
Super User
Xalq şairinin oğlu...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Həyatda heç vaxt yollarımız kəsişməyib, boy-buxunudan, davranışından, xasiyyətindən xəbərsizəm. Heç səsini də eşitməmişəm. Amma “Facebook” sosial şəbəkəsində dostuq. Burada paylaşdığı şəkilləri tez-tez qarşıma çıxır. Üz görünüşündən, eləcə də status və fikirlərindən, ictimailəşdirdiyi arzu və istəklərindən haliyəm. Düşünürəm ki, bütün bunlar onun haqqında danışmağıma yardım edəcək. Axı bu gün - aprelin 21-i onun ad günüdür, qulağı səsdə, gözləri yolda olacaq. Bir də ki, xalq aşığı demişkən; “”Can” deməklə candan can əskik olmaz, Məhəbbət artırar, mehriban eylər...”
Deyir ki:- “Bu gün də atamın tövsiyyələrini unutmuram. Atam söyləyərdi ki,- baxmayaraq ki, imkanlı tacir ailəsinin oğlu idim, amma öz zəhmətimlə Nəbi Babayevdən Nəbi Xəzriyə çevrildim və parladım. Nəbi Xəzrinin oğlu olmaqla bərabər, çalış özün öz zəhmətinlə həyatdakı cığırını tap və özünü cəmiyyətdə zəhmətinlə tanıtdır. Deməsinlər ki, bu, Nəbi Xəzrinin oğludur, desinlər ki, Arzu Babayevdir. Sənə həm mənə, həm də özünə görə hörmət etsinlər.”
Bəli, bu dəfə mən Arzu Babayevdən danışıram. 1962-ci ildə böyük şairimiz Nəbi Xəzrinin ailəsində dünyaya gəlib. 160 nömrəli orta məktəbi bitirdiyini bilirəm, sonra harada ali təhsil aldığından, haralarda çalışdığından xəbərsizəm. Paylaşdığı şəkillərindən onu da bilirəm ki, təqüddə olan polis polkovnik-leytenantıdır...
“Bir dəfə atamı yuxuda çox canlı gördüm. Yuxuda sevinirdim ki, atam sağdır. Bu fərqli yuxu idi. Onu qucaqladım, hərarətini, nəfəsini hiss etdim. O isə danışmırdı, üzümə baxıb gülürdü...”- söyləyir.
Ailədə iki bacı, bir qardaş olublar. Dörd yaşında vəfat edən, özündən yaşca böyük qardaşının adını təxəllüs kimi götürərək Arzu Ələkbər adı ilə hekayələr də yazıb, amma sonra nədənsə davam etdirməyib. Özü dediyi kimi, hiss edib ki, onda ciddi yaradıcılıq damarı yoxdur. Ədəbiyyatın içində böyüsə də, bu onda alınmayıb. Amma yaxşı yazı ilə pis yazını fərqləndirməyi bacarır...
Və müşahidələrimə, analitik təcrübəmə, fantaziya və qənaətimə söykənib, bir az da onun fərdi keyfiyyətlərindən danışmaq istəyirəm. Səbirli, məsuliyyətli və ümid yeri olmağı bacaran adamdır. Humanist və istiqanlıdır. Mənəvi dünyası çox zəngindir. Kənardan sakit, soyuqqanlı və reaksiyasız görünsə də, əsəbləşəndə qəzəbli olur. Amma əsasən sakit təbiətlidir. Dostluqda, yoldaşlıqda etibarlılığı ilə tanınır. Riyazi zəkası var, dəqiqliyi çox sevir. Gözəllik aşiqidir, hər şeyin estetik görünüşünə önəm verir. Pul qazanmaq onun üçün şöhrət və ya üstünlük xətrinə deyil, istədiyi rahat həyatı yaşamaq üçündür. Mənasız risk etməkdən xoşu gəlmir, zəruriyyət yarananda geri çəkilməyi bacarır. Bir də ki, dadlı yeməklərdən zövq alır və dəbdəbəni xoşlayır...
Bəli, haqqında söhbət açdığım Arzu Nəbi oğlu Babayevi həyatda belə təsəvvür edirəm....
Və sonda Arzu bəyi 63 yaşı münasibətilə təbrik edir, möhkəm can sağlığı, firavan həyat arzulayırıq.
P.S.
Arzu Babayevi ədəbiyyata bağlayan tək atasının xalq şairi Nəbi Xəzri olması deyil. Onun anası görkəmli şairimiz Davud Nəsibin bacısıdır, bir xalası Xalq yazıçısı İsa Muğannanın, digər xalası dövrünün tanınmış şairi Məstan Günərin həyat yoldaşıdır. Bir sözlə, köklü-köməcli əsl ədəbiyyat ailəsi!
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)
Azərbaycan filmləri - “Qızmar günəş altında”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Rejissor Lətif Səfərovun 1957-ci ildə ekranlaşdırdığı “Qızmar günəş altında” filmi barədə söhbət açmaq istəyirəm. Ekran əsəri “Azərbaycanfilm” kinostudiyası tərəfindən çəkilib. Filmin ssenarisini kinodramaturq Həsən Seyidbəyli öz “Kənd həkimi” povesti əsasında yazmışdır.
