
Super User
Qazax səhnəsində “Teleqram” tamaşasının böyük uğuru - RESENZİYA
Fərhad Dost, Türkiyədəki Süleyman Dəmirəl Universitetinin
jurnalistika fakültəsinin məzunu. “Ədəbiyyat və incəsənət” üçün
Qazax Dövlət Dram Teatrı görkəmli yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun eyni adlı pyesi əsasında “Teleqram” tamaşasını hazırlayıb. Tamaşanın ilk premyerası 2025-ci ilin aprel ayının 12-də olub və tamaşa tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Bu da pyesin çox maraqlı, çoxlu konfliktlərlə olmasından, tamaşanın necə peşəkar səviyyədə hazırlanmasından və aktyorların yüksək peşəkarlıqla oyunundan xəbər verirdi.
Bu tamaşanın quruluşçu rejissoru, çox istadadlı rejissor, çoxlu əsərlərə Azərbaycan və Türkiyə səhnələrində həyat verən, Respublikanın Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlidir. Qazax Dövlət Dram Teatrı bu tamaşanı hazırlamaqla Ağalar İdrisoğlunun bədii yaradıcılığının 60, peşəkar teatr fəaliyyətinin 50 və anadan olmasının 75 illik yubileyinə həsr edib.
Bu pyes, mövzu etibarı ilə ailə-məişət məsələlərindən bəhs edir. Satirik, komik mövzuda yazılıb. Bu əsərin əsas kontekstində iqtisadi çətinliklərdən irəli gələn sosial ziddiyyətlər və bu ziddiyyətlərin doğurduğu sosial problemlərlə ölüm-dirim savaşı verən narahat bir ailənin güzəranı durur və tamaşaçılar da tamaşa boyu bununla yaxından tanış olurlar.
Bütün həyatını və fəaliyyətini öz ailəsinin normal yaşaması üçün sərf edən ailə başçısı Kərim (Vüsal Hüseynov) adi bir mühəndisdir, maariflənmə, savadlı olma, təhsil məsələlərinə də böyük diqqət yetirir və övladlarını gələcəkdə savadlı, intellektual səviyyəli şəxsiyyət kimi yetişdirmək arzusu ilə yaşayır. Amma övladları tam əksinə olaraq bu istiqamətdə atanın istədiklərini deyil, meşşan təbiətli ananın- “zəmanə adamı” olan Taftanın (Minayə İbrahimova) cəbhəsində yer almağa üstünlük verirlər və onun diktə etdiklərinə boyun əyirlər. Övladların ananın istəklərinə kor - koranə əməl etməsi ailə başçısı Kərimlə Tafta arasında əsər boyu baş verən vaxtaşırı polemikalarda xüsusilə tez-tez nəzərə çarpır. Və davalara, konfliktlərə səbəb olur.
Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq, savad və biliyini artırmaq əvəzinə evin qız övladı Fatma (Məlahət Verdiyeva) rəhbər vəzifəli şəxslərdən birininin yanında katibə kimi işləyir, böyük oğul Fəti ( Ceyhun Vəlizadə) qadın əlbəsələri ticarəti ilə məşğul olur, digər kiçik oğul İlqar (Xaqan Qurbanov) isə orta məktəbi yarımçıq buraxıb avaraçılıq edərək, zəhmətsiz gəlir əldə etmə məqsədini güdür. Və ən maraqlısı da budur ki, ailənin bütün üzvləri ümidlərini ali məktəbə, qəbul imtahanlarına girmək üçün Bakıya getmiş ortancıl oğul Ötkəmə (Elşad Əliyev) bağlayıblar.
Ötkəmin onların hər biri üçün əlverişli olan ali məktəbə qəbul olması bu ailə üzvləri üçün başlıca faktdır, istinadgahdır, gələcəkdə onlar üçün başlıca həyat şərti, yaşam mənbəyidir!.. Evin böyuk oğlu ticarət perspektivlərini genişləndirmək məqsədi ilə qadın paltarları satan Fətinin arzusu odur ki, qardaşı Ötkəmi hüquqşünas görsün, evin tək qızı prokuror yanında katibə işləyən Fatma istəyir ki, Ötkəm Xarici Dillər Universitetinə daxil olub oranı bitirəndən sonra xaricə getsin və bacısına oradan bahalı şubalar, geyimlər göndərsin.
Evin sonbeşiyi İlqarın arzusu isə öz qardaşını riyaziyyat müəllimi olaraq görməkdir ki, onu əzazil riyaziyyat müəllimlərinin pəncəsindən qurtarsın. Öz qardaşlarına gəlir mənbəyi, mənfəət subyekti və dayaq nöqtəsi kimi baxan bu parazitlərin anası Tafta arvad isə oğlunu gələcəkdə yalnız “tamojnu işçisi” görmək istəyir.
Görmə qabiliyyətini demək olar ki, itirmiş evin bir küncündə oturub söhbətə ara-sıra müdaxilə edən və müdaxilələr ucbatından gəlini Taftanın həmişə tənəsinə məruz qalan Gülgəz nənənin (Səyalı İsmayılova) istəyi isə nəvəsi Ötkəmi göz həkimi olaraq görməkdir ki, gözlərinə əlac edən tapılsın. Belə bir mübahisə, konfliktlər doğuran xaotik atmosferdə birdən-birə Otkəmdən universitetə qəbul olunduğu və sabah gələcəyi barədə teleqram gəlir. Ailədə hamı buna hədsiz dərəcədə sevinir...
Beləliklə, Ötkəmə “bağlı qapıların açılması” kimi baxan ailə üzvləri onun gəlişini və gətirəcəyi xəbəri səbirsizliklə gözləyir, onu merkantil maraqlarının ümid işığında qarşılamağa hazırlaşırlar.
Burada müəllif, Samuel Bekketin “Qodonu gözlərkən” pyesindən özü də bilmədən ustalıqla yararlanmış, lakin pyesin final mərhələsində və "düyün nöqtəsi"nin açılış anında hadisələri tam fərqli olaraq başqa bir məcraya yönəltməyə üstünlük vermişdir.
Həmin pyesin əsas mövzusu ekzisentslizm müstəvisində insanın bir fərd kimi mövcudlugunun absurdluğu və mənasızlığının tədqiqatını ehtiva edir. Burada da personajlar öz günlərini mütəmadi olaraq, əsər boyu bir dəfə də olsun görünməyən, hətta mövcud olub-olmaması bilinməyən Qodonu gözləməklə keçirirlər. Buradakı gözləmə-intizar aspekti bir növ həyatda heç bir zaman baş verməyəcək dəyişiklikləri gözləmə simvoluna çevrilir. Personajların mühakimələri və dialoqları absurd və məntiqsizdir. Əsərin qəhrəmanları daima küsüb barışırlar, dialoqları haradasa anlaşılmaz və kinlidir. Amma buna baxmayaraq onlar bir-birindən asılı vəziyyətdədirlər. Səhnədə heç bir zaman görünməyən Qodonun reallığı qeyri-müəyyən olaraq qalır. O, görünməsə belə bir çox şeyi - gerçəklikdən xaric gücləri, məişətin mifik əsasını simvolizə edə bilir, hətta həyatın özünün və onun qeyri-müəyyənliyinin metaforası kimi də görünə bilir, o, eyni zamanda ümid və qurtuluşun simvolu kimi də göstərilir.
Bütün bu paralellərə yaxın olan “Teleqramda” isə əsərin əvvəlində adı çəkilən uzun zaman personajları intizarda saxlayan Ötkəm axıra yaxın səhnədə peyda olaraq, butün bu gözləntiyə birdəfəlik son qoyur və ümid sindromunun əsiri olan iştirakçıların bütün problemlərini “çözür”.
Ötkəm yaxınlarının heç birinin ümidini doğrultmayaraq özünün sevdiyi ali məktəbə qəbul olmuş və aktyorluq ixtisasını seçmişdir. Elə bir ixtisası ki, özü demişkən “bütün məsləklər onun qarşısından təzim edib keçər!”..
Yuxarıda yazdığımız kimi bu tamaşada əsas rolları Səyalı İsmayılova, Vüsal Hüseynov, Nazilə Məmmədova, Minayə İbrahimova, Məlahət Vəliyeva, Xaqan Qurbanov, Ceyhun Vəlizadə, Elşad Əliyev ifa edirlər.
