ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə, 18 Aprel 2025 12:15

Allah Adamı – ESSE

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün

 

Professor İlham Pirməmmədovu 70 illik yubileyi münasibətilə! 

 

- Ana, bilirsən ki, işləyirəm deyə, elə olur, dərsdə qeyri-ixtiyari məni yuxu tutur. Ofisiant işi belədir. Gərək gecə 12-dən tez restoranı tərk etməyəsən. Hələ 12 tezdir. Toydan sonra gecə qalıb növbəti gün üçün sarayı səliqəyə salmaq da var. Müəllim də məni hər dəfə danlayır. Axı müəllim, nə bilsin ki, mən evin həm atası, həm də oğluyam. Sabahdan mənim dərsimə gəlmə, deyir. Oxuyuram, dərsə cavab da verirəm. Ancaq yorğunluqdan özüm də istəmədən yuxu tutur məni. Mən nə edim? Dərsə getməsəm imtahanı necə verəcəm? Bir qohum, yaxın adam da yoxdur ki, məni həmin müəllimə tapşıra.

- Səbrli ol, bala. Sabah İlham Pirməmmədovun telefon nömrəsini tapım. Kömək etsə, bizə ancaq o kömək edər. Ay oğul, indi hər adam kasıba kömək olmur. Daha o vaxtlar keçib. İndi varlı-varlıya kömək edir, sözünü deyir, işini düzəldir. Tək-tək adamlar dinləyər, bizi kimi kasıbları. 

- Ana, bəs yaxşı, İlham Pirməmmədov kimdir? Nə bilirsən bizə kömək edər?

- Qazaxlıdır, oğul. Hamı ona dua edir. Hamı onun xeyirxah işlərindən ağız dolusu danışır. O gün Asya xalan bizə gəlmişdi. Deyir, oğlumun təhsil haqqını ödəyə bilmirdik. Uşağı imtahana buraxmırdılar. Bir yaxın adam dedi, kömək etsə, ancaq İlham Pirməmmədov kömək edər. Nömrəsini verdilər. Zəng etdim. Vəziyyəti danışdım. Bilmirəm nə etdi, necə etdi. Uşağı dərsə buraxdılar. Hələ üstəlik, dedilər ki, bundan sonra oxuyacağı sonuncu kursun da təhsil haqqı ödənib. Mən də sabah Asya xalandan İlham Pirməmmədovun nömrəsini öyrənib, zəng edəcəm.

 

 Natiq səhər dərsdən sevinə-sevinə gəldi:

- Anacan, bu gün qorxa-qorxa dərsə getdim. Dedim indicə müəllim məni qovacaq. Hər şey düşündüyümün tərsinə oldu. Müəllim dərs başlamadan öncə məni yanına çağırdı. Dedi ki, "bəs niyə indiyə kimi deməmisən ki, İlham Pirməmmədov mənim qohumumdur. Mənim bu gün burada dərs deməyimə, işə düzəlməyimə İlham Pirməmmədov kömək edib. İlham müəllimin yaxşılığını heç unudarammı? Sən də hər zamankı kimi dərslərinə hazır ol. Daha mənim səninlə işim yoxdur". Ana, İlham müəllim doğrudan qohumundur?

- Ay bala, heç üzünü görməmişəm. Səhər Asya xalandan öyrəndim nömrəsini. Zəng etdim, vəziyyəti danışdım. Dedi, bacı narahat olma. Uşaq evə gələndə deyərsən, həftənin şənbə günü, saat 10-da vaxtı olsa, qəbuluma gələr. Ömrü uzun olmuş, necə mərhəmətli insandır ki, səni müəllimə öz qohumu kimi tapşırıb. Bala, deməli bu dünyada hələ də yaxşı adamlar var.

 

Natiq şənbə gününü səbrsizliklə gözləyirdi. Axı üzünü görmədən, yaxşılığını gördüyü bir müəllimin görüşünə gedəcəkdi. 

- Ana, elə həyacanlıyam ki. Görəsən, İlham müəllim məni niyə çağırır?

- Ürəyimə damıb, sabah, xeyir xəbərlə gələcəksən, bala.

Ülkər xanım Natiqin yolunu səbirsizliklə gözləyirdi.

Qapı açıldı. Natiq yenə sevinclə içəri daxil oldu. 

- Ana, elə bil yuxudayam.

- Nə olub, ay bala?

- İlham müəllim məni qəbul etdi. Mənə suallar verdi. İşimiz, evimiz, bacı-qardaşım. Hamısını öyrəndi. Sonra bir az fikrə getdi. Əlini stolun üstündəki telefona atıb nömrə yığdı. Danışdığı adama dedi: “Bu gün sənin yanına dayım nəvəsini göndərirəm. Tələbədir. Yaxşı oxuyur. Kompüteri, ingilis dilini əla bilir. Axşamlar restoranda ofisiant işləyir. Dərsdən sonra sən ona şərait yarat. Sənin şirkətində kompüterlə bağlı işlərini Natiq görsün. Maaşını da yaxşı verərsən. Ailənin yükü onun çiynindədir”. Danışdığı adam da İlham müəllimə "baş üstə, siz necə desəniz elə edəcəm" dedi. İlham müəllim danışığı bitirib mənə dedi, indi tez mən dediyim ünvana get, səni gözləyirlər.

- Getdinmi, bala? 

