ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə, 23 Aprel 2025 12:00

Sənsizlikdə yazılan dua - ESSE

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bəzən qucaqlamaq istəyirəm insanları – sadəcə sarılmaq, ruhlarını isidəcək qədər… Elə bil ki, hər bir yaranın yerinə gözyaşı olmaq istəyirəm. Amma içimdə bir hiss var – nifrət dolu… Saxta yalanlara, üzündə gülümsəyib içində boşluq daşıyanlara, yaşamağa belə cürət etməyənlərə qarşı... Bu ziddiyyətin içində gah sükut oluram, gah da qışqırıq kimi parlayıram.

 

Qarışmaq istəyirəm sükuta, qışqırmaq istəyirəm içimdəki səssizliyə...

Qaçmaq istəyirəm gündəlik oyunlardan, unudulmaqdan qorxmayan adamlardan...

Sevmək istəyirəm içdən, doğrudan, susaraq da anlaşaraq...

Amma yorğunam... hər kəsin içində gizlənmiş o kiçik uşaqla danışmaqdan yorğun...

Qorxuram, çünki həssasam... hiss edəndə çox şeyin sonunda tək qaldığını anlayırsan...

 

Varlıqda yoxluq, yoxluqda varlıq gəzir gözlərim. Bir ümid, bir işıq, bir qığılcım gərək qəlbimi isidəcək... Əlimdə bir qədəh qəhər, gözlərim – qırıq şüşə. Addımlarım yalın keçir xatirələrin üstündən – hər addımda bir xatirə batır dərimə, qanadıqca unuduram...

 

Dilimin ucunda səssiz dualar var – göyə deyil, içimdəki boşluğa səslənir.

Sənəmsə, gəl... Yoxsan, heç ol...

Amma bu dəfə tam ol...

Yarım qalan hər şey qaranlıq kimi yapışır ruhuma...

 

Gah yaxın, gah uzaq bir Xəzər kimi, xatirələrimiz olmuş payızda xəzəl. Gah ağlar, gah gülər gözlərim, dilimdən süzülər dualarım... Allahım, sən qismət elə mənə xeyirlisini...

 

Səssizliyə addım-addım yaxınlaşıram…

Bitən yolların sonunda yenidən başlayıram – gözlərim gəzir qucaqlaya-qucaqlaya keçdiyimiz küçələri.

Ruhum həsrət qalıb qəlbimizin bir vaxtlar birgə çarpan gülüş səsinə...

 

Səni yazıram, sənə yazıram…

və yenə səssizcə sənsiz qalıram...

 

İçimdə səssiz bir uşaq var – incinmiş, amma hələ də inanan.

Bir səs, bir nəfəs yetər bəlkə — tənha qalmış gecələrimə, yarım qalmış xoşbəxtliyimə...

Və mən — sadəcə xatırlayan, hər axşam bir dua kimi səni səsləyən,

bir mahnı kimi səni pıçıldayan,

susaraq da sevən bir qəlbəm...

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda 49 nömrəli "İntellekt"  məktəb- liseyidir.

 

 Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 

DİREKTOR:

 

Bağırzadə Elza Əliqulu qızı 1994-cü ildə Azərbaycan Texnologiya Universitetinin “Yeyinti məhsulları texnologiyası” fakültəsinə daxil olmuş, 1998-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Müəllimlər İnstitunun “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirmiş, Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi“ fakültəsində təhsilini davam etdirmişdir. 2001-2020-ci illərdə Bakı şəhəri Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi, 2020-2021- ci ildə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 2020-ci ilin sentyabr ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən müvəffəqiyyət qazanıb, 2021-ci ilin sentyabr ayından Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. 2023-cü ilin oktyabr ayından isə Rəfail Hüseynov adına 49 № li "İntellekt" məktəb-liseyə direktor vəzifəsinə təyin olunmuşdur.

