
Super User
Hər gün dünyadan 5 maraqlı və bəzən də qəribə məlumat
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sizlər üçün seçdiyim qəribə və maraqlı məlumatlardan növbətin 5 dənəsini diqqətinizə çatdırıram.
16. Genetika: – İnsanların 99.9%-lik DNT-si eynidir. Yəni səninlə başqa bir insan arasındakı bütün fərqlər cəmi 0.1%-lik bir hissəyə aiddir.
17. Texnologiya tarixi: – Google-ın ilk adı “Backrub” idi. 1996-cı ildə yaradılıb və o dövrdə internet səhifələrini “geriyə doğru izləmə” prinsipi ilə sıralayırdı.
18. Tarixi fakt: – Qədim Misirlilər ölümlə deyil, ölümsüzlüklə daha çox maraqlanırdılar. Ona görə də mumiyalama sənətini inkişaf etdirmişdilər – bu dünyanı tərk etdikdən sonra o biri dünyada yaşamaq üçün.
19. Qəribə təbiət hadisəsi: – Avstraliyada göyərçinlər kompas kimi istifadə olunur. Onlar Yer kürəsinin maqnit sahəsini “görə” bilir və bu xüsusiyyətlə minlərlə km məsafədən evlərinə qayıda bilirlər.
20. Dillər haqqında: – Silbo Gomero – Kanar adalarında danışılan fit dilidir. İnsanlar bu dili fitlə danışaraq bir-birilərinə kilometrlərlə uzaqdan mesaj çatdırırlar!
Sizlər bəs hansı maraqlı hadisələr barədə bilgilisiniz? Həmən yazın, bölüşək.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
İndi dəb düşüb, hamı psixoloq yanına gedir - DƏRSLƏR
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Düzdür, insanlarımız arasında belə bir anlayış var ki, psixoloq – depressiyaya düşənlərin həkimidir. Amma psixologiya sahəsi göründüyündən qat-qat mürəkkəb və geniş bir sahədir.
Bu günkü DƏRSLƏR bu sahə üzrə olacaq.
İnsan təbiətini, beyin funksiyalarını, emosional və sosial reaksiyaları anlamağa yönəlmiş bir sahədir psixologiya. Psixologiyanın məqsədi insanların niyə belə davrandıqlarını və necə düşündüklərini araşdırmaqdır. Bu sahə geniş və müxtəlif istiqamətləri əhatə edir və həm praktiki, həm də akademik baxımdan çox maraqlıdır.
*Psixologiyanın əsas sahələri:*
1. Ümumi psixologiya
İnsan davranışını ümumi şəkildə öyrənir. Bu sahə beyin funksiyalarını, yaddaş, hisslər, motivasiya və düşüncə proseslərini əhatə edir.
2. Klinik psixologiya
Əsasən insanların psixoloji xəstəliklərini, emosional pozğunluqları və terapiya üsullarını araşdırır. Psixoterapiya və müalicə üsullarını da öyrənir.
3. Təhsil psixologiyası
İnsanların öyrənmə proseslərini, təhsil sistemlərindəki çətinlikləri və bu sahədə daha yaxşı nəticələr əldə etmə yollarını öyrənir.
4. Sosial psixologiya
İnsanların digər insanlarla, qruplarla və cəmiyyətlə necə əlaqə qurduqlarını öyrənir. Sosial davranışlar, qruplararası münasibətlər, liderlik və sosial təsir bu sahəyə aiddir.
5. Təşkilat psixologiyası
İş yerində insan davranışını, işçilərin motivasiyasını və təşkilati mühitin insan üzərindəki təsirini araşdırır.
6. İnkişaf psixologiyası
İnsanların həyat boyu necə inkişaf etdiyini, uşaqlıqdan böyüklüyə qədər olan mərhələləri və bu mərhələlərdəki psixoloji dəyişiklikləri öyrənir.
7. Bioloji psixologiya
Beyin, nevrologiya və genetik faktorların insan davranışına təsirini öyrənir. Beynin fərqli hissələrinin necə işlədiyini və davranışları necə formalaşdırdığını izah edir.
*_İnsan davranışı və motivasiya_*
İnsan davranışının öyrənilməsi, niyə müəyyən şəkildə davrandığımızı və bizi nəyin idarə etdiyini anlamanıza kömək edər. Davranışın formalaşmasında müxtəlif amillər rol oynayır:
- Genetik faktörlər: İnsanın irsi xüsusiyyətləri və onlara bağlı davranışlar.
- Ətraf mühit: Ailə, məktəb, sosial çevrə və media insanın davranışını formalaşdıran faktorlardır.
- Motivasiya: İnsanları müəyyən bir şəkildə davranmağa təşviq edən amillər (məsələn, ehtiyaclar, arzular, məqsədlər).
- Emosiyalar: Xoşbəxtlik, kədər, qəzəb və qorxu kimi emosiyalar insanların qərarlarına və davranışlarına təsir edir.
*Psixoloji nəzəriyyələr və modellər:*
1. Freydin psixoanalitik nəzəriyyəsi
Sigmund Freud, insanın davranışlarını id, ego və super egodan ibarət olan psixodinamik bir modellə açıqlamışdır. Freydə görə, bilinçaltı fikirlər və cinsi instinktlər insanların davranışlarına rəhbərlik edir.
2. B.F. Skinnerin davranış nəzəriyyəsi
Davranışçı yanaşma, insan davranışlarını mükafat və cəza vasitəsilə şərtləndirir. Skinnerin düşüncəsinə görə, insan davranışları mükafatlarla formalaşır.
3. Abraham Maslounun ehtiyaclar piramidi
Maslou, insanların özünü reallaşdırma, təhlükəsizlik və sosial əlaqələr kimi əsas ehtiyaclarını qarşılamaq üçün müəyyən mərhələlərdən keçdiklərini təklif edir.
4. Jean Piaget'nin inkişaf nəzəriyyəsi
Piaget, uşaqların zehni inkişafını mərhələlərlə izah edir və onların dünya haqqında necə düşündüklərini öyrənir.
5. Carl Rogers və humanist psixologiya
Rogers insanın özünü inkişaf etdirmək və tam potensialını həyata keçirmək istəyini vurğulayır, onu fərdiyyətçilik və müsbət münasibətlərə istiqamətləndirir.
