ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt Şəhər İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, STP Şirkətlər Qrupunun birgə təşkilatçılığı və Milli Məclisin deputatı Mehriban Vəliyevanın təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Uğurlu qadın olmağın sirri” adlı tədbir keçirilib.

Muğam Mərkəzində təşkil olunan tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Milli Məclisin deputatları Tahir Mirkişili, Elnarə Akimova, Səbinə Salmanova, Zaur Şükürov, STP Şirkətlər Qrupunun nümayəndələri, həkimlər, müəllimlər və Sumqayıt ictimaiyyəti iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar üçün sərgi nümayiş etdirilib. Daha sonra tədbir Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri Milli Məclisin deputatı Mehriban Vəliyeva açaraq akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. O, Zərifə xanımın timsalında uğurlu Azərbaycan qadınının cəmiyyətə və ailəyə verdiyi töhfələrin gənc nəslə nümunə olduğunu vurğulayıb. STP Şirkətlər Qrupunun “Zərif mühəndislər” və “Sabahın gücü” layihələrinin iştirakçısı olan qadın mühəndislərin uğurlarından bəhs edib. Zərifə xanımın uğur sirrinin zəhmət, sədaqət və insanlara olan məhəbbətdən keçdiyini qeyd edib və layihə iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra Zərifə Əliyeva haqqında videoçarx nümayiş etdirilib.

Tədbirin qonağı, professor Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini bölüşüb. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Zərifə xanımın oftalmologiya sahəsindəki uğurlarından danışıb və onun ailə dəyərlərinə sadiqliyinin, milli-mənəvi dəyərlərin qorunmasında nümunəvi fəaliyyətinin bu gün də davam etdirildiyini bildirib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova da Zərifə xanımın həyat yolundan və onun qadınların cəmiyyətdəki rolunun artmasına verdiyi töhfələrdən bəhs edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında akademik Zərifə xanım Əliyevanın elmə, cəmiyyətə və ailəyə verdiyi misilsiz töhfələrdən bəhs edib. Zakir Fərəcov bildirib ki, Zərifə xanımın həyat yolu Azərbaycan qadını üçün örnək məktəbdir. O, təkcə tibb sahəsində deyil, eyni zamanda insanlara olan münasibəti, yüksək mənəviyyatı və nümunəvi ailə dəyərləri ilə də hər zaman seçilib. Zakir Fərəcov gənclərə müraciət edərək, milli-mənəvi dəyərlərə sadiq qalmağı, təhsilə, elmə və zəhmətə önəm verməyi tövsiyə edib.

Tədbir daha sonra panel müzakirəsi ilə davam edib. Panel öncəsi “Sabahın gücü” layihəsinin məzunu Nərgiz Qafarova layihə və tədbir haqqında məlumat verib, sonra isə gənclərin suallarını panel iştirakçılarına ünvanlayıb. Paneldə deputatlar Səbinə Salmanova, Elnarə Akimova, Prezident təqaüdçüsü, əməkdar müəllim Ofelya Babayeva və əməkdar həkim Təranə Rəcəbli gənclərin suallarını cavablandırıblar.

Tədbir Sumqayıt Musiqi Kollecinin hazırladığı bədii hissə ilə yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

Joldıbek Kaçkınbayev, “Ədəbiyyat və incəsənət” portalının Qırğızıstan təmsilçisi

 

Aprelin 24-də Qırğızıstan Milli Konservatoriyasının Böyük Konsert zalında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında Mədəniyyət Günlərinin rəsmi bağlanış mərasimi olub.

Mədəniyyət günləri caz musiqisinə həsr olunmuş konsert proqramı ilə yekunlaşıb.

Təntənəli tədbirdə Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Timurlan Acımalıyev, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Fərid Hüseynov, Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, yaradıcı ziyalıların nümayəndələri, tələbələr iştirak ediblər.

Musiqili gecədə Elbəy Məmmədzadə (piano), Saleh Məmmədov (bas gitara) və Eyvaz Xaşımovdan (zərb aləti) ibarət “Etno-caz” triosu Azərbaycan bəstəkarları Arif Məlikov, Tofiq Quliyev, Vaqif Mustafazadənin əsərlərindən və dünya klassikləridən caz üslubunda parçalar ifa ediblər.

Dörd gün davam edən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iki xalq arasında mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədilə bir sıra ikitərəfli görüşlər və danışıqlar aparılıb. Həmçinin Azərbaycan xalqının zəngin və misilsiz mədəni irsini əks etdirən konsert proqramları təqdim olunub, milli mahnı və melodiyalar səsləndirilib, sərgilər təşkil olunub.

