
Super User
Gəncə Filarmoniyasında Samir Cəfərov rüzgarı əsəcək
Mayın 9-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş bir musiqi tədbiri - Xalq artisti Samir Cəfərovun "Sən elə bir zirvəsən" adlı solo konserti baş tutacaq.
Konsertdə Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqi əsərləri səsləndiriləcək.
Xalq artisti “Alagöz”, “Qaragilə”, “Qərənfil”, “Küçələrə su səpmişəm”, “Haradasan”, “Gözəlim sənsən”, “Sənə də qalmaz”, “Sevgili canan”, “Azərbaycan” və digər mahnılarla çıxış edəcək.
Konsert saat 19.00-da başlayacaq.
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)
KİNOTEKAMIZIN QIZILI - “Qaynana“ filminin tarixçəsi
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Bu günkü filmimizin adını çəkməsən, aşağıdakı ipuclarını təqdim etsəm belə hər kəs biləcək ki, söhbət nədən gedir. Hansıki bu film 1978-ci ildə rejissor Hüseyn Seyidzadənin çəkdiyi ekran əsəridir.
“Ay bu lüstr qırıla düşə bunun təpəsinə, nə ürəyimdən tikan çıxardı...”
“Sən arvad saxlayan yetim deyilsən”
“Ay, başına dönüm, adam nə qədər mamasından olar, ay bunun mamasının qarnına çiban çıxsın”
“Adə, Qrişa, itüvə tapşır, qapımdan keçəndə ürməsin”
“Gördün, yıxılmışdım”…
Elə bilirəm, haqqında danışacağım filmi artıq tanıdınız. Bunu bilməyiniz üçün bu qədər sitat yetərlidir. Qalanını sonda verəcəyəm. İndi keçək mətləbə. “Qaynana” filmi barədə danışıram, illərin dolaylarında heç səngiməyən, köhnəlməyən, dəbdən düşməyən məşhur “Qaynana”dan. Əsər uzun müddət Musiqili Teatrın səhnəsində oynanılıb. Bir dəfə tamaşaya Heydər Əliyev də gəlib. Tamaşa və xüsusilə Nəsibə Zeynalovanın oyunu onun o qədər xoşuna gəlib ki, tamaşadan sonra yaradıcı qrupla səhnə arxasında görüşəndə deyib ki, bunu hökmən film kimi işləyin.
1978-ci ilin filmidir. Əsəri Məcid Şamxalov yazıb. Filmin xülasəsində belə yazılıb, hər halda. Filmi araşdıranda məlum oldu ki...
Əsər Məcid Şamxalovun imzası ilə 1964-cü ildə çap olunub. Ondan hələ səkkiz il əvvəl — 1957-ci ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Teatrında belə bir əsər səhnəyə qoyulub. 1974-cü ildə isə bu məşhur komediyaya bəstəkar Zakir Bağırov musiqi bəstələyib. Olub musiqili komediya.
1865-ci ildə Qubada dünyaya gələn, sonradan Azərbaycanın ilk müəllimələrindən biri, ilk qadın nasiri, ilk qadın dramaturqu və ilk qadın rejissorumuz Səkinə Axundzadənin “Gəlin və qayınana” adlı pyesi olub. 1900-cü ildə Bakıya köçən bu qadın Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris edirmiş. Həmin illərdə də "Əbülfəz və Rəna" hekayəsini, daha sonra «Elmin bəhrəsi», «Haqq söz acı olar», «Gəlin və qayınana» pyeslərini yazıb. Bu pyeslər qadın obrazlarının qabardıldığı ilk Azərbaycan əsərləridir.
Səkinə xanım işlədiyi Qızlar Məktəbinin müəllimələri və tələbələri ilə birlikdə bu əsərləri səhnələşdirir, özü quruluş verirdi: «Madam ki, qadınlar kişilərlə birlikdə səhnəyə çıxa bilməz, kişilərin önündə səhnə ala bilməz, o zaman qadınlar da öz teatrını yaradar» şüarı ilə meydana atılıb.
Səkinə Axundzadə Hüseyn Ərəblinski və Abbas Mirzə Şərifzadə kimi səhnə fədailərinin dövrünün sənətkarı idi. Onlarla birgə Azərbaycanda dramaturgiyanın, teatr mədəniyyətinin inkişafı üçün çalışıb. Onun pyesləri həm Bakıda, həm də Tiflisdə səhnələşdirilib.
Həmin illərdə (bəzi mənbələrdə 1916, bəzi mənbələrdə 1918) Məcid Şamxalov da Bakıda teatr və ədəbiyyat təhsili alır, eyni zamanda, bütün bu proseslərin canlı şahidi olur.
1920-ci ildə sovet işğalından, Hacı Zeynalabdin Tağıyevin mülklərinin müsadirə olunmasından sonra Səkinə Axundzadə Qubaya qayıdır. Uzun müddət astma xəstəliyindən yatır və 1927-ci ildə vəfat edir.
Oğlu, professor Yusif Ağabəyov da 1937-ci ildə sürgün edilir, güllələnir. Səkinə Axundzadənin qardaşı qızı Reyhan Topçubaşova (ilk qadın rəssamımızdır) baş verənlərdən və verəcəklərdən qorxuya düşüb, Səkinə Axundzadənin bütün əsərlərini yandırır. Beləliklə, ilk qadın nasirimizin və dramaturqumuzun bütün əsərləri yalnız yaddaşlarda yaşayır. Yaddaş...
1950-ci illərə isə o məşhur şahidlərdən kimsə qalmamışdı. Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı, Əbülfət Vəli, Hüseynqulu Sarabski, Üzeyir Hacıbəyov artıq həyatda yox idilər. Qalanlar isə Sovet dövründə Səkinə Axundzadənin, Abbas Mirzə Şərifzadənin adını çəkə bilməzdilər.
Bax belə bir tarixşə.
Məcid Şamxalovun «Qayınana” pyesi məzmunca Səkinə Axundzadənin „Gəlin və qayınana“ pyesi ilə eynidir, ya yox – bunu deyən kimsə yoxdur. Sadəcə, Məcid Şamxalov imzası ilə „Qayınana“dan başqa bir məşhur əsərə, ədəbi nümunəyə rast gəlinmir.
