ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məsum Cabbarpurdur.

 

Məsum Cabbarpur

Təbriz

 

İLK YARANIN AĞRISI CAN ALIR

 

Gəl...

Yaraların zülmün görürsənmi?!

Artıq

Toxtamaz, heç bir ağrı kəsici ilə

Nurofen

Kodeinlər

Bütün uyuşdurucular

Bir böyük etirafa məcbur

Acizlik!

Mazoxisti bir dəlilik

Yalnız

Yeni bir yara axtarır

Bu günlər...

 

Gəl

Axsın çirkinliklərə

Volqan kimi püskürən qan

Lap doğrusu!

Yaralar

Beşiyinin bağrına qısılıb

Cığcığasız

Boy atır

Didməyə canları can atır

Beşik tovlanır

Bir yuxu kimi

Ana öpücükləri

Cücərdi yaralı ağrılara

“Öpsəm toxtar”

İndisə

Təbriz boyda

Ağrı, darıxma sancılıb

Saçımın telbətel sancmağına

Gahdan çarəsizliyə məhkum –

Ölümə çarəsiz olduğu kimi!

Yaranın ağrısı

Can alır

Gəl...

 

“Ədəbiyyat və incəsənət”

 (22.04.2025)

 

Çərşənbə axşamı, 22 Aprel 2025 09:02

Özbək futbolunun uğur modeli

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

Dünənki U-17 Asiya Kuboku final qarşılaşmasında qardaş Özbəkistanın komandası ədalətsiz (yaxud dartışmalı) sayılacaq hakim qərarlarına baxmayaraq, Səudiyyə Ərəbistanını 2:0 hesabı ilə məğlub etdi. - İki qırmızı vərəqə alıb sayca azlıqda qalıb qalib gəlmək – bax, bu, yalnız idman uğuru deyil, həm də milli idman siyasətinin öz bəhrəsini verməsinin parlaq göstəricisidir;

 

Lakin bu uğuru yalnız bir oyunun çərçivəsində dəyərləndirmək səthi baxış olardı. - Elə deyilmi?

Əgər elədirsə,gəlin bu qələbənin kökünü axtaraq. -

Baxışımızı bir qədər geriyə, 2010-cu illərin sonlarından başlayaraq Özbəkistanda idman, o cümlədən futbol sahəsində həyata keçirilən geniş struktur islahatlarına yönəltsək, durum daha aydın görünər:

-Bölgələr üzrə idman akademiyalarının qurulması;

-Seçilmiş xarici uzmanların (necə deyərlər, öhdəliklərlə) işə cəlb olunması;

-Daxili çempionatların gənclərin inkişafına yönəlik yenilənməsi;

-İdman təhsili, sosial təşviq siyasətinin təkmilləşdirilməsi və s.

 

Bu islahatların fonunda artıq özbək futbolunun lokomotivi sayılan “Paxtakor” klubunun örnəyi ayrıca vurğulanmalıdır.

 

“Paxtakor”

 

Bizim keçmiş SSRİ dönəmində Türküstandan tanıdığımız iki klubdan biri Daşkənd “Paxtakor”u (digəri Almatı “Kayrat”ı) idi. O, müstəqil Özbəkistanda yalnız bir klub yox, futbol laboratoriyası, liderlik məktəbi və federasiya ilə koordinasiyalı çalışan bir modeldir. Bu komanda uzun illərdir:

Ölkə çempionatında qabaqcıllıq edir;

Asiya Çempionlar Liqasında (AFC Champions League) sabit çıxış edir;

Gənc oyunçuların A milli komandaya ötürülməsində önəmli rolunu oynayır.

Uğurları:

Özbəkistan liqası: 16 dəfə

(1992, 1998, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2012, 2014, 2015, 2019, 2020, 2021, 2022, 2023);

Özbəkistan kuboku: 13 dəfə

(1993, 1997, 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2009, 2011, 2019, 2020);

Özbəkistan super kuboku: 2

(2021, 2022);

 

Sovet 1-ci liqası: 1 (1972; əgər 11.08.1979-cu ildə Minskə yollanan “Paxtakor” komandası Ukrayna göylərində uçaq qəzasına düşməsəydi, yəqin başqa uğurları da olacaqdı)…

MDB kuboku: 1 (2007);

Bundan başqa,

onlar 1967-ci ildə isə SSRİ kuboku ikincisi olub;

2003 və 2004-cü illərdə Asiya Çempionlar Liqasının yarımfinalına yüksəliblər.