Amazonda dərc olunan “Vaxtın idarə edilməsi: məhsuldarlıq və uğur strategiyaları” adlı kitabın həmmüəllifidir. Bir çox yerlı və beynəlxalq təlimlərdə, eləcə də beynəlxalq təcrübə probramlarında uğurla iştirak edibdir.

 

 

ŞAGİRD:

 

Mən, Məmmədli Elcan Zöhrab oğlu R.Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyin 8-ci sinfində təhsil alıram. 

Amo, Sasmo, Steam, Neo Math olimpiadalarından bürünc, İnternational Math

Challange, Octopus, Seamo, Wmtc, Hi lingua olimpiadalarından

gümüş, Fiso, Xpert, Mathxcel və Türkiyənin İzmir şəhərində Azərbaycanı təmsil elədiyim Genius All Star olimpiadasından isə qızıl medal qazanmışam. Elta Beynəlxalq İngilis dili imtahanından isə B1+ səviyyəsinə dair sertifikat əldə etmişəm. Academix Gənc liderlər akademiyasından Ən Yaxşı Gənc Lider sertifikatı, BMIS İMUN 2025, YOUTH İMUN 2025-də delegate olaraq award qazanmışam. Qərbi Azərbaycan Konfransı, Vaxtın İdarə OlunmasıTəlimi, A.Rzayevlə görüş, Karyera Proqramçısı Təlimi, Xaricdə Təhsil üçün konsultasiyalarında iştirak etmişəm.

 

 

ESSE:

Süni İntellektin həyatımızda rolu

 

Müasir texnologiyanın ən diqqətçəkən nailiyyətlərindən biri süni intellektdir. Süni intellekt — insan beyni kimi düşünə və qərar verə bilən kompüter sistemlərinin

yaradılması ilə məşğul olan elm sahəsidir. Bu texnologiya gündəlik həyatımızın bir çox sahəsində tətbiq olunur: telefonlarda, avtomobillərdə, səhiyyədə, təhsildə və hətta sənətdə belə.

Süni intellektin əsas məqsədi insan kimi düşünə bilən, öyrənən və təcrübə qazanaraq inkişaf edən sistemlər yaratmaqdır. Məsələn, Google Assistant, Siri, ChatGPT kimi platformalar süni intellektin inkişafının göstəricisidir. Onlar insan nitqini anlayır, cavab verir və zaman keçdikcə daha da təkmilləşirlər.

Süni intellektin üstünlükləri çoxdur. O, insanın vaxtına və enerjisinə qənaət edir, daha dəqiq və sürətli analiz aparır, ağır və təhlükəli işləri yerinə yetirə bilir. Səhiyyədə diaqnostika proseslərini asanlaşdırır, sənayedə avtomatlaşdırmanı gücləndirir,  təhsildə fərdi öyrənməni dəstəkləyir.

Lakin süni intellektin bəzi təhlükəli tərəfləri də var. Əgər düzgün istiqamətləndirilməzsə və etik çərçivədə istifadə olunmazsa, iş yerlərinin azalmasına, şəxsi məlumatların təhlükəsizliyinin pozulmasına və hətta cəmiyyətə nəzarətin artmasına səbəb ola bilər. Bu səbəbdən də süni intellektin inkişafı ilə yanaşı, onun nəzarəti və etik prinsipləri də diqqətdə saxlanmalıdır.

Nəticə olaraq, süni intellekt həyatımızı dəyişdirən, inkişaf etdirən və gələcəkdə daha da böyüyəcək bir texnologiyadır. Onu düzgün istifadə etdikdə insanlıq üçün böyük faydalar təmin edə bilər. Əsas məsələ, bu güclü aləti ağıllı və məsuliyyətli şəkildə idarə etməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

21 aprel 2025-ci il tarixində Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Xaçmazda səyyar iclas keçiriblər. İclasda regionda yerləşən teatr kollektivləri iştirak ediblər. Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın Məsul katibi Aidə Qafarova, hüquqşünas Könül Ələkbərova teatrın bu günündən,uğurlarından, problemlərindən danışıblar.

