Səməd Vurğun Rəsul Rza haqqında Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

Qeyd edək ki, kitab “Qazax” xeyriyyə-ictimai birliyinin maliyyə dəstəyi ilə işıq üzü görüb.

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

SƏMƏD VURĞUN RƏSUL RZA HAQQINDA

 

Mən qələm yoldaşımRəsul Rzanın Lenin haqqında yazdığı qüvvətli, təsirli poemasından parçalar oxumuşam. Bu əsərin çap olunan və mənə məlum olan ayrı-ayrı parçalarına əsaslanaraq cəsarətlə deyə bilərəm ki, Mayakovskinin Lenin haqqında poemasından sonra bütün sovet poeziyasında belə vüsətli əsər oxumamışam.

 Şair Lenin haqqında öz ideyalarını, öz fikirlərini, öz böyük hisslərini sadə, savadsız bir qoca qarının dili ilə ifadə edir (Səməd Vurğun poemaya daxil olan “Qarının dastanı” hissəsini nəzərdə tutur – A.).

 Mən bir yazıçı və şair kimi bu ədəbi üsulun nə qədər çətin olduğunu hiss edirəm. Rəsul Rza poemanın bir hissəsini oxuyarkən mən dedim ki, bu təsvir üsulu şairin ixtirası sayılmalıdır. Bu, hünərdir.

 Şair zəmanəmizin ən böyük insanı olan Leninin əzəmətli, həmişə canlı, həqiqi obrazını, dərin humanizmini parlaq bədii lövhələrlə əks etdirmişdir.

 Rəsul Rzanın “Lenin” poeması bütün dünyanı gəzəcək.

 

***

Rəsul Rza romantik bir tərzdə yazdığı “İntiqam” şeiriylə insanları, yerləri və göyləri, dağları və daşları belə intiqama – faşist cəlladlarının başına od yağdırmağa çağırdı.

 

    “Ədəbiyyat və incəsənət”

    (21.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.