Xaləddin Tağıyev, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin şöbə müdiri, tarixçi. “Ədəbiyyat və incəsənət” üçün
Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonun Başlıbel kəndində törədilib. Bu faciədən artıq 32 il ötür. Həmin il aprelin əvvəllərində rayonun ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 62 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilmişdi...
Onlar kahalarda cəmi 17 gün gizlənə bilmişdilər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçərək 18 nəfəri qətlə yetirdilər, 14 nəfəri girov götürdülər. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini tez-tez dəyişərək, yalnız gecələr hərəkət etməklə 113 gündən sonra gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa bildi.
Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər.
Sağ qalan həmin 30 şəxsdən 29-u dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən bu şəxslər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər- II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bugünədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.
Başlıbel faciəsi ermənilərin Xocalı, Ağdaban, Qaradağlı və Ballıqayada törətdikləri qətliamlarla bərabər tutulur.
Faciə ilə bağlı dəyərli ziyalılarımızdan olan, Qarabağ müharibəsinin iştirakçısı, tanınmış araşdırmaçı-jurnalist Elxan Salahov baş vermiş faciə haqqında yazdığı “Qanlı kaha” kitabını 2019-cu ildə çap etdirib. Kitabda Başlıbel kəndində mühasirədə qalan sakinlərin 4 aya yaxın çəkdikləri əzab-əziyyətdən və mühasirədən necə çıxdıqlarından bəhs edilir. 2022-ci ildə Azərbaycan Televiziyası “Başlıbel – Bir kəndin mühasirə gündəliyi” adlı sənədli film də çəkib. Filmin ssenari müəlliflərindən biri də Elxan Salahovdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 sentyabr 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxış edərkən Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqlarının 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapıldığını xüsusilə diqqətə çatdırıb.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Başlıbel faciəsinə dair dəlil və sübutların toplanaraq geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. 2021-ci ilin aprelində Başlıbel kəndində 12 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkarlanarkən Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə jurnalistlərin və hadisə şahidlərinin həmin əraziyə səfərləri təşkil olunub, çoxlu sayda ictimai müzakirələr keçirilib. Eyni zamanda, qeyd etdiyim kimi, Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının motivləri əsasında 4 hissəli sənədli film çəkilib. Başlıbel faciəsinin 32-ci ildönümü ilə əlaqədar 2 aprel 2025-ci il tarixdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tanınmış ziyalılarımızdan olan Arif Süleymanovun “Başlıbel qətliamı-Üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri” adlı kitabının təqdimatı keçirildi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində xalqımız böyük Zəfər qazandı. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı məhz 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatında verildi. Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını Azərbaycan Ordusu döyüş meydanında alaraq düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Beləliklə, 2020-ci il 25 noyabr tarixində Kəlbəcər rayonu bir güllə atılmadan, şəhid vermədən düşmən tapdağından azad edildi.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Bütün dövrlərdə ölkəmizə hər bir sahə üzrə vətənpərvər ziyalılar bəxş edən Başlıbelin yenidən Cənnətə çevriməsi uzaqda deyil!
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)