
Super User
Seçmə şeirlər – SƏMƏD VURĞUN, “Mən tələsmirəm”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
MƏN TƏLƏSMİRƏM...
Dostlar, badələri qaldırın içək!
Gecə ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin
İsti qucağında qızınaq bir az…
Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər –
Mənim söhbətimdən yorulmaq olmaz.
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən…
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!
Sevgilim, qolunu boynuma dola!
Demə ki, yorğunam, ya qocalmışam.
Mən hələ dünyadan nə zövq almışam?
Dur, bütün aləmi gəzək qol-qola!
Yenə də fikrimin səyyar yelkəni
Dənizdən-dənizə atsa da məni,
Qorxma! Ürəkdən de: “Uğurlar ola!”
Dur, bütün aləmi gəzək qol-qola,
Sellərdən, sulardan yeyin axşam da,
Şimşəklə yanaşı göydə çaxsam da,
Nə şadlıq səyirtsin atını, nə qəm,
Heç yana, heç yerə mən tələsmirəm!
Sən də, ovçu dostum, tələsmə sən də,
Bu qəlbi dağları qoy asta aşaq.
O çay yanındakı yaşıl çəməndə
Asta addımlayıb ağır dolaşaq.
Hər gülə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm;
Nanələr, reyhanlar inciyər məndən.
Güllərin yarpağı tökülər dən-dən…
Odur ki, yel olub çöldə əsmirəm,
Heç yana, heç yerə mən tələsmirəm!
Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın… sular boyunca.
Baxım hər zərrəyə, baxım doyunca…
Ürək tərpənməyir ötərgi səsdən,
Nə çıxar bir anlıq yanan həvəsdən?
Elə zənn etmə ki, ağırlaşmışam,
Ayağı sarıqlı şikəst bir quşam…
Qoy dünya böyüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş üzündən nur yağa-yağa...
Ömrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm,
Mən tələsmirəm,
Mən tələsmirəm!
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)
Naxçıvanda İsveçdə yaşayan Eluca Atalının kitab təqdimatı keçirildi
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş keçirilib. Görüşdə yazıçının yaradıcılığı və yeni nəşr olunan kitabları müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Tamella Əsgərova Eluca Atalının ədəbiyyata gətirdiyi fəlsəfi-bədii-miniatür janrından, onun fərdi yaradıcılıq üslubundan və Azərbaycançılıq ideologiyasının təbliğindəki fəaliyyətindən bəhs edib.
Tədbirdə çıxış edən Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar, kitabxana əməkdaşları və tələbələr yazıçının “Ənqa quşu”, “Uzaq səfərin qəribə sonluğu”, “Odunçunun nağılı”, “İran Hizbullah zindanında” kimi əsərləri haqqında fikirlərini bölüşüb, onun türk dünyası və milli-mənəvi dəyərlərə verdiyi önəmi vurğulayıblar.
Görüşdə iştirakçılar Eluca Atalıya suallar ünvanlayıb, müəllif onlara cavab verib və yeni nəşr olunan kitablarını kitabxanaya hədiyyə edib.
Fürsətdən istifadə edib müəllidən portalımız üçün müsahibə də götürmüşük. Yaxın saatlarda müsahibəni sizlərə təqdim edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)
KİTAB BƏLƏDÇİSİ - Uğurun özü mükafatdır
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Uğur qazanmaq üçün göstərilən fəaliyyətin ən yaxşı cəhəti odur ki, bu istiqamətdə atılan hər bir addım özü özlüyündə mükafatdır. Daha yaxşı şəxsiyyət olmaq istiqamətində atılan hər bir addım və əvvəlkindən daha yaxşı bilik və bacarıqlara yiyələnmək sizi daha xoşbəxt, inamlı və cəsarətli edir. Uğurun ən böyük mükafatı qazandığınız pul və sərvət deyil, Uğur qazanmaq uğrunda apardığınız mübarizə nəticəsində daha yaxşı və fərqli bir insana çevrilmənizdir. Növbəti hissədə, potensialınızın imkan verdiyi ən mükəmməl insan olmaq bacarığı haqda danışacağıq.
