ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Dünənki tarix - aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

 

Azərbaycanın tarixi yerlər və abidələrlə zəngin olan bölgələrindən biri də Oğuz rayonudur.18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə əlaqədar bu gün Oğuz sakinləri (idarə və müəssisələrin əməkdaşları, məktəblərin müəllim və şagirdləri, sıravi vətəndaşlar) rayon ərazisindəki tarixi abidələrə və yerlərə ekskursiya ediblər.

Onlar həmçinin Oğuz Rayon Tarix Diyarşünaslıq Muzeyində də olublar. Rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları gələnləri buradakı ekspozisiya və eksponatlarla tanış edib və onlara rayon ərazisindəki təbii və tarixi abidələr (Uğan mağarası, Gavur (qız), Maluq, Səttərxan qalaları, Muxas qülləsi, Kərimli kurqanları, qədim Alban məbədləri, Kurqanlar çölü və s.) barədə ətraflı informasiyalar veriblər.

Ziyarətçilər verilən maraqlı məlumatlara görə muzey əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2025)

 

 

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın yazıçısı və Azərbaycan Əməkdar Mədəniyyət işçisi Xalidə Hasilovanı yaşlı nəsil yaxşı xatırlayar. O, Sovet dönəçmi Azərbaycan ədəbiyyatının ən uğurlu qadın imzalarından biri olub.

 

Xalidə Hasilova 19 aprel 1920-ci ilə Zaqatalada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi, "Göyərçin" jurnalının baş redaktoru, uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru  kimi çalışmışdır. 

Azərbaycan qadınlarının həyatından bəhs edən "Hamı doğmadır mənə", "İnsan ömrü bir nəğmədir" pyeslərini yazmışdır. Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının "İlk məktub", "Lalənin kitabı", "İki yoldaş", "Onun taleyi", "Nəğməli könül", "Məhəbbət olmayanda", "Çətin yollar boyunca", "Xoruzlu dəsmal"və s. kitabları çap olunmuşdur.

 Uzun illər "Göyərçin" və "Azərbaycan qadını" jurnallarının redaktoru olmuş X.Hasilova "Kiçik hekayələr", "Lalənin kitabı", "Ulduzlu papaq", "Atlas yarpaqlar" və s. uşaq kitablarının müəllifidir. Eyni zamanda, o, kiçik yaşlı uşaqlar üçün tərcümələri ilə də ədəbiyyatımızı zənginləşdirmişdir.

N.Nosovanın "Şən ailə", N.Tixonovun "İgid partizan", İlda Pereranın "Zənci balası Atolo", Ə.Nesinin "İndiki uşaqlar möcüzədir", Melih Bayramın "Günəş gözlü Mustafa Kamal" və b. kitabları bu qəbildəndir.

Xalidə Hasilova bir sıra nəzəri məqalələrin də müəllifidir ki, onların əksəriyyəti uşaq ədəbiyyatı problemləri ilə əlaqədardır. Bunlardan "Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında", "Gözəl duyğular", "Uşaqlara yüksək keyfiyyətli əsərlər verək", "Ədəbiyyat və tərbiyə" və s. göstərmək olar.

Mükafatları 

- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı

- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı

- Qırmızı Əmək Bayrağı ordeni 

 

Xalidə Hasilova 5 dekabr 1996-cı ildə - ömrünün 76-cı baharında Bakı şəhərində dünyaya gözlərini qapamışdır. 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2025)

 

 

Leyla Səfərli, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün - 18.04.2025 tarixində Bakı Avrasiya Universitetinin qonağı yazıçı, Əməkdar jurnalist Varis oldu. 14:00-da başlayan görüşdə qonaq tələbələrlə bir çox mövzuda söhbət etdi, onların suallarını cavablandırdı. Görüşdə Varisin kitablarının nəşr hüququna sahib olan XAN nəşriyyatının direktoru Səbuhi Şahmursoya da iştirak edirdi.

 

“Ədəbiyyat və incəsənət” portalının gənc nümayəndələri bəndəniz və Leyla Ümid  də universitetin tələbələri kimi tədbirin iştirakçıları arasında idi.

Söhbət vətənpərvərlik hissinin təbliği ilə başladı. Yazıçı vətənpərvər ruhda yazılan "Bir ovuc torpaq" və "Qırmızı ləçəklər" əsərlərinin təqdimatını etdi.

