
Super User
TTKF sədri Bəhruz Əzimov: “Təhsil tələbə kreditinin iki növü var: sosial və standart” – MÜSAHİBƏ
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimovla müsahibəni sizlərə təqdim edirik.
- Təhsil Tələbə Kredit Fondunun məqsədi və missiyası nədir?
-Təhsil Tələbə Krediti Fondu təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə dəstək olmaq məqsədilə dövlət başçımız cənab İlham Əliyevin 2021-ci ildə 1367 nömrəli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır. Bu kreditlər, respublika ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyəsində əyani və ödənişli əsaslarla təhsil alan tələbələr üçün nəzərdə tutulub. Burada əsas məqsəd təhsildə bərabər imkanlar yaratmaq, əhatə dairəsini genişləndirmək və keyfiyyəti artırmaqdır.
-Kredit almaq üçün tələb olunan əsas şərtlər hansılardır?
-Təhsil tələbə krediti tələbələrin təhsil haqqını ödəyə bilmələri üçün onlara dövlət tərəfindən verilən uzunmüddətli və güzəştli kredit növüdür. İki növü var: sosial və standart növ təhsil kreditləri. Sosial TTK 2 faizlə verilir. Sosial TTK almaq üçün aşağıdakı şərtlərin biri tələbəyə aid olmalıdır.
1. Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
2. Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (3-cü qrup) əlilliyi olanlar;
3. Ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;
4. Ailə başçısını itirməyə görə sosial müavinət alanlar;
5. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya digər qanuni nümayəndələri:
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (1 və ya 2-ci qrup) əlilliyi olanlar;
- işsiz kimi rəsmi qeydiyyatlıdırsa;
- yaşa görə əmək pensiyası alırsa;
- yaşa görə sosial müavinət alırsa;
- ailə başçısını itirməyə görə pensiya alırsa;
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alandırsa;
- Azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsdirsə.
Standart TTK 6 faizlə verilir. Standart TTK almaq üçün tələbə aşağıdakı şərtlərin hamısına aid olmalıdır.
1. Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 bal və yuxarı olduqda;
2.İllik təhsil haqqının 20 faizini özü ödədikdə;
3.Sosial TTK almaq hüququ olmayanlar;
4. Birinci tədris ilinin ilk semestri üçün DİM imtahanında əldə etdiyi qəbul balına baxılır:
- Bakalavriat səviyyəsi üçün 250 (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 100 bal);
- Magistratura səviyyəsi üçün 50 (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 30 bal;
- Subbakalavriat səviyyəsi üçün 110 bal;
- Yüksək texniki peşə və texniki peşə təhsili səviyyəsi üçün attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası 3.
-Naxçıvan təhsil müəssisələrinin bu kredit imkanlarından yararlanma statistika necədir?
-Statistikaya əsasən, Fond fəaliyyətə başladığı gündən portala 66 mindən artıq müraciət daxil olmuş, 52 mindən artıq təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir.
NMR-də fəaliyyət göstərən təhsil müəssisələri üzrə müraciət və rəsmiləşmə sayına baxarsaq, bugünə qədər portala 2054 müraciət sayı daxil olmuş, onlardan 1746 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, bu rəqəmlər hər an artan dinamika ilə dəyişilir.
-Naxçıvandakı görüşlərdə suallar və narahatlıqlar nələrdir?
-Naxçıvan Muxtar Respublikasına səfər çərvəsində Naxçıvan Dövlət Univeristeti, Naxçıvan Müəllimlər İnstitutu, NDU-nun nəzdnindəki kolleclər, həmçinin Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Kəngərli, Şahbuz və Sədərək rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr və pedaqoji heyəti ilə də görüşlər keçirdik.
Təhsil tələbə kreditləri üçün müraciət prosesi, kreditlərin növləri, tətbiq olunan güzəştlər, geri ödənişlər və sair kimi suallar tələbələrin maraq dairələrində olan, əsas suallar sırasında idi. Əsas narahatlıq təhsil kreditlərin istehlak kreditləri ilə qarşılaşdırılması oldu. Lakin biz izah etdik ki, TTK ümumiyyətlə, bank kreditlərindən çox fərqlənir. Bu istehlak krediti deyil. Girov və zaminlik tələb olunmur, uzunmüddətli və çox kiçik faizlərlə verilir. Ümumiyyətlə Fondun qeyri-kommersiya qurumu olduğunu, gəlir və mənfəət məqsədinin olmadığını bir daha vurğulamaq istəyirəm.
-Əlavə güzəştlər və ya xüsusi proqramlar planlaşdırılırmı?
-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən, təhsil tələbə kreditləri ilə bağlı hər hansı əlavə güzəştlərin tətbiq edilməsi üçün təkliflərin təsdiq edilməsi Fondun Himayəçilik Şurasının təsdiqinə əsaslanır. Bu o deməkdir ki, təhsil kreditlərinə əlavə güzəştlərin tətbiqi, müvafiq təkliflərin Himayəçilik Şurası tərəfindən nəzərdən keçirilməsi və təsdiqlənməsi ilə mümkündür.
-Kreditlərin ödənilməsi mərhələsində hansı güzəşt mexanizmləri mövcuddur?
-Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır. Belə ki:
1.Sosial növdə ÜOMG-si 71,
2.Standart növdə isə 91 bal və yuxarı olan tələbələrə həmin semestr üçün götürdüyü kreditə görə faiz hesablanmır;
3.Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbələr aldığı Sosial TTK-nın 50 faizi, Standart TTK-nın isə 25 faizi hissəsinin geri ödənişindən azad olunur.
Tələbə və məzunların gələcəkdə götürdükləri kreditləri geri qaytarmalarına dəstək məqsədilə Fond tərəfindən daimi iş aparılır. Fondun daxili imkanları hesabına tələbə və məzunlar təlimlərə cəlb olunur, onların əmək yarmarkalarında və təcrübə proqramlarında iştirakı təmin edilir. Həmçinin, məzunların əmək bazarına inteqrasiyasına dəstək olmaq üçün müxtəlif dövlət və özəl qurumları ilə Əməkdaşlıq Memorandumları imzalanıb. Memorandumlar könüllü və təcrübə proqramları, o cümlədən seminar və təlimlər keçirilməsinin dəstəklənməsi, tələbə və məzunların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb edilməsi, müvafiq sahə üzrə vakansiyalar yaranarsa təhsil tələbə kreditlərindən yararlanmış təhsilalanlara və məzunlara üstünlük verilməsi məqsədilə birgə fəaliyyətin təşkilini nəzərdə tutur.
-Kreditlərin ödəmə şərtləri necədir və geri ödəniş dövrü nə zaman başlayır?
-Valideynlər bilməlidirlər ki, təhsil krediti tələbəyə verilir və o, oxuduğu dövrdə heç bir vəsait qaytarmır, faiz hesablanması getmir, üstəlik, təhsilini bitirəndən sonra da 2 il güzəşt müddəti olur. Bu müddət ərzində o, iş tapar və işə başlayarsa, sistem onu avtomatik olaraq aşkarlayır və geri ödəmə dövrünü başladır. Geri ödəmə dövrü 10 il davam edir. Bu müddət üçün bərabər hissələrə bölünmüş qrafik formalaşdırılır. Tələbə məzun olduqdan sonra onun təhsil nəticələrinə uyğun olaraq götürdüyü krediti faizsiz, yaxud güzəştlə qaytaracağına qərar verilir.
-Sosial həssas kateqoriyadan olan tələbələr üçün hansı dəstəklər mövcuddur?
-Fondun təşəbbüsü ilə TTK-dan yararlanmış hər bir tələbə müxtəlif layihələrə, təlimlərə və təcrübə proqramlarına cəlb edilir. Bu, tələbələrin həm akademik, həm də peşəkar inkişafını dəstəkləyən əhəmiyyətli bir addımdır. Belə proqramlar sayəsində tələbələrə nəzəri bilikləri praktikada tətbiq etməyi, müvafiq sahələrdə təcrübələr qazanaraq əmək bazarında rəqabət qabiliyyətliliyi artırmaq imkanı yaradır.
-Kredit alma prosesi tam onlayn mümkündür, yoxsa müəyyən sənədləşmə tələb olunur?
-Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün https://e-ttkf.edu.az/ portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, asan imza və e-imza ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir və bu zaman müvəkkil bankın üz tanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Müvafiq məlumatlar tələbə tərəfindən sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir, təhsil haqqı təhsil müəssisəsinə köçürülür.
-Prosedurların sadələşdirilməsi üçün hansı dəstək vasitələri mövcuddur?
-Müxtəlif dəstək vasitələri mövcuddur. Bu dəstəklər arasında Fondun 146-5 Çağrı Mərkəzi, Yardım Masası və TTKF-nin təşkil etdiyi Könüllülər layihəsində iştirak edən könüllülər tərəfindən göstərilən yardımlar.
Çağrı Mərkəzi vasitəsilə tələbələr təhsil kreditinin şərtləri, müraciət qaydaları və digər suallar haqqında məlumat ala bilərlər. Fondun ofisində Yardım Masası fəaliyyət göstərir. Vətəndaşların müraciət etdikləri vaxt birbaşa xidmət göstərilir, onların müraciətlərinə sürətli cavab verilir və yardım təmin edilir. Həmçinin, könüllülər bu prosesdə tələbələrə məsləhət verərək, onların müraciətlərini izləyir və düzgün məlumatların çatdırılmasında kömək edir.Bu vasitələr tələbələrin kredit almaq üçün lazım olan bütün məlumatları düzgün əldə etmələrini təmin edir və onların təhsil alma yolunda çətinliklər yaşamadan irəliləmələrinə kömək edir.
-Fondun yaxın gələcək üçün prioritetləri nələrdir?
-TTKF-nin prioritetləri arasında təhsil kreditlərinin verilməsinin genişləndirilməsi, təhsil sahəsində maarifləndirmə tədbirlərinin daha da artırılması və təhsil müəssisələri ilə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2024-2025-ci təqvim ilinin hədəf prioriteti ilin sonuna qədər 60 000-dir. Qarşıya qoyulan hədəfə isə çox yaxınıq.
-Əvvəl çalışdığınız sahə bu sahədə uğur qazanmağınıza yol açdı?
-Uzun illər sosial sahədə çalışdığım üçün, vətəndaşların rifahının yaxşılaşdırılması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən müxtəlif layihələrdə geniş təcrübə qazanmışam. Qazandığım bu təcrübə dövlətin sosial siyasətinin insanlar üzərində necə konkret təsir yaratdığını öyrətdi və bu biliklər mənim daha geniş peşəkar hədəflərimə çatmaqda mühüm rol oynadı.
-Təhsil almaq istəyən tələbələrə nə tövsiyə edərdiniz?
-Təhsil almaq hər bir gəncin gələcəyini formalaşdıran vacib amillərdən biridir. Təhsil Tələbə Krediti Fondu olaraq, biz bütün sosial həssas qruplardan olan tələbələrə dəstək olmaqdan məmnunluq duyuruq. Tələbələrin önündəki maliyyə çətinliklərinin onları narahat etməməsini bildirmək istəyirik. Şərtlərə uyğun olaraq təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə dəstək olmaq bizim başlıca prioritetimizdir. Fərq etmir, tələbələr ucqar ərazidə yaşayırlar, yoxsa şəhər mərkəzində, biz hər bir tələbəyə eyni dərəcədə dəstək olmağa çalışırıq. Əsas məqsədimiz, hər bir gəncin təhsilini davam etdirməsi və gələcəyini qurması üçün lazım olan imkanları təmin etməkdir.
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)
Hər gün dünyadan 5 maraqlı və bəzən də qəribə məlumat
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sizlər üçün seçdiyim qəribə və maraqlı məlumatlardan növbətin 5 dənəsini diqqətinizə çatdırıram.
11. Kosmos: – Saturnun sıxlığı o qədər azdır ki, o, suyun üzərində üzə bilərdi – təbii ki, əgər kosmosda o qədər böyük bir su hövzəsi olsaydı!
12. Dillər: – “Pangram” dediyimiz cümlələr dilin bütün hərflərini əhatə edir. Məsələn: “The quick brown fox jumps over the lazy dog.” (Cəld qəhvəyi tülkü tənbəl iti aşır) – bu cümlə ingilis əlifbasının bütün hərflərini ehtiva edir.
