TƏLƏBƏ YARADICILIĞI – “Bir fincan qəhvə” hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalı Tələbə yaradıcılığı rubrikasında artıq imzası kifayət qədər bəyənilən NDU-nun Filologiya ixtisası üzrə II kurs tələbəsi Fərasət Babazadənin “Bir fincan qəhvə” hekayəsini təqdim edir.

 

Yenə bir gün yorğunluqla evə qayıtdı. Ayaqqabılarının altı yerə toxunduqca, küçədə əks-səda kimi səssizlik dolaşırdı. Qapını açan kimi tanış bir soyuqluq üzünə vurdu — nə istilik vardı, nə səs, nə də “xoş gəldin” deyən bir nəfəs.

Bu ev bir vaxtlar gülüş dolu idi, indi isə divarlar belə susmağa öyrəşmişdi. Paltosunu çıxarmağa ərinib, birbaşa mətbəxə keçdi. Soyuducunu açdı, amma içindəkilər adama yad gələn xatirələr kimi idi.

Əlləri masanın kənarına toxundu, bir anlıq dayandı. Hə, yenə təkdi. Özünə yemək hazırlamaq istəyi yox idi, çünki doymaq üçün yeməkdən çox, içindəki boşluğu doldurmaq lazım idi. Mətbəxdəki sükut onu bir az da ovurdu. Geri çəkildi, sanki orada qalmaq buxarlanmaq deməkdi. Sadəcə isti qəhvə istəyirdi. Bir fincan qəhvə...

İş otağına keçdi. Köhnə, solğun masa, üstündəki cızıq-cızıq izlər, keçmişdən qalma xatirələr kimi gözə batırdı. Oturdu. Kənarda duran fincana, hazırladığı qəhvəyə baxdı. Əllərini bir-birinə toxunduraraq fikirlərə daldı.

Sonra, qəfil bir səslə susqunluq parçalandı — qapı döyüldü. Bir an nəfəsini tutdu, sanki keçmişdən kimsə çağırmışdı. Yavaşca pərdəyə yaxınlaşdı, ordan kənara baxdı. Həyətdə duran oğlunun dostunu gördü — elə tanış, elə saf bir sima. Qapıya tərəf addımladı. Kreslodan sallanan paltonun ətəkləri zəifcə yelləndi. Qapını açdı. Üzü yüngül bir təbəssümlə işıqlandı:

    Nə yaxşı gəlmisən, oğlum... Sanki bu səssiz ev bir nəfəs aldı...

Qapının ağzında duran gənc başını bir az aşağı əyib, sanki içəriyə girmək üçün icazə deyil, həm də bir az təsəlli istəyirmiş kimi dilləndi:

    Neçə gündü Turalla görüşmürəm, gəldim elə onu görüm.

Atanın üzündə əvvəlcə yüngül bir təəccüb dalğalandı, qaşları bir az çatıldı, səsi yumşaqdı, amma içində gizli bir narahatlıqla titrəyirdi:

    Bəs dərsə gəlmir?

Oğlan çiynini çəkdi, baxışlarını divara dikdi, sonra bir az ehtiyatla dedi:

    Çox vaxt kitabxanada olur.

Ata bir anlıq duruxdu. Bu cavab ona tanış göründü. Dodaqlarında azacıq, demək olar ki, duyulmayacaq qədər zəif bir təbəssüm doğdu, sonra başını tərpədib dedi:

    Yaxşı, oğlum, keç içəri.

Oğlan sakit addımlarla içəri keçdi, sanki sükutun içində bir növ ehtiram vardı. Divanda oturanda əllərini dizlərinin üstünə qoydu, barmaqları ilə bir-birini sıxaraq nə isə demək üçün söz axtardı. Nəhayət, ürəyindəki ağırlığı bir nəfəs kimi buraxdı:

    Tural son günlərdə bir az qəribə rəftar edir. Ancaq kitabxanaya gedir, nələrsə oxuyur, fərqli görünür gözümə.

Atanın baxışları bir anlıq pəncərəyə ilişdi, elə bil orada Turalın dəyişən siması, dəyişən ruhu var idi. Sonra başını azacıq tərpədib yavaş, lakin qərarlı bir səslə dedi:

    Hə... Bildim sən nəyi deyirsən. İndi danışaram...

Və bu sözləri deyib ağır addımlarla otağına doğru getdi. Onun arxasınca otaqda dərin bir sükut yayılıb divarların arxasındakı sirrə qulaq asırdı.