Bu klubun təkcə oyun üslubu deyil, idarəetmə strategiyası və seleksiya siyasəti də artıq beynəlxalq futbolda diqqət çəkir. “Paxtakor” akademiyasından çıxmış gənclərin bir çoxu bu gün millidə əsas heyətə çevrilib.

 

Milli komanda – “ölkənin güzgüsü”

 

Özbəkistan milli futbol komandası son illərdə öz oyun fəlsəfəsini dəyişməkdə və Avropa futbolunun ritminə uyğunlaşmaqda uğur qazanır. Yalnız fiziki güc və taktika yox, psixoloji hazırlıq və intizam da önplandadır. Son yarışlarda:

Komanda FİFA reytinqində yüksəlir;

Tək fərdi bacarıqlarla yox, komanda oyununda effektivliklə fərqlənir;

Yarış meydanlarında artıq “gözlənilməz komanda” yox, hesablaşmalı rəqib kimi tanınır.

Bu gün U-17 komandası nə qədər ümidvericidirsə, A milli komanda da bir o qədər usludur, dözümlüdür, realistdir.

 

Bəs bütün bunlar qardaşlarımızı hara aparır?

Əgər bu inkişaf templəri davam edərsə:

Özbəkistan 2030-cu illərdə Asiya futbolunun aparıcı güclərindən birinə çevriləcək;

“Paxtakor” tipli klub modelləri daha çox bölgəyə yayılacaq;

Özbək gəncləri beynəlxalq arenada artıq şok yox, sistemli nəticə təqdim edən simalara çevriləcək.

 

Zəruri xatırlatmalar:

 

Futbol İnkişaf Proqramı (2018–2022): Özbəkistan Futbol Assosiasiyası (UFA) 2018-ci ildə futbolun inkişafı üçün genişmiqyaslı proqram qəbul edib. Bu proqram çərçivəsində infrastrukturun təkmilləşdirilməsi, regional akademiyaların yaradılması və gənc istedadların yetişdirilməsi məqsədi güdülüb.

Futbol akademiyalarının məhsulları:

akademiyaların yetişdirdiyi istedadlı futbolçuların bəziləri sonradan müxtəlif beynəlxalq klublarda çıxış edib.

Özbək futbolçularının qlobal arenaya çıxışı -

Abdukodir Xusanovun transferi:

20 yaşlı müdafiəçi Abdukodir Xusanov 2025-ci ilin yanvarında Fransanın “Lens” klubundan İngiltərənin “Manchester City” klubuna 40 milyon avro qarşılığında transfer olunub. Bu transfer, Xusanovun Premyer Liqada çıxış edən ilk özbək futbolçu olması ilə tarixə düşüb.

 

Digər beynəlxalq transferlər:

Özbək futbolçuları artıq müxtəlif ölkələrin liqalarında çıxış edirlər. Məsələn, bəzi oyunçular Banqladeş Premyer Liqasında müxtəlif klublarda oynayırlar.

 

Haşiyə:

 

Əslində, mən bu uğur formulunu, ölkə Prezidenti İlham Əliyevin illər öncə Azərbaycan Milli Olimpiya Komitəsinə prezident seçilməsi nəticəsində o illərdə qazandığımız uğurlara bənzədirəm. Biz o illərdəki uğurları davam və inkişaf etdirmək gücündəyik. MOK-un uğurlarını, Prezidentin idmana qayısını düzgün incələyə, dəyərləndirə bilənlər işbaşında olsa, futbolumuz da inkişaf edər, digər idman növlərimiz də illa inkişaf edər.

