
Super User
HANS DAL, “Artist”
Norveç rəssamı Hans Dalın (1849-1937) bu rəsmi onun təbiət vəsfinə hesablanmış bir çox rəsmlərindən ən məşhurudur.
Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalının açılışı olub
Aprelin 26-da Özbəkistanın qədim Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalının açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşan musiqi bayramına dünyanın 40 ölkəsindən musiqiçilər, elm və mədəniyyət xadimləri, baxşı (aşıq) sənətinin tədqiqatçıları, xalq ədəbiyyatının biliciləri qatılıb.
Açılış mərasimində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er və başqa şəxslər iştirak ediblər.
Əvvəlcə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin festival iştirakçılarına müraciəti oxunub. Müraciətdə deyilir: “Festivalımızın beynəlxalq nüfuzu durmadan artır. Budəfəki festivalın Şərqin mirvarisi olan Xarəzm vilayətində keçirilməsi ona xüsusi əhəmiyyət verir. Bu bölgənin musiqi məktəbi çox qədim və zəngin tarixə malikdir. Bu müqəddəs torpaqda Kurbonnazar Abdullayev, Qələndər baxşı – Ruzimboy Normatov, Abdulla Kurbonnazarov, Etmişboy Abdullayev və digər bu kimi parlaq səsə malik sənətkarlar yetişib”.
Sonra Özbəkistan incəsənət ustaları və Xarəzm vilayəti artistlərinin ifasında bir-birindən gözəl musiqi nömrələri ifa edilib.
Qeyd edək ki, festival çərçivəsində aprelin 26-da II Türk Dünyası Mədəniyyət Forumu da keçirilib. Azərbaycanın mədəniyyət naziri Adil Kərimli forumda çıxış edib.
Aprelin 28-də IV Beynəlxalq Baxşı Festivalının bağlanışı olacaq, qaliblər mükafatlandırılacaq.
“Ədəbiyyat və incəsənət”
(28.04.2025)
KİTAB BƏLƏDÇİSİ - Daim uyğun davranın
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mənəvi dəyərlərinizə uyğun davrandıqca özünüzü xoşbəxt hiss edirsiniz. Hər hansı bir səbəbdən güzəştə gedib dəyərlərinizə uyğun davranmadıqda özünüzü pis hiss edirsiniz. Və uyğun olaraq da, güzəştə getdikcə özünüzə inamınız və hörmətiniz azalır. Özünüzü qətiyyətsiz, zəif və narahat hiss edirsiniz. Dəyərlərinizi qurban verdikcə daxilinizdə, qəlbinizin dərinliyində nə isə fundamental bir yalnışlığın olduğunu hiss edirsiniz.
İnsanın demək olar bütün problemləri, yüksək dəyərlər və daxili inanclara dönməklə həll edilə bilər. Dönüb arxaya baxdıqda yəqin ki, həyatınızda, kapitalınızı qorumaq, işinizi və ya kiminləsə hansısa bir əlaqəni itirməmək üçün güzəştə gedərək dəyərlərinizə zidd davrandığınız məqamların olduğunu görəcəksiniz. Hər dəfə belə vəziyyətdə siz özünüzü pis hiss etmiş və sonunda hər şeyi buraxıb boş vermişsiniz. Və xarakterinizin gücü hesabına, sonunda boş verib getmədikdə özünüzü necə hiss etmişdiniz? Əla!
Hər dəfə, iradə və xarakterinizin gücün dən istifadə edərək dəyər verdiyiniz prinsiplərə dönərkən siz, bütün qəlbinizi dolduran sevinc və xoşbəxtlik hissi ilə mükafatlandırılırsınız. Özünüzü daha enerjili və sərbəst hiss edirsiniz. Və bu addımı daha öncə atmadığınız üçün təəssüf edirsiniz.
Brayan Treysi/Bəhanələrə yox (daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(28.04.2025)
5 nəfər tərəfindən vəhşicəsinə döyüldü, amma jurnalistikadan getmədi
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
1965-ci ildə Füzuli rayonunun Seyid Əhmədli kəndində dünyaya göz açıb. Bu kənddə boya-başa, ərsəyə çatıb. Və bir gün də doğma ata-baba yurdundan pərvazlanaraq Bakıya üz tutub, ali təhsil alıb, ev-eşik sahibi olub...
