
Super User
İnsanları susan, küləklərisə susmayan bir şəhərin unudulmuş bir sakini
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Külək, hər şeydən əvvəl gəlir bu şəhərə. İnsanlar doğulmamışdan, yollar çəkilməmişdən, binalar ucalmamışdan öncə də vardı. Və indi, bütün bunların içində hələ də təkcə küləkdir şəhərimə sadiq qalan. O gün də 20 Yanvar dairəsinin üstündən əsirdi. Üşütmək üçün yox, sanki yaddaşı təmizləmək üçün. Asfaltın üstündəki ayaq izlərini, divarlardakı baxışları, havada qalan fəryadları silmək üçün əsirdi…
Orada, yolun kənarında dayanmışdım. Finansal şəkildə sıfırda idim və gözləyirdim. Dostumu? Bəlkə özümü. Bəlkə də məni evə aparacaq adamı. Amma əslində heç bir yerdə deyildim. İnsan bəzən bir dairənin ortasında dayanıb, hərəkətdə olan hər şeyə baxarkən, özünü dayanmış bir zamanın parçası kimi hiss edir. Məni belə donmuş bir anın içində tapdı o. "Mənə bir manat kömək edərsən?" deyə..
Görünüşcə insan idi. Amma ona baxanda düşünürsən ki, bədən bir qəbirdir, ruhu hələ də orada ilişib qalıb. Üzündə zamanın əl izləri vardı, sanki həyat onu əlində çox sıxıb, sonra bir kənara atmışdı. Gözləri... Yox, o gözlər bir hekayə danışmırdı, çünki danışmağa halı qalmamışdı. Sadəcə baxırdı. Bir məzar daşına çevrilmiş baxışla.
- Mən elə-belə düşməmişəm bu hala… - dedi.
Səsi içkidən titrəyirdi, amma təkcə alkaqol deyildi onu qıran. İnsanın içini içdən yeyən bir şey vardı orada. Hər sözündə, hər nəfəsində. O danışmırdı. Sanki vicdan danışırdı, peşmanlıq fısıldayırdı. Çünki bu adam artıq cəmiyyətin gözdən saldığı bir "alkoqolik" deyildi. O, öz varlığının məzarlığında səssizcə yaşayan bir məxluqa çevrilmişdi.
Bax, qaranlıq bir paradoks burada başlayır, məhz elə bu nöqtədə. Harada ki, insan öz günahının fərqində olur, amma ondan qurtulmaq üçün artıq gec olur. O, öz içindəki Tanrını çoxdan itirmişdi, amma yenə də Allahsız yaşamaqdan qorxurdu. Sanki hər içki qurtumu ilə onu unutmağa çalışır, amma yaddaşı daha da ayılırdı.
- Mən bomj deyiləm, qardaş… Mən məhv olmuş bir niyyətin canlı sübutuyam. Həyat... O, bir dəfə səni udanda, səni necə gəldi geri qaytarır... Amma artıq tanınmaz bir halda...
Ən çox bu cümlə dondurdu içimi. Sanki Dostoyevskinin “Cinayət və Cəza”sında Razumixinin dilindən çıxmalı idi bu sözlər. İnsan bir dəfə yerə yıxılanda, ona əl uzadılmır. Əksinə, o uzanan əllərin içində daş olur bəzən və sən bilmirsən, səni xilas edirlər, yoxsa batırırlar.
O adam əyildi, ayaqqabısının bağını yoxladı. Sanki bir ömrün qırıq hissələrini toplamağa çalışırdı. Mənə baxdı, gözlərimdə nə axtardığını bilmirdim, amma görünür, tapmadı.
- Sən qal burada. Mən... 10 dəqiqə fırlanım, sənə pul gətirərəm.
Və getdi. Əlində heç nə yox idi, cibləri boş idi, bədəni titrəyirdi. Amma nədənsə, sanki məndən daha zəngin görünürdü. Çünki onun hər şeyi yox idi və bu “yoxluq”, mənim daşıdığım yalanlarla dolu varlıqdan daha dürüst idi.
O getdi, külək isə susmadı. Yalnız insanlar susur bu şəhərdə. Külək heç vaxt unutmur.
Bəzən insanın dediyi ən sadə cümlə, əslində içində bir ömrün qaranlığını daşıyır. “Mən elə-belə düşməmişəm bu hala”. Bu sözlər, dilə asan gəlir, amma ruhun ən dərin qatından, vicdanın illərlə gizlətdiyi bir zindandan gəlir. Bu cümlədə nə bəraət istəyi var, nə də ağlamaq. Sadəcə fakt var. Çılpaq, soyuq və geri dönməz bir fakt.
O adam danışanda, səsi sanki onun dodaqlarından deyil, içində illərlə danışmaq istəyən, amma susmağa məcbur edilmiş bir uşaqdan gəlirdi. O uşaq, bəlkə on yaşında, bəlkə otuz... İlin, ayın, yaşın əhəmiyyəti yoxdur. Hər insanın içində bir zaman donub qalır və həyat boyu sən o donmuş zamanın əsirisən. O adamın zamana münasibəti pozulmuşdu. O, saatlarla yox, keçmişlə ölçürdü ömrünü.
-Mən də bir zamanlar geyinirdim - dedi. - Təmiz geyim. Qoxusu belə başqa idi. İnsanlar mənim yanımda rahat otururdular. Qızlar üzümə baxırdı... Elə baxırdılar ki, insan olduğumu xatırlayırdım.
Bu sözləri deyərkən gülümsədi. Amma bu gülüş həyatın yumşaqlığından yox, ömrün sərtliyindən doğan bir gülüş idi. O, həyatına gülmürdü. Öz halına da yox. Sadəcə susmağa çalışırdı. Səsi ilə deyil, sifəti ilə.
-Hər şey bir səhvlə başladı. Bilirsən, insanlar səhvlərin böyüklüyünü nəticədən anlayır. Amma məncə, ən böyük səhvlər heç vaxt görünmür. Sakitcə gəlirlər, sən hiss etmirsən. Hətta xoşbəxtlik kimi görünür bəziləri əvvəlcə... Sonra səni içindən yeyir.
Bu adamın dedikləri, bir müdrikdən çox, bir məhkumun sözlərinə bənzəyirdi. Amma o, cəmiyyətin deyil, özünün məhbusuydu. Öz seçimlərinin, öz qorxularının, öz unutqanlığının zindanında idi.
- İçməyə başlayanda, heç kim "məni xilas edin" demir. Hətta bir az xoşbəxt hiss edirsən. İlk dəfə içəndə bir qız məni tərk etmişdi... Mən ağlamadım. İçki məni sakitləşdirdi. Sonra işdən çıxarıldım. İçki məni güldürdü. Anam öldü. İçki məni unutdurdu... Mən sandım ki, bu mənim dostumdur. Amma içki dost kimi gəlir, qəbir kimi gedir.
Ətrafımızdan maşınlar keçirdi. İnsanlar, biri gedir, biri gəlir. Onlar üçün bu adam bir parazitdir. Bir rahatsızlıq. “Cəmiyyətin zibilliyi” deyərdilər bəlkə. Amma heç biri onun içindəki cəhənnəmi görə bilməzdi. Çünki cəmiyyət, aludəliklə yox, görüntü ilə mühakimə edir.
- Bəlkə də mən hələ də insanam, amma insanlar məni çoxdan silib. Bilirsən, bir insanı öldürmək üçün onun bədənini deyil, varlığını yox saymaq yetərlidir...
Sözləri havada qalırdı. Sanki Tanrı belə susmuşdu ona qarşı. Mən isə heç bir cavab verə bilmirdim. Çünki o məni sorğu-suala çəkmirdi. Sadəcə danışırdı. Və bəlkə də, ilk dəfə danışmağa layiq bir qulaq tapmışdı.
- Mənə nə narkotik lazımdır, nə iynə, nə də alkoqol artıq. Sadəcə... bir nəfər desin ki, "sən bu dünyada varsan". Bu kifayətdir. Amma o sözü illərdir eşitmirəm.
Mən baxırdım. Qəribədir, adamın üstü toz içində idi, əynindəki paltar cırıq, amma sanki mənə həyatın əsl üzünü göstərirdi. Biz hamımız ömrümüz boyu pərdələrin arxasında yaşamağa öyrəşmişik. Gözəl sözlər, gözəl geyimlər, gözəl planlar... Amma onun üzündə həyat çılpaq idi və bəlkə də, ilk dəfə qorxurdum bu qədər dürüst bir aynaya baxmaqdan.
Bəzən bir insanın "indi qayıdıram" deməsi, əbədi bir gedişin anonsudur. O kişi mənə baxdı və dedi:
-Gözlə, 10 dəqiqə fırlanım, sənə pul gətirərəm.
