İkinci intibah dövrünü yaşayan teatrın yeni dəsti-xətli rəhbəri –PORTRET CİZGİLƏRİ Featured

Ağalar  İdrisoğlu, yazıçı, dramaturq, rejissor, Əməkdar  incəsənət  xadimi. “Ədəbiyyat və incəsənət” üçün

 

Laləzar xanım Hüseynova: “Lənkəran Dövlət Dram Teatrında  çox peşəkar, ustad aktyor, aktrisa  heyyəti var. Bu kollektivlə təkcə Azərbaycanın  yox, dünya klassiklərinin  və müasir  dramaturqlarının pyeslərini yüksək peşəkar səviyyədə hazırlamaq olar”.

 

Mən ömürümün 26 ilini teatrlara rəhbərlik edən və 50 ildir ki, peşəkar teatrlarda aktyor-rejissor kimi çalışan bir mütəxəssis kimi həmişə istəmişəm Azərbaycanda çoxlu peşəkar və öz dəsti-xətti olan rejissorlar olsun. Çünki hər bir teatrın tanınması, öz dəsti-xətti olması üçün ilk öncə orada çalışan rejissorlar çox istedadlı, çox savadlı və yüksək səviyyədə təşkilatçı olmalıdırlar. Rejissor bir generaldır. Kollektivi  öz ardınca aparmağı bacaran böyük şəxsiyyətdir. Həm də dünyada rejissor sənəti bütün sənətlərdən daha yüksəkdə durur və qiymətləndirilir. Belə ki, bu sənət ürək cərrahları, təyyarə sınayıcıları, təlimçiləri  ilə eyni bərabərdədir. Ona görə də rejissor bu peşəni mükəmməl öyrənməli, ədəbiyyatı, insan  psixologiyasını, səhiyyəni, tarixi, siyasəti yaxşı bilməli, təkcə pyesləri yox, dünyada baş verən hadisələri də dərindən təhlil etməyi bacarmalıdır ki, quruluş verdiyi tamaşalarda zamanın tələblərini ortaya qoya bilsin. Həm də pedaqoq-rejissor kimi aktyorlarla, aktrisalarla işləyə bilsin və onlara özünün sevdirsin.

Əgər aktyorun, aktrisanın rejissora nifrəti və inanmsızlığı olsa, həmin rejissor onlarla peşəkar tamaşa hazırlaya bilməz. Bu, tarixlər boyu sübut olunmuş bir işdir. Yadımdadır ki, dünya şöhrətli rejissor Anatoli Efros, Yuri Lyubimov acıq eləyib, xaricə gedəndən sonra onun yerinə Taqankadakı Dram və Komediya Teatrına onu baş rejssor təyin etdilər. Kollektiv isə ona açıq-açığına deyirdi ki, biz səni sevmirik. Bütün bunlara baxmayaraq, Anatoli Efros onlarla tamaşa hazırladı. Amma həmin tamaşa alınmadı. Yəni zəif oldu. Sonra isə o, kollektivin hücumuna tab gətirə bilməyib, infakt oldu və dünyasını dəyişdi... Əslində isə Anatoli Efros Malıy Bronnıy Teatrında quruluşçu rejissor işləyirdi və kollektiv də onu çox sevirdi. Mən, onun məşqlərində olanda bunu aydın görürdüm.

Əfsus ki,  Sovetlər quruluşu dağılandan sonra Moskvaya və başqa aparıcı şəhərlərə rejissor təhsili  almağa heç bir azərbaycanlı getmədi. Çünki A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun ( indiki Dövlət Teatr Sənəti Akademiyası) son tələbəsi mən olmuşam. Və mən də oranı 1986-cı ildə bitirmişəm. Amma  çox əfsus ki, Sovetlər quruluşu dağılandan sonra daha orada təhsil almağa heç kim göndərilmədi. Yalnız  Azərbaycan  müstəqillik qazanadan  sonra  bir qrup istadadlı gənclər Moskvaya Şukin adına Ali Teatr İnstitutuna  aktyorluq və rejissorluq sənəti üzrə  oxumağa  göndərildi. Bu, böyük alqışa layiq iş oldu. Onlar orada təhsil alandan sonra Azərbaycana qayıtdı və Səməd Vurğun adına Akademik  Rus Dram Teatrında işləməyə başladılar. Onlardan rejissorluq fakültəsində oxuyan Vüsal Mehrəliyev bir müddət Mingəçevir Dövlət Dram Teatrında baş rejissor  işlədi və bilmirəm hansı səbəbdənsə teatrdan işdən çıxıb, Moskvaya getdi. Çox maraqlı rejissor idi. Həmin kursun aktyorluq fakültəsini bitirən Abdulla Elşadlı da indi rejissorluq  edir. Artıq bir neçə maraqlı tamaşa qoyub. Onun da rejissor kimi  gələcəyinə inanıram.

Beləliklə, rejissorlar  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor təhsili almaqla öz işlərini bitmiş hesab etdilər. Açığı son vaxtlar  onlara dərs deyən müəllimlərin çoxu özləri teatrlarda, kinoda  rejissor işləmədiklərindən gənclərə rejissor təhsili vermək onlar üçün çox çətindir.  Ola bilər həmin müəllimlər yaxşı aktyor yetişdirə bilərlər, amma yaxşı rejissor yetişdirəcəklərinə  elə də çox inanmıram. Çünki yaxşı rejissor yetişdirmək çox çətin işdir.  Bu, pedaqoqdan daha böyük ağıl, savad, dərin bilik tələb eləyir. Amma Moskvada, Sankt-Peterburqda yüksək savadlı rejissor-pedaqoqlar vardı  ki, yaxşı tələbələr yetişdirirdilər. İndi də orada yaxşı pedaqoq-rejissorlar var. Elə götürüək özümüzün klassk rejissorlarımız- Rza Təhmasibi, Adil İsgəndərovu, Məhərrəm Həşimovu, Mehdi Məmmədovu, Tafiq Kazımovu, Vaqif  Abbasovu, Ağakişi Kazımovu, Cənnət xanım Səlimovanı    başqalarını. Onlar məhz həmin ustadlardan dərs aldıqlarına görə bu peşəni mükəmməl öyrəndilər və Azərbaycan teatrlarının inkişafı üçün çox işlər gördülər. Çox əfsus ki, rəhmətlik Zakir Bağırovdan sonra olan  Mədəniyyət nazirləri  bu işin dərinliyini bilmədiklərindən istedadlı gənclərimizi Moskvaya, Sankt-Peterburqa göndərməməklə həm teatrlarımızı və həm də kinomuzu məhv etdilər...