Xatırladaq ki, 2024-cü ilin aprelində Bakıda Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında Mədəniyyət Günləri keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

“Ədəbiyyat və incəsənət” portalı bu gün Hekayə axşamında sizlərə Nemət Mətinin “Nazirə” hekayəsini təqdim edəcək.

 

 

          Beş yaşına qədər həyatı monoton keçmişdi. Nazirənin atasının başına gələn bədbəxt hadisə hər şeyi dəyişdi. Hərbi silah-sursatı qoruyan hərbçi atası onları yaxşı dolandırırdı. Evləri hərbçilərə verilən köhnə daxma olsa da, qarınları tox idi. Bir gün gecə hərbi anbarın damından oğrular içəri soxularaq baha qiymətə satılacaq maşın hissələrini oğurlayır. Nazirənin atası anbara cavabdeh olduğu üçün məsuliyyət boynunda qalır. Məhkəmə qurulur. Hakimin qərarı ilə atasına yüksək məbləğ ödəmək cəza kimi kəsilir. Əks təqdirdə dörd il altı ay həbsxanada çürüməli olacaq. Nazirənin anası əl-ayağa düşür. Qızılları satır. Bir az qohumlardan pul toplayır. Lakin bəs etmir. Ata-anası illər öncə rəhmətə getdiyi üçün məcbur qalıb qayınatasına ağız açır. O isə ayağını yerə dirəyib oğlu üçün pul vermir. Daş sifət alıb son sözünü deyir:“Oğluma görə milçək də satmaram. Kişi türmədə yatar”. 

          Ata soyuq zindan divarlarına məhkum oldu. Nazirənin anasının saçları bir günün içində ağardı. Çətin həyat hələ qarşıda idi. Ana məcbur qalıb iki ağır işə düzəldi. Qabyuyan və xadimə. Bir işdən çıxıb o birinə gedirdi deyə, Nazirə və qardaşı evdə ikilikdə qalırdı. Bütün günü dalaşırdılar. Yola getmirdilər. Ana yorğun-arğın evə qayıdanda nəvaziş, qayğı, diqqət istəyən uşaqlar, xüsusən də Nazirə müxtəlif bəhanələr eşidirdi:“Başım ağrıyır”. “Gedin yatın”. Nazirə tək qalmışdı. Həftə sonlarına nifrət edirdi. Həyətdə yaşıdları ilə oynayanda ataları evə qayıdan uşaqlar onların qarşısına qaçaraq qucaqlaşır, hədiyyələri alır və ürəkdən sevinirdilər. Nazirə yola baxırdı. Gəlməyən atasını gözləyirdi. Arabir qonaq gələn dayıqızı da ona acıq verirdi. Nazirə yanında olanda atasını qucaqlayıb azı əlli kərə “ata” deyirdi. 

          Nazirə atasının şəklini cibində gəzdirirdi. Arabir, xüsusilə gecələr şəklə xeyli baxdıqdan sonra dəfələrlə öpürdü. Tək ömür sürməkdən qorxurdu. 

         Onun üçün ayda bir bayram var idi. Atasının yanına aparıldığı gün. Ev yeməkləri və siqaret dolu çantanı anası güc-bəla ilə həbsxananın qapısına qədər daşıyırdı. Uzun-uzadı növbədə yer tutmaq lazım idi. Nazirə həyəcanla atasını görəcəyi anı gözləyirdi. Səhərdən günortaya qədər beş qapı keçirdilər. Hər qapıda onları və gətirdiklərini yoxlayırdılar. Yarpaq dolmasının içinə qədər baxış keçirilirdi. Nazik, uzun dəmiri içi dolu farş olan yarpağa batırıb çıxarırdılar. Nazirə, qardaşı və anası yorğun halda beş qapını keçəndən sonra kafe kimi bir yerə çatırdılar. Orada da gözləməli olurdular. Cəza çəkənləri gətirənə qədər. Atası gələndə Nazirə sevincindən onun üstünə qaçırdı. Atasını bərk-bərk qucaqlayıb qoxulayırdı. Sonra bir stol arxasına əyləşib söhbət edirdilər. Nazirə həmişə atasının qucağında otururdu. Başını sinəsinə söykəyirdi. O bilirdi ki, atası ona hər görüşdə pul verəcək və qız sevincindən nəinki həbsxanaya, hətta yerə-göyə də sığmayacaq. Amma atasında pul haradan? Ömür-gün yoldaşından gizlicə pulu alıb qızına uzadırdı. Evə qayıdanda Nazirə qardaşına acıq verib deyirdi:

          Gördün? Ata mənə pul verdi. Sənə yox!”

