
Super User
Dünya ədəbiyyatı dahiləri sırasına yüksəlməli olan ÇİNGİZ HÜSEYNOV
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan nəsrinin son illərdəki ən görkəmli nümayəndələrindən biri idi Çingiz Hüseynov. Başlığa da çıxarmışam, dünya ədəbiyyatı dahiləri sırasına yüksəlməyə layiq olan bir yazıçı idi. Zira, yüksələ bilmədi, sırf azərbaycanlı olduğu üçün. Qərb bizləri sevmir nədənsə.
Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakı şəhərində doğulub. Bu gündə, sadəcə bir doğum deyil, bir ədəbiyyatçının həyatının, fikir dünyasının və yaradıcılığının başlanğıcı vardı. O, öz zamanının böyük alim və yazıçılarından biri kimi Azərbaycan ədəbiyyatına əvəzsiz töhfələr verib.
Hüseynov, təhsilini Bakı və Moskva universitetlərində almış, 1950-ci illərdə özünün ədəbi fəaliyyətinə başlamışdır. Onun təhsili və ədəbiyyat dünyasına olan marağı, onu yalnız yazıçı kimi deyil, həm də tərcüməçi və tədqiqatçı kimi də tanıtdı. 1979-cu ildə filologiya elmləri doktoru unvanını qazandı və 1980-ci ildə professor oldu.
O, yazdığı tənqidi əsərlərlə Azərbaycan ədəbiyyatının inkişafına mühüm təsir göstərdi, xüsusilə mifologiya və folklor sahələrinə dair işləri ilə tanındı. Çingiz Hüseynov həm də ədəbiyyat tarixçisidir və öz əsərlərində dünya xalqlarının miflərini və folklorunu geniş şəkildə araşdırıb.
Çingiz Hüseynovun əsərləri və fikirləri, hər zaman ədəbiyyat dünyasında önəmli bir yer tutdu. “Məhəmməd, Məmməd, Məmişı” və “Fətəli fəthi” romanları isə qızıl romançılıq listəsində yer aldı.
Çingiz Hüseynov ömrünün son dönəmini mühacirətdə keçirdi, Rusiyada, İsraildə yaşadı. 2024-cü ilin yanvarında, 94 yaşında Qüdsdə vəfat etdi. Amma onun əsərləri və fikirləri, Azərbaycanın ədəbiyyat tarixində öz yerini alacaq və gələcək nəsillər üçün bir ilham qaynağı olacaqdır.
Dünən - aprelin 20-si Çingiz Hüseynovun doğum günü idi, bu gün təkcə bir insanın həyatının başlanğıcı deyil, eyni zamanda Azərbaycan ədəbiyyatının yeni bir dövrünün başlandığı bir gündür. Onun mirası, ədəbiyyat tarixində əbədi qalacaqdır.
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)
QAN YADDAŞIMIZ -Başlıbel faciəsindən 32 il ötdü
Xaləddin Tağıyev, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin şöbə müdiri, tarixçi. “Ədəbiyyat və incəsənət” üçün
Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonun Başlıbel kəndində törədilib. Bu faciədən artıq 32 il ötür. Həmin il aprelin əvvəllərində rayonun ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 62 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilmişdi...
Onlar kahalarda cəmi 17 gün gizlənə bilmişdilər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçərək 18 nəfəri qətlə yetirdilər, 14 nəfəri girov götürdülər. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini tez-tez dəyişərək, yalnız gecələr hərəkət etməklə 113 gündən sonra gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa bildi.
Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər.
Sağ qalan həmin 30 şəxsdən 29-u dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən bu şəxslər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər- II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bugünədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.
Başlıbel faciəsi ermənilərin Xocalı, Ağdaban, Qaradağlı və Ballıqayada törətdikləri qətliamlarla bərabər tutulur.