Bu gün Azərbaycanda təhsil alan rejissorlardan yalnız bir neçəsi öz gücünə, öz üzərlərində çalışması, dünya teatrları ilə maraqlanmaları və tez-tez MDB məkanında keçirilən seminarlara, təcrübə mübadilələrinə  getməklə, kurslarda olmaqla   və orada oynanılan tamaşalara baxmaqla peşəkar rejissorlar oldular. Qoy məndən başqa  rejissorlar inciməsin. Mən öz dəsti-xəttini yarada bilən, maraqlı tamaşalar hazırlayan yalnız bu  rejissorun adını çəkə bilərəm. Bunlar-  Cənnət xanım Səlimova,  Mərahim Fərzəlibəyov, Aleksandr Şarovski, Bəhram Osmanov, Mehriban xanım Ələkbərzadə, Ağalar İdrisoğlu,  Bəxtiyar Xanızadə, Valeh Kərimov, Mirbala Səlimli, Xəzər Gəncəli, Laləzar xanım Hüseynova, İradə xanım Gözəlova, Musa Eyyubov, Hafiz Quliyev, İntiqam Soltan, Novruz Cəfərov,  Emin Əmirullayev,  Firudin Məhərrəmov,  Loğman Kərimov,  Nicat Kazımov, Həsən Həsənov, Nazir  Rüstəmov, Sərvər Əliyev,  Allahverdi Musayev, Anar  Babalı  və bir neçə cavan rejissorlar da var ki, gələcəyinə çox ümid bəsləyirəm. Azərbaycandan kənarda Türkiyədə  işləyən məşhur rejissorlarımız  Əflatun Nemətzadə, Cahangir Novruzov, Məlahət xanım Abbasova və Finlandiyada işləyən Kamran Şahmərdan da orada maraqlı işlər görürlər. Buna sevinməliyik.  Əslində yuxarıda adlarını çəkdiyim rejissorlar da artıq yaşları əllini keçmiş insanlardır və  bir vaxtlar elə Rza Təhmasibdən, Adil İsgəndərovdan, Mehdi Məmmədovdan, Tofiq Kazımovdan, Vaqif Abbasovdan, Ağakişi Kazımovdan, Cənnət xanım Səlimovadan və onlardan sonra Moskvada, Sankt-Peterburqda təhsil allan Nəsir Sadıqzadədən, Fikrət Sultanovdan, Ədalət Ziyadxanovdan, Azər Paşa Nemətovdan da dolayısı ilə dərs alıblar. Bu sənətin incəliyini onlardan da öyrəniblər. Amma müstəqillik qazandığımız bu otuz dörd ildə əgər onlar Moskvaya, Sankt-Peterburqa rejissor təhsili almaq üçün göndərilsəydilər həmin adlarını yuxarıda çəkdiyim  rejissorların sayı iki-üç dəfə çox olmalı idi. Elə yuxarıda adlarını saydığım rejissorların da çoxu  Sovet dövrünün yetirmələridir. Belə götürəndə müstəqillik qazandığımız bu illərdə demək olar ki, həmin rejissorlardan sonra, elə təkcə MDB məkanına çıxara biləcəyimiz rejissorlar cəmi bir neçə nəfərdir. Yuxarıda adlarını çəkdiyim rejissorlardan sonra ən azından  iyirmi-otuz nəfərdən də çox əlavə  rejissorlar  olmalı idi və hər teatrda da ən azından iki-üç istedadlı, bacarıqlı rejissor işləməli idi ki, teatrlarımız daha çox inkişaf etsin və çiçəklənsin. Bir daha  vurğulayıram. Bir neçə cavan rejissorlarımız var ki, onların gələcəyinə çox inanıram.

Yüksək peşəkar rejissor yetişdirmək özü bir məktəbdir.  Yaxşı rejissor yetişdirmək sahəsində elə götürək qonşumuz Gürcüstanı. Orada rejissor pedaqoqikasının əsasını  Georgi Tovstanoqov qoydu    tələbəsi Mixail Tumanaşvili onun işini davam etdirib, özündən sonra dünya şöhrətli- Robert  Sturua, Timur Çixeidze, Qoqo Kaftaradze və başqa rejissorlar yetişdirdi. Məhz buna görə Gürcüstanda əllidən çox dövlət teatrı və otuzdan çox dövlət səviyyəli teatr-studiyalar var. Onlarda da çox bacarıqlı, yüksək savadlı  rejissorlar işləyir. Çünki mən, Gürcüstan teatrları ilə çox maraqlanıram və bunu bilirəm. Əslində  Gürcüstanın əhalisi də bizim məmləkətin əhalisindən azdır. İqtisadiyyatı da bizdən çox zəifdir. Amma bizim məmləkətdə heç otuz dövlət  teatrı  yoxdur.  Dövlət səviyyəli teatr-studiyalar isə ümumiyyətlə yoxdur.