          Qardaşı yaşca ondan böyük olduğu üçün həssas məqamlarda dinmirdi. Belə kövrək qızın xətrinə kim dəyər?

          Dözülməz günlər payızda başlayırdı. Payızın leysan yağışı uçuq damlarından içəri keçməsəydi, əl çəkməzdi. Evi su basmasın deyə, evdə nə dərin qab var idisə, hamısı döşəməyə düzülürdü. Hətta bir dəfə elə güclü yağış yağdı ki, tavanın bir hissəsi uçdu. Nazirənin yatdığı köhnə yataq mebelinin yanına düşdü. Xoşbəxtlikdən heç kim zədələnmədi. 

         Evin divarlar o qədər nazik idi ki, bir təpiyə aşırmaq olardı. Amma ən çətini qış ayları idi. Soyuq olmasın deyə, çatlamış pəncərə şüşələri qalın salafanla örtülürdü. Yenə də dişqıran şaxtanın qarşısını almaq olmurdu. Ona görə qışda ya dayı, ya da xalagilə köçürdülər. Adamın Allahı var. Obiri qohumlara baxmış dayı və xala onlara yaxşı baxırdı. 

         Dörd il altı ay babasıgil Nazirədən, qardaşından, gəlinlərindən xəbər almadılar. Bir dəfə zəng edib hal-əhval tutmadılar. Belə daşürəkli insanların ucbatından Nazirə gün-gündən həyatdan soyuyurdu. Öz içinə çəkilirdi. İnsanlarla az-az danışırdı. Lakin ürəyində bir ümid vardı. Atası qayıdacaq. Onu əzizləyəcək, bağrına basacaq, onunla xeyli danışacaq, deyəcək, güləcək. Lakin belə olmadı. Ata qayıdandan sonra monoton, qayğılı həyat başladı. Ata iş-ev, ev-iş... Elə ana da həmçinin. Uşaqlar böyüdü. Təhsil aldı. Amma Nazirə öz balaca dünyasından çıxmadı. Təkcə kitablarla ünsiyyətdə olurdu, desək, yalan olmaz. Drayzerin “Kerri bacı” romanı ona doğma gəlirdi. Üç dəfə oxumuşdu. 

         Hər dəfə məktəbdəki hadisə Nazirənin yadına düşəndə qəribə olurdu. Müəllim “Yay tətilini babamgildə necə keçirdim” adlı inşa vermişdi evə. Heç nə yazmayan Nazirə dərsdə dişini damağına sıxıb oturmuşdu. Şagirdlər bir-bir uca səslə yazdıqlarını oxuyurdu. Xoşbəxtlikdən sıra ona çatanda zəng çalınmışdı.

         Uşaqlıqdan otağına bağlı idi. Hələ altı yaşı olanda otağında özünün xəyal etdiyi Tanrı ilə danışırdı. Şikayətlənirdi. Nə etmişəm, nədir mənim günahım? Atası üçün dua edib ağlayırdı. Əsəb və fikirlərlə yol yoldaşı olmuşdu. Əsəbiləşəndə üzdə bildirmirdi. İçində ağladığı üçün böyüyəndə xəstəlik aşkar olundu. Xroniki qastrit. 

         Üçüncü kursda oxuyanda Nazirənin nənəsi yatağa düşdü. Ölüm ayağında oğlu yanına getdi. Nazirənin anası da ərinin xatirinə uşaqları götürüb ərinə qoşuldu. Nənə ölüm ayağında belə uşaqları soruşmadı. Nazirə gecələr ağlayırdı. Babasının üzünə baxmırdı. Neçə dəfə özünə söz vermişdi ki, babanı görən kimi hər şeyi üzünə deyəcək. Amma bacarmadı. Ağladı, hey ağladı. 

