Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bəzən qucaqlamaq istəyirəm insanları – sadəcə sarılmaq, ruhlarını isidəcək qədər… Elə bil ki, hər bir yaranın yerinə gözyaşı olmaq istəyirəm. Amma içimdə bir hiss var – nifrət dolu… Saxta yalanlara, üzündə gülümsəyib içində boşluq daşıyanlara, yaşamağa belə cürət etməyənlərə qarşı... Bu ziddiyyətin içində gah sükut oluram, gah da qışqırıq kimi parlayıram.
Qarışmaq istəyirəm sükuta, qışqırmaq istəyirəm içimdəki səssizliyə...
Qaçmaq istəyirəm gündəlik oyunlardan, unudulmaqdan qorxmayan adamlardan...
Sevmək istəyirəm içdən, doğrudan, susaraq da anlaşaraq...
Amma yorğunam... hər kəsin içində gizlənmiş o kiçik uşaqla danışmaqdan yorğun...
Qorxuram, çünki həssasam... hiss edəndə çox şeyin sonunda tək qaldığını anlayırsan...
Varlıqda yoxluq, yoxluqda varlıq gəzir gözlərim. Bir ümid, bir işıq, bir qığılcım gərək qəlbimi isidəcək... Əlimdə bir qədəh qəhər, gözlərim – qırıq şüşə. Addımlarım yalın keçir xatirələrin üstündən – hər addımda bir xatirə batır dərimə, qanadıqca unuduram...
Dilimin ucunda səssiz dualar var – göyə deyil, içimdəki boşluğa səslənir.
Sənəmsə, gəl... Yoxsan, heç ol...
Amma bu dəfə tam ol...
Yarım qalan hər şey qaranlıq kimi yapışır ruhuma...
Gah yaxın, gah uzaq bir Xəzər kimi, xatirələrimiz olmuş payızda xəzəl. Gah ağlar, gah gülər gözlərim, dilimdən süzülər dualarım... Allahım, sən qismət elə mənə xeyirlisini...
Səssizliyə addım-addım yaxınlaşıram…
Bitən yolların sonunda yenidən başlayıram – gözlərim gəzir qucaqlaya-qucaqlaya keçdiyimiz küçələri.
Ruhum həsrət qalıb qəlbimizin bir vaxtlar birgə çarpan gülüş səsinə...
Səni yazıram, sənə yazıram…
və yenə səssizcə sənsiz qalıram...
İçimdə səssiz bir uşaq var – incinmiş, amma hələ də inanan.
Bir səs, bir nəfəs yetər bəlkə — tənha qalmış gecələrimə, yarım qalmış xoşbəxtliyimə...
Və mən — sadəcə xatırlayan, hər axşam bir dua kimi səni səsləyən,
bir mahnı kimi səni pıçıldayan,
susaraq da sevən bir qəlbəm...
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)