuliyyətdir. Əlbəttə, hər bir əsgər general olmağı düşünmürsə, yaxşı əsgər ola bilməz. Əgər qismət olarsa, mən də  direktor olmaq istəyərəm.  Amma onu da səmimi deyim və vurğulayım ki, gərgin iş günündən sonra bir bənd şeir deməyim, yorğunluğumu tam çıxardır .

 

-Hansı şeirlər sizin ürəyinizcədir? Yəni şeirləri özünün seçirsiniz  ya sizə təklif edirlər?

 

-Secdiyim seirlər də olur, təkliflər də çox olur.  Həmin təklif olunan şeirlərin bəzilərini  söyləmək istəməyəndə buna görə məndən inciyənlər də olur. Yenə dediyim kimi, şeirin musiqisini mən duymaliyam. Şeiri oxuyan zaman o notlar beynimdə səs salmalıdır. Ən çox əski Azərbaycan dilimizdə olan sözlərin seiriyyata gətirilməsini istəyirəm. İstəyirəm o qədim  sözlərimiz yaşasın. Bir də görürsən öz hiss duyğularımızı ifadə etməyə  söz tapmırıq. Ona görə ki, əski Azərbaycan sözlərini bilmirik. Halbuki hiss, duyğularımızı ifadə edən o qədər gözəl sözlərimiz, məsəllərimiz  varki.

Bədii qiraət sənəti ilə məşğul olanlar, həm də bu işi hökmən gorməlir. Sovetlərin dövründə dilimizi çox da qoruya bilməmişik. Çoxlu rus və başqa əcnəbi sözlər dilimizdə özünə pasport  alıb.  Həmin sözləri dilimizə gətirməkdənsə dilçilərimiz o sözlərin dilimizdə olan keçmiş  vriantlarını, əsgi əlifbamızda olanını  tapmalı idilər. Dünya xalqları məhz belə edib, öz dillərini qoruyurlar. Biz də müstəqillik dövrümüzdə hökmən dilimizə sahib çıxmalıyıq.

Bax, elə sözümün bu yerində bir maraqlı sözü demək istəyirəm. Bizdə bəzən kimisə təhqir etmək üçün belə bir cümlə deyirlər: “Anqurt və ya anqut  kimi nə baxırsan?” Bu cümləni deyən adam “anqurt” ( “anqut”)  sözünün mənasını bilmədiyinə görə belə deyir. Həmin adamlara demək istəyirəm ki, anqurt ördəklər cinsindən olan bir quşdur. Özü də çox bərli-bəzəklidir. Onlarda erkək və dişi bir-birinə dəhşətli dərəcədə bağlıdır. Əgər erkək və ya dişi ölürsə, o biri bütün günü onun yanında keşik çəkir, daha doğrusu başını ölənin üstünə qoyur, həsrətli, qəmli gözlərilə ona baxır, heç nə yemir və eləcə o biri cütünün yanında ölür...

Görürsüz necə maraqlıdır? Bax, bu sözü dilçilərimiz xalqımıza deməli və başa salmalıdır. Mən belə çoxlu məsələlər deyə bilərəm.

 

- Bu gün bədii qiraətlə məşğul olan aktyorlarımız, aktrisalarımız çox azdır. Çünki bu sahə çox çətindir. Bu, bir aktyorun teatrı deməkdir. Tamaşaçı ilə tək, üz-üzə qalmaq böyük məharət, böyük peşəkarlıq  tələb eləyir. Siz peşəkar aktrisa olmasanız da, amma bu, sizdə yaxşı alınır. Bədii qiraətçi kimi gələcəkdə hansı işləri görməyi planlaşdırırsız?

