
Super User
“Xoşbəxtəm varlığımla, yaradıcılığımla” – 55 illiyə töhfə
Könül, “Ədəbiyyat və incəsənət”
Bu günlərdə “Azəri poliqrafiya” nəşriyyatı tərəfindən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Zərdabi” mükafatı laureatı, portalımızın Sumqayıt təmsilçisi, şair-publisist İlhamə Məhəmmədqızının yeni çap olunmuş “Xoşbəxtəm varlığımla, yaradıcılığımla” adlı kitabı işıq üzü görüb.
Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirlər, mənsur şeirlər, hekayələr, povestlər, məqalələr, müsahibələr, oçerklər, rus dilindən tərcümə edilən yazıları toplanıb.
Həmçinin görkəmli şəxslərin İlhamə Məhəmmədqızının yaradıcılığı haqqında səmimi fikirləri də xüsusi bölümdə təqdim edilib.
Əlli beş illik yubileyinə töhfə etdiyi hesabat xarakterli bu nəşr müəllifin “Xatırla məni”, “Dərdə açma qapını”, “Möcüzə işığında”, “Söz dünyam”, “Ömrün naxışları”, “Var olsun yaxşılar, yaxşılıqlar”, “Hikmət dünyası”, “Bəs kimə deyim”, “Bizim istedadlar”, “Zirvəyə doğru” kitablarından sonra sayca on birincidir. Burada peşəkar yazarın insan taleyi, yurd sevgisi və ülvi məhəbbət mövzularında qələmə aldığı bütün yazılarında saf duyğuları sezilir.
İnanırıq ki, kitab geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)
Ağdam Dövlət Sosial-İqtisadi Kolleci kitab sevgisi aşılayır
Ağdam Dövlət Sosial-İqtisadi Kolleci təıəbələrin oxu mədəniyyətini yüksəltmək üçün növbəti layihəyə start verib. Belə ki, tələbələrdə mütaliə etmək həvəsini artırmaq üçün növbəti oxu müsabiqəsi elan edilib.
“Ədəbiyyat və incəsənət” portallna kollecdən verilən nəlumata görə, müsabiqənin şərtləri aşağıdakı kimidir:
1.Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin tələbəsi olmaq.
2. 16.04.2025-ci il tarixdən 30.04.2025-ci il tarixə kimi Varisin "Qızıl Ləçəklər" romanını oxumaq.
3.30.04.2025-ci il tarixdə kitabı oxumuş tələbələrin həmin kitabın məzmunu ilə bağlı suallara cavab verməsi.
Qeyd: Kitabın məzmunu ilə bağlı suallara ən çox düzgün cavab vermiş, l, ll, lll yeri qazanmış tələbələr 01.05.2025-ci il tarixdə mükafatlandırılacaq və mükafatı qaliblərə yazıçı Varis özü təqdim edəcək.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)
Çağdaş Azərbaycan yazıçılarının “ən yaxşılar” siyahısında onun da adı var...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Orta məktəbdə oxuyanda riyaziyyatla maraqlansa da, günlərin birində Lev Tolstoyun “Sergi ata” əsərini oxuyur. Və bu əsər onu özünə valeh edir. Çox düşünüb daşınandan sonra qərara gəlir ki, yazmağa başlasın. Yazır, amma hiss edir ki, onda nəsə çatmır. Anlayır ki, mütaliəsi zəifdir, çox əsər oxumalıdır, dünya yazarlarını dərindən mütaliə etməlidir...
Haqqında söhbət açmaq istədiyim yazıçı İlham Əziz 1972-ci il aprelin 16-da Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. 1979–1989-cu illərdə Salyan rayonu Noxudlu kənd məktəbində orta təhsilə yiyələnib. 1987–1989-cu illərdə Moskva Dövlət Universitetinin qiyabi Riyaziyyat məktəbində oxuyub. 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. Bir müddət Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb. 1997-ci ildə isə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsinin "Büdcədənkənar fondlar" şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bir il sonra öz ərizəsi ilə vəzifəsindən azad edilib. Həmin ildən şəxsi bizneslə məşğuldur. Hazırda "Karizma Tradiq" şirkətinin direktorudur. Eyni zamanda 2017-ci ildə ''İlham Əziz'' imzası ilə ədəbi fəaliyyətə başlayıb. Dövri mətbuatda hekayə, resenziya, publisistik yazıları ilə çıxış edir. Bir neçə kitabın müəllifidir...
Deyir ki,- “Cavan yaşından Maliyyə Nazirliyində mühüm vəzifə tuturdum, istefa verib şəxsi biznesimi qurmağa başladım. Çünki dövr, zaman dəyişmişdi, kapitalizm münasibətləri formalaşırdı. Kapitalizmin isə məlumdur ki, sərt qayda-qanunları var, sovet dövrünə öyrəşmiş insanlar üçün yeni qaydalara uyğunlaşmaq çətindir. Bəziləri hələ də düşünür ki, şair və yazıçıları dövlət dolandırmalıdır. Sovet hökuməti yazı-pozu adamlarından, ümumiyyətlə yaradıcı insanlardan təbliğat aparatının ruporu kimi istifadə edirdi və təbii ki, onların dolanışığı üçün də ciddi addımlar atırdı, diqqət göstərirdi. Kapitalizmdə münasibətlər sözsüz ki, fərqlidir, rupora ehtiyac qalmır. Təbii ki, bugünkü mövqeyimdən razıyam, hekayələrim oxunur, ədəbi aləmdə müzakirə və tənqid edilir. Bu gün ədəbiyyat aləmində seçilmək, Saday Budaqlı, Mahir N.Qarayev, Etimad Başkeçid, Salam Sarvan, Fəxri Uğurlu, Şərif Ağayar, Varis, Mübariz Örən kimi ciddi imzaların çiynindən boylanmaq, onların ədəbiyyat süfrəsində yer tutmaq asan məsələ deyil, çünki orda çox sıxlıqdır. Ədəbi prosesi yaxından izləyənlər yəqin ki, dediklərimi təsdiqləyər. Bir məsələni də deyim ki, bizim ədəbi mühit çox ədalətlidir, 45 yaşında yazmağa başlayan İlham Əzizi qəbul edibsə, deməli, istənilən istedad qəbul oluna bilər. Yetər ki, ortada gözəl mətn olsun...”