Qayıdaq “Qayınana” filminə. Ssenari müəllifi Əjdər İbrahimov və Marqarita Maleyevadır - Əjdər İbrahimovun həyat yoldaşı. Bu filmdən başqa daha iki filmdə bu xanımın imzası var. İkincinin də rejissoru Əjdər İbrahimovdur (“Qəribə adam”), üçüncüsü “Narahat adam” filmidir ki, onun ssenarisini yazıb və film Əjdər İbrahimov haqqındadır.
“Qayınana” filmini Hüseyn Seyidzadə çəkib. Musiqi Tofiq Quliyevindir.
Çəkilişlər “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda aparılıb. Sadəcə, rəssam Nadir Zeynalov elə dekorasiya edib ki, ev səhnələri elə bil evdə çəkilib. Bağ yeri səhnələri Nardaran bağlarında lentə alınıb. Cənnət xalanın diş çəkdirməsi səhnəsi keçmiş “İnqilab”, indiki Həsən Əliyev prospektində yerləşən stomatoloji kabinetdə çəkilib. Oradakı “Diş kabineti” indi də durur.
Filmin çəkilişləri 5-6 ay davam edib. Filmdəki geyimlər hamısı xaricdən gətirilmiş, bahalı paltarlar olub.
İlqar rolunun ifaçısı İlham Namiq Kamalın dediyinə görə, onun roluna 14 aktyor sınaq çəkilişlərinə dəvət edilib. O vaxt həmin yaşda olan aktyorların demək olar ki, hamısı. O cümlədən, Hacımurad Yegizarov, Fuad Poladov. Bəli, baş rolu oynayan Fuad Poladov da əvvəl İlqar rolunun sınağına dəvət edilib, amma o rola sınaqdan keçməyib. Əvəzində rejissor onu Ayaz rolu üçün daha münasib bilib.
Ayaz roluna isə Ceyhun Mirzəyev dəvət edilibmiş.
Rejissorun ən sevimli aktyoru Ceyhun Mirzəyev sınaqda Ayaz roluna yansımayıb — rejissorun fikrincə. Nəticədə o rola Fuad Poladov çəkilib.
Rejissor filmdə aktyorların heç bir improvizasiyasına yol verməyib, deyib ki, situasiya elə komediyadır, onu verin, yetər.
Ümumiyyətlə, Hüseyn Seyidzadə oyunçuluğun və şit zarafatların əleyhinə olan rejissor idi. Komediyanı da ciddi oynamağın tərəfdarı idi.
Məsələn, belə bir situasiya olub, çəkiliş vaxtı Nəsibə xanım oğlunun arxasınca – “çamadanlarından muğayat ol” — deməliykən “maçadanlarından muğayat ol” — deyib. Rejissor çəkilişi saxlayıb və möhkəm acığı tutub aktrisaya.
İlham Namiq Kamalın dediyinə görə, onun “mehriban olun” ifadəsi də özünün improvizasiyasıdır, amma bu söz yerinə düşdüyü üçün Əjdər İbrahimovun etirazı olmayıb. Rejissor özü improvizələr edib, yəni ssenaridən kənara çıxıb. Məsələn, gəlinin kuklası filmə rejissorun əlavəsidir. Cənnət xalanın başının üstündə asılan “Məşədi Kazım”ın şəkli də improvizə idi. Şəkil aktyor Məmməd Sadıqovun şəkli imiş. Onu müxtəlif rakurslardan çəkiblər ki, kadrı oynadanda şəklin ifadələri dəyişirmiş kimi görünsün. Çilçırağın qırılıb xrustal kimi dağılması, yanğınsöndürənlərin hoqqabazlığı rejissor təxəyyülünün məhsuludur.
Filmdəki heyətdən, İlham Namiq Kamaldan başqa, sağ qalan ikinci aktyor Afət rolunun ifaçısı İnara Quliyevadır. İnaranın atası Bakıda yaşayıb, Neft Daşlarında çalışırmış. Sonradan Moskvaya köçüblər. İnara ixtisasca musiqili teatr rejissorudur. Rusiya Operetta teatrında çalışıb. Rusiya teatr və kino aktrisasıdır. Əməkdar artistdir. Rusiya telekanallarında bir çox verilişlərin layihə müəllifidir. “Azərbaycanfilm”də üç filmdə əsas rollara çəkilib – “Qayınana”da Afət, “Alma almaya bənzər”də Aişə müəllimə, “Dədə Qorqud” da Selcan. Epizodlarda çəkildiyi filmlər də var.
Rollarda Nəsibə Zeynalova (Cənnət), İnarə Quliyeva (Afət; Zərifə), İlham Namiq Kamal (İlqar), Tanilə Əhmərova (Sevda), Fuad Poladov (Ayaz), Səfurə İbrahimova (Sədaqət), Tələt Rəhmanov (Əli) çəkiliblər.
Filmdə Ofeliya Sənani – Sevda obrazında Tanilə Əhmərovanı səsləndirib. Afət rolunda İnara Quliyeva isə Əminə Yusifqızının səsi ilə “danışır”.
Filmdən yaddaqalan sitatlar:
• “Ağəz, bu əziz gündə evimə it gətirib, məni iylətdirəcəksən?”
• “Ver çamadanları soxsun gözünə, qurban olsun qara köpəyə, bir də zəhmət verməsinlər o itə”
• “Gəlin mənim süpürgəmdü. Harada qoydum, orada da qalmalıdı”
• “Mən bu evin yiyəsiyəm, ağasıyam, xanımıyam. Bir sözüm iki olmamalıdı”
• “Atasının gülünü dərmişəm, balasından da gülab çəkəcəyəm”
• “Adam öz evinin xanımı da olar, qulluqçusu da”
• “Evi döndərib köhnə qəbiristanlığa, yatanda da yuxuma kəllə girir”
• “İndi yığışacaqlar bura, kəllə dolu, cib boş”
• “Pulları çin-çin bibi, sir-sifəti cin bibi”… “dedim göyərçin bibi”
• “Onu aton doğub, yoxsa anon əkib?”
• “Onbarmağa gedib, nənəsi üçün kəfən almağa”
• “Aağəz, o quş dögül, xalis bayquşdu”,
• “Görüm təsbeh sahibi ona qənim olsun, qənim”
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)
Eyyub peyğəmbərin müğənni adaşı... – BU GÜN 0NUN 60 YAŞI TAMAM OLUR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Lənətə gəlmiş Şeytanın Eyyub peyğəmbərin başına gətirdiyi müsibətlər haqqında yəqin ki, çoxunuz eşidib. Həzrət peyğəmbər bu zülmlərə baxmayaraq bircə dəfə də olsun, Allaha asi çıxıb- "Yetər!", "Bəsdir!"- söyləmədi. Onun bu səbri, imanı Allahın xoşuna gəldi və sonda öz rəsulunu mükafatlandırdı...