Ekran əsərində Talış dağlarının ətəyində yerləşən kənd və onun sakinlərindən, əsasən də, şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydın Zeynalovun əməyindən, burada ilk məhəbbətini tapmasından bəhs edilir.
Filmdə əsas məqsəd həkimlərin insanpərvərliyini və qayğıkeşliyini göstərmək, həmçinin Astara gənclərinin əmək igidliklərini təsvir etmək idi. Bundan əlavə, filmdə çayçılıqla məşğul olan kolxozlardan, quraqlıqla mübarizə aparmalarından, onların gündəlik qayğılarından, əmək və məişətindən və s. bəhs olunub.
“Qızmar günəş altında” kinopovesti rejissor Lətif Səfərovun “Bəxtiyar” musiqili filmindən sonra ikinci tammetrajlı bədii ekran əsəri idi. Film Azərbaycan kinematoqrafiyasında ən koloritli filmlərdən biri hesab olunur. Buna səbəb isə Azərbaycan təbiətinin milli bədii kino nümunələrinin heç birində bu ekran əsərindəki qədər panoramlı əks olunmamasıdır.
Astara gənclərinin həyatından bəhs edən ssenaridə əsas obrazlar gənc kadrlar üçün nəzərdə tutulub. Əkbər Fərzəliyev (həkim Aydın), Sürəyya Qasımova (komsomolçu qızlardan Gülpəri), Tofilə Ələsgərova (Nərminə), Sara Manafova (Gülnaz) və digərləri aktyor kimi ilk dəfə bu filmdə çəkiliblər.
Rollara, həmçinin A.Gəraybəyli, Ə.Məmmədov, L.Məmmədbəyov, M.Şeyxzamanov, A.Qurbanov, A.Cavadov, M. Kələntərli və s. kimi peşəkar aktyorlar da çəkiliblər.
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)
GAP Antologiyasında Məsum Cabbarpurun “Kim susma haqqın alır...” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məsum Cabbarpurdur.
Məsum Cabbarpur
Təbriz
KİM SUSMA HAQQIN ALIR
DODAQLARIN CAN ÇƏKİŞMƏSİNDƏN
Kirimişəm ay darışlıq dünya
Kim deyir dünya fırlanır?
İllərdir tanrının qaş-qabağı –
Cızılıb yaşam tablosunda
Buraxmayın məni özgürlüyümə
Vücudumun şəhərindən qovğa səsi gəlir
İçimdəki otuz neçə illik həsrət
Bir depremə qarşı dağılır
Gözlərim cumur
Gözlərinin meyxanasına
Suçmu?
Bollu “Sevirəm” söyləyişinlə
Susma haqqı almışsan gözlərimdən
Sevgi təməllərimiz
Yenidən doğulur
Bu gecə
Yasaq öpüşlərlə özünü –
Utanc ipəyində gizlədi!
Güzgünün dodağı qaçdı
Öpüşlər güzgüdə çoxaldı
Bir qəhqəhə səsi
Dadaq zalında minlər öpüş doğuldu
Bu gecə bir sənsən
Sənsizliyin daşın atmışam
Bir qəhqəhə səsi
Tanrı qısqandı bunca öpüşə
İçinə sığmayır
Dodaqlar şıllaq atır
Bir çaxır dodağa
Dodaqlar tanrının öpücükləri
Altında can verir
Badaqlar tükənir
Mızıldayan mahnılar susur
Zaman saarı torpaqlarını –
Səpələyir gəlinlər başına
Dünya
Dünya susur
Kim susma haqqı alır
Dodaqların can çəkişməsindən?
Və birisi –
Yalnız insanlıq yasasını
Bilirdi
Bu gecə birisi yalqız yatağında yatır!
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)
Bu gün də Quba mətbəxindən danışaq
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Quba mətbəxi Azərbaycanın zəngin və rəngarəng bölgə mətbəxlərindən biridir. Quba bölgəsinin təbii şəraiti, iqlimi və etnik müxtəlifliyi bu mətbəxi daha da özünəməxsus və dadlı edir. Quba mətbəxində həm azərbaycanlıların, həm də burada yaşayan dağ yəhudilərinin (Qırmızı Qəsəbə sakinləri) kulinariya ənənələri birləşir.
Quba mətbəxinin əsas yeməkləri və xüsusiyyətləri:
1. Qutablar – Quba qutabı nazik xəmirə bükülmüş, göyərti, balqabaq və ya ətlə hazırlanan yeməkdir. Ənənəvi tındirdə və ya sacda bişirilir.
2. Sacda kabab və saciçi – Qubada sacda bişən yeməklər çox məşhurdur. Sac içində qoyun əti, kartof, soğan, pomidor və müxtəlif ədviyyatlarla hazırlanır.
3. Şorqoğal və paxlava – Qubanın bayram şirniyyatları sırasında bunlar xüsusi yer tutur. Şorqoğal Novruz süfrələrinin əsas hissəsidir.
4. Ərik turşusu ilə plov – Meyvəli plovlar Quba mətbəxində geniş yayılıb. Ərik, kişmiş, alça və s. ilə hazırlanır.