Azərbaycan kinosu sahəsində isə  vəziyyət daha acınacaldır. Çünki bir vaxtlar Moskvada və Sankt-Peterburqda kino və televiziya sahəsində təhsil alan rejissorlarımız- Rza Təhmasib,  Həsən Seyidbəyli, Tofiq Tağızadə, Hüseyn Seyidzadə, Muxtar Dadaşov, Şamil Mahmudbəyov, Səttar Atakişiyev, Səməd Mərdanov, Əjdər İbrahimov, Həbib  İsmayılov  kimi yaşlı rejissorlarla birlikdə Arif  Babayev, Eldar Quliyev, Rasim Ocaqov,  Rüstəm İbrahimbəyov, Oqtay Mirqasımov, Kamil  Rüstəmbəyov, Musa Bağırov  kimi orta nəsillə  paralel çoxlu cavan rejissorlar -Gülbəniz xanım Əzimzadə,  Ceyhun Mirzəyev, Vaqif Mustafayev, Şeyx  Əbdül Mahmudov, Davud  İmanov,  Ramiz Əzizbəyli, Cahangir Mehdiyev, Cəmil Quliyev, Ayaz Salayev də məhz orada  rejissor təhsili alıblar. Onların da çoxu  artıq  dünyalarını dəyişiblər. Sağ qalanlar isə artıq altımış yaşını ötüblər və demək olar ki, heç biri kinofilmlər çəkmirlər. Bu gün onlardan bir qədər cavan  yalnız  iki rejissorun adını çəkə bilərəm. Bunlar- Elçin Musaoğlu, Elxan Cəfərovdur. İndi onlardan sonra daha  hansısa  cavan  rejissorun  adını çəkməkdə çətinlik çəkirəm. Eləcə də bir vaxtlar Azərbaycan televiziyasında rejissor işləyən  - Rauf  Kazımovskinin, Oqtay  Babazadənin, Məhərrəm Bədirzadənin, Taryel Vəliyevin, Ramiz Həsənoğlunun ( Mirzəyevin), Tahir Tahirovun, Kərim Kərimovun, Bünyad Məmmədovun, Vasif  Babayevin, Əmirhüseyn  Məcidovun,  Ələkbər Kazımovskinin, Şahin  Əlibəylinin, Elxan Mənsimovun,  Cəmil Quliyevin,  Mehriban xanım  Ələkbərzadənin, İsmət Səfərəliyevin, Vaqif Ağayevin,  Arif  Qazıyevin, Maqsud Ağayevin, Nazim Zeynalovun,  Şərif  Qurbanəliyevin, Rauf  Mirzəyevin,  Arzu xanım  Məmmədovanın, Zəyyar Ağayevin, Azər Qasımzadənin və başqalarının adını çəkə  bilərəm. Amma onlardan sonra da  bu sahədə öz adını tanıdan hansısa cavan bir rejissorun adını çəkməyə yenə    çətinlik çəkirəm. Bəlkə də var, amma mən bilmirəm və tanımıram. Çünki heç birinin  sensassiyalı işini görməmişəm.

Deməli, bu haqda ciddi düşünməliyik.  Mən  qətiyyətlə deyə bilərəm ki, ölkə başçımız cənab İlham Əliyev və  cənab nazirimiz Adil Kərimli də istəyirlər  ki, məmləkətimizdə yaxşı teatr və kino üçün pyeslər, kinossenarilər yazan yüksək səviyyəli dramaturqlarımız, eləcə də teatr,  kino və  televiziya sahəsində də yüksək peşəkar rejissorlarımız olsun.  Onlar da yaxşı bilirlər  ki, biz, teatrlarımızı, kinomuzu yalnız  yüksək səviyyəli mütəxəssislərin hesabına dirçəldə bilərik. Gəlin onu da danmayaq ki, ölkə başçımız bu sahələrə çox böyük miqdarda pul ayırır və cənab nazirimiz Adil Kərimli də işlədiyi bu az müddətdə bu sahələrə çox böyük diqqət, qayğı göstərir. 

Ömrünün əlli ilini peşəkar teatr sənətinə həsr eləyən  teatr rəhbəri, rejissor, aktyor  kimi demək istəyirəm ki, bu sahələrdəki problemləri tez bir vaxtda  həll eləmək mümkün  olmayacaq. Amma biz, kiçk işartısı olan cavan rejissorlara, teatrlar üçün pyes yazan  və kino ssenarilər işləyən dramaturqlara daha çox qayğı göstərməliyik. Həm də onları  tapıb,  bu insanlar haqqında yazmaqla onları xalqa daha yaxından tanıda bilərik. Və həm də  yuxarıda dediyim kimi  onlarda özlərinə inamı artıra bilərik ki, bu işlə daha ciddi məşğul olsunlar. Ömürlərini bu müqəddəs işə sərf eləsinlər.

Mən, yuxarıda adalarını yazdığım  tanınmış  rejssorların  çoxu  haqqında əvvəllər yazmışam. Onların işini lazım olan kimi təbliğ də etmişəm.  Bu yazımda isə çox istadadlı bir rejissor haqqında yazmaq istəyirəm. O  rejissor  ki, artıq otuz ildir  yaradıcılığını izləyirəm. Və quruluş verdiyi hər tamaşa ilə necə inkişaf etdiyinin, hər tamaşasından sonra peşəkarlığının artdığının  şahidi oluram. Bu rejissor Laləzar xanım Hüseynovadır. İstəyirəm ki, onu çoxminli oxucularla daha yaxından tanış edim. Çünki bu insan, həm teatr rəhbəri, həm maraqlı rejissor və həm də çox bacarıqlı  aktrisa kimi böyük istedad sahibidir.

