
Super User
“Bu tənhalıq kitabların qoxusu ilə boğur məni, kağız kimi islanmış, fikir kimi ağır…” - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Heç fikirləşmisiniz, niyə bəziləri dənizə tamaşa edər, digərləri isə ora atılar? Birinci qrup həyatın müşahidəçiləridir. Oturub sahildə, əlində çay, ağıllı görünmək üçün "Kafka" deyərlər. İkinci qrup isə, suyun dadını bilmədən rahatlıq tapanlara inanmayanlardandır. Baxanlar təhlükəsizliyin həzzini, atılanlar isə batmağın həqiqətini tanıyır. Mən o ikinci qrupdayam. Sadəcə oxumaqla yox, düşünməklə batmaq istəyənlərdən.
Mən kitab oxumağa belə başlamadım. Mən sadəcə bir səhifəni çevirdim və o andan etibarən geri dönüş olmadı. Çünki bəzi kitablar qapı deyil, girdabdır. Və sən özünü sadəcə itirmək üçün deyil, bəzən tapmaq üçün itirirsən.
Ədəbiyyat mənim üçün sadəcə qəhrəmanlar, süjetlər, müəlliflər deyil. Ədəbiyyat, ayaqqabısı itmiş fikirlərin gəzdiyi sonsuz çimərlikdir. Və mən bu çimərliyə gəzməyə gəlmədim. Mən burda doğuldum. Dənizin kənarında yox, içində. Suyun dərinliyində Dostoyevskinin qaranlığı, Kamyunun absurdluğu, Sartrın yorucu fəlsəfəsi var. Elə bil 100 nəfər eyni vaxtda boğulmaq haqda fikirlərini bölüşür və mən onları dinləməkdən nəfəs ala bilmirəm.
Ona görə də bir gün dedim: “Yetər. Kitab oxumaq yox, onun içində yaşamaq istəyirəm.” Və beləliklə, əlimdə bir Dostoyevski, ürəyimdə bir Nitşe, çiynimdə Sartrın varoluş yükü, başımı tutub dənizə tullandım…
Bəli, burdayam. Üzürəm, boğuluram, batıram. Və qəribəsi budur ki, bunu könüllü edirəm. Mən bu sulara təsadüfən düşmədim, özüm tullandım. Çünki quru torpaqda ayaq üstə qalmaqdan daha yorucudur yaşamaq. Dəniz isə dürüstdür. Səni ya udur, ya da səni sən edən yerə çırpır.
Məni suyun səthində Dostoyevski qarşıladı. Dedi, “Əgər Tanrı yoxdursa, hər şey icazəlidir,” və mən onun gözlərinə baxıb düşündüm. Cavabında, "Elədirsə, bəlkə bu qədər suyun ortasında üzmək də haram sayılmaz” dedim. Bəlkə heç nə icazəli deyil, sadəcə artıq heç kimin icazə verəsi halı qalmayıb. Ardınca Sartr gəldi. İçi boş bir qayıqda, varoluşun mənasızlığına dair uzun bir monoloqla. Dedim, “Sən bu qədər danışarkən biz boğuluruq,” o isə cavab verdi: “Hər kəs öz mənasını öz sualtı tənhalığında tapmalıdır.”
Bəli, tənhayam. Amma bu tənhalıq kitabların qoxusu ilə boğur məni, kağız kimi islanmış, fikir kimi ağır.
Bir gün Nitşe fırtına oldu bu dənizdə. Hər şeyi yıxıb-yaxdı, sonra isə içimə səssizcə bir cümlə atdı. “Əgər kifayət qədər uzun müddət dənizə baxsan, dəniz də sənə baxmağa başlayar.” Bəlkə də mən artıq dənizəm. Başqasına baxan, amma anlamadığına görə qəzəblənən.
