ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Şənbə, 26 Aprel 2025 18:02

Sabah ara-sıra yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sabah – aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. 


Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək, axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 12-14°, gündüz 22-27° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. 
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi proqnozlaşdırlır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 24-29° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı bildirilir. 

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2025)

26 aprel 2025-ci il tarixində qədim Xivə şəhərində “Yeni Özbəkistanda baxşı sənəti: müasir tədqiqatlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans və “II Türk Dünyası Mədəniyyət Forumu” öz işinə başlayıb.

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, forumda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova tədbirin yüksək səviyyədə təşkili, səmimi qəbul və qonaqpərvərlik üçün Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyeva və Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Çıxışında xanım Raimkulova Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv olaraq yaxın zamanda qoşulacağı ilə bağlı məmnunluğunu ifadə edərək vurğulayıb: “Bu addım Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi elmi, mədəni və maarifləndirici birgə təşəbbüslər üçün yeni üfüqlər açacaq, önəmli mərhələ olacaq”.

Forum iştirakçılarına Fondun Türk dünyasının zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdiyi əsas layihələr təqdim olunub. Prioritet istiqamətlər sırasında — Türk xalqları folklorunun Antologiyasının hazırlanması, çoxdilli rəqəmsal irs kataloqunun yaradılması, beynəlxalq konfrans və sərgilərin təşkili, bərpa layihələrinin dəstəklənməsi və Türk mədəniyyəti və irsi mərkəzlərin yaradılması xüsusi qeyd olunub. Fond, Mədəniyyət Nazirliyinin dəstəyi ilə belə mərkəzlərdən birinin Daşkənddə yaradılmasına hazır olduğunu bildirib.

Aktotı Raimkulova bu tədbirin baxşı sənətinin elmi tədqiqatlarının dərinləşdirilməsi ilə yanaşı, Türk dünyası ölkələri arasında mədəni-mənəvi əlaqələrin genişləndirilməsi məqsədi daşıdığını vurğulayıb.

Qeyd etmək lazımdır ki, Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan Respublikasının mədəniyyət naziri, Qırğız Respublikasının mədəniyyət nazirinin müavini, eləcə də ICESCO, TÜRKSOY, TÜRKPA, Türk Akademiyası kimi beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, tanınmış alimlər, folklorşünaslar, baxşılar, Türk dünyasının mədəniyyət xadimləri və media təmsilçiləri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2025)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Şair, ədəbiyyatşünas Təranə Turan Rəhimli İzmir Karşıyaka Kültür Mərkəzində KIbrıs Balkanlar Avrasiya Türk ədəbiyyatları Qurumunun ev sahibliyi ilə tanınmış şair, araşdırmaçı, Balkan türkləri ədəbiyyatının yorulmaz tədqiqatçısı Necil Şükrü Aydının "Balkanlardakı Anadolu: Fustana və çevrəsi", "Qarasunun səsi" adlı türkoloji araşdlrmalarına həsr edilmiş tədbirdə iştirak edib.

 

Bildirdiyinə görə, türkologiya elminə qiymətli töhfələr olan bu kitabların yaddaşlarda dərin iz buraxacağına inanan dəyərli Türk dünyası aydınları, görkəmli şair və yazıçılar, TRT sənətçiləri, siyasətçilər,  millət vəkilləri  tədbirdə iştirak edərək sözügedən əsərlər haqqında fikir söyləyiblər. Tədbirdə dövlət himni səsləndikdən sinra şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.

 Kıbrıs, Balkanlar Avrasiya Türk Ədəbiyyatları Qurumunun  fəxri və qurucu başqanı Fəyyaz Sağlam tədbiri giriş sözü ilə açaraq Necil Şükrü Aydının Balkan torpaqlarının övladı olduğunu, Bolqarıstandakı tarixi  türk yurdlarına,  doğulduğu Qarasu çevrəsinə, Fustana kəndinə sevgisindən söz açıb. Türk dünyası ziyalılarının işığına toplaşdığı dəyərli kitablarının da məhz həmin sevgidən qaynaqlandığını, böyük bir millətsevərlik, yurd, el-oba  təəssübkeşliyi ilə yazıldığını vurğulayıb. Natiq uzun illər ədəbi fəaliyyətində doğulduğu ana torpağı, onun dəyərlərini tərənnüm edən Necil Şükrü Aydının indi də oxucularının görüşünə bu qiymətli türkoloji kirabları ilə gəlməsini Bolqarıstan türkləri üçün önəmli bir mənəvi sərvət olduğunu qeyd edib. 

Şair Leyla İşıq çıxışına bu sözlərlə başlayıb: "Azadlıq və müstəqillik mənim xarakterimdir" deyən, görüş və düşüncələriylə bizlərə işıq tutan Mustafa Kamal Atatürk də bir Balkanlı idi. O da Balkanların itirilməsindən sonra başqa bir vətəni olmadığını bildiyi üçün Anadolu torpaqlarını düşməndən qurtarmaq savaşına başladı və bizlərə bir vətən qoyub getdi, Türkiyə  Cümhuriyyətini qurdu. Yalnız bir gerçək də var ki, özü kimi o torpaqları və bütün bütün sərvətlərini qoyub yurdlarını tərk etmək məcburiyyətində qalanlar dərdləri ilə birlikdə xatirələrini də gətirdilər. Atatürk məhz buna görə "Mücahidlər itirdikləri ölkələrinin milli xatirələridir" deyirdi."

Leyla İşıq  Necil Şükrü Aydının Balkanlardan köç edən bir ailənin övladı, o torpaqlarda dünyaya göz açan Balkan türkü  kimi türkologiya sahəsində 50 ildən çox araşdırdırıb topladığı bilik və məlumatları "Balkanlardakı Anadolu:  Fustana və çevrəsi", "Qarasunun  səsi" kitablarında fakt və sənədlərlə oxuculara təqdim etdiyini bildirib. O, müəllifin bu araşdırmalarından daha öncə 2024-cü ildə nəşr edilən  "Qarasunun səsi - Mesta Qarasu vadisi sözlü mədəniyyəti" adlı kitabında da Bolqarıstan türklərinin tarixi,  dili və ədəbiyyatına dair dolğun ədəbi-elmi münasibətinin əks olunduğunu vurğulayıb.