“Qarabağı azad edə bilməzsiz”, “Xocalıya girə bilməzsiz”, “Xankəndidə bayraq qaldıra bilməzsiz”, “Qazaxın kəndləri getdi işinin dalınca” deyən ağzıköpüklü zehniyyətsizliyi qətiyyən qəbul etmədiyimiz kimi,

Qarabağa “Böyük Qayıdış”ı icra etdiyimiz kimi,

Dünya Kosmos Ailəsinin üzvü olduğumuz kimi,

Qoşulmama Hərəkatına qoşulub, bu hərəkatı yüksəltdiyimiz kimi,

Avropa Musiqi Yarışmasında (Eurovision) tarix yazdığımız kimi,

Bircə “gümüş”lə təsəlli tapdığımız MOK uğurlarının əyarını qaldırdığımız, üfüqünü genişləndirdiyimiz kimi…

Azərbaycan futbolunu da qabaqcıllar sırasına çıxardarıq əvəl-Allah!

Azərbaycan futbolunda “Qarabağ”, “Turan” klubları və AFFA-nın bəzi təşəbbüsləri kimi müsbət örnəklər mövcuddur;

 

Təkliflər:

 

Uğurlu təcrübələrdən ilham alaraq, bölgələrdə futbol akademiyalarının inkişafına diqqət yetirmək;

Xarici uzmanlarla işbirliyi edərək, yerli məşqçilərin və futbolçuların təcrübəsini artırmaq;

Çağdaş təlim-məşq bazaları yaratmaq və mövcud infrastrukturu yeniləmək.

 

Sonuc

“Paxtakor”un akademiyası,

U-17-nin nizamlı oyunu,

A milli komandanın yüksəlişi və

“Paris-2024”də özbək olimpiyaçılarının qazandığı uğurlar (8 qızıl, 2 gümüş, 3 bürünc - toplam 13 medalla (91 medal qazanan ölkə içrə) 13-cü yer)

– bunlar eyni ağacın budaqlarıdır. Ağacın kökü isə milli ruh və düzgün idarəçilikdir. Beləliklə,

 

Özbək futbolu bu gün fiziki meydanlarda deyil, həm də fəlsəfi səviyyədə qalib gəlir. Gələcəyin böyük turnirlərində bu günün gəncləri Özbəkistanın adını futbolun xəritəsinə qızıl hərflərlə yazmağa hazırlaşır.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

 

 

Çərşənbə axşamı, 22 Aprel 2025 08:32

Azərbaycanlılara "azəri" demək doğrudur?

Dr. Seymur Nəsirov, Qahirə Universitetinin müəllimi, “Ədəbiyyat və incəsənət” üçün

 

“Azərbaycanlılara "azəri" demək doğrudur?” Bu sualın cavabı bir termin məsələsindən daha artıqdır – bu, kimliyimizin, tariximizin və özümüzə olan münasibətimizin göstəricisidir.

Bu yazıda "azəri" sözünün mənşəyi, “azəri”, “azribi”, “azərbaycanlı” sözlərinin eyni məna bildirməsini izah etmək istərdik. Həm tarixi faktlara, həm də müasir yanaşmalara əsaslanaraq bildiririk ki, bu termində əslində heç bir ziddiyət yoxdur.

 

Əslində insanları çaşdıran təbrizli Əhməd Kəsrəvinin 1921-ci ildə "Azəri ya Zəban-Bastane Azərbaycan" adlı əsəridir. Müəllif bu əsərində azərbaycanlıların türk yox, “azəri” adlı ayrı bir millət olduqları fikrini irəli sürüb. Kəsrəviyə görə, Azərbaycan dili türk dilləri ailəsinə mənsub deyil, İran mənşəli bir dildir. Azərilər Səlcuqluların İrana gəlməsi ilə türkləşməyə başlayıblar. Kəsrəvinin bu fikrini daha çox gündəmə gətirən isə türkiyəli tarixçi İlbər Ortaylı olmuşdur. Kəsrəvinin bu səhv fikrinə qarşı alimlərimiz tərəfindən bundan öncə elmi məqalələr də yazılmışdır.

