HACI ZEYNALABDİN TAĞIYEV barədə uşaq hekayələri – “Bənövşə ətri” Featured

Zahirə Cabir, Əməkdar Mədəniyyət İşçisi, AYB-nin üzvü. “Ədəbiyyat və incəsənət” üçün

 

Yaz fəsli özünü yavaş-yavaş göstərməkdə idi. Tumurcuqlardan çıxan balaca yarpaqlar görünməyə başlamışdı. Çəmənlər yaşıllaşır, rəngarəng çiçəklər açırdı. Ümmüxanım bağda çoxlu çiçəklər əkmişdi. Qızılgül, qərənfil, payız gülləri...

Ağacdan-ağaca, koldan-kola qonan rəngarəng kəpənəklər ötüşür, cəh-cəh vuran quşlar yuva tikməyə, bala çıxarmağa hazırlaşırdı. Bağın içində gəzərkən otların iyi, havanın ətri insana ləzzət verirdi. Ana böyürtkən kollarının dibində bitən bənövşəni dərib iylədi. Sonra yenidən iyləyib onu sanki sinəsinə çəkdi. Oğlunun iyləməsi üçün bənövşəni düz burnuna yaxınlaşdırdı:

-Oğlum, bənövşə balaca olmasına baxmayaraq çox ətirlidir. Amma, vaxtilə bənövşə belə balaca olmayıb. Onun haqqında bir əfsanə eşitmişiməm. İstəyirsən danışım?

-Hə, anacan, danış!

- Əfsanəyə görə bənövşə qızılgüllə dostluq edirmiş. Həmişə qızılgül kolunun dibində yaşayır və öz ətri ilə qızılgülü ruhlandırırmış.  Beləcə onlar mehribancasına birlikdə yaşayırmışlar. Bir gün qızılgül koluna bir bülbül qonaq gəlir. Bu gül ona o qədər xoş gəlir ki, ondan ayrılmaq istəmir. Günlərlə onun başına dolanıb açılması üçün xoş nəğmələr oxuyur. Qızılgüllə bülbül o qədər dostlaşırlar ki, bənövşə yaddan çıxır. Bənövşə çox kədərlənir, boynu əyilir, rəngi solur və az müddətdən sonra özü də solub gedir. O vaxtdan bənövşə daha qızılgüllə dost olmur, həmişə otların arasında, kolların dibində bitir. Bax, bizim bənövşə də böyürtkən kollarına pənah gətirib.

Ana gülləri suladı, alaq etdi. Zeynalabdin  bənövşədən birini dərib iylədi, sonra yerə atdı. Başını günəşə sarı boylayan qırmızı qızılgüllərdən birini dərmək istəyirdi ki, tikanı əlinə batdı. Ağrıdan ufuldadı. Ana oğlunun barmağından tikanı çıxardı. Sonra yerdən bağayarpağı dərib tikan batan yerə bağladı:

- Oğlum, gülü lazımsız yerə dərib atmaq olmaz. Onlar da canlıdır. Bizdən inciyərlər. İstəyirəm ki, böyüyəndə harada yaşasan orada gül-çiçəklik yaradasan. Bax, onda xeyirli iş görmüş olarsan. İnsanlar çiçəklərə baxanda sevinər, dərdi, qəmi unudarlar.

                                             

“Ədəbiyyat və incəsənət”

(28.04.20250

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.