Kamyu isə sahil xəritəsi kimi görünür ilk baxışda. Sanki yolu göstərir. Amma o da xəritənin kənarına yazıb ki, “Həyat absurddu.” Mən ona dedim ki, bəlkə də absurdluq xilas yoludur. O isə cavab verdi: “Onda niyə batmırsan?” Cavab vermədim. Mən artıq batıram.
Kirqard axşam sükutu kimi keçdi üstümdən. İnancı soruşdu. Dedim, “İnanıram, amma nəyə olduğunu bilmirəm.” Dedi, “Bütün inamlar, səbəbsizliklə doğulur.” Onda başa düşdüm ki, mən bu suda inamı yox, suyun özünü axtarıram. İnanmaq üçün deyil, hiss etmək üçün. Əlimi sudan keçirdim. Heç nə dəyişmədi. Ədəbiyyat məni özünə çəkmir, mən onun içində çoxdan parçalanmışam.
Borxes isə bir dəfə yuxuma girdi. Dənizin mərkəzində bir kitabxana vardı. Sonsuz kitablar, sonsuz variantlar, sonsuz mənasızlıqlar. O dedi: “Oxuduğun hər kitab, oxuya bilmədiklərinin kabusudur.” Gülümsədim. Onda bildim ki, mən oxuduğumdan çox, oxuya bilmədiklərimin adamıyam.
Hələ Kafka.. O, təkcə boğulan deyil, həm də sənə kim olduğunu xatırladan hayqırtıdır. Məni “Günahsız” adlandırdı. Amma o söz dodağında ironiyadan yapışqan kimi qaldı. Mənə məhkəmə qurulmamışdı. Çünki mən artıq hökmümü özümə vermişdim. Yalnız oxuyanlar belə edər.
Və indi... bu dənizdə nəhayət danışmağı dayandırıram. Çünki çox danışanlar, çox az üzürlər. Mən isə susaraq batmaq istəyirəm.
Ədəbiyyat məni öyrətmədi, məni uddu. Amma nə xoş, öyrədənlərin arasında yox olmaq... Bu, sadəcə batmaq deyil. Bu, yazılmaqdır.
Kənardan görünmür, amma içimdə belə bir cümlə əbədi yaşayacaq: “Mən sözlərin içində batmadım. Sadəcə nəfəs almağı unudacaq qədər çox düşündüm.”
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
TƏLƏBƏ YARADICILIĞI – “Dörd ildir fasiləsiz oxuyuram...”
Ayşən Cəfərli, Ağdam Dövlər Sosial-İqtisad Kollecinin tələbəsi, “Ədəbiyyat və incəsənət” üçün
Bir dəfə kitablar haqqında keçirilən bir tədbirə qatılmışdım. Məqsəd, kitabsevərləri bir araya toplamaq, onların düşüncələrini dinləmək və kitabların həyatdakı yerini paylaşmaq idi. Tədbirin elanını ilk dəfə eşidəndə çox sevinmişdim. Düşünmüşdüm ki, bu, tamamilə fərqli və maraqlı bir təcrübə olacaq. Həyəcanlı idim – birincisi, tədbir kitablarla bağlı idi, ikincisi isə bu mövzu ətrafında söhbətlər etmək, eyni kitabları oxuduğum insanlarla tanış olmaq fürsəti yaradacaqdı.
Amma bəzən gözlədiklərimizlə yaşadıqlarımız bir-birinə bənzəmir. Rəsmi hissə bitdikdən sonra bizdən rahat şəkildə, sərbəst fikirlərimizi bölüşməyimiz istəndi. Mən düşünmüşdüm ki, hər kəs ürəyindən keçəni deyəcək. Amma demə, çoxları əllərindəki vərəqləri oxuyurmuş. Həmin an anladım ki, tədbirdəki gənclərin çoxu ya kitablarla yeni tanış olub, ya da sadəcə gəlmək üçün gəlib. Halbuki mənim üçün kitablar haqqında danışmaq – həm də hazırlıqsız – olduqca təbii bir şeydir. Axı mövzu kitablardır. Nə qədər çətin ola bilər ki? Həm kitab oxuyan insanların zəngin söz ehtiyatı olur. Ən azından üç-dörd cümlə qura biləcək qədər. Bəs onda niyə hər kəsin əlində bir vərəq var? Özü də oxuyanda gözlərini o vərəqdən bir an belə ayırmırlar?