Faciə ilə bağlı dəyərli ziyalılarımızdan olan, Qarabağ müharibəsinin iştirakçısı, tanınmış araşdırmaçı-jurnalist Elxan Salahov baş vermiş faciə haqqında yazdığı “Qanlı kaha” kitabını 2019-cu ildə çap etdirib. Kitabda Başlıbel kəndində mühasirədə qalan sakinlərin 4 aya yaxın çəkdikləri əzab-əziyyətdən və mühasirədən necə çıxdıqlarından bəhs edilir. 2022-ci ildə Azərbaycan Televiziyası “Başlıbel – Bir kəndin mühasirə gündəliyi” adlı sənədli film də çəkib. Filmin ssenari müəlliflərindən biri də Elxan Salahovdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 sentyabr 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxış edərkən Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqlarının 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapıldığını xüsusilə diqqətə çatdırıb.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Başlıbel faciəsinə dair dəlil və sübutların toplanaraq geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. 2021-ci ilin aprelində Başlıbel kəndində 12 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkarlanarkən Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə jurnalistlərin və hadisə şahidlərinin həmin əraziyə səfərləri təşkil olunub, çoxlu sayda ictimai müzakirələr keçirilib. Eyni zamanda, qeyd etdiyim kimi, Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının motivləri əsasında 4 hissəli sənədli film çəkilib. Başlıbel faciəsinin 32-ci ildönümü ilə əlaqədar 2 aprel 2025-ci il tarixdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tanınmış ziyalılarımızdan olan Arif Süleymanovun “Başlıbel qətliamı-Üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri” adlı kitabının təqdimatı keçirildi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində xalqımız böyük Zəfər qazandı. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı məhz 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatında verildi. Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını Azərbaycan Ordusu döyüş meydanında alaraq düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Beləliklə, 2020-ci il 25 noyabr tarixində Kəlbəcər rayonu bir güllə atılmadan, şəhid vermədən düşmən tapdağından azad edildi.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Bütün dövrlərdə ölkəmizə hər bir sahə üzrə vətənpərvər ziyalılar bəxş edən Başlıbelin yenidən Cənnətə çevriməsi uzaqda deyil!
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)
Səməd Vurğun Rəsul Rza haqqında
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
Qeyd edək ki, kitab “Qazax” xeyriyyə-ictimai birliyinin maliyyə dəstəyi ilə işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN RƏSUL RZA HAQQINDA
Mən qələm yoldaşımRəsul Rzanın Lenin haqqında yazdığı qüvvətli, təsirli poemasından parçalar oxumuşam. Bu əsərin çap olunan və mənə məlum olan ayrı-ayrı parçalarına əsaslanaraq cəsarətlə deyə bilərəm ki, Mayakovskinin Lenin haqqında poemasından sonra bütün sovet poeziyasında belə vüsətli əsər oxumamışam.
Şair Lenin haqqında öz ideyalarını, öz fikirlərini, öz böyük hisslərini sadə, savadsız bir qoca qarının dili ilə ifadə edir (Səməd Vurğun poemaya daxil olan “Qarının dastanı” hissəsini nəzərdə tutur – A.).
Mən bir yazıçı və şair kimi bu ədəbi üsulun nə qədər çətin olduğunu hiss edirəm. Rəsul Rza poemanın bir hissəsini oxuyarkən mən dedim ki, bu təsvir üsulu şairin ixtirası sayılmalıdır. Bu, hünərdir.
Şair zəmanəmizin ən böyük insanı olan Leninin əzəmətli, həmişə canlı, həqiqi obrazını, dərin humanizmini parlaq bədii lövhələrlə əks etdirmişdir.
Rəsul Rzanın “Lenin” poeması bütün dünyanı gəzəcək.
***
Rəsul Rza romantik bir tərzdə yazdığı “İntiqam” şeiriylə insanları, yerləri və göyləri, dağları və daşları belə intiqama – faşist cəlladlarının başına od yağdırmağa çağırdı.
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)
Əlikram Hüseynov - musiqinin böyük adı
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Əlikram Hüseynov, 1926-cı il aprelin 20-də, Bakının musiqiyə ruhlanan havasında dünyaya gəldi. Onun musiqi ilə tanışlığı Asəf Zeynallı adına Musiqi Məktəbində başladı, burada Əhməd Bakıxanov və Adil Gəraydanın zəngin biliklərini mənimsədi. Və...