*Psixologiya və insan davranışını öyrənməyə necə başlamaq olar?*
*Kitablar və məqalələr:*
"Thinking, Fast and Slow" – Daniel Kahneman
"Man's Search for Meaning" – Viktor Frankl
"Influence: The Psychology of Persuasion" – Robert Cialdini
*Onlayn kurslar:* Coursera, edX, Udemy kimi platformalarda psixologiya ilə bağlı dərslər.
*Psixologiya üzrə diplom və sertifikatlar:* Psixologiya üzrə mütəxəssis olmaq istəyirsənsə, bu sahədə rəsmi təhsil almaq faydalıdır.
*Təcrübə:* İnsan davranışlarını müşahidə etmək, psixoloji testlər tətbiq etmək və praktiki müşahidələr aparmaq bu sahədə biliklərinizi artırar.
Psixologiya və insan davranışını öyrənmək, həm şəxsi həyatını, həm də başqalarına daha yaxşı kömək etməyini təmin edə bilər.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
BİZİM KİNO – Elxan Cəfərovun yarımçıq olmayan “Yarımçıq xatirələr”i
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
2015-ci ildə çəkilən “Yarımçıq xatirələr” filmi barədə danışmaq istəyirəm.
“Qonşun pisdir, köç qurtar...” - söyləyib atalar. Min illərin sınağından çıxmış folklorumuz hər şeyi dəqiq deyir. Bütün həyat və yaşam fəlsəfəsi var burda.
Bəzən romana sığmayacaq ideya bir cümləlik məsəllə, kiçik bir bayatıyla o qədər dəqiq ifadə olunur ki, sadəcə, heyrət edirsən. Bəli, həyat o qədər qısa və fanidir ki, onu pis qonşuyla mübarizəyə, ya da onun tərbiyəsinə sərf etməyə dəyməz. Yaxşısı budur, köç qurtar.
Bunu yaza-yaza nədənsə köçəri xaqlar haqqında düşünürəm, bəlkə bütöv bir tayfanın yerini dəyişməsi, qurduğu yurdu-yuvanı boş qoyub, isti ocağı atıb, baş alıb getməsi, quru yerdə yurd qurması, ev tikməsi elə buna görə imiş? Pis qonşuya görə... Amma axı çağdaş zamanda, dünyanın ciddi şəkildə “çəpərləndiyi”, sərhədlərin az qala xətkeşlə ölçüldüyü vaxtda necə gedəsən, hara gedəsən? Həm də bu qonşu sənin olana, babalarının mirasına göz dikirsə, əl uzadırsa, işğal edirsə... Mübarizə aparmaqdan, qan tökməkdən, dalaşmaqdan, vuruşmaqdan başqa yol yoxdur. Sadədən sadə insan xislətidir bu; sahibkarlıq duyğusu, sənin olanı qoruma instinktin, əlindən alınana görə qisas hissin. Ona görə də zaman-zaman sənətin diqqət mərkəzinə gəlir bu mövzular. Amma hansı şəkildə? Qəddarlığı, amansızlığı təbliğ edərəkmi? Yox, əsl sənət əsərində ideya qəddarlıq ola bilməz, sənət insansevərliyi, sülhü tərənnüm etməlidir.
Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmi də hər şeydən əvvəl insanlığın, sülhün təbliğatçısı kimi maraqlıdır. Film müharibədən bəhs edir, amma müharibəyə qarşıdır, müharibəni şər, şeytan əməli kimi göstərir.
“Yarımçıq xatirələr” faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub. Hələ İkinci Dünya müharibəsi zamanı Brest qalasının müdafiəsində iştirak edən, almanlara əsir düşən, sonra böyük şücaət göstərib əsirlikdən qaçan, partizanlara qoşulub faşistlərə qarşı vuruşan Azər indi də Qarabağ uğrunda ermənilərə qarşı döyüşür. Erməni ordusunda muzdla çalışan rus əsgərləri və zabit Vanya Azəri öldürürlər. Vanya öldürülən adamın veteran olduğunu biləndə erməni əsgərlərinə qəzəblənir və Azərin qələmə aldığı xatirələrini götürüb oxuyur. Məlum olur ki, Böyük Vətən müharibəsində Azər onun babası ilə birgə döyüşüb... Ona görə də Vanya həyatını təhlükəyə ataraq Azərin cəsədini Azərbaycan tərəfinə təhvil verir və elə bu zaman erməni gülləsindən həlak olur.
Filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayevdir. Həm Elxan Cəfərov, həm də Yavər Rzayev yaradıcılığı üçün xarakterik mövzudadır “Yarımçıq xatirələr”. Elxan Cəfərov Qarabağ mövzusunda yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkdiyi “Dolu” filmi ilə müharibə motivli filmlərimizin ən yaxşısını ortaya qoymuş olub. Yavər Rzayevin isə “Sarı gəlin” filmi iki qonşu xalqın - ermənilərlə azərbaycanlıların düşmənçiliyinə ayrı yöndən baxmağa çağırışdır. Yəni ömrü boyu qonşu olan, yanaşı yaşayan, eyni torpağı əkib-becərən, bir-birinin xeyrində-şərində iştirak edən insanlar əbədi düşmən ola bilməzlər. Bunu anlamaq üçün “Sarı gəlin” filmində azərbaycanlı Qədirin erməni Artavasa münasibətini, Artavas qətlə yetirilmiş uşaqlara görə ağlayanda, onu sakitləşdirməsini seyr etmək yetərlidir. Bir sözlə, “Yarımçıq xatirələr” müəlliflərin həm “Dolu”, həm də “Sarı gəlin” filmlərində irəli sürdüklərin ideyaların davamı kimi qavranılır.