Beləliklə, 2025-ci ilin aprel ayının 12-də ilk premyerası olan Qazax Dövlət Dram Teatrının yeni tamaşası Ağalar İdrisoğlunun “Teleqram” əsəri inanırıq ki, teatrın repertuarında ən uzun ömürlü tamaşalardan biri kimi qalacaq. Çünki bu əsərdəki mövzu elə zalda tamaşaya baxan tamaşaçıların da həyatına çox yaxındır və onlar bir növ səhnədə özlərini görür, aktyorların oyununa sevinir, kədərlənir və yeri gələndə dərin fikirə dalırlar. Çünki bu pyes zamanın neqativlərini, insanların yaxşı dolanmaq üçün çoxlu problemlərlə üzləşdiyini özündə ehtiva edir.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin sözlərinə görə, tamaşa bir ailənin qarşı-qarşıya gəldiyi sosial təzadlarla ziddiyyətindən bəhs etsə də bu, cəmiyyətin problemidir və o, bu haqda belə dedi: “Bizim bu tamaşada müəllif başda olmaqla tamaşaçılara əsas ötürmək istədiyimiz mesaj odur ki, ailədə bütün konfliktləri yalnız mədəniyyət həll edə bilər, yəni mədəni dialoq. Fikrimizi dahi Hüseyn Cavidin sözləri ilə ifadə etsək, Turana qılıncdan daha kəskin, ulu qüvvət; Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət…”
Bu tamaşanın quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti Zülfiyyə Hacıyevadır.
Yuxarıda yazdığımız kimi rolları Kərim-Vüsal Hüseynov, Gülgəz nənə- Sayalı xanım İsmayılova, Tafta- Minayə xanım İbrahimova, Fəti- Ceyhun Vəlizadə, İlqar- Xaqan Qurbanov, Fatma- Məlahət xanım Vəliyeva, Ötkəm- Elşad Əliyev çox yüksək, peşəkar səviyyədə ifa etdiklərindən, hər epizod sürəkli alqışlarla qarşılanırdı və sonda isə tamaşaçılar aktyorları “bravo” sözlərilə ayaq üstə bir neçə dəqiqə alqışladılar.
Biz inanırıq ki, bu tamaşa tezliklə təkcə Qazaxda yox, qonşu rayonlarda və Bakı şəhərində də göstəriləcək və burada da tamaşaçıların alqışlarını qazanacaq. Onu da vurğulamaq istəyirik ki, Qazax Dövlər Dram Teatrı bu gün respublikanın ən aparıcı teatrlarından biridir. Çünki teatrın direktor əvəzi Allahverdi Musayev, baş rejissor Əməkdar artist Musa Eyyubov, teatrın quruluşçu rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Xəzər Gəncəli, bütün aktyor, aktrisa heyyəti və bütövlükdə kollektiv hamısı bir yumruq kimi birləşib və Qazax Dövlət Dram Teatrını təkcə bölgədə yox, respublikada sevdirməyi bacarırlar. Bax, belə bir kollektivlə çox uğurlu işlərə imza atmaq olar. Elə onların keçən ilin 28 oktyabr- 3 noyabr tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən üçüncü Beynəlxalq Teatr Festivalında uğurlu çıxışı, əsasən Orta Asiya respublikalarının iştirak etdiyi bu mötəbər festivalda böyük uğur qazanmaları da təkcə 88 yaşlı Qazax Dövlət Dram Teatrının qələbəsi yox, Azərbaycan teatr dünyasının böyük qələbəsi oldu.
Deməli, bu teatra lazım olan bütün şəraitlər yaradılmalıdır və həmin teatra yüksək dərəcə verilməlidir ki, onlar daha mötəbər festivallarda iştirak etsinlər. Təsəvvür edin ki, keçmiş Mədəniyyət nazirlərinin günahı ucbatından 88 yaşlı teatr hələ də üçüncü dərəcədədir. Əslində indi ali dərəcəli olmalı idi. Bax, budur kiçmiş Mədəniyyət nazirləri tərəfindən teatrlara olan haqsızlıq. Çox şükür ki, yeni Mədəniyyət naziri cənab Adil Kərimli bu haqsızlıqları aradan qaldırmaq üçün çox işlər görür. Teatrların dərəcələrinin qalxması üçün çalışır. Buna sübut olaraq, Gəncə Dövlət Dram Teatrının və Dövlət Gənc Tamaşaçılar Teatrının Milli status alması tam sübutdur. Və inanırıq ki, öz işini yüksək səviyyədə görən, mədəniyyət işçilərinin sevgisini qazanan cənab Adil Kərimli tərəfindən respublikamızda olan bütün teatrlara qarşı münasibət yaxşılığa doğru tezliklə dəyişəcək. Tezliklə, bütün layiqli teatrların dərəcəli qaldırılacaq.
Biz buna tam inanırıq ki, bu teatr “Teleqram” tamaşasını Azərbaycanın paytaxtı Bakıda oynasa, bu tamaşa paytaxt tamaşaçılarının da çox xoşuna gələcək. Yəqin ki, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan “Qonaq Teatr” layihəsilə “Teleqram” tamaşası tezliklə Bakıya gətiriləcək.
Gəlin Qazax Dövlət Dram Teatrının bu tamaşa ilə Bakı qastrolunu səbirsizliklə gözləyək.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
BİRİ İKİSİNDƏ – Uraqanın “Pianino” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə Uraqanın “Pianino” hekayəsini təqdim edirik.
Uraqan ABDULLAYEV
PİANİNO
Belə deyirlər ki, ən böyük məqsədlər sərhədsiz arzulardan doğular. Mənim arzularımda bu cür sərhədsiz idi. Pianinoları çox sevərək böyüdüyümə görə istəyirdim ki, özümündə şəxsi pianinom olsun. Pianino çalmağı pianinom olandan sonra öyrənə bilərdim.
Pianino ilə ilk dəfə nənəmgildə tanış olmuşdum. Təəssüf ki, ilk dəfə pianinonun dillərindən birinə toxunduğum zaman çıxan səsdən sonra nənəm gəlmiş, bir daha ona toxunmağı qadağan etmişdi. Bir zamanlar bu pianino ailəmiz üçün çox əziz idi. Bu pianinoda Arif Məmmədov kimi akademik ifa edirdi. Elə onun ifasında Şopenin prelüdləri, Bethovenin “Ay” sonatası və başqa ölməz əsərlər məndə olan marağın artmasına səbəb olmuşdu. Bəzən nənəm evdə olmayanda pianinoya yaxınlaşaraq sonsuz həsrətlə onu seyrə dalar, gizli-gizli ətrafa baxdıqdan sonra dillərinə toxunar, səs gələn kimi qaçıb gizlənərdim. Belə bir fikir var: “Bizə qoyulan qadağalar o şeyə duyduğumuz marağı artırır”. Mən belə hesab etmirdim. Əgər bir şeyə həvəsin varsa, bütün dünya qarşında dursa belə, ona maraq göstərməyə davam edəcəksən. Yox, əgər o şey səni maraqlandırmırsa, qısa bir müddətdən sonra həmin istək yox olub gedəcək. Mənim bu istəyim isə vaxt ötdükcə daha da alovlanaraq arzudan çox məqsədə çevrilirdi. Əmin idim ki, nə vaxtsa, şəxsi pianinom olacaq.
Günlərin bir günü nənəmin evinin satılacağını eşitdim. Atam bir nəfərlə razılığa gəlmişdi. Hətta nənəmin köçəcəyi yeni ev belə müəyyən edilmişdi. Amma bir məsələ vardı, nənəmin yeni evində pianino üçün yer olmayacaqdı. Bu xəbəri eşidən kimi gözlərim parladı, cəld yerimdən sıçrayıb pianinonun dalınca gedəcəkdim ki, atamın səsini eşitdim:
– Pianinonu da yeni ev yiyəsinə bağışladım.
Bənizim ağardı, yerimdəcə donub qaldım. Atama heyrətlə baxıb soruşdum:
– Necə yəni?! Pianinonu bağışladın?!
Atam stolun üstündəki qrafindən stəkana su süzərək dedi:
– Həə, verdim, getdi. Onsuz da yeni evdə pianino üçün yer yox idi.
– Ata... Necə yəni verdim, getdi?!
– Sənə pianino lazımdır? Böyüyəndə alarsan! – zarafata salaraq dedi.
– Mən o pianinonu istəyirəm.
– Mən ev yiyəsinə söz vermişəm. Bu söhbətə bir də qayıtmayaq.