Tədbirin rəsmi hissəsində çlxış edən Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Qurumunun başqanı Aygün Selvitopu, Balkan Köçmənləri Dərnəyinin başqanı Abdurrahim Nursoy, Makedoniya Köçmənləri Dərnəyinin başqanı Kadri Altınkalp, Makedobiya Köçmənləri Dərnəyinin  fəxri və qurucu başqanı, Millət vəkili Kemal Vatan, Dr. Fadil Ünal, Dosent Doktor Seçkin Sevim və başqaları çıxış edərək Necil Şükrü Aydının şair, araşdırmaçı şəxsiyyətindən, "Balkanlardakı Anadolu: Fustana və çevrəsi", "Qarasunun səsi" kitabkarının məziyyətlərindən bəhs ediblər.  

Tədbirin Ədəbiyyat paneli ilə davam edən elmi hissəsi KİBATEK-in qurucu və fəxri başqanı Fəyyaz Sağlamın moderatorluğu ilə gerçəkləşib. Ədəbiyyat panelində Dosent Doktor Atıf Akgün, Dosent, doktor Təranə Turan Rəhimli, Doktor Mevlut Kaplan, Doktor Mehmet Yardımçı   Balkan türkləri ədəbiyyatı və Necil Şükrü Aydının araşdırmalarına dair məruzələrlə çıxış ediblər. 

Filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimli çıxışında Azərbaycan və Balkan Türklərinin ədəbi əlaqələrinin tarixindən söz açaraq  Bolqarıstan türkləri ilə əlaqələrin öz miqyası, zənginliyi baxımından digər Balkan türkləri ilə əlaqələrdən daha dərin olduğunu vurğulayıb.  Bolqarıstan türklərinin milli-mənəvi mədəniyyətinin, ədəbi irsinin formalaşmasında və inkişafında Azərbaycan xalqının müstəsna rolu olduğunu qeyd edərək bu əlaqələrin  XX əsrin ortalarından başlandığını nəzərə çatdırıb. O, 1950-ci ildə Bolqarıstan türklərinin Türkiyəyə köç etməsinin çox az bir müddətdə Bolqarıstanın ağır sənayesini, kənd təsərrüfatını tənəzzülə uğratdığını, bundan narahat olan siyasi dairələrin ölkə üçün faciəyə çevrilən böyük köçün qarşısını almaq üçün Stalindən yardım istədiyini, beləliklə, Stalinin Moskvadan Nazim Hikməti köçün qarşısını almaq üçün Bolqarıstana təbliğata göndərdiyini xatırladıb. Bu tarixi səfərdən sonra Bolqarıstan türklərinin milli-tarixi taleyində ciddi dönüşü isə ilk nöbədə1951-ci ildə köç durdurulunca Stalinin türkcə məktəblər açdırması və orada dərs demək üçün  Azərbaycandan müəllimlər göndərilməsi ilə əlaqələndirdi. Bolqarıstana göndərilən müəllimlər, alimlər,  ədəbiyyatçılar və mədəniyyət işçilərinin Bolqarıstan türklərinin elm, mədəniyyət yolunda mayakı olduğunu vurğulayan Təranə Turan Rəhimli  Bolqarıstan türklərinin  mətbuatının, teatrının formalaşmasında da Azərbaycan aydınlarının ciddi təsiri olduğunu qeyd edib.

Eləcə də Bolqarıstan türklərinin Azərbaycana  böyük sevgisinin  kökləri haqqında bəhs edərək vurğuladı ki,  Bolqarıstan Türkləri Osmanlı dövründən əvvəl bölgəyə şimaldan gələn qıpçaq, peçeneq və proto-bolqar xalqları ilə birgə Xorasan və Azərbaycandan gələn oğuz xalqlarının qaynaşması ilə formalaşmağa başlamış, Osmanlı dövründə yörük və türkmən boyları da buraya qatılmışdır. Təranə Turan Rəhimli  Balkan Türklərinin ədəbiyyatını bütünlükdə yaradıcılığında, istər poeziyasında, istərsə də araşdırmalarında layiqincə təmsil edən, bu ədəbiyyata önəmli töhfələr verən Necil Şükrü Aydını Bolqarıstan türklərinin milli-tarixi taleyinə son dərəcə həssas münasibəti ilə seçilən bir ziyalı kimi tanıdığını bildirib. Çox kiçik yaşlarında doğma vətən torpaqlarından qoparılan,  ancaq bütün ruhuyla, qəlbiylə o torpaqlara bağlı olan şair-tədqiqatçının KIBATEK Yayınlarında nəşr edilən “Qarasunun səsi”,  Balkanlarda Anadolu: Fustana və çevrəsi” kitablarında  müəllifin öz şair, türkoloq, pedaqoq, nəhayət, təəsübkeş, vətənsevər Türk mövqeyini ortaya qoyduğunu qeyd edib. O, çıxışında xüsusi olaraq  vurğulayıb:  "Şükrü Aydın araşdırmasında Balkanlardan ortaq yurd kimi söz açır, bu yurdda tarix boyu xalqların iç-içə, birlikdə yaşadığından,  tarixdə türk-bolqar yaxınlığından bəhs edir, bununla da müasir dünyada xalqlar arasında irqçilik, şovinizm kimi  insanları qruplara parçalayan anti insan münasibətlərə etirazını bildirir. Əslində müasir dünyanın müharibələrin içində yox olmaq təhlükəsi yarandığı, hər gün uşaqların öldürüldüyü, gələcəyin soyqırımına xitam verildiyi XXI əsrdə məsələyə belə humanist mövqedən elmi münasibət göstərmək son dərəcə qiymətli və gərəklidir. Onun kitabları Qarasu vadisində yaşayan türklərin kültürünün, Anadolu kültürünün daha uzaqlarda əks-sədasından xəbər verir. Fistana türküləri, ezgiler, havalar, sülalə və yer adları, manilər, ata sözləri, əfsanə və nağıllar, lətifələr, xüsusilə Nəsrəddin hocanın lətifələri Qarasu vadisindəki Fustana və çevrəsinin, eləcə də Balkanlardakı Anadolunun yüz illərlə yaşatdığı milli-mənəvi dəyər kimi Bolqarıstan türkləri haqqında qəhrəman xalq təəssüratını doğurur. “Qarasunun səsi” kitabının sonunda “Yörəsəl sözlük” verilib, o sözlüyü oxuyanda yarıdan çoxunun Azərbaycan türkcəsindəki sözlər olduğunu gördüm. Əba, ağa, ağız, analıq, ambar, əcəb, aş, ayran kasası, bayramlıq, bulamac, babalıq, çardaq, davar, dəbəlləşmək, qaytan və bunun kimi çox sözlər Azərbaycan türkcəsində də eyni mənanı verir. Bu da onu göstərir ki, türk xalqları uzaq yüzillərdən bəri əcdadlarının dilini qoruyub saxlaya bilib. Və bu dil yaşadıqca türk xalqı yaşayacaq, harada olmasına, hansı çətinliklərdən keçməsinə baxmayaraq türklərə uzanan xain əllər bu topluimu öz milli dəyərlərindən qopara bilməyəcək. Şükrü Aydın hocanın kitablarındakı hər bir bölüm başlığı ayrıca bir araşdırma mövzusu ola bilər. Buradakı məsələlərin dərinliyi, tarixin qaranlıq səhifəsinə işıq tutan həqiqətlərin yozumu yeni-yeni araşdırmaların ortaya çıxmasına stimul verir."