Kəsrəviyə görə, Araz çayından şimaldakı ölkə tarixin heç bir dövründə Azərbaycan adlanmayıb. Bu ölkəyə “Azərbaycan” adı Məhəmməd Əmin Rəsulzadə tərəfindən verilib. Bu əsassız iddianı tarixi qaynaqlar alt-üst etməkdədir. 

Hətta Peyğəmbərin s.ə.a.s səhabələri dövründən bəri bizə “azəri”, “azribi” deyilib. Mənim apardığım tətqiqatlardan aldığım nəticə də bunları göstərir, 11 əsr  (892-ci il) bundan əvvəl ibn əl- Fəqih "Əl-Buldən" kitabında yazır ki, Bərdədən Zəncana qədər Azərbaycan torpaqlarıdır. O bu torpaqlarda olan Gəncə, Beyləqan, Marağa, Nəriz, Təbriz, Urmiyə və s. şəhərlərin adlarını bir-bir çəkir (bundan başqa çoxsaylı ərəb mənbələri var ki, bütün bu ərazilər Azərbaycan kimi qeyd olunub).

Kəsrəvi isə iddia edir ki, bugünkü müstəqil Azərbaycanın əraziləri heç vaxt Azərbaycan adlanmayıb. Bu iddia tamamilə yanlışdır, dəlili, sübutu olmayan iddiadır.

Bu yalnış iddiaya görə indi insanlar tarixi irsindən imtina edir. Biz niyə öz tarixi irsimizdən imtina etməliyik? “Azəri” təxəllüsü olan çox sayda alimlər olub: Əbu Abdullah əl-Azəri, Məhəmməd bin Əhməd əl-Azəri, Əl-İmam əbu Əmr əl-Azəri və s. Bütün dünya xalqları bizə “azəri” deyiblər. Pakistanlılar, ərəblər (22 ərəb ölkəsi), türklər, farslar bizə “azəri” deyib. Biz tariximizdən, tarixi əsərlərimizdən, keçmiş görkəmli şəxsiyyətlərimizdən, irsimizdən necə imtina edə bilərik?! 

Türkiyədə Azərbaycan haqqında çoxlu sayda Azəri adı altında kitab və məqalələr  yazılmışdır. Hələ Azərbaycan şair və yazıçılarının Azəriyəm adında şeirləri və öz əsərlərində Azərbaycanlıları Azəri kimi qeyd etmələrini demirəm.

Əslində bu nəzəriyyə elə tam bizi sevməyənlərin işinə yarayır ki, “burda heç zaman Azərbaycan olmayıb” deyə təbliğat aparsınlar.

Açığını deyim, əvvəl bunu deməyə tərəddüd edirdim. Gördüm, yox, artıq biz tarixi irsimizdən imtina etməyə başlamışıq. Xalq yavaş-yavaş bu boyda tarixi irsi başqa xalqlara, ölkələrə sanki hədiyyə edir.

Biz bu gün əksinə, milli kimliyimiz, azərbaycançılıq məfkurəmiz üçün bütün dünya arxivlərində Azərbaycanla bağlı nə varsa, onları tapıb ortaya çıxarmalı, öz tarixi irsimizə sahib çıxmalı, Vətənimiz üçün azərbaycançılıq ideyası ətrafında birləşməliyik.

Əlbəttə, bu o demək deyil ki, biz bundan sonra özümüzə yalnız azəri deməliyik. Xeyr. Bu gün hamımız özümüzü azərbaycanlı kimi təqdim edərək, eyni zamanda bizə mənsub olan tarixi adlarımızı sevərək, ona sahib çıxmalıyıq. Vətən sadəcə bir torpaq kütləsi deyil, Vətən insanın ruhudur. Onu sevmək imandandır. 

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

 

 

 

 

 

 

Çərşənbə axşamı, 22 Aprel 2025 08:00

DÜNYAGÖRÜŞÜ - Üzv olduğumuz beynəlxalq təşkilatlar:

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Dünyagörüşü” rubrikasında bu gün sizlərə üzv olduğumuz beynəlxalq təşkilatlar barədə söz açacağıq.