***
Aradan xeyli vaxt keçdi. Mənsə hələ də atamı bağışlaya bilmirdim. Onunla deyib-gülsəm də, pianino söhbəti yadıma düşən kimi dinib-danışmaz, yalqız qalmağı seçərdim. Bu yalqızlıq məni xəyallara aparardı. Düşüncələrimdə o qədər dərinlərə dalardım ki, nənəmin danışdıqlarını eşidə bilməzdim. Həmişə belə idim, nənəm danışanda fikrim-xəyalım onda olmazdı. O qədər gözəl qulaq asırdım ki, nə danışdığı heç vaxt yadımda qalmırdı.
Pianino haqqında xəyallara dalarkən bir anda onun da “pianino” dediyini eşitdiyimçün sanki oyandım.
– Nə? Nə pianino? – dedim.
– Atanı deyirəm də, götürüb pianinonu verdi o gədəyə.
– Hə, bunu bilirəm, – dedim, amma ürəyimdə dediyim sözləri, təəssüf ki, heç kim eşidə bilmirdi.
– Keçən dəfə ürəyim dözmədi, köhnə həyətimizin qarşısından keçdim, pianino həyətə atılıb, blokun ağzında saxlayırlar.
Nənəm bunu dediyi zaman gözlərimdə ümid qığılcımları parladı. Bundan sonar dediklərinə o qədər də əhəmiyyət vermədim. Tez oturduğum yerdən qalxıb pencəyimi geyindim. Ayaqqabılarımı geyinib qapını açdığım zaman arxadan nənəmin səsini eşitdim:
– Dayan, a gədə, hara gedirsən?
– İşim çıxdı, getməliyəm, – dedim və qapını örtüb evdən çıxdım.
Köhnə məhəlləyə çatdığım zaman, doğrudan da, pianinonun blokun yanına qoyulduğunu gördüm. Həyətə atmamışdılar, küçəyə atılan malın üstünü mələfə ilə örtməzdilər. Özümü xəyallarına doğru uçan bəyaz göyərçin kimi hiss edirdim. Amma pianinoya çatdığım zaman xəyallarımın gerçəkləşməyinə hələ çox qaldığını anladım. Düşünməyə başladım: “Görəsən, onu necəsə götürüb apara bilərəmmi? Oğurlayımmı? Yox, mənim olmayan bir şeyi oğurlaya bilmərəm. Amma xəyallarımın gerçəkləşməsi üçün vicdanımın üstünü örtməliyəm. Amma... Vicdanım görməsə belə, qonum-qonşu görər, atamın yanında biabır olaram. Ən yaxşısı gecə vaxtı gəlib gizlincə götürüm”.
Pianinodan uzaqlaşacaqdım ki, yerimdə dayandım. Oğurluq edə bilməzdim. Ən yaxşısı icazə alıb götürmək idi. Əgər icazə verməsəydilər, bu pianinodan əlimi üzüb yeni pianino axtarışına çıxmalı idim.
Keçib yaxınlıqdakı skamyada oturdum. Çox düşünmədən telefonumu çıxarıb atama zəng vurdum:
– Ata, nənəgilin evini alan adamın adı nə idi?
– İlqar. Nə olub ki?
– Köhnə evin yanındayam. Pianinonu götürmək istəyirəm.
– Mən axı pianinonu İlqara vermişəm.
– Heç onlara lazım deyilmiş, götürüb atıblar çölə. İcazə alacağam.
– Qələt edəcəksən, – atam əsəbiləşib səsini qaldırdı. – Mən o pianinonu ona görə başımdan rədd eləmişəm ki, gedib küçədən götürəsən?
Telefonu söndürdüm. “Əgər bir xəyalın varsa, çox danışmadan, sadəcə, gerçəkləşdir”, – öz-özümə dedim. Amma necə? Heç tanımırdım bu İlqarı. Necə birisi olduğunu da bilmirdim. Haqqında bildiyim, sadəcə, bir şey vardı: adı İlqardır.
Beynimdə İlqarın portretini çəkməyə başladım. Öz-özümə dedim: “İlqar... İlqar adlı sinif yoldaşım var, boyu çox balacadır. Yəqin, bu adamın da boyu balaca olar. İlqar... İlqar adlı qohumumuz da var, başı keçəldir. Yəqin, bunun da başı keçəl olar. Yəqin, bığı var. Amma olmaya da bilər. Məgər şərtdir ki, adı İlqar olanın bığı olsun? Hər iş düzəldi, qaldı İlqarın bığı... İlahi, mən nə danışıram?! Bu boyda ölkədə, Allah bilir, neçə yüz min İlqar adlı adam var”.
Bu vaxt balacaboy, keçəl və bığsız bir kişi qabağımdan keçdi. Sanki alnında “Mən İlqaram” yazılmışdı. Boyu balaca, dazbaş, üstəlik, bloka tərəf gedir... Ayağa qalxıb o adama doğru addımladım. O, İlqar olmasaydı belə, ondan İlqar bəyi tanıyıb-tanımadığını soruşacaqdım. Dərindən nəfəs alıb kişiyə yaxınlaşdım:
– Bağışlayın, bir dəqiqə olar sizi?
Adam dayandı. Çevrilib mənə baxdı.
– İlqar bəy, sizsiniz?! – ondan soruşdum.
– Bəli, mənəm. Nə lazımdır?
Hər şeyi fikrimdə doğru canlandırmışdım. O an eyforiyaya qapılacaqdım. Sonradan yadıma düşdü ki, bu kişini uşaq vaxtı atamın yanında görmüşəm.
– Bir neçə ay bundan əvvəl siz atamdan bu evi almısınız.
– Papa necədir?
– Çox şükür, yaxşıdır... Heç bilmirdim sözə necə başlayım... Bu evi atamdan
almısınız...
Gülməyə başlayıb zarafatla dedi:
– Nədir, yoxsa evi geri qaytarmağımı istəyirsən?
– Evi yox, həyətə atdığınız pianinonu istəməyə gəlmişəm.
İlqar bir anda tutuldu, mənsə sözümə davam etdim:
– Həmişə istəmişəm ki, bir pianinom olsun. Hətta bu pianino həmişə bizdə olanda da ona elə həsrətlə baxırdım ki... Təsadüfən buradan keçəndə gördüm ki, pianinonu küçəyə atmısınız, ürəyim çox pis ağrıdı. Atam da bu pianinonu sizə verəndə də çox kədərlənmişdim. Ona görə sizi gözləyib icazə almaq istədim. Əgər razılıq versəniz, mən bu pianinonu apararam. Bu mənim üçün çox vacibdir... Ümid edirəm, məni başa düşürsünüz. Sizdən çox xahiş edirəm, əgər bu pianino sizə lazım deyilsə, icazə verin, götürüb aparım.
İlqar dayanıb üzümə baxırdı. Bəlkə də, göz bəbəklərinin dərinliklərində hansısa xatirələr canlanmışdı. Bəlkə də, üz cizgilərim bu xatirələri yada salmasına səbəb olmuşdu. Gülümsəyərək dedi:
– İcazə ver, xanımımla məsləhətləşim. Əgər ona da lazım deyilsə, – pianinoya baxdı, sanki qaytarmağa ürəyi gəlmirdi, – bir saata kimi sənə xəbər verəcəyəm.
Öz xanımı ilə məsləhətləşməyi ona nə qədər dəyər verdiyinin göstəricisi idi. İlqarın nömrəsini aldıqdan sonra əlini sıxıb sağollaşdım. Blokun qarşısında bir saat gözlədim, bir saat sonra zəng etdim.
– Gəl götür, – dedi.
Qəlbimi izahedilməz bir sevinc bürüdü. İlqara dəfələrlə minnətdarlıq elədim,
halallaşıb sağollaşdım. Atama zəng vurdum:
– Ata, pianinomuzu geri aldım.
Verdiyim xəbərin onu bu qədər əsəbiləşdirəcəyini düşünməzdim. Az qala infarct keçirəcəkdi.
– O pianinonu rədd eləmişdim ki, təkrar üstümə gətirəsən? Harada saxlayacaqsan?
Bizdə yer yoxdur.
– Öz otağımda... Saxlamağa bir yer taparam.
– Əgər onu bura gətirsən, gözünün qabağında yandıracağam! Evə gətirməyəcəksən! Bir kəlmə! – deyə bağırdı və telefonu söndürdü.
Bununla belə, çox sevinirdim. İstəyimə çatmışdım, bircə onu hara aparacağımı tapmalı idim. Çox keçmədən əmimlə əlaqə saxladım:
– Gətir bizə qoy, maşının pulunu da mən verəcəyəm, – dedi.