Nəşr etdirdiyi kitablarından bəhs edən Varis oxucularına öz uğur yolunu danışdı. Hədəflərini yüksək tutmağı məsləhət gördü, bir çox tanınmış şəxsiyyətdən nümunə çəkərək gəncləri inkişafa səslədi.

 Görüşün sonlarına doğru tələbələr yazıçının kitablarında diqqətçəkən məqamlarla bağlı özlərinə maraqlı olan suallar verdi,  yazıçıya kitablarını imzalatdılar. Sonda isə universitet rəhbərliyi tərəfindən Varisə "Təşəkkürnamə" təqdim olundu.

Universitetin rektoru Səyavuş Qasımov Universitetin əldə etdiyi uğurlardan, qarşıda duran işlərdən danışdı, yazıçıya bu görüşə görə təşəkkürünü bildirdi, gələcək karyerasında uğurlar arzu etdi.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2025)

 

 

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

 

Xalq yazıçısı Anarın “Gürcü familiyası” hekayəsi Azərbaycan ədəbiyyatının hekayə fondundakı say-ceçmələrdən biri hesab edilir. Əlbəttə ki. Hekayəni oxumayanlar belə kinematoqrafiyamızın ən uğurlu işlərindən olan və “Gürcü familiyası”nın motivləri əsasında çəkilmiş “Gün keçdi” filminə baxıb seviblər.

 

 

Şəki Dövlət Dram Teatrında "Gürcü familiyası" hekayəsi əsasında səhnələşdirilən "O uzaq axşam..." tamaşası hazırlanıbdır, tamaşa sabah - 20 aprel tarixində saat 18:00-da teatrsevərlərə təqdim ediləcək. 

Səhnələşdirən və tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.  

Səhnə əsərində rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Rəşid Mirizadə, Gülxar İmamhüseynova, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nuranə Mirzəliyeva, Sənubər İsrafilova, Nərmin Nəbiyeva ifa edəcəklər.

Şəki və ətrad bölgələrin teatrsevərlər üçün əsl bayram olacaq əlbəttə!

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2025)

 

 

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Klarnetdən başqa- nağara, kamança, tar, qarmon, saz və eləcə də bir sıra musiqi alətlərini dilləndirə bilən qadınları çox görmüşük. Onların arasında məşhurları da var, sadəcə el şənliklərinə gedənləri də. Bu dəfə sizə bu gün - aprelin 19-u ad günü olan, ilk azərbaycanlı xanım klarnet ifaçısı- Nərgiz Eminzadə haqqında söhbət açmaq istəyirəm...

 

Deyir ki:- “Əvvəllər klassik musiqi ilə məşğul olurdum deyə heç vaxt toylara gedəcəyim barədə düşünmürdüm. Amma elə oldu ki, 20 yaşımdan toylara getməyə başladım. İnsanlar məni tanıdıqca gördüm ki, tələbat artır. Mən də gələn təklifləri dəyərləndirib həm solo, həm də ansamblımla toylara gedəsi oldum. Toylarda klarnet ifa edən qadın heç vaxt olmayıb. Və mən bu işdə ilk xanım oldum. Toylarda artıq mənə alışıblar, heç kim qeyri-adi baxışlarla baxmır. Həm oğlan toylarına gedirəm, həm də qız toylarına. Çox böyük hörmətlə qarşılayıb, yola salırlar...”

 

O, 1997-ci ildə Bakıda dünyaya gəlib. Əslən Qarabağlıdır. Atası musiqiçi olmasa da, anası Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim işləyir. Özündən başqa iki qardaşı da var...

 

“Bəzən xanımlar cəmiyyətdə fərqlənsinlər deyə qadınlar üçün hansısa qeyri-ənənəvi sənəti seçirlər. Düşünürlər ki, filankəs etdi, mən niyə etməyim?! Amma bu doğru seçim deyil. İnsanın həvəsi, istəyi olmasa o sənətlə necə məşğul ola bilər?! Söhbət əlbəttə ki, qadınlar arasındakı rəqabətdən gedir. Kişilərdən çox qadınlar mənə paxıllıq edirlər. Bəzən toylara düşürük. Həm oğlan toylarında, həm də qız toylarında səs aparatı var. Hansı ki, musiqiçi ifa edəndə onu artırmaq lazımdır ki, ifa edənə güc düşməsin. Qız toylarında bununla bağlı tez-tez problem yaşayıram, amma oğlan toylarında heç vaxt səs aparatı ilə əlaqədar çətinliyim olmayıb. Əksinə, həmişə kişilərdən böyük dəstək görmüşəm. Amma qız toylarında səs aparatından bilərəkdən səsi alırlar ki, əziyyət çəkim. Klarnet solo musiqi alətidir. Xüsusilə ona səs aparatı, səs gücləndirici lazımdır ki, səsi yüksək olsun”- söyləyir.