- Ana, əlbəttə. Dərhal həmin ünvana getdim. Məni hörmətlə qarşıladılar. Dərs saatımı öyrəndilər. Şirkətin kompüterlə bağlı nə işi varsa, mənə tapşırdılar. Ana, təsəvvür edirsən, mən dərsdən sonra normal iş saatına uyğun işləyəcəm. Yüksək maaş da alacam. Bax ana, həmin şirkətin sahibi də mənə dedi ki, vaxtilə İlham müəllim ona da çox köməkliklər edib. Ona görə də İlham müəllimin bir sözünü iki edə bilməz. Ana, Asya xaladan öyrənmədin? Bu insan hamıya yaxşılıq edir. Qazaxda kimlərdəndir İlham müəllim?

- Bala, öyrənməyə nə ehtiyac var? İlham müəllim əməli ilə kimlərdən olduğunu dedi. 

- Kimlərdəndi, ana?

- İlham müəllim Allah adamıdır, oğul.

 

Bu gün əfsanə kimi, dastan kimi bir insanın ad günüdür. Bu gün Allah Adamının ad günü - 70 illik yubileyidir. Onun etdiyi yaxşılıqlardan cild-cild kitablar yazılsa, çoxseriyalı film çəkilsə, onu olduğu kimi təsvir etməyə yetərmi? Əlbəttə yetməz! O, hər kəsin əzizidir. O, Qazax mahalının sayılıb-seçilən, xeyriyyəçi oğludur. Xeyirxah əməllərinin işığı tək Qazaxlıları deyil, Vətənimiz Azərbaycanda onu tanıyıb, adını anan hər kəsin yolunu aydınladıb. 

Bu gün Yolumuzu Aydınladan Allah Adamının, Könül dostunun, Qazax mahalının ağsaqqalı, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun ad günüdür.

Hörmətli, qədirbilən, dəyərli İlham müəllim, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, bütün Qazax və Ağstafalılar Sizi səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı, bütün işlərinizdə uğurlar arzulayırlar.

Xeyirxah İlham müəllim, biz Sizinlə fəxr edirik.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

 

Salam, hörmətli “Ədəbiyyat və incəsənət”.

Bu yazıları bəyənib dərc etsəniz, minnətdar olaram.

Hörmətlə: İmarət Cəlilqızı.

 

BARYER

Əşyalar catlayanda, qopulanda, sıyrılanda deyirlər, zədələnib.

İnsanlar da çatlayır, qopulur, sıyrılır, amma onlar haqqinda zədələnib demirlər, yaralanıb deyirlər. Həm  də insanın digər varlıqlardan fərqli olaraq, təkcə vücudu deyil, ruhu da yaralanır.

Ruh yaralarının sağalması daha uzun çəkir, bəzən heç sağalmır da. Bu yaraların sağalması üçün təkcə təbib deyil, insan özü də çarə araya gərək. Təsirli çarələrdən biri özünə söz verməkdir. Gərək özunə söz verəsən -- söz verəsən ki, heç kimin (hətta o sənə yaxın, əziz, dogma şəxslərdən olmuş olsa belə) sənə qarşı

yanlış,

kobud,

laqeyd,

ədəbsiz,

istehzalı,

aqressiv,

saxta,

vicdansız,

qədirsiz,

unutqan,

bədxah,

təşəxxüslü,

təmənnalı,

hiyləgər,

sərt,

ədalətsiz

münasibətindən inciməyəcəksən. Və gərək özünə verdiyin bu sözü hər yaralandığin ilk saniyələrdə dərhal xatırlayıb yaralarının üstünə məlhəm kimi cəkəsən.

Özünə verdiyin həmin sözü heç vaxt yadindan çıxarmasan, daha yaxşı: o zaman o söz artiq məlhəm deyil, zireh olar və sənin ruhunu  yaralanmaqdan qoruyar.

Çətindir, əlbəttə. Amma mümkündür.

Vücud və ruhlarınıza sağlıq diləyilə.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.

Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.

İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim ən yaxşılara nəzər yetirməyi davam etdirək.

 

Kent Blanşar. «Bir dəqiqəyə menecer olmaq»

Bu kitabı oxuyan milyonlarla insan qarşılarına çıxan ən mürəkkəb sualları və məsələləri həll etməyi öyrənir. Onlar həyatlarındakı streslərdən qaçmağı bacarır, daha az vaxt sərf etməklə daha çox iş görürlər.

Amerikalı motivasiya spikerinin bu əsəri 13 milyon nüsxədə satılıb, 3 dilə tərcümə edilib. Ümumilikdə 30 (!) motivasiya bestselleri müəllifi olan Kennet Blanşar həyat yoldaşı ilə birgə «Ken Blanchard Companies»i təsis edib, O, burada həm konsaltinq xidmətləri göstərir, həm də beynəlxalq səviyyəli idarəetmə kadrları hazırlayır.

Qeyd dəftərimə Kennet Blanşardan da olduqca gözəl kəlamlar seçib yazmışam:

 - Rəqibin sizdən ala bilməyəcəyi yeganə şey sizin işçilərlə sizin müştərilərin münasibətidir.

 - Problem yalnız o zaman mövcud olur ki, faktiki olaraq baş verənlərlə sizin baş verməsini arzuladığınız şey fərqli olur.

 - Məqsədlərdən davranış doğur. Nəticələr davranışı dəstəkləyirlər.

 - Hər bir insan potensial qalibdir.