Belə də etdim, yük maşını çağırdım, pianinonu aparıb qoydum əmimgilə. Axır ki, istəyimə çatmışdım və istədiyim zaman pianinonu oradan götürə bilərdim. Atam o an əsəbiləşsə də, bu hadisədən sonra qohum-əqrəbanın gözündə yüksəlmişdim. Xüsusən də, bibim və onun həyat yoldaşı evin malına yiyə durduğumçün hara gedirdilərsə, məni tərifləyirdilər. Vaxt keçdikcə atam da başa düşdü ki, düzgün hərəkət eləmişəm. Mənimçün xəyalımın gerçəkləşməsi gecə-gündüz təriflənməkdən daha vacib idi.
Bir-iki həftədən sonra əmimgilə zəng elədim. Telefonu əmimin yoldaşı götürdü.
– Pianinom necədir? – ondan soruşdum.
Verdiyi cavab məni şoka saldı:
– Nə pianino?! Çoxdan satmışam.
Tutulub qaldım. Nəsə demək istədim, amma deyə bilmədim. Çünki yaşadığım ruh düşkünlüyünü, pərişanlığı ifadə edəcək söz tapa bilmədim.
Bu hadisədən illər ötür... Mənim ürəyimdəki pianino eşqi isə zərrəcə azalmayıb...
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
“Ənqa quşunun qanadında” Naxçıvana səfər - MÜSAHİBƏ
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
İsveçdə yaşayan azərbaycanlı yazar Eluca Atalı Naxçıvana gəlişində “Ədəbiyyat və incəsənət” portalına müsahibə verməyə də macal tapdı.
-Özünüzü necə hiss edirsiniz?
-Əla.
-Əsərlərinizin səhnələşdirilməsi fonunda Naxçıvana səfərinizin səbəbi?
-Naxçıvana gəlmə məqsədim 32 il əvvəl gördüyüm qədim yurd yerini bir də görmək istəyi, naxçıvanlı oxucularımla görüşməkdir. Bildiyiniz kimi, son aylar Naxçıvan Dövlət Milli Dram Teatrında "Odunçunun nağılı" və Naxçıvan Dövlət Kukla Teatrında "Ənqa quşu" pyeslərim tamaşaya qoyulub. Bu iki tamaşanı tamaşaçılarla seyr etmək arzum var. Digər tərəfdən, kitabxanalarda və Naxçıvan Dövlət Universitetində də görüşlərim nəzərdə tutulub. Bu dəfəki səfərim "Bir cüt göz", "Əgər quşlar olmasaydı", "Ağ Göyərçin" kitablarımın təqdimatı və əsərlərimin müzakirələri ilə bağlıdır.
-Naxçıvanda olmaq sizin üçün nə ifadə edir? Ən çox nələri görmək istəyirsiniz?
-Oxucuların əsərlərimə reaksiyalarını görmək istəyirəm. Oxucu auditoriyası yazıçının labarotoriyasıdır. Yazıçı oxucu ilə ünsiyyətdə öyrənə bilir o nə istəyir və yazdığı ona necə təsir edir. Hərdən də hiss edirəm ki, yazdığım oxucuya tam çatmayıb. Misal üçün "Ənqa quşu" uşaq romanım olsa da, onlarla oxucu mənə deyib ki, əsəri dəfələrlə oxumuşam, hətta bir akademik əsəri altı dəfə oxuduğunu, hər dəfə də yeni bir qatın açıldığını etiraf edib. Əsər və oxucu arasında uçurum olmamalıdır, bunun üçün də oxucu əsəri mənimsəməli, özününkiləşdirməlidir.
Həm də gəlişimdə Naxçıvan ədəbi mühitini görmək, onlarla görüşmək istəyirəm. C.Məmmədquluzadənin, H.Cavidin, B.Kəngərlinin gəzdiyi torpaqda gəzmək istəyirəm.
-Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı ən çox maraqlandığınız mövzular hansılardır?
-Əlincə qalası, Mömünə xatun türbəsi, Batabat, Nəiminin, Cavidin məzarını ziyarət etmək istəyirəm. "Tiqranizm Xocalıda" kitabımı yazanda Naxçıvan soyqırımını da ətraflı öyrənməli oldum. Çünki kitabın ana xətti təkrarlanan tariximizə bir baxış idi. Andranikin Naxçıvanda etdiklərinin anoloqu olmadığını görəndə qanım dondu. Qaçaq Süleyman kimi kişilər bizim uşaqlarımıza örnək olmalıdır. Disney qəhərmanlarını o qədər rəngarəng formada bizim balacalara çatdırırlar ki, onların gözünü qamaşdıran o cəlbedici aləmə daxil olub onun ardınca gedirlər. Yurdunu qoruyan qəhrəmanların unudulması günahdır. Biz qələm sahibləri bu günahı yurdçuluq suyu ilə yumalıyıq.
-Fəlsəfi baxışlarınızı formalaşdıran əsas amillər hansılardır?
-Mən Asif Atanın Mütləqə İnam fəlsəfəsini öyrəndim, artıq 35 ildir bu yoldayam və öyrənməyə davam edirəm. Yuxarıda qeyd etdiyim kimi "Ənqa quşu" kitabım Atanın Kamil İnsan ideyası üzərində qurulub. "Tiqranizm Xocalıda", "Nalşəkilli mühasirə" kimi kitablarım yurdçuluq üzərində, "İran Hizbullah zindanında" kitabımsa bütöv Azərbaycan və "İnqilab yoxsa intibah" Ata fikri üzərində bədii həllini tapıb. Bütün əsərlərimin canında “insan”durur. İnsan dairədən necə çıxa bilər? Sualın cavabı isə çox "Kendini getir" kitabımda vermişəm.
-Ümumilikdə türk dünyası üçün hansı fəlsəfi dəyərlər önəmlidir?
-Ən böyük fəlsəfəni Naxçıvanın qoynunda yer verdiyi təbrizli Fəzlullah Nəimi yaradıb hürufizmi, bunu öyrənmək lazımdır. İnsan sifətində ilahilik olduğunu bizimkilər deyiblər, niyə də özümüzü öyrənməyək? Cəlaləddin Rumini "Məndə bir mən var, məndən içəri", bunu Rumidən savayı kim deyə bilərdi? Sufi olmadan bunu deyə bilməzsən.
Eşqə səcdə qılan M.Füzuli öyrənilməli əsərlərinin mahiyyəti dərk edilməlidir. Asif Atanın dediyi kimi: "Cəngavərlik, filosofluq və fədakarlıq kimi üç əsas cəhəti yazar özündə birlşdirməlidir." Türk Dünyası Zərdüştdən Saza qədər olan dəyərlərlərlə hərəkət etməlidir.
-Azərbaycan və türk xalqlarının gələcəyi ilə bağlı hansı nəzəriyyələriniz var?
-Türk xalqlarının birgə fəaliyyəti üçün yaxşı addımlar atıldığını etiraf etməliyəm. Qarabağ zəfərimizdən sonra Azərbaycanın Türk Dünyasında xüsusi yeri olduğu hiss olunur. Bunun yanında mənim nəzəriyyəm hansı rolu oynaya bilər? Ümumtürk ədəbiyyatının öyrəniləməsi üçün xüsusi universitetin açılmasını və yazarlar birliyinin yaranmasını istərdim, təbii, bu dövlət səviyyəsində olacaq bir işdir, mənimsə arzumdur. Ədəbiyyat söz abidəsidir, biz onun vasitəsi ilə xalqımızın ruhunu, nəyə qadir olduğunu öyrənə bilirik.
-Əsərlərinizdə tez-tez insan və kainat arasındakı əlaqədən bəhs edirsiniz. Bu nəyə işarədir?
-Bu mənim yaradıcılığımı mərkəzə qoyacaq bir sualdır. Mənim mövzum insandır. Kainatda olan hər bir şey insanın həyatına daxildir, o istəsə də, istəməsə də kainatın içindədir. Artıq bu mövzuda 5 kitab, 3 uşaq pyesi yazmışam. Bugünkü ekoloji problemlər insanın təbiəti mənimsəməsindən irəli gəlir. Miçurun deyirdi ki: "Təbiəti istədiyin kimi mənimsəyə bilərsən." Böyük alimin yanlış fikri az qala dünyanı məhvə gətirib çıxarıb.
-Müasir Azərbaycan ədəbiyyatında hansı problemlər var? Hansı istiqamətlərdə inkişaf lazımdır?