Və 1947-ci ildə Üzeyir Hacıbəyov və Cəfər Cəfərovun rəhbərliyi ilə keçirilən musiqi müsabiqəsində orta mahurla birinci yerə layiq görüldü və həmin ildə Praqada da böyük bir uğura imza atdı.
Opera dünyasında böyük bir usta olan Bülbülü müşayət etməyə başlayan Hüseynov, musiqisinin hər notasına ruhunu qataraq bir çox konsertlərdə onunla birgə səhnəyə çıxdı. 1957-ci ildən etibarən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyətini davam etdirərək, sənətinin zirvələrinə çatdı.
Hüseynov, yalnız ifaçı kimi deyil, həm də sənətkar olaraq böyük opera və muğam ustalarıyla işləyərək, "Leyli və Məcnun", "Əsli və Kərəm" kimi əfsanəvi əsərlərdə ifa etdiyi muğamlarla musiqi aləminə dərin izlər buraxdı. 80 yaşına çatdığı 2006-cı ildə yubiley gecəsi keçirilsə də, o, həmin ilin avqust ayında Bakıda vəfat etdi və Köhnə Yasamal qəbiristanlığında son yuxusuna daldı.
Onun musiqisi və adının xatirəsi Azərbaycan musiqi tarixinin parlaq səhifələrində əbədi qalacaq.
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)
Sosializm realizminin parlaq nümayəndəsi - Məmməd Rahim
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Doğum günü dünənki bazar gününə təsadüf edən daha bir ədibdən söz açmaq istəyirəm – Məmməd Rahimdən. Azərbaycan sovet poeziyasının nümayəndəsi, sosializm realizminin parlaq ədəbi kadrı olub Məmməd Rahim.
Şair 1907-ci il aprelin 20-də Bakı şəhərində kiçik bir sahibkar ailəsində dünyaya gəldi. Atasının erkən itkisi ilə həyat ona ağır imtahanlar verdi, amma böyük qardaşının himayəsində böyüyən Məmmədin arzuları heç vaxt sönmədi. Bakı məktəblərində təhsil alaraq 1928-ci ildə APİ-nin Şərqşünaslıq fakültəsinə daxil oldu, eyni zamanda Azərnəşrdə tərcüməçilik edərək yazı dünyasına qədəm qoydu.
1930-cu ildə "Arzular" adlı ilk şeir kitabını nəşr etdirən Məmməd Rahim, ədəbiyyat aləmində öz yerini tapdı və dövri mətbuatda fəal çıxış etdi. Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışdı, 1941-1946-cı illərdə müdafiə bölməsinin rəhbəri oldu. Ədəbi fəaliyyəti ilə yanaşı, o, İranda xüsusi ezamiyyətdə oldu, Türkiyə və Aralıq dənizinə səyahətlər edərək dünyagörüşünü genişləndidirdi.
Məmməd Rahim, "Xaqani" (1955), "Sayat Nova" (1956) və "Natəvan" (1962) kimi əsərlərlə poeziyanın zirvələrinə yüksəldi. “Sayat Nova” əsəri təbii ki, məşhur erməni aşıq barədədir. Amma “qardaşdır ellərimiz” pafoslu bir cəmiyyətdə o sayaq əsərlərin çıxması adi hal idi.
Məmməd Rahim həmçinin böyük şairlərin əsərlərini tərcümə edərək dünya ədəbiyyatını Azərbaycan oxucusuna çatdırdı. Yaradıcılığına görə iki dəfə Lenin ordeni və digər yüksək mükafatlarla təltif olunan Məmməd Rahim 1977-ci il mayın 6-da Bakıda vəfat etdi və Fəxri Xiyabanda dəfn olundu.
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)
FİLOLOGİYAMIZIN BAYRAMI – Vaqif Yusifli və Bədirxan Əhmədovdan danışacağıq
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu səhər təqvimi vərəqləyəndə mənə bəlli oldu ki, bu gün - aprelin 20-si iki tanınmış azərbaycanlımızın doğum günüdür və ikisi də alimdir. Özü də, ikisi də filolofiya üzrə. Nədən deməyək ki, 20 aprel – filologiyamızın bayramı günüdür?