Həmin gün bir az gərgin idim. Elə bildim, yazılı şəkildə təqdim etməliyik. Onlar kitabların onlar üçün nə ifadə etdiyindən danışırdı. “Kitablar insanın inkişafı üçün vacibdir”, “Kitablar bilik mənbəyidir” kimi klişe cümlələr ard-arda səslənirdi. Sözsüz, bunlar doğrudur, amma hər insan üçün kitabların ifadə etdiyi mənanın eyni olduğunu düşünmək – çox səthi yanaşmadır. Kitablar yalnız inkişaf üçün vasitə deyil. Onlar bir ruh halıdır, bir yoldaşdır, bəzən də bir sığınacaq.
Orada iki nəfərin çıxışı diqqətimi çəkmişdi. Onlar oxuduqları kitabları misal gətirərək niyə bu kitabların həyatlarında xüsusi yer tutduğunu izah etdilər. Və bir nəfər də vardı – mənim kimi tədbirə hazırlıqsız gəlmişdi və əlində vərəqi olmayan yeganə iştirakçılardan biri idi. O, elə bu vərəqlər haqqında danışdı və çıxışı mənim çox xoşuma gəldi.
Bəs mən? Siz soruşa bilərsiniz ki, 'Kitablar sənin üçün nə ifadə edir?' sualına sən nə cavab verdin.
Mən danışmadım. Əslində susurdum, lakin səssiz cümlələr qururdum. Əlbəttə, kimsə mənim səssiz cümlələrimi eşitmirdi. Bir də ki, o cümlələri səsləndirəcək cəsarətim də yox idi. Amma həmin günə geri qayıtmaq mümkün olsaydı – ki bu, mümkün deyil – əgər gələcəkdə yenə belə bir tədbirə qatılacaq olsam, kitabın mənim üçün önəmini, nə ifadə etdiyini belə izah edərdim - deyərdim ki, mənim üçün kitablar sadəcə inkişaf vasitəsi deyil. Onlar mənim sığınacağım olub.
17 yaşım var. 4 ildir fasiləsiz oxuyuram. 100-dən çox kitab və bir o qədər də fərqli həyat hekayəsi tanımışam. Əvvəllər bu, sadəcə maraq idi, hobi idi. Amma son bir ildə kitablar mənim üçün bir həyat dəstəyi oldu. Hər bir insanın həyatında qaranlıq anlar olur. Düşüncələrinin içində boğulduğu, çıxış yolu tapa bilmədiyi anlar. Məni ayaqda saxlayan, həmin qaranlıqda işıq olan yeganə varlıq – kitablar idi. Hər kəsdən uzaq olduğum anlarda, sadəcə onlar vardı.
Bəzən insanlar bizi dinləməz, dinləsələr belə anlamaz. Amma kitablar anlayır. Onlar səssizdir, bəli... Amma o səssizlikdə minlərlə cavab gizlidir. Cavabsız qalan bütün suallarımın izahını o səssiz sətirlərdə tapıram.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
Xalq artisti Samir Cəfərovun Gəncə konserti rəğbətlə qarşılanıb
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Xalq artisti Samir Cəfərovun “Sən elə bir zirvəsən” adlı solo konsert proqramı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, konsertdə Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblının müşayiəti ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin sevdiyi məşhur musiqi əsərlərini səsləndirib.
Proqramda Tofiq Quliyevin “Sənə də qalmaz”, Cahangir Cahangirovun “Alagöz”, Elza İbrahimovanın “Salxım söyüd”, Telman Hacıyevin “Lalələr”, Emin Sabitoğlunun “Əsən yellər”, xalq mahnıları “Küçələrə su səpmişəm” və “Nazəndə sevgilim” kimi sevilən musiqi nümunələri ifa olunub.