 

Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb. O, iclas iştirakçılarını salamladıqdan sonra regiondakı teatrlara göstərdiyi diqqət və qayğıya görə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinə dərin minnətdarlığını bildirib və İdarənin rəisi Vüsal İbrahimovun İttifaqın İdarə heyətinin Qərarı ilə Fəxri fərmanla təltif olunduğunu elan edib və mükafatı təqdim edib. Ardınca Xaçmaz Xalq Teatrının rəhbəri İlham Tağıyev “Teatr fədaisi” medalı ilə təltif olunub. 

İttifaqın sədr müavinləri –İlham Namiq Kamal və Azad Şükürov teatr sənəti sahəsində səmərəli fəaliyyət göstərdiklərinə görə Şabran rayon Xalq Teatrının rəhbəri Qulu Mövsümova, Quba Könüllülər Teatrının rəhbəri Ramiz Ramazanova, Qusar Dövlət Ləzgi Dram Teatrının əməkdaşları Kəmalə Qədimova və Kəmalə Səfərovaya İttifaqın fəxri fərmanlarını təqdim ediblər. 

Çıxış edənlər -  Hacı  İsmayılov, İlham Namiq Kamal, Azad Şükürov, İlham Tağıyev, Ramiz Ramazanov, Qulu Mövsümov, Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev, Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov, Şabran Xalq Teatrının aktyoru Nurlan Fərhadlı, yazar Nəzər Mirzəyev, Şabran Mədəniyyət Mərkəzinin əməkdaşı Zəfər Məmmədov və başqaları çalışdıqları teatrların uğurlarından və problemlərindən söz açıb, problemlərin həlli yolları barədə fikir mübadiləsi yürüdüblər.

Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Verdim əyriyə yox, düzə ömrümü,

Bədxahlar gətirdi gözə ömrümü.

Nə yaxşı, vermişəm sözə ömrümü,

Qəbrimin üstündə söz göyərəcək.

 

Tanınmış şair Fəxrəddin Teyyubun doğum günüdür.

O, 23 aprel 1950-ci ildə Lənkəranın Şıxakəran kəndində anadan olub. 1968-ci ildə həmin kəndin səkkizillik məktəbinə gedib, 10 illiyi isə qonşu Xolmili kənd orta məktəbində bitirib. 1974-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı (İndiki İqtisad universiteti) İnstitiutuna qiyabi daxil olub, 1980-ci ildə həmin ali məktəbi bitirir.

1969-71-ci illər arasında Gürcüstanda hərbi xidmətdə olub. 1994-99-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını qiyabi olaraq bitirib. Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb və Polis polkovniki rütbəsinə qədər yüksəlib. 2005–ci ilin aprel ayından təqaüddədir.

 

Orta məktəb illərindən bədii yaradıcılığıa başlayıb. İlk şeiri 1972–ci ildə Lənkəranın “Leninçi” qəzetində dərc olunub. Fəxrəddin Teyyub dövrü mətbuatda; “Azərbaycan”, “Ulduz”, “Litereturnıy Azerbaydjan” junallarında, “Ədəbiyyat qəzeti”ndə və digər mətbu orqanlarda, xarici ölkələrin ədəbiyyat dərgiləri və almanaxlarında dərc olunur.

 

Kitabları 

- Həsrətin ünvanı

- Kölgəm mənim yol yoldaşım

- Mən səninlə barışmaram

- Ruhların sevindiyi gün

 

Allah xeyirli ömür nəsib etsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

23 Aprel – Dünya Kitab və Müəllif Hüquqları Gününüz mübarək olsun!

Bu xüsusi gündə sözün, qələmin və yaradıcılığın dəyərini bir daha xatırlayırıq. Kitablar ruhun qidasıdır, müəlliflər isə bu qidanın ustaları...

 

Mən də bu mənalı gündə sizə öz qələmimdən süzülən bir şeiri təqdim edirəm. Ümid edirəm ki, hisslərim sizə də toxunar.