Hə, dostlar, bu gün sizə Eyyub peyğəmbərin adaşı- xalq artisti Eyyub Yaqubovdan danışmaq istəyirəm. Bəlkə də Eyyubların hamısı belə səbirli, təvazökar, imanlı olurlar, deyə bilmərəm, amma bizim müasirimiz, müğənni Eyyub Yaqubov sözün əsl mənasında təkəbbürdən uzaq, ürəklərə yol tapa bilən, şanson musiqisinin mahir ifaçılarından biridir...
Deyir ki:- “Asəf Zeynallı adına musiqi kollecində təhsil aldığım illərdə bir dostum mənə xalq artisti Əlibaba Məmmədovun “Humayun” ansamblına peşəkar pianoçu axtardığını söylədi. Təklif etdi ki, özümü sınayım. Mən getdim, Əlibaba müəllim məni dinlədi bəyəndi və ansambla qəbul etdi. Açığı heç vaxt müğənni olmağı düşünməmişdim. Belə bir arzum olmayıb. Özüm üçün zümzümə edirdim. Ancaq dostların əhatəsində oxuyurdum. İndi soruşacaqsınız ki, bəs necə oldu müğənni kimi meydana çıxdın? “Humayun” ansamblında sənət dostlarım səsimin olduğunu bilirdi. Bir gün Əlibaba müəllimə dedilər ki, Eyyubun yaxşı səsi var. Təkid etdilər ki, oxuyum. Əlibaba müəllimin yanında oxumağa utanırdım. Güc-bəla özümü toplayıb oxudum. Bəyəndi səsimi. Mənim müğənni kimi meydana çıxmağımda Əlibaba müəllimin böyük təsiri olub. O, mənə müəllimliklə yanaşı, həm də atalıq qayğısı göstərib...”
Səbirli və imanlıdır, "MƏN"inə qalib gəlməyi bacarıb. Yəni o, heç zaman “mən-mən” deməyi sevmir, təkəbbürdən uzaqdır. Necə deyərlər, "blatnoy" mahnılardan tutmuş, xalq, bəstəkar mahnılarına qədər yaradıcılıq yolu keçib. Zövqləri oxşaya bilib, könüllərə sığal çəkib. Sevənləri yetərincədir…
“Sənətçini sənətkar edən onun öz sahəsinə mükəmməl yiyələnməsidir. Təhsil almaq təkcə o demək deyil ki, sən əzbər biliklərə malik olmalısan. İfa etdiyin musiqinin kökünü bilmək, ruhunu duymaq çox vacibdir. Görünür, mən də öz musiqimizi çox sevdiyimə görə zirvəyə qalxmağa nail olmuşam. Müdriklər deyir ki, sevənlər sevilir. Kimlərsə tanınır, amma sevilmək başqa şeydir. Sevilən adamın populyarlığı bir-iki günlük olmur. Bunun nümunələri olan çox dəyərli sənətkarlarımız var. Hansı ki, onlar hazırda dünyalarını dəyişsələr belə, iki-üç nəsil sonra da eyni şövqlə sevilirlər.”- söyləyir.
Eyyub Zəkəriyyə oğlu Yaqubov 1965-ci ildə Bakı şəhərində dünyaya gəlib. 49 saylı orta məktəbdə oxuya-oxuya 3 saylı musiqi məktəbində də təhsil alıb. Səkkizinci sinfi bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olunub. Orada fortepiano sinifində oxuyub. Eyni zamanda Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında piano ifaçısı kimi çalışıb. Hətta Azərbaycan pianoçuları arasında keçirilən bir müsabiqənin qalibi də olub. "Humayun"da çalışarkən klassik musiqi ilə yanaşı, xalq musiqisini də öyrənə bilib. Və bir gün qərara gəlib ki, müğənni olsun. Elə o vaxtdan da qədəm qoyduğu bu sənətdə addım-addım irəliləyərək ad qazanıb, nüfuz sahibi olub. Demək olar ki, Azərbaycan tamaşaçısına müasir şanson musiqisini o, sevdirib...
Deyir ki: - “Şanson müxtəlif musiqi janrlarını özündə birləşdirir. Bizdə əvvəl bu janrda ifa edən istedadlı musiqiçilər olub. Məsələn, Aydinçiki, Oqtayçiki, Nizami Rəmzini göstərə bilərəm. Onlar istedadlı musiqiçilər idi. Mənim repertuarımda da onların mahnıları yer alıb. Amma ifaları peşəkar səviyyədə deyildi. Özfəaliyyət idi. Bu janrın səviyyəsini qaldıran, inkişaf etdirən, məktəbini yaradan bəstəkar Elçin İmanov olub. Ona qədər bu janr ciddi musiqi hesab olunmurdu. Rusiyada bu janrın böyük məktəbi var, Vili Tokarev, Mixail Kruq kimi sənətkarlar bu məktəbin yaradıcılarındandır. Onlarda baza olduğu üçün, bu musiqiyə ciddi musiqi janrı statusu qazandıra bildilər. Amma Azərbaycanda bu janrda ilk dəfə Elçin İmanov inqilab etdi. O, real həyatda baş verən hadisələri musiqinin yumoristik dili ilə dinləyiciyə mükəmməl şəkildə çatdırmağı bacardı...”
Xidməti zaman-zaman dəyərləndirilib. 2006-cı ildə əməkdar artist, 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Bəli, onun indiyədək xeyli könül açan, zövq oxşayan konsertləri baş tutub. Bu barədə çox danışmaq olar, amma İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr etdiyi "Külli zaman içrə saat yarım" adlandırdığı konserti möhtəşəmliyi ilə xüsusi seçilir. Ərsəyə gətirdiyi bu konsert, əslində onun şəxsiyyəti ilə yaradıcılığının vəhdətinin təzahürü idi. "MƏN"inə qalib gələn bir aşiqin sədası. Dahi Nəsimi demişkən:
Həqiqət həqqi biləndir, verən varını yəğmayə,
Təraş olub nəməd geyən dolaşmadı bu sevdayə.
Səfasız sufiyi gör kim, haram der, dinləməz sazı
Ki, əhli həqq olan kişi, nə qəm, girsə kəlisayə!..
