Kim deyir ki, klarnet kişi çalğı alətidir? - NƏRGİZ EMİNZADƏDƏN DANIŞAQ Featured

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Klarnetdən başqa- nağara, kamança, tar, qarmon, saz və eləcə də bir sıra musiqi alətlərini dilləndirə bilən qadınları çox görmüşük. Onların arasında məşhurları da var, sadəcə el şənliklərinə gedənləri də. Bu dəfə sizə bu gün - aprelin 19-u ad günü olan, ilk azərbaycanlı xanım klarnet ifaçısı- Nərgiz Eminzadə haqqında söhbət açmaq istəyirəm...

 

Deyir ki:- “Əvvəllər klassik musiqi ilə məşğul olurdum deyə heç vaxt toylara gedəcəyim barədə düşünmürdüm. Amma elə oldu ki, 20 yaşımdan toylara getməyə başladım. İnsanlar məni tanıdıqca gördüm ki, tələbat artır. Mən də gələn təklifləri dəyərləndirib həm solo, həm də ansamblımla toylara gedəsi oldum. Toylarda klarnet ifa edən qadın heç vaxt olmayıb. Və mən bu işdə ilk xanım oldum. Toylarda artıq mənə alışıblar, heç kim qeyri-adi baxışlarla baxmır. Həm oğlan toylarına gedirəm, həm də qız toylarına. Çox böyük hörmətlə qarşılayıb, yola salırlar...”

 

O, 1997-ci ildə Bakıda dünyaya gəlib. Əslən Qarabağlıdır. Atası musiqiçi olmasa da, anası Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim işləyir. Özündən başqa iki qardaşı da var...

 

“Bəzən xanımlar cəmiyyətdə fərqlənsinlər deyə qadınlar üçün hansısa qeyri-ənənəvi sənəti seçirlər. Düşünürlər ki, filankəs etdi, mən niyə etməyim?! Amma bu doğru seçim deyil. İnsanın həvəsi, istəyi olmasa o sənətlə necə məşğul ola bilər?! Söhbət əlbəttə ki, qadınlar arasındakı rəqabətdən gedir. Kişilərdən çox qadınlar mənə paxıllıq edirlər. Bəzən toylara düşürük. Həm oğlan toylarında, həm də qız toylarında səs aparatı var. Hansı ki, musiqiçi ifa edəndə onu artırmaq lazımdır ki, ifa edənə güc düşməsin. Qız toylarında bununla bağlı tez-tez problem yaşayıram, amma oğlan toylarında heç vaxt səs aparatı ilə əlaqədar çətinliyim olmayıb. Əksinə, həmişə kişilərdən böyük dəstək görmüşəm. Amma qız toylarında səs aparatından bilərəkdən səsi alırlar ki, əziyyət çəkim. Klarnet solo musiqi alətidir. Xüsusilə ona səs aparatı, səs gücləndirici lazımdır ki, səsi yüksək olsun”- söyləyir.

 

Nərgiz xanım 2004-2008-ci illərdə 157 saylı orta məktəbdə oxuya-oxuya, eyni zamanda Binəqədi rayonundakı 26 saylı musiqi məktəbinin piano sinfinə də gedib. Oranı bitirdikdən sonra, 2008-2015-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində “klarnet” ixtisası üzrə təhsil alıb. Daha sonra dörd il də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ali təhsilə yiyələnərək, oranı “klarnet” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub... 

 

Deyir ki:- “Anamın arzusu idi ki, mən musiqiçi olum. Amma məni pianoçu kimi görmək istəyirdi. Təhsilimi piano üzrə başlasam da sonradan bu yolu davam etdirmədim. Çünki xarici orkestrlərdə, kollektivlərdə xanım nəfəs alətləri ifaçılarını görürdüm. Marağım oyandı, həvəsimi artırdım və klarnet ifa etməyə başladım. 10 ildən çoxdur ki, bu alətdə ifa edirəm. Bülbül adına Orta İxtisas Musiqi məktəbinin məzunu, daha sonra isə Bakı Musiqi Akademiyasının məzunu olmuşam. Akademiyada oxuyanda xalq artistləri Teymur Göyçayev, Fərhad Bədəlbəyli mənə çox dəstək olublar. Mənim üçün nəfəs alətlərində kişi, yaxud da qadın cinsi yoxdur. Əsas odur ki, düzgün nəfəs alasan...”

 

Qorxmaz, cəsarətli, coşqulu xanımdır. Xarizmatik, enerjili və dinamikdir. Anadangəlmə liderlik qabiliyyəti var. Həmişə birinci yerdə olmağı xoşlayır. Və hər işi öz qaydasında etdiyindən istədiyinə nail olmağı bacarır. İddialı təbiətə malıkdir, tez-tez yerinə yetirə biləcəyindən də çox işlərə girişir. Çətinliklər onu ruhdan salmır, əksinə, həvəsləndirir. Optimistdir, bütün gücü və əzmi ilə hər hansı bir məqsəd uğrunda mübarizə aparmağa həmişə hazırdır. Sonsuz nikbin adamdır, həmişə irəli baxır. Uşaq kimi ürəyiaçıq, səmimidir. Elə bu xarakterinə görə də həyatda istədiyi şeylərdə israrlıdır...

El şənlikləri- toylar onun üçün dolanışıq yeridir, amma mütamadi olaraq müxtəlif dövlət tədbirlərində, eləcə də xarici ölkələrdə çıxışlar edir. 

Ona işlərində yeni-yeni nailiyyətlər arzulayıb söhbətimi burada yekunlaşdırmaq istəyirəm.

...Bəli, aprelin 19-u Azərbaycanın ilk xanım klarnet ifaçısı Nərgiz Eminzadənin növbəti ad günüdür...

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.