Brayan Treysi/Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)
Komitə sədri BEYTÜM başqanını təbrik edib
Millət vəkili, Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Beynəlxalq Türk Müəllifləri Birliyinin (BEYTÜM) başqanı, AYB Mətbuat Xidmətinin və İLESAM-ın Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, şair-publisist Xəyal Rzanı 45 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda Fazil Mustafa Xəyal Rzanın təşkilatçılığına, ictimai fəaliyyətinə yüksək qiymət verərək vurğulayıb ki, onun özəlliklə Türk dünyası nəşriyyatçıları, kitabçıları arasında əməkdaşlıq və müəllif hüquqları sahəsindəki təşəbbüsləri ortaq türk ədəbi yaddaşının güclənməsinə xidmət edir.
“Ədəbi sözə və hüquqa yanaşmanızda məsuliyyət və ardıcıllıq hissi, ictimai müstəvidə isə milli ruhun və çağdaş düşüncənin vəhdəti xüsusi olaraq seçilir” – deyə Fazil Mustafa vurğulayıb.
Komitə sədri yubilyara yeni uğurlar, sağlam ömür və yaradıcılıq enerjisi arzulayıb, onun Türk dünyası üçün dəyərli töhfələrinin davamlı olacağına inandığını bildirib.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)
Его идеи и стихи будут жить — как живёт свет далёких звёзд
Памяти великого поэта России Константина Кедрова от Всемирной организации писателей WOW и литературного совета Ассамблеи народов Евразии и Африки.
Ушёл из жизни Константин Александрович Кедров (12 ноября 1942 — 16 апреля 2025) — поэт, философ, литературный критик, автор теории метакода и термина метаметафора, создатель и вдохновитель метаметафоризма в русской поэзии. Его слово было точным, как формула, и бесконечным, как Вселенная.
Константин Кедров родился в Рыбинске в 1942 году. При рождении носил фамилию Бердичевский. В поэзии — с начала 1960-х годов. Его творчество стало ярчайшим проявлением интеллектуальной и философской поэзии, где наука и космос, лирика и логика соединялись в мощную литературную энергию.
Он был профессором Литературного института имени Горького, доктором философских наук, кандидатом филологических наук, членом Союза писателей СССР с 1989 года, членом исполкома Российского ПЕН-клуба. Создатель литературной группы и аббревиатуры ДООС — Добровольного общества охраны стрекоз, одного из самых поэтичных и вольных объединений в истории современной литературы.
Константин Александрович был представлен на соискание Нобелевской премии в области литературы (2003–2005), стал лауреатом южнокорейской премии Манхэ (2013) и Всемирной литературной премии WOW, учреждённой в 2023 году. Его «метаметафора» стала понятием, изменившим представление о поэтическом образе как об универсуме.
Он учил видеть Вселенную в каждой строчке, чувствовать бесконечность в каждом слове. Его идеи и стихи будут жить — как живёт свет далёких звёзд.
Светлая память поэту, мыслителю, человеку, для которого поэзия была дыханием космоса.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)
Ruhlar arasındakı bağı qoparmaq, iynədən sapı kəsmək qədər asan deyil
Xədicə Əliyeva, "Ədəbiyyat və İncəsənət"
Öyrəşmək
Öyrəşmək hər-halda pisdir. Hər halda. İnsan öz sonunu gətirəcək olana öyrəşir və sonunun hazırlanışında ləvazimat kimi istifadə olunur.
Bağlılıq
İnsanın məhvini gətirən öyrəşmək və nəyəsə həddindən artıq bağlılıq duymasıdır. Ona görə də, öyrəşmədən öncə özünü hansı cəhənnəmə hazırlayacağına baxmalı, hazır olmalısan. İnsan oğlu öyrəşir.
Bədbəxlik və xoşbəxtlik
Bədbəxliklərə də, xoşbəxtliklərə də öyrəşir. Bilirsiniz, ikisi də onun məhvini gətirir. Çünki, bədbəxtliyə öyrəşsə, onu qəbul edir, içinə düşdüyü döngüdən çıxa bilmir və halqanın içində döngü vurub çıxmağa çalışdığını zənn etsə də, dönüb-dolaşıb eyni yerə gəlir. Xoşbəxtlik anlayışına öyrəşmək daha çətindir. Çünki, mənə görə xoşbəxtlik sadəcə bir an olur. Hə, bircə an, bir hiss gəlir və sən xoşbəxt olduğunu zənn edirsən. Daha sonra, gələn hissin arxasında duran hadisə gedir və hisslər çılpaq şəkildə ortada qalır və bununla da biz həmin xoşbəxt hisslərə sahiblənirik, lakin hər zaman gözümüz onun sahibini axtarır. Necə ki, sevgisini verdiyin insanı itirəndə ata-ananın getdikləri yerdə uşaqlarını unutması kimi. Bu halda unudulan uşaq sən olursan.