 

LALƏZAR HÜSEYNOVA

Qısa məlumat:  Laləzar Ramiz qızı Hüseynova 1964-cü ildə anadan olub. Keçən il onun 60 illik yubileyi oldu.  Bakı şəhərindəki  Mədəni Maarif  Texnikumunun    “ Bədii yaradıcılıq kollektivinin rəhbəri” fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonra  Azərbaycan  Dövlət  Mədəniyyət və İncəsənət Universitetinin  “Musiqili teatrlar  rejissoru”  ixtisasını fərqlənmə diplomu ilə  başa vurub.  Laləzar xanım lap cavan yaşlarından Azərbaycan dövləti, dövlətçiliyi üçün çox işlər görməyə başlayıb. Ulu öndər Heydər Əliyevə böyük inamı, məhəbbəti  olduğuna görə  o,  artıq  2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olub.  Elə həmin vaxtdan da bu partiya  üçün bacardığı  işləri görüb.  Ətrafında olan  insanların bu partiyanın üzvü olmasına çalışıb.  1995-2014-cü illərdə əvvəl  Dərbənd  Azərbaycan  Xalq Teatrında və 1998-ci ildən isə  Dağıstan  Azərbaycan Dövlət Dram Teatrında, aktrisa, quruluşçu rejissor və baş rejissor vəzifələrində fəaliyyət göstərib. 2008-ci ildən  Dağıstan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Bu fəxri adın diplomunu və medalını Laləzar xanıma Dağıstan Respublikasının o vaxtkı prezidenti   Muxu  Əliyev şəxsən özü təqdim edib. Laləzar Hüseynova   2008-ci ildə  Rusiya  Fedorasiyasının Teatr  Xadimi  İttifaqının üzvü seçilib. 2013-cü ildə Azərbaycan Respublikasının  Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

2015-2020-ci illərdə Qusar Dövlət Ləzgi Dram Teatrında baş rejissor vəzifəsində çalışıb. Laləzar xanım  2016-cı ildən etibarən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2018-2020-ci illərdə Prezident mükafatına layiq görülüb.

2020-2024-cü illərdə Salyan Dövlət Kukla Teatrında direktor vəzifəsində çalışıb. 2024-cü ilin iyun ayından Azərbaycan Mədəniyyət Nazirliyinin əmrilə Lənkəran Dövlət Dram Teatrına direktor vəzifəsinə göndərilib. Bu az vaxtda da orada böyük işlər görməyə başlayıb. Çünki Laləzar xanım Hüseynova yaxşı rejissor və yaxşı təşkilatçı olmaqla yanaşı çox istedadlı aktrisadır. Onun oynadığı  tamaşalardakı rolları bunu bir daha təsdiq edir.  Bu rollardan- Əbdürrəhim bəy  Haqverdiyevin “Pəri cadu” əsərində -Hafizə, Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan”ında -Telli,  Avqisenti  Saqarellinin  “Xanıma” əsərində-Xanıma,  Georgi  Xuqayevin  “Mənim qaynanam”da- Qaynana, Tamara xanım  Vəliyevanın “Mənim ağ göyərçinim”də- Səidə, Cəfər  Cabbarlının “Solğun çiçəklər”ində-Sara , Cəfər Cabbarlının “Aydın”ında -Böyükxanım , Tamara  xanım  Vəliyevanın  “Bankir adaxlı” əsərində-Nisə, Furiz  Həsənovun “Kimdir müqəssir” əsərində-Patimat və  başqa tamaşalarda oynadığı rollar həmişə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Yuxarıda yazdığım kimi Laləzar xanım öz dəsti-xətti olan rejissordur. Və həmişə də quruluş verdiyi tamaşalar tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Bu tamaşalardan-  Üzeyr bəy  Hacıbəyovun “Arşın mal alan”, “O olmasın, bu olsun”,  Avqisenti Saqarellinin “Xanuma”, Robert  Tomanın “Səkkiz qadın”,   Əbdürrəhim bəy Haqverdiyevin  “Pəri  cadu”, Rafiq  Rəhimlinin “Sönmüş talelər”, Hüseynbala  Mirələmovun “Xəcalət”, “Vəsiyyət”, Cəfər  Cabbarlının “Aydın”, “Solğun çiçəklər”, İsi Məlikzadənin “Hərənin öz ulduzu”, Tamara  xanım  Vəliyevanın “Bankir  adaxlı”,  Ələkbər  Hüseynovun “Xoşbəxtlik quşu”,  İsgəndər  Coşqunun  “Çal, oyna” ,  Xanımana   Əlibəylinin “Dovşanın ad günü”,  Rəvan Tohidoğlunun “Taleyin  oyunu”     başqaları. Siyahıdan da görürsünüz  ki, bu əsərlərin hər biri, bir-birindən çox fərqlənir. Klassiklərdən tutmuş müasirlərə kimi. Bu  əsrələrlə mən də yaxşı tanış olduğumdan görürəm ki, Laləzar xanım zamanın nəbzini tutan, zamanla səsləşən  əsərlərə quruluş verib. Ona görə də bu əsərlər tamaşaçılar tərəfindən də  maraqla qarşılanıb.

Mən, onunla həmsöhbət oldum və aşağadakı sualları verdim və hər birinə də çox tutarlı, məntiqli cavablar aldım, əziz oxucular. Laləzar xanımın bu suallara cavabları da sizin xoşunuza gələcək.

 

- Siz bir vaxtlar bizim mədəniyyət qalamız olan Dərbənddə, Azərbaycan Dövlət Dram Teatrında aktrisa, rejissor və sonra da baş rejissor vəzifələrində  işləyibsiniz. Deməli, kiçik pillədən başlayaraq, teatrın mətbəxi ilə yaxından tanış olubsunuz. Quruluş verdiyiniz maraqlı tamaşalarınızla  az bir vaxtda bu teatrı Dağıstanda,  Rusiyada   və Azərbaycanda tanıtmısınız. Həmin illəri necə xatırlayırsınız? Orada yaşayan azərbaycanlı ziyalılar  sizə  köməklik  edirdilərmi?