 

Üzv olduğumuz beynəlxalq iqtisadi təşkilatlar:

 

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT),

AYİB,

BVF,

İslam Ölkələrinin İƏT (1992),

Qara Dəniz İƏT(1993),

 Dünya Bankı(1992),

ÜTT (müşahidəçi statusunda) (1993),

GUAM(1997).

 

Azərbaycanın daxil olduğu beynəlxalq təşkilatlar:

 

İKT-1991 dekabr; 

ATƏT-1992.01.30; 

BMT-1992.03.02; 

QDİƏT-1991

İqtisadi Əməkdaşlıq Təşkilatı- 1992 

MDB-1993

GUAM- 1997

AŞ-2001.01.17

Qoşulmama hərəkatı 2011

TAQM-2013

 

Üzv olmadığımız beynəlxalq təşkilatlar:

 

1 OPEC

2 NATO

3 Avropa İttifaqı

4 Kollektiv Təhlükəsizlik Təşkilatı

5 Avraasiya İqtisadi Birliyi

6 Ümumdünya Ticarət Təşkilatı

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

 

 

Bazar ertəsi, 21 Aprel 2025 17:10

“Gürcü familiyası” Şəkiyə gəldi

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Aprelin 20-də Şəki Dövlət Dram Teatrında  Xalq yazıçısı Anarın "Gürcü familiyası" hekayəsi əsasında səhnələşdirilən "O uzaq axşam..." tamaşası  teatrsevərlərə təqdim edilib. 

Səhnələşdirən və tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.  

Premyerası olan səhnə əsərində rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Rəşid Mirizadə, Gülxar İmamhüseynova, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nuranə Mirzəliyeva, Sənubər İsrafilova, Nərmin Nəbiyeva ifa edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

Leyla Səfərli, “Ədəbiyyat və incəsənət”

 

Mayın 3-ü Türk Dünyasının Həmrəyliyi Günüdür. Türkçülük bayramının keçirilməsinin tarixi 80 ilə yaxındır. Bu tarixi gün ilk dəfə 1944-cü il may ayının 3-də  Türkiyədə - Topxana hərbi həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, on nəfər məhkum tərəfindən qeyd edilib.

Bundan sonra həmin gün daha geniş kütləni əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb.

 

Mayın 3-də Bakıda, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Flarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Türk Mədəniyyəti və İrsi Fondunun və Filarmoniyanın birgə təşkilatçılığı ilə Türk Dünyasının Həmrəyliyi Gününə həsr olunmuş “Birlik ruhu” adlı konsert keçiriləcəkdir.

Konsert proqramında Niyazı adına Azərbaycan Dövlət Simfonik orkestri (dirijorlar Yalçın Adıgözəlov və Kanat Omarov) və Qazaxıstanın “Turan” folklor ansamblı iştirak edəcək. Proqramda Azərbaycan, Qazaxıstan, Qirğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan və Türkmənistan bəstəkarlarının əsərləri və xalq mahnıları səslənəcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi. “Ədəbiyyat və incəsənət” üçün

 

18–19 aprel tarixlərində Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində, 16 aprel Ümumdünya Səs Günü münasibətilə “Şuşanın Səsi – Azərbaycanın Səsi” adlı III Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib. 

Tədbir çərçivəsində Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə, elmi işlər üzrə prorektor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, Muğam xanəndə kafedrasının müdiri, Xalq artisti, professor Mənsum İbrahimov, Azərbaycan Milli Konservatoriyası nəzdində “Səsin Tədqiqi” elmi laboratoriyasının rəhbəri, UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) “Voice Research Across Musical Traditions” tədqiqat qrupunun yaradıcısı və sədri Aleksandriya Sultan fon Brüseldorf, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Bəyimxanım Vəliyeva və digər konfrans iştirakçıları Qarabağa səfər ediblər.