Bəzən isə, bilirsinizmi nə olur?
İki insan özünün izinə düşmür. Düşəndə də, həmin yolda tanımadığı biri ilə rastlaşır və hər ikisi gedəcəkləri yolu unudub eyni yol seçirlər. Rastlaşdıqları üçün, eyni yoldan gedəcəklərinə məcbur olurlar. Halbuki, həmin yolun sonu onları özləri ilə yox, tamam fərqli bir yerə aparıb çıxarır. Bu halda onlar özlərini unudurlar və bir-birlərini tanımaq yolunda getməyi qərar alırlar. Sonda da bilirsiniz nə olur? Heç dəyişməz! Həmin insanlar yorular və hərəsi bir tərəfdə oturar. Artıq nə özlərini tanıma, nə də qarşısındakını tanıma yolunu getməyə taqətləri qalmaz. Bu halda artıq qopa da bilməzlər. Axı onlar elə bilir ki, qarşılaşıblar deyə mütləq eyni yolu getməlidirlər? Halbuki həyat onlara salamdan, bəlkə də, bir baxışmadan ötəsini yazmamışdı. Onlar isə sonunda yazılan yerə çatmamış, ömürlərini səhv şəkildə xərcləyib, ikisi də bir-birini bədbəxt edər.
Ona görə də,
insan özünü tanıma yolunu tam bitirmədən, o yola kimləsə çıxmağa, yolları birləşdirməyə çalışmamalıdır.
Sən düşünürsən ki,
yolun başında qarşılaşdıq deyə, eyni yerə gedəcəyik? Xeyr. Hər dayanacaqda biri düşəcək və səfər sonu səninlə təyin olumam yerə gedən bir neçə, bəlkə də heç kim olmaycaq. Bu müddətdə, onlar yol yoldaşı olub səfər müddəti bir-birləri ilə yeməklərini paylaşa bilər.
Həyat səfəri
Lakin, həyat səfəri buna bənzəmir. Həyat səfərində hisslərini başqası ilə paylaşsan, o həmin hissləri götürüb səndən fərqli bir yoldan davam edəcək və nəticədə sənin hisslərin onda, onunkilər səndə qalacaq və bu hisslər bir-biri ilə heç vaxt qarşılaşmayacaq deyə bir-biri üçün darıxacaq..
Özünüzə çatmadan, başqasına yetməyə çalışmayın.
Sonda özünüzə gecikəcəksiniz, özünə.
Ruhlar arasındakı bağı qoparmaq, iynədən sapı kəsmək qədər asan deyil..
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)
USTAD DƏRSLƏRİ – qrafika barədə danışacağıq
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qrafika təsviri sənətin bir növüdür. Bura müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Yunanca “graphike” – rəsm, şəkil deməkdir. XIX əsrdə qrafikanın əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdi. Sonradan bu sənət növü daha da təkmilləşib. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən əsas materialın ağ yerliyi qrafikanın əsas bədii vasitələrindən olub.
İşlənmə texnikasına görə qrafika sənəti iki hissəyə ayrılır – rəsm və çap qrafikası.
Onlardan ən qədim və ənənəvi növü rəsmdir. Karandaşla işlənilən rəsm əsasən kağızda, bəzən isə parça üzərində çəkilir. Bu rəsmlər yalnız bir nüsxədə yaranır. Bəzi əsərlər rəng baxımından zəngin olduğuna görə, onların boyakarlıqla yaxınlığı var: bunlar sulu boyalarla çəkilən və yaxud pastel texnikasında çəkilmiş rəsmlərdir. Qrafika üsulu ilə əsərlər, portret, mənzərə və s. janrlarda rəsmlər yaratmaq mümkündür.
Qrafikanın digər bir növü olan çap qrafikasını rəsmdən fərqləndirən əsas cəhət odur ki, çap qrafikası əsərlərindən eyni keyfiyyətdə istənilən qədər nüsxə almaq mümkündür. Buraya metal, ağac, daş və maqnezium üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir.