-Kütləni arxasınca aparacaq ədbiyyat yaranmalıdır. Bugünkü ədəbiyyatımızın tarixi mövzulara üz tutması çox önəmlidir. Sovet dövründə 70 il ideologiyaya xidmət edən ədəbiyyat yarandı. Mən istəmirəm indiki gəncliyin yazdıqları gələcəkdə maklatura fonduna getsin. Asif Ata bizim qarşımıza tələb qoyurdu: "Elə yaz ki, poza bilməsinlər. Elə yaz ki, daimi olsun!" Əsər daimiliyə hesablanmalıdır.
-Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına inteqrasiyası üçün hansı addımlar atılmalıdır?
- Dünya çapına çıxmaq üçün öz dünyanı yaratmalısan. Bənzəməməlisən, oxşamamalısan. Ədəbiyyat dəryadır, bu dəryada üzmək üçün yaxşı bacarığın olmalıdır. Çingiz Aytmatov qırğız həyatından yazırdı, xəlqi dəyərlər əsasında əsər qoydu otralığa. Biz əgər xalqımızın fitrətini lazımı qədər təsvir edə bilsək, ən azından İkinci Qarabağ zəfərinin gerçək və psixoloji tərəflərini ədəbiyyata gətirsək, inanıram, dünya bizi oxuyar. Məgər E.M.Remarkın "Qərb cəbhəsində yenilik yoxdur", E.Heminqueynin "Əcəl zəngi" romanlarını dünya oxumurmu? Oxunmasının səbəbi nədir? Remark dünya ədəbiyyatında ön cəbhəni təsvir edən ən uğurlu romanı yazıb. Eyni zamanda "Əcəl zəngi" partizan hərəkatından bəhs edən ən uğurlu hadisədir. Yaxşı əsər hadisədir, zaman öldürmək üçün oxunmur o. Mən bu dəqiqə Heminqueynin "Qoca və dəniz" povestini 3-cü dəfə oxuyuram. Təsvirlər o qədər canlı, aydın, yerindədir ki, adam oxuyanda özünü dənizin ortasında hiss edir. Bizim yazarlarda qəribə tendensiya yaranıb, ictimai arenada görürəm hər gün hardansa sertfikat almalarını nümayiş etdirirlər. Mükafat, diplom, ad almaq xəstəliyindən qurtulmaq lazımdır. Elə bilirlər orda-burda əyalət qəzetində yayımlanmaqla dünyəvi yazar olurlar. Dünyəvilik öz dünyanı dünyaya təqdim etməkdir. Beş günlük şöhrət kimə lazımdır? Yazarlarımız bu xəstəlikdən sağalmalıdırlar.
-Oxuduğunuz, mütaliə etdiyiniz yaşayan Azərbaycan yazarları kimlərdir?
-Ardıcıl oxuduğum yazıçı Vaqif Sultanlıdır, onun imzasını çox bəyənirəm. Saytlardan gənclərin hekayələrini oxuyuram, istedadlı yazarlar çoxdur. Sadəcə bir az tənbəldirlər.
Asif Ata deyir: "Yazarda üç cəhət birləşməlidir: cəngavərlik, filosofluq, fədakarlıq." Bu ölçüyə uyğun gələn yazarı görmürəm, hansındasa biri və ya ikisi çatışmır. Bunların heç biri bir yazıçıda olmayanda, onda olur itmiş istedad. Nəsrin fəlsəfi yükü olmalıdır, əgər bu olmasa, olur siyasət. Üzdən yazsan, siyasi xarakter daşıyır. Bir də bizim yazarlar dərk etməlidirlər ki, kitab məqsəd deyil, vasitədir. İdeyanı çatdırmaq üçün bir sənət nümunəsidir, kitab çap etdirmək məqsədə çevriləndə mahiyyətini itirir.
-Sizin fikrinizcə, Azərbaycançılıq ideologiyası necə inkişaf etməlidir?
-Öz dəyərlərimiz əsasında. Dünənimizdə nə varsa, hamısı bu gün öyrənilməli, təbliğ edilməli, sabaha ötürülməlidir. Yad ideologiyalar - bizə sırınmışlardan imtina etməliyik. Bizim uşaqlar "hörmüçək adam", "supermən" qəhrəmanları özlərinə ideal seçməməlidirlər, yurdumuzu qorumuş, milli kimliyimizi saxlayan qəhrəmanların obrazı ədəbiyyatda, cizgi filmində yer almalıdır ki, uşaqlarımız özümüzünkilərlə fəxr etməyi bacarsınlar.
Bizə təqdim edilən yad nə varsa, hamısı idrak və mənəviyyat ələyindən keçməlidir. İradə nümayiş etdirməliyik. Deyəcəksiniz, bu çətindir. Bəli, haqlısınız! Amma biz çətinçiyik. Vətən tarla kimidir, o gərək daim alaq otlarından təmizlənsin.
-Qloballaşma və milli kimlik arasındakı balans necə qorumalıdır?
-Qloballaşma birmillətli bəşər ifadəsini içində daşıyır. Biz bunu sovet ideologiyasında da görürdük. Bəşərin birmillətləşməsi, bənzərliyin itməsi bəşərin ölümüdür. Bəşər ona görə maraqlıdır ki, orda rəngarənglik var, bənzərsizlik var. Qloballaşma adı altında millətlər itir, dil itir, üstün mədəniyyət zəif mədəniyyəti inkişaf etdirmir, əksinə içində əridir. İmperialist qüvvələrin son tələsidir bu. Millətin kimliyinə yad nə varsa, o milləti içindən qurd kimi yeyib talayır. Adi gözlə bunu görmək olmur, amma zaman-zaman baş verir, bir də ayılıb görürsən, sən elə ingilis imişsən, özündən xəbərin yoxdur. Düşünün, kommunist ideologiyası altında rusçuluq təbliğ olunduğu kimi, indi də qloballaşma adı altında qərb və Amerikan ideologiyası təbliğ olunur. Yüz ilə qırmızı dəriləri qırıb Amerika yaradanlar, indi mədəniyyət adı altında amerikanizm yaradırlar. Adi göz bunu seçə bilmir, amma mahiyyətin gözü ilə baxanda anlamaq olur nə gedir.
Milli kimlik qloballaşdırma adı altında tapdanır. Millilik ilə qloballaşma arasında balans yaratmaq yox, mübarizə aparmaq lazımdır. Millət öz kimliyini qorumalıdır, ulularının yaratdığı dəyər saxlanılmalıdır. İndi millətləri qılınc gücünə yox, inanc, təhsil, mədəniyyət yolu ilə işğal edirlər.
-Bugünkü Azərbaycan gəncləri üçün ən böyük çağırışlar hansılardır?
-Bir çox televiziya kanalları vasitəsi ilə ailə instutunu öldürürlər. Braziliyanın, Amerikanın serialları ekranlarımıza yol alanda bizim gənclikdə belə bir fikir yarandı qərbdə camaat divan üstə oturub, evinə gəlir gəlir. Avropa ali təhsilində ciddi nizam var, güzəştsizlik var, bu təbliğ olunmadı. Avropa demokratiyası xaous kimi anlaşıldı, rahat həyat kimi başa düşüldü. Pərdə arxasındakılar təqdim edilmədi, üzdə olanlar göz qamaşdırdı.
Ciddiyyətin artmasını istərdim gənclər arasında, heç nəyə barmaqarası baxmasınlar. Geyimdən tutmuş davranışa qədər nə varsa hamısında ciddiyyətin olması önəmlidir. Qarabağ savaşında qərb mətbuatının gözləri bərəlmişdi — üçlük yazıb, kimliyimizi təhlil edirdilər. Ali Baş Komandan, ordu və xalq birliyi qələbə çaldı, deyirdilər. Dünyanın heç yanında bunu görə bilmirlər. Biz buyuq, bunu qabartmalıyıq və bu hal bütün sahələrimizdə üzə çıxmalıdır. Bu xalqın canında tənbəllik yoxdur, yetər ki, onu öz gücünə inandırasan.
Qloballaşma adı altında bizə sivilizasiya, mədəniyyət, inkişaf və tərəqqi təlqin edirlər. Özünəməxsusluq itir, səni özünə inamdan çəkindirirlər. Qərbin sivilizasiyanın canı momonizmdir, pulçuluq. Pulçuluğun qabardıldığı bir aləmdə sən hansı mənəviyyatdan danışa bilərsən?
-Naxçıvanla bağlı hər hansı elmi və ya ədəbi layihəniz varmı?