Biri - filologiya elməri doktoru Vaqif Yusifli AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunda Ədəbi tənqid şöbəsinə, o biri - filologiya elməri doktoru Bədirxan Əhmədov isə həmin elm ocağında Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinə rəhbərlik edirlərlər.
Vaqif müəllimin 77, Bədirxan müəllimin isə 70 yaşları tamam olur...
Hər ikisi də şərəfli alim ömrü yaşayırlar, ədəbiyyatşünaslığın, ədəbi tənqidin inkişafında böyük işlər görürlər.
Vaqif Yusifli:- “Mən ədəbi gəncliyin üç nəsli- səksənincilər, doxsanıncılar və ikiminincilər barədə çox söz demişəm, həm müəyyən bir problemlə bağlı düşüncələrimi ifadə etmişəm, ümumiləşdirmələr aparmışam, həm də ayrı-ayrı gənc şair və nasirlərin yaradıcılığına münasibət bildirmişəm. O ədəbiyyat yaşamağa qadirdir ki, onun istedadlı gəncliyi var və bu gənclik onun gələcəyidir. Məlumdur ki, hər bir ədəbi nəsil öz gəlişiylə ədəbiyyata təzə SƏS, təzə NƏFƏS gətirir, bunu ədəbiyyatımızın tarixi boyu izləyə bilərik. Səksəninci illərdə də, doxsanıncı illərdə də, indi yeni əsrimizdə də bu prosesi müşahidə etmişik. Hələ heç bir onillikdə say etibarilə bu qədər gənc ədəbiyyat aləminə qədəm basmamışdı. Amma ədəbiyyata kəmiyyət yox, keyfiyyət anlayışı ilə qiymət vermək lazımdır.”- söyləyirsə, hörmətli Bədirxan Əhmədov isə:- “Hazırda bir neçə monoqrafiya üzrərində işləyirəm. Onlardan biri bu il anadan olmasının 120 illik yubileyi olan Məhəmməd Əsəd bəy haqqında monoqrafiyadır. Bilirsiniz ki, məşhur “Əli və Nino” müəllifi xarici dillərə tərcümə olunan Azərbaycan yazarlarının önündə gəlir. Yeri gəlmişkən, mən bu yazıçını artıq 15 ildir ki, milli ədəbiyyat tarixinə daxil etmişəm. Biz gərək bu yazıçı haqqında ölkədə və xaricdə davamlı olaraq məqalələr, monoqrafiyalar çap etdirək, simpoziumlar keçirək.”- deyir.
Hər iki dəyərli alimimizi ürəkdən təbrik edir, hər ikisinə də möhkəm can sağlığı, firavan həyat, yeni-yeni elmi uğurlar arzulayırıq. Çox yaşasınlar!..
“Ədəbiyyat və incəsənət”
(20.04.2025)
Şeirimizin ağ səsi – QULU AĞSƏS
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu dəfə sizə Qulu müəllimdən danışmaq istəyirəm. Yox, yox, tələsməyin, professor Qulu Məhərrəmlini deyil, əməkdar jurnalist Qulu Zeynalovu nəzərdə tuturam. Onu daha çox şair Qulu Ağsəs kimi tanıyırlar. Söhbətim maraqlı olsun deyə, araşdırarkən qarşıma çıxan müxtəlif müsahibələrindən nümunələr də gətirməyə çalışacağam. Həm ədəbi jurnalın baş redaktoru, həm bir şair və həm də bir insan kimi onun haqqnda söyləyəcəyim fikirlərin obyektiv olacağına ümid edirəm…
Deyir ki:- “Əsil şeir odur ki, onu başqa dillərə çevirmək mümükündür. Əgər mən şeiri doğma dilin üstündə yox, dilin qırağında yaradıramsa, o batdı getdi. Bunu bir dəmiryolu kimi təsəvvür etmək olar. Dil özü bir dəmir yoludu. Biz şeirləri bu “relsin” üstünə qoyanda yol nə qədər uzanırsa, şeir də o qədər gedəcək. Əgər şeiri kənara qoymuşuqsa, onlar yanlarından ötən şeirlərə əl eləməklə məşğul olacaqlar. Bu gün Azərbaycanda baxıb əl olunası yüzlərlə, minlərlə “poetik” nümünələr yaranır. Onları həqiqətən də əsil şeirdən ayırmaq çox çətindir...”