5. Şabalıdlı yeməklər – Qubanın meşələrində çoxlu şabalıd bitdiyi üçün bu məhsul da yeməklərdə tez-tez istifadə olunur, xüsusilə plovlarda və ət yeməklərində.
6. Doyurucu şorbalar – Məsələn, “qurutlu şorba”, “düşbərə” və ya “lavaşı ilə toyuq şorbası” kimi yeməklər bölgəyə xasdır.
7. Dağ yəhudilərinin mətbəxi – Qubada yaşayan dağ yəhudilərinin “hommus”, “plov ki gondi” (ət köftəsi ilə plov), “xinkal” kimi yeməkləri də məşhurdur.
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)
Brend alüdəçiliyi günümüzün trendidir - AKTUAL
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Biz heç vaxt sadəcə məhsul almırıq. Bizə təqdim olunan, gözümüzə soxulan və ağılımıza zərifcə yerləşdirilən bir xəyalı alırıq. Brendlər bizə sadəcə bir çanta, telefon və ya içki təqdim etmirlər – onlar bizim özümüzə olan baxışımızı, özümüzü başqalarına necə göstərmək istədiyimizi dizayn edirlər.
Mən bunu ilk dəfə nə zaman hiss elədim, bilmirəm. Amma Starbucks stəkanını tutan adamın "intellektual", Apple istifadəçisinin "fərqli", Nike geyinənin "məqsədli" biri kimi görünməyə çalışdığı bir dünyada yaşadığımı anlayanda içimdəki o sual qopdu:
“Biz doğrudanmı məhsul alırıq, yoxsa bizi əvəz edən simvolları?”
Marka strategiyası – məhsulun yalnız vizual kimliyi deyil. Bu, bir markanın bazarda tutduğu mövqeyi, istehlakçının zehnindəki yeri və onunla yaradılan emosional əlaqədir. Ən güclü strategiyalar isə aşağıdakı elementləri özündə birləşdirir:
Positioning – Sənin məhsulun digərlərindən necə fərqlənir?
Brand Personality – Marka bir insan olsaydı, kim olardı?
Emotional Branding – Məhsul yox, hissiyat satılır.
Storytelling – Markanın arxasında bir hekayə varsa, inanmaq asanlaşır.
Brendlər bizim yeni dilimizdir. Sanki susaraq danışırıq. Susaraq, amma çox danışaraq. Kiminsə qolundakı saat, kiminsə geyimindəki loqo, kiminsə telefonunun markası – bunların hamısı özümüz haqqında yazdığımız bir bio kimidir. Brendlər "yalnız bu həftə", "limitli sayda", "tükənmək üzrə" kimi mesajlarla sənin itirmək qorxunu oyadır. Bu da insan beynində təhlükə siqnalı kimi işləyir. “Əgər indi almasam, geridə qalacağam.” Bu, psixoloji stressdir – və sən alış-veriş etməklə onu azaldırsan.
Brend deyir: Mən səni tanıyıram. Amma sən özünü tanıyırsan?
Apple - Sən fərqlisən.
Sadəlik və zəkalılıq səninlədir. Amma bəlkə sadəcə sənin fərqli olmaq qorxun var? Və Apple sənə bu qorxunu yatırtmaq üçün bir “kostyum” təklif edir. Al, geyin, və özünü fərqli san.
Nike - “Just Do It.”
Amma bəlkə içindəki o günahkarlıq hissini – heç nə etmədiyin günlərin yükünü – bu şüarla yuyursan?
Marlboro - Kişilik və sərhədsiz azadlıq
Marlboro ilk yaradıldığında qadınlar üçün hazırlanmış bir siqaret idi. Amma brend imici dəyişdi – çünki positioning dəyişdi. Marlboro indi bir "kovboy" obrazı ilə kişilik, sərbəstlik və güc simvoluna çevrilib. Siqaret – zərərli maddədir, amma sənə "azad nəfəs" satırlar.
Dove – Özünü olduğu kimi sevmək
Dove sabun markası olsa da, sənə sadəcə təmizlik deyil, öz bədənini qəbul etmə fəlsəfəsi satır. Reklamlarında ideal bədən formaları yox, "real qadınlar" göstərilir. İstehlakçının duyğusal ehtiyacına toxunaraq özünü “həqiqi qadınların dostu” kimi mövqeləndirir.
Tesla – Texnologiya yox, inqilab
Tesla avtomobil satmır. Tesla sənə gələcəyi, inqilabı və ətraf mühitə sadiqliyini satır. Əslində çox insan bu avtomobili almaq imkanına sahib deyil, amma brend onların zehnində artıq qalibdir.
Hər brend bir kompensasiya alətidir. Bir hissimizi örtmək, bir əskikliyimizi bərkitmək, bir kimliyi təsdiqləmək üçün maskalar təqdim edir.
Bəs biz niyə bu oyuna giririk?
Çünki insan təbiətcə aid olmaq, qəbul edilmək və dəyər görmək istəyir. Biz istəyirik ki, "sən yaxşısan" mesajını eşidək. Və əgər bu mesajı bir çanta, bir loqo, bir telefon deyirsə, niyə olmasın?