- Metal, yəni mis üzərində iynə ilə cızılmış və sonra basma üsulu ilə yaranmış qravürlərə ofort deyilir.
- Daş üzərində həkk olunmuş qrafikaya litoqrafiya
- Ağac üzərindəki qrafikaya isə ksiloqrafiya.
- Nisbətən sonra yaranmış linoqravür – linoleumu qazımaqla işlənilir.
Sahəsinə görə qrafikanın kitab qrafikası, elmi-tədqiqat qrafikası, plakat qrafikası, sənaye qrafikası və s. kimi növləri var.
Azərbaycanda qrafika sənətinin ilk nümunələrinə Qobustan qaya rəsmlərində, Təbriz miniatür məktəbi sənətkarlarının yaratdıqları əsərlərdə və rəssamların qrafik lövhələrində rast gəlinir. Lakin klassik ədəbi əsərlərin, əlyazmaların və dini kitabların bədii tərtibatı qrafikanın Azərbaycanda qədim tarixə malik olduğunu göstərir.
Satirik qrafikanın yaranması və inkişafı “Molla Nəsrəddin” jurnalının fəaliyyəti ilə bağlıdır. Azərbaycan Sovet qrafikasının inkişafında xalq rəssamı, mahir karikatura ustası Əzim Əzimzadənin müstəsna rolu olub. O, qrafikanın müxtəlif janrlarında çalışaraq rəngarəng rəsm silsilələri, plakat, karikatura, səhnə tərtibatı, geyim eskizləri və s. yaradıb. Ə.Əzimzadənin kitab qrafikası sahəsində yaratdığı ən kamil əsər M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalardır.
Ələkbər Rzaquliyevin “Köhnə Bakı”, "Xalçaçılar", Rasim Babayevin "Qobustan", "Xınalıq" linoqrvavüra silsilələri xalq məişətinin real lövhələri, ifadə yetkinliyi ilə səciyyələnir.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)
Valideynin insan həyatındakı rolu – müsbət və mənfi tərəflər, düzgün ailə necə qurulmalıdır?
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
İnsan dünyaya gəldiyi ilk gündən etibarən bir təməlin üzərində formalaşmağa başlayır – bu təməl ailədir. Hər bir fərdin şəxsiyyətinin, duyğusal sabitliyinin və dünyaya baxışının kökü məhz burada atılır. Ailə, uşağın ilk güzgüsüdür. O bu güzgüdə özünü görür, dəyərini hiss edir və insan olmağı öyrənir.
Valideynlərin davranışı, sadəcə gündəlik qayğılardan ibarət deyil. Hər baxış, hər toxunuş, hər sükut uşağın iç dünyasında bir iz buraxır. Sevgi dolu, anlayışlı bir münasibət uşağın içində təhlükəsizlik və dəyər hissi yaradır. Bu hiss uşağın gələcək münasibətlərində, özünü ifadəsində və seçimlərində əsas rol oynayır.
Lakin hər uşaq bu sevgi və anlayışla böyümür. Tərk edilmişlik, laqeydlik, psixoloji və ya fiziki zorakılıq kimi faktorlar uşağın içində "Mən sevilməyə layiq deyiləm" düşüncəsini formalaşdıra bilər. Belə uşaqlar böyüyərkən özünü ifadə etməkdə çətinlik çəkə, sevgi münasibətlərindən qaça, ya da sevgi üçün həddindən artıq əyilə bilərlər. Onların davranışlarında qeyri-sabitlik, güvənsizlik və ya özünü sübut etmə ehtiyacı ön plana çıxar.
Bəzi valideynlər övladlarına sevgini yalnız uğur qarşılığında verir. “Dərslərini yaxşı oxusan, səni sevirik”, “Bizi utandırma, başqalarının uşağına bax” kimi mesajlar uşağın sevgini qazanmaq üçün mübarizə aparmalı olduğunu düşündürür. Halbuki sevgi bir mükafat deyil, varlıq haqqıdır. Uşaq sevginin şərtsiz olduğunu bildikcə, özünü olduğu kimi qəbul edər və həyatla daha sağlam bağlar qura bilər.