1969-cu ildə Ağdamda dünyaya gəlib. İlk şeirini doqquz yaşında yazıb. Amma on bir yaşından mətbuatda çap olunmağa başlayıb. Daha dəqiqi, ilk dəfə Lenin haqqında yazdığı şeir "Azərbaycan pioneri" jurnalında çap olunub. Böyük ədəbiyyata isə 1990-cı ildə "Ulduz" jurnalında çap olunan şeirləri ilə təşrif buyurub. İndiyədək şeirləri türk, rus, özbək, gürcü, ukrain, polyak dillərinə tərcümə edilib. Bir neçə kitabın müəllifidir. 2015-ci ildə “Azərbaycanın əməkdar jurnalisti” fəxri adına layiq görülüb. On ildən çoxdur ki, “Ulduz” jurnalının baş redaktorudur...
“Bu gün dünya ədəbiyyatında siyasiləşmə motivlərini hiss etməmək mümkün deyil. Dünya ədəbiyyatı adı ilə bukmeyker kontorları səviyyəsində təbliğatı aparılan, çox asanlıqla bestsellerə çevrilən əsərlər hardansa idarə olunur. Xüsusilə son illərin ədəbiyyat sahəsində verilən “Nobel” mükafatıları birmənalı olaraq siyasi yük daşıyır. Yəni hansısa ölkənin tutduğu mövqeyə görə bu mükafatlar təqdim olunur. Məsələn, insan haqları uğrunda mübarizəyə görə, “Nobel” mükafatınıngüneyli azərbaycanlı Şirin İbadiyə verilməsi İrana olan antipatiyadan irəli gəlir. O qadın “Nobel” mükafatınını əsasnaməsində nəzərdə tutulan heç bir bəndə uyğun gəlmir. Sadəcə, İrandakı insan haqları ilə bağlı problemləri qabartmaq və bununla da beynəlxalq təzyiq göstərmək üçün bu adı İbadiyə veriblər. Mən həmişə demişəm ki, Orxan Pamuka verilən “Nobel” mükafatı ermənilərin və kürdlərin hesabınadır. Pamuk Türkiyədə erməni soyqırımının olduğunu və kürdlərin huquqlarınn pozulması ilə bağlı fikirləri dəstəkləyirdi. Bu, dünyanın xoşuna gəldi. Odur ki, ədəbiyyata basqıların olması faktdır. Bilirsinizmi, əvvələr dünyanı ədəbiyyat idarə edirdi, indi isə siyasət idarə edir. Əslində siyasət özü də sözdür. Sanki siyasi söz ədəbi sözdən intiqam alır...”- söyləyir.
Mülahizələri güclüdür, ədəbiyyatın belə siyasiləşməsindən çox narahatdır. Amma ümidlərini itirmir...
Deyir ki:- “Bir dəfə belə bir status yazmışdım: "Allah, sən təksən, yoxsa səni təkləyiblər?” Bu gün Allah "təklənib”. Ateizm dəb halına çevrilib. Mən Allahı çox istəyirəm və bizim münasibətimiz qorxu üzərində qurulmayıb. İndi elə dövrdür ki, evdə həyat yoldaşına, işdə müdirinə səsini qaldıra bilməyənlər başlayırlar Allaha "ilişməyə”. Mən istəməzdim ki, insanlar Allahdan qorxsun. O, bizi yaradıbsa, sevib yaradıb. Qorxu özünümüdafiə deməkdir. İnsan itirəcəyi nəsə olanda qorxmağa başlayır. Əgər sənin xəzinən olsa, onun başında ilan kimi yatacaqsan ki, qoruyasan. Amma daxılında bir qara qəpiyin də yoxdursa, onu qorumağa da ehtiyac qalmır. Qorxu da şübhədən yaranır. İnsanın içində həmişə hər şeyə qarşı şübhə olmalıdır. Məsələn, mən İsa Hüseynovun oxucusuyam, İsa Muğannanın yox. Amma yenə də İsa Muğanna kimi yazdığı əsərləri tam şəkildə inkar etmirəm. Məndən bunun səbəbini soruşanda cavab verirəm ki, sabah vəziyyət dəyişə bilər. Həyatda hər şey mümkündür. Mən heç nəyin altından birmənalı şəkildə qol çəkə bilmərəm. Amma bir şeydən adım kimi əminəm. Bir gün "ASAN” Xidmətin qarşısında azərbaycanlılar Marsa bilet almaq üçün dayanacaqlar, amma yenə də növbə mədəniyyəti olmadan...”