Rejissor Elxan Cəfərovun və operator Nadir Mehdiyevin birgə uğurlu işini “Dolu” filmində də seyr etmişdik. Və mənə görə “Yarımçıq xatirələr” filminin uğuru məhz ab-havanın, rənglərin düzgün seçimindədir. Yəni filmin lap ilk kadrlarından müharibəni əks etdirməsi, ağrının, əzabın, itkinin, ölümün ifadəsi yalnız süjetdən yox, ümumi ovqatdan, ab-havadan duyulur. Film Belarusun Brest, Minsk şəhərlərində, Vileyka qəsəbəsində və Azərbaycanda lentə alınıb. Amma Azərin gündəlikləri vasitəsiylə Böyük Vətən müharibəsi illəri əks olunanda da, hadisələr Qarabağda cərəyan edəndə də özünü məhz orda, o illərin, hadisələrin içərisində hiss edirsən. Bu da heç şübhəsiz, müəlliflərin zəhməti və peşəkarlığı sayəsindədir.
Azərin gəncliyini Bəhruz Vaqifoğlu, yaşlı vaxtını Qurban İsmayılov ifa edirlər. Ötən həftə haqqında yazdığım “Çölçü” filminin də qəhrəmanını Bəhruz Vaqifoğlu canlandırır. Nədənsə mənə onun cavan çölçünü ifası bu filmdə Azəri ifasından daha təsirli, daha ifadəli görünür. Bəlkə, əslində, Azər obrazı daha qəliz oyun tələb edir, ona görə. Amma hər halda filmdə əsas üstünlüklərdən biri də aktyor oyunu məqamıdır. Erməni qızı Jannanı ifa edən Gülzar Qurbanovanın, Vanyanı oynayan Mixail Kaminskinin, Səmədi canlandıran Şamil Süleymanovun üz-gözündən müharibə yaşantıları yağır. Xatırlayıram ki, “Dolu” filmində də məni ən çox gənc oğlu müharibədə həlak olan ananı ifa edən Gülzar Qurbanovanın üzünün ifadəsi təsirləndirmişdi. Bu filmlərdə müharibə sadəcə, döyüş səhnələri, atışma səsləriylə, ölümlərlə, dağıdılmış, viran qoyulmuş məkanlarla yox, həm də insanla, onun xarakteri, siması, necəliyi ilə ifadə olunur.
Bir vaxt Holokostla ciddi maraqlanırdım, bu haqda filmlərə baxır, yazılar oxuyurdum. O zaman məni ən çox təsirləndirən, düşündürən məqamlardan biri Holkostda bir-birinə vurulan, sevən cütlüklər olmuşdu. Aman Allah, o cür şəraitdə sevmək olarmış... Qorxu, vahimə içində, hər an ölüm, işgəncə təhlükəsi ilə üz-üzə ürəkdə ayrı bir həyəcana da yer qalırmış. “Yarımçıq xatirələr”in çatdırmaq, göstərmək istədiyi həm də budur. İnsan hər yerdə insandır. Ən qəddar şəraitdə belə o insanlıq, ilahi hisslər özünü göstərəcək. Erməni snayperi Jannanın (Gülzar Qurbanova) rus kapitan Vanyana vurulması, yaxud İkinci Dünya müharibəsi zamanı rus qızının Azəri sevməsi, ondan sevgi haqqında soruşması, onun üçün uşaq doğmaq istəməsi bunu ifadə edir.
Dünya kinosundan faşistlərin qəddarlığı, əsirlərə qarşı davranışı haqqında kadrlara çox baxmışıq. Amma milli kinomuzda bu cür dəqiq kadrların, tam bir əsir düşərgəsi ab-havasının ifadəsi yenidir. Musiqi həvəskarı alman zabiti skripkada ifa edir, melodiya bitənə kimi neçə əsir asılaraq edam olunur. Musiqi bitəndən sonra edam aktı dayandırılır. “Müharibədə qəddarlığın heç bir məntiqi yoxdur” mesajıdır bu əslində. Şamil Süleymanovun ifa etdiyi Səməd obrazı isə ayrıca bir xarakterdir. Səmədin musiqi həvəskarı olan alman zabiti üçün skripkanı kamança kimi çalması, onu təsirləndirməsi filmin ən uğurlu kadrı sayıla bilər. Skripkanın - kamançanın səsi, Səmədin ifası alman zabitini təsirləndirsə də, faşistlər haqqında deyilmiş ağır sözlərə görə güllələyib öldürür Səmədi zabit. Bu məqamda Mirzə Cəlilin “Kamança”sı yada düşür. O zaman Qarabağda yaşayan və erməni-azərbaycanlı münasibətlərinin gərginliyini şəxsən müşahidə edən yazıçı millətimizə xas humanizmi bu əsəri ilə ən dəqiq şəkildə ifadə edib. Erməninin ifa etdiyi kamança havasının təsiriylə qəzəbin, nifrətin soyuması, Qəhrəman yüzbaşının ermənini buraxması, öldürməməsi hər şeyi deyir. Necə ki, “Yarımçıq xatirələr”də alman zabitinin Səmədi bağışlamaması, öldürməsi də hər şeyi deyir.
Və Azərin gündəliklərində “Biz alman xalqına qarşı vuruşmuruq, faşizmə qarşı vuruşuruq” - yazması da son dərəcə dəqiq məqamdır. Axı dünyaya Bethoveni, Baxı, Şumanı, Bramsı, Höteni, Heyneni və dünya sənətinin incilərini yaradan neçə-neçə başqa sənətkarları bəxş edən milləti bütöv şəkildə necə qəddar, amansız saymaq olar?! Müharibə bütöv millətin yox, şərin, bu şəri, şeytan əməlini daşıyanların günahıdır.
Filmin sonunda rus zabiti Vanya səhvən Jannanın gülləsindən həlak olur. Ona aşiq olmuş Jannanın. Sən demə, doğrudan da Janna adlı snayper varmış ermənilərdə, özü də Gülzar Qurbanovanın yaratdığı obraza çox bənzəyirmiş. Filmdə Janna da ölür. Və qəribə bir acizlik hiss edir adam... Çıxış yolu barışdadır, biz bunu dərk edirik, bəs onlar, ermənilər anlayırlarmı? Yox, ən azından elə YouTube-da filmin altındakı erməni şərhlərindən bunu görmək olar. “Yarımçıq xatirələr”ə milyonlarla baxış sayı var, son illərdə ən çox baxılan, bəyənilən filmlərimizdəndir. Özü də rus saytları, bəlkə rus zabitinin qəhrəman obrazına, şücaətini görə, bu filmi çox təbliğ ediblər. Filmə yazılan şərhlərin özü də ayrıca sənət əsəridir, yaxud sənəti düşündürə biləcək mövzudur.
