İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Ötən gün Oguz rayon Mərkəzi kitabxanasının oxuculara xidmət və uşaq şöbələri birgə Maqsud İbrahimbəyovun 90 illik yubileyi ilə əlaqədar yazıçının eyniadlı hekayəsi əsasında çəkilmiş “Uşaqlığın son gecəsi” filminə kollektiv baxış təşkil ediblər.
Tədbirdə Oğuz şəhərindəki ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, o cümlədən H.Babayev adına bir saylı məktəbin müəllimi Rəfiqə Babayeva iştirak ediblər.
Oxu zalının müdiri Maqsud İbrahimbəyovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Sonra Uşaq şöbəsinin müdiri film haqqında məlumat verərək qeyd edib ki, filmi rejissor Arif Babayev 1968-ci ildə çəkib, onun ssenarisini isə Maqsud İbrahimbəyov özü yazıb.
Filmin çox maraqlı süjet xətti məhəbbət dedektivi ilə kəsişir, qəhrəmanlar isə ciddi mənəvi dilemmalar ilə üzləşirlər. Və bütün bunlar Polad Bülbüloğlunun müəllifi olduğu gözəl musiqi sədaları altında və nadir koloritli köhnə Azərbaycan həyətlərinin fonunda baş verir.
“Uşaqlığın son gecəsi” hekayəsində Pirşağıda yay tətilini keçirən iki yeniyetmədən bəhs edilir. Burada şəxsiyyətin formalaşmasından, xarakterin təşəkkül tapmasından, həyata yenicə atılan gəncin özünə düzgün yol müəyyənləşdirməsinin çətinliklərindən, yeniyetmə yaşlarından əsl insan, prinsipial, məsuliyyətli vətəndaş olmağın zəruriliyindən söhbət açılır.
1969-cu ildə Kiyevdə və Zaqafqaziya da keçirilmiş III Film Festivalında “Uşaqlığın son gecəsi” uşaqlar və gənclər üçün ən yaxşı film olaraq seçilmişdir.
Tədbirdə filmə kollektiv baxış keçirilib. Daha sonra filmdəki obrazlar haqqında məktəblilər öz fikirlərini bildiriblər.
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)