İnsanlar brendlərlə özlərini tanıdır. Sənin telefonun, çantan, geyimin bir dildir. Və o dil, səni susaraq danışdırır:
Chanel: “Mən zərif və elitəm.”
Adidas: “Mən aktiv və məqsədyönlüyəm.”
Starbucks: “Mən şəhərli və müasirəm.”
Bu, artıq sadəcə seçim deyil – şəxsiyyət inşasıdır.
Yaxşı, bəs o zaman biz özümüz kimik? Brendlərsiz, loqolarsız, göstərmək istədiklərimizsiz... Biz kimin?
Bu sualın cavabını tapmaq çətindir. Və bəlkə də heç brendlərdən qaçmaq deyil məsələ. Onları anlamaq, oyunlarını çözmək və onlarla yox, onlara baxaraq yaşamaqdır.
Sonda...
Bir gün dayan, vitrindəki o bahalı geyimə, əlindəki markalı stəkana və ya o limitli edition ayaqqabıya bax. Və özündən soruş:
“Mən bunu alıram, yoxsa bu məni alır?”
Əgər cavab aydındırsa, sən artıq brend deyilsən.
Sən sənsən.
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)
PORTAL AKADEMİYASINDA - Napoleon Hillə görə uğurun 13 sirri
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Napoleon Hillə görə uğurun 13 sirri
Vədimə əməl edərək Napoleon Hillin «Düşün və varlan» kitabından kifayət qədər mükəmməl təlim hesab edilən «Uğur qazanmağın və varlanmağın 13 prinsipi»ni oxucularıma təqdim edirəm:
1. Arzu və məqsəd.
Bu, bütün kapitalların qazanılmasının istinad nöqtəsidir. Əgər nəyisə güclü şəkildə arzulamasan, ona doğru gedə bilməyəcəksən.
Siz pul qazanmaq istəyirsiniz? Onda bu məsləhətlər sizə kömək edəcək:
- İlk öncə qərar verin ki, hansı məbləğ sizi qane edir. «Mən çox pul istəyirəm» kəlamı sizə kömək etməyəcək. Rəqəm çox vacibdir.
- Özünüzə düzünü deyin, varlı olanda nədən imtina edəcəksiniz.
- Qrarlaşdırın, bu pulu hansı müddətə kimi əldə edəcəksiniz.
- Var-dövlətə doğru necə addımlayacağınız barədə konkret plan hazırlayın.
- Öncə söylənilənlərin hamısını – sizə nə qədər pul lazımdır, nədən imtina edəcəksiniz, hansı müddətə pulları qazanacaqsınız, məqsədinizə görə hansı plan üzrə addımlayacaqsınız, bunların hamısını yazın.
- Hər gecə yatmamışdan öncə planınızı ucadan oxuyun! Hiss edin və inanın ki, həmin pulları artıq qazanmısınız.
2. İnam.
Siz arzularınızın reallaşacağına nə qədər çox inansanız onları daha rahat reallaşdıra biləcəksiniz.
3. Özünətəlqinetmə.
Özüntəlqinetmə hisslər vasitəsilə şüurun oyanmasıdır. Bu, bir növ, özlüyündə şüurla təftəlşüurun əlaqəsini idarə edən mərkəz funksiyasını daşıyır. Yəni, özünətəlqinetmənin köməyi ilə fərd öz istəyi ilə arzuolunan fikirləri şüurundan təftəlşüuruna ötürə bilir.
Öz arzularını möhkəm şəkildə gündə heç olmasa 2 dəfə təkrarlamaq həmin arzuların təftəlşüurda möhkəmlənməsinə imkan yaradır.
4. Xüsusi bilglər.
Sizin dəqiq və qısa planınız olmalıdır ki, bu plan vasitəsilə öz məqsədinizə doğru gedə biləsiniz. Və addımlarınızı da bu plan uzrə atmalısınız.
Və mütləq də, sizə pul gətirəcək iş barədə həddən artıq məlumatlı olmalısınız. Təsadüfi deyil ki, belə bir deyim var, «informasiyalıdır, deməli silahlıdır».
5. Xəyal qurmaq.
Albert Eynşteyn deyib: «Xəyal qurmaq – hər şeydir. Bu, qarşıdakı hadisələrin nümayişidir». Bütün böyük rəssamlar, musiqiçilər, ədiblər, biznes adamları öz xəyallarında özlərini dahi obrazda görüblər. Arzulamaq zərərli deyil, əksinə, faydalıdır. Hər bir var-dövlət fkirdən yaranır, fikirlər isə xəyala söykənirlər. Xəyallar insanın məqsəd enerjisidir. Xəyal qura bilməmək bir çox uğursuzluğun əsas səbəbidir.
6. Planlaşdırma.
Başa düşməlisiniz ki, siz, sizinçün olduqca böyük əhəmiyyət daşıyan bir işlə məşğulsunuz. Və buna görə də mütləq şəkildə sizin hərəkət planınız olmalıdır. Arzu olunur ki, bu plan addımbaaddım hesablanmış plan olsun. Təbii ki, siz təkbaşına hər şeyi bilmədiyinizdən, planı da tək hazırlaya bilməzsiniz. Odur ki, sizdən üstün başqa insanların təhsilini, təcrübəsini, bacarığını, xüsusiyyətlərini mütləq öz işinizə cəlb etməlisiniz.