Azərbaycan dilində bütün hərfləri əhatə edən (pangram) bir cümlə
"Zəfər, cülyan qoxulu, düşkün hippopotamı tez-bazar çevik şəkildə saxladı."
Bu cümlədə Azərbaycan dilinin bütün 32 hərfi var
13. Bitkilər: – Bambuk ən sürətli böyüyən bitkidir. Gündə 91 sm-ə qədər böyüyə bilər!
14. Beyin: – Beyin ağrı hiss etmir. Yəni beyin özü sinirlərlə ağrı hiss etmədiyi üçün birbaşa beyin əməliyyatları zamanı xəstə oyaq ola bilər.
15. Heyvanlar aləmi: – Dəvələr susuzluğa görə deyil, isti hava şəraitinə görə dözümlü ola bilirlər. Onların qan hüceyrələri ovaldır – bu da qanın daha sürətli dövr etməsinə və susuzluğa tab gətirməyə kömək edir.
Sizlər bəs hansı maraqlı hadisələr barədə bilgilisiniz? Həmən yazın, bölüşək.
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)
BİZİM KİNO – Ən çox izlənilən "Şərikli çörək"
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Şamil Mahmudbəyovun 1969-cu ildə ekranlaşdırdığı "Şərikli çörək" filmi barədə danışmaq istəyirəm. Filmin qəhrəmanlarının yaşanan çətinliklərinin, psixoloji sarsıntılarının səbəbləri ikinci dünya müharibəsi idi. Müharibənin ən ağır "zərbəsinə" tuş gələn isə uşaqlar olmuşdu. Bu balaca qəhrəmanlarımızın demək olar ki hamısı atalarını itirmişdi…
Bu gün haqqında danışacağım filmdə də balaca Vaqif müaribənin valideyn sarıdan növbəti qurbanlarındandı. Vaqif atasını itirdikdən sonra anası ilə birlikdə yaşamağa başlamışdı. Müharibə elə bir şeydir ki, insanı hər cür çətinlikdə buraxır. Vaqif atasını itirdiyi gün böyüdüyünü anladı və işləməyə, öz halal çörək pulunu qazanmağa başladı. O dönəmdə "kartoçkan" yox idisə çörək belə ala bilməzdin. Balaca Vaqif qarma-qarışıq ortamda kartoçkasını itirmişdi və çörək almağı mümkün deyildi. O vaxtlar valideyn qorxusunun başqa bir şey olduğunu nəzərə alsaq karotçkanı itirmək Vaqif üçün ölüm fərmanını imzalamağa bərabər idi.
O anasının yoxluğunda boş dayanmır çalışıb, çabalayıb öz pulunu qazanmaq uğrunda mübarizə aparırdı. Bəzi "qonşular da" bunu fürsət bilib Vaqifi müəyyən ev işlərində çağırırdılar. Çox uşağın "əzrail" dediyi Roza xanım Vaqifi ev işləri zamanı köməyə çağırırdı. Uşaqların Roza xanıma "əzrail" deməsinin səbəbi isə onun zəhmli baxışı idi. Vaqif daha sonra "Qırçı" Məhəmməd kimi tanınan Məhəmməd kişiyə müəyyən işlərdə kömək elədi və bunun qarşılığında da Məhəmməd kişi onların evinin damını qırladı.
Filmdə xüsusilə Bakımızın gözəlliyi göz oxşayır. O dönəm işıq dirəklərində səsgücləndiriclər olardı və orda Azərbaycanın gözəl musiqiləri səslənər, həm yerli əhalini, həmdə şəhərimizin qonaqlarını valeh edərdi. İndi isə həmin səsgücləndiri vasitələr yerini saatlıq internetə buraxıb. İndiki "musiqilərdə" öz yerində. Kim nə deyir desin, o vaxtkı Bakımızın da, mədəni irsimizin də gözəlliyi bambaşqa idi.
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)
Dodağımda səslənən yaddaş
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Xalq mahnıları – sözləri sadə və eyni zamanda çox dərindir. Günümüzə qədər gəlib çatmış, aktuallığını heç zaman itirməyən bir sənət nümunəsidir. Təkcə sözlərdəki dərin məna deyil, ritm və melodiya da insan ruhuna təsir edir. Sanki deyilən hər söz, toxunulan hər bir not sənə tarixin izlərini, ənənələrini, düşüncələrini, həyat tərzini özündə əks etdirir və insanın kökənləri ilə birləşərək köklərə olan bağlılığı gücləndirir.
Hər sözün arxasında çox böyük mənalar gizlənir. Xalq mahnılarının hər biri içində bir duyğunun, bir həyatın, bəlkə də bir dövrün səsini daşıyır. Azərbaycan xalq mahnıları da Azərbaycan xalqının keçmişindən, bu günündən, gələcəyindən xəbər verir. Həminmahnılarda sən özünü tapırsan. Bu bir zövq deyil, bu bir yaddaşdır. Silinməyən tarixinunudulmayan səsidir. Ruhun bu səslə böyüyür, qocalır, lakin heç zaman solmur oahəng.Səslənir dodağında, özün də bilmədən bəzən Sarı gəlin, bəzən Küçələrə su səpmişəm, bəzən Ay bəri bax,;Apardı sellər saranı, Gəl, inad etmə - deyə pıçıldayır qəlbin.
Sarı gəlin
Saçın ucun hörməzlər, Gülü sulu dərməzlər – misrası ilə başlayır.
Əlçatmaz bir sevgini, saf və toxunulmaz məhəbbəti simvollaşdırır. Bu nəğmədə həm aşiqin sevilənə duyduğu dərin hörmət, həm də ayrılıqla yoğrulmuş kövrək bir həsrət hiss olunur. “Sarı gəlin” mahnısı həm şəxsi bir sevgi hekayəsi, həm də bir xalqın duyğusal yaddaşıdır. Onun dəqiq kimə aid olduğu və hansı hekayəyə əsaslandığı tam aydın olmasa da, bu nəğmə yalnız bir dövrün deyil, yüzillərlə yaşanan hisslərin daşıyıcısıdır.
Küçələrə su səpmişəm
Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın.
Bu xalq mahnısı bir tərəfdən sevgi həsrəti ilə dolu gözləmə anını, aşiqin sevgilisini qarşılamadan əvvəl küçələri təmizləmək istədiyi o incə diqqəti ifadə edir.
Digər tərəfdən, Manaf Süleymanovun yazdığına görə, bu mahnı tarixən daha dərin bir mənaya sahibdir: 1918-ci ildə Bakını xilas etməyə gələn türk əsgərlərini qarşılayan insanlar bu mahnını oxuyaraq qurtuluş sevincini və minnətdarlığını ifadə ediblər.
Beləliklə, bu mahnı həm şəxsi məhəbbətin, həm də xalqın ümumi sevinc və ümid hissinin rəmzinə çevrilmişdir.
Küçələrə su səpmişəm,
Türk gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.
Ay bəri bax
“Ay bəri bax” deyə müraciətlə başlayan mahnı, bir gəncin qarşı tərəfə şirin bir şəkildə söz atması – yəni sevgisini birbaşa yox, dolayısıyla, zarafatla bildirməsi formasında ifadə olunur. Bu, xalq poeziyasında tez-tez rast gəlinən nazlı-qəmzəli sevgi üslubunun gözəl nümunəsidir. Bu mahnı sübut edir ki, xalq mahnıları təkcə kədər və ayrılıqdan ibarət deyil – şənlik, canlılıq və gənclik ruhu da bu melodiyalarda yaşayır.
Apardı sellər saranı
Mahnının adı belə artıq bir faciəni, yoxluğu xəbər verir. Azərbaycan xalq musiqisinin ən kövrək, dərin kədər və ayrılıq hissi ilə yoğrulmuş nəğmələrindən biridir. Mahnı, Sara adlı bir qızın təbii fəlakət nəticəsində həyatını itirməsi ilə bağlıdır. Bu mahnı sadəcə bir insanın yoxluğu yox, bir ömürlük itkinin, ümidsizliyin və qəfil ayrılığın simvoludur.
Gəl, inad etmə
“Gəl, inad etmə” təsnifi, Şur muğam ladı üzərində qurulmuş, küskün bir sevgilinin peşmanlıqla dolu səmimi çağırışını və sevgiyə dönüş arzusunu ifadə edən duyğusal bir əsərdir.
Bu nəğmələrin sayı çoxdur – hər bölgənin, hər dövrün, hər hissin öz səsi, öz mahnısı var. Hər misrasında, hər notunda nəsildən-nəslə ötürülən sevgi, kədər, sevinc, ümid və yanğı var. Bəlkə də ona görə xalq mahnıları bu qədər doğmadır – çünki biz o mahnılarda özümüzü tapırıq: kim olduğumuzu, haradan gəldiyimizi və hara getdiyimizi.
Onları qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək bir zövq deyil – bir məsuliyyətdir. Çünki bu nəğmələr bizim ruhumuzun səsidir. Bu səs isə heç vaxt susmamalıdır…
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)
GAP Antologiyasında Məsum Cabbarpurun “Sən” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məsum Cabbarpurdur.
Məsum Cabbarpur
Təbriz
SƏN
Sən sonsuzluğumun ilk ilişkisi
Əllərimi qanadan budaqların tilişkəsi
Toxunuram sənə, budaq-budaq.
Nəfəs çəkirəm səni yarpaq-yarpaq.
Tamsınıram dodaq-dodaq...
Sən
Əlləri boyalı bir qatil
Ayda boğulan bütün röyalar
Xəyallar
Həyəcanlar...
Sən, var anındakı yoxluq, boşluq
Yoxluq anlarındakı gərəksiz varlıq
Sıxıntı...
Mən gözümün ac qurdu
Mən gözümün tox qurdu
Sən gözlərimin ağı, qarası
Sən gözlərimin heç nəyi...
Sən gözlərə gərəkən
Rəssamların fırçası
Sən,
Gözlərdən uzaq düşüncədən qopan tufan
Sinədə parad marşı çalan darıxmaq,
Döyüntü...
Sən hər gecə yarısı üzümə açılan
Lüks taksilərin qapısı
Sən yaralı bir cənazəni köçürən tabut...
Sən toylarda ikili bir tanqo
Yaslarda göz yaşı.
Sən var ya, sən
Sən mənim ilkim, sonum.
Sən mənim ən paradokslu düşüncəmsən.
Gözlərimə tərsə bax
Şəkilin düzdən düzgün qalacaq
Gözlərimdə,
Beynimdə,
Ürəyimdə...
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)
PORTAL AKADEMİYASINDA - Brayan Treysi, «Maksimuma çatmaq»
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim ən yaxşılara nəzər yetirməyi davam etdirək.
Brayan Treysi: «Maksimuma çatmaq»
Bu kitab insanlara bütün gizli istedadlarını üzə çıxarmağa, bütün güclü tərəflərini inkişaf etdirməyə kömək edir, bunlar da uğur qazanmaq üçün vacib şərtlərdəndir.
Müəllifin təqdim etdiyi prinsiplər müsbət nəticə göstərilməsi üçün özünü çox gözlətmir. Oxucu kitabdan həyatın bütün sferalarında – şəxsi həyatda, karyerada, maliyyə və sağlamlıq baxımından uğur qazanmağın yollarını öyrənir.
«Maksimuma çatmaq üçün öz həyatınızı tam nəzarətə atmalısınız», - deyir Brayan Treysi.
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)
BİRİ İKİSİNDƏ – Aysel Şıxlının ”Sonsuzadək gülümsəyən uşaq” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə Aysel Şıxlının ”Sonsuzadək gülümsəyən uşaq” hekayəsini təqdim edirik.
Aysel ŞIXLI
SONSUZADƏK GÜLÜMSƏYƏN UŞAQ
Tez boya-başa çatmaq arzusunda olan uşaq böyük həyata qədəm basanda yenidən geri – uşaqlığına qayıtmaq istəyir. Bəs uşaqlıq nədir? Qayğılardan xəbərsiz, sevgi və şəfqətlə qurulmuş balaca dünyada yerdən qalxmağa kömək edəcək böyük əllərin olduğu yerdir. Axı hər zaman qanamış dizini üfürərək hər şeyin yaxşı olacağını deyən birinə ehtiyac var...