Gecə boyunca klassik estrada musiqisinin inciləri tamaşaçılara unudulmaz anlar yaşadıb və sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
"Varislər" ədəbi məclisinin rəhbəri İsa Cavadovun doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Yazıçılar Birliyinin üzvü İsa Cavadov 1931-ci il may ayının 12-də Tovuz rayonunun Aşağı Ayıblı (indiki Əyyublu) kəndində anadan olub. 1950–1954-cü illərdə Gəncə Dövlət Universitetinin (keçmiş APİ) Dil-ədəbiyyat fakültəsində ali təhsil alıb, təyinatla vaxtilə Tovuz rayonunun ərazisi olan Keşkənd orta məktəbində müəllim işləyibdir.
1966-cı ildən Tovuzda "Həqiqət" qəzetinin "Ədəbiyyat və incəsənət" şöbəsinin ştatdankənar müxbiri, 1970-ci ildən bu günə qədər həmin qəzetin nəzdində yaradılmış Aşıq Hüseyn Bozalqanlı adına "Varislər" ədəbi məclisinin rəhbəridir. 1984-cü ildən pensiya yaşına qədər Əyyublu kənd 1 nömrəli orta məktəbdə təşkilatçı müavin, 2011-ci ilin sentyabr ayına qədər əmək veteranı və baş müəllim kimiixtisas üzrə fəaliyyətini davam etdirib.
Ömrünün erkən gənclik dövründən şeir yazmağa başlayıb, oxuduğu və işlədiyi zamanlarda ədəbi-bədii yaradıcılıqla da ciddi məşğul olub. Şeirlərini İsa İsayev, İsa Cavadoğlu, İsa Cavad imzaları ilə çap etdirən müəllifin şeirlərindən və digər yazılarından nümunələr həmin imzalar ilə dərsliklərə, dərs vəsaitlərinə daxil edilib.
1957-ci ildən rayon və respublikanın əksər qəzet və jurnallarında şeirləri, hekayələri, təmsilləri, publisistik yazıları çap olunub, radio və televiziya verilişlərində səsləndirilib.
Çap olunmuş kitabları
"Mən ulu tarixəm"
"Ya qismət"
"Ömrün yolları"
"Daha payızdı"
"Düşüncələr"
"Məktəbə qayıdan oğlan"
"Ata yurdum"
"Tənha qoca"
"Ömür karvanı"
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
Niyə uşaqlar yatmazdan əvvəl gözlərini uzun-uzadı açıq saxlayır?
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bu gün bir şeyin fərqinə vardım.
Böyüklər gözlərini bağlayıb yuxuya gedir. Başımızı yastığa qoyar-qoymaz gözlərimizi yumuruq.
Amma uşaqlar…
Uşaqlar yatmazdan əvvəl gözlərini uzun-uzadı açıq saxlayar. Biz yuxuya tez getmək üçün gözlərimizi ilk başdan yumarkən, onlar ən sonda bağlayar gözlərini.
Bu fərqlilik mənə maraqlı gəldi. Düşündüm ki, bir açıqlaması olmalıdır. Və bir az araşdırmağa başladım. Həqiqətən, düşündüyüm kimi idi. Həm bioloji, həm də psixoloji tərəfləri olduğunu öyrəndim.
Yetkinlərdə beynin yuxuya keçmə prosesi daha avtomatikdir. Gözləri bağlamaq işığı və vizual stimulları azaldır. Bu da melatonin hormonunun ifrazını artıraraq, beynə “artıq yuxu vaxtıdır” siqnalı verir. Ona görə də böyüklər adətən rahatlanmaq üçün gözlərini tez bağlayır və yuxuya keçid daha sistemli olur.