7. Qərar.
Liderlər öz qərarlarını dərhal və yaxud çox gec vermələrindən asılı olmayaraq heç zaman dəyişmirlər. Odur ki, qərar qəbul edəndə «amma»sız qərar qəbul edin!
8. İnadkarlıq.
Mütləq inadkar olmalısınız. Məqsədi reallaşdırmaq üçün inadkarlıq çox vacib faktordur. İradənin gücü, fundamenti inadkarlıqdan ibarətdir.
Özündə inadkarlıq xüsusiyyəti yetişdirmək üçün sizə heç də böyük beyin, Oksford təhsili və olduqca böyük zaman da lazım deyil, bunun fərqinə varın.
9. Beyin mərkəzi.
Siz heç vaxt hər şeyi bilə bilməzsiniz, ona görə də sizə lazım olan informasiyanı bilən insanlar sizə çox vacibdir. Bu, sizin həm də kreativ ideyalarla təchiz olunmanıza bir vasitədir.
İnsan ağlı özlüyündə ruhi enerji formasındadır. İki intellektin işi harmonik şəkildə koordinə olunursa, onda bu iş onların psixiki enerjisinin vəhdəti fazasına daxil olur. Beyin mərkəzinin iş prinsipinin psixiki aspekti də məhz bundan ibarətdir.
10. Seksual istəklərin transferi.
Sirr deyil ki, seks – ən güclü insan arzusudur. Mütləq bu arzunu digər produktiv fəaliyyətə transfer etmək lazımdır. Seksual enerjini dəyişdirib öz məqsədinə çatmana yönəltmək vacib şərtdir. Kreativlik, cəsarət, qətiyyət – bütün bu xüsusiyyətlər bizdə həm sekslə məşğul olanda olur, həm də bir şeyi şiddətlə arzulayanda. Pul toplamaq, böyük kapitala malik olmaq – bax bu, bizim ən şiddətli arzularımızın əsas obyektidir.
11. Təftəlşüur.
Bu 11-ci addım birbaşa 3-cü addım ilə bağlıdır. Dünyada hər il daha çox insan bu addımdan istifadə edir. Öz şüuruna və təftəlşüuruna nəzarət edə bilmək çox vacibdir və olduqca vacibdir ki, pozitiv düşünəsən, özünü yaxşı şeylərə proqramlaşdırasan.
Təftəlşüur şüurun əsasında fəaliyyət göstərir. Yəni ki, şüurumuz səviyyəsinə yüksəlmiş fikir orada qeyd edilməklə, fiksə edilməklə təftəlşüura yazılır. Şüurumuzda isə hər bir fikir yox, yalnız ən dominant fikirlər qeyd edilə bilir.
Təftəlşüur həmişə hərəkətdədir. Əgər siz onu pozitiv fikirlərlə yükləmirsinizsə, onda o, mütləq özünə neqativləri toplayacaq, bunlar da sonradan sizinçün baş ağrısına çevriləcək.
Mexanizm bax bu cür sadədir.
12. Beyin.
Beyin on trillion xırda hüceyrədən ibarətdir ki, bunların da hamısı sizə uğur qazanmaq, pul əldə etmək üçün xidmət etməlidir. Ona görə də, beyini səmərəli və effektiv işlətməyi bacarmaq lazımdır.
Nə qədər ki, sənin beynin anlayır və inanır, sən hər şeyə çata biləcəksən!
13. Altıncı hissiyyat.
Bu, özünə inanmağın çox unikal imkanıdır. Çox vaxt olur ki, beyninizə çox gözəl bir fikir, ideya gəlir, ancaq bir saniyə sonra siz onu unudursunuz. Amma «altıncı hissiyyat» bax bu fikirləri, ideyaları yadda saxlayıb sonradan həyata keçirməyə imkan yaradır.
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)
BİRİ İKİSİNDƏ – Heyran Zöhrabovanın “Bir gün Səbinəgildə” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə Heyran Zöhrabovanın “Bir gün Səbinəgildə” hekayəsini təqdim edəcəyik. Qeyd edək ki, Heyran Zöhrabova portalımızın əməkdaşıdır.
Heyran ZÖHRABOVA
"BİR GÜN SƏBİNƏGİLDƏ"
Səbinə məndən boş vaxtım olanda ibtidai sinifdə oxuyan oğlu Fuadla bir az məşğul olmağımı xahiş etmişdi. İstirahət günü havanın gözəl olmasından istifadə edib Səbinəgilə yollandım.
Qapını balaca Fuad açdı.
– Salam, – deyib gülümsədim.
Mətbəx qapısından boylanıb məni olduğunu Səbinə gülər üzlə:
– Xoş gəlmisən, Mələk, buyur keç. Elə mən də təzə çay dəmləyirdim, – dedi.