Bu söylədikləri onun bir ədəbiyyatçı, baş redaktor kimi düşüncələridir. İndi də sizə onun poeziyasından nümunə təqdim etmək istəyirəm. Adsız şeirlərindən birində yazır:
“Bu dünyada
heç kəsə demədim...
O dünyada soruşsalar:
sən kimsən?
-gözümü yumub,
ağzımı açacam!
Deyəcəm ki:
altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam...”
Ümumiyyətlə, onun şeirlərini oxuduqca ənənəvi şərq poeziyası ilə qərb poeziyasının sintezinin şahidi olursan. Bu şeirlərdə həm ənənəvi poeziyaya məxsus lirika, bədii bənzətmə, qafiyələnmə də var, eyni zamanda qərb poeziyasındakı kimi, bütün qəliblərdən kənar sərbəstlik də. Belə poeziya nümunələrinin oxucuları gələcəkdə daha çox olacaqlar. Bir də ki, bü cür şeirləri xarici dillərə çevirmək də asandır. Bu isə əcnəbi oxucuların da poetik zövqünü oxşaması deməkdir...
O ki qaldı onun şəxsi keyfiyyətlərinə, öncə onu deyim ki, hər gələn yeni günə həvəslə və səbirsizliklə başlayır. Sanki enerji və maqnit dinamosudur. Xarizmatikdir və liderlik bacarığı ilə doludur. Heç vaxt naməlum olanı araşdırmaqdan qorxmur. Demək olar ki, impulsiv, inadkar və iradəli insandır. Daxili gücü o qədər çoxdur ki, hər hansı bir problemi dəf etməyə qadirdir. Süstlükdən zəhləsi gedir, ləng hərəkəti xoşlamır. Onunla rəqabətə girmək ağılsızlıqdır. Bu baş verərsə mübarizədən qalib çıxan, o olacaq...
Nə isə, düşnürəm ki, Qulu Ağsəs haqqında az da olsa sizə məlumat verə bildim. Bu gün- aprelin 20-si onun doğum günüdür, 56 yaşı tamam olur. Bu dəfəki ad günü Pravoslav xristianların Pasxa bayramına düşüb.
Onu yeni yaşı münasibətilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq...
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(20.04.2025)
Muğamın Dəryasında Bir Səs: CABBAR QARYAĞDIOĞLU
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
20 aprel 1944-cü il... Bakı səmasında bir sükut çökdü. Sanki şəhər nəfəsini içinə çəkdi. Çünki Azərbaycan musiqisinin canlı yaddaşı, muğamın nəfəsi, səsi ilə könülləri oyadan Cabbar Qaryağdıoğlu bu dünyadan köçdü. Bu, sadəcə bir insanın deyil, bütöv bir dövrün başa çatması idi.
Onun adı sadəcə bir sənətkar kimi deyil, bir epoxanın simvolu kimi çəkilir. 1861-ci ildə Şuşada dünyaya göz açan Cabbar, o torpağın ahəngini səsində, nəfəsində, ifasında daşıyırdı. Dağların vüqarı, çayların pıçıltısı, elin ağrısı və sevinci onun səsində birləşirdi.