Deyir ki:- “Orta məktəb illərində dövrü mətbuatı, jurnalları oxuyurdum. Jurnalistikaya məndə həvəs yaranmışdı. O zaman Füzulidə “Araz” adlı qəzet çıxırdı. Məqalələrim həmin qəzetdə dərc olunsa da, nədənsə göndərdiyim şeirləri çap etmirdilər. Görünür ki, zəif şeirlər idi. Yaxşı ki, tez başa düşdüm ki, məndən şair çıxmaz, ona görə şeir yazmağın daşını atdım. Amma məqalələr yazırdım. Sonra respublika səviyyəli mətbuatda, “Azərbaycan gəncləri”ndə yazılarım, müəyyən xəbərlərim çıxırdı. Və Bakı Dövlət Universitetinə qəbul olundum. Jurnalistika fakültəsinə sənəd verməyə çalışdım, ancaq sənədlərimi götürmədilər. Tofiq Rüstəmov mənə dedi ki, qəbul edə bilmərik, sənədlərinizi başqa fakültəyə verin. O zaman jurnalistika və hüquq fakültəsinə sənəd vermək üçün ən azı 2 il iş stajı, ya da hərbi xidməti başa vurmaq tələb olunurdu. Fikirləşdim ki, sənədləri hara vermək olar, nisbətən təcrübəli abituriyentlərdən biri mənə məsləhət gördü ki, sənədlərimi kitabxanaçılıq fakültəsinə verim, sonra jurnalistika fakültəsinə dəyişərəm. O məqsədlə də kitabxanaçılıq fakültəsinə sənəd verdim və qəbul oldum. Elə oldu ki, birinci kursdan sonra hərbi xidmətə getdim. O vaxt qayda elə idi. Hərbi xidmətdən qayıdandan sonra yazılarım qəzetlərdə dərc olunmağa başladı. Jurnalistika fakültəsinin tələbələri ilə qaynayıb-qarışdıq. Fikirləşdim ki, fakültəni dəyişdirməyə də ehtiyac yoxdur. İş belə alındı ki, bu sahəni seçdim. Amma orta məktəbdə oxuyandan jurnalistliyə qərar vermişdim. Odur ki mətbuata gəldim…”
2006-cı il mayın 18-də beş nəfər naməlum şəxs tənqidi yazılarına görə qarşısını kəsərək, onu zorla avtomobilə əyləşdiriblər. Bakının kənarına apararaq, huşunu itirənədək döyüblər. Ayağının bir neçə yerdən sındığını, zədələrini görən yerli sakinlər onu xəstəxanaya çatdırıblar. Bu acı olaydan sonra bir il əziyyət çəkib, intensiv müalicə alıb...
“Bu, mənim həyatımın ən ağır məqamlarından biri idi. Təbii ki, insan həyatında cürbəcür çətinliklərlə qarşılaşır. Mən də bir çox çətinliklərlə qarşılaşmışam. Amma o hadisə, mənim həyatımda ən böyük sarsıntıdır. Heç vaxt yadımdan çıxmaz. Hələ də mənəvi ağrı-acılarını yaşayıram. Yəqin ki, heç vaxt da keçməyəcək.”- söyləyir.
İstedadlı jurnalist, yazışı-publisistdir. Maraqlı yazıları ilə ətrafına geniş oxucu auditoriyası toplaya bilib, həvəslə oxunur. Eyni zamanda, gözəl poeziya nümunələri yaradır. Necə deyərlər, dərd onu şairlik səviyyəsinə qaldıra bilib. Şeirlərinə, yazılarına hopan bu dərd, misra-misra, sətir-sətir ah çəkir, qəlbləri göynədir...
Ailədə yeddi uşaq olublar. Atası Füzuli rayonunda Suvarma Sistemləri İdarəsində fəhlə işləyib. Anası isə fəhlə olub…
Deyir ki:- “Mən ailədə üçüncü uşaq idim. Bizim ailə bir sıra qəzetləri, hətta rus dilində “Literaturnaya qazeta”nı da alırdı. Orta məktəbdə tatar müəlliməmiz vardı, bizim kəndə təzə gəlin gəlmişdi, ondan rus dilini öyrənmişdim. Artıq orta məktəbin son siniflərində rusca qəzetləri də oxuyurdum. Fəhlə ailəsi olsaq da, qəzet, kitab oxumaqdan qalmazdıq. Evimizdə çoxlu kitab vardı...”
Həssas təbiəti var. Möhkəmlik, dözümlülük, güclü iradə onun ən əhəmiyyətli xüsusiyyətləri sırasındadır. Kimsə onu asanlıqla istiqamətləndirə, idarə edə bilməz. Həyat yolunda sabit, mühafizəkar davranmağı xoşlayır. Sülh və əminamanlıq tərafdarıdır, amma mübarizəsindən heç zaman dönməz, əqidə adamıdır. İti zəkası var. Etibarlı və sədaqətlidir, əmanətə xəyanət etmək ruhuna ziddir. Dəyişkən, xəbis adamlardan həmişə uzaq dayanır. İradəsi güclü olduğundan çətinliklərin qarşısında ümidsizliyə düşmür, sarsılmır...
“Mən jurnalistikaya bir missiya kimi baxıram. Bu, mənim işimdir. Mən bu işdən ləzzət alır, bu işlə yaşayıram. Cəmiyyət nə qədər varsa, media da olacaq. İstərdim ki, bundan daha yaxşı şərtlər yaransın, jurnalistika ilə daha yaxşı məşğul olaq. Şükür ki, “Bizim Yol” qəzeti hələ də yaşayır və çalışırıq ki, sözümüzü deyək, cəmiyyəti daha da maarifləndirək.”- söyləyir.
Onu həyatda cəmi bir, ya da ki, iki dəfə görmüşəm. Yerişindən, duruşundan, davranışından az da olsa xəbərim var. Yazılarından isə, onu maraqlı və məzmunlu adam kimi tanımışam. Obrazlı desəm, çeşmələr kimi saf, dağ çayları kimi coşqun, dəniz kimi təlatümlüdür...
Ən böyük arzusu ailəsinin problemlərini həll etməyə qadir olmaq, övladlarının cəmiyyətdə layiqli yer tutmasıdır. Ümumi ictimai arzusu isə, ölkəmizi həmişə azad, insanlarını xoşbəxt görməkdir...