Bu gün - aprelin 26-sı Eyyub Yaqubovun 60 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, hələ uzun illər səhnədə olmasını arzu edirik...
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)
Respublika Uşaq Kitabxanasında növbəti kitab icmalı baş tutub
25 aprel 2025-ci il tarixlərində Respublika Uşaq Kitabxanasında “Yeniyetmə və keçid” layihəsi çərçivəsində “Kitab klubu” rubrikasının növbəti kitab icmalı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbirdə 327 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. Əvvəlcə iştirakçılar kitabxananın strukturu, fəaliyyət istiqamətləri və zəngin ədəbiyyat fondu ilə ətraflı şəkildə tanış edilib.
Sonra şagirdlərə həm yerli, həm də xarici müəlliflərin əsərləri təqdim olunub. Həmçinin dünya ədəbiyyatının tanınmış nümunələri – Eleanor Porterin “Sadəcə David”, Laymn Frenk Baumun “Oz ölkəsinin qəribə sehrbazı” və Oskar Vayldın “Xoşbəxt şahzadə” əsərləri haqqında ətraflı məlumat verilib, bu əsərlərin mövzusu və tərbiyəvi əhəmiyyəti şərh olunub.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin kitab oxumaq marağını artırmaq, eləcə də onların düşüncə tərzini və yaradıcılıq bacarıqlarını inkişaf etdirməkdir.
“Ədəbiyyyat və incəsənət”
(26.04.2025)
Oğuzda "Uşaqlığın son gecəsi" necə yaşandı
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Ötən gün Oguz rayon Mərkəzi kitabxanasının oxuculara xidmət və uşaq şöbələri birgə Maqsud İbrahimbəyovun 90 illik yubileyi ilə əlaqədar yazıçının eyniadlı hekayəsi əsasında çəkilmiş “Uşaqlığın son gecəsi” filminə kollektiv baxış təşkil ediblər.
Tədbirdə Oğuz şəhərindəki ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, o cümlədən H.Babayev adına bir saylı məktəbin müəllimi Rəfiqə Babayeva iştirak ediblər.
Oxu zalının müdiri Maqsud İbrahimbəyovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Sonra Uşaq şöbəsinin müdiri film haqqında məlumat verərək qeyd edib ki, filmi rejissor Arif Babayev 1968-ci ildə çəkib, onun ssenarisini isə Maqsud İbrahimbəyov özü yazıb.
Filmin çox maraqlı süjet xətti məhəbbət dedektivi ilə kəsişir, qəhrəmanlar isə ciddi mənəvi dilemmalar ilə üzləşirlər. Və bütün bunlar Polad Bülbüloğlunun müəllifi olduğu gözəl musiqi sədaları altında və nadir koloritli köhnə Azərbaycan həyətlərinin fonunda baş verir.
“Uşaqlığın son gecəsi” hekayəsində Pirşağıda yay tətilini keçirən iki yeniyetmədən bəhs edilir. Burada şəxsiyyətin formalaşmasından, xarakterin təşəkkül tapmasından, həyata yenicə atılan gəncin özünə düzgün yol müəyyənləşdirməsinin çətinliklərindən, yeniyetmə yaşlarından əsl insan, prinsipial, məsuliyyətli vətəndaş olmağın zəruriliyindən söhbət açılır.
1969-cu ildə Kiyevdə və Zaqafqaziya da keçirilmiş III Film Festivalında “Uşaqlığın son gecəsi” uşaqlar və gənclər üçün ən yaxşı film olaraq seçilmişdir.
Tədbirdə filmə kollektiv baxış keçirilib. Daha sonra filmdəki obrazlar haqqında məktəblilər öz fikirlərini bildiriblər.
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)
Bəxtiyar Vahabzadənin "Dar ağacı" Şəki səhnəsində qurulacaq
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Xalq şairi və dramaturq Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2025-ci il tarixli Sərəncamına uyğun olaraq Şəki Dövlət Dram Teatrında şairin müəllifi olduğu "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın masaarxası məşqlərinə başlanılıb.
Tarixi dramda Azərbaycanın Ərəb xilafətinə, yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs edilir.
Dramaturq kimi Bəxtiyar Vahabzadənin ilk qələm təcrübəsidir "Dar ağacı". Müəllifi tarixi mövzuya gətirib çıxaran bədii niyyətin orijinallığı və təzə-tərliyi də ilk dəfə burada özünü göstərmişdi. Belə ki, bu pyesdə Babək xatırlanır, talelərə və əməllərə onun ruhu və qəh-qəhələri ilə yekun vurulur, lakin süjetin əyani gedişi prosesində onun özü yox, teyfi iştirak edirdi".
Şairin tarixi faciə janrında qələmə aldığı "Dar ağacı" pyesi məzmunca çox maraqlı və ibrətamizdir. Xalq qəhrəmanı yadelli işğalçılara qarşı 20 illik mübarizə aparan Babəkin edam edilməsindən sonra Azərbaycanda cərəyan edən azadlıq mübarizəsi əsərin ana xəttini təşkil edir. Pyesin vaxtilə səhnəyə qoyulması məsələsi mübahisəli olsa da, bu əsər də B.Vahabzadənin tarixi mövzulu dramaturgiyasının uğurlu bir nümunəsidir.
"Dar ağacı"nda baş verən əsas konflikt iki qardaş arasında davam etdirilir. Bir xətt üzrə hadisələrin cərəyanı zahirən Azərbaycanla xilafətin, yadellilərin mübarizəsində öz əksini tapır. İslamın yaşıl bayrağı altında çıxış edən Aqşini doğma vətənin taleyi düşündürmür, onu yalnız ərəb xilafətinin göstərişləri, verdiyi əmrlər maraqlandırır. 816-cı ildən 836-cı ilə qədər ərəb xilafətinə qarşı döyüşən Elxan isə qardaşı Aqşinin əksidir. Onun Azərbaycanın azadlığı uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə bütün əsər boyu davam edir. İki qardaş arasında baş verən hadisələr yalnız iki nəfərə aid deyil, iki ideya, məfkurə arasında gedən mübarizədir.
Pyesin gedişatında biz Elxanın güclü iradəsi ilə üzləşirik. O doğma qardaşı Aqşinin də qırılmaz inadını sındırır.