Çox sadə adamdır. Heç vaxt yekaxanalıq edib özünü təkəbbürlü göstərmir. Mülayim rəftarı ilə seçilir. Hansı sözü harada işlətməyi yaxşı bilir. Dəqiqliyi xoşlayır, bəlkə də bu onun riyazi vərdişlərindən irəli gəlir…
“Hesab edirəm ki, dövlət quruculuğunun əsas elementlərindən biri sayılan milli burjuaziya formalaşmalıdır. Gəlin açıq danışaq, bu gün Azərbaycanda necədir? Biznes mühitində ayrı-ayrı siyasi adamlar ciddi şəkildə iştirak edirlər. Adətən belə hallar yeni qurulan dövlətlərdə olur, zaman keçdikcə inanıram ki, Azərbaycan da oturuşmuş ölkələr kimi siyasi adamlar biznes mühitindən çəkiləcək, həmin yeri milli burjuaziya nümayəndələri, orta təbəqəni təmsil edən iş adamları tutacaq. Düşüncə sahiblərinin pul qazanmaq vaxtı gəlib çatacaq. Adi bir misalla fikrimi izah etməyə çalışım, bütün Qafqazda ən böyük ticarət mərkəzi sayılan “Binə” ticarət mərkəzində elə bir dövr olub ki, adını düz-əməlli yazmağı bacarmayan, vurma cədvəlini bilməyən adamlar Çindən, İrandan mal gətirərək yaxşı pullar qazanıblar, çünki o vaxt nə gətirirdinsə satılırdı. Amma indi bazarı öyrənmədən, marketinq işlərini bilmədən, gömrük, vergi ilə bağlı qanunvericiliyindən xəbərdar olmadan pul qazana bilməzsən...”- söyləyir.
AYB-yə üzv olmaq onun uşaqlıq istəyi olub. Oradakı simaları Azərbaycan ədəbiyyatının lokomotivləri hesab etdiyindən, AYB-ni bir qurum kimi dəyərləndirir. Düşünür ki, bu gün dövlət ədəbiyyat siyasətini bu təşkilat üzərindən aparır.
Deyir ki,- “Mənim haqqımda bəzən deyirlər, mətnləri poetikdir, şeirə də oxşayır. Mətn üzərində bütün tənqidləri qəbul edə bilirəm, təki münasibətlər şəxsi müstəviyə keçməsin. Dostoyevskini yazıçı kimi qəbul etməyən o qədər yazıçı adı çəkə bilərəm ki... Amma düşünürəm, yazıçını peşəkar tənqidçi təhlil etməlidir. Yazıçıya “bunu belə yox, elə yaz”, -demək əxlaqsızlıqdı. Yazıçı haqqında onun həmkarı yox, peşəkar ədəbi tənqidçi irad bildirsə daha yaxşı olar. Cavanşir Yusifli, Elnarə Akimova, Maral Yaqubova kimi peşəkarlar heç bir maddi gəlir güdmədən ədəbi prosesi yaxından izləyir, fikir bildirir, gənclərin yaradıcılığını təhlil edirlər. Mən öz mətnlərimə, Azərbaycan dilinə, hər bir cümləyə qarşı çox həssas və tələbkaram. Təsəvvür edək ki, ev tikirik və biz hökmən daşdan, qumdan, sementdən istifadə etməliyik. Sudan ev tikəsi deyilik ki? Bədii mətni də tikilən binaya bənzətsək söz, cümlə, ümumiyyətlə, dil ona lazım olan vacib materiallardır...”
Hekayələrinin bəzilərinin qəhrəmanları Rusiyada yaşayan soydaşlarımızdır. Bir müddət Rusiyada yaşadığı üçün, görünür oradakı soydaşlarımızın üzləşdikləri problemləri yaxından izləmək imkanı olub. Və orada yaşayan azərbaycanlıların taleyi onu həddindən çox narahat edir. “Rusiyada yaşayan, vətənə gəlib ev tikən, qardaşına toy edən, bacısını gəlin köçürənlər göz qabağındadır. Lakin orda səfil həyatı yaşayan, ömrü məhv olan, faciələr içində çırpınan soydaşlarımız da var. Dolanışıq üçün, çörək qazanmaq ardınca Rusiyaya üz tutan nə qədər insanın sevgisi yarımçıq qalıb. Biz onların taleyini hələ ədəbiyyata doğru-düzgün gətirə bilməmişik.”- söyləyir.
Həmişəki kimi hazırda da növbəti roman üzərində işləyir, başa çatdırası bir neçə hekayəsi də var. Düşünür ki, hər gün neçə saat yazmaqla, planlı şəkildə işləməklə deyil, əsas odur ki, ortaya roman qoyursansa həmin əsər hadisəyə çevrilsin. Hekayələrdən sonra roman yazmağı da yaradıcılığın növbəti mərhələsi hesab etmir. Onun fikrincə, hekayə çox ciddi janrdır. Azərbaycan ədəbiyyatının gələcəyinə ümidlidir. Deyir ki;- “Qələbə qazanmış xalq yenə də Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahiləri yetirəcəyinə inanıram...”
Bəli, çağdaş Azərbaycan nəsrinin sıralarında bu gün çox sıxlıqdır. Yazıçı İlham Əziz bu sıxlıqda özü kimi görünən ən yaxşılardan biridir.
Bu gün - aprelin 16-sı İlham Əzizin növbəti ad günüdür, 53 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
Venesuela səfiri “ASAN xidmət”də
15 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına Agentlikdən verilən məlumata görə, qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” və Dövlət Agentliyinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Görüş zamanı qonağa həmçinin sosial innovasiyalar sahəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu günədək 85 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.
