Mənim Mir Cəlalla bağlı bir xatirəm Featured

İmran Verdiyev, “Ədəbiyyat və incəsənət”

 

Bu gün görkəmli alim, yazıçı, içtimai xadim və  pedaqoq Mir Cəlalın anadan olduğu gündür.  Mənim müəllim kimi yetişməyimdə böyük rolu və təsiri olmuş məşhur pedaqoqa öz hörmət və ehtiramımı bildirməkə kiçicik bir xatirəmi sizlərlə bölüşmək istəyirəm.

 

Müəllim sarıdan bəxtim həmişə gətirib.Qismətimdən mükəmməl müəllimlərim olub. Orta məktəbdə Mürsəl müəllim, Heydər müəllim, Əbülfət müəllim kimi müəllimlərdən dərs almışam. Ali məktəbdə (ADPU-da) isə İsmayıl Şıxlı, Afat Qurbanov, Əbdüləzəl Dəmirçizadə, Həsən Mirzəyev və Mir Cəlal kimi tanınmış pedaqoqlarım olub.

Bəli, M.Cəlal kimi.

Düzdür, o, ADU-da (indiki BDU-da) işləyirdi. Biz də 1976-1977-ci illərdə imkan və şərait olan kimi ADU-ya gedər, oradakı dostlarımızın köməyilə içəri keçər, Mir Cəlal müəllimin mühazirələrində iştirak edərdik. Görkəmli yazıcımız heç vaxt mühazirələrində iştirak etməyimizə etiraz etməzdi. İlk dəfə dostum Etibarla ondan mühazirəsində iştirak etmək üçün izin istəyəndə kim olduğumuzla maraqlanmışdı. Gələcəkdə dil-ədəbiyyat müəllimi olacağımızı biləndə “Hə, onda gəlin”, – demişdi.   

Mir Cəlal müəllim auditoriyaya daxil olanda əzəmətli bir pedaqoq təsiri bağışlayırdı. Çünki mənəvi dünyası əzəmətli idi. Həm bütöv xarakteri, pedaqoji etikası, həm də müstəqil düşüncəsi, zəngin nitqi ilə məni valeh edirdi. 

Mən onda bir sadəlik və böyüklük, Tanrı sənəti olan müəllimliyə ilahi sevgi görürdüm. O, adi müəllim deyil, ustad müəllim idi. Parlaq şölə tək biliyini tələbələrindən əsirgəmirdi. M.Cəlal müəllim kamil insan, tanınmış alim, görkəmli yazıcı və ustad pedaqoq kimi təkcə mövzunu izah etmir, eyni zamanda insanların şüuruna, baxışlarına təsir edirdi.  

Azərbaycanın Xalq şairi N.Həsənzadənin yazdığı kimi “…onu tanımaq,   o dovrün tələbələri üçün bir şans, bir xoşbəxtlik idi”. Bu şans mənə də qismət olmuşdu və mən də o xoşbəxtlərdən idim. Müəllim kimi yetişməyimdə digərləri ilə yanaşı, Mir Cəlal müəllimin də müstəsna rolu oldu. Məhz onların sayəsində müəllimliyin zirvəsinə yüksələ bildim.

Allah rəhmət eləsin!

                                                                            

“Ədəbiyyat və incəsənət”

(26.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.