 

-Gələcək planlarım  çoxdur. Səsləndirilməsi çox mətnlər var. Bunlar həm Azərbaycan, həm dünya klassik və müasir şairlərinin şeirləridir. İstəyirəm bu şeirlərdən ibarət bir saat yarımlıq bir tamaşa hazırlayım və tamaşaçılara göstərim. Bu tamaşa video lentə  çəkilsin və gələcək nəsillərçün qalsın. Son zamanlar qəzəl janrında da özumu sınamaq istəyirəm. Məncə də pis alınmayacaq. Gələcəkdə televiziya kanallarının birində sözümuzə, sazimiza, dilimizə xidmət edən bir verilişimin  olmasını çox istərdim. Axı bizim dilimiz çox melodik dildir. Mən belə fikirləşirəm ki, hər bir azərbaycanlı ən azından on-on beş şeir bilməlidir. Yeri gələndə ya özü üçün, ya da başqaları üçün onları deməlidir. Axı şeir, ruhun qidasıdır. Dünya tibb elmində insanları musiqi ilə, sözlə də sağaldırlar. Söz, Böyük Tanrının insanlara verdiyi ən böyük müqəddəs  varlıqdır desəm yanılmaram. Amma baxır insan həmin sözü hansı məqsədlə deyir. Atalarımız da deyib ki, “ söz var qanlar yatırar, söz də var, müharibələr gətirər”.

Mən bir məsələni də vurğulamaq istəyirəm. Dilimizi yaşatmaq, gənc nəsillərə ötürmək həm də bədii  qiraət  sənətinin üzərinə düşür

Bu mənada da  əski Azərbaycan sözləri işlənən şeirlərə daha çox müraciət edirəm.

O qədər gözəl sözlərimiz var ki... Əfsu ki, biz onları yaddan çıxartmışıq.

Məsələn avazımaq sozu- özləmi, həsrəti ifadə edir.

Ayrılığa dözə bilməməyin əski dilimizdə ifadəsi  “albal olmaq”dır...

Özləmin pik həddi - ejələnməkdir ...

Bu siyahını çox artırmaq olar. Amma ən əsası odur ki, dilçilərimiz dilimizdə olan qədim sözləri ortaya çıxarıb, onları təbliğ etməlidirlər. Bax, onda dilimiz daha da zənginləşər. Axı hər bir millətin üç müqəddəs sözü var:  “Ana, Vətən, Dil”. Hansı millət bu üç müqəddəs sözləri qoruya bilirsə, həmin millət bütün millətlər tərəfindən də sevilir. Adi bir misal deyim.  Latın milləti artıq Yer üzündən silinib. Amma latın qrafikası və sözləri yaşayır. Və dünyanın çoxlu millətləri bu qrafikadan və sözlərdən istifadə eləyir. Hətta tibb elmində bu qrafika və sözlər daha çoxdur. Görün o millət öz qrafikasını və sözlərini necə möhtəşəm yaradıb ki, bu gün də istifadə olunur. Ona görə də mən istərdim ki, millətimizin çoxlu sözləri beynəlxalq status alsın və başqa millətlər də bizim sözlərdən istifadə eləsin. Bu müqəddəs işdə ilk öncə dilçilərimizdən, müəllimlərimizdən,  siyasətçilərimizdən, aktyorlarımızdan, bədii qiraətçilərimizdən çox şey asılıdır. Əlbəttə, televiziyalarımız, radiolarımız  və mətbuatımız da bu sahədə çox işlər görməlidir. Bunu özlərinin müqəddəs vəzifəsi bilməlidirlər. Bu sahələrdə çalışanlar Azərbaycan sözlərini elə  şirin deyə bilər ki, başqa millətlərdə bu sözlərə qarşı  sevgi yarana bilərlər.

Böyük sərkərdəmiz, şairimiz Şah İsmayıl Xətainin vaxtında Azərbaycanın iki milyon səkkiz yüz min kvadrat kilometr torpaqları olub. Bir ucu Hindistanda, bir ucu Orta Asiyada, bir ucu Rusiyada, bir ucu Ərəbistanda. Ermənilərin indi yerləşdiyi torpaqlar və Gürcüstanın da böyük hissəsi bizim torpaqlar olub. Həmin vaxtı Azərbaycan dili həmin yerlərdə, ölkələrdə  yayılıb. Bu gün də Qafqaz ölklərində, İranda, yəni farsalar yaşayan bölgələrdə,  Əfqanıstanda, Pakistanda, Hindistanda və başqa ölklərdə çoxlu  Azərbaycan sözləri işlədilir. Bu, əlbəttə, bizim üçün fəxarətdir.

Məşhur filosof Humboldt deyib ki, “Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir”. 

Gəlin bir millət olaraq, biz də dilimizi qoruyaq ki, ruhumuzu da qoruya bilək.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.