Səfir “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını və bu təcrübənin Venesuela tərəfi ilə paylaşılması üçün əməkdaşlıq niyyətində olduqlarını bildirib.
Qonaq “ASAN xidmət” mərkəzinin, Səyyar ASAN xidmətin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olub.
Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
“Sağlamlıq körpəlikdən başlayır” adlı növbəti maarifləndirici təlim keçirilib
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
Aprelin 15-də Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında oxu və yazı vərdişlərində çətinlikləri olan uşaqlara dəstək olmaq, onlarda özünəinamı artırmaq və onların sosial inkişaflarını təmin etmək məqsədilə “Sağlamlıq körpəlikdən başlayır” adlı layihənin davamı olaraq növbəti maarifləndirici təlim keçirilib.
Təlimdə defektoloq-loqoped Jalə Bənnayeva və kitabxana əməkdaşları, gənc analar, iştirak edib.
Maarifləndirici təlimin budəfəki mövzusu “Oxu və yazı qüsurlarının aşkar edilməsi metodları” idi. Defektoloq-loqoped Jalə Bənnayeva oxuma və yazı vərdişlərində geriləmələr olan uşaqlarla bağlı psixoloji dəstəyin önəmi və düzgün müalicə üsullarının tətbiqi haqqında məlumat verib. Təlimçi valideynlərin və müəllimlərin uşaqlara qarşı daha anlayışlı və səbirli olmalarını, onların emosional vəziyyətini nəzərə alaraq doğru yanaşma sərgiləmələrini vurğulayıb. Həmçinin, oxuma və yazı vərdişlərində geriləmə olan uşaqlara fərdi yanaşmanın önəmini vurğulayıb.
Qeyd edilib ki, oxuma və yazı vərdişlərində qüsuru olan uşaqlara erkən yaş dövrlərində doğru diaqnoz qoyularaq problemin ortadan qaldırılması üçün müvafiq həll yollarına baş vurulmalıdır.
Təlimdə bu qrupa aid olan uşaqlar üçün individual yanaşmanın və müntəzəm məşqlərin rolu da geniş müzakirə edilib.
Təlimin sonunda iştirakçılara uşaqların inkişafına necə dəstək olmaları, onların emosional və sosial ehtiyaclarını necə qarşılamaları barədə praktiki məsləhətlər verilib.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
Azərbaycanın Xalq artistinin adı Ankara Dövlət Konservatoriyasında əbədiləşdiriləcək
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Bilkənt Universitetinin professoru, “Şöhrət” ordenli Azərbaycanın Xalq artisti Sərvər Qəniyevin adı Hacettepe Universitetinin nəzdindəki Ankara Dövlət Konservatoriyasında əbədiləşdiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, konservatoriyanın yeni auditoriyasına Sərvər Qəniyevin adı veriləcək.
Auditoriyada Sərvər Qəniyevin həyat və fəaliyyəti, onun Türkiyədə mədəniyyətin tərəqqisində, iki ölkə arasında dostluq-qardaşlıq körpülərinin daha da möhkəmləndirilməsində xidmətləri, habelə Azərbaycan mədəniyyətinə dair guşələr təşkil olunacaq.
Sərvər Soltan oğlu Qəniyev 1937-ci ildə Bakı şəhərində anadan olub. Yaradıcılığı dövründə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında skripkaçı-solist kimi çalışıb. O, keçmiş sovetlər məkanının bir çox şəhərlərində geniş konsert proqramları ilə çıxış edib.
Sərvər Qəniyev 1993-cü ildən Türkiyə köçüb və ömrünün sonuna qədər Bilkənd Universitetində çalışıb.
Azərbaycan bəstəkarlarının bir sıra yeni əsərlərinin ilk ifaçısı olub. Sərvər Qəniyev, ifaçılıq sənətini pedaqoji fəaliyyətlə uğurla tamamlayan sənətkar kimi musiqiçi kadrların yetişdirilməsində də böyük nailiyyətləri olub.
O, Türkiyə Akademik Kamera Orkestrinin dirijoru və Beynəlxalq Akademik Böyük Simfonik Orkestrin qurucusu və solisti olub. Sərvər Qəniyev milli mədəniyyətimizi müxtəlif ölkələrdə də mahir ustalıqla təmsil etməklə, Azərbaycan musiqisinin və ifaçılıq sənətinin təbliğində böyük xidmətlər göstərib.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi “Tanınmış azərbaycanlıların izi ilə” layihəsini reallaşdırır.
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güranla keçirilən görüş zamanı Sərvər Qəniyevin Türkiyənin Bilkent və Hacettepe Konservatoriyalarının qurulmasında və musiqi sənətinin inkişafında xidmətləri nəzərə alınaraq, onunla bağlı sözügedən layihənin həyata keçirilməsi razılaşdırılıb.
Bundan başqa, musiqi təhsili sahəsində Azərbaycan tərəfi ilə əməkdaşlıq əlaqələrinin qurulması, mütəxəssislər arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə konsertlər, yaradıcılıq görüşlərinin təşkili, qarşılıqlı olaraq tədrisdə bəstəkarlarımızın əsərlərinin repertuara daxil edilməsi ilə əlaqədar birgə iş aparılması razılaşdırılıb.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
Nazirlik Attestasiya komissiyalarının fəaliyyətinə ciddi nəzarət edildiyini bildirib
Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə attestasiyanı aparan komissiyaların fəaliyyətinə ciddi nəzarət edilir, onların verdikləri qərarlar təhlil olunur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb və nazirin müvafiq əmrlə xüsusi komissiyalar yaradıldığını qeyd edib.
Hazırda komissiyalar tərəfindən attestasiya ilə bağlı iradları olan təhsilverənlərin müraciətləri araşdırılır, qanunvericiliyə uyğun tədbir görülməsi istiqamətində addımlar atılır. Komissiyalar əhalinin sosial baxımdan həssas qruplarından olan vətəndaşların müraciətlərinə xüsusi diqqət yetirir.