Hələ 80-ci illərdə Məmməd Araz “Qonşu çəpəri” şeirində yazırdı:
Bizim bağa su axıdır açdığın bərə,
Bizim tutdan sizin bağa kölgə düşəcək.
Gözümüzü gözümüzdən qorusaq belə,
İtlərimiz macal tapıb həvirləşəcək.
“Sarı gəlin” filminin də sonunda azərbaycanlı ilə erməni saxlaya, dayandıra bilmədikləri qatarda yanaşı, yorğun oturub gedirlər. Qədir “Sarı gəlin sizə rast gəlsə kimliyini soruşmayın” - deyir sonda. “Sarı gəlin” mahnısı iki millət arasındakı mübarizənin, savaşın simvoluna çevrilib sanki. Və azərbaycanlının “ondan heç nə soruşmayın” deməsi savaşdan yorğunluğu, sülh arzusunu göstərir. Beləliklə, biz bunu anlayırıq, Mirzə Cəlil “Kamança” ilə, Məmməd Araz “Qonşu çəpəri” ilə, Yavər Rzayev “Sarı gəlin”lə, Elxan Cəfərov “Yarımçıq xatirələr”lə bunu deyir, bunu anladır, sülhü, barışı təbliğ edir.
Bəs onlar?
Ermənilər?
ŞƏKİLLƏRDƏ: Filmdən fraqmentlər; rejissor Elxan Cəfərov.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
Azərbaycanlılar Avropaya işləməyə hansı şərtlərlə gedirlər?
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Sovetlər dönəmində azərbaycanlılar elliklə Rusiyaya axışır, ordan qazanırdılar. Xüsusən də həmyerlilərimiz Rusiya bazarlarında piştaxta arxasında özlərini rahat hiss edirdilər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə vətəndaşlarının iş üçün ən çox üz tutduqları ölkələr bu dəfə Rusiya ilə bərabər, həm də Türkiyə oldu. Amma indi vəziyyət xeyli dəyişib. “Ədəbiyyat və incəsənət” portalının bəhs edəcəyi növbəti mövzu da məhz elə bu barədədir.
Son illər soydaşlarımız məşğulluqla bağlı pblemlərini Çexiya, Slovakiya, Polşa kimi ölkələrdə - keçmiş socialist düşərgəsind həll etməyə başlayıblar. Son nəticədə indi adları çəkilən Avropa ölkələrində minlərlə azərbaycanlı işləyir, diasporumuzu formalaşdırır. Bəs vətəndaşlarımız Avropaya işləməyə hansı şərtlərlə gedirlər?
İşədüzəldən şirkətlər vasitəsilə
Avropada işləmək istəyənlər bunu həm özləri, həm də vasitəçi şirkətlərin xətti ilə reallaşdıra bilərlər. Birinci halda vətəndaşlar turist qismində "köhnə qitə"yə səfər edə, orada iş tapa və əmək münasibətlərini yerindəcə rəsmiləşdirə bilərlər. İkinci halda isə işi Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlər tapır və işləmək istəyən şəxslərdən sənədləri yığaraq Avropaya göndərir, lazımi prosedurlardan sonra işçi vizası düzəldir və bunun müqabilində xidmət haqqı alırlar. Amma bu məsələdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Nəzərə alınmalıdır ki, bazarda olan şirkətlərin çoxunun Avropada yerləşən və işçiyə ehtiyacı olan müəssisələrlə rəsmi əməkdaşlığı yoxdur. Şirkətlər daha çox vakansiyalar barədə məlumatları hansısa yollarla əldə edir və görə biləcəyiniz işləri sizin əvəzinizdən onlar görürlər.
Rəsmi dəvət məktubu ilə
Bununla belə, işçi qüvvəsinin beynəlxalq miqrasiyası ilə peşəkar şəkildə məşğul olan şirkətlər də var. Onlardan birinin rəhbəri Elməddin Əliyev deyir ki, Avropada işləmək üçün ən vacib məsələ işəgötürəndən rəsmi dəvət məktubunun əldə edilməsidir:
"Bunun üçün Avropada işləmək istəyən şəxslərin sənədləri toplanılaraq işəgötürənə göndərilir və dəvətnamə hazır olana qədər bu məsələ nəzarətdə saxlanılır. Dəvətnamə gəldikdən sonra isə vətəndaş viza üçün növbəyə yazılır. Bu prosesin müddəti ölkələrdən asılı olaraq dəyişir. Məsələn, Slovakiyaya iş üçün müraciət edən şəxslərin sənədləri iki-üç ay ərzində hazır olur. Buradakı iş və maaş barədə öncədən vətəndaşlara məlumat verilir. Dəvətnamə gəldikdə isə artıq onun üzərində vətəndaşın yaşayacağı ünvan da qeyd olunur. Çünki yaşayış ünvanı olmadan viza almaq çətinləşir. Vətəndaşı Slovakiyada qarşılayan olmasa da, o, həmin ünvanı xəritədən taparaq özü yerinə çata bilir. Slovakiyaya ailə ilə getmək istəyənlər də müraciət edə bilərlər. Burada proses iki mərhələli olur. Öncə ailə üzvlərindən biri, daha sonra isə digəri Slovakiyaya göndərilir. Ər-arvad birlikdə getsələr, onların ikisinin də işləməsi mütləqdir (zavodlarda ailəvi işləyənlər var). İşə düzəlmək üçün hər iki şəxs xidmət haqqı ödəyir. Həmin məbləğə viza rüsumu, sığorta pulu, dəvətnamə, vakansiya və zəmanət məktubu daxildir".
Çexiyadakılar
Çexiyada həmyerlilərimiz çoxdur və mütləq əksəriyyət iaşə sistemində çalışır. Restoran və kafe açaraq şəxsi sahibkarlıq edənlər də var, onun-bunun obyektində çalışanlar da. Turistik məkanlarda xırda-xuruş satanlar, küçələrdə canlı reklamçı olaraq turistləri restoranlara, turistik marşrutlara dəvət edənlər olduqca çoxdur.