 

-Teatr sahəsilə fəaliyyətimin çox  hissəsi  Dərbənd  Azərbaycan  Dövlət Dram Teatrında  keçib. Yuxarıda siz dediyiniz kimi gənc yaşlarımdan bu teatrda  aktirsa, rejissor  assistenti,  quruluşçu  rejissoru    baş rejissor  kimi çalışmışam. Dağıstan Respublikasında  dövlət dili rus dili olduğu üçün yerli əhali, millətindən asılı olmayaraq,   rus dilində   danışır, hətta  yerli azərbaycanlılarda. Bu  da teatrda  işləyən  aktyorların  səhnədə  Azərbaycan  dilində  danışmaları üçün çətinlik yaradırdı. Mən, teatrda çalışan aktyorlara  Azərbaycan dili dərsi  keçirdim. Dərbənd şəhərində  fəaliyyət  göstərən  musiqi məktəbində  ustad  dərsləri     səhnə  danışığından dərs  deyirdim. Teatrda  hazırlanan tamaşalarda   rolları ifa etməklə yanaşı, tərəf müqabillərimə də israrla Azərbaycan dilini öyrədirdim. Özü də səlis danışmağı. Orada aktrisa kimi oynadığım tamaşalara baxan azərbaycanlılara da bir növ səhnədən dərs keçir və dilimizin incəliklərini göstərirdim. Ona görə də oynadığım rollar-  Hafizə   (" Pəri Cadu",   Əbdürrəhim bəy Haqverdiyev), Qaynana  ( "Mənim Qaynanam", Georgi Xuqayev) , Nisə           ( "Bankir Adaxlı" Tamara Vəliyeva) , Səidə   (" Mənim Ağ Göyərçinim" Tamara Vəliyeva) , Sara ("Solğun  Çiçəklər" Cəfər Cabbarlı ), Patimat  ( "Kimdir Müqəssir" Furiz   Həsənov) ,   Xanuma ( "Xanuma"  Avqisenti Saqarelli)  və sairələri həmişə maraqla qarşılanırdı.  Hətta elə tamaşaçılar olurdu ki, tamaşadan sonra mənə yaxınlaşıb deyirdilər: “Çox sağ olun ki, dilimizin şirinliyini, incəliyini bizə sevdirə bildiniz. Biz, Dağıstanda  yaşayan  azərbaycanlılar,  dilimizin bu incəliklərini  bilmirdik. Çünki rus dilində təhsil aldığımıza görə dilimizin belə zəngin olduğunu bilməmişik”. Onu da vurğulayım ki, Dağıstanda hazırladığım tamaşalar  mənə böyük uğurlar gətirdi. Əlbəttə ki,  bütün bu uğurlarımda   Dağıstandakı  ziyalıların da böyük rolu olmuşdur. Çünki onlar mənim  oynadığım rolları, quruluş verdiyim tamaşaları yüksək qiymətləndirirdilər. Dağıstandakı qəzetlər bu haqda yazırdılar və televiziyalar da həmin əsərlərimdən parşalar və hətta bütöv tamaşaları belə göstərirdilər. Ona görə də tamaşaçılar teatra böyük həvəslə gəlirdilər. Mən sizə bir həqiqəti deyim ki, baxmayaraq Dağıstanda  yüzdən çox xalq, millət var, amma orada yaşayanlar  millətindən asılı olmayaraq, bir-birilə çox mehribandır. Mənim oynadığım rolları, quruluş verdiyim tamaşaları təkcə azərbaycanlılar yox, darginlər də, avarlar da, kumıklar da, ləzgilər də, tabasaranlılar da, ruslar  da, yəhudilər, naqaylar, tatlar, çeçenlər  də və başqa millətlər də tərifləyirdilər. Və hətta həmin millətlərin nümayəndələri də gəlib tamaşalarımıza baxırdılar. Ona görə də deyirəm ki. Dağıstan mənim sənət taleyimdə çox böyük rol oynayıb.  Sənət məktəbim olub desəm daha  düzgün olar.  İlk fəxri adı da orada almışam. Orada olan kollektiv də bir-birilə çox mehriban idilər. Özü də o teatrda təkcə azərbaycanlılar yox, başqa millətlər də işləyirdilər. Bu gün də orada işləyənlərin çoxu ilə əlaqələrimiz var.

 

-Siz sonra Qusar Dövlət Ləzgi  Dram Teatrının baş rejissoru işlədiniz. Bu teatrın da tarixində qalan çox maraqlı tamaşalara quruluş verdiniz.  Həmin illəri  necə xatırlayırsınız və orada yadda  qalan hansı tamaşalara quruluş verdiniz?

 

-2015-2020-ci illərdə  Qusar  Dövlət  Ləzgi Dram Teatrında baş rejissor vəzifəsində  işlədiyim  vaxtlarda hazırladığım tamaşaların  içərisində  üç  tamaşa- Üzeyir bəy  Hacıbəyovun "Arşın  mal  alan" (Ləzgi  dilində) , Hüseynbala Mirəlovun " Vəsiyyət"  Meyxoş  Abdullanın   "Əsir  Qadın" romanı əsasında  ssenari  müəllifi  və  qurluşu  rejissor olduğum " Əsir Qadın"   tamaşaları mənim və tamaşaçıların xatirəsində silinməz izlər  buraxdı. Qusar  teatrında  çox  tamaşalar hazırladım, amma teatrın  tarixində ilk dəfə  olaraq  ən çox  uşaq  tamaşalarını  da  məhz  mən hazırlamışam.  Bunu da ona görə hazırlayırdım ki, istəyirdim  qusarlıları lap uşaq yaşlarından teatra həvəsləndirim.  Çünki əgər uşaqlar tamaşalara gəlirsə, onlar sonra teatral böyüyürlər və sonra öz uşaqlarını da teatra həvəsləndirirlər və özləri də yetkin yaşlarında da teatr tamaşalarına gəlirlər. Əslində bu üsul bütün teatrlarda belə olmalıdır. Uşaq yaşlarından teatr tamaşalrına gələn uşaqların da təfəkkürü daha yaxşı inkişaf edir və onlar narkomaniyaya və başqa iyrənc işlərə qurşanmırlar. Bu,  bütün dünyada belədir. Ən çox inkişaf etmiş millətlər lap uşaq yaşlarından öz övladlarını teatr tamaşalarına həvəsləndirirlər və bu təfəkkürlə böyüməsinə çalışırlar. Bilirsiniz ki, bir saat, bir saat yarımlıq bir tamaşa uşaqlara günlərlə oxuduğu kitablardan daha çox xeyir verir.  Məsələn mənim Qusar Dövlət Ləzgi Dram Teatrında həmin vaxtlar hazırladığım İsgəndər Coşqunun "Çal oyna" ,  Ələkbər  Hüseyovun  "Xoşbəxtlik  quşu ",  Rəvan Tohidoğlunun " Birdə   etmərəm",  Laləzar  xanım  Hüseyinovanın " Dostların qələbəsi",  Laləzar xanım  Hüseyinovanın " Yurdumuza Bahar gəlir”, Xanımana  xanım  Əlibəylinin  " Dovşanın ad günü" və başqa tamaşalar çox böyük uğurla gedirdi və hər tamaşa da anşlaq olurdu.