 

Tədbirin bədii hissəsində də çıxış edən Təranə Turan Rəhimli Balkan mövzusunda yazdığı  "Batı Trakya", "Mənim tarixim" adlı şeirlərini və Azərbaycan dilinə yeni tərcümə etdiyi,  Azərbaycan-Bolqarıstan türklərinin dostluq rəmzi kimi səslənən,  Necil Şükrü Aydının "Azərbaycanımız bizim" adlı şeirini oxuyub.

Tədbirin bədii hissəsində TRT sənətçiləri -  Hasan Karataş məharətli "Sarı Zeybek" rəqsi,  Havva Karakaş dinləyiciləri sehrləyən bədii qiraəti, Hale Gürer rəhbərlik etdiyi xorun ifası ilə türk incəsənəti və mədəniyyətinin zənginliyini bütün gözəlliyi ilə canlandırıblar.

Tədbirin sonunda çıxış edərək iştirakçılara təşəkkürünü bildirən şair, türkoloq Necil Şükrü Aydın ədəbiyyatın birləşdirici gücünü ən önəmli təbliğat vasitəsi və mədəni dostluqların təməli kimi dəyərləndirib.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2025)

 

 

Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam milli mətbuatın ölkənin ictimai fikir və dövlətçilik tarixində oynadığı rola verilən dəyərin təzahürü olmaqla bərabər, eyni zamanda dövlətimizin və onun rəhbərinin ümumilikdə Azərbaycan mediasına neçə illərdən bəri göstərdiyi qayğının növbəti nümunəsidir.”

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid öz sosial media hesabında qeyd edib.

Rəşad Məcid daha sonra yazır:

“Bu Sərəncam həm də Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın yubileylərinin qeyd olunması ilə bağlı müstəqillik illərində qoyduğu ənənənin davam etdirilməsinin göstəricisidir. Azərbaycanın da bir parçası olduğu dünya nizamının saysız təbəddülatla üzləşdiyi indiki gərgin dövrdə milli mətbuatımıza göstərdiyi belə nəcib və kübar münasibətə görə dövlətimizin başçısına həm öz adımdan, həm də Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti adından dərin təşəkkürümü bildirirəm.

Sərəncamda cənab Prezidentin Vətən müharibəsi dövründə mediamızın əsl vətənpərvərlik və həmrəylik nümunəsi ortaya qoyduğunu, düşmən qüvvələrin yaydığı saxta məlumatların ifşası istiqamətində xüsusi səy göstərdiyini, silahlı qüvvələrimizin rəşadəti ilə bağlı zəngin salnamə yaratdığını xüsusi vurğulaması onun müasir jurnalistikamıza nə qədər böyük önəm verdiyini göstərən yaddaqalan nüans kimi gələcək fəaliyyətlərində ölkə jurnalistlərinə stimul verəcək əhəmiyyətli məqamdır. Sərəncamda həmçinin bu gün mediamızın ölkəmizin tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olduğu vurğulanmaqla bərabər, yeni fəaliyyət prinsiplərinin hökm sürdüyü müasir dövrün Azərbaycan mediası qarşısında yeni vəzifələr müəyyənləşdirdiyi, mediamızın müasir tendensiyaları nəzərə almaqla dövlətimizin maraqlarını həmişə uca tutmalı olduğu qeyd edilir, əslində, Azərbaycanın söz sahibi dövlət kimi dünya düzənində həmişə güclü mövqedə dayanması üçün çağdaş jurnalistikamızın və biz jurnalistlərin də üzərinə böyük məsuliyyət düşdüyü xatırladılır.

Ümumiyyətlə, cənab Prezidentin bu Sərəncamını ümumən Azərbaycan mətbuatının gələcək fəaliyyət istiqamətləri ilə bağlı bitkin və hərtərəfli yol xəritəsi də adlandırmaq olar.

Sənəddə jurnalistikamızın keçmişi ilə bu gününü əlaqələndirməyə, gələcəyə baxış bucağını optimallaşdırmağa imkan verən bir çox müddəalar səsləndirilir, tutarlı arqumentlər sadalanır. Əminəm ki, Azərbaycan mediası və jurnalistikası üçün əlamətdar bir tarixlə - milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı imzalanmış bu Sərəncam böyük tarixə yüksək dəyərin ifadəsi olmaqla bərabər, həm də mediamızın sabahı və inkişafı baxımından yaddaqalan mühüm bir dövlət sənədi kimi uzun illər xatırlanacaq.