 

Nərgiz xanım 2004-2008-ci illərdə 157 saylı orta məktəbdə oxuya-oxuya, eyni zamanda Binəqədi rayonundakı 26 saylı musiqi məktəbinin piano sinfinə də gedib. Oranı bitirdikdən sonra, 2008-2015-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində “klarnet” ixtisası üzrə təhsil alıb. Daha sonra dörd il də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ali təhsilə yiyələnərək, oranı “klarnet” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub... 

 

Deyir ki:- “Anamın arzusu idi ki, mən musiqiçi olum. Amma məni pianoçu kimi görmək istəyirdi. Təhsilimi piano üzrə başlasam da sonradan bu yolu davam etdirmədim. Çünki xarici orkestrlərdə, kollektivlərdə xanım nəfəs alətləri ifaçılarını görürdüm. Marağım oyandı, həvəsimi artırdım və klarnet ifa etməyə başladım. 10 ildən çoxdur ki, bu alətdə ifa edirəm. Bülbül adına Orta İxtisas Musiqi məktəbinin məzunu, daha sonra isə Bakı Musiqi Akademiyasının məzunu olmuşam. Akademiyada oxuyanda xalq artistləri Teymur Göyçayev, Fərhad Bədəlbəyli mənə çox dəstək olublar. Mənim üçün nəfəs alətlərində kişi, yaxud da qadın cinsi yoxdur. Əsas odur ki, düzgün nəfəs alasan...”

 

Qorxmaz, cəsarətli, coşqulu xanımdır. Xarizmatik, enerjili və dinamikdir. Anadangəlmə liderlik qabiliyyəti var. Həmişə birinci yerdə olmağı xoşlayır. Və hər işi öz qaydasında etdiyindən istədiyinə nail olmağı bacarır. İddialı təbiətə malıkdir, tez-tez yerinə yetirə biləcəyindən də çox işlərə girişir. Çətinliklər onu ruhdan salmır, əksinə, həvəsləndirir. Optimistdir, bütün gücü və əzmi ilə hər hansı bir məqsəd uğrunda mübarizə aparmağa həmişə hazırdır. Sonsuz nikbin adamdır, həmişə irəli baxır. Uşaq kimi ürəyiaçıq, səmimidir. Elə bu xarakterinə görə də həyatda istədiyi şeylərdə israrlıdır...

El şənlikləri- toylar onun üçün dolanışıq yeridir, amma mütamadi olaraq müxtəlif dövlət tədbirlərində, eləcə də xarici ölkələrdə çıxışlar edir. 

Ona işlərində yeni-yeni nailiyyətlər arzulayıb söhbətimi burada yekunlaşdırmaq istəyirəm.

...Bəli, aprelin 19-u Azərbaycanın ilk xanım klarnet ifaçısı Nərgiz Eminzadənin növbəti ad günüdür...

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2025)

 

Millət vəkili, Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, tanınmış ictimai xadim, Əməkdar müəllim Professor İlham Pirməmmədova 70 illik yubileyi ilə bağlı təbrik məktubu ünvanlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda Fazil Mustafa professor İlham Pirməmmədovun həm elmi-pedaqoji fəaliyyəti, həm də rəhbərlik etdiyi ictimai qurum vasitəsilə ölkəmizin maarifçilik, xeyriyyəçilik gələnəklərinin, ziyalı təfəkkürünün və vətəndaş məsuliyyətinin qorunub saxlanmasına göstərdiyi töhfələri yüksək qiymətləndirib.

Komitə sədri onu da vurğulayıb ki, Pirməmmədovun rəhbərlik etdiyi “Qazax” Xeyriyyə İctimai Birliyi bu gün Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin, ziyalılıq örnəklərinin yaşadılması və təşviqi baxımından önəmli ictimai platformalardan birinə çevrilib.

