“Yalnız mənimlə qal” - ESSE Featured

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Sözləmi daha çox danışar, ya baxışlarmı? Bəlkə də baxışlar… Çünki bəzən insan, yalnız bir baxışla yüzlərlə söz söyləyə bilər.

Ya da danışmaq üçün mütləq nəsə olmalıdır ki? Bəzən susmaq da bir danışıqdır axı.

İnsan susmalı… Özünəməxsus bir səsi, bir rəngi olmalı…

Bəlkə də, o səs bir musiqinin içində gizlənmiş melodiyada yaşayar. Bəlkə də o musiqi, bir-birinin olan iki baxışın sükutunda səslənər.

Ehtiyacımız bəlkə də məhz budur – heç nə demədən başa düşülmək…

Sənin gözəl baxışların – sükutun dilidir. Onlar söz demədən danışır, danışmadan anlayır. Bəzən bir baxış bir ömürlük iz qoyur insanın qəlbində – illərlə qurulan cümlələrdən daha dərin, daha səmimi… O baxışlarda bir dəvət var – “Yalnız mənimlə qal…” deyən, amma əmr etməyən, yalvarmayan… sadəcə hiss etdirən bir dəvət.

Sənin şirin arzuların – uşaq təmizliyi ilə yoğrulmuş, gələcəyə dair ümidin rəngli pəncərələridir. Onlar təkcə sənin deyil, məni də içərisinə çəkir, məni mən olmaqdan çıxarıb “biz” edən bir sehrə çevrilir. Arzuların, öz dilləri ilə səssizcə pıçıldayır: “Yalnız mənimlə qal…”

Bu bir çağırış deyil. Bu bir həyat fəlsəfəsidir. İnsan bəzən öz varlığını, öz məqsədini bir başqa insanın qəlbində tapar. Elə o zaman anlar ki, “qalmaq” yalnız fiziki bir yaxınlıq deyil, ruhun qərar tutmasıdır. Və bəzən qəlbin bir küncündə yaşamaq, dünyaların sahiblisi olmaqdan daha qiymətlidir.

“Yalnız mənimlə qal…” – bu cümlə əslində zamana meydan oxuyur. Çünki burada “yalnız”lıq, tək qalmaq deyil, bölünməz bir bütövlükdür. Və bu qalmaq, sadəcə birlikdə olmaq deyil, bir yerdə dəyişmək, bir yerdə böyümək, bir yerdə içindəki sonsuzluğu kəşf etməkdir.

 Gözəllik ötəridir – bu dünya fanidir. Amma sənə baxan o gözlərdə, sənə yönələn o arzularda əbədiyyətə açılan bir qapı var. Bəlkə də sevgi budur – hər şeyin sona yetdiyi bu dünyada bir kəsin sonsuzluğu iddia etməsi…

 Bütün bəşəriyyət eyni dildə danışsa da, gəl, bizim lisanımız ayrı olsun. Başqalarının anlamadığı, sözsüz sevdalara pəncərə açan bir dilimiz… Şairin də dediyi kimi, “Mənə yaşamağı öyrət, əzizim”. Sən mənə biraz tez, mən sənə biraz gec gəlmiş ola bilərəm, amma rəqəmlərə əhəmiyyət verməyək. Göyqurşağına yeni rəng, səmaya fərqli bir ton mavi, dənizə ən gözəl dalğa olacaq qədər ilmək-ilmək toxuyaq “bizi”…

Və bir gün…

Bilirəm, ən gözəl və xoşbəxt anda o musiqi səslənəcək:

Sənin gözəl baxışların,

Sənin şirin arzuların

Deyəcək: “Yalnız mənimlə qal…”

 Bu yazım sənə deyir: əgər o baxışlar səmimidirsə, əgər o arzular safdırsa, o zaman, sən də qal… Yalnız mənimlə qal.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

                                                

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.