Zaman, müasir dünya bütün fəaliyyət sahələrində olduğu kimi, jurnalistika sahəsində də baş verən yeniliklərlə, sürətlə inkişaf edən informasiya texnologiyaları ilə ayaqlaşmağı, baş verən ardıcıl proseslərdən geri qalmamağı diktə edir. Bu prosesdə, şübhəsiz, biz jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Belə məsuliyyətli dövrdə Azərbaycan dövlətinin mediamıza ardıcıl olaraq dəstək verməsi biz jurnalistlər üçün bir üstünlük, bir şansdır. Cənab Prezidentin milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı son Sərəncamı da dövlətimizin Azərbaycan mediasına ciddi dəstəyini nümayiş etdirən növbəti mühüm sənəddir. İnanıram ki, hər birimiz bu məsuliyyətin ciddiliyini nəzərə alıb üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni edəcəyik. Buna müasir peşəkar jurnalistikamızın gücü də yetər, potensialı da.”

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2025)

Şənbə, 26 Aprel 2025 17:01

Mənim Mir Cəlalla bağlı bir xatirəm

İmran Verdiyev, “Ədəbiyyat və incəsənət”

 

Bu gün görkəmli alim, yazıçı, içtimai xadim və  pedaqoq Mir Cəlalın anadan olduğu gündür.  Mənim müəllim kimi yetişməyimdə böyük rolu və təsiri olmuş məşhur pedaqoqa öz hörmət və ehtiramımı bildirməkə kiçicik bir xatirəmi sizlərlə bölüşmək istəyirəm.

 

Müəllim sarıdan bəxtim həmişə gətirib.Qismətimdən mükəmməl müəllimlərim olub. Orta məktəbdə Mürsəl müəllim, Heydər müəllim, Əbülfət müəllim kimi müəllimlərdən dərs almışam. Ali məktəbdə (ADPU-da) isə İsmayıl Şıxlı, Afat Qurbanov, Əbdüləzəl Dəmirçizadə, Həsən Mirzəyev və Mir Cəlal kimi tanınmış pedaqoqlarım olub.

Bəli, M.Cəlal kimi.

Düzdür, o, ADU-da (indiki BDU-da) işləyirdi. Biz də 1976-1977-ci illərdə imkan və şərait olan kimi ADU-ya gedər, oradakı dostlarımızın köməyilə içəri keçər, Mir Cəlal müəllimin mühazirələrində iştirak edərdik. Görkəmli yazıcımız heç vaxt mühazirələrində iştirak etməyimizə etiraz etməzdi. İlk dəfə dostum Etibarla ondan mühazirəsində iştirak etmək üçün izin istəyəndə kim olduğumuzla maraqlanmışdı. Gələcəkdə dil-ədəbiyyat müəllimi olacağımızı biləndə “Hə, onda gəlin”, – demişdi.   

Mir Cəlal müəllim auditoriyaya daxil olanda əzəmətli bir pedaqoq təsiri bağışlayırdı. Çünki mənəvi dünyası əzəmətli idi. Həm bütöv xarakteri, pedaqoji etikası, həm də müstəqil düşüncəsi, zəngin nitqi ilə məni valeh edirdi. 

Mən onda bir sadəlik və böyüklük, Tanrı sənəti olan müəllimliyə ilahi sevgi görürdüm. O, adi müəllim deyil, ustad müəllim idi. Parlaq şölə tək biliyini tələbələrindən əsirgəmirdi. M.Cəlal müəllim kamil insan, tanınmış alim, görkəmli yazıcı və ustad pedaqoq kimi təkcə mövzunu izah etmir, eyni zamanda insanların şüuruna, baxışlarına təsir edirdi.  

Azərbaycanın Xalq şairi N.Həsənzadənin yazdığı kimi “…onu tanımaq,   o dovrün tələbələri üçün bir şans, bir xoşbəxtlik idi”. Bu şans mənə də qismət olmuşdu və mən də o xoşbəxtlərdən idim. Müəllim kimi yetişməyimdə digərləri ilə yanaşı, Mir Cəlal müəllimin də müstəsna rolu oldu. Məhz onların sayəsində müəllimliyin zirvəsinə yüksələ bildim.

Allah rəhmət eləsin!

                                                                            

“Ədəbiyyat və incəsənət”

(26.04.2025)

 

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ona sovet dövründə jurnalistika nəzəriyyəsinin ən böyük nümayəndələri- Zasurski, Proxorov kimi məşhurlar dərs deyiblər. Tələbə yoldaşlarının arasında Rusiyanın, Ukraynanın, Belarusun, Moldovanın nüfuzlu KİV-lərində, dövlət qurumlarında çalışanlar da olub...

 

Deyir ki:- “Ümumən o dövrdə Moskvada və digər müttəfiq respublikaların nüfuzlu ali təhsil ocaqlarında təhsil görmüş azərbaycanlı tələbələr də var idi. Onlar sonradan ölkəmizin ictimai-siyasi, mədəni-iqtisadi həyatında çox böyük rol oynamağa başladılar. Həmin illərdə mənim kimi jurnalistika təhsili almışlar içərisində Arif Əliyev, Mehman Əliyev, Bahadur İmanquliyev, Bəxtiyar Qaraca kimi şəxslərin adlarını çəkə bilərəm. Əksəriyyəti ilə bu gün də sıx münasibətim var. Bu siyahıya yaxın dostum, Moskvada fəaliyyət göstərən çoxsaylı qəzet və jurnalların yaradıcısı Əliş Əvəzi əlavə edə bilərəm. O, Moskva mətbuatında Qarabağ həqiqətlərini yayan fədakar simadır. Allah rəhmət eləsin, Rauf Talışınski bizdən az əvvəl təhsil almışdı...”     

 

Bəli, söhbət bir vaxtlar Azərbaycan Mətbuat Şurasına rəhbərlik edən, sabiq deputat, "Xalq qəzeti"nin baş redaktoru, əməkdar jurnalist Əflatun Amaşovdan gedir.