 - Səhv buraxarkən özünə gülə bilmək bacarığı çox qiymətli xüsusiyyətdir. O, sənə heç nə olmayıbmış kimi işinə davam etməyə kömək edir.

 - Özlərini yaxşı hiss edən insanlar yüksək nəticələr əldə edirlər.

 - İçimizdə heç kəs təklikdə bizim cəmimizdən ağıllı ola bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki:- “Ərkim çatan dostlara tez-tez deyirəm; bacardığımız qədər çalışıb ətrafımızdakı insanlara qəfəs deyil, yuva olmalıyıq. Bu çox vacibdir. Özüm də belə olmağa çalışıram. Nə ağır kəlmədir- qəfəs! Nə gözəl sözdür- yuva!..”

 

Bu kəlmələr, haqqında söhbət açmaq istədiyim şair, yazıçı, psixoloq İlqar Kamilə məxsusdur. O, 7 iyul 1981–ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. Orta məktəbdə təhsil alarkən, eyni zamanda mədrəsədə də oxuyub. Sonra Bakıya üz tutub. Beynəlxalq İlahiyyat İnstitutunda bakalavr və magistr dərəcələrinə yüksəlib. Daha sonra Rusiyaya köçüb və on beş il orada yaşayıb. Rusiyada olarkən Moskva Psixo–Sosiologiya Universitetində (MPSU) ikinci ali təhsilə yiyələnib. Vətənə dönəndən sonra, əvvəl KOD psixologiya Akademiyasında işləyib, bir ilə yaxındır ki, QAPI Psixologiya Mərkəzini yaradaraq rəhbərlik edir. Bir neçə kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin və Amerika Psixoloqlar Asossiasiyasının üzvüdür...

 

“Bir dəfə bir oxucum;- “siz sevgidən yazırsınız, mən isə onu yaşayıram, siz qəhrəmanlıq haqqında gözəl cümlələr qurursunuz, amma kimsə qəhrəman kimi ömür sürür...”- deyə müraciət etdi. Yadıma Hessenin "Yalquzaq"ı düşdü. Orada klarnetçi Pablo alim, intellektual birinə;- “sən Bethovenin, Motzartın əsərlərini saatlarla təhlil edə bilərsən, musiqi haqqında ton-ton yazılar da yaza bilərsən, lakin əsas, çalmaq-ifa etməkdir. Harri, sən bunu bacarmırsan!”- deyib susdurmuşdu.”- söyləyir.

 

Emosional, həssas adamdır. Heç vaxt hislərini gizlətmir. Onları olduğu kimi dilə gətirməyi xoşlayır. Qayğıkeş, mülayim, anlayışlı və uzaqgörəndir. Romantik, yardımsevər və səbirlidir. Necə deyərlər, özündən çox başqalarının xeyir tapması haqqında düşünür. İdealist, sentimental və xəyalpərəstdir. Əhval-ruhiyyəsi tez-tez dəyişə bilir. Hazırcavab adamlardan xoşu gəlir...

 

Deyir ki:- “Rəbbimə də olsa, dərdimi danışıb zarımağı sevmirəm; elə bir uğurum-zadım da yoxdur ki, hesabat verim. Bəs Ona səcdələrimdə nə deyim, nədən danışım? Deyim ki, bağışla, İlahi, əmanətinə sahib dura bilmədik, dünyanı cəhənnəmə çevirdik? Deyim ki, qardaş-bacılarımızın ağrı-acısını görməzdən gəlib özümüzçün yeni xoşbəxtlik fəlsəfəsi düzəltmişik? Deyim ki, hamılıqla "idiot" olmuşuq? Bəlkə, bağışla, görüşünə əliboş gəlmişəm, deyim? Odur, ən abırlısı susmaqdır, susmaq və demək ki, susmağa gəldim! Susmaq ayıbını bilməkdirsə, gəlmək hələ də ümidliyəm, deməkdir. Gəlmişəm, yəni düzəlmək istəyirəm, dəyişmək istəyirəm; olsun, səhlənkaram, yarıtmazam, danışmağa üzüm yoxdur, lakin əsas odur ki, gəlmişəm, mən də gəlmişəm, Sənin qapındayam...”

 

Keçmişə çox bağlıdır. Ötən günləri tez-tez xatırlamağı xoşlayır. Mühafizəkar, milli adət və ənənələrə sadiq adamdır. Kəskin analitik düşüncəsi var. Ağlı, səbiri, iti zəkası ilə ən dolaşıq problemi həll etməyi bacarır. Risk etməyi xoşlamır. Nacə deyərlər, haram tikəyə əl uzatmır, ruzisini ənənəvi halal yolla qazanmağa üstünlük verir... 

 

“Pislərin tənqidinə ayırdığımız vaxtı yaxşıların təbliğinə ayırmış olsaydıq, yaxşılar pislərə çoxdan qalib gəlmişdi. Və yaxşıların sayı da artardı.”- söyləyir.

 

Rəhbərlik etdiyi QAPI Psixologiya Mərkəzində mühazirələr oxumaqla, oraya gələn gənclərin düzgün tərbiyələnməsində, maariflənməsində əhəmiyyətli işlər görür. Onun mühazirələrində iştirak edən bir gənc yazır:- “Bu gün İlqar Kamilin "Qapı" sında elə möhtəşəm, elə mənəvi bir tədbirdə olduq ki, hələ də təsirindəyəm. Dəyərli şəxsiyyətlərin, dostların mənəvi fikirləri sanki bir sübh mehi kimi ruhuma toxundu. Bu mənəvi meh qulağıma pıçıldadı ki, xoşbəxt olmaq üçün elə də çox şeyə ehtiyac yoxdur, sadəcə qazandıqlarınla kifayətlənsən yetər.”