Elə bu yerdə xatırladaq ki, Avropaya ilk olaraq azərbaycanlılar Almaniyada kütləvi iş tapmış, mövsümi albalı yığımında iştirak etmişdilər. Almaniyadan maşın daşımaq və Polşadan ərzaq gətirməklə başlayan mövsümi işlərimizə bu albalıyığma nisbətən masştablı və əhatəli şəkildə əlavə edilmişdi.
Praqda hətta “Bakı” restoranı da var. Küşələrdə dilimizdə danışıq eşidəndə əsla təəccüblənməməlisiniz.
İaşədən şaxələnmələr də baş verir. Məsələn, bir tanışımız var, “Şkoda” avtomobil konsernində konveyer çalışdırıcısıdır, aylıq 4500 avro qazancı var.
Polşadakılar
Polşa da azərbaycanlıların iş üçün maraq göstərdiyi ölkələrdəndir. Amma burada iş yerləri, əsasən, zavodlardadır, fiziki əmək tələb edən işlərdir. Polşada işləyən Nizami Namazov deyir ki, belə işlərin hər saatına görə ən yaxşı halda 20 zlot (7 manat), əksər hallarda isə 12-15 zlot (4-5 manat) ödəniş edilir. Yəni hər gün 10 saat işləyən adam gündəlik minimum 120 zlot (42 manat), maksimum isə 200 zlot (70 manat) qazana bilər.
"Beləliklə, zavodda işləyirsənsə, ev kirayəsi daxil olmaqla ayı 3000-5000 min zlot (1000-2000 min manat) gəlirlə başa vurmaq olur. Mənim isə Polşada işim İT sahəsi ilə bağlıdır və internetdən tapmışam. Burada yerli dili bilmək üstünlükdür. Amma mən daha çox ingilis dilindən istifadə edirəm. Xərclərə gəlincə isə, burada evin kirayəsi kommunal ödəniş daxil olmaqla azı 1200 zlot (420 manat) xərc tələb edir. İctimai nəqliyyatda birdəfəlik gediş haqqı 4-6 zlot (1-2 manat) təşkil edir. Amma tələbələrə 74 zlota (26 manata) aylıq kart verilir. 30 Gb-lıq internet paketi üçün isə 30 zlot (10 manat) ödəmək lazımdır", - deyə həmsöhbətimiz bildirir.
N.Namazov işi ilə bağlı Çexiyada da tez-tez olur. Onun sözlərinə görə, bu ölkədə də məşğulluqla bağlı şərtlər, demək olar ki, Polşadakı kimidir:
"Baxmayaraq ki, bir çox azərbaycanlılar deyirlər ki, Çexiyada iş tapmaq Polşadan asan və gəlirlidir, amma orada qiymətlər buradan yüksəkdir".
Yekun
Ölkədən beyin axını müstəqilliyin ilk illərində çox yüksək həddə idi. Alimlər, müəllimlər, musiqiçilər, idmançılar kütləvi halda özlərinə daha yüksək məvacibli ölkələr axtarışında idilər.
Amma indi əmək miqrasiyası beyin yox, əzələ, güc axını şəklini almaqdadır. Bizim insanlar Avropada hazırda çox ucuz işçi qüvvəsidir. Həmin o çex, polyak sahibkar özününkünə verəsi olduğu pulun beşdə birini bizimkilərə verib də onların əməyini istismar edir.
Əslində, bu heç istismar da deyil. Bizimkilər bu puldan xoşbəxt olurlarsa, demək, avropalı sahibkarlar savab iş tuturlar.
“Ədəbiyyat və incəsənət” mövzunu davam etdirəcək.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
İsmayıllı rayonunun gəzməli, görməli yerləri
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Yaz-yay aylarında Azərbaycan əhalisinin ən çox üz tutduğu turistik məkanlardandır İsmayıllı rayonu. Bu yazıda rayonun əsas görməli yerləri barədə söz açacağıq.
Qız qalası - Xanəngah kəndinin yaxınlığında, Dövlət qoruğunun ərazisində yerləşən sıldırım dağın zirvəsində ucalır bu məşhur abidə. Bura hər zaman sərin olur. Çünki günəş şüaları bura nəzər salmır.
Cavanşir qalası - iki hissədən ibarətdir. Rayon mərkəzindən 7 km aralı yerləşir.
Qalacıq kəndi iri şabalıdları ilə məşhurdur. Rayon mərkəzindən 30 kilometr məsafədə yerləşir və bu istiqamətdə sonuncu yaşayış məntəqəsidir.
İvanovka kəndi -Acınohur dağlarında, Göyçay və Dəvəbatan çaylarının arasındakı yaylaqda yerləşir. Yolları hamar və abaddır. Evləri oyma üzlükləri olan və yan-yana tikilmiş taxta tikililərdir. Onları bir- birindən geniş küçələr ayırır, hər bir evin qarşısında kiçik dükan var.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
Səhnədə qocalan aktyor - Səməndər Rzayevə həsr olunur
Aysel Fikrət, Azərbaycan Milli Konsevatoriyasının mətbuat katibi, “Ədəbiyyat və incəsənət” üçün
Səməndər Rzayevin 80 yaşı qeyd olundu. Ömrünün nə az, nə çox 39 ilini yer üzündə olmayan, bu dünyayla təmasını kəsən Səməndər Rzayevi sevməyən, tanımayan, duymayan yoxdur. Film fondda qeyd olunan tədbirə yenə doğmalar, dostlar, dünyada qalmış sənət dostları gəldi. Yenə onunla bağlı xatirələr dinləndi. Yenə onun yaddaşlara həkk olan isti, doğma səsi ətrafa yayıldı.
Səməndər Rzayev bir an belə səhnədən getmədi, onu hamı teatrda, filmlərdə duydu. O, daima sənət cameyəsində oldu, heç bir yerə çəkilmədi. Bu, həm incəsənətin, teatrın və kino sənətinin, radionun nə qədər gücə malik olduğunu bildirir. Yetər ki sən sənətkar ol. Yetər ki sən az ömründə çox şeyi deməyi bacar.