O, 1957-ci ildə Gücüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. İki il sonra SSRI Silahlı Qüvvələrində əsgəri xidmətə çağrılıb. Xidmətini başa vurandan bir il sonra BDU-nun filologiya fakültəsinə qəbul olunub. Bir müddət burada oxuduqdan sonra ali təhsilini Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində başa vuraraq vətənə dönüb...

 

“O vaxt Azərbaycanda KİV-lərin sayı az idi. İş tapmaqda da müəyyən çətinliklər yaşanırdı. Redaksiyalardakı ştatlar da müvafiq strukturlar tərəfindən müəyyən edilirdi. Amma Moskvada yüksək təhsil gördüyümə görə mənə iş tapmaq o qədər də çətin olmadı. İxtisasım üzrə çalışdım. Düzdür, bir neçə ay AzərTAC-da korrektor kimi işlədim. Bilirdim ki, tezliklə mənim üçün müxbir ştatı açılacaq. Belə də oldu. Mən AzərTAC-da əsasən ictimai-siyasi şöbədə çalışmışam. İşimiz xəbər yayıcılığı idi. Doğrudur, ayrı-ayrı şəxslərdən müsahibələr də götürürdüm. Mirzə İbrahimov, Yaşar Qarayev, Arif Məlikov, Hüseyn Abbaszadə və digər tanınmışlarla müsahibələrim var. Hamısını arxivimdə saxlayıram. Hər biri ayrılıqda xatirədir, yaşantıdır. Qismət olsun, bu barədə nə vaxtsa kitab buraxmağı düşünürəm.”- söyləyir.

 

Doqquz il "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxtəlif vəzifələrdə çalışıb. Sonra üç il yaradıcılarından biri olduğu "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədr müavini vəzifəsində işləyib. 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinə sədr seçilib. 2003-cü ildən 2009-cu ilədək Azərbaycan Mətbuat Şurası ona həvalə olunub. Sonra da Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına üzv təyin edilib. Ana dili ilə bağlı gözəl fikirləri var...

 

Deyir ki:- “Ana dili məsələsi olduqca həssasdır. Dil hər bir xalqın mövcudluğunun ən ümdə atributudur. Məsələn, almanlar çalışırlar ki, alman uşağı əsasən ibtidai təhsilini öz ana dilində alsın. Burada yalnız dilin düzgün işlədilməsinin mənimsənilməsindən söhbət getmir. Söhbət ətraf aləmi, insanları məhz alman kimi duymaqdan, alman xarakteri ilə qəbul etməkdən gedir. Yəni baxış alman baxışı olmalıdır. Bu praktika dünyanın bir sıra qabaqcıl ölkələrində də tətbiq edilir. Biz hamımız istəyirik ki, övladlarımız xarici dil bilsinlər. Valideynlər də məhz buna çalışır. Niyə məhz rus dili? Çünki bu dil bizə daha yaxındır. Həm də təhsil sistemimizdə bu dillə bağlı bəlli ənənələr var. Hesab edirəm ki, daha çox rus dilinə fokuslanma bundan irəli gəlir. Həm də diqqət yetirək, ingilis dili də populyardır, ancaq bu dildə təməlli təhsil bahadır. Hamı üçün əlçatan deyil. Bu da bir səbəbdir. Yəni düşünmürəm ki, insanlarımız rus dilində təhsilə sırf dil baxımından yanaşırlar. Ümumən övladlarının xarici dilə yiyələnməsini arzulayırlar...”

 

Bir məqamı da vurğulayıb bildirir ki, rus və ya ingilis dili- heç bir önəmi yoxdur, əsas olan həmin dildəki təhsilin azərbaycançılıq ideyasına köklənməsidir. Bunu isə təhsilə cavabdeh şəxslər düşünməlidir, ümumən sistem bu ideyanı rəhbər tutmalıdır...

 

Xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına, “Fəxri mədəniyyət işçisi” döş nişanına, eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə”, o cümlədən “Şöhrət” ordenlərinə layiq görülüb. Milli Məclisə namizədliyi dəstəklənib və bir çağırış deputat olub... 

 

“Cəmiyyət məni böyük ölçüdə Əflatun Amaşov kimi tanıyır. Deputat olmazdan öncə də belə tanıyırdı, deputat olandan sonra da. Mənə xüsusi münasibət deputat olduğuma görə deyil, jurnalistliyimə görə olub. Cəmiyyətdəki statusuma görə jurnalistikaya borcluyam. Dostluğa münasibətim hələ lap uşaqlıqdan - dahi Tolstoyun “İki yoldaş” hekayəsini oxuyarkən formalaşıb. Jurnalistikada hər kəsi özümə yaxın bilmişəm. Təbii, Mətbuat Şurasının təşkilatlanmasında birgə çalışdığımız şəxslər mənə daha yaxın olublar. Bəziləri var ki, bu gün məndən incikdilər. Hər halda mən inciklik kimi qiymətləndirirəm. Biz bir çox hadisə və prosesləri görmüş insanlarıq. Müəyyən məsələlərə fərqli baxışımız ola bilər. Ancaq məncə, dövrün tələbinə uyğun fundamental yanaşma ortaya qoyulmalıdır.”- söyləyir.

 

Deyir ki:- “Medianın maraqları hansısa formada dövlətin maraqları ilə uzlaşmalı idi. Bu gün də başqa yol görmürəm. O zaman da görmürdüm. Ümumən münasibət qurduğum, əlaqə saxladığım adamlar çoxdur. Bunlar insanın həyat statusuna görə azalır və ya çoxalır. Bəzən tamamilə dəyişən simaları görürəm. Artıq belə hallara təəccüblənmirəm. Hətta hər kəsin hansı məqamda hansı cür davranacağını da proqnozlaşdıra bilirəm. Buna görə də heç kəsdən incimirəm. Ancaq fikrimcə, insanda əsl dost ya bir olar, ya iki...”