 

Etiraf edim ki, İlqar Kamilin ərsəyə gətirdiyi kitabların heç birini oxumamışam, amma araşdırmalarımdan məlum oldu ki, bu kitablar haqqında mütəxəsis yazıları kifayət qədər mətbuatda yer alıb. Əslində, onun haqqında danışmağıma səbəb “Facebook” sosial platformasında paylaşdığı maraqlı fəlsəfi, psixoloji statusları oldu. Və onun qələmə aldığı bir şeirlə söhbətimi yekunlaşdırmaq istəyirəm:

 

“Mənə şikayət yaraşmaz, Allahım,

ayıb olar ki, deyim, 

sevmirəm mənə verdiyin bu həyatı;

niyə sevməyim ki?

Suallarım var sadəcə,

nə edim,

dərk etmirəm bu qəliz kainatı.

Sənə deməyəcəm ki, məsələn,

niyə ölür insanlar?

Sənə qovuşmaq üçün

niyə illah ki, ayrılmalıdır bədənlərdən canlar?

Niyə var axı hər başlanğıcın bir sonu...?!

Şikayət etməyəcəm, yox!

Deməyəcəm ki, İlahi, 

çox çətindi bizim üçün qurduğun bu həyat oyunu. 

Məni anlamazlığıma bağışla, Rəbbim,

dünyanla müqayisədə nə yaşım var ki mənim?

Nə olar, uşağlığımın əlindən tut

həftə-həftə, ay-ay, 

şübhə-şübhə, inam-inam böyüt məni;

mən dərdlərimi yerin dibinə pıçıldayıram

Sən göyün üzündə eşit məni.

Allah haqqı, düz sözümdü

sənə deməyəcəm ki, niyə axı,

belə-helə, filan, və sayir və ilaxır...

ağlayacam sadəcə

için–için susacam;

Sən onsuz da halımdan anlayacaqsan məni;

Mənsə qərar vermişəm:

bu gecə sabahacan özümü səcdəndən asacam!

İlahi, şikayət etməyəcəm şeytandan sənə;

deməyəcəm ki, 

indi səni sevmək çətin olub, yasaq olub.

Səni gizli-gizli

qaçaq kimi sevəcəm;

Bunu biləsən, 

böyüməyəcəm sevgidə

Səni həmişə uşaqlıqda atamı sevdiyim kimi,

Mahmud əminin ağacı boyda,

Səni 

uşaq kimi sevəcəm!

Əyrilərim çox olub, 

elə bilirsən bilmirəm?

Bağışla, İlahi, 

məni ömrümdə etdiyim bir-iki düzümə bağışla! 

Nə vaxtdı ki, 

necə, harda, kimdə olduğumu bilmirəm;

Bağışla, İlahi,

məni 

özümə bağışla...”

 

 “Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Ən dərin duyğular ən çətin anlarda yaşanır, var olur. O an gördüyün, duyduğun, toxunduğun hər şey fərqli hiss etdirir. Halbuki hər zaman fərqlisən, özəlsən. Ancaq çətinlikdə bir başqa “sən” baş qaldırır içində. Bu, səni həm güclü, həm də zəif hiss etdirir. Həyatın axarında çox şeyi olduğu kimi hiss etmir, görmürük. Ancaq bir çətinlik gəldimi – bir sarsıntı, bir itki, bir məğlubiyyət – sanki hər şey dəyişir.

 

Gördüyün, duyduğun, toxunduğun heç nəyi hiss etmirsən. Bu, səndə bir az qorxu, sarsıntı, bir az da ümidsizlik yaradır. Dibə batmış bir qayıq kimi hiss edirsən. Sanki bir zamanlar səni üfüqlərə daşıyan o qayıq indi yükün ağırlığı altında yorulmuş və suya təslim olmuşdur. Duyğuların, düşüncələrin, xatirələrin bir-birinə qarışıb. Hər şey su altından baxılırmış kimi bulanıq görünür. Sən isə susub səssizliyə çəkilirsən. Sözlərin boğazında düyünlənir. Və anlayırsan ki, ən böyük fırtınalar xaricdə deyil, daxilində, içində baş verir. Amma bəlkə də bu səssizlik bir başlanğıcdır. Bəlkə də hər şeyin dibindən başlanır həqiqi yüksəliş?

Bəzən dibi görmədən üzdə qalmaq mümkün olmur. Qayıq dibə batmış ola bilər, ancaq sənin içində yenə də üfüqlərə doğru yol almaq istəyən bir “sən” var. Sadəcə o səsi dinləmək və o işığı taparaq yol almaq qalır.

Sən də özünü itirmədən özünü tapmağa çalış...

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

İngilis futbolu şahlanır, 

alman və italyan futbolu dirənir, 

fransız futbolu potensialını sistemə çevirə bilmir, 

ispan futbolu isə…

 

Avropa futbolunun ən prestijli səhnəsi – UEFA Çempionlar Liqası – bu mövsüm də sadəcə turnir deyil, eyni zamanda futbol fəlsəfələrinin və yönətim modellərinin qarşıdurma meydanına çevrilib. Topun qapıya deyil, necə deyərlər, sistemə getdiyi bir dönəmdə artıq təkcə istedad deyil, struktur, motivasiya və sabitlik də həlledici rol oynayır. Bu kontekstdə baş verənləri bir qədər incələməyə çalışaq.