Qızmar günəş şəfəqlərini ətrafa çiləyirdi. Otelin girişində dayanmış qara eynəkli qadın iri hörmə papağı ilə özünü yelləyirdi. O, saata baxıb ərinə narazılıq elədi:
09:50. Hələ on dəqiqə var. İstidən öləcəyik!
Bu zaman uzaqdan sarı avtobus göründü, otelin darvazasına çatmamış dayandı. İçəridən düşən cavan oğlan: “Şirincə turu”, – deyib əlini havada yellədi. Kişi cəld avtobusa tərəf qaçdı:
– Gördün? Vaxtından tez gəldi.
– Hə, nə olsun? Hələ yarım saat hamının yığışmağını gözləyəcəklər.
Ana papağını başına keçirib yolun kənarında qumla oynayan beş yaşlı oğlunu səslədi. Ata qapının ağzında dayanaraq onlara cəld olmalarını işarə edirdi. Hamıdan birinci içəri keçən balaca İsa: “Mən pəncərənin yanında oturacağam!” – deyərək özünə yer seçdi. İçəri isti və boğanaq idi. Sürücü kondisionerin mühərrik işə düşdükdən sonra işləyəcəyini deyib çölə çıxdı...
İsa pəncərənin qırağında oturub əsnəyirdi. Uşağın gözləri hey yumulurdu, o, yatmamaq üçün başını silkələyirdi. Yanında əyləşmiş anası pəncərənin pərdəsini çəkərək içəri vuran günəş şüalarının qabağını aldı. İsa: “Yox, yox! Mən çölə baxıram”, – deyib pərdəni təzədən açdı.
Avtobus yavaş-yavaş dolmağa başlayırdı. Hərdən bələdçi başını içəri salıb adamları nəzərdən keçirir, dəftərində qeydlər aparırdı. İnsanlar çoxaldıqca İsanın yuxusu qaçdı. O, ayaqlarını yelləyə-yelləyə pəncərənin şüşəsindən maraqla ətrafa baxırdı...
Uzaqdan onlara tərəf gələn orta yaşlı hündürboy kişi uşağın diqqətini çəkdi. O, gülümsəyirdi. Yöndəmsiz addımlarla avtobusa yaxınlaşır, arabir əllərini bir-birinə çırpıb gülürdü. Geyindiyi qısa şort nazik ayaqlarını ortaya çıxarmışdı. Bəyaz dərisində çəhrayı səpkilər var idi. Xırda çiyinləri və arıq qolları günəşdən yanmışdı. Sarıya çalan saçları gün papağının altından çıxırdı. Kişi hərdən müvazinətini itirirdi, bu zaman arxasında dayanmış qadın qolundan tutaraq ona kömək edir, yıxılmağa qoymurdu.
Kişi avtobusa çatanda dayandı, arxaya çevrilib ardınca gələn qadına baxdı və yalnız onun işarəsindən sonra pilləkənə ayaq basdı. Qalxmaq istəyən zaman yenə müvazinətini itirdi, yıxılacağından qorxub geri addım atdı. Qadın onun qoluna girərək bir daha cəhd etməsini istədi. Bir-iki uğursuz həmlədən sonra hadisəyə biganə qala bilməyən bələdçi də kişiyə köməyə gəldi.
Nəhayət, içəri girən kişi oturanlara bir-bir nəzər saldı. Bir anda gözləri sevincdən parıldadı və həyəcanlanmış uşaq kimi əl çaldı. Yanındakı qadın arxada yanaşı iki oturacağın boş olduğunu görüb oraya üz tutdu. Kişi də onun ardınca getdi. O, gülümsəyərək yanından keçdiyi adamlara əl edirdi. Bəziləri onun salamını alır, bəziləri özünü görməzliyə vururdu.
İsa bu qəribə kişi ilə göz-gözə gəldi. Utanıb tez üzünü yana çevirdi, ancaq marağına güc gələ bilməyib yenidən ona baxdı. Kişi hələ də gülümsəyirdi. İsa da güldü.
Kişi sevincək pəncərənin yanında ona göstərilən oturacağa əyləşdi. İsa anasına qısılıb pəncərədən maraqla baxan kişini gizlincə seyr edirdi...
Angelman sindromu təxminən 15.000 körpədən birində rast gəlinir. Bu sindromla doğulmuş uşaqların zəka geriliyi, nitq qüsurları və tarazlıq problemləri olur. Angelman sindromlu insanlar həyata göz açdıqları gündən bitməyəcək uşaqlıq yaşayır və böyüklərin dünyasında həyatda qalmağa çalışırlar.
Avtobus Şirincə kəndinin girişində dayandı. Adamlar düşüb bələdçinin başına toplaşdılar. O, kəndi gəzmək üçün iki saatlıq sərbəst vaxtın olduğunu dedikdən sonra alış-veriş üçün də bir neçə dükan məsləhət gördü. Hövsələsi daralan İsa atasının şalvarını dartışdırırdı. Bu zaman gözü yenə orta yaşlı kişiyə sataşdı. O, çətin qalxdığı pilləkənləri indi də enməyə çalışırdı. Görünür, yanındakı qadın insanları yubatmamaq üçün hər kəsin avtobusdan çıxmağını gözləmişdi. Onlar bələdçiyə yaxınlaşanda artıq hamı dağılışırdı. Üzündən gülüş əskik olmayan bu kişi İsaya maraqlı gəlirdi. Uşaq barmağını ona tuşlayıb atasına baxdı:
– Ata, o niyə belədir?
– İnsanları barmaqla göstərmək olmaz, ayıbdır! – Ata İsanın əlini aşağı salıb gözlərini ağartdı. – Gedək ananı tapaq, iki daşın arasında yoxa çıxdı. Allah bilir, hansı dükana girib.
İsa daha heç nə soruşmadı. Onlar dükanlara tərəf getdilər...
Şirincə gəzintisi bitəndən sonra dəstə avtobusa doluşdu. Bələdçi əlindəki siyahını açıb bir-bir adları çəkməyə başladı:
– Rüstəm, Nilufər!
– Burada!
– Həsən, Gültəkin, İsa!
– Burada!
– Səkinə, Seymur!
Adını eşidən kişi cəld yerindən qalxıb sevincək özünü işarə etməyə başladı. Yanındakı qadın onu yerinə əyləşdirib: Burada! – dedi. Avtobusdan pıçıltılı səslər eşidildi. İsanın anası da yerində deyinirdi:
– Xəstə adamla belə yerə gəlməzlər. – Ana başını buladı.
İsa təəccüblə anasına, sonra “xəstə”yə baxdı. Kişi deyilənlərdən xəbərsiz gülümsəyirdi...
Angelman sindromlu insanlar daima gülümsəyirlər. Buna “Xoşbəxt kukla” sindromu da deyilir. Çünki onlar hər zaman həyat dolu və həyəcanlı görünürlər. Angelman sindromlu insanlar uzun və aktiv həyat sürə bilərlər. Bunun üçün sevgiyə və dəstəyə, cəmiyyət tərəfindən qəbul olunmağa ehtiyacları var...
Avtobus səfalı yerlərdən keçərək, nəhayət, ünvana çatdı. Günorta olduğu üçün havanın istiliyi artmışdı. Dəstə vaxt itirmədən kafeyə tərəf getdi. Həyət olduqca gözəl idi: iri palmaların arasından çiçək kolları görünürdü, düz mərkəzdə iri, mərmər fəvvarə tikilmişdi.
Fəvvarədən şırıltı ilə axan suyu görən kişi sevincək qışqırdı, tələsik yöndəmsiz addımlarla o tərəfə getməyə başladı. O, əllərini yuxarı qaldırıb bir-birinə çırpırdı. Danışa bilmirdi, qırıq səslərlə sevincini ifadə etməyə çalışırdı. Dəstədə təlaş yarandı. Bəziləri uşaqlarını yanlarına çəkdilər. İsa da təntiyib anasına qısıldı. Qadın isə heç kimə fikir vermədən kişinin arxasınca getdi və onun əlini tutdu.
Qonaqlar üçün xüsusi hazırlanmış uzun masanın üstünə beqonvillər düzülmüşdü. Hər kəs özünə yer seçib oturandan sonra süfrəyə su və çörək qoyuldu.
Bir az keçmişdi ki, su ilə oynamaqdan əl çəkmiş kişi qadınla birlikdə zala daxil oldu və ortadakı boş stullardan birində əyləşdi. Bu zaman kişinin sağ tərəfindəki ailə narahat olub ayağa qalxdı və başqa, ondan daha uzaq yerə keçdi. Qadın buna əhəmiyyət vermədi. Kişi də heç nə anlamayaraq gülümsəyirdi.
Onlarla üzbəüz oturmuş ana ərinə göz-qaş elədi:
– Bəlkə, biz də yerimizi dəyişək? İsa qorxar...
Ərinin etirazından sonra ana susdu.
Masaya yeməklər gəldi. İsa xörəklə dolu qabına baxıb ağız-burun əydi:
– Bu kartoflar çox yekədi. Mən belə yemirəm.
Ana cəld çəngəli ilə kartofları əzməyə başladı, İsa narazı sifətlə stula söykənmişdi. Bu zaman gözü üzbəüzdəki kişiyə sataşdı. Arıq kişi də stula söykənib qadının onun kartoflarını əzməyini gözləyirdi. Onların baxışları toqquşdu. Kişi gülümsəyib ona dil çıxardı. Bunu gözləməyən İsa duruxdu. Kişi ikinci dəfə yenə dilini çıxaranda uşaq da ona qoşuldu. Onlar gülüşdülər...
Angelman sindromlu insanlar su ilə oynamağı çox sevirlər. Onlar tez-tez dilini çıxarır, əllərini bir-birinə çırpırlar. Yeməyi çeynəməkdə və udmaqda çətinlik çəkirlər. Onları uşaq kimi görmək və sevmək lazımdır...
Nahardan sonra istirahət saatı elan edildi. Bəziləri sərin kafedə dincəlməyi, bəziləri isə ətrafı gəzməyi seçdi. Yerlərində dura bilməyən uşaqlar həyətə axışaraq fəvvarənin qırağında oynayırdılar. İsa da onların arasında idi, balaca maşın oyuncağını fəvvarənin kənarında ora-bura sürürdü. Ondan bir az aralıda yerə çöməlmiş kişi əllərini suda şappıldadırdı. Hərdənbir ətrafında qaçışan uşaqlara tərəf gedir, onlara nəsə deməyə çalışırdı. Bu zaman kişidən ehtiyat edən valideynlər övladlarını səsləyir, ona çox yaxın getməməyi tapşırırdılar...
Kişi İsaya və maşın oyuncağa maraqla baxırdı. İsa onu diqqətlə izləyən kişiyə gülümsədi. Kiminsə ona maraq göstərdiyini görən kişinin gözləri parıldadı. İsa bir az götür-qoy edəndən sonra fəvvarənin qırağı ilə ona tərəf getməyə başladı. Az sonra onlar kəsişdilər. Uşaq sarı maşını kişiyə uzatdı:
– Sənin adın Seymurdu, hə?
Həyəcanlı kişi əllərini qaldıraraq sevinc hərəkətləri göstərdi, daha sonra maşını götürüb suyun içinə saldı və oynamağa başladı.
Ana bir kənarda oturub onlara tamaşa edirdi. Kişinin sərt və yöndəmsiz əl hərəkətlərindən narahat oldu, qalxıb fəvvarəyə tərəf getmək istəyəndə səs eşitdi:
Narahat olmayın, Seymur ziyansızdır. Elə bilin ki, o da bir uşaqdır. – Qadın anadan bir az aralıda oturmuşdu.
– Aydındır... Çox sağ olun, yanlış anlamayın...
– Mən öyrəşmişəm. – Qadın gülümsədi.
Sakitlik oldu. Bir az keçəndən sonra ana dilləndi:
– Yəqin, siz baxıcısınız.
– Yox, bacısıyam. Seymur mənim böyük qardaşımdır. – Qadın yenə gülümsədi. – Valideynlərimiz rəhmətə gedəndən sonra bircə əzizi mən qalmışam.
– Ah, yəqin sizə çox çətindir.
Ən çətini insanlar tərəfindən qəbul olunmaqdır. Çox adam onu ancaq “xəstə” kimi görür, yanından qaçırlar. Ancaq tanısalar, çox sevərlər. O qədər təmiz ürəyi var ki...