 

…Bu günlərdə yolum Mətbuat Şurasına düşmüşdü. Onun foto-portretini həmin təşkilatın yaradıcısı və ilk sədri kimi, dəhlizin ən görməli guşəsində görəndə, Azərbaycanda heç vaxt rastlaşmadığım mənzərə olduğu üçün, əvvəlcə təəccübləndim. Sonra anladım ki, təşkilatın indiki sədri Rəşad Məcid ədalət naminə belə məsləhət bilib. Bu, həm də onun mərdliyinin təzahürüdür...

 

Deyə bilmərəm, “Mətbuat Şurası” adlanan bu qurumun ömrü nə qədər olacaq, amma onu yaxşı bilirəm ki, yüz il bundan sonra da, fəaliyyəti araşdırılanda ilk sədri kimi Əflatun Amaşovun adı yad ediləcək…

Nə isə, çox danışıb vaxtınızı almaq istəmirəm. Məqsədimiz, bu gün- aprelin 26-da 68 yaşı tamam olan Əflatun bəyi təbrik etməkdir...

Ad günü mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2025)

 

25 aprel 2025-ci il tarixində Daşkəndə işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova ilə Qazaxıstan Respublikasının Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Beybit Atamkulov arasında görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüş zamanı tərəflər mədəni-humanitar əməkdaşlığın aktual məsələlərini və türkdilli xalqların ortaq tarixi-mədəni irsinin qorunması, öyrənilməsi və təbliği sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər. Xüsusilə Qazaxıstan və Özbəkistan ərazisində sərgilər, konfranslar, yaradıcı və maarifləndirici proqramların təşkili də daxil olmaqla, birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Görüş zamanı "Türk Dünyasına baxış 2040" və "TURKTIME" kimi strateji sənədlərin ardıcıl icrasının vacibliyi vurğulanıb. Bu sənədlər mədəniyyət, mədəni irsin qorunması və təbliği, elm və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, türk xalqları arasında mənəvi birliyin və davamlı inkişafın möhkəmləndirilməsini nəzərdə tutur.

Fondun prezidenti türk dünyası arasında əlaqələrin möhkəmləndirilməsinə və mədəni əməkdaşlığın inkişafına töhfə verən layihə və təşəbbüslərə verdiyi dəstəyə görə Qazaxıstan Respublikasının Səfirliyinə təşəkkürünü bildirib.

Öz növbəsində, Qazaxıstan Respublikasının Səfiri Fondun mədəni diplomatiyanın inkişafına verdiyi mühüm töhfəni qeyd edib və ortaq dəyərlərin təbliği və türk sivilizasiyasının mənəvi irsinin qorunmasına yönəlmiş gələcək əməkdaşlığa hazır olduğunu bildirib.

Tərəflər əldə olunan razılaşmaların Türk dünyasının mənəvi birliyinin möhkəmləndirilməsinə və yeni birgə təşəbbüslərin həyata keçirilməsinə möhkəm əsas yaradacağına əminliklərini ifadə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2025)

“Rusiya  Dövlət Dumasında MDB üzrə komitənin sədr müavini Konstantin Zatulinin Azərbaycan və Türkiyəni hədəf alan açıqlaması siyasi əxlaqsızlıq nümunəsindən başqa bir şey deyil”.

 

Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkivnik Cəlil Xəlilov bildiirb. Polkovnik qeyd edib ki, Zatulin öz gülünc ittihamları ilə tarixi həqqiətləri təhrif edir: 

“Zatulin öz açıqlamasında bildirir ki, “ermənilərin Dağlıq Qarabağdan qovulması 1915-i il soyqırımının davamıdır”. Bu, açıq-aşkar tarixi təhrif etmək, siyasi riyakarlıq sərgiləmək cəhdididr. Çünki hamı, o cümlədən, Ermənistanın özünə də yaxşı məlumdur ki, 1915-ci ildə Osmanlı imperiyasında ermənilərə qarşı heç bir soyqırımı və ya qətliyam törədilməyib. Əksinə, Birinci Dünya Müharibəsində Osmanlı imperiyasının 7 müxtəlif cəbhədə düşmənlərlə mübarizə aparmasından istifadə edən ermənilər, imperiya daxilində qiyam qaldıraraq dinc türklərə qarşı soyqırımı törədiblər. Belə olan halda tarixi təhrif edərək qatili qurban, qurbanı qatil kimi təqdim etmək beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil. 

Zatulinin Vətən müharibəsindən sonra Azərbaycanın guya Qarabağdakı erməniləri qovması ifikri də cəfəngiyyatdan başqa bir şey deyil. Vaxtiylə Qarabağda süni şəkildə yerləşdirilən ermənilərin Vətən müharibəsindən sonra torpaqlarımızı könüllü şəkildə tərk etdiyi bütün dünyaya  məlumdur. Bunu Qarabağdan köçən ermənilərin televiziya və digər media orqanlarına verdikləri  açıqlamalar da təsiqləyir.  

Görndyü kimi, Zatulin öz ənənəsinə sadiq qalaraq həm Osmanlı imperiyası, həm də Azərbaycanla bağlı tarixi həqiqətləri təhrif edir, düya ictimaiyyətini aldatmağa çalışır. Lakin Zatulin və onun kimiləri bilməlidirlər ki, dünya kimin-kim olduğunu yaxşı bilir. Bu gün Bakı Hərbi Məhkəməsində xalqımıza qarşı ağır cinyaətlərdə ittiham olunan ermənilərin səsləndirdiyi etiraflar, Ermənistan və ona bağlı separatçıların bütövlükdə bəşəriyyətə qarşı necə böyük cinayətlər törətdiyinin isbatıdır. Belə olan halda Zatulinin ermənilərin pozulan hüquqlarından danışması absurd və absurd olduğu qədər də iyrəngdir”.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2025)

 

Mayın 9-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş bir musiqi tədbiri - Xalq artisti Samir Cəfərovun "Sən elə bir zirvəsən" adlı solo konserti baş tutacaq.

 

Konsertdə Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqi əsərləri səsləndiriləcək.