Bakı şəhərində və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki təhsil ocaqlarını əhatə edən attestasiya prosesi maksimum şəffaf və sahənin peşəkarlarından ibarət komissiyalar tərəfindən aparılıb.
Komissiyaların rəyinə əsasən, səriştə və bacarıqları tam yararsız kimi qiymətləndirilən müəllimlərin təhsil ocağı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, attestasiyadan minimal faizlə kəsilən müəllimlər üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzində müvafiq kursların təşkili nəzərdə tutulur. Həmin müəllimlər müəyyən müddət ərzində ixtisasartırma kursu keçdikdən sonra imtahan verəcəklər. Attestasiyadan keçə bilməmiş müəllimlərin müvafiq sahələr üzrə işə qəbul imtahanlarında iştirak etmək hüquqları vardır.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
PORTAL AKADEMİYASINDA - Devid C.Şvarts, «Masştablı düşünmək sənəti»
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim ən yaxşılara nəzər yetirməyi davam etdirək.
Devid C.Şvarts, «Masştablı düşünmək sənəti»
Müəllif öz kitabında masştablı düşünmə prinsiplərini, praktik məsləhətlər və metodikalar təqdim edir ki, bunları mənimsəməklə oxucu istənilən fəaliyyət sferasında uğur qazanmağa müvəffəq olur.
Masştablı düşünmək, ilk öncə, məqsədinizin dəqiq ifadə edilməsi üçündür. «Əgər siz can atdığınız hədəfi dəqiq görməyə başladınızsa, onda bütün enerjinizi həmin hədəfi vurmağa yönəldin», - deyir Devid C.Şvarts.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
“Susqunluğun ən gözəl tərifi- sənin baxışların” - ESSE
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Mən sənə dedim axı...
Dedim ki, mən təsadüflərə inanmıram. Təsadüf dediklərimiz, bəlkə də Tanrının adını çəkmədən danışmaq istəyimizdir. Mən isə hər baxışın, hər susqunluğun İlahi planın incə bir hissəsi olduğuna inanıram. Mən şıltaq ola bilərəm, höcətlik edə bilərəm, amma içimdəki həqiqətə qarşı heç vaxt səssiz qala bilmərəm.
Mən böyüməyi istəmirəm, necə ki sən qocalmaqdan çəkinirsən. İnsan böyüdükcə, içindəki o təmiz, şəffaf uşağı yavaş-yavaş torpağa gömür. Mən o uşağın əllərindən tutub heç buraxmaq istəmirəm. Bilirəm ki, o getdikcə, Anamı itirmək qorxusu da artır içimdə. Çünki uşaq olan mənə Anası da uşaq kimi baxırdı. Böyüyən mənə isə dünya sadəcə yetkin kimi davranacaq – qayda, məsuliyyət, susmaq və unudulmaqla.
O gün səni gördüm...
Və başa düşdüm ki, bəzi baxışlar sənə təkcə insanı göstərmir – sanki özünü də ilk dəfə görürsən o gözlərdə. Mənim baxışlarımda tanış olmayan bir qorxu vardı, səninkilərdə isə uzun zamandır unudulmuş bir arzu – başa düşülmək, özü də danışmadan.
Bir söz dedinmi, bilmirəm. Amma o an baxışlarınla sanki bir ruhun əlini tutub onu qucaqladın. Və mən susdum. Səni susaraq dinlədim. Sözlərim vardı, amma sənə çatmayacaq qədər səssiz idilər.
İnsan bəzən gözləriylə danışar. Bəzən isə gözləriylə səssizliyə batır. Sənin baxışlarında gördüklərim mənim sabitliyimi yerindən oynatdı. Hər şey yerli-yerindəykən, mən səni gördüm. Hər şey qərarsız oldu. Hər şey cavabsız qaldı.
İndi mən o baxışların yaratdığı Arafdayam. Cənnətlə Cəhənnəm arasında sıxışıb qalan bir ruh kimi. İşığa yaxın, amma tam içində olmadan. O baxışlarda həyatın özü gizliydi – həm başlamaq, həm də yarıda qalmaq.
İlk dəfədir ki, mən heç nə bilmirəm. Mən ki, hər sualın cavabını bilirdim, hər duyğunu izah edə bilirdim. Amma sənin gözlərinin cavabı nə idi, mən bilmirəm. Sən nə dedin o gözlərinlə? Necə oldu ki, mən sənin bir baxışında özümə bu qədər yad qaldım? Bir baxış milyon suala bərabərdir artıq mənim üçün.
Qələm əlimdədir, amma o da susur. İlk dəfədir ki, yazı məni deyil, mən yazını izləyirəm. Sözlər ardıcıl gəlmək istəmir. Sanki qəlbimdəki qarışıqlıq dilə gəlməkdən imtina edir. Yazmaq istəyirəm, amma bir o qədər də susmaq.
O baxışda bir şey vardı...
Bir az təəssüf, bir az ümid, bir az da "kaş ki..." ilə dolu. Bəlkə də biz danışmalı deyildik. Bəlkə də biz yalnız baxışlarla danışmalıydıq – o da bir dəfəlik, bir anlıq. Bəlkə də Tanrı bizi sadəcə o bir an üçün qarşılaşdırdı – mən bu yazını yazım, sən də heç vaxt xəbərdar olmadığın bir duyğunu daşıyasan içində.
Mənim bütün yazılarımı tamamlanmaq üçün bir gün kifayət edərdi. Bu yazı isə zaman istədi. Gecəni içimə çəkdim, səhərin ağ işığında baxışlarının izini axtardım. Axtardım və nəhayət, tapdım.
Sən nə dedin o gözlərinlə?
Sən, susaraq ruhuma dedin: “Mən də qorxuram.”
Sən, baxışlarınla anlatdın ki, sənin də içində o uşaq hələ sağdır. Sən dedin ki, kiminsə sənə, sən susarkən belə inandığını hiss etmək istəyirsən.
Və mən o gün, o baxışlarda, sükutun içində gizlənmiş sevincə bürünmüş bir qorxu gördüm.