 

Kitabdır, ruhumu hər dəm aparan zirvələrə,

Nə qədər məna düzülmüş yazılan kəlmələrə.

 

Fikrimin səmti dəyişmiş, yolunu azmış isə,

Sığınar qüssəli könlüm o zərif səhifələrə.

 

Sönür, işıq saçılmayır nəfəs dəyəndə şamlara,

Bilik özü işıq saçır qarə olan kölgələrə.

 

Körpə arzular kimi söz deyilməsə gizli qalır,

Kitab – şeir pıçıldayır doğulmamış körpələrə.

 

Oxunmasa, bilinməsə başımıza uçar bu dam,

Haraylasam, səsim gedər dağılmamış körpülərə.

 

Həsrət deyil, kədər deyil bağışlamaq istədiyim,

Bir az sevinc bağışlayım toxunmamış ilmələrə.

 

Nailəm, şad olaram çıxıb gedim bu dünyadan,

Bir nəğmə söylənəcək ruhumdakı pərdələrə.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

Çərşənbə, 23 Aprel 2025 09:18

Seymur Baycan - əhval-ruhiyyə adamı...

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Ölkədə elə bir qələm adamı tapılmaz ki, onun haqqında məlumatı olmasın. Eləcə də, diqqətli oxucuların arasında ərsəyə gətirdiyi əsərlərdən xəbərdar olanlar da az deyil. İddia edir ki, dünya ədəbiyyatına skelet-roman anlayışını o gətirib…

Bəli, bu dəfə sizə yazıçı, publisist Seymur Baycandan söhbət açmaq istəyirəm. Dünən onun 49 yaşı tamam oldu..

 

Deyir ki:- “Qəzavü-qədər elə gətirib ki, rus ədəbiyyatını daha çox oxumuşam. Şübhəsiz, oxuduqlarım yazdıqlarıma öz təsirini göstərib. Moskvalı bir rəssam qız vardı. O, “Həyatımın ən xoşbəxt günü” kitabımdakı hekayələri oxuyub demişdi ki, elə bil bu hekayələri Qafqazda yaşayan bir rus yazıçı yazıb. Ümumiyyətlə, bu sözü kitablarımı rus dilində oxuyan müxtəlif xalqlara mənsub adamlardan dəfələrlə eşitmişəm.”

 

 Sanki alayı planetdən gəlib. Əhvalı tez-tez dəyişir. Onu bir dəfə mülayim, mehriban görən, növbəti dəfə qaş-qabaqlı, sərt, əsəbi, daha sonra həddindən artıq kədərli, üzgün görə bilər. Hamıya yadplanetlilər, qəribə məxluqlar kimi baxır, elə bil bu dünyanın adamı deyil. Gözəl qələmi var, amma Azərbycan dilinin qrammatikasını yaxşı bilmədiyini etiraf edir:

 

“Bircə onu bilirəm ki, cümlə qurtaranda nöqtə qoymaq lazımdır. Lap əvvəllər, buna görə tez-tez narahat olurdum. Amma sonralar bəzi məşhur yazıçıların əlyazmalarını görəndən sonra təskinlik tapdım. Sən demə, mənim yazanda buraxdığım qrammatik səhvlər, onların səhvlərinin yanında toya-bayrama getməlidir.”- söyləyir.

 