...Yəqin ki, söhbət zamanı işlətdiyim “Bizim yol” qəzeti” kəlmələri kimdən danışdığımı sizə xatırlatdı. Bəli, mən “Bizim yol” media resurslarının rəhbəri, şair, yazıçı-publisist, jurnalist Bahəddin Həzidən danışıram...
Bu gün - aprelin 28-i Bahəddin bəyin yubileyidir, 60 yaşı tamam olur. Bahəddin bəyə möhkəm can sağlığı, firavan həyat, yaradıcılıq uğurları arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(28.04.2025)
TƏLƏBƏ YARADICILIĞI – “Bir fincan qəhvə” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Tələbə yaradıcılığı rubrikasında artıq imzası kifayət qədər bəyənilən NDU-nun Filologiya ixtisası üzrə II kurs tələbəsi Fərasət Babazadənin “Bir fincan qəhvə” hekayəsini təqdim edir.
Yenə bir gün yorğunluqla evə qayıtdı. Ayaqqabılarının altı yerə toxunduqca, küçədə əks-səda kimi səssizlik dolaşırdı. Qapını açan kimi tanış bir soyuqluq üzünə vurdu — nə istilik vardı, nə səs, nə də “xoş gəldin” deyən bir nəfəs.
Bu ev bir vaxtlar gülüş dolu idi, indi isə divarlar belə susmağa öyrəşmişdi. Paltosunu çıxarmağa ərinib, birbaşa mətbəxə keçdi. Soyuducunu açdı, amma içindəkilər adama yad gələn xatirələr kimi idi.
Əlləri masanın kənarına toxundu, bir anlıq dayandı. Hə, yenə təkdi. Özünə yemək hazırlamaq istəyi yox idi, çünki doymaq üçün yeməkdən çox, içindəki boşluğu doldurmaq lazım idi. Mətbəxdəki sükut onu bir az da ovurdu. Geri çəkildi, sanki orada qalmaq buxarlanmaq deməkdi. Sadəcə isti qəhvə istəyirdi. Bir fincan qəhvə...
İş otağına keçdi. Köhnə, solğun masa, üstündəki cızıq-cızıq izlər, keçmişdən qalma xatirələr kimi gözə batırdı. Oturdu. Kənarda duran fincana, hazırladığı qəhvəyə baxdı. Əllərini bir-birinə toxunduraraq fikirlərə daldı.
Sonra, qəfil bir səslə susqunluq parçalandı — qapı döyüldü. Bir an nəfəsini tutdu, sanki keçmişdən kimsə çağırmışdı. Yavaşca pərdəyə yaxınlaşdı, ordan kənara baxdı. Həyətdə duran oğlunun dostunu gördü — elə tanış, elə saf bir sima. Qapıya tərəf addımladı. Kreslodan sallanan paltonun ətəkləri zəifcə yelləndi. Qapını açdı. Üzü yüngül bir təbəssümlə işıqlandı:
— Nə yaxşı gəlmisən, oğlum... Sanki bu səssiz ev bir nəfəs aldı...
Qapının ağzında duran gənc başını bir az aşağı əyib, sanki içəriyə girmək üçün icazə deyil, həm də bir az təsəlli istəyirmiş kimi dilləndi:
— Neçə gündü Turalla görüşmürəm, gəldim elə onu görüm.
Atanın üzündə əvvəlcə yüngül bir təəccüb dalğalandı, qaşları bir az çatıldı, səsi yumşaqdı, amma içində gizli bir narahatlıqla titrəyirdi:
— Bəs dərsə gəlmir?
Oğlan çiynini çəkdi, baxışlarını divara dikdi, sonra bir az ehtiyatla dedi:
— Çox vaxt kitabxanada olur.
Ata bir anlıq duruxdu. Bu cavab ona tanış göründü. Dodaqlarında azacıq, demək olar ki, duyulmayacaq qədər zəif bir təbəssüm doğdu, sonra başını tərpədib dedi:
— Yaxşı, oğlum, keç içəri.
Oğlan sakit addımlarla içəri keçdi, sanki sükutun içində bir növ ehtiram vardı. Divanda oturanda əllərini dizlərinin üstünə qoydu, barmaqları ilə bir-birini sıxaraq nə isə demək üçün söz axtardı. Nəhayət, ürəyindəki ağırlığı bir nəfəs kimi buraxdı:
— Tural son günlərdə bir az qəribə rəftar edir. Ancaq kitabxanaya gedir, nələrsə oxuyur, fərqli görünür gözümə.
Atanın baxışları bir anlıq pəncərəyə ilişdi, elə bil orada Turalın dəyişən siması, dəyişən ruhu var idi. Sonra başını azacıq tərpədib yavaş, lakin qərarlı bir səslə dedi:
— Hə... Bildim sən nəyi deyirsən. İndi danışaram...
Və bu sözləri deyib ağır addımlarla otağına doğru getdi. Onun arxasınca otaqda dərin bir sükut yayılıb divarların arxasındakı sirrə qulaq asırdı.
Ata otaqdan çıxanda sanki özü ilə illərin yüklərini də sürüyürdü. Oğlan divanda oturmuşdu, ancaq artıq otağın havasında qəribə bir gərginlik vardı, sükutun içində danışmaq istəyən köhnə bir hekayə dolaşırdı.