Uşaqların beyni hələ inkişaf mərhələsindədir. Onlar ətraf aləmi öyrənmək, müşahidə etmək ehtiyacı hiss edirlər. Hər şey maraqlı və yeni olduğundan yatmaq istəmirlər, gözlərini bağlamadan dünyanı “axırıncı dəfə” izləməyə çalışırlar. Bundan başqa, bəzi uşaqlar üçün yuxuya getmək həm də ayrılıq, nəzarətsizlik hissi yarada bilər. Ona görə daha uzun müşahidə edir, gec bağlayırlar gözlərini.
Biz artıq hər şeyə alışmışıq – işıqlı otaqlara, səs-küylü küçələrə, tanış üzlərə, eyni düşüncələrə. Baxmağa və təəccüblənməyə ehtiyacımız azalıb sanki. Yatmaq bizim üçün bir növ təmir vaxtıdır — fiziki və zehni istirahət.
Amma uşaqlar…
Onlar hələ heç nəyə doymayıblar. Onların beyni bir anlıq belə dayanmaq istəmir. Gözlərini bağlamaq onlar üçün bir şeyləri qaçırmaq qorxusudur. Onlar ətrafı izləyər, otaqdakı kiçik bir kölgəyə belə göz bərq edər, ananın nəfəs səsini, küləyin pəncərəyə dəyən pıçıltısını dinləyərlər. Onlar üçün hər şey təzədir, ilk dəfədir, son dərəcə maraqlıdır.
Uşaqlar üçün yuxu bir ayrılıqdır — bu gün baş verən gözəl anlarla vidalaşmaq, sabahın nə gətirəcəyini bilmədən qaranlıq bir səssizliyə düşmək. Onlar özlərini bu dünyadan ayırmaq istəməzlər. Bu səbəbdən də gözlərini ən sonda bağlayarlar — tam əmin olana qədər ki, artıq baxacaq başqa bir şey yoxdur.
Bəlkə də böyümək dedikləri şey — gözlərini daha tez yummağı öyrənməkdir. Daha az maraqlanmaq, daha az dayanıb baxmaq, daha az heyran qalmaq…
Amma bir uşaq gözündə dünya necə görünürsə, həyatın həqiqi rəngi də odur. Bəlkə biz də arada bir gözlərimizi açıq saxlamalıyıq — susaraq baxmalı, sadəcə baxmalı və heç bir şeyin “adiləşməsinə” icazə verməməliyik…
Bəlkə də biz böyüdükcə yalnız yuxuya getmirik — baxmağı, təəccüblənməyi də unuduruq…
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
"Xalqa bağışlanan ömür " adlı ədəbi-musiqili tədbir təşkil edilib
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
10 may 2025-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Oğuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Oğuz rayon Mədəniyyət Mərkəzinin yaradıcı kollekktivinin və Oğuz rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə Oğuz rayon Mədəniyyət Mərkəzində "Xalqa bağışlanan ömür " adlı ədəbi-musiqili tədbir təşkil edilib.
Tədbirdə əvvəlcə Dövlət himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, müstəqilliyimiz və vətənimiz uğrunda şəhid olmuş oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Ümummilli Lider Heydər Əliyev haqqında videoçarx izlənilib.
Oğuz rayon İcra Hakimiyyətinin Başçısı cənab Əbdul-Qədirov tədbirdə çıxış edib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Oğuz rayonunda keçirilən velosiped yürüşü, kros qaçışı üzrə qaliblər və “Nə, harada,nə zaman?” intellektual bilik yarışının qalibləri mükafatlandırılıb.
Yeni Azərbaycan Partiyasının Oğuz təşkilatı tərəfindən yeni partiya üzvlərinə partiyanın vəsiqələri təqdim olunub.
Daha sonra Oğuz rayon Mədəniyyət Mərkəzinin yaradıcı kollekktivinin və Oğuz rayon Uşaq Musiqi Məktəbinin müəllim, şagirdlərinin iştirakı ilə, Ulu Öndərə həsr edilmiş mahnılar ifa edilib, şerlər söylənilib. Milli rəqslərimiz təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
“Bir gün onu Dövlət Təhlükəsizlik Komitəsinə dəvət etdilər…”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
XX əsr Azərbaycan ədəbiyyatının tərəqqi dövrü olub. Sözsüz ki, həmin dövr ədəbiyyatımıza çox böyük şəxsiyyətlər bəxş edib. Onlardan Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Məmməd Səid Ordubadinin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Əliağa Vahidin, Səməd Vurğunun, Məmməd Arazın, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun və s. yazarlarımızın adlarını çəkə bilərik...
