ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yaz-yay aylarında Azərbaycan əhalisinin ən çox üz tutduğu turistik məkanlardandır İsmayıllı rayonu. Bu yazıda rayonun əsas görməli yerləri barədə söz açacağıq.

 

Qız qalası - Xanəngah kəndinin yaxınlığında, Dövlət qoruğunun ərazisində yerləşən sıldırım dağın zirvəsində ucalır bu məşhur abidə. Bura hər zaman sərin olur. Çünki günəş şüaları bura nəzər salmır. 

 

Cavanşir qalası - iki hissədən ibarətdir. Rayon mərkəzindən 7 km aralı yerləşir.

 

Qalacıq kəndi iri şabalıdları ilə məşhurdur. Rayon mərkəzindən 30 kilometr məsafədə yerləşir və bu istiqamətdə sonuncu yaşayış məntəqəsidir.

 

İvanovka kəndi -Acınohur dağlarında, Göyçay və Dəvəbatan çaylarının arasındakı yaylaqda yerləşir. Yolları hamar və abaddır.  Evləri oyma üzlükləri olan və yan-yana tikilmiş taxta tikililərdir. Onları bir- birindən geniş küçələr ayırır, hər bir evin qarşısında kiçik dükan var.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

Aysel Fikrət, Azərbaycan Milli Konsevatoriyasının mətbuat katibi, “Ədəbiyyat və incəsənət” üçün

 

Səməndər Rzayevin 80 yaşı qeyd olundu. Ömrünün nə az, nə çox 39 ilini yer üzündə olmayan, bu dünyayla təmasını kəsən Səməndər Rzayevi sevməyən, tanımayan, duymayan yoxdur. Film fondda qeyd olunan tədbirə yenə doğmalar, dostlar, dünyada qalmış sənət dostları gəldi. Yenə onunla bağlı xatirələr dinləndi. Yenə onun yaddaşlara həkk olan isti, doğma səsi ətrafa yayıldı.

Səməndər Rzayev bir an belə səhnədən getmədi, onu hamı teatrda, filmlərdə duydu. O, daima sənət cameyəsində oldu, heç bir yerə çəkilmədi. Bu, həm incəsənətin, teatrın və kino sənətinin, radionun nə qədər gücə malik olduğunu bildirir. Yetər ki sən sənətkar ol. Yetər ki sən az ömründə çox şeyi deməyi bacar.

 

Səməndər Rzayev bizim üçün bu gün Rübabə Səməndərdir. Çünki ta uşaq yaşlarından ata itirmiş Rübabə xatirələrindən danışanda onun kövrək ürəyinin dərinliyində olan həsrət gözlərindən yuxu kimi yağır. Həm də nakam aktyor ömrü yaşayan, cəmiyyətin, mühitin məhv etdiyi istedadlı Rəşid Səməndərdir. Övladları onun bu dünyaya göndərdiyi nəticələrdir. Rəşid 45 yaşında getdi bu dünyadan, elə sözün əsl mənasında baş götürüb çıxıb getdi. 

Rübabə Səməndər düşünən və xeyirxah ürəyi ilə atasına çox bənzəyir. Deməsə də anlamaq olur ki, qardaşını qoruya bilməməsi onu incidir, ürəyini sızladır. Zamanın amansızlığında aciz görünməmək üçün susur. Müdrik və mübariz həyatında Səməndər Rzayev ocağını yandırmağa davam edir. Onun bu igidliyinin mənim ürəyimdə bir ayrı yeri var.

Səməndər Rzayev kim idi?

Ta uşaq çağlarından radio verilişlərinin birində Süleyman Ələsgərovun səsinə, ifasına vurulub bu sənəti seçən sənətkarımız öz gələcək taleyini özü düşünür: “Mən aktyor olacam.” deyir. Sonra başlayır möcüzə. O möcüzə ki bu günün özünə qədər davam edir.

Heç inanmağım gəlmir ki, Səməndər Rzayev cəmi 41 il yaşayıb. Uşaqlıq illərimə təsadüf edir — onun həzin, həlim səsi evimizi bürüyürdü. Onun dediyi şeirlər, o şeirlərdən deyilən kəlmələr yaddaşıma həkk olunurdu. Evimizin dəhlizinə atamın əlləri ilə asdığı radiodan həzin səsli şeirlər deyirdi. Nə gözəl ki o vaxtlar biz ədiblərimizin yazdığı əsərləri, gözəl şairlərimizin zehnindən gələn ədəbi nümunələri eşidirdik. Nə xoşbəxt olmuşuq, əslində özümüz də bundan xəbərsiz olmuşuq.

