TƏLƏBƏ YARADICILIĞI – “Dörd ildir fasiləsiz oxuyuram...” Featured

Ayşən Cəfərli, Ağdam Dövlər Sosial-İqtisad Kollecinin tələbəsi, “Ədəbiyyat və incəsənət” üçün

 

Bir dəfə kitablar haqqında keçirilən bir tədbirə qatılmışdım. Məqsəd, kitabsevərləri bir araya toplamaq, onların düşüncələrini dinləmək və kitabların həyatdakı yerini paylaşmaq idi. Tədbirin elanını ilk dəfə eşidəndə çox sevinmişdim. Düşünmüşdüm ki, bu, tamamilə fərqli və maraqlı bir təcrübə olacaq. Həyəcanlı idim – birincisi, tədbir kitablarla bağlı idi, ikincisi isə bu mövzu ətrafında söhbətlər etmək, eyni kitabları oxuduğum insanlarla tanış olmaq fürsəti yaradacaqdı.

 

Amma bəzən gözlədiklərimizlə yaşadıqlarımız bir-birinə bənzəmir. Rəsmi hissə bitdikdən sonra bizdən rahat şəkildə, sərbəst fikirlərimizi bölüşməyimiz istəndi. Mən düşünmüşdüm ki, hər kəs ürəyindən keçəni deyəcək. Amma demə, çoxları əllərindəki vərəqləri oxuyurmuş. Həmin an anladım ki, tədbirdəki gənclərin çoxu ya kitablarla yeni tanış olub, ya da sadəcə gəlmək üçün gəlib. Halbuki mənim üçün kitablar haqqında danışmaq – həm də hazırlıqsız – olduqca təbii bir şeydir. Axı mövzu kitablardır. Nə qədər çətin ola bilər ki? Həm kitab oxuyan insanların zəngin söz ehtiyatı olur. Ən azından üç-dörd cümlə qura biləcək qədər. Bəs onda niyə hər kəsin əlində bir vərəq var? Özü də oxuyanda gözlərini o vərəqdən bir an belə ayırmırlar?

Həmin gün bir az gərgin idim. Elə bildim, yazılı şəkildə təqdim etməliyik. Onlar kitabların onlar üçün nə ifadə etdiyindən danışırdı. “Kitablar insanın inkişafı üçün vacibdir”, “Kitablar bilik mənbəyidir” kimi klişe cümlələr ard-arda səslənirdi. Sözsüz, bunlar doğrudur, amma hər insan üçün kitabların ifadə etdiyi mənanın eyni olduğunu düşünmək – çox səthi yanaşmadır. Kitablar yalnız inkişaf üçün vasitə deyil. Onlar bir ruh halıdır, bir yoldaşdır, bəzən də bir sığınacaq.

Orada iki nəfərin çıxışı diqqətimi çəkmişdi. Onlar oxuduqları kitabları misal gətirərək niyə bu kitabların həyatlarında xüsusi yer tutduğunu izah etdilər. Və bir nəfər də vardı – mənim kimi tədbirə hazırlıqsız gəlmişdi və əlində vərəqi olmayan yeganə iştirakçılardan biri idi. O, elə bu vərəqlər haqqında danışdı və çıxışı mənim çox xoşuma gəldi.

Bəs mən? Siz soruşa bilərsiniz ki, 'Kitablar sənin üçün nə ifadə edir?' sualına sən nə cavab verdin.

Mən danışmadım. Əslində susurdum, lakin səssiz cümlələr qururdum. Əlbəttə, kimsə mənim səssiz cümlələrimi eşitmirdi. Bir də ki, o cümlələri səsləndirəcək cəsarətim də yox idi. Amma həmin günə geri qayıtmaq mümkün olsaydı – ki bu, mümkün deyil – əgər gələcəkdə yenə belə bir tədbirə qatılacaq olsam, kitabın mənim üçün önəmini, nə ifadə etdiyini belə izah edərdim - deyərdim ki, mənim üçün kitablar sadəcə inkişaf vasitəsi deyil. Onlar mənim sığınacağım olub.

17 yaşım var. 4 ildir fasiləsiz oxuyuram. 100-dən çox kitab və bir o qədər də fərqli həyat hekayəsi tanımışam. Əvvəllər bu, sadəcə maraq idi, hobi idi. Amma son bir ildə kitablar mənim üçün bir həyat dəstəyi oldu. Hər bir insanın həyatında qaranlıq anlar olur. Düşüncələrinin içində boğulduğu, çıxış yolu tapa bilmədiyi anlar. Məni ayaqda saxlayan, həmin qaranlıqda işıq olan yeganə varlıq – kitablar idi. Hər kəsdən uzaq olduğum anlarda, sadəcə onlar vardı.

Bəzən insanlar bizi dinləməz, dinləsələr belə anlamaz. Amma kitablar anlayır. Onlar səssizdir, bəli... Amma o səssizlikdə minlərlə cavab gizlidir. Cavabsız qalan bütün suallarımın izahını o səssiz sətirlərdə tapıram.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.