Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
21 aprel 2025-ci il tarixində Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Xaçmazda səyyar iclas keçiriblər. İclasda regionda yerləşən teatr kollektivləri iştirak ediblər. Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın Məsul katibi Aidə Qafarova, hüquqşünas Könül Ələkbərova teatrın bu günündən,uğurlarından, problemlərindən danışıblar.
Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb. O, iclas iştirakçılarını salamladıqdan sonra regiondakı teatrlara göstərdiyi diqqət və qayğıya görə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinə dərin minnətdarlığını bildirib və İdarənin rəisi Vüsal İbrahimovun İttifaqın İdarə heyətinin Qərarı ilə Fəxri fərmanla təltif olunduğunu elan edib və mükafatı təqdim edib. Ardınca Xaçmaz Xalq Teatrının rəhbəri İlham Tağıyev “Teatr fədaisi” medalı ilə təltif olunub.
İttifaqın sədr müavinləri –İlham Namiq Kamal və Azad Şükürov teatr sənəti sahəsində səmərəli fəaliyyət göstərdiklərinə görə Şabran rayon Xalq Teatrının rəhbəri Qulu Mövsümova, Quba Könüllülər Teatrının rəhbəri Ramiz Ramazanova, Qusar Dövlət Ləzgi Dram Teatrının əməkdaşları Kəmalə Qədimova və Kəmalə Səfərovaya İttifaqın fəxri fərmanlarını təqdim ediblər.
Çıxış edənlər - Hacı İsmayılov, İlham Namiq Kamal, Azad Şükürov, İlham Tağıyev, Ramiz Ramazanov, Qulu Mövsümov, Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev, Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov, Şabran Xalq Teatrının aktyoru Nurlan Fərhadlı, yazar Nəzər Mirzəyev, Şabran Mədəniyyət Mərkəzinin əməkdaşı Zəfər Məmmədov və başqaları çalışdıqları teatrların uğurlarından və problemlərindən söz açıb, problemlərin həlli yolları barədə fikir mübadiləsi yürüdüblər.
Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)