Məni bu dahilər, bu gözəlliklər yaradan sənətkarlar həyata qaytarır, ruhdan düşməyə qoymur. İnsan elə bir mühitdə yaşamalıdır ki, öz dəyərlərini unutmasın. Heç bir iş, heç bir aləm insana onun özünü, öz istedadını, öz sevincini, fərəhini unutdurmamalıdır. 

Dünyadan 40 ildən çox bir zamanda köçüb getmiş Səməndər Rzayev elə rollar yaradıb ki, bu dünyaya elə mesajlar verib ki, uzun illər ötsə də öz çəkisini və dəyərini itirməyib.

Qız övladı Rübabə Səməndərlə ta universitet illərindən tanışam. Atalarımız bir-birinə bənzəyir, elə özümüz də. Yalnız mən bu gün uzun illərdən bəri tanıdığım Rübabədən yox, ümumilikdə Səməndər Rzayevin qızı Rübabədən danışmaq istəyirəm.

Xatırlayıram, bu yaxında evdəki əşyalara baxanda atamın Səməndər Rzayevə bağışladığı kitabı tapmışdı. Sevinclə mənə zəng etdi: “Aysel, atalarımız da çox mehriban olub.” Mən də hüznləndim.

Rübabə Səməndər çox savadlı və Azərbaycan gerçəkliyinə çox gərəkli olan jurnalistlərdən biridir. Mən onu tanıyandan bəri o, haqqın, acizin, kasıbın, düşünənin yanındadır. Səməndər Rzayevin kiçik oğlu — mənim də tələbə yoldaşım olan Rəşidin faciəli vəfatından sonra Rübabə fərd olaraq bu ailədən tək qalan nişanə oldu.

Səməndər Rzayevlə bağlı yazılar, verilişlər, tamaşalarda, anım günlərində həmişə kürsü önünə keçib danışanda, onun çiynində olan ağırlığı bütün ruhumla hiss edirəm. Anası dünyasını dəyişəndə evlərinə getdim. Rübabə, o ev, o divarlar, qapılar mənə son dərəcə doğma gəldi. Başa düşdüm ki, eyni doğmalığı, eyni həyatı yaşamışıq. Yaxşı kişinin övladı olmaq bu cürdü. Elə bu cür qoxu, bu cür abu-hava, təxminən bu cür istilikdə.

Onunla söhbət etdiyim və keçirdiyim hər vaxtda mən bunu özüm üçün həmişə təsdiqlədim. Bilmirəm, bunu ona deyə bildim, ya yox. Amma indi deyirəm. Onun ata sevgisi və çiyninə aldığı yükdən tutmuş hər davranışı mənə doğmadır.

Bir zamanlar çox böyük sevgiylə Səməndər Rzayevin  hansısa ad gününə hazırlaşırdım. İşlədiyim gimnaziyada — bu ta əvvəllərə təsadüf edir. Bilmirəm, nəylə bağlı tədbir təxirə salındı. O gündən sonra heç zaman yubiley və anım tədbirləri üçün heç nə yazmadım. Öz içimdə protest etdim və tədbiri ləğv edən rejissorlardan da incidim. Sözün düzü, bunu heç bir zaman etiraf etməmişəm.

O zaman Səməndər Rzayevin hansısa anım gününə gözəl bir ssenari düşünmüşdüm. O yaxşı yadımdadır ki, kompozisiya onun “Bulaq” verilişində özünün səsiylə danışdığı nağılla başlayırdı, onunla da bitirdi. Nə vaxtsa bu arzumu yerinə yetirəcəyəm. Bundan əminəm. Mənim arzularım tısbağa kimi ləng də olsa, hədəfə çatmağı bacarır.

Səməndər Rzayev, unudulmaz Azərbaycan aktyoru. Xalq artisti adı axıra qədər verilmədi. Halbuki, az yaradıcılıq yolunda onun oynadığı teatr və kino obrazları ilə onun buna haqqı çatırdı.

Səməndər Rzayevin sevdiyi rollar olub və onları da müxtəlif səbəblərdən oynamayıb, ürəyinə gömüb. Mən düşünürəm ki, ürəyində qalan rollara baxmayaraq və formal fəxri adın verilməməsinə baxmayaraq, öz istedadı və əvəzolunmazlığı ilə seçilən aktyor daimi yaşamağın nə olduğunu bizlərə bəyan edə bildi.