         Nənə ölən gün dayısıgilə apardılar Nazirəni. Ürəyində sevinirdi. O evdə qalmaq işgəncə olardı. Bir həftə ərzində nənə-babasının evində qalan valideynlərinin yanına qayıtmaq istəmədi. Mərhumə dəfn olunandan bir neçə ay sonra Nazirəni qara mərmərdən boylanan nənənin yanına aparmaq istəsələrdə, özünü yerə vurdu. Ağladı, zarıdı, yaxın getmədi. Uzaqdan iri, qara mərmərə və dörd tərəfi, üstü dəmirlərlə əhatələnmiş əraziyə soyuq-soyuq baxdı. Ürəyində simic və ürəksiz babasını söyürdü. Oğluna vermədiyi pullarla həm arvadına, həm də özünə qara mərmərdən başdaşı sifariş vermişdi. Üstəlik, qəbristanda yer götürüb çardaq düzəltdirmişdi. Nəyə lazımdı belə dəbdəbəli başdaşı, əgər səni heç kim sevmirsə, yanına gəlib ziyarət etmirsə, şəklini öpmürsə? – deyə o düşünmüşdü...

         Bir il keçməmiş babası da vəfat etdi. Nə qədər qəribə səslənsə də, Nazirə sevinirdi. Elə bil çiynindən qarışqa yükü götürülmüşdü. İllərin acığını çıxmışdı.

         İndi rayona, ata yurduna gedirdi Nazirə. Hər dəfə həyətə düşəndə çevrilib dörd yaşlı uşaq olurdu. O qayğısız, heyva ətirli günlərə qayıdırdı. O həyətdə böyüməyən Nazirə qalmışdı. İyirmi iki yaşı olmasına baxmayaraq, atasından yelləncək asmağı istəmişdi. Sonra dondurma, gəlincik... 

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Lerik rayonu Azərbaycanın cənubunda, Lənkəran bölgəsində yerləşən və zəngin təbiətə malik bir rayondur. Rayon, həmçinin Azərbaycanın ən hündür bölgələrindən biridir və dağlıq əraziləri ilə tanınır. Lerik rayonunun turizm potensialı müxtəlif təbii gözəllikləri, tarixi və mədəni abidələri ilə zəngindir.

 

Bəzi önəmli turizm məkanları bunlardır:

 

1. Lerik Dağları və Təbii Gözəlliklər: Lerik rayonu, yüksək dağları, meşələri və çayları ilə tanınır. Burada dağ gəzintiləri, trekkinq və təbiət gəzintiləri etmək mümkündür. Dağlar, həmçinin nadir bitki örtüyü ilə zəngindir.

 

2. Bəhrəvar: Lerik rayonunun ən məşhur turistik məkanlarından biri olan Bəhrəvar kəndi, təbii mənzərələri və dağlıq ərazisi ilə tanınır. Burada möhtəşəm dağ mənzərələri və sakit bir atmosfer tapmaq mümkündür.

 

3. Səhra və Ekoturizm: Lerikdə ekoturizm inkişaf etməkdədir. Buranın təbii gözəllikləri və müxtəlif ekosistemləri, ekoturizm fəalları üçün ideal bir məkandır.

 

4. Qədim Yerlər və Tarixi Abidələr: Lerik rayonunun bəzi kəndlərində qədim məscidlər və digər tarixi abidələr yerləşir. Bu abidələr, yerli mədəniyyətin izlərini və tarixini öyrənmək istəyənlər üçün maraqlı məkanlardır.

 

5. Xalq Təsərrüfatı və Əl İşi: Lerik, həmçinin yerli əhalinin məşğul olduğu əl işləri və xalq sənətkarlığı ilə də tanınır. Bu sənətkarlıq nümunələri turistlərə xatirə olaraq alınabilir.

 

Lerik, həmçinin bölgənin ən yaxşı balı ilə məşhurdur. Bu cür təbii məhsulların satışı, turistlər üçün xüsusi maraq doğurur. Turizm infrastrukturu getdikcə inkişaf etsə də, Lerik hələ də sükut və təbii gözəllikləri ilə istirahət etmək istəyənlər üçün gözəl bir yerdir.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə Qədim Türklər layihəsində bu gün sizlərə qədim türklərin dəvəkarvan yolları və ticarət diplomatiyası barədə söz açacağıq.

 

Tarix boyu Türklər yalnız döyüş meydanlarında yox, karvan yollarında da güclü iz buraxıblar. İpək Yolunun əsas qoruyucuları və təşkilatçıları olaraq, onlar ticarəti sadəcə iqtisadi bir vasitə kimi deyil, həm də diplomatik əlaqələrin qurulmasında bir körpü kimi görürdülər.