– Əminəm, elədir... – Ana nəzakət xatirinə gülümsədi. – Yəqin, qardaşınıza da çətindir. Sağlam adamlardan çox seçilir, geri qalır. Sizcə özü kimilərin arasında ona daha rahat olmazmı?
– Əksinə, onları cəmiyyətdən ayırmaq, fərqli olduqlarına görə haqlarını əllərindən almaq düzgün deyil. Seymur belə də rahatdır. – Qadın yavaşca əlavə elədi. – Narahat olan “sağlam” dediklərinizdir...
– Haqlısınız... – Ana utandı. – Allah köməyiniz olsun!
– Amin! – Qadın köks ötürdü. – Bircə qorxum var, məndən sonra kim onun qeydinə qalacaq, kim onu sevəcək?
Qəflətən tappıltı eşidildi. Ayağı nəyəsə ilişmiş kişi üzüqoylu yerə yıxılmışdı. Əlindəki sarı maşının bir təkəri qoparaq kənara dığırlanmışdı. Kişi pərt halda başını qaldırdı. Həyətə sakitlik çökmüşdü, hamı nəfəsini çəkib ona baxırdı.
Qadın cəld kişinin yanına qaçaraq yerdən qalxmağına kömək etdi və fəvvarənin qırağında oturtdu. Kişinin gözləri dolmağa başladı, qanamış dizini görəndə isə özünü saxlaya bilməyib ağladı. Qadın ona ürək-dirək verərək yarasını silir, üfürürdü. Ancaq kişi heç cür sakitləşmir, əli ilə üzünü qapayıb ağlayırdı. Yıxıldığını hamı görmüşdü, pərtliyini ancaq göz yaşları ilə ifadə edə bilirdi, hıçqırtısı həyəti bürümüşdü.
Kənarda donub qalmış İsa ağlayan kişidən gözünü çəkib ətrafa baxdı. Fəvvarənin qırağına toplaşmış insanların üzlərində qəribə ifadə var idi: bəziləri qəmgin, bəziləri narazı, bəziləri isə ürkək baxışlarla kişini süzür, ancaq yanına yaxınlaşmırdılar. İsanın başı gicəlləndi, dodağı əsməyə başladı və qəflətən özünü yerə çırpıb bərk səslə ağladı. Baxışlar bir anda kişidən uşağa yönəldi. Kişi də ağlamağını kəsərək nəm gözlərini iri açıb uşağa baxdı. Qaçıb gəlmiş ana oğlunu yerdən qaldıraraq üstünü çırpdı. İsanın dizi azca qanamışdı...
...İnsanlar dağılışmışdılar. Kişi artıq ağlamırdı, oturub sakitcə burnunu çəkirdi. O, valideynləri ilə birlikdə fəvvarədən uzaqlaşan İsanın arxasınca baxanda gülümsədi...
Angelman sindromlu insanlar ətrafa ancaq sevgi və nur saçır. Onların valideynlərinin payına sonsuz gülüşlər və işıq düşür...
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)
“Yalnız mənimlə qal” - ESSE
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Sözləmi daha çox danışar, ya baxışlarmı? Bəlkə də baxışlar… Çünki bəzən insan, yalnız bir baxışla yüzlərlə söz söyləyə bilər.
Ya da danışmaq üçün mütləq nəsə olmalıdır ki? Bəzən susmaq da bir danışıqdır axı.
İnsan susmalı… Özünəməxsus bir səsi, bir rəngi olmalı…
Bəlkə də, o səs bir musiqinin içində gizlənmiş melodiyada yaşayar. Bəlkə də o musiqi, bir-birinin olan iki baxışın sükutunda səslənər.
Ehtiyacımız bəlkə də məhz budur – heç nə demədən başa düşülmək…
Sənin gözəl baxışların – sükutun dilidir. Onlar söz demədən danışır, danışmadan anlayır. Bəzən bir baxış bir ömürlük iz qoyur insanın qəlbində – illərlə qurulan cümlələrdən daha dərin, daha səmimi… O baxışlarda bir dəvət var – “Yalnız mənimlə qal…” deyən, amma əmr etməyən, yalvarmayan… sadəcə hiss etdirən bir dəvət.
Sənin şirin arzuların – uşaq təmizliyi ilə yoğrulmuş, gələcəyə dair ümidin rəngli pəncərələridir. Onlar təkcə sənin deyil, məni də içərisinə çəkir, məni mən olmaqdan çıxarıb “biz” edən bir sehrə çevrilir. Arzuların, öz dilləri ilə səssizcə pıçıldayır: “Yalnız mənimlə qal…”
Bu bir çağırış deyil. Bu bir həyat fəlsəfəsidir. İnsan bəzən öz varlığını, öz məqsədini bir başqa insanın qəlbində tapar. Elə o zaman anlar ki, “qalmaq” yalnız fiziki bir yaxınlıq deyil, ruhun qərar tutmasıdır. Və bəzən qəlbin bir küncündə yaşamaq, dünyaların sahiblisi olmaqdan daha qiymətlidir.
“Yalnız mənimlə qal…” – bu cümlə əslində zamana meydan oxuyur. Çünki burada “yalnız”lıq, tək qalmaq deyil, bölünməz bir bütövlükdür. Və bu qalmaq, sadəcə birlikdə olmaq deyil, bir yerdə dəyişmək, bir yerdə böyümək, bir yerdə içindəki sonsuzluğu kəşf etməkdir.
Gözəllik ötəridir – bu dünya fanidir. Amma sənə baxan o gözlərdə, sənə yönələn o arzularda əbədiyyətə açılan bir qapı var. Bəlkə də sevgi budur – hər şeyin sona yetdiyi bu dünyada bir kəsin sonsuzluğu iddia etməsi…
Bütün bəşəriyyət eyni dildə danışsa da, gəl, bizim lisanımız ayrı olsun. Başqalarının anlamadığı, sözsüz sevdalara pəncərə açan bir dilimiz… Şairin də dediyi kimi, “Mənə yaşamağı öyrət, əzizim”. Sən mənə biraz tez, mən sənə biraz gec gəlmiş ola bilərəm, amma rəqəmlərə əhəmiyyət verməyək. Göyqurşağına yeni rəng, səmaya fərqli bir ton mavi, dənizə ən gözəl dalğa olacaq qədər ilmək-ilmək toxuyaq “bizi”…
Və bir gün…
Bilirəm, ən gözəl və xoşbəxt anda o musiqi səslənəcək:
Sənin gözəl baxışların,
Sənin şirin arzuların
Deyəcək: “Yalnız mənimlə qal…”
Bu yazım sənə deyir: əgər o baxışlar səmimidirsə, əgər o arzular safdırsa, o zaman, sən də qal… Yalnız mənimlə qal.
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)
İkinci intibah dövrünü yaşayan teatrın yeni dəsti-xətli rəhbəri –PORTRET CİZGİLƏRİ
Ağalar İdrisoğlu, yazıçı, dramaturq, rejissor, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün
Laləzar xanım Hüseynova: “Lənkəran Dövlət Dram Teatrında çox peşəkar, ustad aktyor, aktrisa heyyəti var. Bu kollektivlə təkcə Azərbaycanın yox, dünya klassiklərinin və müasir dramaturqlarının pyeslərini yüksək peşəkar səviyyədə hazırlamaq olar”.
Mən ömürümün 26 ilini teatrlara rəhbərlik edən və 50 ildir ki, peşəkar teatrlarda aktyor-rejissor kimi çalışan bir mütəxəssis kimi həmişə istəmişəm Azərbaycanda çoxlu peşəkar və öz dəsti-xətti olan rejissorlar olsun. Çünki hər bir teatrın tanınması, öz dəsti-xətti olması üçün ilk öncə orada çalışan rejissorlar çox istedadlı, çox savadlı və yüksək səviyyədə təşkilatçı olmalıdırlar. Rejissor bir generaldır. Kollektivi öz ardınca aparmağı bacaran böyük şəxsiyyətdir. Həm də dünyada rejissor sənəti bütün sənətlərdən daha yüksəkdə durur və qiymətləndirilir. Belə ki, bu sənət ürək cərrahları, təyyarə sınayıcıları, təlimçiləri ilə eyni bərabərdədir. Ona görə də rejissor bu peşəni mükəmməl öyrənməli, ədəbiyyatı, insan psixologiyasını, səhiyyəni, tarixi, siyasəti yaxşı bilməli, təkcə pyesləri yox, dünyada baş verən hadisələri də dərindən təhlil etməyi bacarmalıdır ki, quruluş verdiyi tamaşalarda zamanın tələblərini ortaya qoya bilsin. Həm də pedaqoq-rejissor kimi aktyorlarla, aktrisalarla işləyə bilsin və onlara özünün sevdirsin.
Əgər aktyorun, aktrisanın rejissora nifrəti və inanmsızlığı olsa, həmin rejissor onlarla peşəkar tamaşa hazırlaya bilməz. Bu, tarixlər boyu sübut olunmuş bir işdir. Yadımdadır ki, dünya şöhrətli rejissor Anatoli Efros, Yuri Lyubimov acıq eləyib, xaricə gedəndən sonra onun yerinə Taqankadakı Dram və Komediya Teatrına onu baş rejssor təyin etdilər. Kollektiv isə ona açıq-açığına deyirdi ki, biz səni sevmirik. Bütün bunlara baxmayaraq, Anatoli Efros onlarla tamaşa hazırladı. Amma həmin tamaşa alınmadı. Yəni zəif oldu. Sonra isə o, kollektivin hücumuna tab gətirə bilməyib, infakt oldu və dünyasını dəyişdi... Əslində isə Anatoli Efros Malıy Bronnıy Teatrında quruluşçu rejissor işləyirdi və kollektiv də onu çox sevirdi. Mən, onun məşqlərində olanda bunu aydın görürdüm.
Əfsus ki, Sovetlər quruluşu dağılandan sonra Moskvaya və başqa aparıcı şəhərlərə rejissor təhsili almağa heç bir azərbaycanlı getmədi. Çünki A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun ( indiki Dövlət Teatr Sənəti Akademiyası) son tələbəsi mən olmuşam. Və mən də oranı 1986-cı ildə bitirmişəm. Amma çox əfsus ki, Sovetlər quruluşu dağılandan sonra daha orada təhsil almağa heç kim göndərilmədi. Yalnız Azərbaycan müstəqillik qazanadan sonra bir qrup istadadlı gənclər Moskvaya Şukin adına Ali Teatr İnstitutuna aktyorluq və rejissorluq sənəti üzrə oxumağa göndərildi. Bu, böyük alqışa layiq iş oldu. Onlar orada təhsil alandan sonra Azərbaycana qayıtdı və Səməd Vurğun adına Akademik Rus Dram Teatrında işləməyə başladılar. Onlardan rejissorluq fakültəsində oxuyan Vüsal Mehrəliyev bir müddət Mingəçevir Dövlət Dram Teatrında baş rejissor işlədi və bilmirəm hansı səbəbdənsə teatrdan işdən çıxıb, Moskvaya getdi. Çox maraqlı rejissor idi. Həmin kursun aktyorluq fakültəsini bitirən Abdulla Elşadlı da indi rejissorluq edir. Artıq bir neçə maraqlı tamaşa qoyub. Onun da rejissor kimi gələcəyinə inanıram.
Beləliklə, rejissorlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor təhsili almaqla öz işlərini bitmiş hesab etdilər. Açığı son vaxtlar onlara dərs deyən müəllimlərin çoxu özləri teatrlarda, kinoda rejissor işləmədiklərindən gənclərə rejissor təhsili vermək onlar üçün çox çətindir. Ola bilər həmin müəllimlər yaxşı aktyor yetişdirə bilərlər, amma yaxşı rejissor yetişdirəcəklərinə elə də çox inanmıram. Çünki yaxşı rejissor yetişdirmək çox çətin işdir. Bu, pedaqoqdan daha böyük ağıl, savad, dərin bilik tələb eləyir. Amma Moskvada, Sankt-Peterburqda yüksək savadlı rejissor-pedaqoqlar vardı ki, yaxşı tələbələr yetişdirirdilər. İndi də orada yaxşı pedaqoq-rejissorlar var. Elə götürüək özümüzün klassk rejissorlarımız- Rza Təhmasibi, Adil İsgəndərovu, Məhərrəm Həşimovu, Mehdi Məmmədovu, Tafiq Kazımovu, Vaqif Abbasovu, Ağakişi Kazımovu, Cənnət xanım Səlimovanı və başqalarını. Onlar məhz həmin ustadlardan dərs aldıqlarına görə bu peşəni mükəmməl öyrəndilər və Azərbaycan teatrlarının inkişafı üçün çox işlər gördülər. Çox əfsus ki, rəhmətlik Zakir Bağırovdan sonra olan Mədəniyyət nazirləri bu işin dərinliyini bilmədiklərindən istedadlı gənclərimizi Moskvaya, Sankt-Peterburqa göndərməməklə həm teatrlarımızı və həm də kinomuzu məhv etdilər...