Unudulmaz olmaq üçün hər şeydən əvvəl sənətini sevmək, səmimi və xeyirxah olmaq kifayətdir. “Bəyin oğurlanması”nda epizodik bir rol — onun filmdə işlətdiyi sözləri, yaşatdığı abu-havanı yaddaşlara həkk edib. Onun “Babamın babasının babası” filmində “Sənin xətrinə kim dəyib, ay kişi” frazası unudulmazdır. Qəzəbindən oynadığı rəqs — unikal bir yaradıcılıq tapıntısıdır.

Səməndər Rzayev pafosun bol olduğu dövrdə reallığı, səmimiyyəti büruzə verməyi bacarıb. Bu baxımdan o, çox böyük aktyor idi. Onun insan monoloqu — “Əllərini ağzına ağır-ağır dayayıb 'insan' deyə çağırmağı”, bu səslənişlə onun bütün insanlığı köməyə çağırmağına bənzəyir.

Həyatda nə qız, nə oğul nişanlamayıb, toyunu etməyən aktyor, az yaşında ata, baba, qoca rollarını oynayır, toy da edir, elçi də qəbul edir.

Onun “Evləri köndələn yar” televiziya tamaşasında elçilik səhnəsi, ata münasibəti necə gözəldir. Onun “Yollar görüşəndə” tamaşasında oynadığı ata obrazı necə doğmadır.

Əslində, Səməndər Rzayev yarım ömrünü yaşayıb bitirir. Onun oynadığı rollar bunu diktə edir. Bu yaxınlarda Əli Kərimin “Axtarıram mən səni” şeirini onun səsiylə dinlədim. İndi vaxtaşırı bu ifanı dinləyirəm. Çünki insan yaşa dolduqca indi əlçatmaz olan təmizlik, paklıq üçün həsrət çəkir. Azərbaycan incəsənətinin nurlu, işıqlı zamanının gözəl aktyorlarını yada salır. 

Öz sənət yolu, təkrarlanmayan obrazları, gözəlliyi olan unudulmaz sənətkarımız Səməndər Rzayevin 80 illik yubileyinə həsr etdiyim yazı da bitdi. Mən düşünürəm ki, Azərbaycan teatr və kino sənətinin daima darıxdığı sənətkar — Səməndər Rzayev — məkanı və məqamı yaxşı yerdədir. Əzabı bol olan ailəsi bu dünyada onsuzluqla çox çətin baş etdi.

Səməndər Rzayev heç getmədi ki… O, burda da öz səsində, görüntüsündə bizimlə yaşamaqdadır. Mənimlə həmfikir olanlara yazımın sonunda salam olsun.

Salam olsun sənə də əziz  sənətkar... Nur içində ucal.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Frans Kafka – dünyaşöhrətli bu yazıçı Azərbaycanda da kifayət qədər sevilir. Amma həyatı barədə çoxumuz məlumatsızıq. Halbuki, acılarla dolu bir həyat yaşayıb, sağlığında yazdıqlarına əhəmiyyət belə verməyiblər. Bu həyatda bir sınma nöqtəsi də olub – atası.

 

O, atasını əsla sevmirdi, çünki onunla münasibətləri çox gərgin və çətin idi. Kafka bu münasibətləri ən açıq şəkildə "Atama Məktub" ("Brief an den Vater") adlı əsərində təsvir etmişdi. Burada Kafka atasını avtoritar, tələbkar və emosional baxımdan soyuq bir insan kimi təqdim edir. Bunun əsas səbəbləri bunlar idi:

 

1. Qorxu və təzyiq: Kafka uşaqlıqdan atasından çox qorxurdu. Atası onun üzərində psixoloji təzyiq göstərirdi və onu daim tənqid edirdi, bu da Kafkanın özünəinamını zəiflətdi.

 

2. Anlaşılmazlıq: Ata ilə oğul arasında böyük bir düşüncə və dəyər fərqi var idi. Kafka incə ruhlu, həssas və yazıçı təbiətli biri idi, atası isə daha sərt, praktik və dünyəvi insan idi.

 

3. Tənqid və etinasızlıq: Atası onun yazıçı olmaq istəyini dəstəkləmirdi, onu zəif xarakterli hesab edir və daim uğursuzluqları ilə üzünə vururdu.