İcazənizlə, mən bu siyahıya bir ad da əlavə edim: Əhmədağa Muğanlı.
Bildiyiniz kimi “Atları yəhərləyin” filmi Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum pyesinin motivləri əsasında ekranlaşdırılıb. Ssenarinin yazılmasında peşəkar ssenarist Əhmədağa Muğanlı böyük rol oynayıb. O, ssenarini işləyərkən yalnız pyesdən yararlanmayıb, eyni zamanda Nəbi haqda real faktlardan istifadə edərək materialı zənginləşdirib.
Film hazır olandan sonra, ermənilərin danoslarına əsasən, onun nümayişinə əngəl yaradılır. Məcbur olub bir sıra kadrları çıxarırlar. O vaxt Mirzə İbrahimov, Bayram Bayramov, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Rəsul Rza və başqaları Moskvaya məktub yazaraq, filmin qadağan olunacağı təqdirdə SSRİ vətəndaşlığından, sovet hökumətinin onları təltif etdiyi bütün mükafat və fəxri adlarından imtina edəcəklərini bildirirlər...
Bəli, bu gün mən sizə yazıçı Əhmədağa Muğanlı haqqında söhbət açmaq istəyirəm. O, 1926-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya gəlib. İbtidai təhsilini doğma kənddə, orta təhsilini isə qonşu Xırmandallı kənd məktəbində gümüş medalla başa vurub. Sonra ADU-nun filologiya fakultəsində ali təhsilə yiyələnib.
Ədəbi fəaliyyətə tələbəlik illərində başlayan Əhmədağa Muğanlı zəngin yaradıcılıq yolu keçib. 1951-ci ildə “İnqilab və mədəniyyət” jurnalının 10-cu nömrəsində “Biz qol çəkirik ki...”adında ilk hekayəsi dərc olunub. Daha sonra “Vicdan”, “Şəhriyar əfsanəsi”, “Şikəstə”, “Gecikmiş etiraf”, “Dağ-dağa söykənər”, “Tikanlı məftillər”, “Çobanbayatı”, “Ömürdən yeddi yarpaq” və s. əsərləri işıq üzü görüb. 1953-cü ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işə qəbul olunub. Burada ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləyib. Kinostudiyada ssenari-redaksiya kollegiyasının üzvü olub. Dəfələrlə Bakı şəhəri Oktyabr rayon Xalq Deputatlar Sovetinə deputat seçilib. Kinostudiyada işlədiyi dövrdə çoxlu sayda bədii və sənədli filmin redaktoru olub. “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Koroğlu”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”, “Sevinc buxtası”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qızıl uçurum”, “Nizami” və “Əlaqə” bədii filmlərinin ssenarisi onun redaktor qələmindən keçib. O, eyni zamanda otuza qədər sənədli və bədii filmin - “Alagöz yaylağında”, “Muğanın dastanı”, “Çobanbayatı”, “Dağlarda döyüş”, “Od içində”, “Doğma sahillər”, “Vətən sizə arxalanır”, “M.F.Axundov”, “Sabir”, “Nizami”, “Mən sərhədçiyəm” və s. ssenari müəllifidir. Bu ekran əsərlərində xalq qəhrəmanlarımızın, sərhədçilərin, Azərbaycan ədəbiyyatı klassiklərinin, tanınmış əmək və elm xadimlərimizin həyatı bütün dolğunluğu ilə öz əksini tapıb...
2001-ci il avqustun 4-də o,75 yaşında Bakıda vəfat edib...