 

İngilis futbolu: 

 

Pul puldur amma plan və praqmatika daha önə çıxır

 

Uzun illər “fiziki futbol” və “böyük pullar”la tanınan İngiltərə Premyer Liqası indi planlı çağdaşlaşmanın mərkəzinə çevrilib. “Manchester City” və “Arsenal” bu yeni fəlsəfənin qabaqcıl təmsilçiləridir. Qvardiolanın sistemi artıq sadəcə oyun yox, sanki ritm və qrafika/dizayn yaradır. Arteta isə gənc oyunçularla klub sistemini yenidən düzənləyir – yalnız taktiki yox, həm də psixoloji olaraq…

Ən önəmlisi, bu klublar indi transfer bazarında “ulduz” axtarmır – sistemə uyğun profil axtarırlar. Qazanılan uğurlar da məhz bu zehniyyətin nəticəsidir. İngilis futbolu hazırda Avropada təkcə sürətlə deyil, futbol texnologiyası ilə irəliləyir.

“Eyni rəndədən çıxmış” alman və italyan futbolu: dirəniş & dönüş

 

Almaniya: dəqiq, amma ruhsuz

 

Alman futbolunun struktur və intizamı tarixən örnək olub; lakin bu gün “Bayern Munich” kimi nəhənglər sabitlikdən uzaqdır. Tuçel başqanlığındakı sistem nə kollektivə, nə də fərdi oyunçulara uyğun gəlir. Bununla belə Alonso və “Bayer Leverkuzen” fenomeni Almaniyada yeni futbol nəslinin doğulmaqda olduğunu göstərir. Bu futbol texniki, sürətli və kreativdir – yəni alman futbolunun gələcəyidir.

 

İtaliya: keçmişin kodlarını yeniləyənlər

 

İtaliya, “qapı kilidi”ndən (catenaccio”dan) çıxıb strukturlaşmış hücumlara yönəlir. “İnter” və “Napoli”artıq yalnız müdafiə ilə deyil, oyunun yönətimi ilə də fərqlənir. Taktika yenilənir, amma riskalma vərdişi hələ tam oturuşmayıb. İtalyan futbolu ayılmaq üzrə olsa da, oyanışın hansı yöndə irəliləyəcəyi hələ tam bəlli deyil.

 

Fransız futbolu: 

ilham var, sistem yoxdur…

 

Fransada istedad qıtlığı yoxdur – əksinə, bəlkə də Avropanın ən çox “xam” oyunçusu bu ölkədən çıxır. Ancaq sistem yoxdursa, bu ilhamlı oyunçular dərhal ixrac edilir və sonuc – içəridə sabitsizlik yaranır. “PSG” bu məsələdə həm istisna, həm də örnəkdir. Enrikenin “PSG”si artıq “superulduzlar sirki” deyil – o, komanda sisteminə keçid axtarışındadır. Mbappenin bu sistemdə qalmayıb da getməsi isə sadəcə transfer deyil – bir fəlsəfə seçimi sayılır.

 

İspan futbolu: 

yorğunluq və nostalgiya

 

İspan futbolunun keçmiş “parıltısı” indi kölgə kimi uzanır. “Tiki-taka” öyrədici, bəlkə də poetik idi amma artıq zamansızdır. “La Liga”nın ümumi səviyyəsi enib. “Barcelona”hələ də borc bataqlığında çabalayır, “Atletico Madrid” isə transformasiya edə bilmir ki bilmir...

 

“Real Madrid”: 

gedənlər hələ getməyib, gələnlər tam gəlməyib

 

Ən çox sual doğuran isə “Real Madrid”in bu mövsümdəki durumudur. Əslində kağız üzərində hər şey var – gənclik (Bellingham, Vinicius, Tchouaméni), təcrübə (Modrić), liderlik (Ançelotti), irs və motivasiya; amma praktiki səviyyədə bunlar bir sistem halına düşə bilmir...

Bu, sadəcə seleksiya problemi deyil. Bu, uğurdan doğan yorğunluq, təzələnmə ehtiyacının ertələnməsi və taktiki qarmaqarışıqlıqdır. Arda Güler kimi oyunçuların hələ də ehtiyatda saxlanması bu təzələnmənin nə qədər gecikməli aparıldığını göstərir.

“Real Madrid” gələcəkdə yenə zirvədə ola bilər - amma bu dəfə inersiya ilə - “avtomatik olaraq” yox, yalnız “özünü yenidən kəşf edərək”…

“Arsenal”a hər iki oyunu ümumi 1:5 hesabıyla uduzaraq Çempionlar Liqasını erkən tərk etmək isə hazırkı “Real”ın alın yazısı, müqəddaratıdır.

 

Sonuc

 

Avropa futbolunda “sabit güc” anlayışı dəyişir. Artıq taktika, texnologiya, psixologiya və planlama bir araya gəlməlidir. Bu mövsüm Çempionlar Liqası yalnız qalibi müəyyən etməyəcək. O, eyni zamanda gələcəyin futbol xəritəsini də çəkəcək.

 

Və bu xəritədə görünür ki:

İngilis futbolu yüksəlişdədir – idarə olunur;

Alman futbolu dirənir – yenilənir;

İtalyan futbolu döyüşür – keçidlə;

Fransız futbolu potensialdır – lakin dağınıq;

İspan futbolu isə – gözləyir… - bəlkə də tənəzzülü.