Səbinənin qayınanası Həcər xala məni görcək:
– Xoş gəlmisən, qızım, keç otur, necəsən? İşlərin necə gedir? – deyərək nəzakətlə hal-əhvalımı xəbər aldı.
Fuad əlimdən tutub şirin danışığı ilə:
– Gəl, Mələk xala, – mənə Həcər xalanın yanında yer göstərdi.
Təbəssümlə onun başını oxşayıb:
– Şükür Allaha, Həcər xala, çox sağ olun, siz necəsiniz? – deyib göstərdiyi yerdə əyləşdim.
– Həmd olsun, qızım, Allahın köməkliyi ilə dolanıb gedirik yavaş-yavaş.
– Bax, Mələk xala, Mirzə də bizdədir, – deyib Fuad əlimdən tutaraq üzbəüz kresloda oturan Mirzəyə işarə etdi:
– Necəsən, Mirzə?
– Yaxşıyam, yaxşıyam, mən yaxşıyam, sən necəsən?
– Sağ ol, Mirzə, yaxşı olasan, mən də yaxşıyam.
Mirzə Həcər xalanın qaynı oğludur. O, şizofreniya xəstəliyindən əziyyət çəkir, el dilində desək, Mirzə dəlidir.
Çox sakit və yaşının 30-dan yuxarı olmasına baxmayaraq, o, sözəbaxan, eynilə mülayim təbiətli bir uşaq kimidir. Heç vaxt heç kimi incitməzdi, məhz bu səbəbdən tanıyan hər kəs onu çox sevirdi. Zamanın çoxunu məhəllədəki uşaqlarla futbol oynamaqla keçirirdi. Həcər xala Mirzəni doğma balası kimi çox sevir, Sabirdən (Səbinənin həyat yoldaşı) ayırmırdı.
Az sonra: "Hə, çaylar da gəldi", – deyə Səbinə əlindəki podnosu stolun üzərinə qoydu.
Çay içib, bir az ordan-burdan danışıb hal-əhval tutduqdan sonra balaca Fuadın dərsləri ilə maraqlanmağa başladım.
– Gülnarın iki qələmi var idi, babası bu gün ona bir qələm daha aldı. İndi Gülnarın neçə qələmi var? Məsələnin şərtini oxuyub gəl indi hesablayaq görək Gülnarın neçə qələmi oldu? – deyə Fuada müraciət edib ardınca soruşdum:
– İki üstə gəl bir, neçə edir?
– Üç.. üç edir, mən bilirəm, üç edir, – deyə bayaqdan sakitcə bizi dinləyən Mirzə hərarətli şəkildə dilləndi. Bir an Mirzəyə baxıb, təəccübümü gizlətməyə çalışaraq: "Bax, Fuad, Mirzə deyir ki, üç edir, bəs sən nə fikirləşirsən? – dedim.
Bir neçə məsələ həll etdikdən sonra Fuadın yorulduğunu hiss edib bu günlük bu qədər bəsdir, dedim, ona gedib oynaya biləcəyini söylədim. Fuad qalxıb gedəndən sonra oturduğum yerdəcə pəncərədən çölə boylandım, Mirzə artıq ən sevimli məşğuliyyətində – məhəllənin uşaqları ilə top oynamaqda idi.
Mətbəxdə Səbinəyə yemək hazırlamaqda kömək edən Həcər xala yanıma gəlib:
– Qızım, çay istəyirsənmi, süzüm sənə? – deyə nəvazişlə çay istəyib-istəmədiyimi soruşdu.
– Yox, Həcər xala, çox sağ olun, süfrəniz hər zaman bərəkətli olsun.
– Fuadın qavraması necədir, yaxşıdırmı? Gözün su içir?
– Bəli, bəli, yaxşıdır. Hələ yaşı azdır, indidən onu çox da yükləməyə ehtiyac yoxdur, elə bu şəkildə davam etsə, hərgünkü dərslərini bu cür qavrayıb yadında saxlasa, dərslər mürəkkəbləşdikcə çox da çətinlik çəkməyəcək, narahat olmayın.
– Hə, inşallah, qızım, inşallah.
– Həcər xala, olar sizdən bir söz soruşum?
– Əlbəttə, qızım, buyur.
– Bayaq Fuadla məsələ həll edəndə çox qəribə bir şey oldu, – deyib hadisəni Həcər xalaya danışdım.
– Çox təəccübləndim, açığı, mən buna bir ad verə bilmədim. Siz Mirzəni yaxından tanıyırsınız, bəlkə, siz bilərsiniz, sizcə, Mirzə bunu necə bildi?
– Ehh, qızım, – deyə köks ötürərək sözə başlayan Həcər xala mənə Mirzə haqqında bu günə qədər bilmədiyim elə şeylər danışdı ki, duyduğum təəssüf hissini sözlərlə ifadə etmək çətindir.