Ailə yalnız bioloji bağlardan ibarət deyil. O, duyğusal bağlar üzərində inşa olunmalıdır. Uşaqla ünsiyyət qurmaq, onu dinləmək, duyğularına dəyər vermək – bu davranışlar uşaq üçün “görünmək” deməkdir. Görünən uşaq dəyərli hiss edər, dəyərli hiss edən uşaq isə dünyaya açılar, paylaşar, sevər.
Düzgün ailə modeli nizam, sərhəd və azadlıq balansını qorumağı bacaran bir mühitdir. Valideyn nə çox sərt, nə də həddindən artıq azad buraxan olmalıdır. Uşağın ehtiyaclarını duymaq, amma onun yerinə qərar verməkdən çəkinmək, onu qorumaq, amma boğmamaq, müstəqil fərd olmasına imkan tanımaq əsasdır.
Bir ailənin içində qarşılıqlı hörmət, emosional sabitlik və sevgi varsa, orada böyüyən uşaq gələcəkdə sağlam münasibətlər qurmağa daha meylli olar. Belə insanlar daha çox empati qurur, güvənə bilir və özlərinə hörmət edirlər. Əksinə, zədələyici ailə mühiti uşağın gələcək həyatında özünə və başqalarına qarşı neqativ münasibətin toxumlarını səpir.
Unutmaq olmaz: valideynlik bir sənətdir. Və bu sənətin əsası sevgi, anlayış və fərdin sərhədlərinə hörmətdən ibarətdir. Özümüz valideyn olmasaq belə, gələcəyin cəmiyyətini formalaşdıracaq fərdlərlə davranışımızda bu həssaslığı qorumaq vacibdir. Çünki hər bir insanın içində uşaq var – sevilmək istəyən, dəyər görmək istəyən və sadəcə görünmək istəyən bir uşaq.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)
BİZİM KİNO - “Bizim Cəbiş müəllim”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
“Allah ikinizin də bəlasını versin-sənin də, Hitlerin də…”
“Ana, atamızı unutmuşuq
Atanız bizi unudub. Cəbiş, baları yetim qoymaq istəyirsən?”
“Sən burda neyniyirsən?
Ay rəhmətliyin oğlu, adam burda neyniyər? Aç qapını bombalar töküldü başıma”.
“Pulun var sənin?
Sənin yox, sizin.
Yaxşı, pulun var sizin?”
“Ay qız, Tanyə…”
“Bizim uşağı görmədin?
Uşağın olub bəyəm?
Kül başuva, doğan vaxtımdı? Tanyəni deyirəm, əmanətdü, əmanət.”
“Xoşun gəlir? Gözləri yaşıldu?”
“Yəni ayda bir dəfə mənim arvadımla bazara getməyə ixtiyarım yoxdu?”
“Mən bir də sabun bişirməyəcəyəm”
Bu yerdə, ümumiyyətlə yazı boyu filmin adını çəkməsəm belə oxucu artıq sitatlardan bildi söhbət hansı filmdən gedir.
1969-cu ilin filmidir. 60-70-ci illər Azərbaycan ədəbiyyatının intibah dövrü olub. Həmin dövrdə kinoda, teatrda, rəssamlıqda, musiqidə, ümumiyyətlə mədəniyyətin bütün sahələrində ən gözəl əsərlər, ən peşəkar sənətkarlar meydana gəlib. Sevdiyimiz “Şərikli çörək” də o illərin filmidir. “Bizim Cəbiş müəllim” də.
«Müharibənin 1001-ci gecəsi», yoxsa “Bizim Cəbiş müəllim”
Film Maqsud İbrahimbəyovun «Müharibənin 1001-ci gecəsi» ssenarisi əsasında 1969-cu ildə çəkilib. Maqsud və Rüstəm qardaşları qədər köhnə Bakı həyatını, insanlarının psixologiyasını bilən üçüncü adam az tapılar.
Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.