Ata otaqdan çıxanda sanki özü ilə illərin yüklərini də sürüyürdü. Oğlan divanda oturmuşdu, ancaq artıq otağın havasında qəribə bir gərginlik vardı, sükutun içində danışmaq istəyən köhnə bir hekayə dolaşırdı.

Bir neçə dəqiqə sonra ata geri qayıtdı. Əlində iki fincan vardı, qəhvənin qoxusu otağa yayılmışdı, isti idi, amma içindəki sükunət soyumağa başlamışdı. Fincanlardan birini oğlana uzadaraq, boş fincanı isə əlində tutub yanında oturdu. Nəhayət, boğazını təmizləyib, səsini alçaq, lakin sanki içini yandıran bir tonla sözə başladı:

    Sizin sinifdə bir oğlan vardı... Sakit uşaq idi... Eşitdiyimə görə sizə heç qarışmırdı. Adı nə idi onun?..

Oğlan gözlərini bir nöqtəyə zilləyib, bir az fikrə getdi, sonra yavaşca cavab verdi:

    Müəllim... İsmayılı deyirsiz?

Ata başını aşağı salladı. O hərəkətdə nədənsə təsdiq vardı. Səsi bir az titrədi, amma yenə də davam etdi:

    Hə... İsmayıl idi adı...

 Otağın havası ağırlaşdı, qəhvənin buxarı havaya qarışdıqca, yaddaş da dumanlanırdı...

Ata sözlərini çəkə-çəkə danışırdı. Səsi yorğun idi, yaddaşındakı tozlu vərəqləri çevirirmiş kimi danışmağa davam etdi:

    İsmayıl dərslərində zəif idi... Bilirsən, elə uşaqlar var ki, dərsə gəlsələr də, fikirləri haralardasa dolaşır... O, çox vaxt çöldə olardı, bəzən tək, bəzən özüylə danışa-danışa...

Oğlan diqqətlə qulaq asırdı. Fincandakı qəhvə soyumağa başlasa da, söhbətin içində bir istilik vardı, unudulmaq üzrə olan bir uşağın hekayəsi canlanırdı. Ata isə səssiz, təmkinli danışırdı, hər söz bir xatirəyə toxunurdu:

    Bir gün Tural dedi ki, müəllim tapşırıq verib. İkili şəklində. Amma... İsmayıl yaxşı oxumur. Tural əvvəl etiraz edibmiş, amma sonra razılaşıb. Tapşırıq üçün kitabxanaya getməli olublar.

Ata bu nöqtədə durdu. Elə bil bu cümlənin sonrasını demək üçün əvvəlcə öz-özünü inandırmalıydı. Barmaqları fincanın kənarında dolaşdı, baxışları bir nöqtəyə zilləndi, sonra astaca dedi:

    Elə... hər şey orda başladı.

Bir anlıq sükut çökdü. Atanın səsi daha sonra yenidən qayıtdı, indi daha da yumşalmış, amma içində nəsə qırılmış bir tonla:

    Tural... İsmayıla kitab aldı.

Beləliklə, İsmayıl sadəcə öz dünyasında yaşamağa başladı. Dostları ilə vaxt keçirmirdi, gülmürdü, əylənmirdi, dərsləri daha pis vəziyyətə gəlmişdi. Çox dəyişmişdi. Atası dedi:

    Onun yalnızlığı kitab oxumağa başladığı an başladı. Bütün dünya kitabdan çöldəydi, o isə kitabın içində idi.

Sözlər otaqda asılı qaldı. Oğlunun dostu fincanı əlləri arasında fırlada-fırlada bir müddət susdu. Qəhvənin qoxusu yavaşca soyuyan anları xatırladırdı. Baxışları fincanın dibində itib gedəndə düşüncələr də dərinləşdi. Düşündü... düşündü ki, o kitabda nə isə görüb. Orda nə isə tapıb.

Bəlkə bir söz? Bəlkə bir fikir?

Başını qaldırıb müəlliminə baxanda, birdən nəsə dəyişdi. Müəllimi ona fərqli baxırdı. O baxışda nə sərtlik, nə də təəccüb vardı — daha çox bir sükut, bir səssiz etiraf vardı. Sanki deyirdi:

Və elə bu anda...

Qapı döyüldü. İçəri Tural gəldi.

Tural içəri keçəndə otaqda qəribə bir səssizlik vardı. Havanın içində nəsə qalırdı. Bitməmiş bir sual, yarımçıq qoyulmuş bir fikir kimi. O, atasına baxdı, sonra da onun əlində tutduğu boş fincana. Səsi nə sərt, nə də laqeyd idi, amma sanki bir az yorğun:

    Burda nə edirsiz?