Konfrans iştirakçıları ilk olaraq Qarabağ Universitetini ziyarət ediblər. Qonaqları universitetin rektoru, professor Şahin Bayramov qarşılayıb. Universitetin konfrans zalı, akt zalı və müasir elmi laboratoriyaları ilə tanış olublar. Rektor, qonaqlara ali təhsil müəssisəsinin strukturu, fəaliyyəti və son illərdə görülən işlər barədə ətraflı məlumat verib.

Görüş zamanı iştirakçılar Qarabağ Universitetinin İncəsənət fakültəsini də ziyarət ediblər. Orada yaradılmış rəssam və dizaynerlərin əsərlərindən ibarət sərgi salonunu görüb, yüksək qiymətləndiriblər. Görüşün sonunda Azərbaycan Milli Konservatoriyası tərəfindən Qarabağ Universitetinə xüsusi hədiyyələr və universitetin kitabxanasına dərs vəsaitləri təqdim olunub. Səfərin yekununda isə konsert zalında xüsusi hazırlanmış musiqi proqramı təqdim edilib.

Ardınca konfrans iştirakçıları Şuşa şəhərinə səfər edərək Üzeyir Hacıbəylinin ev muzeyini ziyarət ediblər.

19 aprel tarixində Şuşa Otelinin konfrans zalında Ümumdünya Səs Günü çərçivəsində, Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Şuşanın Səsi – Azərbaycanın Səsi” III Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib.

Konfrans iki əsas istiqamət üzrə – "Üzeyir Hacıbəylinin Azərbaycan akademik vokal məktəbinin formalaşmasında rolu" və "Vokal səs fənlərarası tədqiqatların obyekti kimi" mövzularında həyata keçirilib. 

Konfransı Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə açıq elan edib. O, çıxışında bu ilki “Şuşanın Səsi – Azərbaycanın Səsi” adlı III Beynəlxalq Elmi-Praktik Konfransın özəlliyinin Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmasından ibarət olduğunu vurğulayıb. O, qeyd edib ki, konfransın proqramında bu aspektlə bir çox məruzələr öz əksini tapıb. Ümumilikdə, konfransın çox zəngin və rəngarəng proqramının olduğunu iştirakçıların nəzərinə çatdırıb. O, çıxışında ilk dəfə olaraq AMK-nın böyük dəstəyi ilə UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) “Voice Research Across Musical Traditions” tədqiqat qrupunun yaradılması münasibətilə tədqiqat qrupunun təşəbbüskarı və yaradıcısı, Azərbaycan Milli Konservatoriyası nəzdində “Səsin Tədqiqi” elmi laboratoriyasının rəhbəri, Aleksandriya Sultan fon Brüseldorfa, elmi işlər üzrə prorektor, konfransın moderatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynovaya xüsusi təşəkkürünü bildirib.  Çıxışında UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) “Voice Research Across Musical Traditions” tədqiqat qrupunun AMK-nın nəzdində Səsin tədqiqi laboratoriyasının son üç il ərzində yüksək fəaliyyətinin nəticəsində meydana gəlməsini vurğulayıb.Konfransla bağlı mülahizələrini dilə gətirib.

Sloveniyanın Lyublyana Universitetinin İncəsənət Fakültəsi "Musiqişünaslıq" kafedrasının professoru, "Etnomusiqişünaslıq" kafedrasının müdiri Svanibor Pettan və Türkiyədən Lokman Həkim Universitetinin Tibb Fakültəsinin professoru Haldun Oğuz onlayn şəkildə konfransa qoşularaq konfrans iştirakçılarını salamlayıblar.

AMK-nın elmi işlər üzrə prorektoru, Konfransın moderatoru, Əməkdar incəsənət xadimi Lalə Hüseynova  “Azərbaycanda milli opera ifaçılığının yaranması və təşəkkülündə Üzeyir Hacıbəylinin rolu” mövzusunda məruzə ilə çıxış edib.

AMK-nın "Muğam - xanəndə" kafedrasının müdiri, Xalq artisti, professor Mənsum İbrahimov “Muğam operaları və xanəndə sənəti: XXI əsrdən baxış” mövzusu ilə, C. Cahangirov adına xorun bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Təranə Yusifova “Üzeyir Hacıbəylinin 'Leyli və Məcnun' operası əsasında müasir səhnə kompozisiyası” mövzusunda, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov “Şah Abbas və Xurşid Banu” operasının bərpasına dair çıxışı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Sənubər Bağırova “Azərbaycanda xanəndə ifaçılığının tarixi və nəzəri qaynaqları” mövzusunda çıxışlar ediblər.