Gənc yaşlarından xalq məclislərində oxuyan Cabbar, tədricən Azərbaycanın hər guşəsində tanınmağa başladı. Lakin o, bununla kifayətlənmədi. Muğamı toy məclislərinin çərçivəsindən çıxarıb, səhnəyə, salona, xalqın ortaq mədəni yaddaşına daşıdı. Bu, cəsarətli və inqilabi bir addım idi.
Onun səsi təkcə Azərbaycanla məhdudlaşmadı. 1906-cı ildə Riqada fonoqrafla lentə alınan ilk ifaları Qərb aləminə Azərbaycan musiqisini tanıtdı. O dövrdə bu, texnoloji və mədəni baxımdan böyük hadisə idi. Çünki muğam – yalnız ifa deyil, həm də yaddaşdır, tarixdir, milli kimliyin səsə çevrilmiş halıdır.
Cabbar Qaryağdıoğlunun sənətinin qüdrəti yalnız səsində deyildi. O həm də bir məktəb idi. Onun şagirdləri – Bülbül, Seyid Şuşinski kimi sənətkarlar Azərbaycan vokal məktəbinin əsas sütunlarına çevrildi. O, təkcə muğamı yaşatmadı, onu gələcək nəsillərə miras qoydu.
Cabbar Qaryağdıoğlu yüzlərlə xalq mahnısını, təsnifi, muğamı səsi ilə yaddaşlara köçürdü. Qrammofon valında oxunan "Bayatı-Şiraz"ın o kövrək notları, “Segah”ın ürək dağlayan avazı bu gün də dinləyicini titrətməyə qadirdir.
O, nə məğrur titullarla, nə də rəsmi adlarla yaşadı. Onun adı xalqın dilində, səsi ürəklərdə əks-səda tapdı. 20 aprel 1944-cü ildə bu böyük səs susdu. Amma əslində yox – sadəcə fiziki dünya ilə vidalaşdı. Çünki belə səslər ölmür. Onlar zamanın dərinliyində, xalqın ruhunda yaşamğa davam edir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(20.04.2025)
LEONİD VANŞTEYN: Səslərin arxasında yaşayan sənətkar
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
20 aprel 1945-ci il — Bakı səmaları altında doğulan bu körpənin gələcəkdə musiqi aləminin incə duyğularını dilləndirəcəyini heç kim bilməzdi. Leonid Vaynşteyn adlı-soyadlı bu istedadlı ruh, musiqinin öz dili, öz nəfəsi olduğunu çox erkən dərk etdi. Onun səsi notlarda, varlığı isə səslərdə yaşayacaqdı.
1968-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını professor Qara Qarayevin sinfində başa vurdu. Bu, təkcə diplom almaq deyildi — bu, böyük bir məktəbdən, dərin bir sənət dünyasından keçmək, ruhunu incəliklə yoğurmaq idi. Sonrakı illərdə Vaynşteyn təkcə müəllim yox, həm də ruh aşılayan bir bədii yolçuydu — Azərbaycan Dövlət Konservatoriyası və Asəf Zeynallı adına Musiqi Texnikumunun bəstəkarlıq kafedralarında dosent kimi çalışdı, Azərbaycan Dövlət Rus Dram Teatrında musiqi tərtibatçısı oldu.
Əsərlərində janr sərhədlərinə sığmayan bir azadlıq vardı. Teatr səhnələri, simfonik notlar, vokal silsilələri — hamısı Vaynşteynin daxili aləminin bir çalarını daşıyırdı. Onun bəstələri təkcə Azərbaycanda deyil, Rusiyada, Avropada, ABŞ və İsraildə də səsləndikcə, sanki ruhu qitələr arasında dolaşır, insanlara musiqi vasitəsilə toxunurdu.
Əsərləri içində xüsusilə yadda qalanlar vardı: “İlham” baleti, “Səhranın bəyaz günəşi” adlı rok-opera, uşaqlar üçün “Çəkməli pişik” və “Zoluşka” operaları, altı simfoniya, orqan üçün yazdığı və Xocalı soyqırımına ithaf olunmuş “Memorial” triptixi… Hər bir əsər bir iç sızıltısının, bir düşüncənin, bəzən bir acının, bəzən də ümidin səsinə çevrildi.