 

4. Sevgi çatışmazlığı: Kafka atasından nə istədiyi sevgini, nə də dəstəyi ala bilmədi. Bu sevgi boşluğu onun həm şəxsi həyatına, həm də yaradıcılığına dərin təsir göstərdi.

 

Kafka üçün atası bir növ avtoritet və qəddar sistemin simvoluna çevrilmişdi. Onun bir çox əsərində — məsələn, "Məhkəmə", "Qəsr", "Metamorfoz" — bu avtoritar fiqurun metaforik təzahürlərini görmək mümkündür.

 

Nəticə 

 

İnsan sevgi ve qayğını ilk öncə ailəsində hiss etməlidir. Atasının Kafkaya olan soyuq münasibəti, onun yazıçı olmaq düşüncəsinə və hisslərinə laqeyd olması, atasından istədiyi dəstəyi və sevgini görə bilməməsi də yaradacılığına təsir etmişdi. Kafka atasını sevmirdi, ona sadəcə nifrət edirdi.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məsum Cabbarpurdur.

 

Məsum Cabbarpur

Təbriz

 

 

DÖRD BİR YANIM MƏSUM CABBARPUR

 

Dörd bir yanım Məsum.

Dörd bir yanım günah

Dörd bir yanım  nahəncar

Həncarlar.

Dörd bir yanım yasaq

Yasaqlı Məsumlar...

Dörd bir yanım günəş

Dörd bir yanım külək

Başımın üstə ulduzlar

Aylar... Aylar... Ay var...

Ayımı ayaqlarından daşıyan qartal

Başımın üstündə allahın qəlbiri, ələyi

Ələyir başıma əlinə gələni.

Ələyir başıma sənsizliyi

Ələyir başıma izdiham tüstüsün.

Ələnir başıma sevgilimin oynaşı ilə

Çəkdiyi siqaretlərin külü...

Ələnir başıma, nələr ələnir.

Qarşımda sel

Qarşımda tufan

Qarşımda anam

Qarşımda sən...

Qarşımda yaşayış

Qarşımda ölüm

Qarşımda uçurum

Qarşımda yamac

Qarşımda hər şey

Qarşımda heç nə.

Qarşımda ümid

Qarşımda təvəhhüm!

Qarşımda buruq-buruq yollar.

Qarşımda sakit yaşayış

Qarşımda “Ləqəd xələqnəl insanə fi kəbəd”

Arxamda polis...

Arxamda kələfçələr

Arxamda pis günlərim, xoş günlərim

Arxam, arxamda...

Arxamda düşmənlər, dostlar

Arxamda təbəssümlər, göz yaşlarım

Arxamda benzin var, yanğın var

Kül var,

Köz var,

Közərən köz var.

Aman allah yellər əsir arxamdakı yollarda

Bazarlar var, küçələr var

Daşa dönmüş canlılar

Canlanmış daşlar.

Dəyişik ruhlar, ruh dəyişikləri...

Sağımda sol var

Solumda sağ.

Sağ-solum ilan

Bir-birini sancır hər yanım

Bir yanımda tüncələr, bir yanımda it qatığı

Bir yanımda eşq murdar olub

Bir yanımda nifrət qoxuyur

Bir yanımda xoruzlar dan ulduzuna baxıb ağlayırlar

Bir yanımda itlər keflənib.

“Məndə iki cahan yox,

Bu cahanın mindən biri də sığışmadı”*

Məndə hər şey itdi, batdı, boğuldu.

Məndə yarananlar öldü, törənənlər, yaşayanlar...

Amma mən, məndə qaldım.

İçimdə daşdım, töküldüm,

Calandım, dondum.

Axmadım

Dörd bir yanım film

Dörd bir yanım nəm-nəmənə!

Dörd bir yanım Ahmet Kaya

“Dörd bir yanın pas içində

Önüm, arxam pos içində”.

 

*Böyük Nəsiminin şeirinə bir damğa.

 

“Ədəbiyyat və incəsənət”

 (16.04.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sizi uğura aparacaq daxili intizam aşılamanız üçün çox vacib səbəbiniz var. Daxili intizam aşılamaq xarakterinizi dəyişir, sizi daha güclü və uğurlu şəxsiyyətə çevirir. Daxili intizamınızı inkişaf etdirmək düşüncə və emosiyalarınıza təsir edərək sizi fərqli şəxsiyyətə çevirir.