Muğam-xanəndə kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Bəyimxanım Vəliyeva “Xanəndə sənətinin tədrisi problemləri” mövzusunda çıxış etmiş və bu barədə yazdığı dərs vəsaitini təqdim edib.

Konfransın digər iştirakçıları Əməkdar artist, Qarabağ Universitetinin müəllimi Anar Şuşalı “Qəzəl-romans janrı: Üzeyir Hacıbəylə və Bülbül tandeminin bariz təzahürü kimi” mövzusunda, LOR Hospital Səs Mərkəzinin rəhbəri, dosent, tibb üzrə fəlsəfə doktoru, Ümumdünya Səs Gününün Azərbaycan üzrə milli koordinatoru Ramil Həşimli “Pedaqoji vokalogiya kurikulumunun vokal və xanəndəlik sənəti tədrisində önəmi” mövzusunda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Ü.Hacıbəylinin adına BMA-nın dosenti, Əməkdar artist Fəridə Məmmədova “Akademik kanon ilə ənənəvi ifaçılıq arasında: Azərbaycan vokal romansının interpretasiya xüsusiyyətləri” mövzusunda çıxışlar ediblər.

Azərbaycan Milli Konservatoriyasının nəzdindəki “Səsin Tədqiqi” elmi laboratoriyasının rəhbəri,Konfransın moderatoru  UNESCO-nun nəzdindəki Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) “Voice Research Across Musical Traditions” tədqiqat qrupunun yaradıcısı və sədri Aleksandriya Sultan fon Brüseldorf (Sevinc Sultan-Zadə) “Üzeyir Hacıbəylinin ‘Sevgili Canan’ qəzəl-romansının müxtəlif ifalarda akustik və vokal-fizioloji təhlili” mövzusunda çıxış edib.

Mövzu ətrafında nümayiş olunan bir-birindən maraqlı məruzəçilərə Türkiyə, Avstraliya, ABŞ, Braziliya, Qazaxıstan, İtaliya, Almaniya və İsveçdən olan konfrans iştirakçıları: Müğənni, bəstəkar Erika Biavati, fortepiano ifaçılığı üzrə musiqi sənəti doktoru Karina Joli, vokal pedaqogikası üzrə fəlsəfə doktoru Lori Şen, səsin akustikası üzrə tədqiqatçı, elmlər doktoru Yohan Sundberq, musiqişünas Kuat Baqisbekov da onlayn qatılıb. Konfransın mövzusu ilə bağlı video məruzələrini təqdim ediblər.Qeyd etməliyik ki, konfransda iştirak edən məruzəçilərin təqdim etdiyi məqalə və tezislər xüsusi konfrans toplusunda dərc ediləcək.

Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Şuşanın Səsi – Azərbaycanın Səsi” adlı elmi-praktik konfrans Şuşa və Xankəndi şəhərlərində yüksək təşkilatçılıqla və böyük uğurla həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

18 aprel 2025-ci il tarixində “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün 1-ci intellektual marafona start verilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Fonddan məlumat verilib. 

 

“Konstitusiya və Suverenlik İli”  çərçivəsində gerçəkləşən layihə 16-21 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə edir.

Marafon Şahdağ Turizm Kompleksinin,  “PAŞA Techonology” MMC-nin və Dünya Türk Biznes Şurasının (DTİK) sponsorluğu ilə reallaşdırılır.

Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə dəstək olmaqdır.

Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov şəhid övladları üçün bu cür tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. 

20 aprel tarixinədək davam edəcək marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə və konsert saatları keçiriləcək.

Həmçinin düşərgə iştirakçıları müxtəlif hədiyyə və mükafatlarla təltif olunacaqlar.

