25 aprel 2025-ci il tarixlərində Respublika Uşaq Kitabxanasında “Yeniyetmə və keçid” layihəsi çərçivəsində “Kitab klubu” rubrikasının növbəti kitab icmalı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbirdə 327 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. Əvvəlcə iştirakçılar kitabxananın strukturu, fəaliyyət istiqamətləri və zəngin ədəbiyyat fondu ilə ətraflı şəkildə tanış edilib.
Sonra şagirdlərə həm yerli, həm də xarici müəlliflərin əsərləri təqdim olunub. Həmçinin dünya ədəbiyyatının tanınmış nümunələri – Eleanor Porterin “Sadəcə David”, Laymn Frenk Baumun “Oz ölkəsinin qəribə sehrbazı” və Oskar Vayldın “Xoşbəxt şahzadə” əsərləri haqqında ətraflı məlumat verilib, bu əsərlərin mövzusu və tərbiyəvi əhəmiyyəti şərh olunub.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin kitab oxumaq marağını artırmaq, eləcə də onların düşüncə tərzini və yaradıcılıq bacarıqlarını inkişaf etdirməkdir.
“Ədəbiyyyat və incəsənət”
(26.04.2025)