Bu cümlə, yerdəki bir siqaret kötüyündən daha qısadır əslində. Amma onda qəribə bir təmkin, bir inam vardı. Sanki əslində özü də bilirdi ki, heç yerə getmir və heç vaxt qayıtmayacaq. Amma yenə də dedi. Nə üçün? Mənə ümid vermək üçünmü? Özünə son bir oyun oynamaq üçünmü? Yoxsa bu, sadəcə həyatın içindəki bir mikro-trajediyanın sadə bir replikasımıydı?
Mən gözlədim. Dəqiqələr ağır keçirdi. Ətrafdan keçən adamların heç biri mənə və ya onun yoxluğuna baxmırdı. Heç kim üçün heç nə olmamışdı. Halbuki mən, bu kiçik anın içində böyük bir varlıq-yoxluq məsələsini yaşayıb dururdum. O adam orada idi, indi isə yox idi. Və mən nə bir iz, nə bir sübut, nə də bir cavab ilə tək qalmışdım. İnsan, yoxluqla üz-üzə qalanda dəyişir. Hətta bu yoxluq, bir evsizin, bir alkaqolikin yoxluğu olsa belə. Bəzən insanın yoxluğu, onun varlığından daha çox iz buraxır. Sanki həyatda bəzi adamlar yalnız getmək üçün doğulub. Onlar bizə gəlib ilişirlər, qısa müddət bir şey öyrədirlər və sonra yox olurlar. Tanrının gizli məktubları kimi, ünvanı oxunmayan, amma məğzi içimizdə partlayan məktublar kimi...
"Gözlə..." - bu, həm də Tanrının bəşərə dediyi bir söz ola bilərdi. “Gözlə, bəlkə bir gün qurtulacaqsan. Gözlə, bəlkə bir gün anlayacaqsan. Gözlə, bəlkə o gələcək.” Biz hamımız kimisə və ya nəyisə gözləyirik, bəraətimizi, izahımızı, xilasımızı... Hətta gecikmiş bir peşmanlığı belə.
Mən o adamı gözlədim. Hər keçən dəqiqə, onun qayıtmayacağına bir az daha əmin oldum. Amma yenə də gözlədim. Çünki bəzən insan birini yoxluğuna baxmayaraq gözləyir. Çünki içində hələ də onun üçün bir yer var. Yoxluğun yerləşdiyi yeganə otaq, insan qəlbidir.
10 dəqiqəlik yoxluq deyib keçmək olar. Amma mənim üçün bu, həyatın bütün haqsızlıqlarını içində daşıyan bir sükut idi. Sanki cəmiyyətin kənarına atılmış bu adam, son dəfə bir insanla təmas qurmuşdu və sonra yenidən cəmiyyətin yaddaşsızlıq quyusuna gömülmüşdü. Heç kim onun adını bilmirdi, haradan gəldiyini, nə üçün orada olduğunu... Və bir gün, o tamam yox olacaq. Sanki heç yaşamamış kimi. Və biz, bir daha onun kimi biri ilə qarşılaşmayacaqmışıq kimi yolumuza davam edəcəyik.
Amma mən, unutmayacağam...
Bəzi insanlar var ki, dünyaya iz buraxmaq üçün gəlmir. Onlar bu həyatın səssiz fonudur – musiqi deyil, ancaq musiqini tamamlayan sakitlik kimi. Onlar günəşin altında kölgə kimi dolaşır, lakin heç kim onların adını, haradan gəldiyini və nə üçün bu qədər tənha olduqlarını soruşmur. Sanki cəmiyyət, onların varlığını qəbul etmir, amma onların yoxluğu ilə də narahat olmur.
O adam içkiyə sığınmış, amma əslində çoxdan qırılmış bir ruhun daşıyıcısı idi. Onun içkili olmağı bir seçim deyildi. O, cəmiyyətin qaranlıq dəhlizlərində itirdiyi mənliyini unutmaq üçün içirdi. İçmək bəlkə də susmaq üçün bir yol idi. Bəlkə də hər qurtumla öz keçmişini boğmaq istəyirdi. Kim bilə bilər ki? Axı onun üçün heç kim maraqlanmırdı. O, artıq "heç kim" olmuşdu.
Dostoyevski demişkən, "Ən böyük əzab, insanın artıq faydasız olduğunu hiss etməsidir." O adam da belə bir əzabın içində çürüyürdü. Onun üçün heç nə qalmamışdı. Nə ailə, nə ev, nə də sabah. Sadəcə bu gün vardı və o da yaşamaq yox, sadəcə nəfəs almaqdan ibarət idi. Və belələrinin çoxu, cəmiyyətin bir növ “unutmağa məhkum etdiyi” insanlardır.
Biz onlara baxıb keçirik. Onlar isə, bəzən bizə baxır, bəlkə bir az ümid, bir az şəfqət gözləyirlər. Amma biz onlara yox, onların üstünə baxırıq. Sanki bir zibil qutusuna baxırmışıq kimi. Halbuki onların içində, bəlkə də bizim ən gizli qorxularımız yaşayır: tərk edilmək, unudulmaq, heç kimə lazım olmamaq...
İnsan, insanın aynasıdır. O evsiz, mənim aynama çevrildi o gün. Onun gözlərində özümə baxdım. Özümə demədiyim sualları verdim. "Bəs sən, bu qədər rahat yaşamağa necə layiq oldun? Səni ondan fərqli edən nədir? Sadəcə şans? Yoxsa sən də, o olmadığın üçün Tanrıya minnətdar olmalısan?"
Bəzən bir insanın varlığı, milyonların vicdanını silkələməlidir. Amma olmur. Çünki artıq hər kəs susmağa, laqeyd qalmağa öyrəşib. Ən faciəli olan isə budur: unutmaq öyrənilir. Biz unuduruq. Onları, dərdlərini, simalarını. Onlar tədricən yaddaşdan silinir və bir gün, heç yaşamadıqları bir dünya tərəfindən “ölü” elan olunurlar.
Mən o adamı unutmayacağam. Çünki onun yoxluğu, mənim içimdə var olan bir boşluğu işarələdi. O mənə göstərdi ki, bəzən bir insanın sadəcə danışmağa ehtiyacı olur. Və bəzən, sadəcə 10 dəqiqəlik bir söhbət, bütün bir varlığın sübutuna çevrilir.
İndi gecədir. Şəhər yuxudadır. Metro qapıları çoxdan bağlanıb. Səssizlik, sanki hər şeyin üstünü örtən bir yorğan kimi çöküb küçələrə. Amma mənim içimdə hələ də o adamın səsi gəzir: “Gözlə, 10 dəqiqə fırlanım...”
O 10 dəqiqə keçdi. Saatlar da keçdi. Aylar da keçəcək. Amma mən o baxışı, o təbəssümü, o səmimi yalanı unutmayacağam. Çünki bəzi yalanlar var ki, həqiqətin özündən daha doğrudur. O adam, bəlkə də heç kim üçün heç kim deyildi. Amma o anda, mənim üçün varlığın özü idi. Mənə həyatın kənarında yaşayanların da bir adının, bir səbəbinin, bir ruhunun olduğunu xatırlatdı.
Və bəlkə də bütün məsələ budur. Hər kəsin bir hekayəsi var. Amma çox az adam dinləyir. Və bu şəhər, bu dünya, daha çox danışanlardan deyil, dinləyənlərdən qorxur.
Mən o gün bir evsizlə yox, unudulmuş bir insanın xatirəsi ilə tanış oldum. Onun yoxluğu, içimdə bir iz buraxdı. Bəlkə də bu yazı, onun üçün bir qəbirdaşı olacaq. Sözlərdən hörülmüş, səssiz bir məzar daşı.
Əgər bir gün, əziz oxucum, metro çıxışında bir adama rast gəlsən, sadəcə keçib getmə. Bəlkə də o adam, sənə şükür etməli bir varlığının olduğunu xatırlatmağa yox, vicdanını geri verməyə, xatırlatmağa gəlmiş biridir.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
Seçmə şeirlər – SƏMƏD VURĞUN, “Şair, nə tez qocaldın sən”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
ŞAİR, NƏ TEZ QOCALDIN SƏN
Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən?!
Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən?!
Ovçuluğa meyil saldım,
Gecə-gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə-süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?!
Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən?!
Saç ağardı, ancaq ürək
Alovludur əvvəlkitək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim, bir də Vətən:
Şair, nə tez qocaldın sən?!
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
Doğum günü şəhid olan vedili Nəriman Allahverdiyev barədə
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
Allahverdiyev Nəriman Məhərəm oğlu (1967-ci il Şidli - 1994-cü il Füzuli)
Məhərrəm müəllimə muştuluq verdilər ki, oğlun dünyaya gəlib. Məhərrəm müəllimin neçə vaxt ürəyində gəzdirdiyi arzusu bu gün çin olmuşdu.
