“Susqunluğun ən gözəl tərifi- sənin baxışların” - ESSE Featured

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Mən sənə dedim axı...
 Dedim ki, mən təsadüflərə inanmıram. Təsadüf dediklərimiz, bəlkə də Tanrının adını çəkmədən danışmaq istəyimizdir. Mən isə hər baxışın, hər susqunluğun İlahi planın incə bir hissəsi olduğuna inanıram. Mən şıltaq ola bilərəm, höcətlik edə bilərəm, amma içimdəki həqiqətə qarşı heç vaxt səssiz qala bilmərəm.

 

Mən böyüməyi istəmirəm, necə ki sən qocalmaqdan çəkinirsən. İnsan böyüdükcə, içindəki o təmiz, şəffaf uşağı yavaş-yavaş torpağa gömür. Mən o uşağın əllərindən tutub heç buraxmaq istəmirəm. Bilirəm ki, o getdikcə, Anamı itirmək qorxusu da artır içimdə. Çünki uşaq olan mənə Anası da uşaq kimi baxırdı. Böyüyən mənə isə dünya sadəcə yetkin kimi davranacaq – qayda, məsuliyyət, susmaq və unudulmaqla.

O gün səni gördüm...
Və başa düşdüm ki, bəzi baxışlar sənə təkcə insanı göstərmir – sanki özünü də ilk dəfə görürsən o gözlərdə. Mənim baxışlarımda tanış olmayan bir qorxu vardı, səninkilərdə isə uzun zamandır unudulmuş bir arzu – başa düşülmək, özü də danışmadan.

Bir söz dedinmi, bilmirəm. Amma o an baxışlarınla sanki bir ruhun əlini tutub onu qucaqladın. Və mən susdum. Səni susaraq dinlədim. Sözlərim vardı, amma sənə çatmayacaq qədər səssiz idilər.

İnsan bəzən gözləriylə danışar. Bəzən isə gözləriylə səssizliyə batır. Sənin baxışlarında gördüklərim mənim sabitliyimi yerindən oynatdı. Hər şey yerli-yerindəykən, mən səni gördüm. Hər şey qərarsız oldu. Hər şey cavabsız qaldı.

İndi mən o baxışların yaratdığı Arafdayam. Cənnətlə Cəhənnəm arasında sıxışıb qalan bir ruh kimi. İşığa yaxın, amma tam içində olmadan. O baxışlarda həyatın özü gizliydi – həm başlamaq, həm də yarıda qalmaq.

İlk dəfədir ki, mən heç nə bilmirəm. Mən ki, hər sualın cavabını bilirdim, hər duyğunu izah edə bilirdim. Amma sənin gözlərinin cavabı nə idi, mən bilmirəm. Sən nə dedin o gözlərinlə? Necə oldu ki, mən sənin bir baxışında özümə bu qədər yad qaldım? Bir baxış milyon suala bərabərdir artıq mənim üçün.

Qələm əlimdədir, amma o da susur. İlk dəfədir ki, yazı məni deyil, mən yazını izləyirəm. Sözlər ardıcıl gəlmək istəmir. Sanki qəlbimdəki qarışıqlıq dilə gəlməkdən imtina edir. Yazmaq istəyirəm, amma bir o qədər də susmaq.

O baxışda bir şey vardı...
Bir az təəssüf, bir az ümid, bir az da "kaş ki..." ilə dolu. Bəlkə də biz danışmalı deyildik. Bəlkə də biz yalnız baxışlarla danışmalıydıq – o da bir dəfəlik, bir anlıq.  Bəlkə də Tanrı bizi sadəcə o bir an üçün qarşılaşdırdı – mən bu yazını yazım, sən də heç vaxt xəbərdar olmadığın bir duyğunu daşıyasan içində.

Mənim bütün yazılarımı tamamlanmaq üçün bir gün kifayət edərdi. Bu yazı isə zaman istədi. Gecəni içimə çəkdim, səhərin ağ işığında baxışlarının izini axtardım. Axtardım və nəhayət, tapdım.

Sən nə dedin o gözlərinlə?

Sən, susaraq ruhuma dedin: “Mən də qorxuram.”
Sən, baxışlarınla anlatdın ki, sənin də içində o uşaq hələ sağdır. Sən dedin ki, kiminsə sənə, sən susarkən belə inandığını hiss etmək istəyirsən.
Və mən o gün, o baxışlarda, sükutun içində gizlənmiş sevincə bürünmüş bir qorxu gördüm.

Baxışların – Arafda Cənnət parıltısı kimidir... Mənim içimdə sönməyəcək bir iz buraxdın. O izlə yaşamaq – danışılmayan, amma unudulmayan bir hekayədir artıq.

...Və sən nəhayət, o baxışlarınla həyatımın sükutunu sındırdın. Bəlkə də sən mənə bir cümlə demədin, amma o susqun baxışların içində bir kitab yazdın. Səhifə-səhifə keçdi içimdən – bir uşaq kimi sevinən, böyüməkdən qorxan, amma ilk dəfə bu qədər “böyük” hiss edən biri oldum.

…Və bax, biz razılaşa bilmədik...
 Razılaşmadıq ki, şairin “Mənə yaşamağı öyrət, əzizim.”dediyi kimi sən mənə yaşamağı öyrədəcəksən.

 ...Mən sənə demişdim axı – rəqəmlərə əhəmiyyət verməyək.
 Dedim ki, anlaşmağın yaşı olmaz. Birimiz bir az tez, digərimiz bir az gec gəlmişdik... Amma əsas odur ki, gəlmişdik…
 Əsas odur ki, baxışlar toqquşub, sükut danışmağa başlamışdı.

Amma indi başa düşürəm, biz bəlkə də özü-özümüzü aldadırmışıq.
Çünki o rəqəmlər, dediyimiz kimi, təkcə vaxtın deyil – yaşın, təcrübənin, qəbulun fərqiydi.
 Mən, ailəmdən başqa heç kimə hisslərini göstərməyən, əksəriyyət üçün duyğusuz, soyuq görünən o Nigar, bircə sənə məni göstərmək istədim. Bircə sənə tanınmaq istədim.

Və bilirsən, bu mənim üçün nə qədər çətindir?
Duyğularımı qoruyan qala divarlarının arasından sənə bir qapı açmaq, özümü göstərmək... Və sonra o qapının qarşısında səssizcə dayanmaq...
O baxışlardan sonra mən artıq əvvəlki kimi deyiləm.

Əgər o rəqəmlərə əhəmiyyət verməsəydik...
Əgər “bizi” kəsərli baxışlarımızdan deyil, ruhun uyğunluğu ilə ölçsəydik...
Əgər sən mənim şıltaqlığımı "uşaqlıq" yox, "təslim olmaq" kimi görsəydin...
Əgər mən sənin yetkinliyini "uzaqlıq" yox, "sığınacaq" kimi anlaya bilsəydim...

Bəlkə də bu yazını yazmaq yerinə yanında oturub susa-susa gülümsəyərdim.
Amma indi yazıram. Çünki danışa bilmədim.
Çünki danışsaydım, içimdəki o səs titrəyərdi – səni qorxudardı, ya da özümü itirərdim.
Sən demə, ən ağır sükutlar, ən qısa baxışlardan doğurmuş…

Artıq hər şey tamamilə aydındır. Sən hər şeyi öz nəzarətində saxlamaq istəyən hökmdar, mənsə qızıl qəfəsdə saxlanılmaqdan qorxan bir şəhzadə.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.