Bu gün Azərbaycanda təhsil alan rejissorlardan yalnız bir neçəsi öz gücünə, öz üzərlərində çalışması, dünya teatrları ilə maraqlanmaları və tez-tez MDB məkanında keçirilən seminarlara, təcrübə mübadilələrinə getməklə, kurslarda olmaqla və orada oynanılan tamaşalara baxmaqla peşəkar rejissorlar oldular. Qoy məndən başqa rejissorlar inciməsin. Mən öz dəsti-xəttini yarada bilən, maraqlı tamaşalar hazırlayan yalnız bu rejissorun adını çəkə bilərəm. Bunlar- Cənnət xanım Səlimova, Mərahim Fərzəlibəyov, Aleksandr Şarovski, Bəhram Osmanov, Mehriban xanım Ələkbərzadə, Ağalar İdrisoğlu, Bəxtiyar Xanızadə, Valeh Kərimov, Mirbala Səlimli, Xəzər Gəncəli, Laləzar xanım Hüseynova, İradə xanım Gözəlova, Musa Eyyubov, Hafiz Quliyev, İntiqam Soltan, Novruz Cəfərov, Emin Əmirullayev, Firudin Məhərrəmov, Loğman Kərimov, Nicat Kazımov, Həsən Həsənov, Nazir Rüstəmov, Sərvər Əliyev, Allahverdi Musayev, Anar Babalı və bir neçə cavan rejissorlar da var ki, gələcəyinə çox ümid bəsləyirəm. Azərbaycandan kənarda Türkiyədə işləyən məşhur rejissorlarımız Əflatun Nemətzadə, Cahangir Novruzov, Məlahət xanım Abbasova və Finlandiyada işləyən Kamran Şahmərdan da orada maraqlı işlər görürlər. Buna sevinməliyik. Əslində yuxarıda adlarını çəkdiyim rejissorlar da artıq yaşları əllini keçmiş insanlardır və bir vaxtlar elə Rza Təhmasibdən, Adil İsgəndərovdan, Mehdi Məmmədovdan, Tofiq Kazımovdan, Vaqif Abbasovdan, Ağakişi Kazımovdan, Cənnət xanım Səlimovadan və onlardan sonra Moskvada, Sankt-Peterburqda təhsil allan Nəsir Sadıqzadədən, Fikrət Sultanovdan, Ədalət Ziyadxanovdan, Azər Paşa Nemətovdan da dolayısı ilə dərs alıblar. Bu sənətin incəliyini onlardan da öyrəniblər. Amma müstəqillik qazandığımız bu otuz dörd ildə əgər onlar Moskvaya, Sankt-Peterburqa rejissor təhsili almaq üçün göndərilsəydilər həmin adlarını yuxarıda çəkdiyim rejissorların sayı iki-üç dəfə çox olmalı idi. Elə yuxarıda adlarını saydığım rejissorların da çoxu Sovet dövrünün yetirmələridir. Belə götürəndə müstəqillik qazandığımız bu illərdə demək olar ki, həmin rejissorlardan sonra, elə təkcə MDB məkanına çıxara biləcəyimiz rejissorlar cəmi bir neçə nəfərdir. Yuxarıda adlarını çəkdiyim rejissorlardan sonra ən azından iyirmi-otuz nəfərdən də çox əlavə rejissorlar olmalı idi və hər teatrda da ən azından iki-üç istedadlı, bacarıqlı rejissor işləməli idi ki, teatrlarımız daha çox inkişaf etsin və çiçəklənsin. Bir daha vurğulayıram. Bir neçə cavan rejissorlarımız var ki, onların gələcəyinə çox inanıram.
Yüksək peşəkar rejissor yetişdirmək özü bir məktəbdir. Yaxşı rejissor yetişdirmək sahəsində elə götürək qonşumuz Gürcüstanı. Orada rejissor pedaqoqikasının əsasını Georgi Tovstanoqov qoydu və tələbəsi Mixail Tumanaşvili onun işini davam etdirib, özündən sonra dünya şöhrətli- Robert Sturua, Timur Çixeidze, Qoqo Kaftaradze və başqa rejissorlar yetişdirdi. Məhz buna görə Gürcüstanda əllidən çox dövlət teatrı və otuzdan çox dövlət səviyyəli teatr-studiyalar var. Onlarda da çox bacarıqlı, yüksək savadlı rejissorlar işləyir. Çünki mən, Gürcüstan teatrları ilə çox maraqlanıram və bunu bilirəm. Əslində Gürcüstanın əhalisi də bizim məmləkətin əhalisindən azdır. İqtisadiyyatı da bizdən çox zəifdir. Amma bizim məmləkətdə heç otuz dövlət teatrı yoxdur. Dövlət səviyyəli teatr-studiyalar isə ümumiyyətlə yoxdur.
Azərbaycan kinosu sahəsində isə vəziyyət daha acınacaldır. Çünki bir vaxtlar Moskvada və Sankt-Peterburqda kino və televiziya sahəsində təhsil alan rejissorlarımız- Rza Təhmasib, Həsən Seyidbəyli, Tofiq Tağızadə, Hüseyn Seyidzadə, Muxtar Dadaşov, Şamil Mahmudbəyov, Səttar Atakişiyev, Səməd Mərdanov, Əjdər İbrahimov, Həbib İsmayılov kimi yaşlı rejissorlarla birlikdə Arif Babayev, Eldar Quliyev, Rasim Ocaqov, Rüstəm İbrahimbəyov, Oqtay Mirqasımov, Kamil Rüstəmbəyov, Musa Bağırov kimi orta nəsillə paralel çoxlu cavan rejissorlar -Gülbəniz xanım Əzimzadə, Ceyhun Mirzəyev, Vaqif Mustafayev, Şeyx Əbdül Mahmudov, Davud İmanov, Ramiz Əzizbəyli, Cahangir Mehdiyev, Cəmil Quliyev, Ayaz Salayev də məhz orada rejissor təhsili alıblar. Onların da çoxu artıq dünyalarını dəyişiblər. Sağ qalanlar isə artıq altımış yaşını ötüblər və demək olar ki, heç biri kinofilmlər çəkmirlər. Bu gün onlardan bir qədər cavan yalnız iki rejissorun adını çəkə bilərəm. Bunlar- Elçin Musaoğlu, Elxan Cəfərovdur. İndi onlardan sonra daha hansısa cavan rejissorun adını çəkməkdə çətinlik çəkirəm. Eləcə də bir vaxtlar Azərbaycan televiziyasında rejissor işləyən - Rauf Kazımovskinin, Oqtay Babazadənin, Məhərrəm Bədirzadənin, Taryel Vəliyevin, Ramiz Həsənoğlunun ( Mirzəyevin), Tahir Tahirovun, Kərim Kərimovun, Bünyad Məmmədovun, Vasif Babayevin, Əmirhüseyn Məcidovun, Ələkbər Kazımovskinin, Şahin Əlibəylinin, Elxan Mənsimovun, Cəmil Quliyevin, Mehriban xanım Ələkbərzadənin, İsmət Səfərəliyevin, Vaqif Ağayevin, Arif Qazıyevin, Maqsud Ağayevin, Nazim Zeynalovun, Şərif Qurbanəliyevin, Rauf Mirzəyevin, Arzu xanım Məmmədovanın, Zəyyar Ağayevin, Azər Qasımzadənin və başqalarının adını çəkə bilərəm. Amma onlardan sonra da bu sahədə öz adını tanıdan hansısa cavan bir rejissorun adını çəkməyə yenə də çətinlik çəkirəm. Bəlkə də var, amma mən bilmirəm və tanımıram. Çünki heç birinin sensassiyalı işini görməmişəm.
Deməli, bu haqda ciddi düşünməliyik. Mən qətiyyətlə deyə bilərəm ki, ölkə başçımız cənab İlham Əliyev və cənab nazirimiz Adil Kərimli də istəyirlər ki, məmləkətimizdə yaxşı teatr və kino üçün pyeslər, kinossenarilər yazan yüksək səviyyəli dramaturqlarımız, eləcə də teatr, kino və televiziya sahəsində də yüksək peşəkar rejissorlarımız olsun. Onlar da yaxşı bilirlər ki, biz, teatrlarımızı, kinomuzu yalnız yüksək səviyyəli mütəxəssislərin hesabına dirçəldə bilərik. Gəlin onu da danmayaq ki, ölkə başçımız bu sahələrə çox böyük miqdarda pul ayırır və cənab nazirimiz Adil Kərimli də işlədiyi bu az müddətdə bu sahələrə çox böyük diqqət, qayğı göstərir.
Ömrünün əlli ilini peşəkar teatr sənətinə həsr eləyən teatr rəhbəri, rejissor, aktyor kimi demək istəyirəm ki, bu sahələrdəki problemləri tez bir vaxtda həll eləmək mümkün olmayacaq. Amma biz, kiçk işartısı olan cavan rejissorlara, teatrlar üçün pyes yazan və kino ssenarilər işləyən dramaturqlara daha çox qayğı göstərməliyik. Həm də onları tapıb, bu insanlar haqqında yazmaqla onları xalqa daha yaxından tanıda bilərik. Və həm də yuxarıda dediyim kimi onlarda özlərinə inamı artıra bilərik ki, bu işlə daha ciddi məşğul olsunlar. Ömürlərini bu müqəddəs işə sərf eləsinlər.
Mən, yuxarıda adalarını yazdığım tanınmış rejssorların çoxu haqqında əvvəllər yazmışam. Onların işini lazım olan kimi təbliğ də etmişəm. Bu yazımda isə çox istadadlı bir rejissor haqqında yazmaq istəyirəm. O rejissor ki, artıq otuz ildir yaradıcılığını izləyirəm. Və quruluş verdiyi hər tamaşa ilə necə inkişaf etdiyinin, hər tamaşasından sonra peşəkarlığının artdığının şahidi oluram. Bu rejissor Laləzar xanım Hüseynovadır. İstəyirəm ki, onu çoxminli oxucularla daha yaxından tanış edim. Çünki bu insan, həm teatr rəhbəri, həm maraqlı rejissor və həm də çox bacarıqlı aktrisa kimi böyük istedad sahibidir.
LALƏZAR HÜSEYNOVA
Qısa məlumat: Laləzar Ramiz qızı Hüseynova 1964-cü ildə anadan olub. Keçən il onun 60 illik yubileyi oldu. Bakı şəhərindəki Mədəni Maarif Texnikumunun “ Bədii yaradıcılıq kollektivinin rəhbəri” fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatrlar rejissoru” ixtisasını fərqlənmə diplomu ilə başa vurub. Laləzar xanım lap cavan yaşlarından Azərbaycan dövləti, dövlətçiliyi üçün çox işlər görməyə başlayıb. Ulu öndər Heydər Əliyevə böyük inamı, məhəbbəti olduğuna görə o, artıq 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olub. Elə həmin vaxtdan da bu partiya üçün bacardığı işləri görüb. Ətrafında olan insanların bu partiyanın üzvü olmasına çalışıb. 1995-2014-cü illərdə əvvəl Dərbənd Azərbaycan Xalq Teatrında və 1998-ci ildən isə Dağıstan Azərbaycan Dövlət Dram Teatrında, aktrisa, quruluşçu rejissor və baş rejissor vəzifələrində fəaliyyət göstərib. 2008-ci ildən Dağıstan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Bu fəxri adın diplomunu və medalını Laləzar xanıma Dağıstan Respublikasının o vaxtkı prezidenti Muxu Əliyev şəxsən özü təqdim edib. Laləzar Hüseynova 2008-ci ildə Rusiya Fedorasiyasının Teatr Xadimi İttifaqının üzvü seçilib. 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
2015-2020-ci illərdə Qusar Dövlət Ləzgi Dram Teatrında baş rejissor vəzifəsində çalışıb. Laləzar xanım 2016-cı ildən etibarən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2018-2020-ci illərdə Prezident mükafatına layiq görülüb.