O, Azərbaycanın böyük oğlu Nəriman Nərimanovu çox istəyirdi. Bir dəfə Şidli kənd kolxozunun yığıncağında kolxozun adının Nəriman Nərimanov qoyulmasını təklif edir. Məcid müəllimin uzun sürən təkidli tələbi ilə Şidli kənd kolxozuna Nəriman Nərimanovun adı verilir. O, bir an belə fikirləşmədən uşağın da adını Nəriman qoyur.
Nəriman Məhərrəm oğlu Allahverdiyev 1967-ci ildə Vedibasar mahalının Şidli kəndində anadan olur. O, Şidli kənd orta məktəbini bitirir. Hərbi xidmət yaşı çatan bütün Şidli gəncləri tərəddüd etmədən hərbi xidmətə gedirdilər. Nəriman hərbi xidmətini uzaq Sibirdə başa vurur. Hərbi xidmətdən qayıdan Nəriman Şidli kəndində işə düzəlir. Ermənilərin çirkin siyasətinin nəticəsi olaraq onların da ailəsi Bakı şəhərində məskunlaşmalı olur.
20 Yanvar hadisəsi Nərimana ağır zərbə olur. Azadlıq təşnəsi onun içini yandırırdı. Əksər gənclər Şəhidlər Xiyabanını ziyarət edib könüllü döyüş bölgəsinə gedirdi. İki uşaq atası olmağına baxmayaraq Nəriman Fəxri Xiyabanda Şəhidləri ziyarət edib Hərbi komissarlığa yollanır.
Qarabağ bölgəsində erməni hərbi birləşmələri fəallığı xeyli artırdığına görə “Könüllü” batalyonlar yaradılırdı. Nəriman yeni yaradılan könüllü batalyonun tərkibində döyüş bölgəsinə yollanır. Onun rus və erməni dilini yaxşı bilməsi kəşfiyyat bölüyündə kəşfiyyatçı kimi fəaliyyət göstərməsinə zəmin yaradır. 1991-ci ildən başlayan döyüş yolu Nərimanın Qarabağımızın bütün döyüş bölgələrində vuruşmağına səbəb olur. Nərimanın səsi gah Turşsudan, gah Nəbilər kəndindən, gah da Ağdərədən gəlirdi. Ağdərə döyüşləri zamanı ayağından yaralanan Nəriman müalicəsini Bakı şəhərində alır. Sağalan kimi yenidən döyüş bölgəsinə yollanır. Cəsur və qorxmaz tabur komandiri kapitan Nəriman Məhərrəm oğlu 1994-cü ilə kimi şərəfli bir döyüş yolu keçmişdir.
Ailəli və iki uşaq atası olan Nərimanı bir neçə dəfə ordudan tərxis etmək istəsələr də o buna razılıq verməmişdir. Bir aylıq məzuniyyətə yollanan Nəriman Bakıda 20 gün qalır. Babasının adını daşıyan böyük oğlu Təvəkkül sərbəst danışırdı. İkinci oğlu olanda o, oğlunun adını Atatürk qoyur. Elə bu adın özü onun nə qədər millətini, yurd-yuvasını sevdiyinə əyani sübutdur.
1994-cü ildə Füzuli bölgəsində vəziyyət həddindən artıq ağır idi. Onun taburunu Füzuli bölgəsinə yollayırlar. Cəsur kəşfiyyatçının son döyüşü Füzuli bölgəsinin Seyidəhmədli kəndində olur. 14 aprel 1994-cü il. Bu gün düz 27 il əvvəl, 1967-ci ildə Vedibasar mahalının Şidli kəndində, müəllim ailəsində bir oğlan uşağı doğulur. Atası Məhərrəm müəllim onun adını Nəriman Nərimanovun şərəfinə Nəriman qoyur. Komandirlər və döyüş dostları onu təbrik edirlər və bu döyüşə getməməyi ondan xahiş edirlər. Kapitan Nəriman Allahverdiyev bu təkliflərdən qəti imtina edir. "Gəlin Seyidəhmədli kəndini düşməndən azad edəyin, bu siz tərəfdən mənim Ad Günümə hədiyyəniz olsun, dostlarım. Bundan böyük hədiyyə ola bilməz" - Nəriman deyir.
Bir neçə saatlıq döyüşdən sonra erməniləri vurub Seyidəhmədli kəndindən çıxardan döyüşçülərimizin sevincinin həddi-hüdudu yox idi. Qarşıya qoyulan məqsədə çatmışdılar.
Ağaclar çiçəkləmişdi. Hər tərəf gül-çiçək içində idi. Nəriman böyük bir ağacın altında oturub kürəyini ağacın gövdəsinə dayamışdı. Bir neçə əsgəri də döyüşdən sonra onun ətrafında uzanıb siqaret çəkirdilər. Nəriman da bir siqaret yandırıb bir-iki "qullab" çəkib, "Dostlar, əgər mən bu döyüşdə sizin yanınızda olmasaydım indi sizin üzünüzə necə baxardım..." deyir, gerisini gətirmək istəyəndə bu vaxt düşmən snayperindən açılan atəş Nərimanın düz alnının ortasından dəyir. Onun əlində siqareti, ağzında sözü yarımçıq qalır. Bu da ermənilərin Nərimana Ad Günü hədiyyəsi oldu. Ad gününü qeyd eləmək Nərimana qismət olmasa da, Fəxri Xiyabanda dəfn olunmaq, Şəhidlik Zirvəsinə ucalmaq kimi fəxri ad ona qismət olur. Onun iki oğlundan biri öz oğluna Şəhid atasının adını qoyur. Həqiqətən də belədir, Şəhidlər ölməzdir...
Azərbaycan qəhrəmanlar yurdudur. General Polad Həşimovun anası demişkən - “Qarabağın istənilən yerinə bir stəkan saf su töksən, iki stəkan Şəhid qanı axar”. Nəriman Qərbi Azərbaycan oğludur, şəhadət yeri isə Füzulidir. Bu gün Füzuli azaddır, İnşallah Qərbi Azərbaycanı da azad edəcəyik!
Bu gün Şəhid kapitan Nəriman Məhərrəm oğlu Allahverdiyevin həm doğum günü, həm də şəhidlik zirvəsinə ucaldığı gündür! Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ad günündə Şəhid oldu Nəriman
Dünya bir ağacdır, insanlar yarpaq,
Bu fani dünyaya gəlirik qonaq,
Səni axtaranda verdilər soraq,
Ad günündə Şəhid oldu, Nəriman!
Köç etdi ömrünün bahar yaşında.
Yudu al-qanını yaz yağışında,
Vətən savaşında, el savaşında,
Ad günündə Şəhid oldu, Nəriman!
Heç zaman bilmədi qorxu, həyacan.
Vətənçün verəndə canını qurban,
Dedi Hürr yaşasın qoy Azərbaycan!
Ad günündə Şəhid oldu, Nəriman!
Nəriman bir anlıq xəyala daldı,
Yolunu Şidliyə, Vediyə saldı,
Uşaqlıq çağıyla baş-başa qaldı,
Ad günündə Şəhid oldu, Nəriman!
Solurdu getdikcə o gülən üzü,
Qıyıldı baxışı, süzüldü gözü,
Qisası alarsız oldu son sözü,
Ad günündə Şəhid oldu, Nəriman!
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
Onu anlamağa, qəbul etməyə gücləri, ruhları yetmədi – DOSTOYEVSKİ BARƏDƏ SÖHBƏTLƏR
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
“Dostoyevski “cəsur” yazıçıdır”, – deyir həmsöhbətim... Gülümsəyirəm. Çünki Dostoyevskini oxumağın tələb etdiyi cəsarətin ölçüsünə bələdəm. Oxumaq nədir ey?! Anlamaq daha çox şey tələb edir. Bəlkə mənim Kəmalə xanım Umudova (Bakı Slavyan Universitetinin dosenti) ilə Dostoyevskidən danışmağım tapdığım ən asan çıxış yoludur: ədibin yaradıcılıq döngələrinin qaranlıq künclərinə işıq tutacaq dəyərli Kəmalə xanım, mən də rahatca o döngələrdə nə var-nə yox, öyrənəcəyəm... İşıq yandıran olanda qaranlıqdan niyə qorxum ki?!
-Dostoyevski yaradıcılığının cazibəsi nədədir?