Baxışların – Arafda Cənnət parıltısı kimidir... Mənim içimdə sönməyəcək bir iz buraxdın. O izlə yaşamaq – danışılmayan, amma unudulmayan bir hekayədir artıq.
...Və sən nəhayət, o baxışlarınla həyatımın sükutunu sındırdın. Bəlkə də sən mənə bir cümlə demədin, amma o susqun baxışların içində bir kitab yazdın. Səhifə-səhifə keçdi içimdən – bir uşaq kimi sevinən, böyüməkdən qorxan, amma ilk dəfə bu qədər “böyük” hiss edən biri oldum.
…Və bax, biz razılaşa bilmədik...
Razılaşmadıq ki, şairin “Mənə yaşamağı öyrət, əzizim.”dediyi kimi sən mənə yaşamağı öyrədəcəksən.
...Mən sənə demişdim axı – rəqəmlərə əhəmiyyət verməyək.
Dedim ki, anlaşmağın yaşı olmaz. Birimiz bir az tez, digərimiz bir az gec gəlmişdik... Amma əsas odur ki, gəlmişdik…
Əsas odur ki, baxışlar toqquşub, sükut danışmağa başlamışdı.
Amma indi başa düşürəm, biz bəlkə də özü-özümüzü aldadırmışıq.
Çünki o rəqəmlər, dediyimiz kimi, təkcə vaxtın deyil – yaşın, təcrübənin, qəbulun fərqiydi.
Mən, ailəmdən başqa heç kimə hisslərini göstərməyən, əksəriyyət üçün duyğusuz, soyuq görünən o Nigar, bircə sənə məni göstərmək istədim. Bircə sənə tanınmaq istədim.
Və bilirsən, bu mənim üçün nə qədər çətindir?
Duyğularımı qoruyan qala divarlarının arasından sənə bir qapı açmaq, özümü göstərmək... Və sonra o qapının qarşısında səssizcə dayanmaq...
O baxışlardan sonra mən artıq əvvəlki kimi deyiləm.
Əgər o rəqəmlərə əhəmiyyət verməsəydik...
Əgər “bizi” kəsərli baxışlarımızdan deyil, ruhun uyğunluğu ilə ölçsəydik...
Əgər sən mənim şıltaqlığımı "uşaqlıq" yox, "təslim olmaq" kimi görsəydin...
Əgər mən sənin yetkinliyini "uzaqlıq" yox, "sığınacaq" kimi anlaya bilsəydim...
Bəlkə də bu yazını yazmaq yerinə yanında oturub susa-susa gülümsəyərdim.
Amma indi yazıram. Çünki danışa bilmədim.
Çünki danışsaydım, içimdəki o səs titrəyərdi – səni qorxudardı, ya da özümü itirərdim.
Sən demə, ən ağır sükutlar, ən qısa baxışlardan doğurmuş…
Artıq hər şey tamamilə aydındır. Sən hər şeyi öz nəzarətində saxlamaq istəyən hökmdar, mənsə qızıl qəfəsdə saxlanılmaqdan qorxan bir şəhzadə.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
DƏDƏ QORQUD MƏTBƏXİ – əcdadlarımız nə yeyib nə içiblər?
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Hörmətli oxucu!
Bu yazımızda Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsinə çevrilən, ümummilli liderimiz Heydər Əliyevin öz çıxışlarında “əxlaq kodeksimiz”, “milli estetikamızın mötəbər qaynağı”, “tariximizin, etnik yaddaşımızın, arxaik təfəkkürümüzün güzgüsü”, “nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi” adlandırdığı “Kitabi-Dədə Qorqud” dastanlarında əcdadlarımızın istifadə etdiyi yeməklər və içkilər haqqında söhbət açacıq. Bəri başdan deyək ki, bu sahədə alimlərimiz tərəfindən xeyli araşdırmalar aparılmışdır. Biz də yazımızda yeri gəldikcə onların fikirlərinə istinad edəcəyik.
“Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti”ndə oxuyuruq: “...etnosu onun yaşadığı ərazi ilə bağlayan, etnik tipin xarici görünüşünü, davranışını, psixologiyasını formalaşdıran əsas vasitə, məlumat daşıyıcısı, hər şeydən əvvəl qidadır. Müəyyən mənada demək olar ki, etnosun tarixi onun qida tarixidir...Qidalanma mədəniyyətimizin tarixi də bəşərin tarixi qədər qədimdir. İlk kulinariya mədəniyyətimizi qədim əcdadlarımız yaratmış, bugünkü nəslə töhvə kimi bağışlamışlar”. “Kitabi-Dədə Qorqud” dastanında təsvir olunan cəmiyyətin etnik tərkibini təşkil edən oğuzlar da ilk kulinariya mədəniyyətimizi yaradanlardan olublar.
“Kitabi-Dədə Qorqud” xalqımızın həyatının ən qədim dövrlərini təfərrüatı, ayrıntıları, çalarları ilə əks etdirən bilgilər toplusudur. Xalq yazıçısı, AYB-nin sədri Anar özünün “Dədə Qorqud dünyası” əsərində yazır ki, dastanda xalqımızın yeri-yurdu, eli-obası, oğul və qızlarımızın söz-söhbətləri, onların əxlaq ülgüləri, görkəmləri, geyim-kecimləri, inancları, yaraq-yasaqları, musiqi alətləri, əyləncələri ilə yanaşı, yeyib-içdikləri də yerli-yataqlı əbədiləşdirilib.