 

Bəs bu proseslərin sonunda kim qalib gələcək? - Cavab bəlkə də tək bir klubun adı deyil, tək bir sistemin gələcəyini ifadə etməli…

Gün olsun - çox gec olmadan 

Avropada Azərbaycan, Qazaxıstan, 

Dünyada Türkiyə, 

Asiyada Özbəkistan futbolunun parlaq sonuclarından danışalım.


“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

Joldubek Kaçkınbayev, “Ədəbiyyat və incəsənət” portalının Qırğızıstan təmsilçisi

 

Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun əsəri əsasında hazırlanmış “Raymalı və Begimay” etno-musiqili tamaşa ilk dəfə Bişkekdəki Milli Filarmoniyada tamaşaçılara təqdim olunur.

Bu festival Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin dəstəyi ilə keçirilir.

 

“Bu əsəri tamaşaya qoymaqda böyük bədii məziyyəti ilə yanaşı, məqsəd qırğız xalqının dünyagörüşünü, mədəni dəyərlərini, adət-ənənələrini, dilini cəmiyyətə geniş şəkildə tanıtmaq və onu maarifləndirmə vasitəsi kimi gənclər arasında yaymaqdır”, - nazirliyin məlumatında deyilir.

Bu əfsanə Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanında danışılır. Müəllif ikinci əfsanədə hələ açılmamış on güldən biri olan Raymalı ilə Begimayın sevgisini təsvir edir. Müəllif bütün insanlara xas olan ümumbəşəri məhəbbət duyğusunun Raymalının, gəncliyinə baxmayaraq, Begimanın da eyni dərəcədə ruhuna sahib çıxdığını əfsanə vasitəsilə göstərmək istəyib.

Musiqiliəsər xalq sevgisinə baxmayaraq, qəddarlığı dözülməz hala gələn kiçik, nadan cəmiyyətin qurbanı olan sevgililər Raymalı və Begimayın mürəkkəb taleyini təsvir edir.

Layihənin müəllifi və rejissoru Qırğızıstan Respublikasının xalq artisti Qırğızbay Osmonov, librettosunu isə Qırğızıstan Respublikasının xalq şairi Aaly Tutkuçev yazıb. Rejissor Aynurə Kaçkınbek qızıdır.

 

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

 

 

Böyük Mirzə Şəfi Vazeh (1794-1852) Azərbaycan klassik poeziyasında xüsusi yer tutur. Azad Yaşar ötən il onun çap edilməmiş lirik şeirlərini təqdim etdi. Onların sayı 65 idi. 11 gün ərzində sizə tam 65 şeir təqdim ediləcək.


 

Sirli toxunuşunla çevirərsən bir anda

Nəğməni – adi sözə,

adi sözü – nəğməyə...

 

2023-cü ilin ilin noyabrında görkəmli şair, xəttat və pedaqoq Mirzə Şəfi Vazehin vəfatının 160-cı ili tamam oldu. Bu ildönümüylə bağlı oxucuların diqqətinə təqdim etdiyim silsilə şeirlər Fridrix fon Bodenştedin 1851-ci ildə Almaniyada nəşr olunan “Mirzə Şəfinin nəğmələri” kitabına salınmışdı.

Nüfuzlu dilçilərimizdən Fəxrəddin Veysəlli və Yusif Savalan tərəfindən edilən sətri tərcümələr əsasında onları yazıldığı vaxtdan təxminən 180 il sonra ədəbi irsimizə təkrar qazandırmağa çalışdım. Bu mətnlər M.Ş.Vazeh irsindən çevirdiyim 270 şeirin hələlik çap olunmayan qisminə daxildir.

 

Azad YAŞAR

 

1

 

Nədən qaşqabaqla, tənəli sözlə

axı qarşılayar gözəl yar məni?

Nə bilsin eşqinə təşnəyəm onun?!

Odur ki tikanla dalayar məni.

 

Sonra ürkək-ürkək könlümü alar,

gizlicə göstərər mənə butasın.

Ardından gülünə qovuşmaq keçər

könlümdən... Alaram onun qadasın!

 

Qızılgül qarşımda bükər boynunu,

istəyər əyilim qoxlamaq üçün.  

İçimi məhəbbət seli bürüyər,

artar qətiyyətim, ümidim, gücüm. 

 

Müqəddəs eşqinə can ataram mən,

safdır içimdəki niyyətlər, hisslər.

Sənə həsr etdiyim bu söz çələngi

içində misilsiz rayihə gizlər.

 

Nəğməmə qulaq ver,

ona qarışan

könlümün sevinci, iztirabıdır.

Fərq etməz – buta ol, gül ol, tikan ol...

Səndən tək umduğum –

“hə” cavabıdır.

 

 

2

 

Turactək önümdən səkib keçəndə

olan-qalan ağlım çıxır başımdan –

sənin xaliqinə deyirəm: “Əhsən!”

Könlümdə qövr edən yaralara da

umuram o narın, ipək əllərlə

bir məlhəm qoyasan, çarə edəsən.

 

Qönçə dəhanına heyrandır gözüm,

deyirəm: “Yəqin ki, nazənin yarım

bir şirin busəni çox görməz mənə”.

İçində qaynayan şəhvət, ehtiras

baxar gözlərindən...

Bunu arif kəs 

anlayar bir kərə baxsa üzünə.