-Dostoyevski “cəsur” yazıçıdır. Bu təşbehin tez-tez istifadə olunan və oxucuya heç bir məlumat ötürməyən “möhtəşəm”, “dahi” və s. bu kimi sözlərin sırasında yer almasını istəməzdim. Bunun üçün “Dostoyevski romanında forma və məzmun vəhdəti necə yaranır?” sualına cavab tapmalıyıq. Süjet quruluşuna görə (!) cani haqqında yazılmış “Cinayət və cəza” romanının bu qədər estetik cazibəyə malik olmasının sirrini axtarmalıyıq... Yeri gəlmişkən, çox zaman estetika mücərrəd qavrayış olaraq anlaşılır. Hamı unudur ki, estetika “hissolunan”dır, “hiss etmək” feilindən gəlir. Ümumiyyətlə, ədəbiyyat haqqında danışarkən estetikanı daxili bağlılıqdan, cazibədən kənar, mücərrəd qavrayış kimi görmək doğru deyil. Dünya ədəbiyyatının böyük müəlliflərinin məqsədi oxucuya dünyanın ilkin gözəlliyini, yəni Tanrıya aid olmasını, sevginin ilahi mahiyyətini göstərməkdir, təcrübədən yararlanması üçün ona yardım əlini uzatmaq və onu yenilənməyə, fərqliliyə götürməkdir. “İdiot” romanını nəinki günlərə, saatlara belə, ara vermədən oxuyanlar dünyagörüşlərinin dəyişdiyini, uzun müddət divanə, “səy” kimi dolaşdıqlarını qeyd edirlər. Tanrı ilə bağlılığını itirmiş rus zadəgan cəmiyyətinin ona öyüd vermək əqidəsi ilə şərti uzaqlardan, İsveçrədən, cənnət kimi yerlərdən, qeyb dünyasından gələn Mışkini anlamağa, qəbul etməyə gücü, ruhu yetmədi. Dostoyevski Mışkin obrazını rus xalqının sevgi yaddaşının, mənəvi mahiyyətinin qoruyucusu, ən çətin tarixi dönəmdə xilaskar missiyasının daşıyıcısı kimi yaratdı. “Öyüd”süz yetişmiş cəmiyyətdə peyğəmbərlik etmək özünüfədadır, diri-diri çarmıxa çəkilməkdir, diri-diri dərisi soyulmaqdır – bəlli nümunələrdən danışırıq: İsa Məsihdən, Nəsimidən... Böyük dostoyevskişünas, filosof Tatyana Kasatkina on bir yaşında oxuduğu ilk romanın (“İdiot”) onun həyat seçimini, yolunu təyini etdiyini qeyd edir müsahibələrində. On bir yaşlı uşaq qəlbindəki işığın, cənnətin bədii əsərdə əks olunduğunu görür və o görüşün üzərindən yarım əsrdən artıq vaxt keçdikdən sonra da Dostoyevskini xilas yeri, pənah gətirdiyi yazıçı adlandırır. Qeyd etməliyəm ki, Qulu Ağsəs poeziyası da başdan-başa ruhun Tanrı ilə bağlılıq təcrübəsini ehtiva edir: “Şükür o göydəki ismin halına”, “Sevgi bol, dərd də namxuda...”, “Sənsən hər yer”, “Bir də baş qoşan deyiləm”, “Sizə kimdən deyim?”, “Az qalıb” və digər şeirləri teoloji kontekstdən baxılmadıqda anlaşılmayan, çətin mətn olaraq qalır.
-Belə deyə bilərikmi: Dostoyevskinin inancı yaradıcılığının “işıq gələn tərəf”idir?
-Dostoyevski yaradıcılığının "işıq gələn tərəfi" onun İNANCIDIR! Dostoyevski real zaman, tarix, insan münasibətlərini xristian inancı, İncil motivləri, peyğəmbərliyin, müqəddəsliyin varlığı müstəvisinə gətirərək yeni roman forması yaradır. İncildə yazıldığı kimi: “Çünki elə gizli bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə örtülü bir şey yoxdur ki, bilinib aydın olmayacaq” (Luka 8:17). Fomanın İncilində İsanın dilindən söylənilən bu vəhy yer üzündə baş verənlərin İlahi təcəllə olduğunu ifadə edir, bu dünyadakı təzahürlərdə Yaradanın Müjdəsini, İlahi mənanı görmək istəyini, yerdən göyə ucalma məqamını ifadə edir.
Vəhy müqəddəs kitablarda yazılsa da, Yaradanın Həqiqəti hər yerdədir. İnsanın vəzifəsi ona məlum olmayanı axtarmaqdır, möcüzə ilə, Tanrı Müjdəsi ilə görüşə can atmaqdır. Ruhun qanunlarını araşdıran Dostoyevski “Bednıye lyudi” (bu başlığın dilimizə fərqli tərcümələri barədə bir az sonra danışarıq, mən “Zavallılar” adından istifadə edəcəyəm) əsərində Makar Devuşkin obrazı ilə insanın daxilində peyğəmbər həqiqətinin gizləndiyindən əmin ilahiyyatçı yazar missiyasını yerinə yetirir. Dostoyevskinin artıq ilk əsərində onun bütün yetkin romanlarını təyin edən xristian antropologiyasının əsasları qoyulmuşdur.
-Dostoyevskinin “Zavallıları”ı kimlərdir?
- “Zavallılar”da (“Bednıye lyudi”) Dostoyevskinin son dövr romanlarına xas olduğu irəli sürülən mövzu ikiləşməsi ilə qarşılaşırıq. Bu ikiləşmə onun əsərinin interpretasiyasında və adının dilimizə fərqli tərcüməsində də özünü göstərir. “Yoxsul insanlar” (Məmməd Qocayev) başlığı oxucuları pulsuz insanların sosial problemlərini önə çəkən yazıçı “humanizm”indən danışmağa sövq edirsə, “Zavallılar” (Etimad Başkeçid) adı bu konsepti içəridən dağıdır və agah olanlar üçün fərqli dil, semantika yaradır.
Dostoyevski ilk əsərini “Zavallılar” adlandırarkən özünü tam şüurlu şəkildə Karamzin ənənəsinin təsir dairəsinə aid edirdi, baxmayaraq ki, onu yanlışlıqla Belinskinin sosial tənqid məktəbinə aid edirdilər. Təsadüfi deyildir ki, romanın əsasında isməti ləkələnmiş və atılmış qızın hekayəsi dayanır. Romanın adının (“Bednıye lyudi”) mahiyyət etibarilə, tavtoloji olduğu qeyd olunur. Çünki Dostoyevskinin ədəbiyyata geri gətirdiyi sözə verdiyi anlama görə, bütün inanlar zavallıdırlar. Romanda qeyd olunur ki, söhbət yalnız və o qədər də maddi çatışmazlıqdan getmir, baxmayaraq ki, əsərdə mövzu həm də budur. Maraqlı odur ki, bütün insanların zavallı adlandırılması romanda əksini tapan ədəbi süjetlərlə bağlıdır. Makar Devuşkinin təsəvvüründə Puşkin “Stansiya gözətçisi” əsərində hamı üçün ümumi fəlakəti, bəlanı, insanın öz doğmasını itirməsi ilə bağlı məqamı ifadə edir, başqa sözlə zavallılar - unudulmuşlar, tərk edilmişlərdir.
-Zavallı olmaq Dosyoyevskinin qəhrəmanlarının taleyidir, yoxsa seçimi?
- Maraqlı sualdır. Bu, “Alçaldılmışlar və təhqir olunmuşlar” romanı haqqında geniş söhbət üçün ən vacib sual ola bilər. “Bednıye lyudi” romanı üçün də mühümdür. Dostoyevskinin yaradıcılığında “kiçik insan” əşya deyildir. O, Tanrıdan nəsibini almış, birmənalı olaraq Tanrının yer üzündə simasını daşıyan varlıqdır. Makar Devuşkini araşdıranlar çox zaman öz şərhlərində onu mühitdən asılı, sosial haqsızlığın qurbanı kimi təsvir edirlər. Bu cür şərhlər Dostoyevskinin bədii prinsiplərinin uyğun dəyərləndirilməsinə və əsərin doğru oxunulmasına imkan vermir və mövzunu başqa yerə götürür. Makarın bənzərsiz bir xarakter olduğunu önə çəksək, onunla bağlı yazıçının əsas məramının anlaşılmasına yol açmış olarıq. Qəhrəmanın yaşadığı yer mətbəx küncüdür, lakin o bundan narazı deyil. Onun könlü dünyaya və Tanrıya açıqdır. Onu narahat edən səbəblər başqadır. Çalışdığı departamentdə, yaşadığı cəmiyyətdə onu alçaldan insanlarla, təhqirlərlə üzləşsə də, böyük bir ümidlə üz tutduğu hədəfindən dönmür. Dostoyevski romandakı münasibətləri horizontal xətt üzərindən deyil, Tanrı ilə bağını təsdiq edən vertikal boyu dəyərləndirir. Bu, Varvara və Bıkov arasında baş verən eşq romanı deyil. Mühüm olan başqa sevginin arayışıdır. Devuşkin insanların qəlbində yaşayan başqa eşqdən xəbərdardır. Lakin dünyanın bundan xəbəri varmı? Xeyr, yoxdur. Məhz buna görə, Makar uzun-uzun məktublar yazır və əslində, Varvaranın timsalında dünyanı xəbərdar etmək, könülləri cahanşümul sevgi üçün oyandırmaq istəyirdi. O, Tanrıya sadiqdir. Bu dünyada da, axirətdə də Tanrıya, peyğəmbərinə inanır. Varvara isə başqa dildə danışır, dünyaya və hadisələrə başqa mövqedən baxır, adı da qədim yunan dilindən tərcümədə “özgə”,”yad”, “dildən anlamayan” mənası daşıyır.