-Hal-hazırda Naxçıvam Dövlət Milli Dram Teatrının aktyoru Ələsgər Quliyev və gənc aktrisa Vəfa Qulamzadənin iştirakı ilə "Bir cüt göz" monotamaşam hazırlanır.
-Oxucularınız və izləyiciləriniz üçün hansı mesajı vermək istərdiniz?
-Bir yazıçı oxucusuna nə arzu edə bilər? Ciddi mütailəçi olsunlar, unutmasınlar ki, kitab oxuma dünyaya açılan böyük qapıdır, həm də fantaziyanı inkişaf etdirir, yeni ideyanın yaranmasına təkan verir. Əllərinə keçən hər şeyi oxuyub beyni qatma-qarışıq anbara çevirmək olmaz. Bədii zövqü cilalayan ədəbiyyat oxusunlar, təbii ki, özlərinin təsdiqini tapa biləcəkləri ədəbiyyatı izləsinlər.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
ALEKSANDR DÜMA - Dahi fransız 19-cu əsrin ortalarında Oğuzda da olub !
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Biz fransız yazıçısı Aleksandr Dümanı daha çox “Qraf Monte Kristo”, “Üç muşketyor”, "Qara zanbaq" və s. kimi məşhur əsərlərinə görə tanıyırıq. Onun XIX əsrdə Azərbaycanda olduğunu və “Qafqaz səfəri” adlı maraqlı əsər yazdığını da bilirik.
Mənbələrdən məlumdur ki, A.Düma 1858-ci ilin ikinci yarısından (noyabrdan) 1859-cu ilin əvvəlinə (fevrala) kimi Rusiya imperiyası ərazisində olmuşdur. Peterburq, Moskva, Qazan, Saratov şəhərlərində olan yazıçı Həştərxandan keçməklə Qafqaza da gəlmiş, bir sıra Azərbaycan şəhərlərində, o cümlədən Dərbənd, Quba, Bakı, Şamaxı və Nuxada (Şəkidə) olmuşdur. O, Nuxadan Tiflisə, oradan Potiyə getmişdir. Dəniz yolu ilə Potidən İstanbula gedən Düma oradan Marselə qayıtmışdır. Vətəninə qayıdan yazıçı səfər xatırələrini yuxarıda da adını qeyd etdiyimiz “Qafqaz səfəri” adlı əsərində oxucuları ilə bölüşüb.
Bilirik, bunlar maraqlanan hər kəsə məlumdur. Amma biz diqqəti başqa məsələyə cəlb etmək istəyirik. Görəsən, A.Düma “Azərbaycanın İsveçrəsi” sayılan Vartaşendə də (indiki Oğuzda) olubmu? Vartaşenin özünü yox, onun ərazisini nəzərdə tuturuq. (Onu da qeyd edək ki, həmin dövrdə Vartaşenin ərazisi Nuxa qəzasına daxil idi.) Təəssüf ki, bəziləri əsassız olaraq yazıçının bu yerlərdə olmadığını, bu yerlərdən keçmədiyini, bu yerləri görmədiyini söyləyirlər. Biz isə əksini fikirləşirik.
Çünki birincisi, Şamaxıdan faytonla yola çıxan və Ağsu (“Yeni Şamaxı”)-İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə Nuxaya doğru hərəkət edən yazıçı Oğuzun ərazisindən uçaraq keçə bilməzdi.
İkincisi, “Qafqaz səfəri” əsərində müəllifin yolboyu təbiətin gözəlliyindən həvəslə yazdığı qeydləri, Şəkiyə getdiyi yolların sıx meşələrdən, sıldırımlı-qayalı dağlardan ibarət olması barədə təsvirləri keçmiş Vartaşenin (indiki Oğuzun) təbiəti, onun coğrafi əlamətləri ilə birə-bir uyğunluq təşkil edir: “...Zirvəsi qarla örtülmüş bu dağların əzəmətli və adamı heyran edən görünüşü vardı. Qafqaz sıra dağlarının tayı-bərabəri olmayan Alazan vadisi ilə irəliləyirdik”. A.Dümanı səfər zamanı müşayiət etmiş rəssam Moynenin çəkdiyi çoxsaylı şəkillərin reproduksiyaları da bunu göstərir.
Üçüncü, rayon əhalisi arasında dolaşan bir rəvayətdə söylənilir ki, keçmişdə faytonla yol ötən çox hörmətli bir “firəng” (çox güman ki, A.Düma olub – İ.V) rayonun Bayan kəndi (bəlkə də, Vartaşenqışlaq kəndində) ətrafındakı Əlican çayının yaxınlığında qısa müddət dayanıb, yerlilərlə söhbət edibmiş. Onun rayonda yaşayan udilər haqqında da ilk dəfə burada eşitdiyi güman olunur. Rəvayətlərin əfsanələrdən fərqli olaraq həqiqətə daha yaxın olduğunu nəzərə alaraq, bunu inandırıcı saymaq olmazmı?! (Mən bu rəvayəti ilk dəfə 10-15 il bundan əvvəl ən azı 75-80 yaşlı bir udi tanışımdan eşitmişdim. O da babasından eşitdiyini söyləyirdi.)
“...görüşüb ünsiyyətdə olduğu insanların heç birindən sərf-nəzər etməmiş, rastlaşdığı heç bir təbiət gözəlliyinə, estetik dəyərə biganə qalmamış, bazarlardan tutmuş, ov macəralarına qədər hər şeyin fərqinə varmış, “kökünə getmiş”, hətta Oğuz-Qəbələ zonasında yetişən şabalıdı “Qəbələ xurması” adlandıran Düma ola bilməzdi ki, ərazisindən keçdiyi Oğuzla maraqlanmasın.
Dördüncü, məşhur yazıçı əsərin özündə bir neçə dəfə “Vartaşen” adını çəkir, burda udilərin yaşadığını söyləyir, onların haqqında bir sıra məlumatlar təqdim edir ki, bu da onun həmin bölgə barədə az da olsa, məlumatının olduğunu, ən azından bu bölgə ilə maraqlandığını bildirir.
A.Dümanın Vartaşendə yaşayan udunlər haqqında verdiyi məlumatlar da maraqlıdır. Onun “Qafqaz səfəri” (Bakı-2010, “Qafqaz”) əsərinin 264-265-ci səhifələrində oxuyuruq: “Səhər yeməyi zamanı hamı udinlərdən danışırdı. İndi siz məndən soruşacaqsınız ki, udinlər kimdirlər? Sizə bu başdan deyim ki, özüm də bunu yaxşı bilmək istərdim...Udinlər Qafqazda yaşayan tayfalardan biridir, ancaq elə az saylıdırlar ki, heç ağlım kəsmir ki, yerli əhalinin siyahıya alınması zamanı onların sayı da ayrıca qeyd edilsin. Ancaq bununla belə, digərləri kimi, bu tayfa da diqqətəlayiqdir. Onların haradan gəldikləri bəlli deyil və heç kimin anlamadığı və heç bir dilə bənzəməyən bir dildə danışırlar. Özləri də bu qeyri-müəyyənlikdə itib batırlar, ha əlləşsələr də, yeni bir şey öyrənə bilmirlər...Onlar iki kənddə yaşayırlar. Biri Nuxadan qırx verst aralıda yerləşən Vartaşendir.. İkincisi isə, Vartaşenin otuz verstliyində, Şamaxı tərəfdədir. (yəqin ki, Qəbələnin Nic kəndi nəzərdə tutulur – İ.V.) Mən udinlərdən heç olmasa birini görmək istəyirdim. Knyaz Tarxanov elə həmin dəqiqə göstəriş verdi və bir udin tapıb yanıma gətirdilər. Bu, bəstəboy, gözləri qaynayan, qarasaqqal, təxminən otuz yaşlarında bir kişi idi. O, Nuxada müəllim işləyirdi. Onun adı Sorgi Bejanov idi. Mən nahara qədər həmin udini saxladım və bəzi sözlərdən əlavə ondan heç nə öyrənə bilmədim”.
Apardığımız araşdırmalar göstərir ki, burada adı çəkilən “Sorgi Bejanov” əslində Vartaşen udilərindən olan Georgi Stepanoviç Bejanov olub. O, udi dilinin tədqiqatçısı, rusca-udicə lüğətin tərtibçisi olub. (Qardaşı Mixail Stepanoviç Bejanov da tanınmış tədqiqatçı olub.) Nuxa məktəbində müəllim işləmişdir. Atası Stepan Bejanov 1860-cı ildə Vartaşendə ümumtəhsil məktəbi açmış, Georgi sonralar (1880-1888-ci illərdə) həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirmişdir.