Böyük Vətən müharibəsində Azərbaycan neftinin nə dərəcədə böyük rol oynaması haqqında fikirlər ilk dəfə olaraq «Bizim Cəbiş Müəllim» filmində Nəcəfov obrazının dili ilə söylənilib. Doğrudan da, bu filmdə rejissor Həsən Seyidbəyli ilə filmin ssenari müəllifi Maqsud İbrahimbəyov çox cəsarətli addım atıblar. Nəcəfov obrazının dili ilə rusların xoşuna gəlməyən, daima nəzəratlərində saxladığı faktları aşkar ifadə ediblər. Böyük Vətən müharibəsində Sovetlər tərəfindən iştirak edən hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla Azərbaycan təmin edib. Bu fakt ilk dəfə «Bizim Cəbiş Müəllim» filmində aşkara çıxarıldı… Filmin çəkilişi başa çatdıqdan sonra Moskvaya göndərdilər. Həmişə olduğu kimi bu dəfə də Moskva filmin bir neçə epizodu ilə yanaşı, Nəcəfov obrazının dili ilə deyilən faktların çıxarılmasına göstəriş verdi. Həsən Seyidbəyli gərgin mübahisədən sonra istədiyinə nail oldu.
Həsən Seyidbəyli Makedonu təsadüfən tapmışdı
Rejissor Makedon rolunun ifaçısı Aqil Ağacanovla bulvarda təsadüfən nərd oynayırmış. Qarşısındakının rejissor olduğunu bilən Aqil onunla mərcə girir. Əgər rejissor uduzsa onu kinoya çəkəcək. Razılaşırlar. Nərddə uduzduqdan sonra Həsən Seyidbəyli sözünü tutaraq onu Makedon roluna sınağa çağırır. Aqil Ağacanov sınaqdan keçəndən sonra rejissor onu çağırıb deyir ki, səni zatən Makedon rolu üçün gözüm tutduğuna görə səninlə nərd oynamağa başladım. Gəldiyimiz mərc isə səndən çox mənim mənafeyimə xidmət edirdi.
“Çağırsa ellər gedərəm davaya” barədə həqiqət
“Bizim Cəbiş müəllim”ə dəfələrlə baxmış tamaşaçıların əksəri bu fikirdədir ki, “Çağırsa ellər gedərəm davaya” da Əliağa Vahidindir. Amma adı titrlərə düsməyən meyxana müəllifi Molla Məhəmməddir.
Filmdə məhəllə uşaqlarının (Namiq, Makedon və s.) dediyi meyxananı səsləndirən də şairin özüdür.
73,5 dəqiqəlik “Bizim Cəbiş müəllim”ə Molla Məhəmmədin meyxanası necə daxil edilib?
Molla Məhəmməd – 1950-ci ildə Maştağa kəndində doğulmuş Məmmədqulu Əhmədovdur. “Molla Məhəmməd” təxəllüsünü ona oturub-durduğu, yaşından böyük kişilər veriblər. Məmmədquluda görüb-götürmək, eşitdiyini-oxuduğunu beş dəqiqədə qulağına sırğa etmək bacarığını duyanlar təxəllüs verməkdə yanılmayıblar. Bədahətən şeir demək (bədiyyə), əsasən də qəzəl yazmaq istedadı ilə Molla Məhəmməd tez bir zamanda kənddə məşhurlaşıb.
Onu Nəsibə Zeynalovanın oğlu Cahangirlə yaxından tanışlığı filmə gətirib çıxardır. Bağ qonşusu idilər. Günlərin bir günü Cahangir uşaqlıq dostu Molla Məhəmmədin yazdığı “Çağırsa ellər, gedərəm davaya” meyxanasını anasına göstərir. Öz növbəsində, o da filmində müharibə illərinin canlı ab-havasmı yaratmağa çalışan Həsən Seyidbəyliyə. Meyxana kinorejissorun elə xoşuna gəlir ki, onun səsləndirilməsi də müəllifin özünə, yəni Molla Məhəmmədə həvalə edilir.
Bizim Süleyman Ələsgərov
Bizim iki Süleyman Ələsgərovumuz olub. Biri görkəmli bəstəkar, o biri aktyor. Cəbiş müəllim obrazının ifaçısı aktyor Süleyman Ələsgərovdur. İxtisasca həkim olmalı idi, çünki Tibb İnstitutunun üçüncü kursunda oxuyanda getdiyi teatr dərnəyindən Gənc Tamaşaçılar Teatrının aktyor ştatına müsabiqə yolu ilə işə götürülüb. Sənətə bağlandığından institutu atıb. Ömür boyu Gənc Tamaşaçılar Teatrında işləyib. “Hacı Qəmbər” tamaşasında Hacı Qəmbər obrazı mənim gözlərim qarşısındadır, çünki yaşıma görə gördüyüm yalnız uşaq vaxtı həmin tamaşa olub. 34 filmə çəkilib. Cəbiş müəllim obrazı onun vizit kartı sayılır. Deyilənə görə, aktyor xasiyyətcə obraza çox bənzəyirmiş. 83 yaşına, yəni ömrünün sonuna qədər səhnədə olub. Ölümündən az əvvəl qrim güzgüsünü gənc aktyor Elşən Rüstəmova həvalə edib. 1989-cu ildə dünyasını dəyişib.