Sonda Fazil Mustafa professor Pirməmmədova möhkəm cansağlığı, elmi və ictimai fəaliyyətində yeni uğurlar arzulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

Milli Məclisin üzvü, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa növbəti vətəndaş qəbulu günündə bir qrup vətəndaşla, o cümlədən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Milli Məclisdə keçirilən qəbulda qeyri-hökumət təşkilatlarının rəhbərləri – Vüqar Tofiqli, Tofiq Əlizadə, Muhammet Kıldizə, Elməddin Məmmədzadə, ictimaiyyət nümayəndələri – Anna Alekseyevna, Sevinc Rüstəmova, Sevda Eyyubova, dövlət qulluğu imtahanında yüksək nəticə göstərmiş gənc ictimai fəal Nərmin Məmmədzadə, pedaqoq Həbib Hacıyev və digərləri iştirak edib.

QHT rəhbərləri fəaliyyətləri, həyata keçirdikləri layihələr, qarşılaşdıqları çətinliklər və gələcək planları barədə komitə sədrinə məlumat verib. Onların çıxışlarında sektorun inkişafı yönündə təkliflər də səsləndirilib.

İctimaiyyət nümayəndələri isə daha çox sosial məsələlər – işsizlik, güzəştli proqramlara çıxış imkanları, əfv və sosial müdafiə ilə bağlı çətinliklərə dair müraciətlərlə çıxış edib.

Komitə sədri Fazil Mustafa vətəndaşları maraqlandıran məsələlərə münasibət bildirib, bir sıra müraciətlərin aidiyyəti dövlət orqanlarına göndəriləcəyini və icrasının nəzarətdə saxlanılacağını vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

Mina Rəşid, “Ədəbiyyat və incəsənət”

 

18 aprel 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasına Suraxanı rayonu 89 saylı tam orta məktəbin 4-cü sinif şagirdlərinin ekskursiyası təşkil edilib. Ekskursiya zamanı şagirdlər Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Firidun bəy Köçərlinin "Balalara hədiyyə" kitabı haqqında məlumat əldə ediblər və onlara kitabxananın yaranma tarixi, müxtəlif yaş kateqoriyalarına uyğun kitablar və mütaliənin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Şagirdlərə “Yer kürəsi”, Mürşüd İsmayılzadənin “Hər günə bir sual”, Erik Mativenin “Bəs niyə səma mavidir?” adlı kitablarının icmalı təqdim edilib.  

Məktəblilər həm klassik, həm də müasir uşaq ədəbiyyatından seçilmiş kitablarla tanış olub, onların məzmunu barədə qısa annotasiyalar, həmçinin elektron resurslar və onlardan istifadə qaydaları haqqında məlumatlar əldə ediblər. 

Sonda kitabxana əməkdaşları şagirdlərin suallarını cavablandırıb, onlara kitabxanadan daha çox istifadə etməyi və mütaliəni gündəlik vərdişə çevirməyi tövsiyə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

“Ədəbiyyat və incəsənət” portalı tanınmış alim İlham Pirməmmədovun 70 illik yubileyi ilə bağlı ustad şair Musa Ələkbərlinin yazdığı şeiri sizlərə təqdim edir. 

 

GƏLİR

Bu gün mənə çox-çox əziz olan, dostum professor İlham Pirməmmədovun 70 yaşı tamam oldu. Professorun bu günə qədər şərəflə addımladığı ömür yolunun bundan sonra da işıqlı, sağlam, bərəkətli olmasını arzu edirəm. İllər öncə ona həsr etdiyim bu şeirlə ("Ürəyimin qapısından keçənlər" kitabında dərc edilib) yubilyarı bir daha təbrik etmək istəyirəm. 

 

İlham Pirməmmədov sən pir oğlusan,

Yerlərin göylərlə əlbir oğlusan.

Övliyya ruhuyla dilbir oğlusan

İnsanlara sevgi canından gəlir,

İliyindən axır, qanından gəlir.

Qəlbində çağlayan yaxşılıq eşqi

Ulu babaların şanından gəlir.

 

Tanrı yaxşılıqla yaşadır ərzi,

Bu sözün sehrinə dalmaq istədim.

Yaxşılıq etməklə aldığın həzzi

Mən şeir yazmaqla almaq istədim.

Duyarsan nə dedim, arif adamsan,

Ən incə duyğuya vaqif adamsan.

 

Pərvanə yanmasa şam gəlməz cana,

Yanmayan kimsələr nəyə uyublar?

Sən dəyər verənsən sözə, ilhama,

Yaxşı ki, adını İlham qoyublar.