 

Gəl mənə çox görmə inayətini,

Aşiqlər içində, inan, gözəl yar,

səni mənim qədər sevəmməz heç kəs.

Bir az qulaq versən nəğmələrimə,

etiraf edərsən:

Hüsnünü kimsə

bu bağrıyanıqtək vəsf edə bilməz!

 

 

3

 

Ürəyim qanad taxıb daim uçur göylərdə

sənin o gül hüsnünə aşiq olandan bəri.

Çıxdıqca eşqimizin çətin sınaqlarından

şahin könlüm özünə məskən seçib göyləri.

 

Fəvvarətək göylərə yüksələndə ürəyim

ondakı məğrurluğu anlayıram o ara.

Ancaq hər dəfə təkrar qayıdınca geriyə,

o qovuşur içində çırtlayan arzulara.

 

 

4

 

Niyə çəkinirsən, niyə qorxursan

yanımdan keçəndə... sən ürkək-ürkək?!

Hər sığal çəkəndə gur saçlarına

səni sevib qucmaq diləyər ürək. 

Könlümdə qövr edən ehtiyacımı

sən məndən də yaxşı biləsən gərək.

Belə yazılıbmış bəxtim əzəldən,

yazımı dəyişmək gəlməz ki əldən...

 

Allaha bağlıyam ürəkdən, candan,

ömür bələdçimdir mübarək Quran.

Canımda nə qədər can var, bunu bil,

səni sevəcəyəm, səni, ey canan.

Eşqim daha betər yanar, odlanar

əğyarın qurduğu fitnə-fəsaddan.

Belə yazılıbmış bəxtim əzəldən,

yazımı dəyişmək gəlməz ki əldən...

 

De, gül, qəm-qüssəni dumantək dağıt,

pünhan dərdim sənə əyan deyilsə.

Könül necə aram tapar, dayanar –

şübhə qoşun-qoşun üstünə gəlsə?!

Neylərəm şəkk etsə sədaqətimə?!

Məni başqasının aşiqi bilsə?!

Belə yazılıbmış bəxtim əzəldən,

yazımı dəyişmək gəlməz ki əldən...

 

Gəlmişəm vəslinin ümidi ilə,

çıxmışam yollara, nə ola-ola.

Gözümə durmayıb yarın yolunda

nə çətin əzablar, nə xəta-bəla.

Başqa aşiq gəzmə,

sən məni yetir

umduğum o uzaq, şirin vüsala.

Belə yazılıbmış bəxtim əzəldən,

yazımı dəyişmək gəlməz ki əldən...

 

Oxu bu yazdığım nəğməni, oxu,

qapıl cəzbəsinə onun bir ara.

Qoy səni qoparsın qara torpaqdan,

aparsın o “cənnət” adlı diyara.

Orda sən fərqli bir səadət ara,

mən burda hicranla çəkilim dara.

Belə yazılıbmış bəxtim əzəldən,

yazımı dəyişmək gəlməz ki əldən...

 

Səhər mehi necə əsir, titrədir

çəməndə açılan qönçəni, gülü,  

eləcə titrəyir nazənin yarın

nəğməmi dinləyən hissləri, könlü.

Güllərlə nəğməmin ətridir bizi

qopmağa qoymayan, sımsıx hörülüb.

Belə yazılıbmış bəxtim əzəldən,

yazımı dəyişmək gəlməz ki əldən...

 

 

5

 

Şikayətlənirdi mənə bu gün bağda qızılgül:

“Zərif ləçəklərimə baharın bəxş etdiyi

ətir tez uçub gedir...”

“Bunu heç dərd eləmə, – deyib təsəlli verdim:

– Hopduraraq o ətri hər şeirimə, misrama,

yaşadaram əbədi”.

 

 

6

 

Çəməndən dərdiyim tər çiçəklərdən

çələng hörmək mənə heç gəlməz çətin.

Kədərli, sevincli olmam fərq etməz –

duyaram hər sözün gücün, siqlətin.

 

Hakim kəsildikcə öz hisslərimə

zövqlə yaşayıram ömrün hər dəmin.

Durur xidmətimdə, itaətimdə

pərilər, çiçəklər, ruhlar aləmi.

 

Busəndən qaynayıb coşanda qanım

düşürəm taleyin burulğanına:

bir anım uzanıb min ana dönür,

min ləzzət sığışır həmin bir ana.

 

Şaqraq ötən bülbül kimi mənim də

içimdə boğulur şirin avazım.

Hüsnündən aldığım zövqün gücündən

nəğməyə çevrilmir şux ehtizazım.

 

Günəşin şaxıyan, qızmar çağında

kim ona rahatca baxmaq dilər ki?!

Aləmi qovurub yaxanda günəş

kim onun gözünə baxa bilər ki?!

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

 

Cümə, 18 Aprel 2025 14:04

XARİCİ FİLMLƏR - "Hörümçək adam"

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

 

2002-ci ildə rejissor Sem Reyminin ekranlaşdırdığı "Hörümçək adam" filmi barədə danışmaq istəyirəm. Marvel Comicsin eyniadlı personajının mənşə hekayəsindən bəhs edən ABŞ superqəhrəman barədə filmdən.