Bu filmdəki roluna görə xalq artisti 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında diploma layiq görülüb.
Cəbişin arvadı
Fikir vermisiniz, filmdə obrazın adı belə də gedir, öz adı yoxdur-yalnız Cəbişin arvadıdır. Mentalitetin göstəricisidir. Lent.az-ın kriminal yazarı Nizamın fantazyasına görə, guya Cəbişin arvadı ona xəyanət edir, özü də qonşu Əbülfəzlə. Deyir, hayıf Cəbiş kimi kişiyə arvadı xəyanət edir, rejissor guya bunu xırda detallarla işarə verib: “məsələn Əbülfəzin fürsətdən istifadə edib bazarda qadının qolundan tutması, öz evində kürəyinə, əlinə toxunması buna işarədir.”
Yeri gəlmişkən, həmin o kürəyinə toxunduğu yerdən Moskva senzurası çox maraqlı bir epizodu kəsib atıb. Həmin yerdə Cəbişin arvadı Əbülfəzi yun çubuğunun altına salıb qənşirin çıxardır. Hayıf ki, filmdə həmin yer yoxdur.
Şəfiqə Məmmədova bu obrazı əvəzsiz ifa edib. Yer qoymayıb ki, deyəsən, başqa kimsə daha yaxşı ifa edərdi.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)
Zamanın dəyəri - ESSE
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
Zaman... nə səsi var, nə rəngi, nə də izi. Amma bir baxırsan, səssizcə həyatımızın içindən axıb gedib. Bir dəfə getdi, geri dönmədi. Sanki dəniz kənarında yazılmış bir ad — bir dalğa gəlir, silir, yox edir. Qalır içimizdəki “kaşki”lər, “əgər”lər və heç bitməyən gecə düşüncələri.
Bəzən elə olur ki, bir anın içində bir ömür gizlənir. Bir baxış, bir təbəssüm, bir vidalaşma... və ya bir daha gəlməyəcək bir fürsət. Bizi böyüdən də, dəyişdirən də məhz o ani zamanlardır. Və biz çox vaxt onu yaşadığımız anda deyil, itirdikdən sonra anlayırıq.
“Zaman elə bir müəllimdir ki, əvvəlcə imtahan keçirir, sonra dərsi izah edir.” – Vernon Law
Biz zamanla danışmırıq, amma o bizimlə danışır. Bəzən bir qırışda, bəzən susqun bir baxışda, bəzən də qapısını çalmadığımız bir yoldaşın yoxluğunda. İnsan dərk etdikcə anlayır ki, hər gün, hər saat bir hədiyyəymiş. Qutusu yoxdur, amma içində min hiss var: sevinc, kədər, peşmanlıq, ümid...
“İnsanlar pullarını necə xərclədiklərini bilir, amma zamanlarını necə itirdiklərini anlamırlar.” – Socrates
Zaman – şəfalı olduğu qədər, dağlayıcıdır da. Bəzən keçmişə qayıtmaq istərik, bir sözü demək, bir addımı atmamaq üçün. Amma zaman bizə sadəcə bir istiqamət verir: irəli. Bu səbəbdəndir ki, onu dəyərləndirmək – gələcəyə ən böyük hədiyyəmizdir.
“Əgər zaman bir göldürsə, hər insan onun sahilində oturub yalnız öz əksinə baxar.” – Khalil Gibran
İndi gözlərini yum və bir anlıq düşün: bu an sənin həyatının hansı hissəsidir? Başlanğıc? Yoxsa artıq ötüb-keçən bir səhifə? Hansı olursa-olsun, unutma – bu an bir daha gəlməyəcək. Elə bu səbəbdən onu sevmək, hiss eləmək, doya-doya yaşamaq bizim tək gerçək vəzifəmizdir.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)