Daha sonra qınayır ki: - “Azərbaycanda yüzlərə yazıçı, şair, publisist, redaktor, tərcüməçi, bir sözlə, yazı-pozu adamı var. Yüzlərlə adam azərbaycan dilinin hesabına ev, təqaüd, müxtəlif mükafatlar, maaş, honorar alıb. Yüzlərlə adam azərbaycan dilinin hesabına ad-san qazanıb, cəmiyyətdə özünə azdan-çoxdan yer tutub, söz, vəzifə, mənsəb sahibi olub, məclislərdə tamada seçilib, ailə saxlayıb, uşaq böyüdüb. Azərbaycan dilinin hesabına adam olmuş yüzlərlə adamdan heç biri dil ətrafında gedən məlum müzakirələrdə qəti və açıq şəkildə azərbaycan dilinin tərəfini saxlamadı. Əksinə, Mirzə Cəlilin dilini Akop Martayanın yaratdığı saxta, süni dilin ayağına verdilər. Bunu ciddi-cəhdlə əsaslandırmağa çalışdılar. Ən yaxşı halda nala-mıxa vurdular. Mus-mus dedilər, lakin Mustafa deməyə heç kimin cəsarəti çatmadı. Mirzə Cəlilin dilini Akop Martayanın yaratdığı saxta, süni dilin ayağına vermək məsuliyyətsizliyin, tənbəlliyin, qorxaqlığın, yaltaqlığın təzahürü olmaqla yanaşı, həm də nankorluğun, çörəyi dizinin üstə olmağın, yediyi qaba tüpürməyin göstəricisidir. Hər şeyi qoyaq bir qırağa, insan heç olmasa yemək yediyi, su içdiyi qaba hörmət edər…”

 

1976-cı ilin aprel ayının 22-də Füzuli rayonunda anadan olub. Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirib. Qafqaz universitetinin "Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində oxuyub. Lakin universiteti yarımçıq qoyub, təhsilini davam etdirməyib. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərdə çap olunub. Publisistik fəaliyyəti dönəmində "Reytinq", "Milli yol", "Gündəlik Azərbaycan" və digər qəzetlərlə əməkdaşlıq edib. Publisistika üzrə "Cənnətdə bazar günü" yazısına görə "Media Açarı" mükafatına layiq görülüb. İyirmi beşə yaxın kitabın müəllifidr...

 

Deyir ki:- “Məni bu ölkədə publisist kimi tanıyanlar daha çoxdur. Bu da təbiidir. Məqalələrim daha çox yayılır, daha çox oxunur. Hətta publisist kimi tanıyanların çoxu hekayələr kitabımın, romanlarımın heç üzünü də görməyiblər. Eşidiblər ki, nəsə arada vaxtım olanda bekarçılıqdan hekayə, roman da yazıram. Mənimlə maraqlanan oxucular kitablarımı axtarıb tapıb oxuyurlar. Onların da çoxu Bakıda yaşayan oxuculardı. Gənclərdir. Burda oxumaq marağından əlavə dəstək vermək məqsədi də var. Yəni kitabı almaqla bir növ mənə dəstəklərini göstərirlər. Bu adamları, bu oxucuları yazılarımla qazanmışam, uzun illər, bir-bir. Kitablarımı almaqla bir növ öz minnətdarlıqlarını bildirirlər. Əgər publisistikayla məşğul olmasaydım, məni tanıyan adamların sayı bəlkə də heç yüzü keçməzdi. Odur ki, az-çox tanınmağıma görə publisistikaya minnətdaram.” 

 

Azərbaycan Ədəbiyyatının müstəqillik dövrü yazıçılarındandır. Üsyankar təbiətə malikdir. Bir də görürsən ki, hansısa yazıçını inkar edir, onun yaradıcılığını şübhə altına alıb tənqid edir. Ümumiyyətlə, qarışıq fikirləri çoxdur. Nə qədər haqlı olub-olmamadığını isə deyə bilmərəm. Bircə onu bilirəm ki, fikirlərini dəstəkləyənlər də var...

 

Qəribə xüsusiyyətləri çoxdur. Atası vəfat edəndə on dörd yaşı olub. Atasını dəfn edib qəbiristanlıqdan çıxanda, qəbiristanlığın çölündəki bulağın suyunda əl-üzünü yuyub. Soyuq su ona necə təsir edibsə mahnı oxumağa başlayıb. Adamlar da elə biliblər ki, dərddən havalanıb...

