Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ona sovet dövründə jurnalistika nəzəriyyəsinin ən böyük nümayəndələri- Zasurski, Proxorov kimi məşhurlar dərs deyiblər. Tələbə yoldaşlarının arasında Rusiyanın, Ukraynanın, Belarusun, Moldovanın nüfuzlu KİV-lərində, dövlət qurumlarında çalışanlar da olub...
Deyir ki:- “Ümumən o dövrdə Moskvada və digər müttəfiq respublikaların nüfuzlu ali təhsil ocaqlarında təhsil görmüş azərbaycanlı tələbələr də var idi. Onlar sonradan ölkəmizin ictimai-siyasi, mədəni-iqtisadi həyatında çox böyük rol oynamağa başladılar. Həmin illərdə mənim kimi jurnalistika təhsili almışlar içərisində Arif Əliyev, Mehman Əliyev, Bahadur İmanquliyev, Bəxtiyar Qaraca kimi şəxslərin adlarını çəkə bilərəm. Əksəriyyəti ilə bu gün də sıx münasibətim var. Bu siyahıya yaxın dostum, Moskvada fəaliyyət göstərən çoxsaylı qəzet və jurnalların yaradıcısı Əliş Əvəzi əlavə edə bilərəm. O, Moskva mətbuatında Qarabağ həqiqətlərini yayan fədakar simadır. Allah rəhmət eləsin, Rauf Talışınski bizdən az əvvəl təhsil almışdı...”
Bəli, söhbət bir vaxtlar Azərbaycan Mətbuat Şurasına rəhbərlik edən, sabiq deputat, "Xalq qəzeti"nin baş redaktoru, əməkdar jurnalist Əflatun Amaşovdan gedir.
O, 1957-ci ildə Gücüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. İki il sonra SSRI Silahlı Qüvvələrində əsgəri xidmətə çağrılıb. Xidmətini başa vurandan bir il sonra BDU-nun filologiya fakültəsinə qəbul olunub. Bir müddət burada oxuduqdan sonra ali təhsilini Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində başa vuraraq vətənə dönüb...
“O vaxt Azərbaycanda KİV-lərin sayı az idi. İş tapmaqda da müəyyən çətinliklər yaşanırdı. Redaksiyalardakı ştatlar da müvafiq strukturlar tərəfindən müəyyən edilirdi. Amma Moskvada yüksək təhsil gördüyümə görə mənə iş tapmaq o qədər də çətin olmadı. İxtisasım üzrə çalışdım. Düzdür, bir neçə ay AzərTAC-da korrektor kimi işlədim. Bilirdim ki, tezliklə mənim üçün müxbir ştatı açılacaq. Belə də oldu. Mən AzərTAC-da əsasən ictimai-siyasi şöbədə çalışmışam. İşimiz xəbər yayıcılığı idi. Doğrudur, ayrı-ayrı şəxslərdən müsahibələr də götürürdüm. Mirzə İbrahimov, Yaşar Qarayev, Arif Məlikov, Hüseyn Abbaszadə və digər tanınmışlarla müsahibələrim var. Hamısını arxivimdə saxlayıram. Hər biri ayrılıqda xatirədir, yaşantıdır. Qismət olsun, bu barədə nə vaxtsa kitab buraxmağı düşünürəm.”- söyləyir.
Doqquz il "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxtəlif vəzifələrdə çalışıb. Sonra üç il yaradıcılarından biri olduğu "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədr müavini vəzifəsində işləyib. 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinə sədr seçilib. 2003-cü ildən 2009-cu ilədək Azərbaycan Mətbuat Şurası ona həvalə olunub. Sonra da Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına üzv təyin edilib. Ana dili ilə bağlı gözəl fikirləri var...