Bir neçə dəqiqə sonra ata geri qayıtdı. Əlində iki fincan vardı, qəhvənin qoxusu otağa yayılmışdı, isti idi, amma içindəki sükunət soyumağa başlamışdı. Fincanlardan birini oğlana uzadaraq, boş fincanı isə əlində tutub yanında oturdu. Nəhayət, boğazını təmizləyib, səsini alçaq, lakin sanki içini yandıran bir tonla sözə başladı:
— Sizin sinifdə bir oğlan vardı... Sakit uşaq idi... Eşitdiyimə görə sizə heç qarışmırdı. Adı nə idi onun?..
Oğlan gözlərini bir nöqtəyə zilləyib, bir az fikrə getdi, sonra yavaşca cavab verdi:
— Müəllim... İsmayılı deyirsiz?
Ata başını aşağı salladı. O hərəkətdə nədənsə təsdiq vardı. Səsi bir az titrədi, amma yenə də davam etdi:
— Hə... İsmayıl idi adı...
Otağın havası ağırlaşdı, qəhvənin buxarı havaya qarışdıqca, yaddaş da dumanlanırdı...
Ata sözlərini çəkə-çəkə danışırdı. Səsi yorğun idi, yaddaşındakı tozlu vərəqləri çevirirmiş kimi danışmağa davam etdi:
— İsmayıl dərslərində zəif idi... Bilirsən, elə uşaqlar var ki, dərsə gəlsələr də, fikirləri haralardasa dolaşır... O, çox vaxt çöldə olardı, bəzən tək, bəzən özüylə danışa-danışa...
Oğlan diqqətlə qulaq asırdı. Fincandakı qəhvə soyumağa başlasa da, söhbətin içində bir istilik vardı, unudulmaq üzrə olan bir uşağın hekayəsi canlanırdı. Ata isə səssiz, təmkinli danışırdı, hər söz bir xatirəyə toxunurdu:
— Bir gün Tural dedi ki, müəllim tapşırıq verib. İkili şəklində. Amma... İsmayıl yaxşı oxumur. Tural əvvəl etiraz edibmiş, amma sonra razılaşıb. Tapşırıq üçün kitabxanaya getməli olublar.
Ata bu nöqtədə durdu. Elə bil bu cümlənin sonrasını demək üçün əvvəlcə öz-özünü inandırmalıydı. Barmaqları fincanın kənarında dolaşdı, baxışları bir nöqtəyə zilləndi, sonra astaca dedi:
— Elə... hər şey orda başladı.
Bir anlıq sükut çökdü. Atanın səsi daha sonra yenidən qayıtdı, indi daha da yumşalmış, amma içində nəsə qırılmış bir tonla:
— Tural... İsmayıla kitab aldı.
Beləliklə, İsmayıl sadəcə öz dünyasında yaşamağa başladı. Dostları ilə vaxt keçirmirdi, gülmürdü, əylənmirdi, dərsləri daha pis vəziyyətə gəlmişdi. Çox dəyişmişdi. Atası dedi:
— Onun yalnızlığı kitab oxumağa başladığı an başladı. Bütün dünya kitabdan çöldəydi, o isə kitabın içində idi.
Sözlər otaqda asılı qaldı. Oğlunun dostu fincanı əlləri arasında fırlada-fırlada bir müddət susdu. Qəhvənin qoxusu yavaşca soyuyan anları xatırladırdı. Baxışları fincanın dibində itib gedəndə düşüncələr də dərinləşdi. Düşündü... düşündü ki, o kitabda nə isə görüb. Orda nə isə tapıb.
Bəlkə bir söz? Bəlkə bir fikir?
Başını qaldırıb müəlliminə baxanda, birdən nəsə dəyişdi. Müəllimi ona fərqli baxırdı. O baxışda nə sərtlik, nə də təəccüb vardı — daha çox bir sükut, bir səssiz etiraf vardı. Sanki deyirdi:
Və elə bu anda...
Qapı döyüldü. İçəri Tural gəldi.
Tural içəri keçəndə otaqda qəribə bir səssizlik vardı. Havanın içində nəsə qalırdı. Bitməmiş bir sual, yarımçıq qoyulmuş bir fikir kimi. O, atasına baxdı, sonra da onun əlində tutduğu boş fincana. Səsi nə sərt, nə də laqeyd idi, amma sanki bir az yorğun:
— Burda nə edirsiz?
Dostu üzünə baxmadan, sakit səslə dedi:
— İsmayıl haqqında danışırıq.
Tural sakitcə gəlib yanlarında oturdu. Heç nə demədi, amma baxışlarında bir tanışlıq vardı — elə bil bu söhbətin əvvəldən xəbərçisiymiş kimi. Atası ayağa qalxdı, Turala baxdı, söhbətin onlara aid olduğuna işarə edən baxışla otağına keçdi. Ama çox dərin baxdı... Kompüterinin qarşısına əyləşdi, barmaqları klaviaturada dolaşmağa başladı.
O biri otaqdan isə uşaqların pıçıltılı söhbəti eşidilirdi. Dostu Turaldan soruşdu:
— İsmayıla nə olub?
Tural cavabı dərhal verdi. Heç tərəddüd etmədən:
— Heç nə. Elə əvvəlki kimidir.
Amma dostu dayanmadı. Həmin o içində dolaşan sualı dayanmadan soruşdu:
— Axı müəllim deyir ki...