Əsərdə vətənini, elini, obasını qiymətələndirməyən, onun qədrini bilməyən, yadelli işğalçı qəsbkarın bir "sağ ol"una görə vətəninə, elinə, ana yurduna, xalqına xor baxan Aqşinin taleyi faciə ilə qurtarır. O, öz aldanışını hiss edir. Qardaşı Elxanın dedikləri yadına düşür və sonda salona etdiyi müraciətlə tamaşaçılardan ayrılır.
Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyevdir.
Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay), Nazilə İmamhüseynova (Xala), Azad Məmmədov (Yarqıtay) ifa edirlər.
Kollektiv ortaya uğurlu bir iş qoyacağına əmindir.
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)
UŞAQLARINIZ ÜÇÜN: Əziz Nesin, “Abidəsi qoyulan milçək”
“Ədəbiyyat və incəsənət” portal Uşaq saatı rubrikasında bu gün tanınmış türk yazıçısı Əziz Nesinin “Abidəsi qoyulan milçək” hekayəsini təqdim edilir. Dilimizə uyğunlaşdıran Fariz Bayramovdur.
Milçəklər arasındakı bu hadisə o böyük şəhərin yüksək binalarının çox sıx olduğu hissəsində baş verib. Orda çoxmərtəbəli yaşayış binası vardı. Binanın ən alt mərtəbəsi günəşin çox az düşdüyü evdi. Evin yarısı torpağın altındaydı. Dar küçənin hər iki tərəfindəki çox hündür binalar zirzəmidəki evə günəş şüalarının düşməsinə mane olurdu. Sübh çağı ev gec işıqlanır, axşamlarsa qaranlıq tez çökürdü.
Evdə üç nəfərlik ailə yaşayırdı: ana, ata və oğul. Anayla ata işləyirdi. Oğulsa orta məktəbə yeni başlamışdı. Danışacağımız hadisə nin baş verdiyi gün ata və ana hələ işdən qayıtmamışdılar. Oğul da məktəbdən gəlib dərslərini hazırlamış, yorulmuşdu. Dərs kitabını masanın üstündə açıq qoyub valideynləri gələnədək oyun oynamaq üçün bayıra çıxmışdı. Evdə adam yoxdu, təkcə qara milçəklər vardı. Hələ axşamçağı olsa da, ba yır da hava aydınlıq, evin içi yarıqaranlıqdı. Məlum olduğu kimi, milçəklər qaranlıqda uça bilmirlər. Hava işıqlananadək, yaxud evdə işıq yananadək olduqları yerdə qalırlar. Ev yarıqaranlıq olduğuna görə içəridəki mil çək lər də uça bilmirdilər. Ancaq bir gənc mil çək bayırdakı işığa çıxmaq üçün da yanma dan uçur, pəncərə şüşəsinə çırpılır, şüşə nin o tayına keçməkçün çalışırdı. Şüşəyə çır pılmaqdan bezmirdi. İstəyi güclüydü milçə yin. Uçub-uçub pəncərəyə çırpılır, şüşənin üs tündə gəzişir, yol axtarır, necə çölə çıxıb ay dınlığa qovuşa biləcəyini araşdırırdı. O biri milçəklər yaşlı, bilikli, təcrübəli milçəklərdi. İşi-gücü şüşəyə çırpılmaq olan milçəyə – boş-boşuna əlləşmə, çıxa bil məzsən! – deyirdilər. Gənc milçək də - bu qaranlıq yerdə həbs olub qala bilmərəm. Baxın, o tərəf işıqlıqdı. Mən də işıqlığa getmək istəyirəm, – deyirdi.
Ağsaqqal milçəklərdən biri dedi: – Hələ də dəqiqəbaşı çırpıldığın şeyin nə olduğunu anlamamısan? O, şüşədir! Şəffaf ol duğundan bu tərəfindən o tərəfi görünür. Ona görə də sənin kimi gənc milçəklər onu yox sayıb hey çırpılırlar.
Gənc milçək yaşlılara belə cavab verdi: – Əvvəllər, doğrudan da, şüşənin nə olduğunu bilmirdim. Amma başımı vura-vura, qanadlarımı çırpa-çırpa onun nə olduğunu öyrənmişəm. Bunu deyərək havada bir neçə dövrə vurub sürət yığdı, ox kimi süzüb yenə pəncərə şüşəsinə çırpıldı.
Yenə ağsaqqallardan biri dilləndi: – Bəs şüşənin nə olduğunu bilirsənsə, niyə hey özünü ona çırpırsan? Onsuz da şüşəni deşib çıxa bilməzsən. Boş yerə özünü yorursan.
Başqa milçəklər də gənc milçəyə şüşəni deşə bilməyəcəyini başa salmağa çalışdılar: – Özünə zülm verirsən. Bəsdir çırpıldın, axırı bir yerini şikəst edəcəksən. Gəl sən də bizim kimi başını aşağı sal, buralarda bə yəndiyin yerə qon, dincəl sübhədək.
Gənc milçək yenə də – çöl işıqlıykən bu qa ranlıqda qala bilmərəm! – dedi. Yaşlılardan biri dedi:
– Onsuz da gecə hər tərəf qaranlıqlaşanda zülmətdə qalacaqsan.
– Elədir, hər yer qaranlıqlaşanda umacağımız başqa nəsə qalmaz. Amma indi aydınlıqdır. Bunu dedikdən sonra, bəlkə, yüzüncü də fə var gücüylə özünü şüşəyə çırpdı. Yaşlı milçəklərdən bu vaxtadək söhbətə heç qarışmayanı gənc milçəyə: – Sənə yazığım gəlir! – dedi, – şüşənin o tayına keçə bilməyəcəyini bilə-bilə niyə özünü ona çırpıb həlak edirsən?
– Amma ümidim var, – dedi, – mənimki ümiddir! Bayırda aydınlıq olduqca ümidim sönməz.
– Axı şüşənin o tərəfinə keçə bilməzsən! Bu, qeyri-mümkündür.
– Bilirəm, qeyri-mümkündür. Amma bir yolunu tapıb keçsəm? Ağsaqqallardan biri əsəbiləşib bağırdı:
– Mümkün deyil, sarsaq!
– Elədirsə, işıq niyə keçə bilir şüşədən?
– Sərsəm, sən milçəksən, işıq deyilsən ki... Yoxsa özünü işıq zənn edirsən, axmaq? Başqa bir çoxbilmiş milçək danışdı:
– İşıq şüşədən keçər, lakin səs keçə bilməz.
Gənc milçək ayağını dirədi:
– Olsun... Mən yenə də aydınlığa getməyi sınayacam.