Onun “Dənizə dönmək istərəm” oratoriyası (Nazim Hikmətin şeirləri əsasında) və “Azərbaycan-60” kantatası da yaddaşlarda iz buraxdı. Vaynşteynin əsərləri sanki nəğməyə çevrilmiş bir tarix, hissə dönən bir yaddaş idi.
Son bəstələrindən biri – “Sənin baharın gələcək, Azərbaycan!” – onun bu torpağa son pıçıltısı, son musiqili duası oldu.
1994-cü ildə Bakı bu səsin susduğunu eşitdi. Amma Leonid Vaynşteynin notlara köçürdüyü ruh hələ də yaşayır. O, öz musiqisində əbədiləşdi – nə susur, nə də unudulur.
“Ədəbiyyat və incəsənət”
(20.04.2025)
Bu gün korifey sənətkarımız NƏSİBƏ ZEYNALOVANIN doğum günüdür
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Səhnədən könüllərə uzanan yol: Nəsibə Zeynalovanın işıqlı ömrü – mən məhz korifey sənətkarımız barədə fikirlərimi bir cümləyə sığışdırsaydım, belə izhar edərdim. Həqiqətən də onun ömür yolunun işığı daim izləyicilərinin mənəviyyatı üzərinə düşəcək. Daim xoş ovqat, təbəssüm bəxş edəcəkdir.
1916-cı ilin 20 aprel səhəri – Azərbaycan sənətinin səmasında parlayacaq bir ulduz dünyaya gəlir. Bu gün onun doğumunun 109 ili tamam olur. Aradan onilliklər keçsə də, Nəsibə Zeynalovanın yaddaşlarda qoyduğu izlər solmayıb, səhnə və kino sənətində parlaq şəkildə yaşamaqdadır.
Onun doğulduğu dövr – Bakı şəhərinin neftlə nəfəs aldığı, mədəniyyətin isə yeni çiçəklənməyə başladığı bir zaman idi. Nəsibə xanım sənətə, deyərsən, ana bətnindən bələd idi. Atası Əbdülhüseyn Zeynalov – həm neft sahibkarı, həm də teatr xadimi olaraq bu sevginin ilk təməlini qoydu.
1932-ci ildə Teatr Texnikumunu bitirdikdən sonra Nəsibə Zeynalova Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk dəfə peşəkar səhnəyə çıxdı. Səhnə onun üçün sadəcə bir sənət sahəsi deyil, nəfəs aldığı, var olduğu bir dünyaydı.
Zeynalova 130-dan çox tamaşada müxtəlif qadın talelərini, fərqli obrazları ustalıqla canlandıraraq tamaşaçı ilə emosional bir körpü qurdu. Onun oynadığı Gülbahar ("Ölülər"), Xədicə ("Almaz"), Telli ("Hacı Qara") kimi obrazlar artıq yalnız səhnə xatirəsi deyil – milli mədəniyyətin canlı səhifələrinə çevrilib.
Onun sənəti təkcə teatrla məhdudlaşmadı. Kino dünyasına da unudulmaz töhfələr verdi. 40-dan artıq filmə çəkilən Nəsibə xanım hər bir obrazında həyatın müxtəlif üzlərini tamaşaçıya təqdim etdi. “Əhməd haradadır?” filmindəki Şərəfxanım, “Ulduz”dakı Fatmanisə, “Bəyin oğurlanması”ndakı Nənə obrazı onun xalq arasında necə dərin rəğbət qazandığını göstərirdi.
1982-ci ildə ona verilən SSRİ Xalq artisti adı, təkcə rəsmi bir titul deyildi – bu, onun sənətə və xalqa bağlılığının rəmzi idi. Bu ada layiq görülməsi onun ömürlük zəhmətinə verilmiş mənəvi bir təltif idi.
2004-cü ilin mart ayında, 87 yaşında dünyadan köçsə də, onun yaratdığı obrazlar hələ də yaşayır. Hər dəfə bir səhnə açıldıqda, bir film səsləndikdə, Nəsibə Zeynalovanın nəfəsi o anı bəzəyir.
Allah korifey sənətkarımıza qəni-qəni rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.04.2025)