Bu söz, sanki bir düyünü açdı. Turalın üzündəki ifadə dəyişdi. Gözləri bir nöqtədə dondu. Həmin o an, nələrinsə yerinə oturduğu an idi. Hər şey aydın olurdu, amma nəsə dəyişirdi.
Tural bir anlığa susdu. Baxışlarını dostunun üzündə gəzdirib, dodaqlarını yavaşca araladı. Səsi, sanki içində uzun zaman bükülüb qalmış bir fikri azad edirmiş kimi titrədi:
– Bəlkə də danışmazdan əvvəl düşünür... “Lazımdırmı? İçində sevgi varmı? Kimisə incidə bilərmi? Ən əsası da səssizliyini pozacaq qədər dəyərlidirmi?
Otaqda qısa bir sükut oldu. Qəhvənin qoxusu havada bir az daha ağırlaşdı. Dostu başını azca yana əydi, baxışları sanki uzaqlardan gəlirdi. Sakitcə dedi:
– Bəlkə də... danışmağa layiq bir qulaq tapmır?
Bu cümlədən sonra Tural gözlərini masadakı dolu fincana dikdi. Elə bil qəfil bir pəncərə açıldı içində. Atasının bir az əvvəl dediyi hər kəlmə, bir kitab səhifəsi kimi çevrilməyə başladı beynində. Və anladı... Anladı ki, bu sadəcə bir oğlanın kitab sevdası deyilmiş. O, bir dostun hədiyyə etdiyi kitabla susmağa başlamışdı. Və həmin susqunluq, dərslərdəki geriləmədən daha böyük bir dəyişiklik idi. Dostlarının onu necə gördüyünü indi daha aydın anlaya bilirdi – bir anda yoxa çıxan, lakin içində bir aləm yaranan o uşaq.
Həmin vaxt müəllim otağında yazısına davam edirdi. Barmaqları klaviatura üzərində sükutla hərəkət edirdi, amma içindəki sözlər gurultulu idi. Fikirlər qaranlıqdan süzülürdü, yavaşca aydınlaşırdı, cümləyə çevrilirdi. Yazırdı:
“Balığı sudan çıxardır, deyir: ‘boğulurdu, mən xilas etdim.”
Nə bilirsən… bəlkə də sənin boğulduğun yerlərdə başqalarının azadlığı başlayır.
Bəlkə sən qurtuluş adlandırdığın şeyi, o nəfəsin sonu sanırdı.
Hər kəsin havası eyni deyil… hər kəsin dünyası da.”
Müəllim bu sətirləri yazarkən gözlərini bir anlığa ekranın işığından çəkdi. Sanki qapının o tayındakı gənc oğlanlar deyil, bu sətirlər danışırdı.
İllər keçdikcə insan anlayır ki, hər hiss üçün söz gərək deyil. Bəzən gözlərin söylədiyini dillə demək mümkünsüzdür. Elə anlar olur ki, səslər bir divara çarpıb geri dönür, amma sükut birbaşa qəlbə yol tapır. Danışmadan duyulan filmlər var, bir də ürəyi ilə danışan insanlar. Onlar heç nə demədən elə çox şey söyləyirlər ki, səssizlik işıq kimi içini isidir. Bəzən də danışmadan anlayan insanlar var...
“Ədəbiyyat və incəsənət”
(28.04.2025)
OĞUZ ABİDƏLƏRİ: Surxay xan qalası
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Azərbaycanın qəhrəmanlıq tarixi və memarlıq mədəniyyətinin gözəl nümunələrindən biri də Oğuz rayonunun mərkəzindən 55 km şimal – şərqdə, Filfilli kəndinin şimalındakı Surxay xan qalasıdır. Surxayxan qalası (XVIII əsr) Filfillidən piyada təxminən 40 dəqiqəlik məsafədədir.
Qala düzbucaqlı formada olub, hündür qaya üzərində ucaldılmışdır. Eni bir metrə yaxın, hündürlüyü təxminən 10 m. olan qala divarları qayanın düz uçurumunda bənd edilmişdir. Bildiyimiz kimi, qədim zamanlarda tikilən qalalar böyük hərbi əhəmiyyət daşımışdır. Odur ki, tikildiyi yerlər hərbi nöqteyi-nəzərdən seçilmişdir, hündür, əlçatmaz yerdə qaya başında ucaldılmışdır. Bu xüsusiyyətlər Surxay xan qalasına da aiddir. Qala əsasən çay daşından və kərpic məhlulundan hörülmüşdür. Yalnız qərb hissəsində qoyulmuş giriş qapısı və otaqdan-otağa keçid qapılarının kənar hissələri qıırmızı kərpicdən inşa edilmişdir. Əfsus ki, qalanın divarları bir neçə yerdən dağıdılmışdır.
Üst hissəsindən baxanda aydın olur ki, qala 5 otaqdan ibarət olmuşdur. Otaqların üstü taçbənd formada tamamlanmış, yan divarları isə müdafiə məqsədilə bir metr hündürə qaldırılmışdır.
Bu divarlarda 4 tərəfdən çoxlu mazğal yerləri qöyulmuşdur. Otaqların üstü illər keçdikcə müxtəlif təsirlər nəticəsində uçub içəri tökülmüşdür. Daxili divarların bəzi hissələrinin də uçması nəticəsində ayrı-ayrı otaqlara gedən yolların çoxu kəsilmiş, torpaqla, dolmuşdur.