Bunu deyib şüşəyə elə çırpıldı, zərbənin gücündən pəncərənin alt çərçivəsinə düşdü. Orda namnazik ayaqlarıyla gövdəsini ovuşdurub, qanadlarını düzəldərək özünə gəldi. Sonra uçdu, uçdu, yenə sürətlə şüşəyə dəydi. Bir ağsaqqal milçək dilləndi:
– Axırıncı dəfə deyirəm: bayıra çıxa bilməz sən. Boş-boşuna özünü zədələmə, incitmə...
Gənc milçək: – Guya siz bayıra çıxmağa çalışmayıb bur da neyləyirsiz? Heç nə... Qonduğunuz yer də mürgü döyüb durursuz. Sizin kimi mür güləməkdənsə çıxış yolu tapmaq üçün ümidlə çırpınıram. Mürgüləməkdən qat-qat yax şıdır. Qarışmayın işimə!
Yaşlı milçəklər bu dikbaş, anlamaz gəncə öyüd verməkdən əl çəkdilər. Çünki nə desələr də, bu dikbaş anlamayacaqdı. Bəziləri bu gəncin sarsaq, dəli olduğunu düşünürdü. Getsin nə qədər istəyir, başını vursun bərk şü şəyə. Necə olsa, bir azdan bayırda qaranlıqlaşacaq, o da bir yerə qonub uçmaq üçün səhərin açılmağını gözləyəcəkdi.
Gənc, cəsur və ümidli milçək dayanmadan pəncərənin o tərəfindəki aydınlığa çıxmağın yolunu axtarırdı. Heç usanmır, ümidsizliyə qapılmırdı. Təsadüfən evin uşağının az əvvəl dərs hazırladığı masaya qondu. Oğlanın kitabı açıq şəkildə masanın üstündəydi. Gənc milçək hər şeyi öyrənməyə çox həvəsli olduğu üçün oxumağı da öyrənmişdi. Açıq qalan səhifəni oxumağa başladı. Həmin səhifədə işıqdan danışılır, işıq barədə məlumat verilirdi. Məlumatlar çox əyləncəli şəkildə yazılmışdı. Məsələn, belə hissə vardı: “Bir pişiyin quyruğuna tənəkə qab bağlansa, pişik quyruğuna bağlanan qabın gurultusundan qorxub o səsdən qurtulmaq üçün var gücüylə qaçmağa başlayar. Bu pişik dəydiyi pəncərə şüşəsini qırmadan pəncərənin o tərəfinə keçmək üçün nə etməlidir?” O səhifədə bu sualın cavabı da vardı. Cavab belə idi: “Pişik sürətlə qaça-qaça, sürəti işıq sürətinə çatsa, o zaman şüşəni qırmadan o tərəfə keçə bilər. İşıq saniyədə üç yüz min kilometr sürətlə getdiyindən bunu bacarır. Amma pişiyin şüşəni qırmadan o tərəfə keçə bilməsi mümkün deyil. Çünki işıq sürətilə qaça bilməz. Bu, sadəcə, fərziyyədir”.
Gənc milçək bu qəribə məlumatı öyrəndikdə çox sevindi. Demək, işıq sürətilə uça bilsə, şüşənin o tərəfinə keçə bilər. İndi də bunu sınamağa girişdi. Sürətini artıra bilmək üçün geriyə, düz qarşı divara qədər çəkilir, ordan uçub özünü şüşəyə vururdu. O tərəfə keçməyincə sürətin yet mədiyini anlayırdı. Bu dəfə özünü daha sürətlə şüşəyə vururdu. Bu sürətli vuruşları çox sınaqdan keçirdi. Bir uçuşunda o qədər sürətli uçmuş, elə möhkəm çırpılmışdı ki, şüşədə yastılanıb qalmışdı. Bütün gövdəsi əzil miş, dərisi parçalanıb deşilmişdi. Gənc milçək, axır ki, ölmüşdü... Otaqdakı milçəklər gənc milçəyin cəsədinin ətrafında toplandılar. Ağlamağa başladılar. O günədək çox milçəyin ölməyini gör müşdülər, amma heç birinə bu gənc milçəyə üzüldükləri qədər üzülməmişdilər, heç biri üçün göz yaşı tökməmişdilər. Bu milçək başqaydı... Milçəklər gənc milçəyin cəsədi ətrafında nitqlər söylədilər:
– O, milçəklərin lideriydi, hamımız üçün çıxış yolu axtarırdı.
– Ümid rəmziydi! Bizə görə canını verdi...
– Mümkünsüzü mümkün etmək üçün öldü! – Səni heç zaman unutmayacağıq! – Milçəklərin tarixində qızıl səhifəyə keçə cəksən, mübarizən tarixə qızıl hərflərlə yazılacaq!
Milçəklər ağlaşır, gənc milçəyin cəsədi ətrafında sayğı duruşunda dayanırdılar. Ordakılardan ən yaşlısı və savadlısı:
– Bu qəhrəman milçəyin şüşənin üstündəki cəsədi onun abidəsi kimi burda qalsın. Çünki o, aydınlığa çıxmaq üçün canını verdi, – dedi. Başqa ağsaqqal da şüşədəki milçək ölüsünün abidə kimi qalmasını bəyəndi, çünki bir azdan milçək yapışdığı şüşədə quruyub qalacaq, əla abidə olacaqdı. Ən yaşlı milçək dilləndi:
– Burda sonsuzadək yaşayacaq, milçəklər onu heç zaman unutmayacaqlar!
Artıq bayırda da hava qaralmışdı, gecə olmuşdu. Bu səbəbdən milçəklər olduqları yerdə qaldılar. Bir azdan işdən qayıdan ana otağa girdi. Otağın işığını yandırdı. Sonra pən cərənin pərdəsini çəkməyə gedəndə şüşədəki milçək ölüsünü gördü. Bezlə o yeri sildi. İndi şüşədə milçəyin ölüsü də qal mamışdı. Qoca milçək haqlıydı. Gənc mil çəyin abidəsi sonsuzadək qalmışdı. Çünki sonsuzluq məxluqata görə dəyişir. Kəpənək üçün üç saatdırsa, insan üçün otuz min ildir, milçək üçün də olsa-olsa, bir neçə saat olar. Abidəsi qoyulan gənc milçək milçəklərin tarixinə qəhrəman olaraq keçdi. Bəzi milçək lər onun mümkün olmayanı sınamaq ucba tından öldüyünə görə axmaq, ya da dəli ol duğunu söyləməkdədirlər. Görəsən, hansı doğrudur? Buna milçəklər özləri, hərəsi öz anlayışına görə qərar verirlər. Bu gün hələ də şüşələrə çırpılıb o tay dakı aydınlığa qovuşmaqçün əlləşən, uğrunda can verən milçəklər də, bunun axmaqlıq olduğunu düşünüb qonduqları o qaranlıq yerdə mürgüləyən milçəklər də var. Hansının yolunu seçmək lazım olduğunu hər milçək özü bilər. Ancaq bu da həqiqətdir ki, tarixdə qaranlıqda mürgülədiyi üçün milçəyə abidə qoyulduğu yazılmayıb...
