İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu əlverişli iqlim şəraiti, zəngin fauna və florası, yaşıl meşələri, şəlalələri və digər özəllikləri ilə son illər yerli və xarici turistlərin diqqətini daha çox özünə cəlb edir. Rayonun ərazisində turistlər və gələn qonaqlar üçün maraqlı ola biləcək əvəzsiz təbiət guşələri, qədim tarixi abidələr, habelə müvafiq infrastruktur mövcuddur.
Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında turistlərin, rayona gələn qonaqların, uşaq və gənclərin, habelə yerli əhalinin mənalı istirahətləri üçün hər cür şərait yaradılmış, yeni attraksion və yelləncəklər quraşdırılmışdır. Parkın ərazisində 1200 metr uzunluğunda kanat yolu, həmçinin 132 yerlik 4 ulduzlu “Qubek” oteli fəaliyyət göstərir. Balakən rayonunda əsasən idman və kənd yaşıl turizmi inkişaf etməkdədir. Bundan əlavə, turistlər dağ, atçılıq, balıqçılıq, ovçuluq və digər turizm növlərinə də maraq göstərirlər.
Katexçay şəlaləsi
Azərbaycanın təbiəti olduqca gözəldir. Belə gözəlliklərdən biri də Balakən rayonu ərazisindəki Katex və ya Katexçay şəlaləsidir. Bəzən bura Qəbizdərə (Zaqatala rayonunda kənd) şəlaləsi də deyilir. Şəlalənin yerləşdiyi məkan Zaqatala Qoruğunun ərazisinə düşür. Azərbaycanda ən məşhur şəlalə sayılır.
Zaqatala Qoruğunun ərazisinin 3/4-ü Balakən rayonunun ərazisinə düşür. Şəlalənin hündürlüyü 18-20 metrdir. Bu, Azərbaycanın ən hündür şəlalələrindən biridir. Həm də eyni zamanda ölkənin ən bolsulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndində yerləşən kombinatın yaxınlığından keçərək sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Kombinatdan şəlaləyə qədər bir neçə kilometr məsafə vardır. Avtomobil yolu yalnız Zaqatala Qoruğunun Katex satsionarına qədərdir. Oradan şəlaləyə qədər olan təqribən 500 metrlik yolu (yolun ən çətin hissəsi də məhz buradır) piyada getmək lazımdır.
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)