Oğlu Araz Qurbanov deyir ki, - “Çox istərdim ki, atama oxşayım. Uşaqların dünyagörüşünün formalaşdırılmasında valideynlərdən çox şey asılıdır. Atam həddən artıq səbirli, qayğıkeş, mülayim, anam isə iradəli qadın olub. Onlar bir-birini ideal şəkildə tamamlayırdılar. Bu gün pafoslu səslənsə də, bizim evə indiyədək haram çörək, haram pul gəlməyib. Bəzən xasiyyətimdə, davranışımda onların əlamətlərini görəndə sevinirəm. Atam övladlarına milli kimliyimizi, tariximizə, klassik ədəbiyyatımıza, musiqimizə sevgi aşılayıb. Bu ruh onun filmlərində də yer alıb. Onun təklifi ilə əlimə qələm almışam, tar məktəbinə getmişəm. Tarı indiyədək yadigar saxlayıram. Tar alınanda 1970-ci il idi. Onda atamın 50 yaşı vardı. Şuşada düzəldilmişdi. Atam Fizulinin və Hüseyn Cavidin pərəstişkarı idi. “İblis” poemasını əzbər bilirdi. Bizə də Şəhriyarın “Azərbaycan” şerini əzbərlətmişdi. İkinci dünya müharibəsi illərində sərhəddə xidmət edib. Ən maraqlısı odur ki, atam universitetin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirəndən sonra, onu Dövlət Təhlükəsizlik Komitəsinə dəvət etmişdilər. Atam imtina etmiş və ömrünü kinostudiyaya bağlamışdır...”
Bəli, o, XX əsrin istedadlı yazarlarından biri olub. İllər ötəcək, zaman dəyişəcək, hər yeni gələn nəsil onu ssenari müəllifi olduğu filmlərdən tanıyacaq və ehtiramla yad edəcəklər...
Mayın 10-da Əhmədağa Muğanlının 99 illiyi idi.
Biləsuvar Azərbaycanın gözəl rayonlarından biridir. Və bu gözəlliyin içində bir sıra adamların xatirəsinə ucaldılacaq heykəllərə ehtiyac var. O insanlardan biri də Əhmədağa Muğanlıdır. Axı, gələn il onun 100 illiyidir...
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
Seçmə şeirlər – RƏSUL RZA, “İnsan”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
“İNSAN”
Səslər kəsildi.
Fikirlər dolaşdı.
Qurğuşun asıldı kirpiklərdən.
– Aç qapını!
– Buyur!
– Mən Ölüməm, gəlmişəm!
Xoş gəldin desəm,
bir az gülməli çıxar.
Gəlmisən, apar!
Adı, atasının adı,
yaşı, ünvanı budur...
– Gedək, dur!
Sükut çökdü araya,
uzun, dərin bir sükut,
bir saniyə tamam...
Qalxdı ayağa,
dedi: – Gedək.
Demədi mən deyiləm
Sən axtardığın adam.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
ABİDƏLƏRİMİZ - Yuxarı Gövhər ağa məscidi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin hər daşı bir tarix yazır. Oradakı mədəniyyət abidələrinin xüsusi yeri, çəkisi var. O cümlədən də haqlı olaraq Şuşanın qürur rəmzi hesab edilən Yuxarı Gövhər ağa məscidinin.
Məscidinin inşası vaxtı ilə dörd mərhələdə həyata keçirilmişdir.
Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir.
1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Verşaginin təsvir etdiyi məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir. Həmin məscid bizim dövrümüzə yaxşı saxlanmış vəziyyətdə çatmışdır. Yuxarı Gövhər ağa məscidinin minarələrinin dekoru və məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsində otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənmişdir.
1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçməsindən sonra, Yuxarı Gövhər ağa məscinin interyerləri tamamilə dağıdılmış, fasadına ciddi ziyan vurulmuş, minarələrinin minbər hissələri və çadırvari örtükləri dağıdılmışdır.
