UNUDULMAZ SEVGİ ŞEİRLƏRİ – Ayaz Arabaçı, “Görüşək” Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulmaz sevgi şeirləri rubrikamız uzun fasilədən sonra yenidən sizlərin qarşısındadır. Bu dəfə şair Ayaz Arabaçıylayıq, o, “Görüşək” deyir. Özü də o qədər sidqi-ürəkdən, o qədər emosional, o qədər səmimi deyir ki, oxucu da lirik “mən”in hisslərini keçirir, o da bu görüşün baş tutmasını sidqi-ürəkdən istəyir.

 

 

Gülüm, sənin ürəyindən keçirsə,

Görüşməyin nəyi pisdi, görüşək.

Bir də gördün bir iş çıxdı böyürdən, 

Uzatmayaq, isti-isti görüşək.

 

Uyğun gələn bir qrafik qurarıq,

İki dəfə ikidi də, vurarıq,

Uzaqbaşı bir çay içib durarıq..

Nə şeydi ki, altı-üstü… görüşək.

 

Çox qurutma dəryasını bu salın,

Bir açılsın, bir ərisin buz halın,

Çiçəkləyib budaqları vüsalın,

Gəl neçə ki həsrət süstdü, görüşək.

 

Bir imza qoy, boş olanda bu rəyə,

Çox çətindi zor eləmək ürəyə,

Demirəm ki, "gedək üzü küləyə",

Elə-belə, ayaqüstü görüşək.

 

Ömrün qışda çiçək açan badamı, 

Özün başlat, bu mübarək edamı! 

Bağışlamır aldadanda adamı,

Bir də gördün ürək küsdü, görüşək.

 

Çəkmədiyim, dadmadığım bir ah yox, 

Qorunmağa elə güclü silah yox, 

Həyatdı də bu gün varıq, sabah yox,

Ömür yaman nadürüstdü, görüşək.

 

Yolçuluğum elə bircə o yolmuş, 

Xəyalımın dabanları soyulmuş, 

Onbeşindən ürəyimə qoyulmuş,

Ay, ilahi sevgi büstü, görüşək.. 

 

Dindir bir yol, kökdən düşmüş tarı, gəl,

Nə deyirəm, eybi yoxdu, qarı, gəl,

Alov-alov görüşmədik, barı gəl,

Heç olmasa tüstü -tüstü görüşək.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.