Bütün müdafiə qalaları kimi, Surxay xan qalasının da gizli yolu olmuşdur. Bu yol adətən mühasirədən çıxmaq, yaxud həmin yol vasitəsilə ətrafla əlaqə yaradarkən düşməni duyuq salmamaq üçün nəzərdə tutulmuşdur. Yeraltı gizli yol Surxay xan qalasında uçurum hissəsindəki divarda qurulmuşdur.
Qalaya yeraltı su kəməri də çəkilmişdir. Bu isə yadellilərin hücumları zamanı əhalinin müdafiə üçün qalaya çəkilməsi və uzun müddət burada yaşamasına dəlalət edir. Qalanın ətrafındakı yaşayış evlərinin xarabalıqları bu gün də qalmaqdadır. Qala ərazisində aparılmış arxeoloji qazıntılar zamanı çoxlu məişətdə istifadə olunan maddi-mədəniyyət nümunələri, o cümlədən Surxay xanın adı yazılmış mis cam tapılmışdır.
Bütün bunlar bir daha sübut edir ki, qala xvıı əsrdə Dağıstan feodalı Surxay xan tərəfindən tikilmişdir. Qala Surxayxanla Nadir xan arasında qanlı döyüşə şahidliq edib. Nadir şahın Dağıstana və Azərbaycana hücumları zamanı dağıldılmışdır.
Bu adda qalaların Göyçay və Şamaxı rayonlarında da olduğu bildirilir.
Kim bilir bəlkə də Azərbaycan tarixinin qaranlığa düşmüş maraqlı bir səhifəsi, zəncirindən qırılmış halqa məhz bizim bu qalanın tarixi ilə bağlıdır.
“Ədəbiyyat və incəsənət”
(28.04.2025)
ABŞ-ın iqtisadi vəziyyəti sürətlə pisləşir – SİYASİ
“Ədəbiyyat və incəsənət” siyasi icmalçı Asif Şəfəqqətovun ABŞ prezidentinin siyasəti barədə yazısını təqdim edir.
Bəli, ABŞ-ın iqtisadi vəziyyəti sürətlə pisləşir. Tramp tarif sanksiyalarından gözlədiyi nəticəni ala bilmir.
ABŞ tarixində prezidentlə FRS sədri arasında indiki səviyyədə açıq didişmə (söyüşmə) olmamışdı. Tramp suverenİstdir, FRS isə əsas qlobalizm institudur; Tramp dövləti, FRS isə transmilli maliyyə şirkətlərini təmsil edir. Buna görə də onların maraqları tam bir-birinin əksinədir.
Tramp Pauellin istefa verməsini (vaxtından əvvəl vəzifəsindən çıxara bilməz), Pauell 2026-cı il aralıq seçkilərində trampçıların məğlub olmasını istəyir.
Tramp Pauelli "cənab Tormoz, böyük uğursuz və səriştəsiz idiot" adlandırır və onun dərhal istefaya getməli olduğunu bildirir. Pauell isə Trampın siyasətini açıq şəkildə tənqid edir (indiyəcən belə şey olmamışdı) və bu siyasətin müəllifinin dəli və ya axmaq olduğuna eyham vurur.
Tramp mahiyyətcə FRS-i dövlətə (özünə) tabe etmək və dollar çapı maşınını nəzarətinə götürmək, büdcə kəsirini emissiya ilə bağlamaq istəyir. O artıq anlayır ki, bunsuz qlobalistlərə qalib gələ bilməyəcək. Avropa qlobalistlərini də saxlayan FRS-dir. Tramp hətta FRS-in Avropa banklarına nə qədər dollar köçürdüyünü belə bilmir.
Qlobalistlər isə FRS-in dövlətə tabe olmasını heç cür qəbul edə bilməzlər. Onlar bunun baş verməməsi üçün vətəndaş müharibəsinə də gedərlər. Əlbəttə, əgər Trampı neytrallaşdıra bilməsələr. Hər halda Con Kennedini zərərsizləşdirə bildilər.
Amma Kennedi dövründən fərqli olaraq, indi ABŞ-ın maliyyə-iqtisadi vəziyyəti ağırdır, ölkə elitası parçalanıb. Elitadaxili didişmə bu intensivliklə davam edərsə, hətta bu ilin sonunadək ABŞ-da texniki defolt baş verə bilər.
Keçən hər gün ABŞ-ı vətəndaş müharibəsinə yaxınlaşdırır.
“Ədəbiyyat və incəsənət”
(28.04.2025)
Türk xalqlarında toy, yas və adqoyma adətlərinin mənşəyi və bənzərlikləri
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə Türk xalqlarının mədəniyyəti və iris layihəsində bu dəfə sizlərə türk xalqlarının müxtəlif adətlərindən danışacağıq.
Türk xalqları tarixin müxtəlif dövrlərində böyük coğrafiyalara yayılmış, buna baxmayaraq, bir çox ortaq adət-ənənələrini qoruyub saxlamışdır. Xüsusilə toy, yas və adqoyma mərasimləri türk mədəniyyət sistemində mühüm yer tutur və bu adətlərin kökləri qədim türk inançlarına, şamanizmə, islamlaşmadan əvvəlki və sonrakı dövrlərə dayanır.