Tarix üzrə fəlsəfə doktoru, dosent A.Orucov “Kitabi-Dədə Qorqud” dastanında yeməklər və içkilər” adlı məqaləsində yazır: “Yemək və içkilərlə bağlı bəhs edərkən ilk növbədə mətbəx mədəniyyətinə nəzər salmaq lazımdır. H.Q.Qədirzadə isə qeyd edir ki, mətbəx mədəniyyətini iki yerə ayırmaq olar:
1. Xörəklərin, müxtəlif yeyəcəklərin hazırlandığı yer və hazırlanma qaydaları.
2. Süfrə mədəniyyəti
“Kitabi-Dədə Qorqud” dastanında bunların hər biri ayrı-ayrılıqda verilmişdir. Əsərin məzmunundan aydın olur ki, oğuzların yeməklərin hazırlanması üçün “müdbaq” adlanan xüsusi yerləri olub. Məsələn, “Salur Qazanın evinin yağmalandığı” boyda düşmənin Qazanın yurd-yuvasını dağıtdığı, əhli-əyalını əsir apardığı, qara mudbaq (mətbəx) tikilində ocaq qaladığı bəlli olur”.
Dastanda süfrə mədəniyyətinə də ciddi önəm verilir. Dastanda süfrə ilə bağlı deyilir: “Qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə çəkməz”, “Mərd igidlər süfrə açar, ad alar”. Məclis süfrəsi belə təsvir olunur: “Ağzı böyük xümrələr (küpələr) ortalığa düzülmüşdü. Doqquz yerdə badyalar düzülmüşdü. Altun ayaq sürahilər sıralanmışdır. Kafir qızları al şərabı altun ayaqla Qalın Oğuz bəylərinə gəzdirərdilər”. İtalyan səyyahı Marko Polonun Təbriz və Şamaxı şəhərlərindəki süfrə mədəniyyəti barədə dediyi kimi, oğuzların “süfrələrinin vəsfəgəlməz gözəlliyi qarşısında insan bihuş olur”. Bir sözlə, "Kitabi-Dədə Qorqud"da xalqımızın süfrə mədəniyyəti, yemək qaydaları, qonaq qarşılaması barədə olduqca qiymətli məlumatlar vardır. Nə yaxşı bu qaydaların əksəriyyəti indi də qorunub saxlanmaqdadır. Dastanda yemək-içmək adlarına tez-tez rast gəlmək olur.
İndi isə qısaca olaraq həmin yemək və içkilərin bəziləri haqqında. Gəlin, burada bəzi yemək və içki adlarını oxuyanda ağız büzməyək, “eh, biz bu yeməkləri tanıyırıq”,- deyib keçməyək. Bəli, onların çoxunu tanıyırıq. Amma onları biz “ixtira və kəşf” etməmişik axı. Necə deyərlər biz “hazıra nazirik”. Bu yemək və içkilərin hamısı qədim tarixə malikdir, ulularımızdan bizə gəlib çatan yemək reseptləridir ki, indi də azacıq əlavələrlə hazırlayıb (bişirib) ləzzətlə nuş edirik, dədə malı kimi. Zatən, dədə-babalarımızdan, nənələrimizdən bizə qalmayıbmı?!
Araşdırmalar göstərir ki, oğuzların yemək menyusunda çörəklə yanaşı, qoyun (qoç)-keçi, inək, dəvə (buğra), quş, at (ayğır) və ov heyvanlarının (keyik, göyərçin, qaz, durna, turac, kəklik, maral, dovşan və s.) ətindən hazırlanmış xörəklər üstünlük təşkil edir.
Əkmək. Oğuzların əsas qidası indi çörək dediyimiz “ətmək” olub. Xalqımızın qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında da oğuz yurdunun övladlarının yeməklərinin arasında tez-tez ətmək adına (“Beyrək aydır: ağanuzun ətməgi sizə halal olsun”.) rast gəlirik. Ətmək sözünün “əkmək” sözündən yarandığı güman olunur. Və bu söz hal-hazırda da bölgələrimizdə “əppək” formasında işlənməkdədir. Dastandan bışirilmə üsuluna görə çörəyin əsasən “bozlamac" və “ “güməc" adlanan iki növünün olduğu məlum olur.
“Bozlamac" sac üstə bişırilən fətirdən (fətir adlandırılan bu çörək növü bəzi bölgələrdə lavaş, yuxa kimi də tanınır.) nisbətən qalın çörək növüdür. Bəzi regionlarda buna yannama da deyirlər. (“...əlin-yüzin yumadan toquz bozlamac ilən bir küvləkdən (tək qulplu qab) yoqurt gəvəzlər, toyınca tıqa-basa yiyər”.)
Belə güman olunur ki, oğuzların undan hazırlanan umac (bəzi yerlərdə omac deyilir) adlı yeməkləri də olubdur. “Bozlamac” sözündəki “mac”ın da buna işarə olduğu söylənilir.
“Güməc" ("Qara saqac (sac-İ.V.) altında güməcdən nə var!") isə əsasən, buğda unundan yoğrulmuş xəmirdən, özü də bilavasıtə közdə, ocaqda bişirilən çörək növünə deyilir. İndi bəzi yerlərdə güməcə “kombə” də deyirlər. Dastanda arpa unundan çörək bişirildiyini də görürük.
Şişlik. Dastanda adı çəkilən ət xörəklərindən (indiki şişdə bişirilən kabab) biridir. “Dirsə xan oğlu Buğac xan boyu”nda bu haqda belə deyilir: “Ağayıldan tümən qoyun vergil bu oğlana, şişlik olsun ərdəmlidir”. Hətta dastanda şişlik bişirmək üçün lazım olan alətin adına da rast gəlirik: “sügülik”. “Şişlik” adı altında tikə-tikə doğranmış qoyun ətinin sügülüyə (şişə) çəkilərək od üstündə bişirilməsi başa düşülür. Bu yemək növü bütün Qafqazda məşhur idi. Hələ XVIII əsrdə Azərbaycanda olan görkəmli fransız yazıçısı Aleksandr Düma özünün “Qafqaz səfəri” adlı əsərində digər yeməklərimizi də yüksək qiymətləndirməklə bərabər şişliyi (kababı) Azərbaycan milli mətbəxinin şahı adlandırmışdır.