 

Deyir ki:- “Bəzən özümü tanımaqda çətinlik çəkirəm. Hansı hadisəyə necə reaksiya verəcəyim həmin an ovqatımın necəliyindən asılıdır. Bir də görürsən ki, çox böyük cəsarət nümayiş etdirirəm. Özüm də məəttəl qalıram ki, mən bunu necə bacardım? Bəzən isə kölgəmdən də qorxuram.”

 

Onunla dostluq, yoldaşlıq etmək çox çətindir. Qeyri-adi hərəkətləri ilə adamı məyus və ya da ki heyrətləndirə bilir. Yadıma dünyaşöhrətli bəstəkarlardan biri düşdü. Konsertlərinin sonunda şalvarını aşağı çəkib, arxasını onu alqışlayan tamaşaçılara göstərməklə “minnətdarlıq” edirdi. Hər dəfə də, onu dahi olduğuna görə bağışlayırdılar...

Bəli, aprelin 22-si ölkədə tanınan yazıçı, publisist Seymur Baycanın ad günüydü.

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

Çərşənbə axşamı, 22 Aprel 2025 14:46

Unutmadıq!

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Eldar Bağırov 1953-cü ildə 22 aprel tarixində Ağdam rayonunda anadan olub. 1988–89-cu illərdə Azərbaycan Xalq Cəbhəsinin Ağdamda özəyini yaradıb və onun sədri olub. 1988-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən incidilən ilk qaçqınlar Ağdama gəldiyi gündən onların yerləşdirilməsi ilə, ərzaq təminatı ilə məşğul olmağa başlamışdır. Yanına gələn hər kəsə bacardığı köməyi göstərirdi. Bağırovun Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərzaq və silah-sursatla təmin edilməsində böyük rolu olmuşdur.

 

Qarabağda ilk dəfə üçrəngli Azərbaycan bayrağını 1988-ci ildə Ağdamın Xındırıstan kəndində sovetliyin binasının üstünə o sancmışdır. 1992-ci il martın 21-də yaradılmış 845 saylı 790 nəfərlik batalyona onun adı verilib. Eldar Bağırov Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qardaşıdır, batalyona isə Allahverdi Bağırov rəhbərlik edirdi, çoxlu sayda uğurlu döyüş əməliyyatları keçirilmişdir.

1990-cı ildə Ağdam rayonundan Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 

Ailəli idi, 2 qız övladı var.

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

 

 

 

Çərşənbə axşamı, 22 Aprel 2025 13:59

Cəsur sumqayıtlı komando - Vüsal Allahyarov

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Zoğalı beretli xüsusi təyinatlı adını döyüşlərdə ləyaqətlə doğrultdu...

 

Vüsal Allahyarov 22 aprel 1988-ci ildə Sumqayıt şəhərində doğulub. Burada 9 saylı tam orta məktəbdə oxuyub. Məktəbdə müəllimlərin və şagirdlərin hörmətini qazanıb. Təhsil ocağının ictimai həyatında fəal olub, təşkilatçılıq qabiliyyəti ilə seçilib. Yeniyetməlik çağından  idmanın cüdo növünə maraq göstərib. O vaxt Sumqayıtdakı “Dinamo” İdman Cəmiyyətinə məşqlərə gedib. Məşqçisi İbrahim İbrahimov onun bacarıqlı idmançı kimi yetişməsində əməyini əsirgəməyib. Müxtəlif yarışlarda iştirak edən Vüsal tatami üzərində öz məharəti ilə fərqlənib. Azərbaycan cüdosunun 30 illiyinə həsr olunmuş açıq birincilikdə 3-cü yerə sahiblənərək fəxri fərmanla mükafatlandırılıb. 

Orta məktəbdə oxuduğu illərdən hərbçilərə rəğbətlə yanaşıb. Özünün də hərbi forma geyinəcəyi günü səbirsizliklə gözləyib.