Hətta Qusar  Dövlət Ləzgi Dram Teatrında  ləzgi   dilində hazırladığım "Arşın mal alan" tamaşası Moskva  şəhərində  oynanılar vaxt  böyük  anşlaqla  qarşılandı.  Həmin tamaşaya ləzəgilər azərbaycanlılardan daha  çox gəlmişdilər. Siz yəqin yaxşı bilirsiniz ki, Üzeyir bəy Hacıbəyov Dağıstanda da musiqinin inkişafına çox köməklik edib.  Ona görə də ləzgilər və  Dağıstandakı xalqlar Üzeyir bəyi şox sevirlər.  Milliyyatca ləzgi  olan və  Dağıstanda  ilk opera  olan  “Xoçpar” operasını yazan  Qotfrid  Həsənov Sankt Peterburqda təhsil alsa da, Üzeyir bəylə də yaxın dost  idi və ondan da bəstəkarlığın sirlərini öyrənmişdi.  O, bu operanı 1937-ci ildə yazıb. Hətta bir vaxtlar dahi maestro  Niyazi də Mahaçqalada Kumık Dövlər Musiqili-Dram Teatrının  baş  dirijoru  olub və onlara musiqinin incəliklərini dərindən  öyrədib. Ümumiyyətlə, Dağıstan  xalqları,  bəstəkarları və musqiqçiləri bizim musiqilərdən həmişə  bəhrələniblər.  Onlar  bunu  özləri    hər yerdə deyir və yazırlar.

 

- Salyan Dövlət  Kukla Teatrında işlər yaxşı getmədiyinə görə sizi həmin teatra direktor vəzifəsinə göndərdilər. Orada çoxlu  işlər gördünüz. Hətta kukla teatrının tarixində maraqlı yeniliklər etdiniz. Xahiş edirəm həmin teatrda apardığınız yeniliklər haqqında danışın.

 

-Bəli. Mən Mədəniyyət Nazirliyinin əmrilə Salyana göndərildim. 2020- 2024-cü illərdə Salyan Dövlət Kukla Teatrında  direktor vəzifəsində çalışdığım  illərdə təvazökarlıqdan uzaq olsa da teatra yeni nəfəs  gətirdim. Çünki ilk öncə teatra gənc və istedadlı aktyorları  işə  cələb  eləməyə başladım. Hətta onalrın içərisində teatr sahəsində ali savadları olmayanlar  da vardı və  yaxşı istedadlı idilər.  Onlarla çox ciddi işləyib, onları teatr üçün yetişdirdim. Daha  sonra teatrın repertuarını yeniləməklə tamaşaçıları  teatra  cəlb  etməyi  bacardım. Salyan  Dövlət Kukla Teatrının  tarixində ilk dəfə olaraq ölkə hüdudlarından kənara çıxıb,  Özbəkistan Respublikasının  Daşkənd, Səmərqənd, Termis  şəhərlərində  qastrol səfərində olduq. Orada biz İsgəndər  Coşqunun "Çal oyna" tamaşasını mənim  qurluşumda oynadıq.  Bundan  əlavə  Özbəkistan Respublikasının Surxandərya vilayətinin Termis  şəhərində olan  Dövlət  Kukla Teatrı  ilə Salyan Dövlət Kukla Teatrı arasında 2023-ci ildə memorandum imzaladıq. Bundan əlavə isə  teatrın  tarixində ilk dəfə olaraq, böyüklər üçün axşam  tamaşaları da hazırladım. Bu tamaşalara da insanlar böyük həvəslə gəlib baxırdılar. Artıq az bir vaxtda Salyan teatral bir yerə çevrildi. Buna mən də, kollektiv də, tamaşaçılar da çox sevinirdilər. Çox maraqlı planlarım var ki, onları Salyanda reallaşdırmaq istəyirdim. Amma...

 

-Bəli. Amma sizi bir rəhbər kimi daha böyük teatrda sınamaq istədilər.  Belə ki,  Mədəniyyət naziri cənab Adil Kərimlinin əmrilə Salyandan Lənkərana göndərdilər. Və siz artıq altıncı  aydır ki, 134 yaşlı Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsində işləyirsiniz. Keçən ilin oktyabr ayının 29-u və 30-da sizin teatr kollektivi  iki tamaşasını – Cavid Zeynallının “ Tanrı  quşu  gəlmədi” və Xalq yazıçısı Kamal Abdullanın “Cəsus” tamaşalarını Milli Akademik Dram Teatrının səhnəsində yüksək peşəkarlıqla oynadı. Hər iki tamaşaya teatrın əvvəlki baş rejissoru  və artıq bir neçə gün bundan qabaq Şuşa Dövlət Musiqili-Dram Teatrına baş rejissor vəzifəsinə göndərilən  Anar Babalı quruluş vermişdi. Ömrünün əlli ilini teatra həsr edən və 140 tamaşaya quruluş verən bir  rejissor kimi səmimi demək istəyirəm ki,  Anar Babalının  rejissor yozumları, aktyor oyunu  xoşuma gəldi    inandım ki, Lənkəran teatrı artıq özünün ikinci intibah dövrünü yaşayır. Əlbəttə ki, bu intibah dövrü də rəhmətliklər Baba Rzayev və  Oruc Qurbanovla  başlamışdı. Mən Oruc Qurbanovu və ondan əvvəl baş rejissor işləyən Baba Rzayevi  yaxşı tanıyırdım. Hər ikisi ilə dostluq əlaqələrim vardı və onların çoxlu tamaşalarına da baxmışdım. Hər ikisi Lənkəran teatrı üçün çox iş görən istedadlı rejissorlar idilər. Artıq onlar haqq dünyalarına qovuşublar.  Allah hər ikisinə rəhmət eləsin. Bəs bundan sonra siz işləri necə qurmaq istəyirsiniz ki, əvvəlki intibah dövrünü davam etdirə biləsiniz?