 

Özünüzü kimya laboratoriyasında təsəvvür edin. Bir neçə kimyəvi maddəni kolbada qarışdırır və odun üstünə qoyursunuz. Maddələr qızdıqca formalarını dəyişir və nəhayət müəyyən bir temperaturda kristallaşaraq bərk hala keçirlər. Və kristallaşıb bərkimiş bu maddələri artıq yenidən maye hala çevirmək mümkün olmayacaq. Sizin şəxsiyyətiniz də eynən bu maddələr kimi öncə maye halda, formasız və yumşaq olur. Daxili intizam odundan istifadə edib qızdırdıqca, özünüzü asan və əyləncəli olanı deyil, çətin və lazımlı olanı etməyə məcbur etdikcə xarakteriniz bərkiyir və mürəkkəb quruluşlu kristala çevrilir.

 

Daxili intizamdan istifadə edərək özünüzü məqsədinizə doğru getməyə vadar etməyin ən maraqlı tərəfi sizin başqa şəxsə çevrilməyinizdir. Daha güclü, qətiyyətli, intizamlı və məqsədyönlü olursunuz. Siz şəxsiyyətinizi başqa formaya salaraq gücləndirir və daha yaxşı keyfiyyətlər qazanırsınız. Belə bir qayda var: “Əvvəlkindən fərqli bir adam olmaq üçün əvvəl etmədiyiniz işləri etməlisiniz”. Bu o deməkdir ki, daha güclü şəxsiyyət olmaq üçün daha intizamlı olmaq lazımdır.

 

Özünüzü, adi adamların xoşlamadıqları işləri görməyə vadar etməyi bacarmalısınız. Uğurun digər prinsipi, “əvvəllər əldə etmədiyiniz 

nailiyyətləri əldə etmək üçün bilik və bacarığınızı əvvəlkindən daha üstün etmək” zərurətidir.  Daxili intizam aşılamaqla siz yeni bir şəxs olursunuz. Daha yaxşı, güclü və məqsədyönlü olursunuz. Özünüzə inamınız artır və özünüzlə fəxr edirsiniz. İnsan tərəqqisi pilləsində daha yüksək pillələrə qalxır, dərin xarakter və düşüncəyə malik olursunuz.

 

Brayan Treysi/Bəhanələrə yox (Daxili intizamın gücü)

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

Çərşənbə, 16 Aprel 2025 12:16

“Tanrını kəşf etmək arzusu” - ŞEİR

İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”

 

Bəşər yaranandan bəri Tanrını kəşf etmək arzusu insanlığın ən böyük arzularından biri olub həmişə. Bu barədə danışmaq istəyirəm. Fikirlərimi şeir dili ilə izhar edəcəyəm.

 

Kimə şeir yazırıq?

Kimi təsvir edirik?

Nəyə bənzədirik biz?

Yox... Səhv edirik ya da.

və bizi yaradanı,

özümüz yaratmağa

çalışdıq dünyada.

 

Daşdan heykəl düzəldib,

Tanrı demişik ona.

Sonra qəhrəman kimi,

nə qədər şeir yazıb

nöqtə qoymuşuq sona.

 

Yerə, göyə bənzədib,

naməlum yaradanı,

təbiət Tanrısıtək

ağlımıza yazmışıq.

İnsana firon deyib,

daşlara Allah deyib

o pilləyə ucaldıq?

Biz Tanrını kəşf etmək

arzusuyla qocaldıq...

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə sizə Ağsu rayonunun Kalva kəndində dünyaya gələn bir rəssam haqqında söhbət açmaq istəyirəm. Əvvəlcə onu deyim ki, qəhrəmanımın doğulub böyüdüyü kəndin qəribə səslənən adı sizi çaşdırmasın. Bu ad türkcədəki "kalafa" sözündəndir. Bu da "çala, çökək, dərə" mənasını verir.

 

Zarafat deyil, o, indiyədək Türkiyə, Makedoniya, Koreya, İndoneziya, İspaniya, Çin, Misir kimi ölkələrdə keçirilən müxtəlif rəsm müsabiqələrində dəfələrlə yer tutub, karikatura festivallarının, sərgilərin mükafatına layiq görülüb. Onun "Əsir qadın", "Qoyunotaranlar”, "Gələcəyin şəhəri", "Əsarət və məhəbbət", "Bülbül ilə natürmort", "Ağ buludun kölgəsində" adlı kətan üzərində yağlı boya ilə çəkdiyi əsərləri tamaşaçılar tərəfindən çox bəyənilib, yaxşı qarşılanıb...