Səməndər Rzayev bizim üçün bu gün Rübabə Səməndərdir. Çünki ta uşaq yaşlarından ata itirmiş Rübabə xatirələrindən danışanda onun kövrək ürəyinin dərinliyində olan həsrət gözlərindən yuxu kimi yağır. Həm də nakam aktyor ömrü yaşayan, cəmiyyətin, mühitin məhv etdiyi istedadlı Rəşid Səməndərdir. Övladları onun bu dünyaya göndərdiyi nəticələrdir. Rəşid 45 yaşında getdi bu dünyadan, elə sözün əsl mənasında baş götürüb çıxıb getdi.
Rübabə Səməndər düşünən və xeyirxah ürəyi ilə atasına çox bənzəyir. Deməsə də anlamaq olur ki, qardaşını qoruya bilməməsi onu incidir, ürəyini sızladır. Zamanın amansızlığında aciz görünməmək üçün susur. Müdrik və mübariz həyatında Səməndər Rzayev ocağını yandırmağa davam edir. Onun bu igidliyinin mənim ürəyimdə bir ayrı yeri var.
Səməndər Rzayev kim idi?
Ta uşaq çağlarından radio verilişlərinin birində Süleyman Ələsgərovun səsinə, ifasına vurulub bu sənəti seçən sənətkarımız öz gələcək taleyini özü düşünür: “Mən aktyor olacam.” deyir. Sonra başlayır möcüzə. O möcüzə ki bu günün özünə qədər davam edir.
Heç inanmağım gəlmir ki, Səməndər Rzayev cəmi 41 il yaşayıb. Uşaqlıq illərimə təsadüf edir — onun həzin, həlim səsi evimizi bürüyürdü. Onun dediyi şeirlər, o şeirlərdən deyilən kəlmələr yaddaşıma həkk olunurdu. Evimizin dəhlizinə atamın əlləri ilə asdığı radiodan həzin səsli şeirlər deyirdi. Nə gözəl ki o vaxtlar biz ədiblərimizin yazdığı əsərləri, gözəl şairlərimizin zehnindən gələn ədəbi nümunələri eşidirdik. Nə xoşbəxt olmuşuq, əslində özümüz də bundan xəbərsiz olmuşuq.
Məni bu dahilər, bu gözəlliklər yaradan sənətkarlar həyata qaytarır, ruhdan düşməyə qoymur. İnsan elə bir mühitdə yaşamalıdır ki, öz dəyərlərini unutmasın. Heç bir iş, heç bir aləm insana onun özünü, öz istedadını, öz sevincini, fərəhini unutdurmamalıdır.
Dünyadan 40 ildən çox bir zamanda köçüb getmiş Səməndər Rzayev elə rollar yaradıb ki, bu dünyaya elə mesajlar verib ki, uzun illər ötsə də öz çəkisini və dəyərini itirməyib.
Qız övladı Rübabə Səməndərlə ta universitet illərindən tanışam. Atalarımız bir-birinə bənzəyir, elə özümüz də. Yalnız mən bu gün uzun illərdən bəri tanıdığım Rübabədən yox, ümumilikdə Səməndər Rzayevin qızı Rübabədən danışmaq istəyirəm.
Xatırlayıram, bu yaxında evdəki əşyalara baxanda atamın Səməndər Rzayevə bağışladığı kitabı tapmışdı. Sevinclə mənə zəng etdi: “Aysel, atalarımız da çox mehriban olub.” Mən də hüznləndim.
Rübabə Səməndər çox savadlı və Azərbaycan gerçəkliyinə çox gərəkli olan jurnalistlərdən biridir. Mən onu tanıyandan bəri o, haqqın, acizin, kasıbın, düşünənin yanındadır. Səməndər Rzayevin kiçik oğlu — mənim də tələbə yoldaşım olan Rəşidin faciəli vəfatından sonra Rübabə fərd olaraq bu ailədən tək qalan nişanə oldu.
Səməndər Rzayevlə bağlı yazılar, verilişlər, tamaşalarda, anım günlərində həmişə kürsü önünə keçib danışanda, onun çiynində olan ağırlığı bütün ruhumla hiss edirəm. Anası dünyasını dəyişəndə evlərinə getdim. Rübabə, o ev, o divarlar, qapılar mənə son dərəcə doğma gəldi. Başa düşdüm ki, eyni doğmalığı, eyni həyatı yaşamışıq. Yaxşı kişinin övladı olmaq bu cürdü. Elə bu cür qoxu, bu cür abu-hava, təxminən bu cür istilikdə.
Onunla söhbət etdiyim və keçirdiyim hər vaxtda mən bunu özüm üçün həmişə təsdiqlədim. Bilmirəm, bunu ona deyə bildim, ya yox. Amma indi deyirəm. Onun ata sevgisi və çiyninə aldığı yükdən tutmuş hər davranışı mənə doğmadır.
Bir zamanlar çox böyük sevgiylə Səməndər Rzayevin hansısa ad gününə hazırlaşırdım. İşlədiyim gimnaziyada — bu ta əvvəllərə təsadüf edir. Bilmirəm, nəylə bağlı tədbir təxirə salındı. O gündən sonra heç zaman yubiley və anım tədbirləri üçün heç nə yazmadım. Öz içimdə protest etdim və tədbiri ləğv edən rejissorlardan da incidim. Sözün düzü, bunu heç bir zaman etiraf etməmişəm.
O zaman Səməndər Rzayevin hansısa anım gününə gözəl bir ssenari düşünmüşdüm. O yaxşı yadımdadır ki, kompozisiya onun “Bulaq” verilişində özünün səsiylə danışdığı nağılla başlayırdı, onunla da bitirdi. Nə vaxtsa bu arzumu yerinə yetirəcəyəm. Bundan əminəm. Mənim arzularım tısbağa kimi ləng də olsa, hədəfə çatmağı bacarır.
Səməndər Rzayev, unudulmaz Azərbaycan aktyoru. Xalq artisti adı axıra qədər verilmədi. Halbuki, az yaradıcılıq yolunda onun oynadığı teatr və kino obrazları ilə onun buna haqqı çatırdı.