Yəxni. KDQ-da rast gəldiyimiz yemək növlərindən biri də yəxnidir. (“Kimin oğlu-qızı yoq qara otağa qondurın, qara keçə altına döşəyin, qara qoyun yəxnisindən ögünə gətürün”) Yəxni əsasən qoyun ətindən, daha keyfiyyətli sayılan qara qoyun ətindən bişirilərdi. Lakin etnoqrafik materiallar yaxninin məişətdə həm qoyun və həm də mal ətindən bişirilib, qovurma deyil, soyutma olduğunu təsdiq edir. Çünki qovurma bişirilərkən ət xüsusi üsullarla qovrulurdu. Yəxni hazırlanarkən isə ətin qovrulmasına ehtiyac qalmırdı. O, iri tikələrdə doğranıb qazanda bişirilən soyutma ətdir. Soğan tökülmür. Soğan və istiot ət bişdikdən sonra üstünə tökülüb süfrəyə verilir. Mərasim - şülən xörəklərindən sayılır. Bir sözlə, yəxni əslində müasir mətbəxtimizdə soyutma adlandırılan yeməkdir. Onu adətən kəsə-kəsə yeyirdilər. Buna dastanda da işarə olunur: “Kəsə-kəsə yeməyə yəxni yaxşı”. Yəxni əksər zonalarda əhalinin mətbəx məişətindən çıxsa da, bir sıra zonalarda, o cümlədən Oğuzda indi də hazırlanmaqdadır. Yəxni süfrəyə yəxnikeş adlı xüsusi qabda verilərdi, adətən mərasim xörəklərindən sayılırdı. “Oğuz və Qəbələ folkloru” kitabında (tərtibçi AYB-nin üzvü, şair-tədqiqatçı Y.Rzayev, səh:191) oxuyuruq ki, “Kitabi-Dədə Qorqud” dastanlarında “yəxni” kimi qeyd olunan bu yemək növü azərbaycanlılar kimi aborigen Oğuz udilərinin mətbəxində bu gün də yaşadılır. Bu qədim Azərbaycan yeməyi bu gün Naxçıvanda da saxlanılmışdır. Orada “yəxnikeş” adlı qabdan indi də istifadə edirlər”.
Qovurma (qourma). Dastanda adı çəkilən ən məşhur yeməklərdən biridir. (“Mərə varın Qazanın oğlu Uruzu tartun çəngələ asun. Qıyma-qıyma ağ ətindən çəkin, qara qaurma bişürüb, qırq bəg qızına ilətün”). Bəzən qovurmanı (qourmanı) yəxni ilə qarışıq salırlar. Lakin bunlar tamamilə fərqli yeməklərdir. Yəxnidən fərqli olaraq qovurmada doğranmış ət pörtlədiləndən sonra onun öz yağında və ya yağ əlavə etməklə qovrulur. (Yəxni isə qovrulmur.) Yəni o, yəxni kimi soyutma deyil. Hətta saxsı qablara yığmaqla üstünə yağ əlavə edib qış fəslinə də saxlamaq mümkündür. Ondan istənilən vaxt istifadə olunur. Tədqiqatçılar yəxni ilə müqayisədə qovurmanın daha seçimli, sayımlı olduğunu bildirirlər. Bir zamanlar daha çox elatlar arasında yayıldığı halda, indi də ölkəmizin bütün regionlarında hazırlanır.
Aş. Oğuzların istifadə etdiyi digər yemək növlərindən biri də aşdır. Qazan xanın arvadı Burla xatunun dilindən deyilən: “Umanına, usanına aş yedirtdim” – ifadəsi də buna əyani misaldır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, xalq arasında aş çox zaman plov adı ilə tanınır. Aş istilahı dastanda həm yeməklərə verilən ümumi ad, həm də ehsan kimi qeyd edilmişdir. Buna misal olaraq “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”a nəzər salaq. Orada Uruz atasına demişdi: “Anam məni özü üçün dərd etməsin!.. Üç ayda gəlməsəm. O vaxt bilsin ölmüşəm. Ayğır atımı kəsdirib, aşımı versin!”
Süd, pendir, qaymaq. Bu yeməklərin adlarına da dastanda tez-tez təsadüf olunur. (“Qarla yağmur yağanda çaqmaqlu çoban, Südi, peniri bol, qaymaqlı çoban!”).
Süd oğuz cəmiyyətində ən mühüm ərzaq məhsullarından sayılır. Ölkədə heyvandarlığın inkişafına ciddi fikir verilməsinin bir səbəbi də süd istehsalını təmin etməkdir. Əsərin ümumi məzmunundan belə bəlli olur ki, ölkədə əsasən qoyun-keçi, inək-camış, at və dəvə südündən istifadə edilmişdir. Həm də içki kimi istifadə olunan südü əhəmiyyətli qılan səbəblərdən biri də digər bir sıra yeməklərin də (pendir, qaymaq, ayran, yoğurd, kımız və s.) ondan hazırlanmasıdır.
Pendir başlıca olaraq qoyun, bəzi hallarda isə inək südündən hazırlanır. Hazırlanma üsullarına görə bir çox pendir növləri vardır.
Qaymağın hazırlanması üçün südü bişirər, onu adətən ağac təknələrə töküb bir-iki gün gözləyər, sonra südün üzünü yığırlar ki, buna da qaymaq deyilir. Qaymaq ədətən qoyun, inək və camış südündən hazırlanır. Bildiyiniz kimi bu ərzaq məhsullarından indi də geniş istifadə olunur.