 

Nyu-Yorkda yaşayan filmin qəhrəmanı Piter Parker, ali məktəb tələbəsidir və o, Hörümçək-adamın super güclərini əldə etdikdən sonra cinayətkarlığa qarşı mübarizəyə başlayır. Filmdə Kirsten Danst Piterin romantik münasibətdə olduğu Meri Ceyn Uotsonu, Uillem Dafoe Piterin düşməni olan Norman Osborn və ya gizli adı ilə Yaşıl qoblini, Rozmari Harris və Kliff Robertson Mey xala ilə Ben əmini, Ceyms Franko Piterin ən yaxın dostu Harri Osbornu, Conatan Simmons "Daily Bugle" qəzetinin baş redaktoru və nəşriyyatçısı Cey Cona Ceymsonu canlandırıb.

Piter Parker cavan məktəbli botanikdir. Onun yalnız yaşlı dayısı və xalası vardır. Piteri məktəbdə hamı ələ salır. Onunla yalnız varlı məktəbli Harri Osborn dostluq edir. Piterin isə Meri Ceyn Uotson adında qız dostu var və ona aşiqdir. Onunla bərabər Harri də Meriyə aşiqdir. Piter Parkerin həyatı bir gün bir hörümçək tərəfindən dişlənilməsiylə tamamilə dəyişir. Çünki bu hörümçək sıravi bir hörümçək deyil, genetik olaraq özəlliklə inkişaf etdirilmiş, elmi məqsədlərlə istifadə edilən bir təcrübədir. Bir müddət keçdikdən sonra Piterdə dəyişiklər baş verir. Piter əlindən gözlənilmədən hörümçək toru çıxarmağa başlayır. Beləliklə, Piter "Hörümçək-adam" kimi formalaşır. Piter boş vaxtlarında "Hörümçək-adam" adlı qəhrəmanının şəklini və geyimini yaradır. Bir neçə müddət sonra Piter insanları oğrulardan xilas edən qəhrəmana çevrilir.

Piterin tanıdığı Harri Ozbornun atası olan Norman Ozborn elm adamıdır. Norman müxtəlif təcrübələrlə məşğul olur. Bir gün gecə vaxtı uğursuz təcrübədən sonra onun əməkdaşı ölür. Lakin özü sağ qalaraq qəribə varlığa "Yaşıl qoblin"ə dönür. Zaman keçdikcə həmin varlıq insanları ələ keçirməyə başlayır. Bu müddətdə qəhrəman "Hörümçək-adam" insanları xilas etməklə məşğuldur.

Quldurlardan biri Piterin dayısı Ben Parkeri öldürür. Piter isə bir müddətdən sonra qaydasız döyüş üzrə çempion olduqdan sonra döyüş meydanını tərk edərkən gözlənilmədən həmin quldura polislərdən qaçmağa kömək edir. Lakin sonradan Piter başa düşür ki, bu quldur onun dayısının ölümünə səbəb olub. Bu səbəbdən quldur binada olarkən Piter onu binadan yerə atır. Bu hadisədən sonra Piter başa düşür ki, onun əsas vəzifəsi cinayətkar aləmi ilə mübarizə aparmaqdır.

Vaxt keçdikcə "Yaşıl qoblin" Piterin sevdiyi qızı Meri Ceyni və funikulyor ilə birgə uşaqları ələ keçirir. "Hörümçək-adam" onun yanına gələn zaman "Yaşıl qoblin"dən ələ keçirdiyi insanları buraxmağı tələb edir. Lakin "Yaşıl qoblin" onun qarşısına iki məqsəd qoyur: Ya "Hörümçək-adam" sevdiyi qızı xilas etməli, ya da uşaqları xilas etməlidir. "Hörümçək-adam" həm Merini, həm də uşaqları xilas edir. Bu zaman "Hörümçək-adam" və "Yaşıl qoblin" arasında kəskin mübarizə başlayır. "Hörümçək-adam" çətinliklə də olsa mübarizədən sağ çıxır. "Yaşıl qoblin" Normana dönən zaman Piterə bu hadisənin oğlu Harriyə söyləməməsini istəyir və bu zaman ölür.

Bu hadisə bitdikdən sonra Nomran qəbirdə basdırılır və Piter Harriyə bu haqda heç nə söyləmir. Harri isə ona deyir ki, atasının intiqamını "Hörümçək-adam"dan mütləq alacaqdır. Piterin sevgilisi Meri onun iki həyatlı insan olduğunu zənn edir.

 

Film bol suallarla bitir. Bu suallar isə ona görə açıq qalır ki, filmin davamı olan "Hörümçək-adam -2" çəkilsin. Əgər insanlar həvəslə kinoteatrları doldururlarsa, əgər kassa gəlirləri yüz milyonları ötüb küçirsə, niyə də çəkməsinlər ki?

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

Avstraliya İttifaqında fəaliyyət göstərən ilk Azərbaycan musiqi qrupu olan “AYTAY”ın Sidney şəhərində konserti keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konsertdə Azərbaycanın bəstəkar musiqilərindən ibarən ifalar və Əməkdar artisti Sevinc Hüseynlinin ifasında rəqslər nümayiş olunub.

Tədbirdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Vaqif Cəfərov, Sidney, Kanberra, Melburn və Brisben şəhərlərindən diaspor nümayəndələri qatılıblar.

Qeyd edək ki, Avstraliyada AYTAY musiqi qrupunun əsası 2017-ci ildə güneyli soydaşımız Aslan Şərifi tərəfindən qoyulub. 2024-cü ildən başlayaraq qrupun Brisben və Melburn şəhərlərində konsertləri keçirilib.   

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

22 -dən səhifə 2148

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.