Səməndər Rzayevin sevdiyi rollar olub və onları da müxtəlif səbəblərdən oynamayıb, ürəyinə gömüb. Mən düşünürəm ki, ürəyində qalan rollara baxmayaraq və formal fəxri adın verilməməsinə baxmayaraq, öz istedadı və əvəzolunmazlığı ilə seçilən aktyor daimi yaşamağın nə olduğunu bizlərə bəyan edə bildi.
Unudulmaz olmaq üçün hər şeydən əvvəl sənətini sevmək, səmimi və xeyirxah olmaq kifayətdir. “Bəyin oğurlanması”nda epizodik bir rol — onun filmdə işlətdiyi sözləri, yaşatdığı abu-havanı yaddaşlara həkk edib. Onun “Babamın babasının babası” filmində “Sənin xətrinə kim dəyib, ay kişi” frazası unudulmazdır. Qəzəbindən oynadığı rəqs — unikal bir yaradıcılıq tapıntısıdır.
Səməndər Rzayev pafosun bol olduğu dövrdə reallığı, səmimiyyəti büruzə verməyi bacarıb. Bu baxımdan o, çox böyük aktyor idi. Onun insan monoloqu — “Əllərini ağzına ağır-ağır dayayıb 'insan' deyə çağırmağı”, bu səslənişlə onun bütün insanlığı köməyə çağırmağına bənzəyir.
Həyatda nə qız, nə oğul nişanlamayıb, toyunu etməyən aktyor, az yaşında ata, baba, qoca rollarını oynayır, toy da edir, elçi də qəbul edir.
Onun “Evləri köndələn yar” televiziya tamaşasında elçilik səhnəsi, ata münasibəti necə gözəldir. Onun “Yollar görüşəndə” tamaşasında oynadığı ata obrazı necə doğmadır.
Əslində, Səməndər Rzayev yarım ömrünü yaşayıb bitirir. Onun oynadığı rollar bunu diktə edir. Bu yaxınlarda Əli Kərimin “Axtarıram mən səni” şeirini onun səsiylə dinlədim. İndi vaxtaşırı bu ifanı dinləyirəm. Çünki insan yaşa dolduqca indi əlçatmaz olan təmizlik, paklıq üçün həsrət çəkir. Azərbaycan incəsənətinin nurlu, işıqlı zamanının gözəl aktyorlarını yada salır.
Öz sənət yolu, təkrarlanmayan obrazları, gözəlliyi olan unudulmaz sənətkarımız Səməndər Rzayevin 80 illik yubileyinə həsr etdiyim yazı da bitdi. Mən düşünürəm ki, Azərbaycan teatr və kino sənətinin daima darıxdığı sənətkar — Səməndər Rzayev — məkanı və məqamı yaxşı yerdədir. Əzabı bol olan ailəsi bu dünyada onsuzluqla çox çətin baş etdi.
Səməndər Rzayev heç getmədi ki… O, burda da öz səsində, görüntüsündə bizimlə yaşamaqdadır. Mənimlə həmfikir olanlara yazımın sonunda salam olsun.
Salam olsun sənə də əziz sənətkar... Nur içində ucal.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
Frans Kafka və onun atasına olan nifrətindən doğan əsərləri
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Frans Kafka – dünyaşöhrətli bu yazıçı Azərbaycanda da kifayət qədər sevilir. Amma həyatı barədə çoxumuz məlumatsızıq. Halbuki, acılarla dolu bir həyat yaşayıb, sağlığında yazdıqlarına əhəmiyyət belə verməyiblər. Bu həyatda bir sınma nöqtəsi də olub – atası.
O, atasını əsla sevmirdi, çünki onunla münasibətləri çox gərgin və çətin idi. Kafka bu münasibətləri ən açıq şəkildə "Atama Məktub" ("Brief an den Vater") adlı əsərində təsvir etmişdi. Burada Kafka atasını avtoritar, tələbkar və emosional baxımdan soyuq bir insan kimi təqdim edir. Bunun əsas səbəbləri bunlar idi:
1. Qorxu və təzyiq: Kafka uşaqlıqdan atasından çox qorxurdu. Atası onun üzərində psixoloji təzyiq göstərirdi və onu daim tənqid edirdi, bu da Kafkanın özünəinamını zəiflətdi.
2. Anlaşılmazlıq: Ata ilə oğul arasında böyük bir düşüncə və dəyər fərqi var idi. Kafka incə ruhlu, həssas və yazıçı təbiətli biri idi, atası isə daha sərt, praktik və dünyəvi insan idi.
3. Tənqid və etinasızlıq: Atası onun yazıçı olmaq istəyini dəstəkləmirdi, onu zəif xarakterli hesab edir və daim uğursuzluqları ilə üzünə vururdu.
4. Sevgi çatışmazlığı: Kafka atasından nə istədiyi sevgini, nə də dəstəyi ala bilmədi. Bu sevgi boşluğu onun həm şəxsi həyatına, həm də yaradıcılığına dərin təsir göstərdi.
Kafka üçün atası bir növ avtoritet və qəddar sistemin simvoluna çevrilmişdi. Onun bir çox əsərində — məsələn, "Məhkəmə", "Qəsr", "Metamorfoz" — bu avtoritar fiqurun metaforik təzahürlərini görmək mümkündür.
Nəticə
İnsan sevgi ve qayğını ilk öncə ailəsində hiss etməlidir. Atasının Kafkaya olan soyuq münasibəti, onun yazıçı olmaq düşüncəsinə və hisslərinə laqeyd olması, atasından istədiyi dəstəyi və sevgini görə bilməməsi də yaradacılığına təsir etmişdi. Kafka atasını sevmirdi, ona sadəcə nifrət edirdi.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
GAP Antologiyasında Məsum Cabbarpurun “Sən” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məsum Cabbarpurdur.
Məsum Cabbarpur
Təbriz
DÖRD BİR YANIM MƏSUM CABBARPUR
Dörd bir yanım Məsum.
Dörd bir yanım günah
Dörd bir yanım nahəncar
Həncarlar.
Dörd bir yanım yasaq
Yasaqlı Məsumlar...
Dörd bir yanım günəş
Dörd bir yanım külək
Başımın üstə ulduzlar
Aylar... Aylar... Ay var...