Bir sözlə, A.Dümanın Vartaşen (indiki Oğuz) rayonunda olduğu, burada yaşayan xalqlarla maraqlandığı, Oğuz təbiətinin gözəlliyin heyran qaldığı, bir müddət bu səfalı yerlərin də havası ilə də nəfəs aldığı şübhəsizdir.
Buna görə də “Düma Qafqazda” beynəlxalq və "Qafqazdakı A.Düma", “Şimal-qərb bölgəsində A.Dümanın izi ilə” və digər yerli turizm marşurutlarına Şimal-qərb regionları olan Balakən, Qax, Qəbələ, Zaqatala, Şəki inzibati rayonları ilə yanaşı Oğuzun da daxil edilməsi təsadüfi sayılmamalıdır.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
Azərbaycan Malayziyada keçirilən beynəlxalq festivalda təmsil olunub
Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində fəaliyyət göstərən “The International School of Kuala Lumpur”da keçirilən “Beynəlxalq Gün” festivalında Azərbaycan da təmsil olunub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, festivalda Azərbaycanla yanaşı, Braziliya, Malayziya, Sinqapur, İtaliya, Yaponiya, Norveç, Venesuela, Hindistan, Çin, Kanada, ABŞ, Portuqaliya, Yəmən, Cənubi Koreya, Misir, Mərakeş, Tailand, Kolumbiya, Vyetnam və İndoneziya kimi ölkələrin nümayəndələri də iştirak ediblər.
Övladları bu məktəbdə təhsil alan Azərbaycan icmasının fəalları Nərminə Cabbarova və Aygün Bapnanın təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində ölkəmizin tarixini, mədəniyyətini, milli adət-ənənələrini və mətbəxini əks etdirən suvenirlər, kəlağayılar, təamlar və məhsullar nümayiş etdirilib.
Azərbaycan guşəsi ilə maraqlanan ziyarətçilərə ölkəmiz barədə ətraflı məlumat verilib və suallar cavablandırılıb. Ziyarətçilər milli təamlara qonaq edilib.
Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının mütəmadi olaraq qatıldığı bu cür tədbirlər Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə daha geniş tanınmasına, dostluq əlaqələrinin qurulmasına və xarici ölkələrdəki mədəniyyətlər arasında anlayışın yaranmasına səbəb olur.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
TƏBİƏT - O danışanda sözə ehtiyac qalmaz
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
“Bu yerləri, bu göyləri yağış yuyur, gün qurudur”
(Ramiz Rövşən)
Təbiət danışanda sözə ehtiyac qalmaz. Apreldə o, susmur — danışır, çığırır, ağlayır, sonra gülür. Bir gün göy guruldayır, sanki içində əsrlərin yığılıb qalmış səsi var. Ertəsi gün isə hər şey sakitdir, sanki heç nə olmamış. Bu dəyişkənlik insanı çaşdırmaz, əksinə, tanıdıq gəlir. Çünki bəlkə də təbiətin aprel halı, insanın özüdür. Həm qorxuludur, həm gözəl. Həm xaotik, həm tam.
Yağış düşür — qəfil. Qəfil olduğu üçün gözəl deyil, çünki bu qəfilin içində bir məqsəd var. Aprel leysanı göydən süzülmür sadəcə, yerin köksünə batır. O, torpağın üst qatını deyil, yaddaşını oyadır.
Torpaq suya toxunanda, oyanır. Uzun bir yuxudan qalxan insan kimidir — əvvəlcə azca titrəyir, sonra dərindən nəfəs alır. Suyun səsi bir çağırışdır: “Hazırsanmı dəyişməyə?”
Bütün bu təbiət hadisəsi — leysan, külək, günəş — əslində bir çevrilmə mərasimidir. Təbiət özünü soyundurur, yuyur, qurudur və təzələyir. Aprel bir hazırlıqdır: həyatın qapısında dayanmaq, amma içəri girməzdən əvvəl təmizlənmək.
Sular axır. Kimi daşa çırpılır, kimi sakitcə toprağın içinə süzülür. Ağacların budaqları bəzən titrəyir, bəzən səssizcə əyilir. Heç biri müqavimət göstərmir. Sanki təbiət özü-özünə boyun əyir. “Nə gəlirsə, gəlsin,” — deyir. Və bu təslimiyyət gözəldir. İnad yox, mövcudluq var. O an anlayırsan ki, təbiət gücünü mübarizədən yox, təslimiyyətdən alır.
Gün çıxır. Hər şeyin üstündən keçir. Qurutduğu yalnız su deyil — palçıq izləri, yuxular, köhnə nəfəs... Gündən sonra hər şey bir az daha yüngül görünür. Amma günəşin də öz qanunu var. O da seçir — nəyi buxarlaşdırıb göyə göndərəcəyini, nəyi torpaqda saxlayacağını. Aprel günəşi nə isti, nə soyuqdur. Səni sarsıtmaz. Səni dəyişdirər.
Sən təbiətə baxanda bir hekayə görürsən. Amma bu hekayədə qəhrəman, düşmən və final yoxdur. Bu, davam edən bir çevrilmədir.
Dağlar da, yarpaqlar da, sular da bu çevrilməyə tabedir. Təbiət heç nəyi olduğu kimi saxlamaz. Bəlkə də buna görə qorxuludur. Sən ona bir dəfə baxdın, o isə artıq dəyişib. Və sən bunu ancaq içindən hiss edirsən.
Bu yerləri, bu göyləri yağış yuyur, gün qurudur...
Amma biz, insanlar, çox zaman dəyişmirik. Biz yağışda gizlənirik, günəşdə üşüyürük. Təbiət isə bunu etməz. O, nə yağışdan qorxar, nə günəşdən. O, hər ikisini qəbul edər. Ona görə güclüdür. Ona görə daim təzədir.
Əgər bir gün içində sıxıntı, köhnəlik, bərkimiş bir hiss varsa, çıx və sadəcə bu aprel günündə bir az islan. Palçıqdan çəkinmə.
Çünki hər şeyin təmizlənməsi bir az çirklənməkdən keçir.
Və unutma: təbiət heç vaxt sənə qarşı deyil. Sənə “qayıt” deməyə çalışır.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
Respublika Uşaq Kitabxanası esse və şeir qiraəti müsabiqələri elan edib
F.Köçərli adına Respublika Uşaq Kitabxanası Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “İrsi və dəyərləri ilə Heydər Əliyev” mövzusunda esse müsabiqəsi elan edib.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, müsabiqədə 12-16 yaş arasında məktəblilər iştirak edə bilərlər. Esselərin son göndəriş tarixi: 30 aprel 2025-ci il.
Respublika Uşaq Kitabxanası Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə “Türk dünyasının Bəxtiyarı” adlı şeir qiraəti müsabiqəsi də elan edib.
10-17 yaş arasında məktəblilər üçün müsabiqə iki mərhələdə – 12 may və 20 may tarixlərində kitabxanada keçiriləcək. İştirakçılar Bəxtiyar Vahabzadənin şeirini və ya poemasından bir parçanı əzbərdən qiraət etməlidirlər.
Hər iki müsabiqə haqqında ətraflı məlumat Respublika Uşaq Kitabxanasının saytının “Elanlar” bölməsində.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
"Fəlsəfədən astronomiyaya: Türk alimlərinin mirasi"
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə Türklərin tarixi layihəsindəyik. Bu gün sizlərə ən böyük türk alimlərindən danışacağıq.
1. Əbu Nəsr Fərabi (Al-Farabi)
Doğum: 870, Türküstan (Fərab bölgəsi)
Vəfat: 950, Dəməşq
Məşğul olduğu sahələr: Fəlsəfə, məntiq, musiqi, sosiologiya, siyasət, fizika
Haqqında:
Əbu Nəsr Fərabi, türk-islam fəlsəfəsinin banilərindən hesab olunur. O, Aristotel və Platon fəlsəfəsini şərh edərək, İslam dünyasında fəlsəfənin yayılmasına böyük töhfələr vermişdir. Qərbdə “İkinci Müəllim” (al-Muallim as-Sani) adı ilə tanınır – bu, Aristotelin “Birinci Müəllim” hesab edildiyi anlamına gəlir.