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)
Diqqət İRƏVANA! - III bölüm
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Beynəlxalq məhkəmələrdə mülkiyyət hüququnun qorunması - analoji presedentlər
AİHM (Avropa İnsan Hüquqları Məhkəməsi) praktikasında keçmiş sosialist ölkələrində müsadirə edilmiş mülklərlə bağlı bir sıra presedentlər mövcuddur. Örnəyi:
- “Broniowski v. Poland” işi – Polşa hökuməti tərəfindən kommunist dönəmində müsadirə edilmiş əmlak üçün kompensasiya mexanizmi yaradılması zərurəti vurğulanıb;
- “Kopecký v. Slovakia” işi – Şəxsi mülkiyyətin pozulması və sonradan restitusiyanın mümkünlüyü hüquqi qiymətləndirməyə cəlb edilib.
Bu presedentlərə istinad etməklə, İrəvan azərbaycanlıları, o cümlədən Vəkilovların İrəvan qolunun varisləri (və ya Azərbaycan hüquq ictimaiyyəti) Ermənistan hökumətindən tarixi ədalətin bərpasını tələb edə bilər.
Postsovet məkanında oxşar hallar və
hüquqi sonuclar
SSRİ-nin dağılmasından sonra postsovet ölkələrinin çoxunda keçmiş rejimin ədalətsiz müsadirə və milliləşdirmə siyasətinə hüquqi qiymət verilməsi məsələsi gündəmə gəlib. Özəlliklə Baltikyanı və Doğu Avropa dövlətləri bu yöndə bir sıra ciddi hüquqi addımlar atıb. Bu ölkələrdə fərdi, ailə mülkiyyətlərinin restitusiyası və ya kompensasiyası üçün xüsusi qanunlar qəbul edilib:
Estoniya modeli –
SSRİ dönəmində müsadirə edilən əmlakın öncəki yiyələrinə qaytarılması üçün 1991-ci ildən başlayaraq hüquqi baza formalaşdırılıb. - Əgər mülkiyyətin qaytarılması mümkün olmayıbsa, kompensasiya təklif edilib;
Latviya təcrübəsi –
Mülkiyyətin bərpası hüququ Anayasa prinsipləri səviyyəsində tanınıb və 90-cı illərdə bu yöndə yüzlərlə iddia təmin edilib;
Almaniya örnəyi –
İki Almaniyanın birləşməsindən sonra Doğu Almaniyada dövlətləşdirilmiş əmlaklara görə kompensasiya sistemi tətbiq olunub;
Ukrayna vaxtilə Krıma dönən tatarların mülkiyyət hüququna sayğılı davranıb;
Gürcüstan da Axıska türklərinin geridönüş haqları çərçivəsində (yetərli sayda olmasa da) bir sıra ailələrin ev-eşiyini özünə qaytarıb yaxud alternativ təklif edib və s.
Bu örnəklər bir daha göstərir ki, keçmiş rejimlərin hüquq pozuntuları “hüquqi unudulma”ya düçar edilmir; əksinə, belə hallara hüquqi baxışın yaradılması həm keçmişin ədalətli qiymətləndirilməsi, həm də vətəndaşların güvəninin bərpası üçün əsas şərtdir.
İndiki halda,
İrəvan azərbaycanlılarının, o cümlədən Vəkilovların varislərinin haqları uluslararası hüquqa və Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əsaslanaraq bu yönlərdə tanına bilər:
Restitusiya (əmlakın geri qaytarılması) hüququ
Əgər mülkiyyət hələ də dövlət istifadəsindədirsə və hüquqi baxımdan azad durumdasa, uluslararası təcrübəyə əsaslanaraq onun hüquqən yiyələrinə qaytarılması iddia edilə bilər. Təbii, bu, Ermənistan qanunvericiliyinin indiki durumu və siyasi iradə ilə çox sıx bağlıdır.
Əmlaka görə kompensasiya hüququ
Daha gerçəkçi və geniş tətbiq olunan yol – kompensasiya tələbidir. Bu, iki yöndə mümkün ola bilər:
-Ermənistan məhkəmələri vasitəsilə (daxili hüquqi prosedurlar əsasında);
-AİHM vasitəsilə, Ermənistanın Konvensiya iştirakçısı olması və əmlak hüququnu qorumaq öhdəliyinə əsasən.
Bir daha
hüquqi mübarizə vasitələrini vurğulayaq:
-Tanıqbəlgələri (Şəhadətnamələr), arxiv tapuları, digər bəlgələr, aktlar, protokollar – hüquqi sübutlar kimi təqdim oluna bilər;
-Hüquqi ekspertiza və tarixi-mülkiyyət xəritələrinin bərpası – iddianı əsaslandırmaq üçün vacibdir;
-Azərbaycan dövləti və QHT-lərinin (ümumən vətəndaş cəmiyyəti institutlarının) dəstəyi ilə bu məsələnin uluslararası müstəviyə çıxarılması.
Bir sözlə,
Məhəmməd ağa Vəkilovun, digər azərbaycanlıların İrəvandakı mülklərinin müsadirəsi və onun yerində Ermənistan hökumətinə xidmət edən infrastrukturun tikilməsi təkcə bir ailənin yox, bütöv bir mədəni irsin, kollektiv yaddaşın və hüquqi tarazlığın pozulması deməkdir. Bu hadisə, hüquq və tarix qarşısında cavabdehlik tələb edən fakt olaraq qalır.