Ayımı ayaqlarından daşıyan qartal
Başımın üstündə allahın qəlbiri, ələyi
Ələyir başıma əlinə gələni.
Ələyir başıma sənsizliyi
Ələyir başıma izdiham tüstüsün.
Ələnir başıma sevgilimin oynaşı ilə
Çəkdiyi siqaretlərin külü...
Ələnir başıma, nələr ələnir.
Qarşımda sel
Qarşımda tufan
Qarşımda anam
Qarşımda sən...
Qarşımda yaşayış
Qarşımda ölüm
Qarşımda uçurum
Qarşımda yamac
Qarşımda hər şey
Qarşımda heç nə.
Qarşımda ümid
Qarşımda təvəhhüm!
Qarşımda buruq-buruq yollar.
Qarşımda sakit yaşayış
Qarşımda “Ləqəd xələqnəl insanə fi kəbəd”
Arxamda polis...
Arxamda kələfçələr
Arxamda pis günlərim, xoş günlərim
Arxam, arxamda...
Arxamda düşmənlər, dostlar
Arxamda təbəssümlər, göz yaşlarım
Arxamda benzin var, yanğın var
Kül var,
Köz var,
Közərən köz var.
Aman allah yellər əsir arxamdakı yollarda
Bazarlar var, küçələr var
Daşa dönmüş canlılar
Canlanmış daşlar.
Dəyişik ruhlar, ruh dəyişikləri...
Sağımda sol var
Solumda sağ.
Sağ-solum ilan
Bir-birini sancır hər yanım
Bir yanımda tüncələr, bir yanımda it qatığı
Bir yanımda eşq murdar olub
Bir yanımda nifrət qoxuyur
Bir yanımda xoruzlar dan ulduzuna baxıb ağlayırlar
Bir yanımda itlər keflənib.
“Məndə iki cahan yox,
Bu cahanın mindən biri də sığışmadı”*
Məndə hər şey itdi, batdı, boğuldu.
Məndə yarananlar öldü, törənənlər, yaşayanlar...
Amma mən, məndə qaldım.
İçimdə daşdım, töküldüm,
Calandım, dondum.
Axmadım
Dörd bir yanım film
Dörd bir yanım nəm-nəmənə!
Dörd bir yanım Ahmet Kaya
“Dörd bir yanın pas içində
Önüm, arxam pos içində”.
*Böyük Nəsiminin şeirinə bir damğa.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
KİTAB BƏLƏDÇİSİ - Ola biləcəyin qədər yüksək ol
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sizi uğura aparacaq daxili intizam aşılamanız üçün çox vacib səbəbiniz var. Daxili intizam aşılamaq xarakterinizi dəyişir, sizi daha güclü və uğurlu şəxsiyyətə çevirir. Daxili intizamınızı inkişaf etdirmək düşüncə və emosiyalarınıza təsir edərək sizi fərqli şəxsiyyətə çevirir.
Özünüzü kimya laboratoriyasında təsəvvür edin. Bir neçə kimyəvi maddəni kolbada qarışdırır və odun üstünə qoyursunuz. Maddələr qızdıqca formalarını dəyişir və nəhayət müəyyən bir temperaturda kristallaşaraq bərk hala keçirlər. Və kristallaşıb bərkimiş bu maddələri artıq yenidən maye hala çevirmək mümkün olmayacaq. Sizin şəxsiyyətiniz də eynən bu maddələr kimi öncə maye halda, formasız və yumşaq olur. Daxili intizam odundan istifadə edib qızdırdıqca, özünüzü asan və əyləncəli olanı deyil, çətin və lazımlı olanı etməyə məcbur etdikcə xarakteriniz bərkiyir və mürəkkəb quruluşlu kristala çevrilir.
Daxili intizamdan istifadə edərək özünüzü məqsədinizə doğru getməyə vadar etməyin ən maraqlı tərəfi sizin başqa şəxsə çevrilməyinizdir. Daha güclü, qətiyyətli, intizamlı və məqsədyönlü olursunuz. Siz şəxsiyyətinizi başqa formaya salaraq gücləndirir və daha yaxşı keyfiyyətlər qazanırsınız. Belə bir qayda var: “Əvvəlkindən fərqli bir adam olmaq üçün əvvəl etmədiyiniz işləri etməlisiniz”. Bu o deməkdir ki, daha güclü şəxsiyyət olmaq üçün daha intizamlı olmaq lazımdır.
Özünüzü, adi adamların xoşlamadıqları işləri görməyə vadar etməyi bacarmalısınız. Uğurun digər prinsipi, “əvvəllər əldə etmədiyiniz
nailiyyətləri əldə etmək üçün bilik və bacarığınızı əvvəlkindən daha üstün etmək” zərurətidir. Daxili intizam aşılamaqla siz yeni bir şəxs olursunuz. Daha yaxşı, güclü və məqsədyönlü olursunuz. Özünüzə inamınız artır və özünüzlə fəxr edirsiniz. İnsan tərəqqisi pilləsində daha yüksək pillələrə qalxır, dərin xarakter və düşüncəyə malik olursunuz.
Brayan Treysi/Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
“Tanrını kəşf etmək arzusu” - ŞEİR
İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”
Bəşər yaranandan bəri Tanrını kəşf etmək arzusu insanlığın ən böyük arzularından biri olub həmişə. Bu barədə danışmaq istəyirəm. Fikirlərimi şeir dili ilə izhar edəcəyəm.
Kimə şeir yazırıq?
Kimi təsvir edirik?
Nəyə bənzədirik biz?
Yox... Səhv edirik ya da.
və bizi yaradanı,
özümüz yaratmağa
çalışdıq dünyada.
Daşdan heykəl düzəldib,
Tanrı demişik ona.
Sonra qəhrəman kimi,
nə qədər şeir yazıb
nöqtə qoymuşuq sona.
Yerə, göyə bənzədib,
naməlum yaradanı,
təbiət Tanrısıtək
ağlımıza yazmışıq.
İnsana firon deyib,
daşlara Allah deyib
o pilləyə ucaldıq?
Biz Tanrını kəşf etmək
arzusuyla qocaldıq...
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)