 

Xəzərdən Mərkəzi Asiyaya, Anadoluya və oradan Avropaya uzanan karvan yolları üzərində qurduqları karvansaraylar, səyahət edən tacirlər üçün təhlükəsiz limanlar idi. Bu, yalnız mal mübadiləsi deyil, mədəniyyətlərin və dillərin qarşılaşması demək idi. Tatar, Oğuz, Karluk, Səlcuq, Osmanlı – fərqli dövrlərdə fərqli adlarla, amma eyni anlayışla: yoldaşlığa, etibara və ticarətdə dürüstlüyə əsaslanan bir sistem.

 

Türklər bəzən bir ox ataraq torpaq alır, bəzən bir at verərək dost qazanırdılar. Onlar üçün bir dəvənin yükü yalnız ipək və ya ədviyyat deyildi – o yükün içində vətənin etibarı, millətin şərəfi daşınırdı.

 

Bu səssiz diplomatiya – yəni ticarət yolları üzərindəki nəzarət və qonaqpərvərlik – Türklərin siyasi güclərindən öncə mədəni təsirlərini yaymalarına səbəb oldu. Beləliklə, ticarət onların tarixində gizli, amma mühüm bir imza kimi qalır.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Ustad dərsləri rubrikasında sizləri “Taxt Oyunları”nın məşhur müəllifi Corc R.R. Martinin “Yazıda müvəffəqiyyət qazanmaq üçün Ən Yaxşı 8 Qayda”sını təqdim edirik. Öncədən onu deyim ki, bu sayaq qaydaların hamısını yaddaş baqajınıza yükləyin, ayrı-ayrılıqda onlar faydalı olmaya bilərlər, amma bir yerdə mütləq fayda gətirəcəklər.

 

1.Minimalizmi məşq edin. Heç bir uzunçuluq, bol təsvirlər, bədii ifadə vasitələri sizin köməyinizə yetə bilməz.

2. Yazıçılığa romanla başlamayın. Hekayə və esselərlə başlayıb tədricən romana doğru inkişaf yolu gedin.

3. Hər şey bir səbəbdən olur. Səbəbsiz heç nəyi mətnə gətirməyin.

4. Tam qapandırmadan istifadə edin. Yəni, oxucu mətninizə tam qapanmasa yarımçıq ordan qopa bilər.

5. Dürüstlük vacib şərtdir.

6. Xarakterə daxil olun. Xarakterlə yaşayın!

7. Memar əvəzinə bağban olun. Bu bənzətmə adi sözlər deyil, onu dərindən qavramağa çalışın.

8. Fanfiks sizin ədəbi əzələlərinizi çox işlətmir, bunu bilin.

 

Beləliklə, sizlər 8 qayda ilə tanış oldunuz. Zəruri bir qeyd edim, fanfiks – komikslərin, komputer oyunlarının, YouTube filmlərinin mətnlərindəki vulqarizmlərdir, onlar hazırda ədəbi mətnlərdə dominantlıq təşkil edirlər. Bütün 8 qaydadan yalnız bu sonuncu – 8-ci qayda bizlər üçün yetərli deyil, yəni, bizdə fanfiks dəbi yoxdur. Əvəzində bizim mətnlərdə dialekt və ləhcənin ədəbi mətnə basqısı var. Elə bu da bizim mətnin fanfiksi hesab ediilə bilər. Demək, mətnlərimizi dialekt və şivə basqısından qorumalıyıq.

Azərbaycan mətnində daha bir bəla orfoqrafiya və orfoepiya mətnlərinin sərhədinin olmamasıdır. Yəni, müəllifin mətni ilə obrazın danışığının təhkiyəsi əsla fərqlənmir. Bu da yolverilməzdir.

Gəlin unutmayaq ki, uğurlu mətn yazmaq qaydaları riyazi dəqiqliklə hesablanıb, burda özfəaliyyət keçmir.

Ümidvaram ki, sizlərə faydalı ola bildim. Növbəti həftələrdə Ustad dərslərində görüşənədək.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair İstanbulda yaşayan Mustafa Şeyxpurdur.

 

 

Mustafa Şeyxpur

İstanbul

 

1.

Gözlərinin göy məscidini unutdum

Əllərini qaldıran minarə idi xiyabanda

Yaşasın...

Küçələrdə oynayan uşaqlar

Və Saat qabağında unudulan Mustafa.

 

Adını bu adaların birinə qoyacaqdım

Olmadı

Səsini sonra eşitdim

İlk adaya verdim səsini

Quşlar və balıqlar sənin səsinə gəlir

Günəş sənin səsində batır

Ay sənin səsində doğur

Mən hər gün səsinlə oyanıram

Və işlədiyim hər an səsin gözümdən ayrılmayır

Sənin səsində yaşayıram.