Adətlərin mənşəyi:
1. Şamanizm və qədim türk inancları:
- Qədim türklərdə təbiət qüvvələrinə, ruhlara inam əsas idi. Toy, yas və adqoyma mərasimləri bu inamın əlamətləri kimi formalaşmışdı.
- Ruhların razı salınması üçün mərasimlərdə xüsusi ayinlər və dualar edilirdi.
- Gök Tanrı inancı (Göy Tanrı) həyatın əsas dövrlərini – doğum, evlilik və ölümü müqəddəs mərhələlər kimi qəbul edirdi.
2. İslamlaşma və yeni elementlərin gəlişi:
- VIII-IX əsrlərdən sonra türk xalqları İslamı qəbul etdikcə, toy, yas və adqoyma mərasimlərinə İslam elementləri (məsələn, Quran oxunması, ad seçərkən dini motivlərə diqqət) daxil oldu.
- Ancaq köhnə türk adətləri yeni dini çərçivədə yenidən yozularaq yaşamağa davam etdi.
Toy adətləri:
Mənşə:
- Toy — ailə qurmaqla yalnız fərdi həyat deyil, həm də tayfa və icma arasında yeni əlaqələrin qurulması demək idi.
- Qədim türklərdə toy eyni zamanda bir siyasi ittifaq vasitəsi (tayfalararası sülh müqaviləsi) kimi də istifadə olunurdu.
Ortaq elementlər:
- Elçilik: Bütün türk xalqlarında (qazax, qırğız, özbək, azərbaycanlı, türkmən) elçi göndərmək ənənədir.
- Başlıq: Qız tərəfə verilən başlıq (bəy pulu) qədim türklərdə icmaya edilən bir töhfə kimi meydana çıxmışdır.
- Toyun kollektivliyi: Toylarda bütün icmanın iştirakı zəruri sayılırdı — toy sadəcə iki şəxsin deyil, iki tayfanın birləşməsi idi.
Nümunələr:
- Azərbaycan: "Elçi düşmək", "qız bəyənmək", "nişan", "xınayaxdı" mərasimləri.
- Qazaxlar: "Qudalar" (qohum olan ailələr) arasında xüsusi münasibətlər sistemi qurulurdu.
- Qırğızlar: "Kyz kaçırıp" (qız qaçırmaq) adəti — bəzi hallarda razılaşılmış formal toy növü.
Yas adətləri:
Mənşə:
- Qədim türklərdə ölüm sadəcə fiziki yox olma deyil, ruhun başqa dünyaya keçməsi kimi başa düşülürdü.
- Ölüm mərasimləri ruhun təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyırdı.
Ortaq elementlər:
- Ağı: Yas mərasimlərində ölən şəxs üçün ağılar söyləmək geniş yayılmışdı.
- At üstündə dəfn: Göytürk dövründə qəhrəmanlar atları ilə birlikdə dəfn olunurdu.
- Qara geyinmək: Yas tutan insanlar qara geyimlərə üstünlük verirdilər.
- Ölü üçün qurban kəsmək: Əcdadların ruhlarına hörmət üçün heyvan qurbanı kəsilirdi.
Nümunələr:
- Azərbaycan: "Üç", "Yeddi", "Qırx" mərasimləri (ölümdən sonra üçüncü, yeddinci və qırxıncı gün dualar).
- Qazaxlar və Qırğızlar: Ölüm ildönümündə geniş yas mərasimləri ("As") keçirirlər.
Adqoyma adətləri:
Mənşə:
- Qədim türklərdə ad insana xarakter və taleyin verilməsi anlamına gəlirdi.
- Ad seçmək çox məsuliyyətli bir iş hesab olunurdu və adın daşıdığı enerji və mənaya çox ciddi yanaşılırdı.
Ortaq elementlər:
- Böyük şəxslərin adını vermək: Qohumlar və əcdadların adları uşaqlara verilməklə onların ruhən qorunacağına inanılırdı.
- Məna yüklü adlar: Adlar tez-tez təbiət hadisələri, heyvanlar, güclü xüsusiyyətlərlə bağlı olurdu (Börü — qurd, Alp — igid, Ayxan — ay və xan).
Nümunələr:
- Azərbaycan: "Adqoyma mərasimi" (adətən uşağın adını baba, nənə və ya din xadimi verir).
- Qazaxlar: Uşağın adını doğuşdan üç gün sonra ağsaqqal verir.
- Özbəklər və Türkmənlər: Adqoymada Quran oxumaq ənənəsi.
Bənzərliklərin səbəbləri:
- Ortaq mədəni kök: Türklərin hamısı Altay mənşəlidir və ortaq şamanistik dünyagörüşü paylaşırlar.
- İslam dini: İslamın qəbulundan sonra bu ortaq köklər İslam elementləri ilə zənginləşdirilib.
- Tarixi və mədəni qarşılıqlı təsir: Orta Asiyadan Anadoluya, Qafqazdan Balkanlara qədər türk tayfalarının qarşılıqlı təsirləri nəticəsində bu adətlər geniş şəkildə oxşarlaşıb.