Məktublaşma şəklində yazılsa da, “Bednıye lyudi” iki insanın qarşılıqlı münasibətlərinin inkişafı və onun nəticəsi kimi deyil, bir insanın, Makar Devuşkinin sonsuz mənəvi gücünü göstərən bir romandır. Təsadüfi deyildir ki, əsər boyu Makar “fəlsəfədən” danışdığını, “fiosofluq” etdiyini qeyd edir. Zavallı Samson Vırin haqqında danışarkən, o, fikrini bu cür tamamlayır: “Olan işdir, anam, bizim də başımıza gələ bilər. Nevskidə, yaxud sahil küçəsində yaşayan qrafın da başına gələ bilər. Başqa adam kimi görünə bilər, çünki onlarda hər şey özünəməxsus şəkildə dəbdəbəlidir, lakin o da eyni şeyi yaşayır, hər şey ola bilər. Mənim də başıma eyni şey gələ bilər” (tərcümə mənə aiddir -U. K. ). Bir məqamı da nəzərdən qaçırmaq olmaz: Dostoyevski “Stansiya gözətçisi” povestinin sonluğunu “Zavallılar”a köçürür. “Zavallı Varya”nın hekayəsi onu yoldan çıxarmış cənab Bıkovla rəsmi nikahla bitir. Qorxduğu Makarın başına gəlir, gözlədiyi kimi, “bəxtsiz, başıbəlalı” “zavallı Samson Vırin”in vəziyyətinə düşür. Lakin sözün əsl mənasında hamı tərəfindən tərk edilən, qəlbən bağlandığı insanlardan ayrı düşən yalnız Makar deyil, həm də Varvaradır. Tərk edildikdə, Karamzinin təbirincə, “zavallı”, çarəsiz vəziyyətə düşdükdə, məhz bu insan (və digərləri) onun yanında peyda olmuşdular, böyük fədakarlıq göstərmiş, ona sahib çıxmışdılar. Qoqolun “Şinel”i Makarı pərişan edir, qəlbini ağrıdır. Qoqolun ifadə etdiyi “zaval” – yoxsul insanın alçaldılması və alçalması “Zavallılar”da hamının başına gələ biləcək mənəvi yoxsulluq anlamında təzahür edir.
Makarın “çəkmələr”lə bağlı ifadə etdiyi düşüncəsi bu haqdadır. Pinəçinin ehtiyatsızlıq üzündən altını kəsdiyi çəkmələr onun yuxusuna girir. Cəkmələr kasıbın da, varlının da maddi ehtiyacıdır, hər ikisinin yuxusuna girə bilər, varlının çəkməsinin “fasonu” fərqli ola bilər, amma nəticə etibarilə eyni istəkdir, eyni yuxudur. “Demək istədiyim odur ki, anam, belə çıxır, biz hamımız, əzizim, bir az çəkməçiyik. Eybi yoxdur, olan işdir, amma məsələnin pis tərəfi odur ki, o varlının yanında elə bir adam yoxdur qulağına pıçıldasın: “Belə şeylər haqqında fikirləşmək, yalnız özünü düşünmək, tək özün üçün yaşamaq olmaz, sən axı çəkməçi deyilsən, uşaqların sapsağlam, arvadın da səndən yemək istəmir; bir dön yan-yörənə bax, başa düşdük, çəkmələrin fikrini eləyirsən, amma bəyəm başqa dərd-sər yoxdur?”. “Şinel” povesti ilə bir çox tellərlə bağlı bu mülahizədə başlıca məqam insana, onun mənəvi varlığına verilən yüksək dəyərdir. İnsanlar yer üzündəki mövqelərini bir-birinə görə deyil, Tanrı ilə münasibətlərinə görə dərk etməlidirlər: “Sənə xatırladıram, anam, insanın qismətini uca Yaradan verir. Məhz buna görə kimisi general epoletləri taxır, kimi də titulyar müşavir işləyir; kiminin qismətində hökm vermək var, kiminin də alnına dinməz-söyləməz, səbrlə itaət etmək yazılıb. Hər insanın qabiliyyətinə görədir: hərənin əlindən bir iş gəlir, biri bir işi bacarır, digəri də başqa bir işi. Tanrı kimə nə qabilyyət veribsə”. Makar, söylədiyi kimi, bu dünyada “Tanrı qorxusu daşıyaraq və özünü bilərək” yaşamaq istəyir. Yəni, Makar düşünən insandır, öz sözü var, tək olsa da bütün insanlıqa bəs edəcək sevgiyə, səbrə, şükrə malikdir. Cibində bir qara qəpiyi qalmadıqda belə Makar həyatdan qorxmur, reallığın başqa yerdə olduğunu və başqa məna daşıdığını israr edir. 21 avqust tarixli məktubunda onun məşhur ifadəsi yer alır: “<....> lakin, hər halda mən insanam, qəlbim və düşüncələrimlə mən insanam”. Makar Qoqoldan niyə narazıdır? Qoqolun mövqeyinin ifşası ilə bağlı bir çox tədqiatçılar, hətta ən ciddi məqalələrdə belə, bir məqamı nəzərdən qaçırırlar. Əlbəttə, kiçik məmurun maddi əziyyətləri, ətrafdakıların rəhmsizliyi, sevgisizliyi, yadlığı Makar üçün tanış mənzərədir. Şinelin Başmaçkin üçün əhəmiyyəti nədirsə, Devuşkin üçün də çəkmələri o dərəcədə önəm daşıyır. Lakin Devuşkin kasıblığın üzqaralığından danışarkən öz dərdini dilə gətirmir. Onu narahat edən mövzu mənəviyyat, daha doğrusu, mənəviyyatsızlıqla bağlıdır. Başmaçkinin şinelə bərabər tutulmasını qəbul etmir, müəllifin onunla bu cür “amansız” rəftarını anlamır. “Yaza bilərdi ki, o, heç kimə pis şey arzulamırdı, Tanrıya inanırdı və öləndə (əgər mütləq onun ölməyini istəyirsə) dalınca ağlayanları vardı”. Makarın Başmaçkin üçün rəva gördüyü tale mənzərəsi ölümdən sonra da insanın yaşamasına, ruhun ölümsüzlüyünə inamı ehtiva edir.
-Belə deyə bilərikmi ki, Dostoyevski mətləbi uzaqdan dolandırıb gətirir? Yəni bunu birbaşa da deyə bilər ki, “filankəs zavallıdır”. Amma o, obrazın daxili həyəcanları, davranışı, düşüncələri ilə anladır: Bu, zavallıdır.