 

Deyir ki:- “Mənim doğulub böyüdüyüm kənd dağların qoynunda yerləşir, bu baxımdan həmişə gözəlliklərin içərisində olmuşam. Məni rəssam edən həmin kənd oldu. Uşaqlıqdan rəssamlıqla bağlı bütün duyğularımı təbiətdən almışam. Buna görə “təbiət” adlı müəllimə minnətdaram. Təbiətlə bağlı obrazlarım gördüklərimin ifadəsidir. Bu gün Bakıda yaşasam da kəndimizə tez-tez gedirəm və hər dəfə oranı görəndə yeni bir əsər yaranır. Məndə bulud obrazı var. Misal üçün “Bulud altında çimən qadınlar” əsərində mən buludu obrazlaşıdırmışam, yəni burda bulud ayrıca obrazdır, fon deyil. Buluda xüsusi münasibətim var və məni təbiət hadisələri içərisində ən heyrətləndirən də odur...”

 

Bəli, o, 1976-cı ildə Ağsu rayonunun Kalva kəndində müəllim ailəsində doğulub. Orta təhsilini orada başa vurduqdan sonra Bakıya üz tutub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunub. 1997-ci ildə oranı bitirdikdən sonra, 1997–2000-ci illərdə həmin universitetin dilçilik üzrə magistraturasında oxuyub. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür...

 

“Uşaq olanda rəssamlıq məktəbinə qəbul olunmaqdan ötrü ürəyim gedirdi. Hesab edirdim ki, məktəbi oxuyandan sonra rəssam olacam. 1991-ci ildə gəldim Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə, qəbul ola bilmədim. Geriyə, kəndə qayıtdım. Atam mənim rəssam olmağımı istəmirdi, çəkdiklərimi də cırırdı. Baxmayaraq ki, atam özü müəllim, dünyagörüşlü insan idi, hər dəfə istehza ilə deyirdi ki, saqqalı uzun, cibi boş adamlara rəssam deyilir, get özünə başqa sənət tap. Niyə danım, o vaxt mənim içimdəki əsas istək isə kənddən çıxmaq idi. Gəlib ADPU-nun filologiya fakültəsinə qəbul olundum, sonra da dilçilik üzrə magistr oxudum. Amma ikinci kursda qəti fikir yarandı ki, institutu atıb, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə gedim. Artıq rəssamlarla görüşmüşdüm, onların emalatxanalarında olmuşdum. Evdə bu qərarı pis qarşıladılar. Gördüm ki, təhsil almasalar da, dünya rəssamlığına böyük töhfələr verən, öz məktəblərini yaradanlar az olmayıb. Məsələn, fransız rəssamı Pol Sezan, Pol Qogen, Meksika rəssamı Frida Kahlo və s.. Belələri çoxdur. Məşhur xalçaçı rəssam Lətif Kərimov tələbələrinə deyərmiş ki, sərgilərdə heç bir rəssam diplomunu asmır, əsərini asır. Yeri gəlmişkən, Lətif Kərimov da heç bir təhsil almamışdı. Beləcə qərara gəldim ki, bu sahə üzrə təhsil almayacağam.”- söyləyir.

 

Bunun bir başqa səbəbi də olub. Tanıdığı bütün rəssamların əsərlərində oxşarlıq görüb. Görüb ki, hamısının iş üsulları, düşüncələri oxşardır. Düşünüb ki, hamısı bir məkdəbdən keçdiyi üçün, bu eyniliyi yaradan səbəb, onların aldıqları təhsildir. Və özünü bu qəlibdən qorumağa məcbur olub. Necə deyərlər, başqalarına oxşamaq istəməyib, özü olmağı arzulayıb.  

 

Deyir ki:- “Bəlkə də rəssamlıq məktəbini qurtarsaydım, mənim fərdi məktəbim olmayacaqdı.

Üslub odur ki, min nəfərdən biri tamam ayrı yolla gedir. Alim Qasımov muğamda heç kimə bənzəmirsə, bu, məhz onun yoludur. Adam var ki, 70 il yazıb yaradır, amma üslubu yoxdur. Baxan kimi bilinir ki, bu filankəsin dəsti-xətti, ideyası, rəngidir. Şairdə, rəssamda, bəstəkarda da bu bilinir. Üslub yoxdursa sənət yoxdur, yaradıcı yoxdur, rəssam yoxdur...”