Nəticə:
Türk xalqlarının toy, yas və adqoyma adətləri dərin köklərə malik olmaqla yanaşı, bugünkü dövrdə də həm fərdi, həm də ictimai kimliyin formalaşmasında mühüm rol oynayır. İstər qədim şaman ayinlərinin izləri, istərsə də islamlaşmadan sonra əlavə olunmuş dini motivlər, bu mərasimlərin zəngin və rəngarəng mədəniyyət mirası olduğunu göstərir. Türk xalqları arasında bu adətlərin bənzərliyi onların ortaq tarixi yaddaşının və mədəni əlaqələrinin davamlılığının canlı sübutudur.
“Ədəbiyyat və incəsənət”
(28.04.2025)
HACI ZEYNALABDİN TAĞIYEV barədə uşaq hekayələri – “Bənövşə ətri”
Zahirə Cabir, Əməkdar Mədəniyyət İşçisi, AYB-nin üzvü. “Ədəbiyyat və incəsənət” üçün
Yaz fəsli özünü yavaş-yavaş göstərməkdə idi. Tumurcuqlardan çıxan balaca yarpaqlar görünməyə başlamışdı. Çəmənlər yaşıllaşır, rəngarəng çiçəklər açırdı. Ümmüxanım bağda çoxlu çiçəklər əkmişdi. Qızılgül, qərənfil, payız gülləri...
Ağacdan-ağaca, koldan-kola qonan rəngarəng kəpənəklər ötüşür, cəh-cəh vuran quşlar yuva tikməyə, bala çıxarmağa hazırlaşırdı. Bağın içində gəzərkən otların iyi, havanın ətri insana ləzzət verirdi. Ana böyürtkən kollarının dibində bitən bənövşəni dərib iylədi. Sonra yenidən iyləyib onu sanki sinəsinə çəkdi. Oğlunun iyləməsi üçün bənövşəni düz burnuna yaxınlaşdırdı:
-Oğlum, bənövşə balaca olmasına baxmayaraq çox ətirlidir. Amma, vaxtilə bənövşə belə balaca olmayıb. Onun haqqında bir əfsanə eşitmişiməm. İstəyirsən danışım?
-Hə, anacan, danış!
- Əfsanəyə görə bənövşə qızılgüllə dostluq edirmiş. Həmişə qızılgül kolunun dibində yaşayır və öz ətri ilə qızılgülü ruhlandırırmış. Beləcə onlar mehribancasına birlikdə yaşayırmışlar. Bir gün qızılgül koluna bir bülbül qonaq gəlir. Bu gül ona o qədər xoş gəlir ki, ondan ayrılmaq istəmir. Günlərlə onun başına dolanıb açılması üçün xoş nəğmələr oxuyur. Qızılgüllə bülbül o qədər dostlaşırlar ki, bənövşə yaddan çıxır. Bənövşə çox kədərlənir, boynu əyilir, rəngi solur və az müddətdən sonra özü də solub gedir. O vaxtdan bənövşə daha qızılgüllə dost olmur, həmişə otların arasında, kolların dibində bitir. Bax, bizim bənövşə də böyürtkən kollarına pənah gətirib.
Ana gülləri suladı, alaq etdi. Zeynalabdin bənövşədən birini dərib iylədi, sonra yerə atdı. Başını günəşə sarı boylayan qırmızı qızılgüllərdən birini dərmək istəyirdi ki, tikanı əlinə batdı. Ağrıdan ufuldadı. Ana oğlunun barmağından tikanı çıxardı. Sonra yerdən bağayarpağı dərib tikan batan yerə bağladı:
- Oğlum, gülü lazımsız yerə dərib atmaq olmaz. Onlar da canlıdır. Bizdən inciyərlər. İstəyirəm ki, böyüyəndə harada yaşasan orada gül-çiçəklik yaradasan. Bax, onda xeyirli iş görmüş olarsan. İnsanlar çiçəklərə baxanda sevinər, dərdi, qəmi unudarlar.
“Ədəbiyyat və incəsənət”
(28.04.20250
Göyçəli yazar Eldar Həsənlinin doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Eldar Həsənli 1960-cı il aprelin 28-də Göyçə mahalının Basarkeçər rayonunun məşhur Daşkənd kəndində, şair Həsən Xəyallının ailəsində anadan olmuşdur.
Ədəbi fəaliyyətə Bərdə rayonunun "Müəllimlər evi"nin nəzdində olan poeziya dərnəyində rəhbər kimi başlamış, "Uşaq poeziyası" dərnəyinə rəhbərlik etmişdir. Eldar Həsənli Azərbaycan Aşıqlar Birliyinin Bərdə bölgəsi üzrə şöbə müdiri işləmişdir. İlk şeiri 1983-cü ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur. Hazırda bir çox almanaxlarda, jurnallarda, qəzetlərdə şeirləri və publisist yazıları çap olunur. Əsərləri geniş oxucu rəğbəti qazanmışdır.
İndiyə kimi 5 kitabı işıq üzü görüb:
- Aqilim, Sərrafım qaldı Göyçədə
- Gözlərimin yaşı qalıb o yerdə
- Göyçə mənim, qadası, Ələsgərim, Alımdır
- Sən günəşin zərrəsiydin
- Dünya mənim qəfəsimdi
Seçilmiş əsərlərindən və son illər qələmə aldığı şeirlərindən ibarət altıncı kitabı çapa hazırlanır.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bakı şəhərində yaşayır, işləyir və ədəbi fəaliyyətini müntəzəm davam etdirir.
“Ədəbiyyat və incəsənət”
(28.04.2025)