- Bəli, Dostoyevskinin demək istədiyi mətləbləri və müqədddəs kitablarda insana buyrulan sevgini bədii dillə ifadə etmək çox çətin, mürəkkəb iş idi. Mışkin imanla bağlı hiss və düşüncələrin yanlış ifadə edəcəyi halda yoxa çıxacağınıdan qorxurdu. Makar “çəkmələr”lə bağlı düşüncəsini “dolayısı ilə” ifadə edir. Və qəhrəman bunu mətndə açıq söyləyir, “məcaz dilində danışacağam” deyir. İsanın həvarilərinə söylədiyi “Aranızda birinci olmaq istəyən hamıdan axırıncı olmalı və hamıya xidmət etməlidir” (Mark 9: 35) fikri və digər İncil motivləri üzərindən qurulan bədii obraz və mətn, əlbəttə ki, çoxölçülüdür və xüsusi anlama, xüsusi təhlil tələb edir. Peyğəmbərləri öz ölkələrində qəbul etdilərmi müasirləri!? “Doğru söyləyəni yeddi kənddən qovarlar” ifadəsi hamıya bəllidir. Dostoyevski əbədi həyat haqqında həqiqəti birbaşa, ehkamlarla çatdırmır. O, insanın günahlarını görməzdən gəlməkdən uzaqdır, insanın daxilində baş verən bütün ziddiyyətlər, qorxular, şübhələr, fantastik düşüncələr və hərəkətlər dünyanın doğru mənzərəsini yaratmağa xidmət edir. Dostoyevski düşündüklərini birbaşa söyləsə, dünya dağılar, qan düşər. Bir də ki, müəllif müəllim roluna düşər. Biz Tolstoyda nəyin etik, nəyin qeyri-etik olduğunu yazıçının dilindən eşidə bilərik. Məsələn,“Dirilmə” romanının müəllifinə görə, Nexlyudov gənc Katyuşaya qarşı etdiyi hərəkətdən “utanmalı idi”. Dostoyevskidə isə gizli müəllif strategiyası mövcuddur. O, heç zaman heç bir situasiya üçün qısa həll yolu, təcili çıxış göstərmir, çünki gəldiyi və oxucunu gətirmək istədiyi məqam ruhla, Tanrıya qovuşmaqla bağlıdır və qaranlıqda yaşayan işığın təsdiqi təcrübəsidir. Dostoyevski insanın üzərinə böyük yük qoyur – İsanın daşıdığı çarmıx yükünü. Bütün məsələ Tanrı sevgisini görməkdən, İsa kimi sevgiyə bağlılıqdan gedir ki, bu da metafizika hadisəsidir. Bu, ölümdən öncə və sonrakı həyatı görməkdir, qaranlıqda ağı seçməkdir. Özündən öncə başqasını sevə bilməkdir. Tanrının mərtəbəsində olub heyran qalmaqdır (“gözü ayağının altını görməməkdir” – insan dünyaya dörd gözlə baxsa belə) və ya “sevdiyini biryolluq sevməkdir ən çətin iş” (Qulu Ağsəs sevgi formulunu belə ifadə edir). Allaha dost olmağın nəşəsidir, büsatıdır. İnam, iman – bunlar azad seçimidir insanın. Birbaşa deyilə bilməyən, sadəcə qəbul olunan və yaşanılan Həqiqətdir. O, ən əlçatmaz görünə bilər, amma insanı Özünə və özünə ən etibarlı, sədaqətli dost edən də Odur.
-Ümid edirəm, “Zavallılar”ı oxumaq istəyənlər üçün bu söhbətimiz əsl səmt ağacı olacaq...
-“Zavallılar” (“Bednıye lyudi”) yalnız, o qədər də və ya heç də maddi imkansızlıq, kasıblıq haqqında roman deyil. “Pinəçinin zarıldayan uşaqları və ac arvadından danışmazdım” deyir Makar (“Bu, boş şeydir və bu haqda heç yazmağa dəyməzdi də, lakin burda belə bir məsələ var, anam <...>”) və daha sonra maddi yoxsulluq mövzusunu dilə gətirməkdə məqsədini izah edir. İzah mətndə açıq şəkildə görünür. Maddi ehtiyac insanın və insanlığın miqyasını təyin etmir. Meyar başqadır, kim olmasından asılı olmayaraq, insan dünya malına bağlı qala bilməməlidir, faniliyə uymamalıdır. Bu mənəvi yoxsulluq mənimsənilən malın, mülkün, əşyanın üzərində bərqərar olan “sevgi”dir, eqoizmdir. Bu mənada “zavallı” və “zalım” sözləri bir-biri ilə qarşılaşdırıla bilər. İnsanlar bir-birini tərk etməklə və unutmaqla özlərini bədbəxt edirlər. “Bednıye lyudi” ona görə tavtologiyadır ki, Tanrıya, Yaradana qarşı nankorluq edən, Ondan üz döndərən və tez bir zamanda özlərini atılmış, Tanrı tərəfindən tərk edilmiş hiss edən bütün insanlar “zavallıdır”lar. Makarı tərk edib Bıkovla gedən Varvara xoşbəxt olacaqmı? Qoşulub getdiyi insanda “Tanrının nurunu”, “həyatın özünü” tapmayacaqsa, necə zavallı olmaya bilər? Makar Varvaraya yazdığı son məktubunda insanın ontoloji tənhalığının faciəsini dolayısı ilə dilə gətirir. Varvara Makarın son məktubunu oxumayacaq, o, artıq uzaqlardadır. Bəlli bir ünvana yazılan məktub, əslində, bütün insanlara, hər kəsə ünvanlanmış olur. Mən o məktubu hər zaman eyni həyəcanla oxuyuram, böyük bir ağı mətni kimi... Kiçik bir monotamaşa üçün gözəl materialdır.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
BİR DİREKTOR, BİR ŞAGİRDdə Elza Bağırzadə və Humay Mahmudova
“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 49 nömrəli "İntellekt" məktəb- liseyidir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Bağırzadə Elza Əliqulu qızı 1994-cü ildə Azərbaycan Texnologiya Universitetinin “Yeyinti məhsulları texnologiyası” fakultəsinə daxil olmuş, 1998-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Müəllimlər İnstitunun “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirmiş, Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi“ fakultəsində təhsilini davam etdirmişdir. 2001-2020-ci illərdə Bakı şəhəri Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi, 2020-2021- ci ildə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 2020-ci ilin sentyabr ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən müvəffəqiyyət qazanıb, 2021-ci ilin sentyabr ayından Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. 2023-cü ilin oktyabr ayından isə Rəfail Hüseynov adına 49 № li "İntellekt" məktəb-liseyə direktor vəzifəsinə təyin olunmuşdur.
“Amazon”da satılan “Vaxtın idarə edilməsi: məhsuldarlıq və uğur strategiyaları” adlı kitabın həmmüəllifidir. Bir çox yerlı və beynəlxalq təlimlərdə, eləcə də beynəlxalq təcrübə probramlarında uğurla iştirak edibdir.
ŞAGİRD:
Mən, Humay Elçin qızı Mahmudova 2010-cu ildə Bakı şəhərində anadan olmuşam. Hal-hazırda R. Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyin IX sinfində təhsil alıram. 2023–2024-cü tədris ilində Liderlik Akademiyasının təlimlərində iştirak etmişəm.
Aprel döyüşlərinə həsr olunmuş bədii qiraət yarışmasında I yerə layiq görülmüşəm. “Yollarda təhlükəsiz davranışı öyrənək” intellektual yarışında uğurla iştirak etmişəm. Məktəbdə təşkil olunan müxtəlif növ layihə və ictimai işlərdə fəal iştirak edirəm.
ESSE:
“Qarabağ – Mədəniyyətimizin Beşiyi”
Azərbaycan yalnız təbii sərvətləri və əlverişli coğrafiyası ilə deyil, həm də qədim və zəngin mədəni irsi ilə fərqlənən bir ölkədir. Bu mədəni irsin ən parlaq nümunələrindən biri isə Qarabağdır.
Qarabağ əsrlər boyu Azərbaycanın tarixini, incəsənətini, memarlığını və musiqisini yaşadan müqəddəs bir diyardır. Qarabağ, Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan, böyük sənətkarlar və ədiblər yetirən bir bölgədir. Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Mir Mövsüm Nəvvab kimi tanınmış simalar bu torpaqda yaşayıb yaradan dahi şəxsiyyətlərdir. Onların yaradıcılığı təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın mədəni inkişafına misilsiz töhfələr vermişdir.
Qarabağ muğam məktəbi isə Azərbaycan musiqisinin zirvəsini təşkil edir. Bu muğam məktəbi təkcə bir musiqi növü deyil, keçmişlə gələcəyi birləşdirən mənəvi körpüdür.
Qarabağ bölgəsi musiqi xəzinəmizə Üzeyir bəy Hacıbəyli, Bülbül, Xan Şuşinski, Niyazi, Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli kimi dahiləri bəxş etmişdir.
Eyni zamanda Qarabağın zəngin sənətkarlıq nümunələrindən biri olan xalçalar xalqımızın zövqünü, düşüncə tərzini və dünyagörüşünü əks etdirir.
Bütün bu xüsusiyyətlər Qarabağı haqlı olaraq “mədəni irsin beşiyi” adlandırmağa əsas verir. Bu torpaqda doğulmuş sənət və ədəbiyyat nümunələri xalqın milli kimliyini yaşadır və qoruyur.
Bu gün azad Qarabağda həyat yenidən canlanır, musiqi, sənət və ədəbiyyat çiçəklənməyə başlayır. Bu da bir daha sübut edir ki, Qarabağ təkcə bir coğrafi məkan deyil – o, xalqımızın ruhu, ürəyi və mədəniyyətinin beşiyidir.