Dostu üzünə baxmadan, sakit səslə dedi:

    İsmayıl haqqında danışırıq.

Tural sakitcə gəlib yanlarında oturdu. Heç nə demədi, amma baxışlarında bir tanışlıq vardı — elə bil bu söhbətin əvvəldən xəbərçisiymiş kimi. Atası ayağa qalxdı, Turala baxdı, söhbətin onlara aid olduğuna işarə edən baxışla otağına keçdi. Ama çox dərin baxdı... Kompüterinin qarşısına əyləşdi, barmaqları klaviaturada dolaşmağa başladı.

O biri otaqdan isə uşaqların pıçıltılı söhbəti eşidilirdi. Dostu Turaldan soruşdu:

    İsmayıla nə olub?

Tural cavabı dərhal verdi. Heç tərəddüd etmədən:

    Heç nə. Elə əvvəlki kimidir.

Amma dostu dayanmadı. Həmin o içində dolaşan sualı dayanmadan soruşdu:

    Axı müəllim deyir ki...

Bu söz, sanki bir düyünü açdı. Turalın üzündəki ifadə dəyişdi. Gözləri bir nöqtədə dondu. Həmin o an, nələrinsə yerinə oturduğu an idi. Hər şey aydın olurdu, amma nəsə dəyişirdi.

Tural bir anlığa susdu. Baxışlarını dostunun üzündə gəzdirib, dodaqlarını yavaşca araladı. Səsi, sanki içində uzun zaman bükülüb qalmış bir fikri azad edirmiş kimi titrədi:

        Bəlkə də danışmazdan əvvəl düşünür... “Lazımdırmı? İçində sevgi varmı? Kimisə incidə bilərmi? Ən əsası da səssizliyini pozacaq qədər dəyərlidirmi?

Otaqda qısa bir sükut oldu. Qəhvənin qoxusu havada bir az daha ağırlaşdı. Dostu başını azca yana əydi, baxışları sanki uzaqlardan gəlirdi. Sakitcə dedi:

        Bəlkə də... danışmağa layiq bir qulaq tapmır?

Bu cümlədən sonra Tural gözlərini masadakı dolu fincana dikdi. Elə bil qəfil bir pəncərə açıldı içində. Atasının bir az əvvəl dediyi hər kəlmə, bir kitab səhifəsi kimi çevrilməyə başladı beynində. Və anladı... Anladı ki, bu sadəcə bir oğlanın kitab sevdası deyilmiş. O, bir dostun hədiyyə etdiyi kitabla susmağa başlamışdı. Və həmin susqunluq, dərslərdəki geriləmədən daha böyük bir dəyişiklik idi. Dostlarının onu necə gördüyünü indi daha aydın anlaya bilirdi – bir anda yoxa çıxan, lakin içində bir aləm yaranan o uşaq.

Həmin vaxt müəllim otağında yazısına davam edirdi. Barmaqları klaviatura üzərində sükutla hərəkət edirdi, amma içindəki sözlər gurultulu idi. Fikirlər qaranlıqdan süzülürdü, yavaşca aydınlaşırdı, cümləyə çevrilirdi. Yazırdı:

“Balığı sudan çıxardır, deyir: ‘boğulurdu, mən xilas etdim.”

Nə bilirsən… bəlkə də sənin boğulduğun yerlərdə başqalarının azadlığı başlayır.

Bəlkə sən qurtuluş adlandırdığın şeyi, o nəfəsin sonu sanırdı.

Hər kəsin havası eyni deyil… hər kəsin dünyası da.”

Müəllim bu sətirləri yazarkən gözlərini bir anlığa ekranın işığından çəkdi. Sanki qapının o tayındakı gənc oğlanlar deyil, bu sətirlər danışırdı.

İllər keçdikcə insan anlayır ki, hər hiss üçün söz gərək deyil. Bəzən gözlərin söylədiyini dillə demək mümkünsüzdür. Elə anlar olur ki, səslər bir divara çarpıb geri dönür, amma sükut birbaşa qəlbə yol tapır. Danışmadan duyulan filmlər var, bir də ürəyi ilə danışan insanlar. Onlar heç nə demədən elə çox şey söyləyirlər ki, səssizlik işıq kimi içini isidir. Bəzən də danışmadan anlayan insanlar var...

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.