Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Doğum günü dünənki bazar gününə təsadüf edən daha bir ədibdən söz açmaq istəyirəm – Məmməd Rahimdən. Azərbaycan sovet poeziyasının nümayəndəsi, sosializm realizminin parlaq ədəbi kadrı olub Məmməd Rahim.
Şair 1907-ci il aprelin 20-də Bakı şəhərində kiçik bir sahibkar ailəsində dünyaya gəldi. Atasının erkən itkisi ilə həyat ona ağır imtahanlar verdi, amma böyük qardaşının himayəsində böyüyən Məmmədin arzuları heç vaxt sönmədi. Bakı məktəblərində təhsil alaraq 1928-ci ildə APİ-nin Şərqşünaslıq fakültəsinə daxil oldu, eyni zamanda Azərnəşrdə tərcüməçilik edərək yazı dünyasına qədəm qoydu.
1930-cu ildə "Arzular" adlı ilk şeir kitabını nəşr etdirən Məmməd Rahim, ədəbiyyat aləmində öz yerini tapdı və dövri mətbuatda fəal çıxış etdi. Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışdı, 1941-1946-cı illərdə müdafiə bölməsinin rəhbəri oldu. Ədəbi fəaliyyəti ilə yanaşı, o, İranda xüsusi ezamiyyətdə oldu, Türkiyə və Aralıq dənizinə səyahətlər edərək dünyagörüşünü genişləndidirdi.
Məmməd Rahim, "Xaqani" (1955), "Sayat Nova" (1956) və "Natəvan" (1962) kimi əsərlərlə poeziyanın zirvələrinə yüksəldi. “Sayat Nova” əsəri təbii ki, məşhur erməni aşıq barədədir. Amma “qardaşdır ellərimiz” pafoslu bir cəmiyyətdə o sayaq əsərlərin çıxması adi hal idi.
Məmməd Rahim həmçinin böyük şairlərin əsərlərini tərcümə edərək dünya ədəbiyyatını Azərbaycan oxucusuna çatdırdı. Yaradıcılığına görə iki dəfə Lenin ordeni və digər yüksək mükafatlarla təltif olunan Məmməd Rahim 1977-ci il mayın 6-da Bakıda vəfat etdi və Fəxri Xiyabanda dəfn olundu.
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)