Önərilər:
1. Azərbaycan Hüquqşünaslar Konfederasiyası və AMEA-nın aidiyyəti institutları bu məsələni hüquqi-tarixi sənəd kimi araşdıra bilər;
2. Müstəqil hüquqşünaslar qrupu tərəfindən AİHM və digər uluslararası qurumlara müraciət üçün iddia hazırlaya bilər;
3. Vəkilovların və digər azərbaycanlıların hüquqi varislərinin iştirakı ilə tanıqlıq (şəhadət) və hüquqi sənəd toplama kampaniyası təşkil oluna bilər;
4. Ermənistanın uluslararası hüquqi öhdəlikləri kontekstində bu məsələ diplomatik və hüquqi səviyyəyə çıxarıla bilər;
5. Oxşar hadisələrin hüquqi presedent kimi toplanması üçün bölgəsəl hüquqi reyestr yaradılaraq uluslararası platformlarda təqdim oluna bilər.
Bu cür təşəbbüslər təkcə bir mülkün deyil, bütöv bir tarixi yaddaşının bərpası deməkdir. Hüququn yüksək məqsədi, amalı və borcu ədalətin bərpasıdır. Bu bərpa həm keçmişin haqqını, həm də gələcəyin sabitliyini təmin edərdi...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Qaynaqlar:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 157 – Mülkiyyət hüququnun anlayışı və əhatə dairəsi.
2. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası (Protokol No.1, Maddə 1).
3. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948), Maddə 17 – Mülkiyyət hüququ.
4. Broniowski v. Poland, Application no. 31443/96, Judgment of the Grand Chamber of the European Court of Human Rights (22 June 2004).
5. Kopecký v. Slovakia, Application no. 44912/98, ECHR Judgment (28 September 2004).
6. Estonia’s Principles of Restitution, Estonian Ministry of Justice Reports, 1992–1996.
7. Sasse, Gwendolyn. The Politics of Property Rights in Post-Communist Transition, Cambridge University Press, 2003.
8. Kornai, János. The Socialist System: The Political Economy of Communism, Oxford University Press, 1992.
9. Əliyev, Z. (2010). “İrəvanda Azərbaycanlılara məxsus mülklərin taleyi”, Tarix və Hüquq jurnalı, №3.
10. Əlizadə, R. (2021). “Postsovet məkanda restitusiyanın hüquqi modelləri”, Qafqaz Hüquq Araşdırmaları, №5.
11. Avropa İnsan Hüquqları Konvensiyası, Protokol №1 (Maddə 1).
12. Universal İnsan Hüquqları Bəyannaməsi, 1948, (Maddə 17).
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi (Maddə 148, 157, 1143).
14. BMT-nin “Pinheiro prinsipləri”, 2005.
15. İbrahim Bayramov, “İrəvan şəhəri və onun tarixi haqqında”/ “Dirçəliş-XXI əsr” - 2008. 128-129-cu say. - Səh:91-99.
16. 1905.az.
17. “Vəkiloğulları” kitabı (“Qapp-poliqraf”, 2003;
səhifə 542; Ramilə Vəkilova və Səməd Vəkilovun verdiyi bilgilər).
18. Məhəmməd ağa Vəkilovun oğlu Kərim bəy Vəkilovun qızı Leyla xanım Vəkilovanın dedikləri və s.
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)
Görkəmli alim, yazıçı, ictimai xadim – BU GÜN MİR CƏLALIN DOĞUM GÜNÜDÜR
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əlbəttə ki, Azərbaycan ədəbiyyat tarixində yaşamaq haqqını Mir Cəlal Paşayevə elə tək bir romanı da bəs edər. Bu roman hamıya tanış olan, hamının sevə-sevə oxuduğu “Bir gəncin manifesti” romanıdır.
Mir Cəlal Paşayev 26 aprel 1908-ci il tarixində Cənubi Azərbaycanın Xalxal şəhərinin Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir.
1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir. 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır.
Daha sonra Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində təhsil almışdır. 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur, — "Kommunist", "Gənc işçi" qəzetlərində işləmişdir. İlk kitabı "Sağlam yollarda" bu dönəmdə çapdan çıxmışdır.
1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş, sonradan Azərbaycan ədəbiyyatına ən yaxşı müharibə mövzulu hekayələr bəxş etmişdir.
Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmişdir. "Füzulinin poetikası" mövzusunda namizədlik dissertasiyası, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Kitabları:
- Sağlam yollarda: oçerklər
- Boy (novellalar və oçerklər)
- Dirilən adam
- Bostan oğrusu
- Axundun iştəhası
- Gözünaydın
- Füzulinin poetik xüsusiyyətləri
- Bir gəncin manifesti.
Mükafatları
1. "Qafqazın müdafiəsinə görə" medal
2. "Əmək igidliyinə görə" medalı
3. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
4. "Şərəf nişanı" ordeni 1954, 1958
5. "Qabaqcıl maarif xadimi" nişanı
6. "Qırmızı əmək bayrağı" ordeni
7. Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1968
8. "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1969
9. "Oktyabr inqilabı" ordeni
10. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (2 dəfə)
Xatirəsinin əbədiləşdirilməsi
- Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəb
- "Mir Cəlal Paşayev" gəmisi
- Gəncə şəhər Mir Cəlal Paşayev Muzeyi.
- Bakıda İçərişəhərdə "Ədibin evi" ev-muzeyi
- Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi
- Gəncədə Mir Cəlal Paşayevin adını daşıyan küçə
-“Görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Əli oğlu Paşayevin 100 illiyi”nə həsr olunmuş poçt markası.
Böyek ədib 1978-ci il sentyabrın 28-də, ömrünün 70-ci baharında dünyaya gözlərini qapamışdır, ikinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Oğuzda olub
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininsədri Ramin Məmmədov Oğuz rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli lider HeydərƏliyevin Oğuz şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, ulu öndərin xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, müqəddəs kitabları (Quran) öyrənmə kurslarının yaradılması üçün icazənin alınması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.
Qəbuldan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Oğuz şəhərində yerləşən “Cümə” məscidini ziyarət edib.
Din xadimləri ilə görüş zamanı dini sahə dədövlət siyasətinin dünyəvilik, vicdan və dini etiqad azadlığı, dinlərin bərabərliyi kimi prinsiplərə əsaslandığını bildirən Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin dini dözümlülük mədəniyyətinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Ramin Məmmədov həmçinin Oğuz şəhərində yerləşən Müqəddəs Yelisey adına Kala (Böyük) Alban Kilsəsində də olub, dövlət başçısının rəhbərliyiilə dini ibadət yerlərinin bərpası, yenidən qurulması istiqamətində mühüm addımların atıldığını bildirib.
“Ədəbiyyat və incəsənət”
(25.04.2025)