OĞUZ ABİDƏLƏRİ: Surxay xan qalası Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Azərbaycanın qəhrəmanlıq tarixi və memarlıq mədəniyyətinin gözəl nümunələrindən biri də Oğuz rayonunun mərkəzindən 55 km şimal – şərqdə,  Filfilli kəndinin şimalındakı  Surxay xan qalasıdır. Surxayxan qalası (XVIII əsr) Filfillidən piyada təxminən 40 dəqiqəlik məsafədədir. 

 

Qala düzbucaqlı formada olub, hündür qaya üzərində ucaldılmışdır. Eni bir metrə yaxın, hündürlüyü təxminən 10 m. olan qala divarları qayanın düz uçurumunda bənd edilmişdir. Bildiyimiz kimi, qədim zamanlarda tikilən qalalar böyük hərbi əhəmiyyət daşımışdır. Odur ki, tikildiyi yerlər hərbi nöqteyi-nəzərdən seçilmişdir, hündür, əlçatmaz yerdə qaya başında ucaldılmışdır. Bu xüsusiyyətlər Surxay xan qalasına da aiddir. Qala əsasən çay daşından və kərpic məhlulundan hörülmüşdür. Yalnız qərb hissəsində qoyulmuş giriş qapısı və otaqdan-otağa keçid qapılarının kənar hissələri qıırmızı kərpicdən inşa edilmişdir. Əfsus ki, qalanın divarları bir neçə yerdən dağıdılmışdır.

Üst hissəsindən baxanda aydın olur ki, qala 5 otaqdan ibarət olmuşdur. Otaqların üstü taçbənd formada tamamlanmış, yan divarları isə müdafiə məqsədilə bir metr hündürə qaldırılmışdır.

Bu divarlarda 4 tərəfdən çoxlu mazğal yerləri qöyulmuşdur. Otaqların üstü illər keçdikcə müxtəlif təsirlər nəticəsində uçub içəri tökülmüşdür. Daxili divarların bəzi hissələrinin də uçması nəticəsində ayrı-ayrı otaqlara gedən yolların çoxu kəsilmiş, torpaqla, dolmuşdur.

Bütün müdafiə qalaları kimi, Surxay xan qalasının da gizli yolu olmuşdur. Bu yol adətən mühasirədən çıxmaq, yaxud həmin yol vasitəsilə ətrafla əlaqə yaradarkən düşməni duyuq salmamaq üçün nəzərdə tutulmuşdur. Yeraltı gizli yol Surxay xan qalasında uçurum hissəsindəki divarda qurulmuşdur.

Qalaya yeraltı su kəməri də çəkilmişdir. Bu isə yadellilərin hücumları zamanı əhalinin müdafiə üçün qalaya çəkilməsi və uzun müddət burada yaşamasına dəlalət edir. Qalanın ətrafındakı yaşayış evlərinin xarabalıqları bu gün də qalmaqdadır. Qala ərazisində aparılmış arxeoloji qazıntılar zamanı çoxlu məişətdə istifadə olunan maddi-mədəniyyət nümunələri, o cümlədən Surxay xanın adı yazılmış mis cam tapılmışdır.

Bütün bunlar bir daha sübut edir ki, qala xvıı əsrdə Dağıstan feodalı Surxay xan tərəfindən tikilmişdir. Qala Surxayxanla Nadir xan arasında qanlı döyüşə şahidliq edib. Nadir şahın Dağıstana və Azərbaycana hücumları zamanı dağıldılmışdır.

Bu adda qalaların Göyçay və Şamaxı rayonlarında da olduğu bildirilir. 

Kim bilir bəlkə də Azərbaycan tarixinin qaranlığa düşmüş maraqlı bir səhifəsi, zəncirindən qırılmış halqa məhz bizim bu qalanın tarixi ilə bağlıdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.