***
– Mən Səməd kişi ilə evlənəndə Mirzənin 13-14 yaşı vardı. Yaşının az olmasına baxmayaraq, çox anlayışlı, ağıllı və məqsədli bir uşaq idi. Bu xarakterinə görə Səməd onu çox sevərdi. Həmişə də fəxrlə deyərdi ki, onun adını mən qoymuşam, Mirzə savadlı adam deməkdir. Deyərdi, mən əminəm ki, o, çox böyük adam olacaq, futbola böyük bir sevgi və marağı olsa da, bununla yanaşı, dərsləri də çox yaxşıdır. Sabirin 3 yaşı olanda Mirzə artıq orta məktəbin son sinfində oxuyan, yaraşıqlı, yeniyetmə bir oğlan olmuşdu. Ali məktəbə hazırlaşırdı, sevdiyi bir qız da var idi hətta.
Həcər xala yenidən köks ötürüb çətinliklə sözlərinə davam etdi.
– Yay ayları idi, orta məktəbi yenicə bitirmiş, ailələr arasında söz də kəsilmişdi, imtahan nəticələrini gözləyir, nişanlanıb birlikdə ali təhsil almaq xəyalları qururdular.
Kənddə toy idi o gün, qohum olan ailələrdən biri bizim kənddən, o biri ailə isə qonşu kənddən idi. Gecə qonşu kənddən gələn cavan oğlanlarla bizim kəndin cavanları arasında bir dava düşər. O ki var içib, sərxoş olub özlərindən çıxan gənclərin sözləri bir-birinin boğazından keçməyəndə başlayarlar yumruqlarını işə salmağa. Mirzəylə birlikdə bir neçə yoldaşı vəziyyəti belə görəndə savaşan tərəfləri ayırıb, sakitləşdirməyə çalışarkən, gicgahından dəyən yumruq zərbəsiylə yerə yıxılan Mirzənin başı zərblə daşa dəyir və o, oradaca huşunu itirir.
Gözləri dolmuş Həcər xala göz yaşlarını saxlaya bilməyib ağlamağa başladı.
– Sonrası da məlum məsələdir, bir neçə dələduzun boş və mənasız, axmaq mübahisəsinə görə, o gecə günəş kimi parlaq bir gələcəyi olan, qızıl kimi qiymətli bir gəncin həyatı, xəyalları, arzuları məhv oldu.
Yaylığı ilə göz yaşlarını silib bir az toxdadıqdan sonra Həcər xala sözünə davam elədi.
– Ehh, qızım, hələ o yazıq qızcığaz. Mirzə yıxılıb başından zədə aldığı gün onun da dünyası başına yıxıldı. Bir gecənin içində bütün arzuları, birlikdə universitetə qəbul olmaq xəyalları puç oldu. Mirzə, bəlkə, o gün ölmədi, amma, inan ki, ilk zamanlar onu belə görmək ölümdən də betər idi. Bir müddət sonra imtahan nəticələri çıxdı, qismətə, bax, ikisi də eyni univerisitetin eyni ixtisasına qəbul olmuşdular. Qohum-qonşu, dost-tanış yığışıb dərs ili başlayana qədər birtəhər yazıq qızı dilə tutub gedib oxumağa razı sala bildilər. O da gedib təhsil almaq, hər gün Mirzəni bu vəziyyətdə görməkdən daha asan olar, hər halda, deyə düşünüb çıxıb getdi. Təhsilini bitirəndən sonra da təyinatını başqa yerə aldırıb bir də kəndə qayıtmadı. Bir neçə il sonra da ailə qurdu, yazıq balam, dilinə bir dəfə olsun içki dəyməyən uşaq sanki qızın toy günü olduğunu hiss edib o gecə içib sərxoş olmuş, səhərə kimi sayıqlamışdı. Hələ o gün anasını gördüm qızın, deyir, oğlunun adını Mirzə qoyub.
Eşitdiklərimin təsirindən donub qalmış, nə deyəcəyimi bilmirdim. Birdən: "Qoooool, qoool", – deyə, uşaqların şən səsi bütün məhləni götürdü. Qalxıb eyvana çıxdıq.
Mirzə hər şeydən xəbərsiz, vurduğu qolun sevincini yaşayırdı.
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)
Heç Balakən rayonunda olmusunuzmu?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu əlverişli iqlim şəraiti, zəngin fauna və florası, yaşıl meşələri, şəlalələri və digər özəllikləri ilə son illər yerli və xarici turistlərin diqqətini daha çox özünə cəlb edir. Rayonun ərazisində turistlər və gələn qonaqlar üçün maraqlı ola biləcək əvəzsiz təbiət guşələri, qədim tarixi abidələr, habelə müvafiq infrastruktur mövcuddur.
Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında turistlərin, rayona gələn qonaqların, uşaq və gənclərin, habelə yerli əhalinin mənalı istirahətləri üçün hər cür şərait yaradılmış, yeni attraksion və yelləncəklər quraşdırılmışdır. Parkın ərazisində 1200 metr uzunluğunda kanat yolu, həmçinin 132 yerlik 4 ulduzlu “Qubek” oteli fəaliyyət göstərir. Balakən rayonunda əsasən idman və kənd yaşıl turizmi inkişaf etməkdədir. Bundan əlavə, turistlər dağ, atçılıq, balıqçılıq, ovçuluq və digər turizm növlərinə də maraq göstərirlər.