 

Gəl birlikdə oxuyaq o sevdiyimiz mahnını

"Özüm özünə qurban, gözüm gözlərinə..."

Bu dağlarda maral gəzməyir xanım

Nə dağları, nə qəbiləsi, nə şəhəri

Heç biri gözümdə deyil.

 

Əli boş gəlməyəcəkdim

Qız qalası baqajıma sığmadı

Səni yanımda gətirə bilmədim

Dünya bir adaya sığmaz ki,

Ən son bir gəmi gördü məni

Və ən son mən o gəmini gördüm

Qalan hər şey mavi

Qalan hər şey boş

Sonra mən də itdi, bu mavi də

Sənin səsin qaldı fəqət...

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət”

 

1976-cı ildə rejissorlar Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyovun ekran  əsəri olan “Dərviş Parisi partladır”  filmi barədə söhbət edəcəyəm.  Film Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur" pyesi əsasında lentə alınıb.

 

Milli kinematoqrafiyamızda Axundovun yaradıcılığına çox müraciət olunmayıb. Onun bu əsərindən başqa bir də “Hacı Qara” pyesi ekranlaşdırılıb.

“Hekayəti Müsyo Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur" müəllifin digər əsərlərindən yığcamlığı, mövzuya daha sadə yanaşması, hətta bəsitliyi ilə seçilir.

Süjetə görə fransız alim Müsyo Jordan (aktyor Sergey Yurski) Qarabağa yerli bitkiləri öyrənmək, onlar haqda məlumat toplamaq üçün gəlir. Burda onu Qarabağ xanlarından biri Hətəmxan ağa (Adil İsgəndərov) qarşılayır. Onun qardaşı oğlu Şahbaz bəy (Ənvər Həsənov) Müsyo Jordanla fransız dilini, elm öyrənmək üçün Parisə getməyə hazırlaşır. Şahbaz bəy əmisiqızı Şərəfnisəyə (Mömünat Qurbanova) nişanlıdır və o, Parisdən qayıdandan sonra evlənməyi qərara alır. Bundan qeyzlənən əmisi arvadı Şəhrəbanu (Leyla Bədirbəyli) onun Parisə gedən yolunu kəsmək üçün cadugər Dərviş Məstəli şahdan (Mirzə Babayev) kömək istəyir...

 

Filmin ideya problematikası avamlığın tənqidi, təhsilin, elmin önəmini vurğulamaqdır və əsas konflikt Müsyo Jordanla Məstəli şah arasında baş verir. Hərçənd, süjetə əsasən bu obrazlar görüşmürlər. Müsyo Jordanın onun varlığından belə xəbəri olmur. Çünki əhvalatda əsas məsələ obrazların yox, ideyaların, dünya görüşlərin konfiliktidir ki, onu da müəlliflər çatdıra biliblər.

Ümumiyyətlə, filmdə həmin dövrün sosial-ictimai mühitin, cəmiyyətdə kök salmış dominant dünyagörüşün, mentallığımızın təsviri obrazlı verilib. Evin xanımının alimə çör-cöp yığan kimi baxması, onu ciddiyə almaması, toy ənənəsinin bizim üçün həyati əhəmiyyət kəsb etməsi, yeniliyə açıq olmamaq, yaşamın ailə təsəvvürləri, məişətlə sərhədlənməsi, ağsaqqal-ağbirçək institutunun gənclərin qərarlarına müdaxiləsi, özlərini bunda haqlı bilməsi və digər problemlər əhvalatda əks olunur.

Filmin müəlliflərindən biri Ş. Mahmubdəyov xatirələrində əsərin ekranlaşdırılmasının zərurətini belə izah edir: “Axundov hiyləgər, fırıldaqçı, avam adamları aldadıb soyan, tüfeyli Məstəli şaha qarşı fransız nəbatat alimi Müsyo Jordanın obrazını yaratmışdır. Məstəli şahin simasında feodal cəmiyyətin tipik nümayəndəsini gördük. Müsyo Jordan elm, maarif və tərəqqi simvolu kimi diqqətimizi cəlb edib. Biz məhz bu obrazları kino dili ilə canlandırmaq məqsədilə böyük dramaturqun komediyasına müraciət etmişik”.