2020-2024-cü illərdə Salyan Dövlət Kukla Teatrında direktor vəzifəsində çalışıb. 2024-cü ilin iyun ayından Azərbaycan Mədəniyyət Nazirliyinin əmrilə Lənkəran Dövlət Dram Teatrına direktor vəzifəsinə göndərilib. Bu az vaxtda da orada böyük işlər görməyə başlayıb. Çünki Laləzar xanım Hüseynova yaxşı rejissor və yaxşı təşkilatçı olmaqla yanaşı çox istedadlı aktrisadır. Onun oynadığı tamaşalardakı rolları bunu bir daha təsdiq edir. Bu rollardan- Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərində -Hafizə, Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan”ında -Telli, Avqisenti Saqarellinin “Xanıma” əsərində-Xanıma, Georgi Xuqayevin “Mənim qaynanam”da- Qaynana, Tamara xanım Vəliyevanın “Mənim ağ göyərçinim”də- Səidə, Cəfər Cabbarlının “Solğun çiçəklər”ində-Sara , Cəfər Cabbarlının “Aydın”ında -Böyükxanım , Tamara xanım Vəliyevanın “Bankir adaxlı” əsərində-Nisə, Furiz Həsənovun “Kimdir müqəssir” əsərində-Patimat və başqa tamaşalarda oynadığı rollar həmişə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Yuxarıda yazdığım kimi Laləzar xanım öz dəsti-xətti olan rejissordur. Və həmişə də quruluş verdiyi tamaşalar tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Bu tamaşalardan- Üzeyr bəy Hacıbəyovun “Arşın mal alan”, “O olmasın, bu olsun”, Avqisenti Saqarellinin “Xanuma”, Robert Tomanın “Səkkiz qadın”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”, Rafiq Rəhimlinin “Sönmüş talelər”, Hüseynbala Mirələmovun “Xəcalət”, “Vəsiyyət”, Cəfər Cabbarlının “Aydın”, “Solğun çiçəklər”, İsi Məlikzadənin “Hərənin öz ulduzu”, Tamara xanım Vəliyevanın “Bankir adaxlı”, Ələkbər Hüseynovun “Xoşbəxtlik quşu”, İsgəndər Coşqunun “Çal, oyna” , Xanımana Əlibəylinin “Dovşanın ad günü”, Rəvan Tohidoğlunun “Taleyin oyunu” və başqaları. Siyahıdan da görürsünüz ki, bu əsərlərin hər biri, bir-birindən çox fərqlənir. Klassiklərdən tutmuş müasirlərə kimi. Bu əsrələrlə mən də yaxşı tanış olduğumdan görürəm ki, Laləzar xanım zamanın nəbzini tutan, zamanla səsləşən əsərlərə quruluş verib. Ona görə də bu əsərlər tamaşaçılar tərəfindən də maraqla qarşılanıb.
Mən, onunla həmsöhbət oldum və aşağadakı sualları verdim və hər birinə də çox tutarlı, məntiqli cavablar aldım, əziz oxucular. Laləzar xanımın bu suallara cavabları da sizin xoşunuza gələcək.
- Siz bir vaxtlar bizim mədəniyyət qalamız olan Dərbənddə, Azərbaycan Dövlət Dram Teatrında aktrisa, rejissor və sonra da baş rejissor vəzifələrində işləyibsiniz. Deməli, kiçik pillədən başlayaraq, teatrın mətbəxi ilə yaxından tanış olubsunuz. Quruluş verdiyiniz maraqlı tamaşalarınızla az bir vaxtda bu teatrı Dağıstanda, Rusiyada və Azərbaycanda tanıtmısınız. Həmin illəri necə xatırlayırsınız? Orada yaşayan azərbaycanlı ziyalılar sizə köməklik edirdilərmi?
-Teatr sahəsilə fəaliyyətimin çox hissəsi Dərbənd Azərbaycan Dövlət Dram Teatrında keçib. Yuxarıda siz dediyiniz kimi gənc yaşlarımdan bu teatrda aktirsa, rejissor assistenti, quruluşçu rejissoru və baş rejissor kimi çalışmışam. Dağıstan Respublikasında dövlət dili rus dili olduğu üçün yerli əhali, millətindən asılı olmayaraq, rus dilində danışır, hətta yerli azərbaycanlılarda. Bu da teatrda işləyən aktyorların səhnədə Azərbaycan dilində danışmaları üçün çətinlik yaradırdı. Mən, teatrda çalışan aktyorlara Azərbaycan dili dərsi keçirdim. Dərbənd şəhərində fəaliyyət göstərən musiqi məktəbində ustad dərsləri və səhnə danışığından dərs deyirdim. Teatrda hazırlanan tamaşalarda rolları ifa etməklə yanaşı, tərəf müqabillərimə də israrla Azərbaycan dilini öyrədirdim. Özü də səlis danışmağı. Orada aktrisa kimi oynadığım tamaşalara baxan azərbaycanlılara da bir növ səhnədən dərs keçir və dilimizin incəliklərini göstərirdim. Ona görə də oynadığım rollar- Hafizə (" Pəri Cadu", Əbdürrəhim bəy Haqverdiyev), Qaynana ( "Mənim Qaynanam", Georgi Xuqayev) , Nisə ( "Bankir Adaxlı" Tamara Vəliyeva) , Səidə (" Mənim Ağ Göyərçinim" Tamara Vəliyeva) , Sara ("Solğun Çiçəklər" Cəfər Cabbarlı ), Patimat ( "Kimdir Müqəssir" Furiz Həsənov) , Xanuma ( "Xanuma" Avqisenti Saqarelli) və sairələri həmişə maraqla qarşılanırdı. Hətta elə tamaşaçılar olurdu ki, tamaşadan sonra mənə yaxınlaşıb deyirdilər: “Çox sağ olun ki, dilimizin şirinliyini, incəliyini bizə sevdirə bildiniz. Biz, Dağıstanda yaşayan azərbaycanlılar, dilimizin bu incəliklərini bilmirdik. Çünki rus dilində təhsil aldığımıza görə dilimizin belə zəngin olduğunu bilməmişik”. Onu da vurğulayım ki, Dağıstanda hazırladığım tamaşalar mənə böyük uğurlar gətirdi. Əlbəttə ki, bütün bu uğurlarımda Dağıstandakı ziyalıların da böyük rolu olmuşdur. Çünki onlar mənim oynadığım rolları, quruluş verdiyim tamaşaları yüksək qiymətləndirirdilər. Dağıstandakı qəzetlər bu haqda yazırdılar və televiziyalar da həmin əsərlərimdən parşalar və hətta bütöv tamaşaları belə göstərirdilər. Ona görə də tamaşaçılar teatra böyük həvəslə gəlirdilər. Mən sizə bir həqiqəti deyim ki, baxmayaraq Dağıstanda yüzdən çox xalq, millət var, amma orada yaşayanlar millətindən asılı olmayaraq, bir-birilə çox mehribandır. Mənim oynadığım rolları, quruluş verdiyim tamaşaları təkcə azərbaycanlılar yox, darginlər də, avarlar da, kumıklar da, ləzgilər də, tabasaranlılar da, ruslar da, yəhudilər, naqaylar, tatlar, çeçenlər də və başqa millətlər də tərifləyirdilər. Və hətta həmin millətlərin nümayəndələri də gəlib tamaşalarımıza baxırdılar. Ona görə də deyirəm ki. Dağıstan mənim sənət taleyimdə çox böyük rol oynayıb. Sənət məktəbim olub desəm daha düzgün olar. İlk fəxri adı da orada almışam. Orada olan kollektiv də bir-birilə çox mehriban idilər. Özü də o teatrda təkcə azərbaycanlılar yox, başqa millətlər də işləyirdilər. Bu gün də orada işləyənlərin çoxu ilə əlaqələrimiz var.
-Siz sonra Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru işlədiniz. Bu teatrın da tarixində qalan çox maraqlı tamaşalara quruluş verdiniz. Həmin illəri necə xatırlayırsınız və orada yadda qalan hansı tamaşalara quruluş verdiniz?
-2015-2020-ci illərdə Qusar Dövlət Ləzgi Dram Teatrında baş rejissor vəzifəsində işlədiyim vaxtlarda hazırladığım tamaşaların içərisində üç tamaşa- Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Ləzgi dilində) , Hüseynbala Mirəlovun " Vəsiyyət" Meyxoş Abdullanın "Əsir Qadın" romanı əsasında ssenari müəllifi və qurluşu rejissor olduğum " Əsir Qadın" tamaşaları mənim və tamaşaçıların xatirəsində silinməz izlər buraxdı. Qusar teatrında çox tamaşalar hazırladım, amma teatrın tarixində ilk dəfə olaraq ən çox uşaq tamaşalarını da məhz mən hazırlamışam. Bunu da ona görə hazırlayırdım ki, istəyirdim qusarlıları lap uşaq yaşlarından teatra həvəsləndirim. Çünki əgər uşaqlar tamaşalara gəlirsə, onlar sonra teatral böyüyürlər və sonra öz uşaqlarını da teatra həvəsləndirirlər və özləri də yetkin yaşlarında da teatr tamaşalarına gəlirlər. Əslində bu üsul bütün teatrlarda belə olmalıdır. Uşaq yaşlarından teatr tamaşalrına gələn uşaqların da təfəkkürü daha yaxşı inkişaf edir və onlar narkomaniyaya və başqa iyrənc işlərə qurşanmırlar. Bu, bütün dünyada belədir. Ən çox inkişaf etmiş millətlər lap uşaq yaşlarından öz övladlarını teatr tamaşalarına həvəsləndirirlər və bu təfəkkürlə böyüməsinə çalışırlar. Bilirsiniz ki, bir saat, bir saat yarımlıq bir tamaşa uşaqlara günlərlə oxuduğu kitablardan daha çox xeyir verir. Məsələn mənim Qusar Dövlət Ləzgi Dram Teatrında həmin vaxtlar hazırladığım İsgəndər Coşqunun "Çal oyna" , Ələkbər Hüseyovun "Xoşbəxtlik quşu ", Rəvan Tohidoğlunun " Birdə etmərəm", Laləzar xanım Hüseyinovanın " Dostların qələbəsi", Laləzar xanım Hüseyinovanın " Yurdumuza Bahar gəlir”, Xanımana xanım Əlibəylinin " Dovşanın ad günü" və başqa tamaşalar çox böyük uğurla gedirdi və hər tamaşa da anşlaq olurdu.
Hətta Qusar Dövlət Ləzgi Dram Teatrında ləzgi dilində hazırladığım "Arşın mal alan" tamaşası Moskva şəhərində oynanılar vaxt böyük anşlaqla qarşılandı. Həmin tamaşaya ləzəgilər azərbaycanlılardan daha çox gəlmişdilər. Siz yəqin yaxşı bilirsiniz ki, Üzeyir bəy Hacıbəyov Dağıstanda da musiqinin inkişafına çox köməklik edib. Ona görə də ləzgilər və Dağıstandakı xalqlar Üzeyir bəyi şox sevirlər. Milliyyatca ləzgi olan və Dağıstanda ilk opera olan “Xoçpar” operasını yazan Qotfrid Həsənov Sankt Peterburqda təhsil alsa da, Üzeyir bəylə də yaxın dost idi və ondan da bəstəkarlığın sirlərini öyrənmişdi. O, bu operanı 1937-ci ildə yazıb. Hətta bir vaxtlar dahi maestro Niyazi də Mahaçqalada Kumık Dövlər Musiqili-Dram Teatrının baş dirijoru olub və onlara musiqinin incəliklərini dərindən öyrədib. Ümumiyyətlə, Dağıstan xalqları, bəstəkarları və musqiqçiləri bizim musiqilərdən həmişə bəhrələniblər. Onlar bunu özləri də hər yerdə deyir və yazırlar.
- Salyan Dövlət Kukla Teatrında işlər yaxşı getmədiyinə görə sizi həmin teatra direktor vəzifəsinə göndərdilər. Orada çoxlu işlər gördünüz. Hətta kukla teatrının tarixində maraqlı yeniliklər etdiniz. Xahiş edirəm həmin teatrda apardığınız yeniliklər haqqında danışın.