Xalq artisti “Alagöz”, “Qaragilə”, “Qərənfil”, “Küçələrə su səpmişəm”, “Haradasan”, “Gözəlim sənsən”, “Sənə də qalmaz”, “Sevgili canan”, “Azərbaycan” və digər mahnılarla çıxış edəcək.

Konsert saat 19.00-da başlayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2025)

 

 Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”  

 

Bu günkü filmimizin adını çəkməsən, aşağıdakı ipuclarını təqdim etsəm belə hər kəs biləcək ki, söhbət nədən gedir. Hansıki bu film 1978-ci ildə rejissor Hüseyn Seyidzadənin çəkdiyi ekran əsəridir. 

“Ay bu lüstr qırıla düşə bunun təpəsinə, nə ürəyimdən tikan çıxardı...”

“Sən arvad saxlayan yetim deyilsən”

“Ay, başına dönüm, adam nə qədər mamasından olar, ay bunun mamasının qarnına çiban çıxsın”

“Adə, Qrişa, itüvə tapşır, qapımdan keçəndə ürməsin”

“Gördün, yıxılmışdım”…

 

Elə bilirəm, haqqında danışacağım filmi artıq tanıdınız. Bunu bilməyiniz üçün bu qədər sitat yetərlidir. Qalanını sonda verəcəyəm. İndi keçək mətləbə. “Qaynana” filmi barədə danışıram, illərin dolaylarında heç səngiməyən, köhnəlməyən, dəbdən düşməyən məşhur “Qaynana”dan. Əsər uzun müddət Musiqili Teatrın səhnəsində oynanılıb. Bir dəfə tamaşaya Heydər Əliyev də gəlib. Tamaşa və xüsusilə Nəsibə Zeynalovanın oyunu onun o qədər xoşuna gəlib ki, tamaşadan sonra yaradıcı qrupla səhnə arxasında görüşəndə deyib ki, bunu hökmən film kimi işləyin.

 

1978-ci ilin filmidir. Əsəri Məcid Şamxalov yazıb. Filmin xülasəsində belə yazılıb, hər halda. Filmi araşdıranda məlum oldu ki...

Əsər Məcid Şamxalovun imzası ilə 1964-cü ildə çap olunub. Ondan hələ səkkiz il əvvəl — 1957-ci ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Teatrında belə bir əsər səhnəyə qoyulub. 1974-cü ildə isə bu məşhur komediyaya bəstəkar Zakir Bağırov musiqi bəstələyib. Olub musiqili komediya.

 

1865-ci ildə Qubada dünyaya gələn, sonradan Azərbaycanın ilk müəllimələrindən biri, ilk qadın nasiri, ilk qadın dramaturqu və ilk qadın rejissorumuz Səkinə Axundzadənin “Gəlin və qayınana” adlı pyesi olub. 1900-cü ildə Bakıya köçən bu qadın Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris edirmiş. Həmin illərdə də "Əbülfəz və Rəna" hekayəsini, daha sonra «Elmin bəhrəsi», «Haqq söz acı olar», «Gəlin və qayınana» pyeslərini yazıb. Bu pyeslər qadın obrazlarının qabardıldığı ilk Azərbaycan əsərləridir.

Səkinə xanım işlədiyi Qızlar Məktəbinin müəllimələri və tələbələri ilə birlikdə bu əsərləri səhnələşdirir, özü quruluş verirdi: «Madam ki, qadınlar kişilərlə birlikdə səhnəyə çıxa bilməz, kişilərin önündə səhnə ala bilməz, o zaman qadınlar da öz teatrını yaradar» şüarı ilə meydana atılıb.

Səkinə Axundzadə Hüseyn Ərəblinski və Abbas Mirzə Şərifzadə kimi səhnə fədailərinin dövrünün sənətkarı idi. Onlarla birgə Azərbaycanda dramaturgiyanın, teatr mədəniyyətinin inkişafı üçün çalışıb. Onun pyesləri həm Bakıda, həm də Tiflisdə səhnələşdirilib.

Həmin illərdə (bəzi mənbələrdə 1916, bəzi mənbələrdə 1918) Məcid Şamxalov da Bakıda teatr və ədəbiyyat təhsili alır, eyni zamanda, bütün bu proseslərin canlı şahidi olur.

1920-ci ildə sovet işğalından, Hacı Zeynalabdin Tağıyevin mülklərinin müsadirə olunmasından sonra Səkinə Axundzadə Qubaya qayıdır. Uzun müddət astma xəstəliyindən yatır və 1927-ci ildə vəfat edir.

Oğlu, professor Yusif Ağabəyov da 1937-ci ildə sürgün edilir, güllələnir. Səkinə Axundzadənin qardaşı qızı Reyhan Topçubaşova (ilk qadın rəssamımızdır) baş verənlərdən və verəcəklərdən qorxuya düşüb, Səkinə Axundzadənin bütün əsərlərini yandırır. Beləliklə, ilk qadın nasirimizin və dramaturqumuzun bütün əsərləri yalnız yaddaşlarda yaşayır. Yaddaş...

1950-ci illərə isə o məşhur şahidlərdən kimsə qalmamışdı. Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı, Əbülfət Vəli, Hüseynqulu Sarabski, Üzeyir Hacıbəyov artıq həyatda yox idilər. Qalanlar isə Sovet dövründə Səkinə Axundzadənin, Abbas Mirzə Şərifzadənin adını çəkə bilməzdilər.

Bax belə bir tarixşə.

Məcid Şamxalovun «Qayınana” pyesi məzmunca Səkinə Axundzadənin „Gəlin və qayınana“ pyesi ilə eynidir, ya yox – bunu deyən kimsə yoxdur. Sadəcə, Məcid Şamxalov imzası ilə „Qayınana“dan başqa bir məşhur əsərə, ədəbi nümunəyə rast gəlinmir.

Qayıdaq “Qayınana” filminə. Ssenari müəllifi Əjdər İbrahimov və Marqarita Maleyevadır - Əjdər İbrahimovun həyat yoldaşı. Bu filmdən başqa daha iki filmdə bu xanımın imzası var. İkincinin də rejissoru Əjdər İbrahimovdur (“Qəribə adam”), üçüncüsü “Narahat adam” filmidir ki, onun ssenarisini yazıb və film Əjdər İbrahimov haqqındadır.