Əsərləri:
“Əl-Mədinətül-Fazilə” (Fəzilətli şəhər) – İdeal bir cəmiyyət modeli təqdim edir. Bu əsər Platonun “Dövlət” əsərinə bənzəyir.
“Əl-Musiqa əl-Kəbir” – Musiqi nəzəriyyəsinə dair əhəmiyyətli bir əsərdir.
Əhəmiyyəti:
Fərabi həm Qərb fəlsəfəsi, həm də İslam düşüncəsi arasında bir körpü olmuş, rasionalizmin inkişafına yardım etmişdir.
2. Əbu Əli İbn Sina (Avicenna)
Doğum: 980, Buxara yaxınlığında Afşana kəndi
Vəfat: 1037, Həmədan
Məşğul olduğu sahələr: Tibb, fəlsəfə, kimya, astronomiya, riyaziyyat, musiqi
Haqqında:
İbn Sina türkdilli bir ailədə dünyaya gəlib və Orta Asiyada – Samanilər dövlətində yetişmişdir. O, dövrünün ən böyük həkimi və filosoflarından biri sayılır. Onun “Tibbin Qanunu” əsəri min illərlə Avropanın universitetlərində dərs vəsaiti kimi istifadə olunmuşdur.
Əsərləri:
“Əl-Qanun fi’t-Tibb” (Tibbin Qanunu) – Beş cilddən ibarət tibbi ensiklopediyadır.
“Əl-Şifa” – Fəlsəfə və təbiət elmləri haqqında böyük elmi traktatdır.
Əhəmiyyəti:
İbn Sina həm Qərb, həm də Şərq tibb tarixi üçün bir zirvədir. O, elmi və fəlsəfi düşüncənin təməlini qoymuş şəxsiyyətlərdən biridir.
3. Uluqbəy
Doğum: 1394, Sultaniyyə (İran)
Vəfat: 1449, Səmərqənd
Məşğul olduğu sahələr: Astronomiya, riyaziyyat
Haqqında:
Timurilər dövlətinin hökmdarı olan Uluqbəy həm də böyük bir alim idi. O, Səmərqənddə dünyanın ən inkişaf etmiş rəsədxanalarından birini inşa etdirdi. Onun dövründə Səmərqənd elmi mərkəzə çevrildi.
Əsərləri:
“Zici Uluqbəy” – Ulduzların dəqiq koordinatlarını ehtiva edən əsər. Bu cədvəllər Avropada 17-ci əsrə qədər istifadə edilmişdir.
Əhəmiyyəti:
Uluqbəyin apardığı astronomik ölçmələr hətta teleskop icad olunmazdan əvvəlki dövr üçün inanılmaz dəqiqlikdə idi. Onun nəticələri daha sonra Avropada Kopernik və Tycho Brahe kimi astronomlara ilham vermişdir.
4.Əbu Həmid Məhəmməd əl-Qəzali
Doğum: 1058, Tus (indiki İran ərazisi)
Vəfat: 1111
Məşğul olduğu sahələr: Fəlsəfə, sufizm, fiqh, ilahiyyat
Haqqında:
Qəzali türk mənşəli olub, İslam fəlsəfəsinin və teologiyasının ən nüfuzlu adlarından biridir. O, fəlsəfə ilə dini təfəkkür arasında tarazlıq yaratmağa çalışmışdır.
Əsərləri:
“Təhafutul-Fəlasifə” (Filosofların ziddiyyətləri) – Bu əsərlə fəlsəfi fikirlərin İslamla uyğunluğunu tənqid edir.
“İhya Ulum al-Din” (Dinin Elmlərinin Dirçəlişi) – İslam etikası və sufi təlimlərinə dair fundamental əsərdir.
Əhəmiyyəti:
Qəzali qərbdə “Algazel” olaraq tanınır və onun ideyaları həm İslam dünyasında, həm də Avropa orta əsr düşüncəsində təsirli olmuşdur.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
Bu gün Əfqan Aslanovun doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Amerika Tətbiqi və Hesablama Riyaziyyatı jurnalının redaksiya heyətinin üzvü Əfqan Aslanovun doğum günü bu günə təsadüf edir. O, 18 aprel 1959-cu ildə Ağcabədi rayonunun Taynaq kəndində doğulub. Orta təhsilini Taynaq kənd orta məktəbində aldıqdan sonra indiki Gəncə Dövlət Universitetinin riyaziyyat ixtisasına qəbul olub və 1978-ci ildə yüksək qiymətlərlə bitirib.
Əfqan Aslanov 1987-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda funksional analiz üzrə dissertasiya müdafiə edərək "riyaziyyat elmləri namizədi" alimlik dərəcəsini alıb.
1989-1993-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1993-1995-ci illərdə baş müəllim işləmişdir. Həmçinin 1992-2001-ci illərdə Xəzər Universitetində dosent, sonra professor vəzifələrini tutmuşdur. O, 2009-cu ildə Türkiyə Cümhuriyyətində dosent elmi adını almışdır. 2014-cu ildə Beykent Universitetində professor vəzifəsinə təyin olmuşdur. Hazırda Bilgi Universitetinin riyaziyyat bölümündə çalışır.
Alim riyazi və funksional analiz, adi diferensial tənliklər, çoxparametrli spektral nəzəriyyə və s. sahələrdə elmi əsərlər yazmışdır. Beynəlxalq jurnallarda 20-dən artıq elmi məqalənin müəllifi olan Əfqan Aslanovun 15-dən artıq beynəlxalq konfrans materiallarında da əsərlərinə rast gəlmək mümkündür.
Beynəlxalq jurnallarda nəşr olunan məqalələri
1. A Aslanov, H Isaev, "On the Theory of two Parameter Spectral Problems (English Translation)", American Mathematics Society (Translation of Doklady Akademii Nauk), 225-227 (1985) SCI
2. A Aslanov, M Almamedov, "On the constructive description of the spectral measure of a three parameter spectral problem", Doklady Akademii Nauk (ISSN:0869-5652), Moscow, 780-782 (1986) SCI
3. A Aslanov, H Isaev, "On the Tensor Determinants associated with multi-parameter spectral Problems", Izvestiya: Mathematics (ISSN: 1064-5632), Moskow, (1987) SCI
4. A Aslanov, "Positivity Results for operators and multi-parameter definiteness conditions", Ulyanovsk, 19 (1990)
5. A Aslanov, H. Isahanly, "A multi-dimensional complex analytical view on the multiparameter spectrum and the construction of the spectral measure (english)", Khazar Math Journal, ISSN 1028-7647, 3-65 (1998)
6. A Aslanov, "About the existence of the minimum and maximum of two positive operators", International Congress MASSEE 2003, Bulgaria, (2003)
7. A Aslanov, "Definiteness Conditions in the Multiparameter Spectral Theory", WSEAS Transactions on Mathematics, 717-721 (2004)
8. A Aslanov, "The Existence and Uniqueness Theorem from a new Viewpoint", WSEAS Transactions on Mathematics , 575-578 (2004)
9. A Aslanov, Existence of the minimum and maximum of two positive operators", Mathematika Balkanika, 19, 255-266 (2005)
10. A Aslanov, A New Approach to the Singularity, International Conf on Engineering and Mathematics, 155-159 (2006)
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
Sabunçu Gənclər Evində yeniyetmə və gənclər Varislə görüşdülər
Yasın Laçınlı, “Ədəbiyyat və incəsənət” üçün
Aprelin 17-də Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə oxu mədəniyyətini təşviq edən “Əlfəcin” adlı görüş keçirilib. Tədbirin əsas məqsədi gənclər arasında mütaliə vərdişlərini inkişaf etdirmək və kitab oxumağa marağı artırmaq olub.
Görüşdə yazıçı-jurnalist, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, Əməkdar Jurnalist Varis qonaq qismində iştirak edib. O, iştirakçılarla birlikdə kitab oxumağın gücü, mütaliənin insan həyatına təsiri, düzgün kitab seçimi və kitabın gündəlik həyata inteqrasiyası mövzularında dərin və maraqlı müzakirələr aparıb.
Tədbirdə Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov və Bakı Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Xasay Vəliyev də çıxış ediblər. Onlar gənclərin intellektual inkişafına yönəlmiş bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Görüşün sonunda Varis fəal iştirak edən iştirakçılara öz imzası ilə kitablar hədiyyə edərək onları mütaliəyə daha da həvəsləndirib. Eləcə də, məktəblilərə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirlliyinin birgə nəşri olan “Yeniyetmə və gənclərdə mütaliə vərdişlərini necə formlaşdırmalı” adlı kitabçalar hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)