-Bəli. Mən Mədəniyyət Nazirliyinin əmrilə Salyana göndərildim. 2020- 2024-cü illərdə Salyan Dövlət Kukla Teatrında direktor vəzifəsində çalışdığım illərdə təvazökarlıqdan uzaq olsa da teatra yeni nəfəs gətirdim. Çünki ilk öncə teatra gənc və istedadlı aktyorları işə cələb eləməyə başladım. Hətta onalrın içərisində teatr sahəsində ali savadları olmayanlar da vardı və yaxşı istedadlı idilər. Onlarla çox ciddi işləyib, onları teatr üçün yetişdirdim. Daha sonra teatrın repertuarını yeniləməklə tamaşaçıları teatra cəlb etməyi bacardım. Salyan Dövlət Kukla Teatrının tarixində ilk dəfə olaraq ölkə hüdudlarından kənara çıxıb, Özbəkistan Respublikasının Daşkənd, Səmərqənd, Termis şəhərlərində qastrol səfərində olduq. Orada biz İsgəndər Coşqunun "Çal oyna" tamaşasını mənim qurluşumda oynadıq. Bundan əlavə Özbəkistan Respublikasının Surxandərya vilayətinin Termis şəhərində olan Dövlət Kukla Teatrı ilə Salyan Dövlət Kukla Teatrı arasında 2023-ci ildə memorandum imzaladıq. Bundan əlavə isə teatrın tarixində ilk dəfə olaraq, böyüklər üçün axşam tamaşaları da hazırladım. Bu tamaşalara da insanlar böyük həvəslə gəlib baxırdılar. Artıq az bir vaxtda Salyan teatral bir yerə çevrildi. Buna mən də, kollektiv də, tamaşaçılar da çox sevinirdilər. Çox maraqlı planlarım var ki, onları Salyanda reallaşdırmaq istəyirdim. Amma...
-Bəli. Amma sizi bir rəhbər kimi daha böyük teatrda sınamaq istədilər. Belə ki, Mədəniyyət naziri cənab Adil Kərimlinin əmrilə Salyandan Lənkərana göndərdilər. Və siz artıq altıncı aydır ki, 134 yaşlı Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsində işləyirsiniz. Keçən ilin oktyabr ayının 29-u və 30-da sizin teatr kollektivi iki tamaşasını – Cavid Zeynallının “ Tanrı quşu gəlmədi” və Xalq yazıçısı Kamal Abdullanın “Cəsus” tamaşalarını Milli Akademik Dram Teatrının səhnəsində yüksək peşəkarlıqla oynadı. Hər iki tamaşaya teatrın əvvəlki baş rejissoru və artıq bir neçə gün bundan qabaq Şuşa Dövlət Musiqili-Dram Teatrına baş rejissor vəzifəsinə göndərilən Anar Babalı quruluş vermişdi. Ömrünün əlli ilini teatra həsr edən və 140 tamaşaya quruluş verən bir rejissor kimi səmimi demək istəyirəm ki, Anar Babalının rejissor yozumları, aktyor oyunu xoşuma gəldi və inandım ki, Lənkəran teatrı artıq özünün ikinci intibah dövrünü yaşayır. Əlbəttə ki, bu intibah dövrü də rəhmətliklər Baba Rzayev və Oruc Qurbanovla başlamışdı. Mən Oruc Qurbanovu və ondan əvvəl baş rejissor işləyən Baba Rzayevi yaxşı tanıyırdım. Hər ikisi ilə dostluq əlaqələrim vardı və onların çoxlu tamaşalarına da baxmışdım. Hər ikisi Lənkəran teatrı üçün çox iş görən istedadlı rejissorlar idilər. Artıq onlar haqq dünyalarına qovuşublar. Allah hər ikisinə rəhmət eləsin. Bəs bundan sonra siz işləri necə qurmaq istəyirsiniz ki, əvvəlki intibah dövrünü davam etdirə biləsiniz?
-Tamamilə sizin sualınızala razıyam. Lənkəran Dövlət Dram Teatrı 1973-cü ildə ikinci dəfə bərpa olunandan sonra həmin vaxtı teatrın bədii rəhbəri və direktoru Əməkdar incəsənət xadimi Məbud İsmayılzadə tərəfindən işlər çox yaxşı qurulmuşdu. Bilrisniz ki, teatrın ilk özülündən çox şey asılıdır. Teatrın rəhbəri nəyin bahasına olursa-olsun teatrı tamaşaçılara sevdirməyi bacarmalıdır. Məbud müəllim də bu teatra səkkiz il rəhbərlik etdiyi dövrdə, təkcə Lənkəranda yox, Cənub bölgəsində və Azərbaycanda Lənkəran teatrını yaxşı tanıtmışdı. Hətta həftənin altı günü teatrda tamaşalar olurdu və həmişə də anşlaqla gedirdi. Çünki o, təkcə direktor deyildi və həm də maraqlı rejissor idi. Əlbəttə, həmin vaxtı Lənkəran rayon partiya komitəsinin birinci katibi olan İsa Məmmədovun da teatr üçün çox şeylər etdiyini görürdük. Ümumiyyətlə, rayona rəhbərlik edən insan özü teatral olmalı, ədəbiyyatı, təhsili, idmanı sevməlidir ki, bu sahələrdə çox işlər görsün. Çünki o insan bilməlidir ki, insanın tərbiyəsində ədəbiyyatın, teatrın rolu çox yüksəkdir. İnsanın sağlamlığı üçün isə idman hökmən lazımıdır. Məbud müəllim, teatrdan Bakıya işləməyə göndəriləndən sonra Lənkəran teatrında bir neçə il zəifləmələr oldu və teatr yenidən dirçəldi. İki il bundan qabaq işdən çıxarılan, amma yaxşı təşkilatçı insan olan, əvvəlki direktor Tofiq Heydərov da çalışırdı ki, teatrı tamaşaçılara sevdirsin. Hətta teatrı ali dərəcə də etdirmişdi. Deməli, mən də çalışmalıyam ki, bu teatrda intibah dövrünü qoruyum. İlk öncə də teatrın repertuarına daha ciddi fikir verirəm. Çalışıram ki, repertuarda azərbaycanlı dramaturqlara daha çox üstünlük verim. Yerli dramaturqların yetişməsinə də çox çalışacam. Özünüz təkcə rejissor olmaqla yanaşı, həm də dramaturqsunuz. Antik teatr tarixindən başlayaraq, dramaturqlar əsasən teatrda yetişib. Elə götürək Ulyam Şekspiri, Fridrix Şilleri, Jan Batist Molyeri, Anton Pavloviç Çexovu, Aleksandr Ostrovskini, Əbdürrəhim bəy Haqverdiyevi, Nəcəf bəy Vəzirovu, Hüseyn Cavidi, Cəfər Cabbarlını, Səməd Vurğunu, Abdulla Şaiqi, Sabit Rəhmanı, İlyas Əfəndiyevi və başqalarını. Məgər bu məşhur dramaturqlar teatrlarda yetişməyiblərmi?
-2025-ci ilin mart ayının 10-da Milli Teatr günündə sizin teatrın aktyorları da mükafatlar aldılar. Bu haqda nə deyə bilərsiniz?
-Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında 10 Mart - Milli Teatr gününə həsr olunmuş təntənəli və “Bölgə teatrlarının Bakı premyerası” layihəsinin bağlanış mərasimi yüksək səviyyədə keçirildi. Tədbirdə bizim teatrın səhnə ustası, Xalq artisti Qabil Quliyev, Cavad Zeynallının "Tanrı quşu gəlmədi " əsəri əsasında hazırlanan tamaşada oynadığı Süleyman roluna görə "Ən yaxşı aktyor", Qızılgül Quliyeva falçı Əlamət roluna görə " Ən yaxşı aktrisa" mükafatına layiq görüldülər. Prezident mükafatçısı Aynur Əhmədova Xalq yazıçısı Kamal Abdullanın “Casus” tamaşasındakı Burla Xatun obrazına görə "Uğurlu təqdimat" naminasıyası üzrə mükafatlandırıldı. Əlbəttə, biz buna çox sevinirik və çalışacağıq ki, gələcəkdə bu mükafatların sayı daha çox artsın. Çünki Lənkəran Dövlət Dram Teatrında çox güclü aktyor, aktrisa heyyəti var. Bu kollektivlə təkcə Azərbaycanın yox, dünya klassiklərinin və müasir dramaturqlarının pyeslərini yüksək peşəkar səviyyədə hazırlamaq olar. Biz çox sevinirik ki, teatr dünyasında çox tanınan və maraqlı tamaşaları ilə Azərbyacna teatr tarixində əbədi qalan Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanov bizim teatra quruluşçu rejissor vəzifəsinə göndərilib. Biz, çalışacağıq ki, ondan yaxşı bəhrələnək. Çünki Bəhram müəllim təkcə rejissor yox, o, həm də yaxşı pedaqoqdur. Bu gün teatrlarımızda rejissor-podaqoqlar çox azdır. Əslində onlar çox olmalıdır. Biz, inanırıq ki, Bəhram Osmanov cavan aktyorlarımıza, aktrisalarımıza daha çox kömək edəcək ki, onlar da daha peşəkar olsunlar.
-Siz, özünüz də maraqlı, yüksək peşəkar rejissor-pedaqoqsunuz. Çünki Dağıstan Azərbaycan Dövlət Dram Teatrında, Qusar Dövlət Ləzgi Dram Teatrında və Salyan Dövlət Kukla Tetarında çoxlu gəncləri yetişdiribsiniz. Lənkəran teatrında özünüz tamaşalar hazırlamağı planlaşdırırsınızmı?
-Hal- hazırda tetarımzda iki uşaq tamaşası hazırlamışam. Dahi Üzeyir Hacıbəyovun 140 iliyi ilə əlaqədar "Arşın mal alan" tamaşası üzərində işləyirəm. Aprel ayının sonuna kimi təhvil verməyi planlaşdırırıq. Bundan əlavə Hüseynbala Mirələmovun məşhur “Gəlinlik paltarı” romanı əsasında yazdığı “Gəlinlik paltarı" psixoloji dramını və Şəfaət Şəfinin “Çimnazın elçiləri " əsərlərinə də quruluşu verməyi nəzərdə tutmuşam. Hər iki əsər də çox maraqlıdır və ən əsası isə günümüzün neqativ hallarını bu tamaşalar vasitəsilə tamaşaçılara göstərəcəyik. Onu da vurğulayım ki, Hüseynbala Mirələmov özü əslən lənkəranlıdır. Uzun illərdir ki, onun pyesləri respublikamızın bütün teatrlarında uğurla tamaşaya qoyulur. Elə mən özüm Qusar Dövlət Ləgzi Dram Teatrında onun iki pyesinə- “Xəcalət” və “Vəsiyyət” əsərlərinə quruluş vermişəm. Hər iki tamaşa uzun illər teatrda oynanılıb. Belə bir peşəkar dramaturqun pyeslərinin teatrımızda hazırlanması bizim üçün böyük uğur olar. Hətta oxucular üçün maraqlı olsun deyə vurğulayım ki, hər dramaturqun pyesini repertuarına salmayan Gürcüstan Dövlət Akademik Dram Teatrı bir vaxtlar Hüseynbala Mirələmovun “Xəcalət” pyesini “Gözlə məni” adı ilə tamaşaya hazırlamışdı. Bu tamaşa uzun illər həmin teatrın repertuarında qaldı. Lənkəran Dövlər Dram Teatrı artrıq sizin pyeslərə də müraciət eləyib. Belə ki, cavan rejissor və çox istedadlı insan İmran Ali Qurban sizin məşhur “Şah İsmayıl” tarixi faciənizə tetrımızda quruluş verəcək. Bütün bu işlər də mövsümün sonuna kimi yekunlaşmalıdır. İnanıram ki, hər üç tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılanacaq. Sentyabr ayından isə cavan rejissorumuz Emil Əsgərov Ulyam Şekspirin məşhur “Kral Lir” tamaşasına bizim teatrda quruluş verəcək. Mən bir rejissor kimi ona da çox inanıram. Və inanıram ki, maraqlı tamaşa hazırlayacaq. Kral Lir rolunda isə Xalq artisti Qabil Quiyev oynayacaq. Ona da inanıram ki, bu tamaşa da respublikada məşhur olacaq. Tamaşaçılar tərəfindən də maraqla qarşılanacaq.