 

Ancaq problem ondadır ki, pyes demək olar, olduğu kimi ekrana köçürülüb. Yəni onun müəlliflər tərəfindən bədii interpretasiyası yoxdur. Ssenari müəllifi Ədhəm Qulubəyov filmə Rəşid obrazını əlavə edib. Ş. Mahmudbəyov Rəşid obrazının əlavə olunmasını onunla izah edir ki, müəllif (yəni ssenarist) müsbət cəhətlərin inkişafını qabartmaqla tənqidi daha da gücləndirmək istəmişdir: Bu məqsədlə də ali savadlı Rəşid bəy obrazını ssenariyə əlavə etmişdir ki, onunla müqayisədə savadsızlıqdan irəli gələn, nadanlıq, avamlıq gülüş hədəfinə çevrilsin”.

 

Bu arada kino mütəxəssilərinin də fikrini çatdırım. Halbuki, mütəxəssilər Məstəli şaha, qadın obrazlarına geniş yer verməklə, hətta bəlkə Müsyo Jordanla Məstəli şahı qarşılaşdırmaqla müəlliflər filmi ənənəvi komediyaya yox, absurda çevirə bilərdilər və məzmunun məna miqyası daha da genişlənərdi. Ümumiyyətlə, Axundovun əsərlərini komediyanın demək olar ki, bütün subjanrlarında işləmək mümkündür.

Filmin son epizodlarından birində qulluqçu qadın Sənəm (Səfurə İbrahimova) deyir: “Eh, xanım, kişilərin ağlı olsaydı, niyə biz onları hər qədəmdə min yol aldadırıq, öz bildiyimizi edirik?” Misalçün, bundan çıxış edərək, əsəri qadın dramı da etmək mümkün idi.

“Dərviş Parisi partladır” filminin iki rejissoru, iki operatoru olması maraqlı faktdır. Çünki quruluş etibarilə bu, sadə bir filmdir. Yəni iki rejissora ehtiyac nədən qaynaqlanıb?

“Aranfilm” yaradıcılıq mərkəzinin rejissoru, milli filmlərimizin araşdırıcılarından biri Babək Abbaszadə deyir ki, “Dərviş Parisi partladır” filmini əslində Hüseyn Seyidzadə çəkməliydi: “Hüseyn Seyidzadə bizim ən başıbəlalı rejissorumuz olub və onun neçə filmini əlindən alıblar. “Qatır Məmməd”i, sonra “Dərviş Parisi partladır”ı və digərlərini. Ancaq filmdə iki rejissorun adı olsa da, müxtəlif adamların xatirələrindən rejissor kimi ən çox Şamil Mahmudbəyovun adı çəkilir”.

 

Başqa bir mənbənin dediyinə görə, Kamil Rüstəmbəyov xarakter olaraq çox müstəqil idi, “sözəbaxan” olmadığına görə onu filmdən uzaqlaşdırıblar.

Müsyo Jordan roluna çəkilmiş aktyor Sergey Yurski fransız dilini mükəmməl bilib. Filmdə fransız dilində mahnını da özü ifa edib. Hərçənd, filmdə nədən rus dilində mahnının ifa olunması aydın deyil. Aktyor Azərbaycan dilində sözləri özü səsləndirib. Onun üçün Azərbaycan dilində mətnlər yazılıb, o da əzbərləyirmiş.

Milli kinomuzun epizod ustaları Kamil Məhərrəmovun, Fazil Salayevin, Mirzə Babayevin ifaları, qadın obrazları əhvalatı dinamikləşdirir.

Çəkilişlərin bir hissəsi Qarabağda və Şamaxıda, bəzi səhnələr isə pavilyonda aparılıb. Dərviş Məstəli şahın həyata keçirdiyi partlayış səhnəsi kinostudiyanın pavilyonunda çəkilib. Müsyo Jordanın Fransada inqilabın baş verdiyi xəbərini alanda, huşunu itirdiyi yer Mərdəkanda, zəngin bir azərbaycanlının evinin önündə lentə alınıb.

 

Müsyo Jordanın içində Fransanın təsvirləri olan aparat filmin rəssamı (Nadir Zeynalov) tərəfindən verilmiş eskiz əsasında hazırlanıb. Filmdə istifadə olunan atlar ippodromdan gətirilib.

Diqqəti çəkən səhnələrdən biri Müsyö Jordanın şərəfinə verilən ziyafətdə Şahbaz bəyin əla rəqsiydi. Şahbaz rolunun ifaçısı Ənvər Həsənov İncəsənət İnstitutunda oxuyanda Əlikram Aslanovun rəhbərlik etdiyi "Qobustan" rəqs ansamblının üzvü olub.