 

O, özündən öyrənməyə üstünlük verir. Axı rəssamın yaradıcılığı üçün fəlsəfilik, təkrarsızlıq başlıca amildir. Bildinizmi kimdən danışıram? Yəqin ki, aranızda onu tanıyanlar da var. Beynəlxalq müsabiqələrin qalib və mükafatçısı, sərgi və festivalların iştirakçısı olan rəngkar, qrafik və karikaturaçı Soltan Soltanlıdan. Əsərləri beynəlxalq kataloqlarda yer alan və müxtəlif ölkələrdəki muzeylərdə, eləcə də özəl kolleksiyalarda saxlanılan bir rəssamdan...

 

Bu gün - aprelin 16-sı Soltan Soltanlının növbəti ad günüdür, 49 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, çalışdığı sahədə bənsərsiz uğurlar, Səttar Bəhlulzadə məqamına yüksəlməsini arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

 

 

Türkiyə Böyük Millət Məclisinin üzvləri Hulusi Akar, Şamil Ayrım, Sayın Bayar Özsoy, Kayseri Talas bələdiyyəsinin sədri Mustafa Yalçın, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları, alimlər və sahibkarlardan ibarət nümayəndə heyəti Qarabağa səfər edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Universitetində olub, təhsil müəssisəsinin kollektivi ilə görüşüb. Rektor Şahin Bayramov ali təhsil ocağının fəaliyyəti, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması ilə bağlı məlumat verib. Türkiyə nümayəndə heyəti tədris prosesini izləyib, müxtəlif auditoriyalarda dərslərin gedişini müşahidə edib, eyni zamanda tələbələrlə maraqlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Qarabağ səfəri Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

Görkəmli yazıçı, maarifçi, həkim və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 155 ili tamam oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin yubileyi ilə əlaqədar “Nəriman Nərimanov - 155” adlı virtual  kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, virtual sərgidə Ulu Öndər Heydər Əliyevin Nəriman Nərimanov haqqında söylədiyi dəyərli fikirlər, müəllifi olduğu və haqqında qələmə alınan 30-a yaxın kitabın tam mətni təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində müstəsna rolu olan Nəriman Nərimanovun ictimai-siyasi və ədəbi-mədəni fəaliyyətindən bəhs edən akademik Nizami Cəfərovun “Əhmədovun "Nəriman Nərimanov"u ”, professor Teymur Əhmədovun “Heydər Əliyev: Nəriman Nərimanov bu gün də bizimlədir”, yazıçı, pedaqogika elmləri doktoru, Əməkdar müəllim Kamal Camalovun “Maarifçilik tariximizin Nəriman Nərimanov imzalı parlaq səhifələri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Nəriman Nərimanov: Məşhur yazıçı, qüvvətli dramaturq, publisist və maarifçi”, jurnalist Aytac Sahədin “"Nəriman Nərimanov. 20-ci illər" - "Bir rəsmin dedikləri"” kimi 10-dan çox məqalənin, rəsmi sənədin tam mətni də yer alır.  

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://ryl.az/multimedia/neriman-nerimanov-155   linkindən istifadə edə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar Oğuz Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib. Tədbirdə müəssisə rəhbərliyi və əmək kollektivinin üzvləri iştirak ediblər.

 

İştirakçılar Zərifə xanım Əliyevanın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Tədbirdə Oğuz Rayon Mərkəzi Xəstəxanasının Polikilinika şöbəsinin müdiri Xəqani Hüseyni çıxış edərək akademik Zərifə Əliyevanın zəngin irsi, tibb sahəsindəki xidmətləri və yüksək mənəvi keyfiyyətlərindən danışıb. O, Zərifə xanım Əliyevanın həyat yolunun bu gün də gənc həkimlər üçün örnək olduğunu bildirib və onun irsinin daim yaşadılmalı olduğunu diqqətə çatdırıb.

Oğuz Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Səriyyə Şəfiyeva akademik Zərifə Əliyevanın elmi və mənəvi irsindən, onun tibb sahəsinə qazandırdığı yeniliklərdən danışıb.

Ardınca akademikin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib. Videoda Zərifə Əliyevanın elmi nailiyyətləri, Azərbaycan tibb elminə verdiyi töhvələr və insani keyfiyyətləri əks etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

 

31 -dən səhifə 2151

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.