“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladları üçün ölkə daxilində və xaricində düşərgələr, təlim kursları və digər tədbirlər mütəmadi təşkil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

Bazar ertəsi, 21 Aprel 2025 18:11

KİTAB BƏLƏDÇİSİ-ndə - Böyük dəyərlər

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Hər bir insan xarakteri müəyyən dəyərlər toplusuna malik olur. Bunların arasında mərdlik, cəsarət, təmkin, dostluq və digərləri olur. Onların bəziləri haqda təbii ki, sizlər tam bilgilisiniz. Bütün bu dəyərlərin arasında, xarakterinizin dərinliyini və gücünü müəyyən edən digərlərindən daha üstün biri var ki, bu da düzgünlükdür.

 

Özünüzə və digərlərinə qarşı nə qədər düzgün olmağınız xarakterinizin keyfiyyətinin ən yaxşı göstəricisidir. Məhz düzgünlük sizin bütün digər dəyərlərinizin qarantıdır. Nə qədər düzgün və səmimi olsanız onda dəyər verdiyiniz digər keyfiyyətləri də yaxşı qavrayar və onlara uyğun yaşayarsınız.

İstənilən halda möhkəm xarakterə malik olmaq üçün güclü daxili intizam tələb olunur. Daima lazım olan düzgün işi görmək iradə tələb edir.

Və kəsə yolla getmək, asan olanı seçmək və lazım olan əvəzinə əyləncəli olan işi görmək istəyini də üstələmək üçün güclü daxili intizam və iradə lazımdır. Bütün həyat, bizim daxili aləmimizin nə qədər dərin və güclü olmasını müəyyən etmək üçün sınaqdır.

Müdriklik təhsil və həyat təcrübəsi ilə əldə edilir, güclü xarakter isə gündəlik həyatın vurhavurunda, xırda amma vacib işlərin daim nəzarətdə saxlanması nəticəsində qazanılır.

 

Brayan Treysi/Bəhanələrə yox (daxili intizamın gücü)

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

İsveçli perkussionist və bəstəkar Robert Mehmet İkiz rejissor Mikael Silkebeqr tərəfindən çəkilən "The Odin Code" sənədli filmi üçün yazdığı əsas kompozisiyanı təqdim edib.

 

AzərTAC xəbər verir ki, “Qavaldaş” (Gavaldash) adlanan bu trek Bakı yaxınlığında yerləşən Qobustan Milli Tarix-Bədii Qoruğundakı əfsanəvi Qavaldaşın yanında yazılıb.

 

Bu təbii musiqi fenomeni unikal səslənməsi ilə tanınır.

 

59 ölkədə çıxış etmiş türkəsilli məşhur musiqiçi Robert İkiz 2023-cü ildə Silkebeqrin çəkiliş qrupuna qoşulub. Müqəddəs sayılan və tambura bənzər səslər çıxaran bu daşın səsini eşidən İkiz bir neçə gün ərzində həm səs, həm də videomateriallar toplayıb.

 

“Bu, tamamilə bənzərsiz bir təcrübə idi. Daşın səsini eşidən kimi ilham gəldi. Belə bir şeyi heç vaxt eşitməmişdim”, – deyə İkiz bildirib.

 

Stokholmdakı studiyasına qayıtdıqdan sonra o, sahə yazılarını musiqi kompozisiyasına çevirib, onlara akustik zərb alətləri və elektron elementlər əlavə edib.

 

Kompozisiyada yaylı tambur partiyasını uzaqdan türk musiqiçisi Cenk Erdoğan ifa edib.

 

Beynəlxalq festivallarda artıq nümayiş olunmuş "The Odin Code" filmində İkizin bir neçə orijinal əsəri səslənir. Lakin “Qavaldaş” (Gavaldash) ilk dəfə müstəqil sinql kimi dinləyicilərə təqdim olunub.

 

Trek artıq “Spotify”, “Apple Music”, “Amazon Music” və digər platformalarda dinləmək üçün əlçatandır, həmçinin musiqiçinin “YouTube” kanalında videoklip şəklində yayımlanıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

17 -dən səhifə 2148

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.