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)
Əlamətdar gün Oğuzda da qeyd edildi
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
15 Aprel Beynəlxalq Mədəniyyət Günü münasibətilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Oğuz rayon Komitəsinin dəstəyi ilə, uzun illər Oğuz rayon mədəniyyət müəssisələrində çalışıb təqaüddə olan mədəniyyət işçilərinin iştirakı ilə, Oğuz rayon Mədəniyyət Mərkəzində "Mədəniyyətə bağlı ömür" adlı ədəbi-musiqili tədbir təşkil edildi.
Tədbirdə əvbəlcə Ümummilli Liderimiz Heydər Əliyevin, Vətən uğrunda şəhid olan oğullarımızın, mədəniyət sahəsində çalışıb dünyasını dəyişən mədəniyyət işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra Oğuz rayon Yemişənli kənd klubunun əməkdaşı A.Dadaşova "Dövlətimizin mədəniyyət siyasəti " mövzusunda məruzə oxudu.
Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Oğuz rayon Komitəsinin sədri, Oğuz rayon Mədəniyyət Mərkəzinin metodisti, direktor əvəzi A.Hüseyinov çıxış edərək, 15 Aprel Beynəlxalq Mədəniyyət Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi, bu günün tarixi əhəmiyyətindən, dövlətimizin mədəniyyətimizin, incəsənətimizin inkişafına, mədəni irsimizin qorunub yaşadılmasına maddi- mənəvi dəstəyindən, mədəniyyət sahəsində çalışan şəxslərə göstərilən diqqət və qayğısından danışdı.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, çoxəsirlik zəngin mədəni irsə sahib olan Azərbaycanda mədəniyyətin inkişafı hər zaman dövlət tərəfindən diqqət mərkəzində saxlanılmaqdadır .
Qeyd edildi ki, ölkəmizdə qazanılan mədəni nailiyyətlər, mədəniyyətin inkişafının dövlət səviyyəsində təmin edilməsi Ulu Öndər Heydər Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlərin, islahatların uğurlu nəticəsidir. Sevindirici haldır ki, Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən də mədəniyyət sahəsinin inkişafı hər zaman diqqət mərkəzində saxlanılır .
Daha sonra uzun illər mədəniyyət sahəsində çalışıb təqaüddə olan sabiq mədəniyyət işçiləri, Oğuz rayon Musiqi məktəbinin təqaüddə olan müəllimləri, mədəniyyət işçiləri çıxış edərək öz fikir və təkliflərini bildirdilər. Mahnılar ifa edib, rəqs etdilər.
Tədbirin təşkilində və keçirilməsində Oğuz rayonunda fəaliyyət göstərən "Şur" musiqi ansamblının üzvləri, Oğuz rayon Mədəniyyət Mərkəzinin yaradıcı kollekktivi, Oğuz rayon 7-illik Musiqi məktəbinin müəllimləri, rayondakı kənd klublarının əməkdaşları yaxından iştirak etdilər.
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)
“Ümumdünya Mədəniyyət Günü" Zaqatala rayonunda qeyd edilib
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbi, Şəki şəhər Heydər Əliyev Mərkəzi və Zaqatala rayon Mədəniyyət Mərkəzininin birgə təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki və Zaqatala rayon Komitəsinin dəstəyi ilə 15 aprel- "Ümumdünya Mədəniyyət Günü" münasibətilə tədbir keçirilib.
Zaqatala rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, Zaqatala rayon İH-nin əməkdaşlar, MİHİ Şəki və Zaqatala rayon Komitəsinin rəhbərliyi, mədəniyyət işçiləri və rayon içtimaiyyəti iştirak edib.
Tədbirdə 2 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansambl, "İmedi", "Qızılgül" və " Alazan" rəqs qruplarının həmçinin Şəkinin sevilən ifaçıları Hüsniyə Hacıyeva, Fərqanə, Salamova, Sərxan Hüseyinli, Namiq Aslanovun ifasında rəngarəng musiqi nümunələri səsləndirilib.
Tədbirin sonunda Gülnar İsmiyevanın qədim Azərbaycan sənətlərindən olan "Bədii tikmə" və "Təkəlduz" əsərlərindən ibarət sərgiyə baxış keçirilib həmçinin, bir qrup mədəniyyət işçisi Fəxri Fərman və Təşəkkürnamə ilə təltif edilib.
Bu təqvim günü 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub. UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını təşviq etmək məqsədi daşıyır.
Onu da qeyd etmək lazımdır ki, 15 aprel -Ümumdünya Mədəniyyət Günü kimi beynəlxalq mədəniyyət təqvimində yeni olsa da, əslində, bu günün mədəniyyətlə bağlı bir tarixi var. İndiyədək 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunurdu. Bu tarix isə 1935-ci il aprelin 15-də rusiyalı rəssam, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin imzalanması ilə bağlı idi.
Sözügedən pakt mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılır. Sənədi 20-yə yaxın ölkə imzalamışdı. Sonradan bu paktın bır sıra müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapıb və inkişaf etdirildi. 90-cı illərdə Moskvada yerləşən Beynəlxalq Rerix Mərkəzinin təşəbbüsü ilə yaradılan Beynəlxalq Mədəniyyətin Müdafiəsi Liqası tərəfindən 15 aprel “Beynəlxalq mədəniyyət günü” kimi irəli sürüldü və ayrı-ayrı ölkələrdə (Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba və s.) qeyri-rəsmi qeyd edilməyə başlandı.
İndi isə bu tarix beynəlxalq mədəniyyət təqvimində artıq konkret mahiyyət və məqsədi olan gün kimi öz yerini tutub.
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)
Zamanı susaraq dəyişən qadın – Zərifə Əliyeva
Aygül Bağırova, “Ədəbiyyat və incəsənət” üçün
Tarix yalnız döyüşlərlə, sərkərdələrlə, siyasi dəyişikliklərlə yazılmır. Bəzən bir insanın sakit ömrü, səsi ucadan gəlməyən sözləri, nümayişsiz davranışları zamanın axarını dəyişdirə bilir.
Bəzən elə qadınlar olur ki, onlar tribunada yox, səssizliyin içində danışırlar. Onlar gündəmin adamı olmurlar, amma gələcəyin ruhuna çevrilirlər. Azərbaycanın tarix və mənəviyyat yaddaşında Zərifə xanım Əliyeva belə bir qadındır – görünmədən yol açan, danışmadan düşüncə aşılayan, susaraq dəyər yaradan qadın.
Zərifə xanımın ömrü bir ömürdən daha artıq idi – o, qadın təbiətinin, zəkasının və əxlaqının bütöv bir simvolu, milli varlığın sakit gücü idi. 1923-cü ilin yazında, Naxçıvanda dünyaya göz açdı – ziyalı və vətənpərvər bir ailədə böyüdü. Atası Əziz Əliyev onu yalnız qızı kimi deyil, xalqın gələcəyinə töhfə verəcək bir insan kimi tərbiyə etdi. Və bu tərbiyə – Zərifə xanımın öz övladlarının və millətin ruhuna hopacaq bir tərbiyəyə çevrildi.
O, tibb sahəsini seçdi. Lakin o, yalnız gözləri müalicə etmədi – könüllərə şəfa verdi, insan ruhunu oxudu. Onun oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar təkcə elmi yenilik deyildi – bu, insan həyatına hörmətin, sosial ədalətin, sağlamlıq hüququna vicdanla yanaşmanın elmi dilə çevrilmiş forması idi. SSRİ Tibb Elmləri Akademiyasının ilk qadın akademiklərindən biri kimi Zərifə xanım, tibbdə yalnız elm deyil – mənəviyyat daşıdı. Onun yazdığı hər sətirdə insan vardı. Hər reseptində sevgi vardı. Hər baxışında şəfqət.
Lakin Zərifə xanımın böyüklüyü elmi titullarla ölçülmür. Onun böyüklüyü – insanla qurduğu münasibətdə, ailədə yaratdığı harmoniya, həyat yoldaşına verdiyi dayaq, övladlarında yaşatdığı dəyərlər və bütöv bir cəmiyyətə ötürdüyü mənəvi miras idi.
O, sadəcə böyük bir dövlət adamının – Heydər Əliyevin ömür-gün yoldaşı deyildi. O, həm də onun gücünün səssiz mənbəyi, sədaqətin və dəstəyin adını çəkməyən kölgəsi, amma bütün bir tarixin görünməyən dayağı idi. Onların münasibəti afişalara çıxarılmırdı, amma bu münasibətdə sarsılmaz hörmət, qarşılıqlı mənəvi dayaq, vətən sevgisinin ailə modeli yaşanırdı.
Ulu Öndər Heydər Əliyevin Zərifə xanım Əliyeva haqqında səsləndirdiyi yüksək fikirlər Azərbaycan kişisinin öz xanımına necə dəyər verməsinin sübutudur.
“Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”, deyə Dahi Lider bildirib.