 

İlham şairlərin sevdiyi kəlmə,

İlham yazarların könül sirdaşı.

Şair şairdirsə anadangəlmə,

Tapacaq sənin tək dostu, qardaşı.

 

Bir dəfə boy verir insanın səsi,

İkinci dəfəyə fürsət olmayır.

Yaxşılıq eləmək eşqi, həvəsi

Dünyada hər kəsə qismət olmayır.

 

Gərəkli adamsan hər kəsə vallah,

İnsan gedərgidir, insan qəribdir.

Səni bu dünyaya gətirən allah

Sənə dünya boyda ürək veribdir.

 

 Nə çoxdu gözlərə tuşlanan barmaq,

Yaxşı adamlara güvənir ölkə.

Böyük insanlığın dərkinə varmaq

Yaxşı bir şeirimə əvəzdi bəlkə.

 

Yaxşılıq dad verir ağızda, dildə,

Bu canından gəlir, ancaq canından.

Orda işlədiyin bu otuz ildə

Məyus qayıtmayıb kimsə yanından.

 

Gərək kəlmə seçim, söz tapım fərli,

Qəlbinlə, ruhunla şeirə bağlısan.

Sən bizim Qazağın Vurğun təpərli,

Vaqif tək duyğusal huşyar oğlusan.

 

Ruhumdan, qanımdan axıb bu şeir,

Qəlbimi atmışam hey atım-atım.

Bizi görüşdürən tale nə deyir:

Mən bu yaxşılığın vəsfinə çatım,

Böyük insanlığın dərkinə çatım!!!

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam əziz izləyicilərimiz, 

Fyodr Dostoyevski: "Həyat bir imtahandır. Lakin digər imtahanlara oxşamır. Bəzən etdiyin bir səhv bütün doğrularını apara bilir."- söyləmişdir. Amma biz bu gün abituriyentlərin imtahan həyəcanından söz açacağıq.

 

Məlumdur ki, abituriyentlər buraxılış imtahanlarından sonra blok imtahanlarına hazırlaşırlar. Əlbəttə, həyəcanları qaçılmazdır. Bəzən bu həyəcan onlara öz bilik və bacarıqlarını göstərməkdə mane olur. Bəziləri bilik və potensialını göstərə bilmir, əlbəttə, onlara təsir edən psixoloji faktorlar var.

Bəs necə etmək lazımdır ki, bu həyəcan abituriyentlərə ziyan vurmasın? 

 

Sualımıza cavab tapmaq üçün elə bu sualı psixoloq- psixoterapevt Fazil Cəfərova ünvanladıq.

 

-Necə etmək lazımdır ki, bu həyəcan abituriyentlərə ziyan vurmasın? 

 

-İmtahan zamanı həyəcanlanmamaq üçün aşağıdakı psixoloji və fiziki üsullar Sizə çox kömək edə bilər:

1. Düşüncə nəzarəti. Özünə təkrarla: “Bu sadəcə bir imtahandır, həyatın sonu deyil.”

Mənfi düşüncələri ("mən bacarmaram") real və müsbət fikirlərlə əvəz et: “Hazırlaşmışam və bacaracam.”

2. Dərin nəfəs texnikası:

4-4-4 metodu: 4 saniyə burundan nəfəs al, 4 saniyə saxla, 4 saniyəyə ağızdan nəfəsi burax.

Bu, beynə "təhlükə yoxdur" siqnalı verir və bədən rahatlaşır.

3. İmtahandan əvvəl məşq et və vizuallaşdır:

Özünü imtahan zalında sakit və rahat təsəvvür et.

Bu təkrar beyinə təhlükəsizlik siqnalı verir.

 4. Yüngül qidalan və su iç:

Mədənin boş və ya çox dolu olması həyəcanı artırır.

Bananvə ya bir parça tünd şokolad əhvalı stabilləşdirə bilər.

5. Zamanı idarə et:

Sual-sual get — çətin sualda ilişmə.

Vaxtın idarəsi nəzarət hissini artırır, həyəcanı azaldır.

6. Daxili dialoqun sakitləşdirici olsun:

Özünə demə: “Həyəcanlı olmaq normaldır, amma bu məni dayandıra bilməz.”

Əlbəttə ki, bütün bunlara riayət olunsa, həyəcan abituriyentlərə ziyan vura bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

 

21 -dən səhifə 2148

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.