Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bu gün bir şeyin fərqinə vardım.
Böyüklər gözlərini bağlayıb yuxuya gedir. Başımızı yastığa qoyar-qoymaz gözlərimizi yumuruq.
Amma uşaqlar…
Uşaqlar yatmazdan əvvəl gözlərini uzun-uzadı açıq saxlayar. Biz yuxuya tez getmək üçün gözlərimizi ilk başdan yumarkən, onlar ən sonda bağlayar gözlərini.
Bu fərqlilik mənə maraqlı gəldi. Düşündüm ki, bir açıqlaması olmalıdır. Və bir az araşdırmağa başladım. Həqiqətən, düşündüyüm kimi idi. Həm bioloji, həm də psixoloji tərəfləri olduğunu öyrəndim.
Yetkinlərdə beynin yuxuya keçmə prosesi daha avtomatikdir. Gözləri bağlamaq işığı və vizual stimulları azaldır. Bu da melatonin hormonunun ifrazını artıraraq, beynə “artıq yuxu vaxtıdır” siqnalı verir. Ona görə də böyüklər adətən rahatlanmaq üçün gözlərini tez bağlayır və yuxuya keçid daha sistemli olur.
Uşaqların beyni hələ inkişaf mərhələsindədir. Onlar ətraf aləmi öyrənmək, müşahidə etmək ehtiyacı hiss edirlər. Hər şey maraqlı və yeni olduğundan yatmaq istəmirlər, gözlərini bağlamadan dünyanı “axırıncı dəfə” izləməyə çalışırlar. Bundan başqa, bəzi uşaqlar üçün yuxuya getmək həm də ayrılıq, nəzarətsizlik hissi yarada bilər. Ona görə daha uzun müşahidə edir, gec bağlayırlar gözlərini.
Biz artıq hər şeyə alışmışıq – işıqlı otaqlara, səs-küylü küçələrə, tanış üzlərə, eyni düşüncələrə. Baxmağa və təəccüblənməyə ehtiyacımız azalıb sanki. Yatmaq bizim üçün bir növ təmir vaxtıdır — fiziki və zehni istirahət.
Amma uşaqlar…
Onlar hələ heç nəyə doymayıblar. Onların beyni bir anlıq belə dayanmaq istəmir. Gözlərini bağlamaq onlar üçün bir şeyləri qaçırmaq qorxusudur. Onlar ətrafı izləyər, otaqdakı kiçik bir kölgəyə belə göz bərq edər, ananın nəfəs səsini, küləyin pəncərəyə dəyən pıçıltısını dinləyərlər. Onlar üçün hər şey təzədir, ilk dəfədir, son dərəcə maraqlıdır.
Uşaqlar üçün yuxu bir ayrılıqdır — bu gün baş verən gözəl anlarla vidalaşmaq, sabahın nə gətirəcəyini bilmədən qaranlıq bir səssizliyə düşmək. Onlar özlərini bu dünyadan ayırmaq istəməzlər. Bu səbəbdən də gözlərini ən sonda bağlayarlar — tam əmin olana qədər ki, artıq baxacaq başqa bir şey yoxdur.
Bəlkə də böyümək dedikləri şey — gözlərini daha tez yummağı öyrənməkdir. Daha az maraqlanmaq, daha az dayanıb baxmaq, daha az heyran qalmaq…
Amma bir uşaq gözündə dünya necə görünürsə, həyatın həqiqi rəngi də odur. Bəlkə biz də arada bir gözlərimizi açıq saxlamalıyıq — susaraq baxmalı, sadəcə baxmalı və heç bir şeyin “adiləşməsinə” icazə verməməliyik…
Bəlkə də biz böyüdükcə yalnız yuxuya getmirik — baxmağı, təəccüblənməyi də unuduruq…
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)