Deyir ki:- “Ana dili məsələsi olduqca həssasdır. Dil hər bir xalqın mövcudluğunun ən ümdə atributudur. Məsələn, almanlar çalışırlar ki, alman uşağı əsasən ibtidai təhsilini öz ana dilində alsın. Burada yalnız dilin düzgün işlədilməsinin mənimsənilməsindən söhbət getmir. Söhbət ətraf aləmi, insanları məhz alman kimi duymaqdan, alman xarakteri ilə qəbul etməkdən gedir. Yəni baxış alman baxışı olmalıdır. Bu praktika dünyanın bir sıra qabaqcıl ölkələrində də tətbiq edilir. Biz hamımız istəyirik ki, övladlarımız xarici dil bilsinlər. Valideynlər də məhz buna çalışır. Niyə məhz rus dili? Çünki bu dil bizə daha yaxındır. Həm də təhsil sistemimizdə bu dillə bağlı bəlli ənənələr var. Hesab edirəm ki, daha çox rus dilinə fokuslanma bundan irəli gəlir. Həm də diqqət yetirək, ingilis dili də populyardır, ancaq bu dildə təməlli təhsil bahadır. Hamı üçün əlçatan deyil. Bu da bir səbəbdir. Yəni düşünmürəm ki, insanlarımız rus dilində təhsilə sırf dil baxımından yanaşırlar. Ümumən övladlarının xarici dilə yiyələnməsini arzulayırlar...”
Bir məqamı da vurğulayıb bildirir ki, rus və ya ingilis dili- heç bir önəmi yoxdur, əsas olan həmin dildəki təhsilin azərbaycançılıq ideyasına köklənməsidir. Bunu isə təhsilə cavabdeh şəxslər düşünməlidir, ümumən sistem bu ideyanı rəhbər tutmalıdır...
Xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına, “Fəxri mədəniyyət işçisi” döş nişanına, eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə”, o cümlədən “Şöhrət” ordenlərinə layiq görülüb. Milli Məclisə namizədliyi dəstəklənib və bir çağırış deputat olub...
“Cəmiyyət məni böyük ölçüdə Əflatun Amaşov kimi tanıyır. Deputat olmazdan öncə də belə tanıyırdı, deputat olandan sonra da. Mənə xüsusi münasibət deputat olduğuma görə deyil, jurnalistliyimə görə olub. Cəmiyyətdəki statusuma görə jurnalistikaya borcluyam. Dostluğa münasibətim hələ lap uşaqlıqdan - dahi Tolstoyun “İki yoldaş” hekayəsini oxuyarkən formalaşıb. Jurnalistikada hər kəsi özümə yaxın bilmişəm. Təbii, Mətbuat Şurasının təşkilatlanmasında birgə çalışdığımız şəxslər mənə daha yaxın olublar. Bəziləri var ki, bu gün məndən incikdilər. Hər halda mən inciklik kimi qiymətləndirirəm. Biz bir çox hadisə və prosesləri görmüş insanlarıq. Müəyyən məsələlərə fərqli baxışımız ola bilər. Ancaq məncə, dövrün tələbinə uyğun fundamental yanaşma ortaya qoyulmalıdır.”- söyləyir.
Deyir ki:- “Medianın maraqları hansısa formada dövlətin maraqları ilə uzlaşmalı idi. Bu gün də başqa yol görmürəm. O zaman da görmürdüm. Ümumən münasibət qurduğum, əlaqə saxladığım adamlar çoxdur. Bunlar insanın həyat statusuna görə azalır və ya çoxalır. Bəzən tamamilə dəyişən simaları görürəm. Artıq belə hallara təəccüblənmirəm. Hətta hər kəsin hansı məqamda hansı cür davranacağını da proqnozlaşdıra bilirəm. Buna görə də heç kəsdən incimirəm. Ancaq fikrimcə, insanda əsl dost ya bir olar, ya iki...”
…Bu günlərdə yolum Mətbuat Şurasına düşmüşdü. Onun foto-portretini həmin təşkilatın yaradıcısı və ilk sədri kimi, dəhlizin ən görməli guşəsində görəndə, Azərbaycanda heç vaxt rastlaşmadığım mənzərə olduğu üçün, əvvəlcə təəccübləndim. Sonra anladım ki, təşkilatın indiki sədri Rəşad Məcid ədalət naminə belə məsləhət bilib. Bu, həm də onun mərdliyinin təzahürüdür...
Deyə bilmərəm, “Mətbuat Şurası” adlanan bu qurumun ömrü nə qədər olacaq, amma onu yaxşı bilirəm ki, yüz il bundan sonra da, fəaliyyəti araşdırılanda ilk sədri kimi Əflatun Amaşovun adı yad ediləcək…
Nə isə, çox danışıb vaxtınızı almaq istəmirəm. Məqsədimiz, bu gün- aprelin 26-da 68 yaşı tamam olan Əflatun bəyi təbrik etməkdir...
Ad günü mübarək olsun!
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)