- Siz, həmişə yeniliyi xoşlayan rəhbər olubsunuz. Gələcəkdə bu teatrda hansı planlarınız var?
-Bu, təkcə plan deyil, mənim ali məqsədimdir. İstəyirəm ki, Lənkaran Dövlət Dram Teatrını ölkəmizdə və ölkədən kənarda tanıdaq. Xarici öləklərdə keçirilən festivallara gedək. Çünki həmin festivallar həm məndə, həm də kollektivdə özümüzə qarşı cavabdehliyi artırar. Ümumiyyətlə, teatrda çalışan hər bir insan, vəzifədindən asılı olmayaraq, çox cavabdehli olmalıdır və teatrı çox sevməlidir. Axı teatrın işçisi həmişə xalqın, tamaşaçının gözləri önündədir. İstər o, aktyor və istərsə də teatrda adi işçi olsun. Deməli, biz hər bir hərəkətimizə çox ciddi fikir verməliyik. Belə bir deyim var: “ İnsanın gözünün toxluğu onun dostu, nəfsi isə düşmənidir. Gözü toxluğu bacaran insanın da zahiri gözəlliyi, ağlın gözəlliyini daha da rövnəqləndirir”.
Fikrimi dahi dramaturqumuz Cəfər Cabbarlının bu kəlamı ilə tamamlamaq istəyirəm: “Aktyor bir rəssamdır ki, rəngarəng fırçalar ilə yaratdığı bir şəkil yenə özüdür. O, bir şəkildir ki, özü də öz yaradıcısıdır... Aktyor bir heykəltəraşdır ki, yaratdığı heykəl yenə də özüdür... Aktyor bir musiqişünasdır, eyni zamanda canlı bir alət - musiqidir. Daha doğrusu aktyor bir musiqişünasdır ki, çaldığı aləti - musiqi yenə özüdür”. Təki bütün aktyorlar, aktrisalar bunu bilsinlər və buna əməl etsinlər. Özlərinə qarşı cavabdeh olsunlar. Onda həm tamaşaçılar və həm də mütəxəssislər tərəfindən çox sevilərlər.
Bax, onda rejissorlar üçün aktyorlarla, aktrisalarla işləmək də daha asan və maraqlı olar.
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)
OĞUZ ABİDƏLƏRİ: Bizim eradan əvvəl 14-16-cı əsrlərə aid olan Kərimli kurqanları və “Adidas?”
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayonundakı qədim yaşayış məskənlərindən biri də turistlərin xüsusi diqqətini cəlb edən Yaqublu kəndi yaxınlığındakı Kərimli kənd bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən qədim kurqanlardır. “Kurqanlar çölü” və “hökmdar məzarlığı” adlandırılan bu ərazidə vaxtilə mövcud olmuş 9 kurqandan 5-i bu günə kimi öz ilkin formasını saxlamış, 4-nün isə yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağıdılmışdır.
Xüsusi olaraq qeyd edək ki, tarixi terminologiyada kurqan torpaq təpə deməkdir, yəni sosial bərabərsizliyin mövcud olduğu dövrdə tayfa başçılarının hakimiyyətinin qüdrətini ifadə edən sərdabə tipli qəbirdir. Kurqanlar, məqbərələr bütün dövrlərdə varlı, mənsəb sahibi olan insanlara, hökmdarlara, xaqanlara məxsus olub. O da maraqlıdır ki, tarix boyunca, kurqanlar ancaq türk xalqlarına aid olub.
Bu günə kimi ərazidə yerləşən 9 kurqandan ancaq bir neçəsində arxeoloji qazıntılar aparılıb. Qazıntılar Kərimli kurqanlarının eramızdan əvvəl (e.ə. 14-16-cı əsrlərə) aid olduğunu göstərir. Burada tədqiqat işləri aparmış, Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun əməkdaşı mərhum Nəsib Muxtarov (Qaznıtı aparılan kurqanın bir addımlığındakı Yaqublu kəndində yaşadığıma görə tez-tez ora gedər, tapılan eksponatlara maraqla baxar, Nəsib müəllimin izahlarını acgözlüklə dinləyərdim. Onu da deyim ki, rəhmətlik burada yeraltı muzey yaratmaq istəyirdi) qeyd edirdi ki, bu kurqanlar son tunc dövrünə aiddir və onlardan ən balacasının diametri 70 metrdir. Kurqanın quruluşu Azərbaycanın orta tunc dövrünə aid torpaq kurqanlarla oxşar olsa da, səciyyəvi cəhətlərə malikdir. Bu abidələrin bir xüsusiyyəti də var ki, onların əksəriyyətinin həndəsi düzülüşü aypara şəklindədir.
Kurqandan eramızdan 1500 il bundan əvvələ aid çoxlu qədim əşyalar tapılıb. Belə bir kurqanın tapılması II minilliyin ortalarında Azərbaycanda çox güclü bir dövlətin olmasından xəbər verir. O dövrdə dövlət birləşməsi və təşəkkülü o səviyyəyə çatıb ki, hakimiyyətdə təmsil olunan sülalər üçün hətta kurqanlar da düzəldiblər.
Kərimli kurqanları yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqda hərtərəfli araşdırmalara imkan verir, yaşanmış tərəqqini izah edir. Zəngin mifologiya, yüksək sənətkarlıq, siyasi və ticarət əlaqələri bu tapıntılarla təsdiq edilir.
Nəsib müəllim deyirdi ki, kurqan iki qatlıdır. Belə ki, burada ilk dəfə bir hökmdar basdırılıb. Bir neçə əsr keçəndən sonra, həmin kurqanın üstündə yenə də digər bir kurqan tikərək, digər hökmdarı dəfn ediblər.
Kurqan bir neçə dəfə talanıb. Çünki qazıntılar zamanı dəmir bir nizə tapılıb. Belə ehtimal olunur ki, tunc dövrünə aid olan bir yerdə birdən- birə dəmir nizənin tapılması ondan xəbər verir ki, kurqanı bir neçə əsr sonra talayan adamlar, buranı qazarkən aləti unudub gediblər.
Burada aşkar edilmiş insan və at skeletləri, qab-qacaq və alətlər əcdadlarımızın qədim dəfn, yaşayış, inanc və digər adət-ənənələrini, məişətini aydın şəkildə əks etdirir. Dəfn kamerasında (11 m. x 4 m. x 3 m.) aşkar edilən dəfn adəti xüsusi maraq doğurmuşdur. Dəfn adəti səciyyəvi cəhətlərə malikdir, xüsusi diqqət çəkir. Adətən belə kurqanlar dövrün mənsəb sahiblərinə aid olurdu və onların uyuduqları yerdə sağlıqlarında işlətdikləri əmək alətləri, məişət alətləri, qab-qacaqları, bəzək düzəkləri ilə yanaşı, o biri dünyada yeyib –içəcəkləri azuqələri, nemətləri, onların sevdikləri atları və itlərini də də özləri ilə birlikdə dəfn edirdilər. Həmin qabların, alətlərin üzərindəki işləmələr isə təkcə naxış deyil, onlar həm də danışan petroqlif yazılarıdır, rəmzləridir. Bunların hər biri İslamaqədərki abidələrdir.
Beş metr dərinlikdəki kameradakı qu quşu, göyərçin, bülbül, qaz, ördək, ilan fiqurları öz orijinallığı ilə fərqlənir. Nəsib müəllimin köməkçisi İ.Bədəlova söyləyirdi ki, ola bilsin belə ilan və quş fiqurları totemlər olub, həmin dövrün insanlarının inançlarını, tamğalarını, mənsubiyyətini və hakimiyyətlərin simgələrini göstərir. Bir də ki, bizim arealın insanları hər zaman ilana hörmətlə yanaşıblar. Qədimdə hər evin bir ilanı olardı. O ilanlar insanların həyətinə gələndə ev yiyəsi onun üçün bir qabda su və ya süd qoyardı. Əgər bir ilan evi tərk edərdisə, deyərdilər ki, həmin evin bərəkəti getdi. Bir də ki, bu ilan fiqurları qədim türk torpaqlarında Mar tayfalarının yaşamasına da bir işarə ola bilər.
Həmin ərazidən, gildən eramızdan əvvəlki minilliklərə aid 100-ə qədər qab, mis, tunc, sümükdən hazırlanmış ox ucları, tunc və misdən hazırlanmış əşyalar, anqob naxışlı qablar, metal məmulatı da aşkarlanıb.
Diqqəti cəlb edən ən maraqlı eksponatlardan biri isə, bu gün dünyada ən çox geyilən və istifadə olunan “adidas” ayaq geyiminin üzərindəki naxışa bənzər işləmələri olan saxsıdan düzəldilmiş ayaqqabı fiqurudur. Düzdür, dünyanın bir çox yerlərində müxtəlif tarixi dövrlərə aid ayaqqabı modelləri tapılıb. Kurqanlarda tapılan ayaqqabılar daha çox dini əhəmiyyət daşıyırdılar. Bu kurqanda tapılan ayaqqabı modelinin yaşı isə 3500 ildir. Bəlkə də yarandığı dövrdə başqa bir funksiyası da olub. Ya da ki, ancaq dini ritual mərasimlərdə işlədilib. Ancaq belə bir ayaqqabı modelinin tapılması ondan xəbər verir ki, həmin dövrün adamları da nəfis işlənmiş, yüksək sənətkarlıqla hazırlanmış ayaq geyimlərindən istifadə ediblər. İslama qədərki insanlarımız oda və Tanrıya sitayiş ediblər. Bəlkə də adidas ayaqqabısına bənzəyən bu fiqur müqəddəs odu saxlamaq məqsədi ilə çıraq kimi istifadə edilib.
Burdan həmçinin lap alt qatdakı olan kurqanda 59 qramlıq, 99 əyyarlı qızıldan hazırlanmış öküz başı eksponatı tapılmışdır. Qızıldan öküz başı olan yerdə həm də qızıl qolbağın bir hissəsi, qızıl üzük və sırğalar da tapılıb. Bu tapıntıların hər biri öz dövrləri haqqında xalqımıza yazılan məktublardır. Öküz başı fiqurları vaxtı ilə Şumerdən, Misirdən də tapılıb. Bu dünyada tapılan 5 və ya 6-cı öküz başı fiqurudur. Lakin Kərimli kurqanından tapılan öküz başı fiquru Şumer və Misirdən tapılan öküz başlarından fərqlənir. Həm də bu öküz başı özlüyündə çox orijinaldır. Bu tapıntı tədqiqatçılara böyük və qədim bir tarixin açarını vermişdir.
Kurqandan yüzdən çox muncuq aşkar edilmişdir. Bu cür zinət əşyalarına, metal və qeyri-metal muncuqlara, sinə bəzəklərinə Azərbaycandan kənarda - Anadolu, Mesopotamiya, Şimali Qafqaz, Çin, Hindistan, Əfqanıstan, İran ərzilərindəki abidələrdə də rast gəlinib. Bu muncuqlar bizi aparıb Şumer muncuqları, Misir muncuqları ilə bağlayır.
Burada tapılan əşyalar onu deməyə əsas verir ki, həmin dövrün də öz texnologiyasına və sivilizasiyasına görə bir tərəfdən Sarı dəniz, bir tərəfdən Atlantik okeanı bir-biri ilə həmişə təmasda olub. Azərbaycanın bu ərazisi Şimaldan Cənuba, Cənubdan Şimala körpü rolunu oynayıb. Gəlib gedən sivilizasiyaları həm qəbul edib mənimsəmişik, həm də ötürmüşük. Kərimli kurqanlar və buradan tapılanların hamısı onu deməyə əsas verir ki, biz yaranan bütün sivilizasiyalarda iştirak etmişik. Əcadadlarımızın yaradıcı olması da bu maddi mədəniyyət abidələrinin yaranıb - yaşamasına səbəb olub.
Deyəsən, Kərimli kurqanları barədə söhbəti çox uzatdıq. Ta Sizləri yormayaq. Ən yaxşısı gəlib öz gözlərinizlə görün!
Novbəti yazımızda Uğan mağarasından bəhs olunacaq.
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)