Ə. Həsənov bu filmə kimi artıq “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm” filmlərində oynamışdı. Şərəfnisə rolunun ifaçısı Mömünat Qurbanova filmə çəkiləndə Azərbaycan Dövlət İncəsənət İnstitutunun tələbəsiydi. Rola uyğun aktrisa tapmaq üçün rejissorlar Ə. Həsənovan xahiş etmişdilər ki, o da həmin axtarışlara qoşulsun. Aktyor İncəsənət İnstitutunda kursları gəzəndə, Mömünat Qurbanovanı görür və ilk baxışdan onun rola uyğun olduğunu hiss edir. Filmdən sonra isə onlar nişanlanıb, ailə həyatı qururlar. Bundan sonra cütlük daha iki filmdə “Atları yəhərləyin” və “Son döyüş” filmlərində tərəf müqabili olur. (Mömunat Qurbanova 2008-ci ildə avtomobil qəzasında həlak olub).

“Dərviş Parisi partladır” filmi üzərində 2011-ci ildə Dövlət Film Fondu Rusiya Teleradio Fondu ilə birlikdə bərpa işləri aparıb.

Filmin quruluşçu operatorları Zaur Məhərrəmov və Arif Nərimanbəyov, bəstəkarı Tofiq Quliyevdir.

Məncə, bu qədər bəs etdi. Baxmayanlar varsa, buyurub baxsınlar.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Robin Şarmanın uğura yönəldən 30 kəlamından son 10-u.

1.   Çalışın, sizin barənizdə heç kəs hər şeyi bilməsin. Şəxsiyyətinizi sirli saxlayın.

2.   Tam yetkin şəxsiyyət olmağın əlaməti -  baş verən hər şeyə öyrənmək səbəbi kimi baxmaqdır. Daim öyrənin. Hətta müəllimlərin də müəllimi var.

3.   Düşünmə keyfiyyəti həyat keyfiyyətini müəyyənləşdirir. Fikirlər canlı varlıqlardır, xırda enerji qığılcımlarıdır.

4.   Sənin həyatına məna qatan insanlarla daha çox bir yerdə ol. Həmişə eləmək istədiyin şeyləri elə. Arzuladığın qayaya dırmaş, hansısa bir alətdə ifa etməyə başla, yağışın altında rəqs elə, yeni işə başla. Musiqini sevməyi öyrən, daha bir xarici dil öyrən, uşaqlıqda malik olduğun heyrətlənmək xüsusiyyətini yenidən özünə qaytar.

5.   Möcüzəli anların qədrini bil, onlarda çim!

6.   Özündə zamanın necə qiymətli olması barədə çox dərin düşüncə yarat. Başqa insanlara imkan vermə ki, bu çox qiymətli kapitalı səndən alsınlar. Və onu elə fəaliyyət növlərinə qoy ki, bunu etməyə dəysin.

7.   Həyatda uğur göstəriciləri nə əşyalar, nə pul, nə cəmiyyətdəki yerinizdir. Bu, həyatdan aldığımız sevincdir.

8.   Xoşbəxtlik düzgün düşüncələrlə gəlir, düzgün düşüncələr təcrübə ilə gəlir, təcrübə isə səhv düşüncələrlə gəlir.

9.   Fiziki hərəkətlərə vaxt ayırmayanların həmin vaxtı öz xəstəliklərinə ayıracağı qaçılmazdır.

10.               Əksər insan öz evinin arxasındakı mövcud bağçadan həzz almaq əvəzinə, haradasa üfüqlərdən uzaqlarda yerləşən hansısa sirli, möcüzəli bağçanı arzulayır.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

RƏSUL RZA

“YADIMA DÜŞDÜ”

                       Oğlum Anara

 

Dənizdə ləpə var, göydə bulud var,

Gündə durna keçir göydən yüz qatar.

Baxdım üfüqlərə həzin axşamlar,

O məlul durmağın yadıma düşdü.

 

Bax, yaşıl Krımda yarpaqlar solub,

Elə bil təbiət işdən yorulub,

Hərdən qərib-qərib gözlərin dolub,

Boynunu burmağın yadıma düşdü.

 

Könlüm sənsiz ağlar, səninlə gülər,

Ata olmayanlar bunu nə bilər?

Tutub çarpayının yanından səhər

Ayağa durmağın yadıma düşdü.

                                 Krım, Yalta, 1938

                                                           

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

6 -dən səhifə 2148

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.