Dastanın ümumi məzmunundan o da bəlli olur ki, Dədə Qorqud ölkəsində bağ-bostan bitkiləri də əkilib becərilmişdir. (“Ol dağlarımızda bağlarımız olur, Ol bağların salqumları, üzümü olur”/”Bağ və bostanımın ziynəti su”) Qida kimi bağ-bostan məhsullarından, tərəvəz yeməklərindən də geniş istifadə olunmuşdur. Vaxtı ilə Herodot “Tarix” əsərində yazırdı ki, “Qafqazda müxtəlif tayfalar yaşayır və onlar həm də ağac meyvələri ilə qidalanırlar”. Əsərdə bostan məhsullarından yemişin (qovunun), xiyarın; tərəvəzlərdən soğanın, sarımsağın, turfəngdənin; meyvələrdən üzümün, almanın, badamın və başqalarının adının sadalanması da bunu göstərir. A.Orucovun yuxarıda adı çəkilən məqaləsində o da qeyd olunur ki, “Kitabi Dədə-Qorqud” dastanında soğan və sarımsağın da adları xüsusi qeyd edilir. Dastanda işlədilən “sarımsaq otun yemədən için göynər”, “arpa ətməyi, acı soğan öynəcəyi deyəyimmi?” – kimi ifadələrin işlədilməsi Azərbaycanda soğan və sarımsaqdan istifadə tarixinin çox qədimlərlə səsləşdiyini təsdiqləyir. Soğan və sarımsaq həm göyərti kimi, həm baş bağladıqdan sonra çiy şəkildə ilboyu yeyilir, həm də xörəklərin tərkibinə əlavə edilir”.
İndi də qısaca “Kitabi-Dədə Qorqud”da adlarına tuş olduğumuz içkilər barədə.
Su, ayran, yoğurd, kımız və şərab. Bunlar oğuzların istifadə etdikləri içkilərdir. Bunların içərisində su ən əsas içkidir. (“Adam işməz acı sular sızınca, sızmasa yeg”/”Sovuq-sovuq suları sana işət olsun”). Oğuzlar suyu müqəddəs sayırlar. Onların fukrincə, “Su Hak didarın görmüşdür”. Bu ifadə dünya mifologiyasında da su və tanrı əlaqəsinin əsas göstəricil ərindən biridir. Ümumiyyətlə, dastanda sudan söz düşəndə o, “böyük-böyük su”, “qanlı-qanlı su”, “dərdli başım qurban olsun suyum sana” və s. deyimlərlə xatırlanır. “Aqındılı” (axar) sudan danışanda mütləq “görklü”, yəni “müqəddəs” kəlməsi də işlədilir. Ə.İnan Qazan xanın suya xitabən söylədiyi sözlərin şamanistlərin Yer-su tanrısına xitabən söylədikləri ilahilərə bənzədiyini qeyd edir
Dastanda əsas içkilərdən biri də ayrandır. (“Acı ayran töküləndə çap-çap içən”) Dastan qəhrəmanları ayrandan su qədər istifadə edirlər. Ayran süd məhsullarından olub, sərinləşdirici içkidir. O, süddən hazırlanmış qatığın nehrədə çalxanması ilə yaranır. Belə ki, qatıq nehrədə çalxandıqdan sonra yağ yaranır, yerdə qalan duru, maye hissəsi isə ayran olur. Türklər lap qədimlərdən ondan istifadə etmişlər.
Dastanda içəcəklərdən yoğurd leksiminə də rast gəlinir. (“Ağ çıqarıb qara giyən qızlar! Bağır kibi ögnəndə yoğurtdan nə var?”). Türklərdə qədim içki növlərindən birinin adı belə olub. “Yoqurt” qədim türkcədə “kəsmikləşmiş süd/ qatıq” mənasındadır. Hazırda da çox istifadə edilir.
Qımız isə (“Dəpə kibi ət yığdım, göl kibi qımız sağırdım”) at südünün turşudulması yolu ilə hasil edilir. Mahmud Kaşğari yazır ki, kımız qısraq südü tuluqda saxlanaraq turşudulur, sonra içilir. Dastanda Dirsə xanın oğlunun toyu təsvir edildikdə qımız içildiyinə dair işarələr edilir. “Kitabi-Dədə Qorqud” ensiklopediyasında (II cild) göstərilir ki, türklərdən başqa dünyanın heç bir yerində qımızdan içəcək kimi istifadə olunmamışdır. Təsadüfi deyildir ki, V.Eberxardt yazırdı ki, “qımız içilən sahələrdə türklər yaşamışlar”. “Manas” dastanında ölüm yatağında olan Xan Köketey öz xalqına vəsiyyət edirdi ki, “Elim, günüm. Gözlərim yumulan zaman vücudumu qımızla yuyun”. Qədim türklərdə qımız mədəniyyəti, qımıziçmə ənənəsi formalaşmışdı: qımız otağa gətiriləndə içkiyə hörmət əlaməti olaraq hər kəs susarmış.
Şərab. Şərab istehsalının tarixinin kökləri tarixin dərinliyinə gedib çıxır. Üzümdən içkinin yaradılması haqqında ilk məlumatlar Qədim Yunanıstanın və Romanın qrafik relikviyalarında öz əksini tapmışdır. “Kitabi-Dədə Qorqud” dastanında da oğuzların üzüm əkib becərdiklərinin, şərab hazırladıqlarının (“Ol dağların salqumları, üzümü olur. Ol üzümü sıqarlar, al şərabı olur”) və içdiklərinin, kafir qızlarının onlara şərab payladıqlarının də şahidi oluruq. Ölkəmizdə dastanın ilk tədqiqatçılarından olan H.Araslının fikrincə, bu, əsərə islam dininin təsirınin çox az olduğunu göstərir. Şərabı adətən şülən yeməyində, yəni müxtəlif bayramlarda, rəsmi ziyafətlərdə, toylarda içirdilər.
Ümumiyyətlə, “Kitabi Dədə-Qorqud” dastanında yeməklər və içkilərin tədqiqi göstərir ki, maddi mədəniyyət sahəsində ənənələr itməmiş, bu ənənələr cüzi dəyişikliklərlə günümüzə qədər gəlib çatmışdır. (Məsələn, mənbələrdə son dövrlərə kimi Siyəzən zonasında “Qorqud” adlı yemək hazırlandığı da göstərilir.) Dədə Qorqud yemək və içkiləri indi əksər türk xalqlarının, eyni zamanda müasir dövrümüzün ümumdünya qida rasionuna inteqrasiya olunaraq dünya xalqlarının mətbəxində geniş istifadə olunur.
Bu, Azərbaycan mətbəxinin hazırda da dünyanın ən zəngin mətbəxlərindən biri olduğunu göstərir.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)