Katexçay şəlaləsi
Azərbaycanın təbiəti olduqca gözəldir. Belə gözəlliklərdən biri də Balakən rayonu ərazisindəki Katex və ya Katexçay şəlaləsidir. Bəzən bura Qəbizdərə (Zaqatala rayonunda kənd) şəlaləsi də deyilir. Şəlalənin yerləşdiyi məkan Zaqatala Qoruğunun ərazisinə düşür. Azərbaycanda ən məşhur şəlalə sayılır.
Zaqatala Qoruğunun ərazisinin 3/4-ü Balakən rayonunun ərazisinə düşür. Şəlalənin hündürlüyü 18-20 metrdir. Bu, Azərbaycanın ən hündür şəlalələrindən biridir. Həm də eyni zamanda ölkənin ən bolsulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndində yerləşən kombinatın yaxınlığından keçərək sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Kombinatdan şəlaləyə qədər bir neçə kilometr məsafə vardır. Avtomobil yolu yalnız Zaqatala Qoruğunun Katex satsionarına qədərdir. Oradan şəlaləyə qədər olan təqribən 500 metrlik yolu (yolun ən çətin hissəsi də məhz buradır) piyada getmək lazımdır.
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)
YENİ KİTABLAR - Amina Lukman Douson, “Azad vadi”
Şöhlət İxtiyaroğlu, “Qədim qala” nəşriyyatının direktoru, “Ədəbiyyat və incəsənət” üçün
“Qədim qala” nəşriyyatımız “Nyu-York Tayms bestsellerləri” seriyasından çıxan Amina Lukman Dousonun “Azad vadi” kitabını tərcümə edərək azərbaycanlı oxuculara təqdim etdi.
Gecənin qaranlığında on iki yaşlı Homer anası və balaca bacısı Eyda ilə birlikdə Cənub torpaqlarındakı plantasiyadan qaçarkən anasını tuturlar. Lakin Homer artıq qayıda bilməz. İndi o, bacısı ilə birlikdə onları axtaran ağalarından xilas olmalıdır. Bacı-qardaş ağlasığmaz, sirli və həm də təhlükəli yollardan keçərək azadlığa qovuşmağa can atırlar.
“AZAD VADİ” təkcə azadlıq mübarizəsi, dostluq, fədakarlıq haqqında hekayə deyil. Bu kitab tarixdə kölələrin hüquqsuzluğu, onlara qarşı təcavüz, işgəncə, zorakılıq haqqında məlumat mənbəyi də sayıla bilər. Əsərin təsir gücünü və dəyərini artıran cəhətlərdən biri də vaxtilə həyatı bahasına köləlikdən qurtulmağa çalışan insanların yaratdığı marun icmalarının tarixindən ilhamlanaraq yazılmasıdır.
“AZAD VADİ”nin qəhrəmanlarını tanıdıqca hər cür faciə və əziyyətə rəğmən azadlıq və xoşbəxtlik uğrunda savaşmağın mümkünlüyünə əmin olacaqsınız.
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)
UNUDULMAZ SEVGİ ŞEİRLƏRİ – Ayaz Arabaçı, “Görüşək”
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Unudulmaz sevgi şeirləri rubrikamız uzun fasilədən sonra yenidən sizlərin qarşısındadır. Bu dəfə şair Ayaz Arabaçıylayıq, o, “Görüşək” deyir. Özü də o qədər sidqi-ürəkdən, o qədər emosional, o qədər səmimi deyir ki, oxucu da lirik “mən”in hisslərini keçirir, o da bu görüşün baş tutmasını sidqi-ürəkdən istəyir.
Gülüm, sənin ürəyindən keçirsə,
Görüşməyin nəyi pisdi, görüşək.
Bir də gördün bir iş çıxdı böyürdən,
Uzatmayaq, isti-isti görüşək.
Uyğun gələn bir qrafik qurarıq,
İki dəfə ikidi də, vurarıq,
Uzaqbaşı bir çay içib durarıq..
Nə şeydi ki, altı-üstü… görüşək.
Çox qurutma dəryasını bu salın,
Bir açılsın, bir ərisin buz halın,
Çiçəkləyib budaqları vüsalın,
Gəl neçə ki həsrət süstdü, görüşək.
Bir imza qoy, boş olanda bu rəyə,
Çox çətindi zor eləmək ürəyə,
Demirəm ki, "gedək üzü küləyə",
Elə-belə, ayaqüstü görüşək.
Ömrün qışda çiçək açan badamı,
Özün başlat, bu mübarək edamı!
Bağışlamır aldadanda adamı,
Bir də gördün ürək küsdü, görüşək.
Çəkmədiyim, dadmadığım bir ah yox,
Qorunmağa elə güclü silah yox,
Həyatdı də bu gün varıq, sabah yox,
Ömür yaman nadürüstdü, görüşək.
Yolçuluğum elə bircə o yolmuş,
Xəyalımın dabanları soyulmuş,
Onbeşindən ürəyimə qoyulmuş,
Ay, ilahi sevgi büstü, görüşək..
Dindir bir yol, kökdən düşmüş tarı, gəl,
Nə deyirəm, eybi yoxdu, qarı, gəl,
Alov-alov görüşmədik, barı gəl,
Heç olmasa tüstü -tüstü görüşək.
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)