Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Xalq şairi və dramaturq Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2025-ci il tarixli Sərəncamına uyğun olaraq Şəki Dövlət Dram Teatrında şairin müəllifi olduğu "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın masaarxası məşqlərinə başlanılıb.
Tarixi dramda Azərbaycanın Ərəb xilafətinə, yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs edilir.
Dramaturq kimi Bəxtiyar Vahabzadənin ilk qələm təcrübəsidir "Dar ağacı". Müəllifi tarixi mövzuya gətirib çıxaran bədii niyyətin orijinallığı və təzə-tərliyi də ilk dəfə burada özünü göstərmişdi. Belə ki, bu pyesdə Babək xatırlanır, talelərə və əməllərə onun ruhu və qəh-qəhələri ilə yekun vurulur, lakin süjetin əyani gedişi prosesində onun özü yox, teyfi iştirak edirdi".
Şairin tarixi faciə janrında qələmə aldığı "Dar ağacı" pyesi məzmunca çox maraqlı və ibrətamizdir. Xalq qəhrəmanı yadelli işğalçılara qarşı 20 illik mübarizə aparan Babəkin edam edilməsindən sonra Azərbaycanda cərəyan edən azadlıq mübarizəsi əsərin ana xəttini təşkil edir. Pyesin vaxtilə səhnəyə qoyulması məsələsi mübahisəli olsa da, bu əsər də B.Vahabzadənin tarixi mövzulu dramaturgiyasının uğurlu bir nümunəsidir.
"Dar ağacı"nda baş verən əsas konflikt iki qardaş arasında davam etdirilir. Bir xətt üzrə hadisələrin cərəyanı zahirən Azərbaycanla xilafətin, yadellilərin mübarizəsində öz əksini tapır. İslamın yaşıl bayrağı altında çıxış edən Aqşini doğma vətənin taleyi düşündürmür, onu yalnız ərəb xilafətinin göstərişləri, verdiyi əmrlər maraqlandırır. 816-cı ildən 836-cı ilə qədər ərəb xilafətinə qarşı döyüşən Elxan isə qardaşı Aqşinin əksidir. Onun Azərbaycanın azadlığı uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə bütün əsər boyu davam edir. İki qardaş arasında baş verən hadisələr yalnız iki nəfərə aid deyil, iki ideya, məfkurə arasında gedən mübarizədir.
Pyesin gedişatında biz Elxanın güclü iradəsi ilə üzləşirik. O doğma qardaşı Aqşinin də qırılmaz inadını sındırır.
Əsərdə vətənini, elini, obasını qiymətələndirməyən, onun qədrini bilməyən, yadelli işğalçı qəsbkarın bir "sağ ol"una görə vətəninə, elinə, ana yurduna, xalqına xor baxan Aqşinin taleyi faciə ilə qurtarır. O, öz aldanışını hiss edir. Qardaşı Elxanın dedikləri yadına düşür və sonda salona etdiyi müraciətlə tamaşaçılardan ayrılır.
Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyevdir.
Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay), Nazilə İmamhüseynova (Xala), Azad Məmmədov (Yarqıtay) ifa edirlər.
Kollektiv ortaya uğurlu bir iş qoyacağına əmindir.
“Ədəbiyyat və incəsənət”
(26.04.2025)