Bu cümlə təkcə bir qadının obrazı deyil, bir dövrün qadınlıq zirvəsidir. Zərifə xanım bir qadın olaraq təkcə ailənin deyil, bir dövləti idarə edən şəxsiyyətin ruhuna sabitlik bəxş edən bir qüvvə idi. O, göz önündə yox idi, amma ailənin nəfəsində, evin sakitliyində, övladların böyüməsində, həyat yoldaşının üzərindəki yükün bölüşülməsində görünməz qüvvə kimi yaşayırdı.
Heydər Əliyevin dilindən səslənən bu fikirlərdəki dərinlik, əslində, xalqın qadına olan dəyərinin, ailənin içində qadının çəkisinin, dövlətlə ailənin təmasında qadının daşıdığı məsuliyyətin açıq etirafıdır.
Və bu sözlərdə bir etiraf da var – dahi bir insanın insani bir qənaəti...
Zərifə xanım bir övlad böyütdü – İlham Əliyev. Lakin o, sadəcə bioloji ana deyildi. O, Prezident İlham Əliyevin şəxsiyyətini təfəkkürlə, zərifliklə, səbir və mənəvi intizamla formalaşdırdı. İlham Əliyevin siyasətindəki təmkin, xalqa olan sədaqətindəki səmimiyyət, ailəyə münasibətindəki dərinlik – Zərifə xanım məktəbinin canlı sübutudur. Onun ömrünün son aylarını oğlu, möhtərəm prezidentimiz İlham Əliyev belə xatırlayır: "Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi. Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.
Bu bir tərbiyə deyildi – bu bir məktəb idi. Ana məktəbi. Dövlətə rəhbərlik edən bir insanın ruhuna hopmuş ana təmkininin və mənəvi bütövlüyün məktəbi...
“Anam həmişə mənim qəlbimdədir” – İlham Əliyevin bu fikrində sadəcə duyğu yox, bir ömrün siyasi, mənəvi və emosional təməlinə olan sədaqət var. Anasını itirmiş bir insanın səsi deyil bu – daxili aləmi anası ilə yoğrulmuş bir liderin qürur və ehtiram ifadəsidir. Onun yaddaşında Zərifə xanım təkcə ana deyil – məsləhət, dayaq, etimad, ləyaqət və örnəkdir.
Zərifə xanımın ömrü necə əbədi bir iz qoymuşdusa, gedişi də qürurla xatırlanan bir fəlsəfi ayrılıq oldu. O, bu dünyanı tərk edərkən yalnız fiziki yoxluq yaratmadı – mənəvi varlığını daha da gücləndirdi.
Zərifə xanım – bir ananın, bir alimin, bir qadının və bir vətəndaşın nə qədər böyük ola biləcəyini sübut edən susqun bir əbədiyyatdır.
…Və bu gün – 15 aprel, Zərifə xanım Əliyevanın anım günüdür. Onun yoxluğunu xatırlayırıq, amma əslində onun varlığının necə böyük olduğunu daha aydın anlayırıq. Bəzən insan bu dünyadan gedəndən sonra daha gur görünür. Bəzən onun fiziki yoxluğu, ruhani varlığını daha parlaq edir. Zərifə xanımın adı təkcə ailə albomlarında, elmi məqalələrdə, tibb tarixində deyil – xalqın yaddaşında, qadınlıq ölçüsündə, mənəviyyat tərbiyəsində yaşayır.
Dövlət və xalq qarşısında əvəzsiz xidmətləri ilə yanaşı, bizə torpaqlarımızı işğaldan azad edib qürurumuzu özümüzə qaytaran dövlət başçısı bəxş edən Akademik Zərifə xanım Əliyevanın xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Bu gün Zərifə xanının ruhu şaddır. Çünki onun dünyaya gətirdiyi, təlim-tərbiyə verdiyi övlad – Cənab İlham Əliyiyev Azərbaycan xalqının xilaskarı adını qazanıb. O, son 200 illik Azərbaycan tarixinin yeganə müzəffər Ali Baş Komandanıdır. Odur ki, xalqımız Vətənə xilaskar sərkərdə yetişdirən ANA-nın xatirəsini daim uca tutacaqdır!
Onun anım günü sadəcə bir xatirə deyil – bir aydınlanmadır. Zərifə xanım bu dünyanı səssiz tərk etdi, amma arxasında sükutun özündən ucada dayanan bir iz buraxdı. Bu izlə bir lider formalaşdı, bir ailə bütövləşdi, bir xalq onu örnək aldı.
Çünki bəzi insanlar ömür sürməz – onlar zamanla birləşib mənaya çevrilərlər.
Zərifə Əliyeva – ana ömrü ilə dövlət təməli qoyan, susaraq öyrədən, görünmədən dəyişən bir qadındır.
Onun adı gələndə göz önündə səs yox, səssizlikdəki dərinlik canlanır.
O, danışmadı – amma bir xalqı düşündürdü.
O, öyrətmədi – amma bir nəsli yetişdirdi.
O, göstərmədi – amma bütün Azərbaycan qadınına güzgü oldu.
Zərifə Əliyeva – qadınlığın elmi, ananın şəfqəti, insanlığın təmkinidir.
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)
Ümumdünya Mədəniyyət Günü (Universal Day of Culture) bu gündür, aprelin 15-i
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Bugün mədəni irsin barış və insanlıq adına qorunmasına çağıran rəmzi gündür.
1935-ci ilin bu günündə Vaşinqtonda imzalanan və rəssam-filosof Nikolay Rerixin təşəbbüsü ilə ərsəyə gələn Müqavilə mədəniyyətin insanlıq dəyərləri arasında ön sırada durduğunu təsdiqlədi. Rerix Paktı bu gün də mədəniyyətin müharibədən üstün olduğunu xatırladır.
Mədəniyyət – sadəcə keçmişin yadigarı deyil, həm də gələcəyə ünvanlanan mənəvi kodlarımızdır. Bu kodların qorunması, yaşadılması isə dövlət siyasətinin ayrılmaz tərkibidir. Azərbaycanda mədəniyyətin sistemli şəkildə inkişafı Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin, bu gün isə ali dövlət rəhbərliyinin ardıcıl diqqət və qayğısının bariz nəticəsidir. Mədəniyyət – şəxsiyyətin mayası, millətin yaddaşı, bəşəriyyətin ortaq dilidir. Bu dildə danışmaq – barışa, dözümlülüyə və həmrəyliyə xidmət etmək deməkdir.
Ümumdünya Mədəniyyət Günü qutlu olsun!
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)
Bu gün Akademik Zərifə Əliyevanın anım günüdür
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
Bu gün – 15 aprel – Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, dünya şöhrətli oftalmoloq, akademik Zərifə Əziz qızı Əliyevanın vəfatının ildönümüdür.
1985-ci ilin bu günü Azərbaycan xalqı sevimli alimini, parlaq şəxsiyyətini itirmişdir. Bu il Zərifə xanımın anımının 40-cı ildönümüdür.
Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində ziyalı ailəsində dünyaya gəlib. O, Azərbaycan elminin korifeylərindən biri olan Əziz Əliyevin qızı, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı və hazırkı Prezident İlham Əliyevin anasıdır.
Zərifə Əliyeva ömrünü Azərbaycan oftalmologiya elminə həsr etmiş, bu sahədə mühüm elmi araşdırmalar aparmışdır. O, təkcə Azərbaycanda deyil, bütün SSRİ miqyasında ilk alimlərdən biri olmuşdur ki, peşəkar fəaliyyətini peşə xəstəliklərinin profilaktikası və müalicəsinə yönəltmişdir. Onun elmi əsərləri bu gün də oftalmologiya sahəsində tədqiqat aparan alimlər üçün dəyərli mənbə sayılır.
Zərifə xanım Əliyeva əkiz sahənin – tibb və pedaqoji fəaliyyətin parlaq siması idi. O, həmçinin uzun illər Azərbaycan Tibb Universitetində pedaqoji fəaliyyət göstərmiş, gənc həkimlərin yetişməsində mühüm rol oynamışdır.
1985-ci ildə Moskvada vəfat edən Zərifə Əliyeva əvvəlcə Novodeviçi qəbiristanlığında dəfn edilmişdir. 1994-cü ildə onun nəşi Bakıya – Fəxri Xiyabana köçürülərək, atasının məzarı yanında dəfn olunmuşdur.
Bu gün onun adı Azərbaycan tibb elminin tarixində şərəflə çəkilir. Ölkəmizdə onun adına təhsil və səhiyyə müəssisələri fəaliyyət göstərir, elmi irsi araşdırılır və yeni nəsillərə örnək kimi təqdim olunur.
Zərifə xanımın xatirəsi hər zaman xalqımızın qəlbində yaşayır.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)