2017-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikasının İranın "Part Saman jahan Co." memarlıq şirkəti ilə məsciddə bərpa işləri aparacağı haqqında məlumat yayılmışdır. Və bu işlər də aparılmışdır. Məqsəd Azərbaycana aid memarlıq abidəsini farslaşdırmaq, qondarma tarixşə yaratmaq idi.
2020-ci ildə İkinci Qarabağ müharibəsinin gedişi zamanı Şuşanın azad edilməsindən sonra məsciddə bərpa işlərində başlanılmış, 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə məscidin əsaslı bərpa işlərindən sonra açılışı baş tutmuşdur.
Bu gün Yuxarı Gövhər ağa məscidi öz füsunkar görkəmi ilə dağlar və yaşıllılar qoynundakı Şuşaya gözəllik verməkdədir.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
Əmimin itkin canı… - PORTRET
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Bəzi insanlar — varlıqları ilə sükutun özünü də danışdırar. Əmim Fətalı Əsgəroğlu da o nadir insanlardan olub. Gözləri sakit, baxışları dərin, danışığı az, duruşu isə dağ kimi! İtkin canıyla bizə görünməz bir dayaq olub — özü bilmədən, bizə bildirmədən…
1945-ci ildən bu yana…
Öncə böyüklərimiz, sonralar isə bizlər gözümüz qəzet, jurnal səhifələrində “Yolçuyev” soyadına ilişəndə; qulağımız radioda, televiziyada bu soyadı eşidəndə; haradasa Fətalı adlı biri ilə qarşılaşanda…
ürəyimizdə eyni titrəyiş oyanıb:
İTKİN ƏMİM — FƏTALI ƏSGƏR OĞLU YOLÇUYEVdən (1910) bir nişanə, bir xəbər olarmı ola?..
Rəhmətlik Turac mamam and içəndə deyərdi: “Fətalının itkin canı haqqı”!..
Nə bacıları, nə də qardaş yolunda gözünün kökü saralan atam — heç biri əmimin ölümünə inanmadı. Onlar Fətalı əmimə “itkin”dən başqa heç bir statusu yaraşdırmadılar… Və həmin inamla da bu dünyadan köçüb, getdilər…
Bu gün, mən də — üzünü görmədiyim, səsini eşitmədiyim FƏTALI ƏMİMin bir gün qayıdacağına, ya da bir xəbərinin gələcəyinə inanmaqdayam.
Onun son məktubu — 1945-ci ilin sentyabrında, artıq müharibə bitəndən sonra, “Polevaya poçta”dan gəlib.
“Növbəti məktubum çox gec gələcək, darıxmayın…” — deyə yazıbmış…
Əmim 28 yaşında — təqribən 1938-ci ildə erməni şərinə düşərək həbs olunub, Şəmşəddil (indiki Berd) rayonunda “istintaq” edilib, iki ay sonra isə Komi MSSR-ə — cəzaçəkmə müəssisəsinə göndərilib.
1941–45-ci illər müharibəsi başlayandan bir il sonra, həbsdə olan dustaqların könüllü şəkildə cəbhəyə cəlb olunması ilə bağlı Kalininin imzasıyla sərəncam verilib. Əmim də həmin sərəncama əsasən cəbhəyə yollanıb…
Onun üzünü görməmişəm…
Heç bir şəkli qalmayıb…
Amma yaddaşlarımızda onun itkin canı və adı yaşayır.
Və bu yaşantının işığında — qardaşının və əmisioğlunun yaşlılıq şəkilləri, ailə izləri əsasında süni intellekt üç vizual yaddaş portreti işlədi:
Gəncliyi, müharibədən sonrakı ehtimal edilən həsrətli duruşu və ahıl yaşlarındakı xəyali siması…
Bu şəkillər bir qayıdış kimidir.
Sükutun içində gələn bir salam, illərdir qulaq kəsildiyimiz bir baxış…
İtkin canlara salam olsun!
Onlar görünmürlər — lakin bizimlədirlər…
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)