Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
Aprelin 15-də Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında oxu və yazı vərdişlərində çətinlikləri olan uşaqlara dəstək olmaq, onlarda özünəinamı artırmaq və onların sosial inkişaflarını təmin etmək məqsədilə “Sağlamlıq körpəlikdən başlayır” adlı layihənin davamı olaraq növbəti maarifləndirici təlim keçirilib.
Təlimdə defektoloq-loqoped Jalə Bənnayeva və kitabxana əməkdaşları, gənc analar, iştirak edib.
Maarifləndirici təlimin budəfəki mövzusu “Oxu və yazı qüsurlarının aşkar edilməsi metodları” idi. Defektoloq-loqoped Jalə Bənnayeva oxuma və yazı vərdişlərində geriləmələr olan uşaqlarla bağlı psixoloji dəstəyin önəmi və düzgün müalicə üsullarının tətbiqi haqqında məlumat verib. Təlimçi valideynlərin və müəllimlərin uşaqlara qarşı daha anlayışlı və səbirli olmalarını, onların emosional vəziyyətini nəzərə alaraq doğru yanaşma sərgiləmələrini vurğulayıb. Həmçinin, oxuma və yazı vərdişlərində geriləmə olan uşaqlara fərdi yanaşmanın önəmini vurğulayıb.
Qeyd edilib ki, oxuma və yazı vərdişlərində qüsuru olan uşaqlara erkən yaş dövrlərində doğru diaqnoz qoyularaq problemin ortadan qaldırılması üçün müvafiq həll yollarına baş vurulmalıdır.
Təlimdə bu qrupa aid olan uşaqlar üçün individual yanaşmanın və müntəzəm məşqlərin rolu da geniş müzakirə edilib.
Təlimin sonunda iştirakçılara uşaqların inkişafına necə dəstək olmaları, onların emosional və sosial ehtiyaclarını necə qarşılamaları barədə praktiki məsləhətlər verilib.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)