Öz müraciəti əsasında 2011-ci ilin 3 may tarixindən etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Beləliklə, Vüsal hərbçi həyatı yaşamağa qərar verib. 2018-ci ilin yanvar ayının 6-dək Quba rayonunda fəaliyyət göstərən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı, snayper, yarımqrup komandiri, snayper qrupunda yarımqrup komandiri vəzifələrində xidmət edib.

2017-ci ilin avqust ayında Türkiyə Respublikasına göndərilərək, 2018-ci ilin yanvar ayınadək bu ölkənin Daxili İşlər Nazirliyinin Jandarm Baş Komandanlığının Foçadakı Komando Məktəbində komando təməl kursu çərçivəsində ayrı-ayrı istiqamətlər üzrə təlim mərhələlərindən keçib.

O, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gürzə Xüsusi Təyinatlı Dəstəsinin Yarımqrup Komandiri olub.  "Qarabağ" ordeni, Vətən uğrunda, Füzulinin və Şuşanın azad olunmasına görə medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medulla təltif olunub.

 Ailəli idi, iki qız övladı yadigar qaldı.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Yəqin ki, oxucularımın arasında əsgəri xidmətdə olanları çoxdur. Unutmayıblarsa, əsgəri xidmətə başlayanda hər biri müəyyən müddət məcburi  karantin rejimində olub və and içmədən sonra həqiqi xidmətə başlayıb...

Bəzən mənə elə gəlir ki, Yer də Allahın bəndələrinə təyin etdiyi karantin meydanıdır. Onları burada sınaqlardan keçirib, sonra Göyə- həqiqi xidmətə göndərir...

”Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdilər ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxdılar.“- Bu kəlmələri səkkiz gün erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Aydın oğlu Quliyev deyib... 

”Onun üzündəki solmuş təbəssümü, yorğun sifətinı unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndirləyib yıxılacaq. Heç kim bilmirdi ki, o, nə zaman yatır. Ümumiyyətlə yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verir, saçlarını tumarlayırdı."- bunları isə müsahibələrinin birində telejurnalist Nadejda İsmayılova söyləyib.

Bəli, aprelin 22-si Beynəlxalq Yer Günüdür. Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırov da 1946-cı ilin bu günündə dünyaya gəlmişdi. Qəhrəman bəndələrindən biri kimi, indi Allahın dərgahındadır. 79 yaşı tamam olur. Mövludu mübarək olsun!

...Axı deyirlər, şəhidlər ölmür...

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

 

Joldubek Kaçkınbayev, “Ədəbiyyat və incəsənət” portalının Qırğızıstan təmsilçisi

 

Aprelin 21-də Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında keçirilən Mədəniyyət Günləri çərçivəsində Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Azərbaycan incəsənət ustalarının qala-konserti keçirilib. 

 

Mədəniyyət tədbirində Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetəliyev, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, o cümlədən Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, mədəniyyət xadimləri və geniş ictimaiyyət iştirak edib.

Tədbirin rəsmi hissəsində Qırğızıstan Respublikasının mədəniyyət naziri Mirbek Mambetəliyev bu konsertin iki ölkə arasında dostluq və mədəni əməkdaşlığın bariz rəmzi olduğunu qeyd edərək, qırğız və Azərbaycan xalqlarını çoxəsrlik tarix, zəngin mədəni irs, adət-ənənələr, mənəvi dəyərlərlə birləşdirdiyini qeyd edib.

Qala-konsertdə səhnəni əsl sənət təntənəsinə çevirən Azərbaycan xalqının milli mahnı və rəqsləri səsləndirilib. 

Eyni zamanda, Azərbaycan milli alətlərinin müşayiəti ilə qırğız xalqının klassik əsərləri ifa olunub. Atay Oqonbayevin “Maş Botoy” havası, xalq mahnısı “Komuzçu”, Kalı Moldobasanovun “İssık-Kul valsı”, Muratbek Beqaliyevin “Qırğızıstan” mahnılarının məharətlə ifaları tamaşaçılarda xüsusilə böyük təəssürat yaradıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

14 -dən səhifə 2148

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.