 

-Tamamilə  sizin sualınızala  razıyam. Lənkəran Dövlət Dram Teatrı 1973-cü ildə ikinci dəfə bərpa olunandan sonra həmin vaxtı teatrın bədii rəhbəri və direktoru Əməkdar incəsənət xadimi  Məbud  İsmayılzadə tərəfindən işlər  çox yaxşı qurulmuşdu. Bilrisniz ki, teatrın ilk özülündən çox şey asılıdır. Teatrın  rəhbəri nəyin bahasına olursa-olsun teatrı tamaşaçılara sevdirməyi bacarmalıdır. Məbud müəllim də bu teatra səkkiz il rəhbərlik etdiyi dövrdə, təkcə Lənkəranda  yox, Cənub bölgəsində və Azərbaycanda  Lənkəran teatrını  yaxşı tanıtmışdı. Hətta həftənin altı günü teatrda tamaşalar olurdu və həmişə də anşlaqla gedirdi. Çünki o, təkcə direktor deyildi və həm də maraqlı rejissor idi. Əlbəttə, həmin vaxtı Lənkəran rayon partiya komitəsinin  birinci katibi olan İsa Məmmədovun da teatr üçün çox şeylər etdiyini görürdük. Ümumiyyətlə, rayona  rəhbərlik edən insan özü teatral  olmalı, ədəbiyyatı, təhsili, idmanı sevməlidir ki, bu sahələrdə çox işlər görsün. Çünki o insan bilməlidir ki, insanın tərbiyəsində ədəbiyyatın, teatrın rolu çox yüksəkdir. İnsanın sağlamlığı üçün isə idman hökmən lazımıdır.  Məbud müəllim, teatrdan  Bakıya  işləməyə  göndəriləndən  sonra  Lənkəran teatrında  bir neçə il zəifləmələr oldu və teatr yenidən dirçəldi. İki il bundan qabaq işdən çıxarılan, amma yaxşı  təşkilatçı insan olan, əvvəlki direktor Tofiq Heydərov da  çalışırdı ki, teatrı tamaşaçılara  sevdirsin. Hətta teatrı ali dərəcə də etdirmişdi. Deməli, mən də çalışmalıyam ki, bu teatrda  intibah dövrünü  qoruyum. İlk öncə də teatrın  repertuarına daha ciddi fikir verirəm. Çalışıram ki, repertuarda  azərbaycanlı dramaturqlara daha çox üstünlük verim. Yerli dramaturqların yetişməsinə də çox çalışacam. Özünüz təkcə rejissor olmaqla yanaşı, həm də dramaturqsunuz. Antik teatr  tarixindən başlayaraq, dramaturqlar əsasən teatrda yetişib. Elə götürək Ulyam Şekspiri, Fridrix Şilleri, Jan Batist Molyeri,  Anton Pavloviç Çexovu, Aleksandr Ostrovskini, Əbdürrəhim bəy Haqverdiyevi, Nəcəf bəy Vəzirovu, Hüseyn Cavidi, Cəfər Cabbarlını, Səməd Vurğunu, Abdulla Şaiqi, Sabit Rəhmanı, İlyas Əfəndiyevi və başqalarını. Məgər bu məşhur dramaturqlar  teatrlarda yetişməyiblərmi?

 

-2025-ci ilin mart ayının 10-da Milli Teatr günündə  sizin teatrın aktyorları da mükafatlar aldılar. Bu haqda nə deyə bilərsiniz?

 

-Azərbaycan  Dövlət Milli Akademik Dram Teatrında 10 Mart - Milli Teatr gününə  həsr olunmuş təntənəli     “Bölgə  teatrlarının Bakı premyerası” layihəsinin bağlanış mərasimi yüksək səviyyədə  keçirildi. Tədbirdə bizim teatrın səhnə ustası, Xalq artisti Qabil Quliyev, Cavad  Zeynallının "Tanrı quşu gəlmədi " əsəri  əsasında hazırlanan tamaşada oynadığı  Süleyman roluna  görə  "Ən  yaxşı  aktyor",  Qızılgül Quliyeva falçı Əlamət  roluna  görə  " Ən  yaxşı aktrisa"   mükafatına layiq görüldülər. Prezident mükafatçısı Aynur Əhmədova  Xalq yazıçısı  Kamal  Abdullanın  “Casus”  tamaşasındakı Burla Xatun  obrazına  görə   "Uğurlu təqdimat"  naminasıyası  üzrə mükafatlandırıldı. Əlbəttə, biz buna çox sevinirik və çalışacağıq ki, gələcəkdə bu mükafatların sayı daha  çox artsın. Çünki Lənkəran Dövlət Dram Teatrında  çox güclü aktyor, aktrisa  heyyəti var. Bu kollektivlə təkcə Azərbaycanın  yox, dünya klassiklərinin  və müasir  dramaturqlarının pyeslərini yüksək peşəkar səviyyədə hazırlamaq olar. Biz çox sevinirik ki, teatr dünyasında çox tanınan və maraqlı tamaşaları ilə Azərbyacna teatr tarixində əbədi  qalan  Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanov bizim teatra quruluşçu rejissor vəzifəsinə  göndərilib. Biz, çalışacağıq ki, ondan yaxşı bəhrələnək. Çünki Bəhram müəllim təkcə rejissor yox, o, həm də yaxşı pedaqoqdur. Bu gün teatrlarımızda rejissor-podaqoqlar çox azdır. Əslində onlar çox olmalıdır.  Biz, inanırıq ki, Bəhram Osmanov  cavan aktyorlarımıza, aktrisalarımıza  daha çox kömək edəcək ki, onlar da daha peşəkar olsunlar.