“Qayınana” filmini Hüseyn Seyidzadə çəkib. Musiqi Tofiq Quliyevindir.

Çəkilişlər “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda aparılıb. Sadəcə, rəssam Nadir Zeynalov elə dekorasiya edib ki, ev səhnələri elə bil evdə çəkilib. Bağ yeri səhnələri Nardaran bağlarında lentə alınıb. Cənnət xalanın diş çəkdirməsi səhnəsi keçmiş “İnqilab”, indiki Həsən Əliyev prospektində yerləşən stomatoloji kabinetdə çəkilib. Oradakı “Diş kabineti” indi də durur.

Filmin çəkilişləri 5-6 ay davam edib. Filmdəki geyimlər hamısı xaricdən gətirilmiş, bahalı paltarlar olub.

İlqar rolunun ifaçısı İlham Namiq Kamalın dediyinə görə, onun roluna 14 aktyor sınaq çəkilişlərinə dəvət edilib. O vaxt həmin yaşda olan aktyorların demək olar ki, hamısı. O cümlədən, Hacımurad Yegizarov, Fuad Poladov. Bəli, baş rolu oynayan Fuad Poladov da əvvəl İlqar rolunun sınağına dəvət edilib, amma o rola sınaqdan keçməyib. Əvəzində rejissor onu Ayaz rolu üçün daha münasib bilib.

Ayaz roluna isə Ceyhun Mirzəyev dəvət edilibmiş.

Rejissorun ən sevimli aktyoru Ceyhun Mirzəyev sınaqda Ayaz roluna yansımayıb — rejissorun fikrincə. Nəticədə o rola Fuad Poladov çəkilib.

Rejissor filmdə aktyorların heç bir improvizasiyasına yol verməyib, deyib ki, situasiya elə komediyadır, onu verin, yetər.

Ümumiyyətlə, Hüseyn Seyidzadə oyunçuluğun və şit zarafatların əleyhinə olan rejissor idi. Komediyanı da ciddi oynamağın tərəfdarı idi.

Məsələn, belə bir situasiya olub, çəkiliş vaxtı Nəsibə xanım oğlunun arxasınca – “çamadanlarından muğayat ol” — deməliykən “maçadanlarından muğayat ol” — deyib. Rejissor çəkilişi saxlayıb və möhkəm acığı tutub aktrisaya.

İlham Namiq Kamalın dediyinə görə, onun “mehriban olun” ifadəsi də özünün improvizasiyasıdır, amma bu söz yerinə düşdüyü üçün Əjdər İbrahimovun etirazı olmayıb. Rejissor özü improvizələr edib, yəni ssenaridən kənara çıxıb. Məsələn, gəlinin kuklası filmə rejissorun əlavəsidir. Cənnət xalanın başının üstündə asılan “Məşədi Kazım”ın şəkli də improvizə idi. Şəkil aktyor Məmməd Sadıqovun şəkli imiş. Onu müxtəlif rakurslardan çəkiblər ki, kadrı oynadanda şəklin ifadələri dəyişirmiş kimi görünsün. Çilçırağın qırılıb xrustal kimi dağılması, yanğınsöndürənlərin hoqqabazlığı rejissor təxəyyülünün məhsuludur.

Filmdəki heyətdən, İlham Namiq Kamaldan başqa, sağ qalan ikinci aktyor Afət rolunun ifaçısı İnara Quliyevadır. İnaranın atası Bakıda yaşayıb, Neft Daşlarında çalışırmış. Sonradan Moskvaya köçüblər. İnara ixtisasca musiqili teatr rejissorudur. Rusiya Operetta teatrında çalışıb. Rusiya teatr və kino aktrisasıdır. Əməkdar artistdir.  Rusiya telekanallarında bir çox verilişlərin layihə müəllifidir. “Azərbaycanfilm”də üç filmdə əsas rollara çəkilib – “Qayınana”da Afət, “Alma almaya bənzər”də Aişə müəllimə, “Dədə Qorqud” da Selcan. Epizodlarda çəkildiyi filmlər də var.  

Rollarda Nəsibə Zeynalova (Cənnət), İnarə Quliyeva  (Afət; Zərifə), İlham Namiq Kamal (İlqar), Tanilə Əhmərova (Sevda), Fuad Poladov (Ayaz), Səfurə İbrahimova (Sədaqət), Tələt Rəhmanov (Əli) çəkiliblər.

Filmdə Ofeliya Sənani – Sevda obrazında Tanilə Əhmərovanı səsləndirib. Afət rolunda İnara Quliyeva isə Əminə Yusifqızının səsi ilə “danışır”.

 

Filmdən yaddaqalan sitatlar:

 

• “Ağəz, bu əziz gündə evimə it gətirib, məni iylətdirəcəksən?”

• “Ver çamadanları soxsun gözünə, qurban olsun qara köpəyə, bir də zəhmət verməsinlər o itə”

• “Gəlin mənim süpürgəmdü. Harada qoydum, orada da qalmalıdı”

• “Mən bu evin yiyəsiyəm, ağasıyam, xanımıyam. Bir sözüm iki olmamalıdı”

• “Atasının gülünü dərmişəm, balasından da gülab çəkəcəyəm”

• “Adam öz evinin xanımı da olar, qulluqçusu da”

• “Evi döndərib köhnə qəbiristanlığa, yatanda da yuxuma kəllə girir”

• “İndi yığışacaqlar bura, kəllə dolu, cib boş”

• “Pulları çin-çin bibi, sir-sifəti cin bibi”… “dedim göyərçin bibi”

• “Onu aton doğub, yoxsa anon əkib?”

• “Onbarmağa gedib, nənəsi üçün kəfən almağa”

• “Aağəz, o quş dögül, xalis bayquşdu”,

• “Görüm təsbeh sahibi ona qənim olsun, qənim”

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2025)

 

 

4 -dən səhifə 2147

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.