 

-Siz, özünüz də maraqlı, yüksək peşəkar  rejissor-pedaqoqsunuz. Çünki Dağıstan Azərbaycan Dövlət Dram Teatrında,  Qusar Dövlət Ləzgi Dram Teatrında və Salyan Dövlət Kukla Tetarında çoxlu gəncləri yetişdiribsiniz. Lənkəran teatrında özünüz tamaşalar hazırlamağı planlaşdırırsınızmı?

 

-Hal- hazırda tetarımzda  iki  uşaq  tamaşası  hazırlamışam. Dahi Üzeyir Hacıbəyovun 140 iliyi  ilə   əlaqədar "Arşın mal  alan" tamaşası  üzərində   işləyirəm. Aprel ayının sonuna kimi təhvil verməyi planlaşdırırıq.  Bundan   əlavə   Hüseynbala    Mirələmovun  məşhur “Gəlinlik paltarı” romanı əsasında yazdığı “Gəlinlik  paltarı" psixoloji dramını və  Şəfaət Şəfinin  “Çimnazın  elçiləri " əsərlərinə də quruluşu verməyi nəzərdə tutmuşam. Hər iki əsər də çox maraqlıdır və ən əsası isə günümüzün neqativ hallarını bu tamaşalar vasitəsilə tamaşaçılara göstərəcəyik.  Onu da vurğulayım ki, Hüseynbala Mirələmov özü əslən lənkəranlıdır. Uzun illərdir ki, onun pyesləri respublikamızın bütün teatrlarında uğurla tamaşaya qoyulur.  Elə mən özüm Qusar Dövlət Ləgzi Dram Teatrında onun iki pyesinə- “Xəcalət” və “Vəsiyyət” əsərlərinə quruluş vermişəm. Hər iki tamaşa uzun illər teatrda oynanılıb. Belə bir peşəkar dramaturqun pyeslərinin teatrımızda hazırlanması bizim  üçün böyük uğur olar.  Hətta oxucular üçün maraqlı olsun deyə vurğulayım ki, hər dramaturqun pyesini repertuarına salmayan Gürcüstan Dövlət Akademik Dram Teatrı bir vaxtlar Hüseynbala Mirələmovun “Xəcalət” pyesini “Gözlə məni” adı ilə tamaşaya hazırlamışdı. Bu tamaşa uzun illər həmin teatrın repertuarında qaldı.  Lənkəran Dövlər Dram Teatrı artrıq sizin pyeslərə də müraciət eləyib. Belə ki, cavan rejissor  və çox istedadlı insan İmran Ali Qurban  sizin  məşhur  “Şah İsmayıl” tarixi faciənizə tetrımızda  quruluş verəcək. Bütün bu işlər də mövsümün sonuna kimi yekunlaşmalıdır. İnanıram ki, hər üç  tamaşa tamaşaçılar  tərəfindən maraqla qarşılanacaq. Sentyabr ayından isə cavan rejissorumuz  Emil  Əsgərov  Ulyam  Şekspirin  məşhur  “Kral  Lir” tamaşasına  bizim teatrda quruluş verəcək. Mən bir rejissor kimi ona da çox inanıram.  Və inanıram ki, maraqlı tamaşa hazırlayacaq. Kral  Lir rolunda isə Xalq artisti Qabil Quiyev oynayacaq. Ona da  inanıram ki,  bu tamaşa da respublikada məşhur olacaq. Tamaşaçılar tərəfindən də maraqla qarşılanacaq.

 

- Siz, həmişə yeniliyi xoşlayan rəhbər olubsunuz. Gələcəkdə bu teatrda hansı  planlarınız  var?

 

-Bu, təkcə plan deyil, mənim ali məqsədimdir. İstəyirəm ki, Lənkaran  Dövlət   Dram Teatrını  ölkəmizdə    ölkədən  kənarda   tanıdaq. Xarici öləklərdə keçirilən festivallara gedək. Çünki həmin festivallar həm məndə, həm də kollektivdə özümüzə qarşı cavabdehliyi artırar. Ümumiyyətlə, teatrda çalışan hər bir insan, vəzifədindən asılı olmayaraq,  çox cavabdehli olmalıdır və teatrı çox sevməlidir. Axı teatrın işçisi həmişə xalqın, tamaşaçının gözləri önündədir. İstər  o, aktyor və istərsə də teatrda adi işçi olsun. Deməli, biz hər bir hərəkətimizə çox ciddi fikir verməliyik. Belə bir deyim var: “ İnsanın gözünün toxluğu onun dostu, nəfsi isə düşmənidir.  Gözü  toxluğu   bacaran  insanın  da  zahiri gözəlliyi, ağlın gözəlliyini  daha da  rövnəqləndirir”.

Fikrimi dahi dramaturqumuz  Cəfər  Cabbarlının bu kəlamı ilə  tamamlamaq istəyirəm: “Aktyor bir rəssamdır ki, rəngarəng fırçalar ilə yaratdığı bir şəkil yenə özüdür. O, bir şəkildir ki, özü də öz yaradıcısıdır...  Aktyor bir heykəltəraşdır ki, yaratdığı heykəl yenə də özüdür... Aktyor bir musiqişünasdır, eyni zamanda canlı bir alət - musiqidir. Daha doğrusu aktyor bir musiqişünasdır ki, çaldığı aləti - musiqi yenə özüdür”.  Təki bütün aktyorlar, aktrisalar bunu bilsinlər  və buna əməl etsinlər. Özlərinə qarşı cavabdeh olsunlar. Onda həm tamaşaçılar və həm də mütəxəssislər tərəfindən çox sevilərlər.

Bax, onda rejissorlar  üçün aktyorlarla, aktrisalarla işləmək    daha  asan  və maraqlı  olar.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.